Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Azərbaycan-Qırğızıstan müttəfiqlik müqaviləsi türk dünyasının tarixi uğurudur”

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” sadəcə adıçəkilən dövlətlərin deyil, bütün türk dünyasının tarixi uğurudur”.

Bunu saytımıza açıqlamasında  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, məlum müqavilə Azərbaycanın beynəlxalq müstəvidə yeni müttəfiqlər qazanmaqda davam etdiyini göstərir:

“Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik haqqındakı müqavilə hər iki ölkənin müdafiə və təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu, dövlətimizin beynəlxalq müstəvidə yeni müttəfiqlər tapmaqda davam etdiyini, öz müttəfiqlərinin sayını artırdığın göstərir. İki dövlət arasında imzalanan bu müqavilənin həm Azərbaycanın, həm də Qırğızıstanın təhlükəsizliyinin daha etibarlı şəkildə müdafiəsinə böyük töhfə verəcəyi şübhəsizdir.

Bununla yanaşı, əminliklə demək olar ki, Azərbaycanla Qırğızıstan arasında imzalanan müttəfiqlik müqaviləsi, həm də bütün türk dünyasının tarixi uğurudur. Bu müqavilə iki türk dövləti arasında imzalansa da, ümumilikdə türk dünyası arasındakı inteqrasiyadan, güclənən və genişlənən münasibətlərdən xəbər verir. Bu fakt onu deməyə əsas verir ki, son illər Prezident İlham Əliyevin ciddi səyləri nəticəsində türk dövlətləri arasında həmrəyliyin güclənməsi prosesi uğurla davam etməkdə, siyasi-diplomatik, elmi-mədəni sahələrlə yanaşı, həm də hərbi əməkdaşlıq platformasını əhatə etməkdədir”.

Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi altında dövlətimizin müdafiə qabiliyyətini mütəmadi şəkildə yüksəltməsi bir çox dövlətləri Azərbaycanla məlum müstəvidə əməkdaşlığa həvəsləndirməkdədir:

“Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsindən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri öz gücünü və peşəkarlığını dinamik şəkildə artırmaqdadır. Silahlı Qüvvələrimizin ən müasir silah-sursatla təchizatı, hərbçilərimizin peşəkarlığının yüksəldilməsi istiqamətində atılan ardıcıl addımlar, müdafiə və təhlükəsizlik sahəsinə ayrılan büdcə vəsaitlərinin hər il artırılması və s. bunun isbatıdır. Ordumuzun güclənməsi dövlətimizin hərbi nüfuzunun da yüksəlməsinə səbəb olur ki, nəticədə beynəlxalq aləmdə Azərbaycanla hərbi sahədə əməkdaşlıq etmək istəyən, müttəfiqlik əlaqələri qurmaq istəyən dövlətlərin də sayı artır. Bu, dövlətimizin ən böyük nailiyyətlərindən biri, onun hərbi-siyasi uğurudur.

İnanıram ki, Azərbaycan yaxın gələcəkdə yeni dövlətlərlə oxşar müqavilər imzalayacaq, beynəlxalq müstəvidəki nailiyyətlərini uğurla davam etdirəcək”.

Seymur ƏLİYEV

 

2026-10-22 17:04:00
15 baxış

Digər xəbərlər

“DTX ordumuzla birlikdə təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir”

Cəlil Xəlilov: “Xüsusi xidmət orqanlarımızın əməkdaşları Vətən müharibəsində də böyük qəhrəmanlıqlara imza atıb” “General Əli Nağıyevin DTX rəhbərliyinə gətirilməsi ilə yeni bir dönəmin başlanğıcı qoyuldu” Martın 28-i Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının peşə bayramıdır. Veteran.gov.az olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə DTX-nın dövlət təhlükəsizliyimizin təmin edilməsindəki rolu, Vətən müharibəsi və postmüharibə dönəmindəki fəaliyyəti və s. kimi məsələləri şərh etməyə çalışdıq. -Cəlil müəllim, sizcə milli təhlükəsizlik nədir və bu anlayışın sərhədləri nələri əhatə edir?  -Hər bir dövlətin sabit inkişafı, suverenliyinin əsas təminatı onun milli təhlükəsizlik sisteminin səviyyəsindən daha çox asılıdır. Milli təhlükəsizlik sistemi cəmiyyətdə mühüm funksiyalar yerinə yetirir. Milli təhlükəsizlik sisteminin əsas məqsədi və ali mənası-cəmiyyətin azad inkişafı və çiçəklənməsidir. Milli təhlükəsizlik sistemi ümumilikdə dövlətin, cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyini təmin edən bir mühafizə sistemi kimi nəzərdən keçirilə bilər. Çünki milli təhlükəsizliyə olan həm daxili, həm də xarici təhdidlər təkcə dövlətə qarşı deyil, həmçinin cəmiyyətə və şəxsiyyətə qarşı yönəlir. Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, milli təhlükəsizliyin obyekti kimi əsas yerlərdən birini də dövlət tutur. Dövlət millətin iradəsinin ifadəçisi olaraq cəmiyyətin və şəxsiyyətin təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. Milli təhlükəsizlik sistemində dövlətin təhlükəsizliyi onun təsisatlarının səmərəli fəaliyyətindən daha çox asılıdır. Bu təsisatların fəaliyyəti təkcə dövləti deyil, şəxsiyyəti və cəmiyyəti də potensial təhlükələrdən qoruyur. Daha konkretləşdirsək, dövlət həm özünü, həm də cəmiyyəti və şəxsiyyəti potensial təhdidlərdən qorumaq üçün milli təhlükəsizlik sistemi formalaşdırır. Dövlətin milli təhlükəsizlik strategiyasının əsas məqsədi konkret konstitusiyalara və məlum beynəlxalq normalara uyğun olaraq vətəndaşların hüquqlarının, azadlıqlarının və sosial müdafiəsinin təmin olunmasıdır. Daha geniş ifadə etsək. milli təhlükəsizlik strategiyası ölkənin həyati vacib maraqlarını, müstəqilliyinin təminatını, ərazi bütövlüyünü, siyasi sabitliyini və möhkəm sosial-iqtisadi inkişaf imkanlarını daxili və xarici təhdidlərdən mühafizə etməklə, elmi surətdə qəbul edilmiş qanunlar əsasında həyata keçirilir.   Heç şübhəsiz ki, ölkənin yerləşdiyi coğrafi şərait ona vacib üstünlüklər verməklə yanaşı, eyni zamanda onu bir sıra təhlükəsizlik problemləri ilə də üzləşdirir. Bu problemlərin ən vacib və bariz nümunəsi Azərbaycan Respublikasının tarixən qonşu Ermənistan tərfindən vaxtaşırı hərbi təxribatlara, terror aktlarına məruz qalmasıdır.   Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün beynəlxalq terrorçuluq, qeyri-qanuni miqrasiya, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri, narkotik vasitələrin qaçaqmalçılığı və kütləvi qırğın silahlarının yayılması kimi təhdidlərin mövcudluğu dövlət qarşısında müəyyən vəzifələr qoyur.  -Azərbaycan həm də terorizmə qarşı prinsipial mübarizə aparan, bu sahədə böyük uğurlara imza atan bir dövlətdir. Sizcə bu mübarizə həm milli, həm də bəşəri maraqların, milli v əqlobal təhlükəsizliyin təmini baxımından nə dərəcədə əhəmiyyətlidir?  -Terrorizmlə mübarizənin əsas faktorları, terrorizmi qadağan edən qanunları və beynəlxalq müqavilələri davam etdirmək və gücləndirmək üçün ortaya qoyacaq diplomatik səyləri və terrorizmin maliyyə mənbələrini tapıb məhv etmək üçün keçiriləcək iqtisadi əməkdaşlığı əhatə edir. Bu fəaliyyətlərdən əlavə, terrorçu fəaliyyətləri ilə bağlı kəşfiyyat mübadiləsi və ölkələrin təhlükəsizlik qüvvələrinin sərhəd xətləri boyunca reallaşdıracaqları birgə əməliyyatları ehtiva edən təhlükəsizlik əməkdaşlığının inkişaf etdirilməsinə də ehtiyac var. Bu ehtiyacların yerinə yetirilməsi üçün, rəsmi yaşayışı təmin edən, koordinasiya olunma və səylərin birləşdirilməsini təmin edən beynəlxalq təşkilatlar, terrorizmlə mübarizədə təsirli təşkilatlardır.  Beynəlxalq təşkilatlar terrorizmlə mübarizədə həlledici rola malikdir, belə ki, bu təşkilatlar, dövlətlərin fərdi səylə çata bilməyəcəkləri məlumata çata bilərlər və terrorizmlə mübarizədə olmazsa olmaz bir şərt olan beynəlxalq ictimaiyyət dəstəyini asanlıqla əldə edə bilirlər. Terrorizmlə mübarizə, bir tərəfdən çoxdan həyata keçirməyə qoyulmuş planların əldə edilməsi, digər tərəfdən kəşfiyyatın inkişaf etdirilməsi və terrorçuların aksiyalarda istifadə etdiyi vasitələrə gedən yolun bağlanması addımları ilə bərabər zamanlı olaraq aparılmalıdır. Bütün bu hədəflərin müqavimətli və möhkəm beynəlxalq təşkilati bir quruculuq olmadan yerinə yetirilməsi qeyri-mümkündür. Terrorizm təhlükəsinə qarşı hər bir dövlətin yalnız özünə barrikada qurması işə yaramır. Terrorizmin kökünə yönəltmə olmur və hərbi imkan və qabiliyyətlərin yanında siyasi-iqtisadi alətləri özündə birləşdirən bütöv bir yanaşma içərisində qlobal bir strategiyanın qəbul edilməsi lazımdır. Başqa sözlə, terrorizmlə mübarizə, dövlətin təhlükəsizliyi və suverenliyi ilə bağlı həssas bir haldır. Çünki terror təşkilatları, ifadələrində bazasında silahlı mübarizə vasitə olaraq istifadə etdiklərini və dövlətdən siyasi, sosial, mədəni və digər sahələrdə addım atmasını gözlədiklərini iddia etsələr də, davamlı olaraq gücdən qidalanır və dövlətləri, öz zorakılıq şəraitlərinə çəkməyə çalışaraq dövlətin legitimliyini sual altına qoymaq istəyirlər. Bu səbəblə, siyasi bir fakt olsa da, terrorizmə qarşı mübarizə demokratik bir sistem içərisində hüquqi üsullarla aparılmalıdır. -Cəlil müəllim, qarşıdan DTX əməkdaşlarının peşə bayramı gəlir. Bilmək istərdik ki, DTX-nın dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin edilməsindəki rolunu necə dəyərləndirirsiniz? -Mən öncə DTX əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram.  Heç kimə sirr deyil ki, müasir dünyamızda təhlükəsizliyin rolu getdikcə artmaqdadır. Bugünlərdə Moskva vilayətində "Crocus City Hall" da baş verən terror aktı, bu terror aktı nəticəsində 100-dən çox insanın həlak olması faktı təhlükəsizlik amilinin nə dərəcədə önəmli olduğunu bir daha sübut etdi. Baş verən bu olay göstərdi ki, hazırkı dönəmdə xüsusi xidmət orqanlarının öz ayıq-sayıqlıqlarını artırması, kəşfiyyat-informasiya şəbəkəsini genişləndirməsi ikiqat önəm kəsb edir. Sevindiricidir ki, Azərbaycan DTX-sı öz peşəkarlığına görə nəinki Cənubi Qafqaz regionunda, bütün dünyada ilk cərgədə qərarlaşıb. Bunu beynəlxalq təşkilatların mütəmadi şəkildə təqdim etdiyi hesabatlarda, reytinq siyahılarında da görmək mümkündür. Xatırladım ki, bir müddət bundan öncə  “Global Terrorism Index 2024” (GTI) Hesabatında Azərbaycan dünyanın ən yüksək antiterror reytinqində yer aldı. Bu faktın özü Azərbaycanda təhlükəsizlik amilinə necə böyük önəm verildiyini təsdiq edir. Və təbii ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşdırılan etibarlı təhlükəsizlik sisteminin uğurlu fəaliyyətinin nəticəsidir. Heç şübhəsiz, dövlətimizin və xalqımızın təhlükəsizliyinin təminində DTX-nın üzərinə böyük iş düşür. Bugünə qədər ölkəmizdə terrorizmə qarşı aparılan uğurlu mübarizə onu göstərir ki, DTX bu işin öhdəsindən peşəkarlıqla gəlir, antiAzərbaycan qüvvələrinin təxribat xarakterli əməllərinin qarşısını qətiyyətlə alır. Yeri gəlmişkən, mən təhlükəsizliyimizin qorunmasında Xarici Kəşfiyyat Xidmətinin də rolunu qeyd etmək istəyirəm. Çünki bu qurum da öz fəaliyyətində böyük müvəffəqiyyətlər əldə edib, xarici mərkəzlərə bağlı şəxs və planları hər zaman vaxtında, yüksək peşəkarlıqla ifşa etməyi bacarıb. -Cəlil müəllim, DTX eyni zamanda Vətən müharibəsi dönəmində həm ön, həm də arxa cəbhədəki əzmkarlığı, fədakarlığı ilə diqqət çəkdi... -Bəli. DTX 44 günlük Vətən müharibəsində erməni işğalçılarına qarşı mübarizədə böyük fədakarlıqlara imza atıb. Müharibə dönəmində düşmənə qarşı hərb meydanında qəhrəmancasına mübarizə aparan xüsusi xidmət orqanlarımızın əməkdaşları, düşmənin, eləcə də onun havadarlarının ölkə daxilində terror və təxribat törətmək planlarının da qarşısını qətiyyətlə aldı. Təsadüfi deyil ki, nə 44 günlük Vətən müharibəsi dönəmində, nə də postmüharibə dönəmində ölkəmizdə bir dəfə də olsun terror aktı baş vermədi. DTX digər hüquq-mühafizə orqanları ilə birlikdə, bütün təhdid və təhlükələrin qarşısını elə ilkin etabda – hazırlıq mərhələsində aldı, düşmən qüvvələrə əl-qol açmağa imkan vermədi. Bu, bir daha DTX-nın peşəkarlığından, onun mövcud situasiyanı tam şəkildə nəzarətdə saxladığından xəbər verir. -İstənilən qurumun fəaliyyətində, əldə etdiyi uğurlarda kadrlar, bu kadrların peşəkarlığı həlledici rol oynayır. Sizcə Prezident İlham Əliyevin xüsusi xidmət orqanlarında apardığı islahatlar bu baxımdan nələri dəyişdi? -Xüsusi xidmət orqanlarımızda cənab prezidentin apardığı islahatlar olduqca vacib və əhəmiyyətli idi. Bu islahatlar xüsusi xidmət orqanlarının fəaliyyətini daha çevik şəkildə qurmağa, onun peşəkarlığını, hadisə və proseslərə müdaxilə imkanlarını genişləndirməyə imkan verdi. General Əli Nağıyevin DTX rəhbərliyinə gətirilməsi ilə xüsusi xidmə orqanlarımızın fəaliyyətində yeni bir mərhələnin başlanğıcı qoyuldu. Bu qurumla bağlı həyata keçirilən kadr və eləcə də struktur islahatları qısa zamanda öz müsbət nəticəsini verdi. DTX sadəcə regionda deyil, bütün dünyada öz peşəkarlığı ilə diqqət çəkən xüsusi xidmət orqanı kimi tanındı. Bu gün DTX eyniylə Azərbaycan Ordusu kimi sadəcə ölkəmizdə deyil, bütün regionda sülhün və təhlükəsizliyin qarantı qismində çıxış edir. DTX-nın peşəkarlığı beynəlxalq ekspertlər, digər ölklərin xüsusi xidmət orqanlarının rəhbərləri tərəfindən də etiraf olunmaqdadır. Bu isə bizdə haqlı olaraq qürur hissi doğurur. -Cəlil müəllim, bir neçə gün öncə Moskva vilayətində “Krokus Siti Holl”da baş verən və yüzdən çox insanın ölümünə səbəb olan terror aktı bütün dünyda ciddi rezonans doğurdu. Sizcə bu olay terrorizmə qarşı mübarizənin önəmi ilə yanaşı, xüsusi xidmət orqanlarının peşəkarlığının davamlı şəkildə artırılması zərurətini də gündəmə gətirirmi? -Şübhəsiz! Bu hadisə bir daha terrorun çirkin üzünü göstərməklə yanaşı, xüsusi xidmət orqanlarının peşəkarlığının mütəmadi şəkildə artırılmasının, hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığını gücləndirməyin nə qədər vacib, nə qədər önəmli olduğunu sübut etdi. Həmçinin, baş verənlər sübut etdi ki, müasir dünyamızda terrorizmə qarşı effektiv mübarizə üçün beynəlxalq əməkdaşlıq olduqca vacibdir. Bildiyiniz kimi, bu terror aktından sonra qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti ilə telefon əlaqəsi saxlamış, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi təklifi ilə çıxış etmiş, bu təklif Kreml tərəfindən dəstəklənmişdir. Hesab edirəm ki, biz yaxın gələcəkdə region dövlətlərinin terrorizmə qarşı mübarizə məqsədi ilə daha dərin və hərtərəfli əməkdaşlığına şahid olacağıq. Azərbaycanın terrorla bağlı mövqeyi bəllidir və hər zaman aydın şəkildə ifadə olunub. Azərbaycan dövləti, Azərbaycan xalqı terrorun hər cür təzahürünə qarşıdır və uzun illərdir ki, erməni terrorundan əziyyət çəkən ölkə olaraq buna qarşı mübarizəni həyati əhəmiyyətli iş hesab edir. Bu baxımdan əminəm ki, regionda terrorizmə qarşı aparılacaq hər cür mübarizə dövlətimiz tərəfindən də dəstəklənəcək, Azərbaycan bugünə qədər olduğu kimi bundan sonra da regionda sülhün, əmin-amanlığın qorunub saxlanılması üçün əlindən gələni əsirgəməyəcək. -Cəlil müəllim, DTX bugünlərdə Lənkəran Rayon icra Hakimiyyətinin başçısına, eləcə də Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi planlaşdıran dəstəni zərərsizləşdirdi. DTX-nın son əməliyyatını necə dəyərləndirirsiniz? -Hər şeydən öncə qeyd edim ki, planlaşdırılan terror aktı bu gün də ölkəmzidə sabitliyi pozmaqda maraqlı olan, bunun üçün çalşan qüvvələrin mövcudluğunu göstərir. Görünən odur ki, Azərbaycandakı sabitlik və inkişaf, dövlətimizin öz suverenliyini təmin etməsi kimlərisə bərk narahat edir. Bu səbəbdən də onlar terror aktları ilə ölkəmizdə sabitliyi pozmağa, xof, qorxu mühiti yaratmağ çalışır. Təbii ki, bu terror planının DTX tərəfindən ifşa edilməsi, terror aktını həyata keçirəcək şəxslərin ifşa edilməsi dövlətimizin, onun xüsusi xidmət orqanlarının uğurudur. Bu fakt bir daha sübut edir ki, DTX dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayılq dayanıb və hər cür təhlükəni dəf etməyə qadirdir. Mən bir daha xüsusi xidmət orqanlarımızın əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara xidmət fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram! Seymur ƏLİYEV  

Hamısını oxu
İlham Əliyev Şakir Kargarı qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Əfqanıstan İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohibi və Prezident Administrasiyasının rəhbəri Mohammad Şakir Kargarı qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Hamısını oxu
Milli maraqların keşiyində: Heydər Əliyevin təhlükəsizlik siyasəti

Bu gün Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramıdır. Dövlətin təhlükəsizliyinin təmin olunması kimi məsuliyyətli və şərəfli missiyanı daşıyan bu orqanların formalaşmasında və inkişafında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu öndər həyatının 25 ilini məhz bu sahəyə həsr edərək təhlükəsizlik orqanlarının peşəkar, milli maraqlara əsaslanan və dövlətçilik prinsiplərinə söykənən şəkildə formalaşmasına böyük töhfələr verib. Bu gün də həmin ənənələr davam etdirilir, təhlükəsizlik orqanları ölkənin sabitliyinin və müstəqilliyinin etibarlı təminatçısı kimi fəaliyyət göstərir. Stalinin ölümündən sonra, Sovetlər birliyində başlanan məhkəmələr, ölkədə Stalinizm buzunun əriməsinə təkan verdi. Artıq imperiyanın apardığı siyasətdə bir yumşaqlıq hiss olunurdu. Milli özünüdərkin, milli özünəqaydışın elementləri elm, ədəbiyyat, incəsənət, və mədəniyyətdə özünü daha çox biruzə verirdi. Azərbaycan ədəbiyyatında yenidən milli ruhlu əsərlər meydana gəlirdi. Baxmayaraq ki, DTK xofu xalqın içindəydi, bununla belə, ədəbiyyata gəlmiş yeni, milli ruhlu gənclər artıq öz fikirlərini yazmaqdan çəkinmirdilər. Azərbaycan ədəbiyyatında sərbəst vəznin yaradıcılarından olan Rəsul Rzanın “Qızılgül olmayaydı” poeması, nəsrimizin görkəmli nümayəndəsi İsa Hüseynovun “Tütək səsi”, “Yanar ürək” əsərləri, bütün varlığı ilə azadlıq şairi olan Xəlil Rzanın vətənpərvər şe’rləri, “Gülüstan” poeması ilə Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən Bəxtiyar Vahabzadənin milli ruhda yazdığı şe’rləri həmin dövrün məhsulu idi. Bir qədər sonra o dövrün ədəbiyyatında yeni imzalar görünməyə başladı. Yusif Səmədoğlu, Anar, Elçin. Onların əsərlərinin əsas leytmotivini xalqın soykökünə qaydışı, milli adət-ən’ənələr, xalqımızın tarixi, qəhrəmanlarının həyatı təşkil edirdi. Təbii ki, 60-cı illərdə Azərbaycanın ictimai - siyasi və mədəni həyatında gedən bu proseslər Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindən kənarda qala bilməzdi və qalmırdı da. Lakin çox maraqlı idi ki, bunların heç biri məs’uliyyətə cəlb olunmamışdır. Bəs necə olurdu ki, bu adamlar sovet cəza sisteminin məngənəsinə düşmürdülər?  Burada bir neçə amil rol oynaya bilər ki, bunlardan da ən əsası həmin dövrdə Dövlət Təhlükəsizlik Komitəsindən kiminsə onların imperiya siyasətinin qurbanı olmalarına müxtəlif yollarla mane olmasıdır. Apardığımız araşdırmalar bizə belə bir nəticəyə gəlməyə imkan verir ki, bu şəxs bəhs etdiyimiz dövrdə DTK-da rəhbər vəzifələrdə işləyən Heydər Əliyev olmuşdur. Məhz onun xidmətləri sayəsində o dövrdə Azərbaycanın bir çox görkəmli sənət adamları, elm və incəsənət xadimləri DTK-nın qanlı caynaqlarından xilas ola bilmiş və azərbaycanda milli şüurun oyanışına öz əsərləri ilə örnək vermişdilər. Maraqlı məqamlardan biri də budur ki, Heydər Əliyev bu şəxsləri hansı yollarla rejimin bəlalarından qoruya bildi? Mən öz çıxışımda məhz bu məsələlərə toxunmaq istərdim.Onun ən böyük xidmətlərindən biri Təhlükəsizlik orqanlarının milliləşdirilməsi məsələsinə önəm verməsidir. Dövlət Təhlükəsizlik orqanlarında işlədiyi müddətdə onu narahat edən əsas məsələlərdən biri də təhlükəsizlik orqanlarında azərbaycanlıların başqa millətlərə nisbətən azlıq təşkil etməsi idi. 1953-cü ildə nazirliyin əks-kəşfiyyat şö’bəsinə rəis tə’yin edildikdən sonra o dövrdə çoxlarının hətta haqqında fikirləşməyə belə qorxduqları bir işə - təhlükəsizlik orqanlarında milli kadrların sayını artırmaq və bu orqanları Azərbaycana xəyanət etmiş insanlardan təmizləməyə başladı. Gənc zabitin bu təşəbbüsü təbii ki, nə burdakı, nə də Moskvadakı rəhbərliyi qane etmirdi. Ona görə də bir müddət keçdikdən sonra onu tutduğu vəzifədən uzaqlaşdırdılar. Sonralar Heydər Əliyev o dövrü belə xatırlayır: “Xatirimdədir, 1954-cü ilin əvvəli idi. Mən başladım təmizləmə işləri aparmağa, Ağasəlim Atakişiyev o vaxt hələ müavin idi. Gəldim onun yanına, dedim ki, iki-üç adamı (adlarını demək istəmirəm, onların hamısı rəhmətə gedibdir) həbs etmək lazımdır. O kişi qorxusundan ağır vəziyyətə düşdü (sonra, 1956-cı ildə onun özünü də həbs elədilər), dedi ki, sən nə danışırsan, cavan oğlansan, gəlmisən, belə şeylər edirsən, belə şeylər etmək olmaz. Dedim ki, necə etmək olmaz, bax, bu bunun cinayəti, gördüyü işlər, bu sübut, bu filan. Siz sadəcə icazə verməlisiniz, qurtardı getdi. ​Bir dəfə, iki dəfə, üç dəfə bu addımları atdım və sonra, 1955-ci ildə də bunların - həmin o cəsarətli addımların qurbanı oldum. Amma öz iradəmdən dönmədim, həmin o təmizləmə işlərinə başladım”. (Vətənə, xalqa, dövlətə sədaqət. Bakı, 1997-ci il səh. 22)   Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində rəhbər vəzifələrdə işlədiyi dövrlərdə bu orqanın həm kəşfiyyat, həm də əks-kəşfiyyat sahəsində çox bacarıqlı, savadlı azərbaycanlı kadrlar yetişmişdi. Bunlara 80-88-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik etmiş general-leytenant Ziya Yusifzadəni, Maqsud Məmmədovu, Adna Adnayevi, Azər Abbasquliyevi, Adil Bağırovu misal göstərə bilərik. Heydər Əliyevin uzaqgörənliyi onda idi ki, o 60-cı illərdə xalqda yenidən oyanan milli özünü dərki, milli yaddaşı  DTK-da işləyən başqa millətlərin nümayəndələri tərəfindən beşiyindəcə boğulmasına imkan verməmişdi. Təhlükəsizlik orqanlarının milliləşdirilməsində də əsas məqsəd bu idi. Öz millətini sevməyən heç vaxt - sovet rejiminin tə’birincə desək - beynəlmiləlçi ola bilməz. Məhz bu aspektdən yanaşdıqda təhlükəsizlik orqanlarının milliləşdirilməsinin necə böyük əhəmiyyət kəsb etdiyini anlamaq olar və bu da birmə’nalı şəkildə Heydər Əliyevin adı ilə bağlıdır. Sənət adamları haqqında mə’lumatlar toplanmasının qarşısının alınması. Ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər sovet respublikalarında azadfikirliliyin hiss olunacaq dərəcədə artmasına təkan verdi. Təbii ki, bu da Moskvanı çox narahat edirdi. Ona görə də Dövlət Təhlükəsizlik Komitəsində milli ruhda düşünənlərə qarşı mübarizə aparmaq üçün yeni bir xətt işlənib hazırlandı. Onların bə’ziləri antisovet təbliğatına görə həbs olunurdu, bə’ziləri də sağlam olduqları halda psixiatiriya xəstəxanalarına göndərilirdilər. Mərkəzdə  başlanan bu prosesi milli respublikalarda da böyük canfəşanlıqla yerinə yetirirdilər. Artıq bu illərdə DTK Sovet İttifaqının hər yerində dissident “ovuna” çıxmışdı. Sovetlər birliyinə daxil olan respublikaların Dövlət Təhlükəsizlik Komitələri elə bil öz aralarında kimin çox dissident tutması uğrunda yarış keçirirdilər və hamısı da bu yarışda birinci yeri tutmaq istəyirdi. Azərbaycan isə bu “yarışda” yaxşı mə’nada yarış cədvəlinin ən axırıncı pilləsini tuturdu və heç yuxarı pillələrə doğru can da atmırdı. Bəhs etdiyimiz dövrdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində respublikamızda bir nəfər də olsun dissident həbs olunmamışdır. Düzdür o vaxt Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində də milli ruhlu sənət adamları haqqında informasiya toplayan, onların yaradıcılığında milli çalarlar axtaran əməkdaşlar da var idi. Onlar Azərbaycanın görkəmli ziyallıları haqqında bir xəbər eşidən kimi onlar haqqında “qovluq” açır və bu adamlar haqqında aldıqları mə’lumatları həmin “qovluq”larda toplayıb imkan düşən kimi Moskvaya ötürürdülər. DTK-ya rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyev sənət adamları haqqında əldə edilmiş məlumatların Moskvaya ötürülməsinin və ümumiyyətlə belə materialların toplanmasının qarşısını alırdı. Dediklərimizi faktlarla sübut etmək üçün Bəxtiyar Vahabzadənin “Sərhəd” qəzetinə verdiyi müsahibədən bir hissəni nəzərinizə çatdırırıq. Şairin DTK-da işləyən bir qohumu Heydər Əliyevin o zaman Bəxtiyar Vahabzadəni necə müdafiə etdiyinin təsadüfən şahidi olduğu barədə belə danışıb: “ Şöbə müdirlərindən biri əlində qovluq gəldi  sədrin yanına ki, “Opyat on naçal” və başladı üyüdüb-tökməyə. “Mən sənə dördüncü dəfədir deyirəm, əl çəkin şairdən, qurtarın!” - deyən DTK-nın sədri H.Əliyev qovluğu götürüb kənara atdı”. (“Sərhəd” qəzeti,  28 mart 1999-cu il) Apardığımız araşdırmalar zamanı rast gəldiyimiz maraqlı faktlardan biri də o idi ki, yuxarıda göstərdiyimiz proseslərlə bağlı hətta, Mərkəzi Komitə məsələ qaldıranda belə DTK onun qarşısını alırdı. Bu məsələ barədə Heydər Əliyevin fenomen yaddaşına söykənərək, onun 1997-ci ilin iyun ayının 28-də Azərbaycan Respublikasının Milli Təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün tə’sis edilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışından bir hissəni nəzərinizə çatdırırıq: “Yəqin ki, çoxlarının xatirindədir, mən Təhlükəsizlik Komitəsinin sədri olarkən bizim gənc kinematoqrafçılarımız Rüstəm İbrahimbəyov və Eldar Quliyev “Bir cənub şəhərində” filmini yaratmışdılar. Bu filmi qadağan eləmişdilər - o vaxtkı Mərkəzi Komitə də, başqa orqanlar da, Moskva da qadağan eləmişdi. Onların xatirindədir, mən Təhlükəsizlik Komitəsinin sədri kimi vəzifəni öz üzərimə götürdüm, getdim kinostudiyaya, filmə baxdım, gördüm ki, çox yaxşı bir filmdir. Mərkəzi Komitəyə də, Moskvaya da nəinki xəbər verdim, təklif verdim, hətta tələb etdim ki, bu filmin nümayiş etdirilməsinə icazə verilsin. Bu film o vaxtdan həyat vəsiqəsi aldı və çox böyük də hörmət qazandı”. (Xalqa, vətənə, dövlətə sədaqət. Bakı, 1997, səh. 26) Millətçi kimi tanınan və ya tanıdılanlara dövlət mükafatlarının verilməsi. 60-cı illərdə fəaliyyət göstərən ədəbiyyat dərnəklərində, kitabxanalarda keçirilən görüşlərdə hər bir yeni əsərin müzakirəsi keçirilirdi. Bəhs etdiyimiz dövrdə meydana gəlmiş əsərlərdə milli-istiqlal, milli azadlıq məsələlərinin cücərtiləri hiss olunurdu. Düzdür belə əsərlərin əksəriyyətinin “Sovet xalqlarının birliyinə xələl gətirir” deyə çap olunmasına imkan vermirdilər. Ancaq bütün bunlara baxmayaraq bu əsərlərin bə’ziləri müxtəlif yollarla qəzet, jurnal səhifələrinə və nəşiriyyatlara yol tapa bilirdi. Qoyulan qadağalara baxmayaraq bu əsərlər xalq içərisində əldən-ələ gəzir və onun milli təfəkkürünün oyanışında mühüm rol oynayırdı. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması 1959-cu ildə Şəkidə çıxan “Şəki fəhləsi” qəzetində çap olunsa da bütün Azərbaycanı əl - əl dolaşmışdır. Böyük rezonans doğurmuş bu poema azadlığa sussamış xalqın çadar-çadar olmuş dil-dodağının əzbəri oldu. İkiyə bölünmüş bir xalqın tarixi faciəsindən bəhs edən poemada şair hər iki imperiyaya qarşı öz etiraz səsini qaldırmışdır:                    Başı kəsiləndə bu məğrur elin                   Qəlbin ağrısını hiss etdinizmi -                   Qoca Füzulinin, igid Babəkin                   E’tiraz səsini eşitdinizmi?                   Cənablar, bir damcı mürəkkəblə siz                   Düşünün, nələrə qol çəkmişsiniz? Gənc bir şairin böyük bir imperiyanı ittiham etməsi Dövlət Təh-lükəsizlik Komitəsinin nəzarətindən kənarda qala bilməzdi. Bu poema nöqtəsindən vergülünə qədər dissident ədəbiyyatına aid idi. Lakin buna baxmayaraq poemanın müəllifi o dövrdə “dəbdə” olan kimi nə psixiatiriya xəstəxanalarına göndərildi, nə də həbs olundu. Şair çox sonralar “Sərhəd” qəzetinə verdiyi müsahibədə o dövrü belə xatırlayır: “Çoxdan bilirdim ki, məni bir qüvvə müdafiə eyləyir. Sonralar o qüvvənin kim olduğunu öyrəndim”. (“Sərhəd” 1999.- 28 mart. səh. 4). Bu Heydər Əlirza oğlu Əliyev idi. İlk dəfə Dövlət Təhlükəsizlik Komitəsinə çağırılanda onu o vaxt DTK-nın sədr müavini işləyən Heydər Əliyev qəbul etmişdi. Azərbaycanın iki böyük şəxsiyyəti arasında gedən çox səmimi söhbət zamanı Heydər Əliyev onun yaradıcılığından söz salaraq demişdir: “Moskva səni millətçi kimi tanıyır. Mənimsə sənə böyük rəğbətim var. Sənə kömək etmək istəyirəm. Yaxşı fikirləş. Get Lenin haqqında bir əsər yaz!” (“Sərhəd”, 1999. - 28 mart).Heydər Əliyev tək Bəxtiyar Vahabzadəni deyil, o cümlədən Azərbay-canın bir çox görkəmli şəxsiyyətlərini bu yolla imperiyanın caynağından xilas etmişdi. Gələcəkdə Bəxtiyar Vahabzadəni hansı təhlükənin gözlədiyini qabaqcadan duyan Heydər Əliyev ona Lenin haqqında bir əsər yazmağı  təklif etmişdi. Və doğurdan da bir qədər sonra Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyəndə Bəxtiyar Vahabzadənin Lenin haqqında yazdığı əsərlə, “Muğam” poemasına respublika Dövlət mükafatı verdi. Beləliklə Azərbaycanda milli şüurun və milli yaddaşın oyanışında əvəzedilməz xidmətləri olan bir şəxs də imperiyanın  qana sussamış caynaqlarından qurtuldu. Əgər Heydər Əliyev bu addımı atmasaydı onda 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli-azadlıq hərəkatında öz mübariz şerləri və cəsarətli çıxışları ilə xalqının rəğbətini qazanan Bəxtiyar Vahabzadə çox güman ki, olmayacaqdı. Tək Bəxtiyar Vahabzadə deyil, o dövrün görkəmli elm və mədəniyyət xadimlərindən, şairlərindən, yazıçılarından akademik Ziya Bünyadov, Xəlil Rza Ulutürk və bir çox başqalarının da xilaskarı məhz Heydər Əliyev olmuşdur. Təpədən-dırnağa qədər bütün varlığı ilə azadlıq şairi olan, mərhum Xəlil Rza Ulutürkün yaradıcılığına nəzər salsaq görərik ki, bu böyük türk oğlu hələ 60-cı illərdə yazdığı şe’rlərində xalqını ayağa qalxmağa, yurduna uzanan əlləri kəsməyə, qollarına vurulmuş zəncirləri qırmağa çağırırdı:                                   Doğransam da qıymə-qıymə,                  Tikə-tikə, rizə-rizə,                  Mübarizə! Mübarizə! Mübarizə!                                                    Mübarizə!və elə həmin illərdə yazdığı:                                     Yox, bunu görməyin Arpa çayından,                   Kim deyir Saranı sellər apardı:                   Şahənşah bağından, Qış sarayından                   Yurduma uzanan əllər apardı. və yaxud da:                   Azadlığı istəmirəm,                   zərrə-zərrə, qıram-qıram,                   Qolumdakı zəncirləri                   Qıram gərək! Qıram, Qıram!  Araşdırmalar apararkən bizə qəribə gələn o oldu ki, bu dövrdə Mərkəzdə “antisovet təşviqat və təbliğatına” görə fizika-riyaziyyat elmlər doktoru Yuri Orlov həbs olunur, görkəmli bioloq alim Jores Medvedyev psixiatiriya xəstəxanalarında təcrid edilir, akademik Andrey Saxarov məhkəməsiz sürgün olunur. Ancaq Azərbaycanda isə gənc bir şair xalqını imperiyaya qarşı açıq-aydın mübarizəyə səsləyən şerlər yazır, onu isə nə həbs edirlər, nə də sürgünə göndərirlər. Təbii ki, belə bir “dissident” Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindən yayına bilməzdi. Hələ o vaxt Xəlil Rzanın millət üçün nə qədər əhəmiyyətli olduğunu duyan Heydər Əliyev onu bütün təzyiqlərdən qoruya bildi. Lakin bu heç də asan başa gəlmirdi. Çünki, o vaxt “sapı özümüzdən olan baltalar” milli ruhlu gənclərin əsərlərinin çap olunmasına hər vəchlə mane olmağa çalışırdılar. Sonralar, 1997-ci il oktyabr ayının 30-da Azərbaycan yazıçılarının X qurultayındakı nitqində ümummilli liderimiz Heydər Əliyev bu məsələlərə toxunaraq demişdir: “Amma keçən şeyləri indi açmaq olar. Gəlib nə qədər şikayət edirdilər, elə sizin özünüzün içərinizdən. Biri gəlirdi, deyirdi ki, bu pantürkistdir, biri deyirdi, bu paniranistdir, biri deyirdi nə bilim, bu, Türkiyənin casusudur, biri deyirdi bu, İranın casusudur, biri deyirdi bu, sovet hökumətinin əleyhinədir, biri deyirdi bunun babası da sovet hökümətinin əleyhinə olub, özü də sovet hökumətinin əleyhinə gedir. Nə qədər gəlirdilər, deyirdilər və çalışırdılar ki, bu əsərlərin qarşısını alsınlar. İki nöqteyi-nəzərdən əsərlərin qarşısını almaq istəyirdilər: birincisi, guya millətçilik və vətənpərvərlik hissi ilə dolu olan əsərlərin, ikincisi də o vaxtlar bizim həyatımızda olan mənfi halları tənqid edən əsərlərin qarşısını almaq istəyirdilər”.(Azərbaycan qəzeti. 5 noyabr, 1997-ci il. səh. 3) Ədəbiyyatımızda, elmimizdə yuva salmış  “sapı özümüzdən olan baltalar” Moskvanın xoşuna gəlməkdən ötrü hətta tariximizi də saxtalaşdırmaqdan çəkinmirdilər. 60-cı illərin ortalarında belə bir qərar qəbul edilmişdir ki, guya Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə daxil olub. Bu qərara ilk e’tiraz edənlərdən biri mərhum akademikimiz Ziya Bünyadov olmuşdur. O bir neçə dəfə çıxış edərək açıq surətdə bildirmişdir ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə daxil olmayıb. Bu iki böyük imperiyanın - İran və Rusiyanın öz aralarında gəldikləri razılığa əsasən həyata keçirilib. Bu çıxışlardan sonra Ziya Bünyadova qarşı təqiblər başlandı. Hətta bədxahq qonşularımız da Ziya Bünyadova “millətçi”, “şovinist” damğaları vuraraq onu gözdən salırdılar. Heydər Əliyev isə “millətçi”, “şovinist” adlandırılan Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti” kitabına Dövlət mükafatı verdirdi. Bu mükafatdan sonra ermənilər təzədən yazırdılar ki, Heydər Əliyev millətçidir - o, millətçi Ziya Bünyadova dövlət mükafatı verdirib. Sovet rejiminin ən qüdrətli dövründə belə, xalqına, millətinə bağlılığı Heydər Əliyevi milli ruhlu gənclərin xilas olunması naminə atdığı addımlardan çəkindirmirdi. Bu addımlar Heydər Əliyev imicinə təhlükə yaratsa da belə o öz millətinin oğlu kimi bu yoldan dönmürdü. Düzdür o, bunları açıqdan-açığa etmirdi. Buna onun tutduğu vəzifəsi də imkan vermirdi. Ancaq istər DTK-da, istərsədə Azərbaycana rəhbərlik etdiyi dövrlərdə o neçə-neçə milli ruhlu, vətənpərvər gəncləri sovet həbsxanalarına gedən yoldan qurtarmışdır. O vaxtı Azərbaycan KP MK-nın birinci katibi işləyən Heydər Əliyev millətini sevən bir insan kimi bu gənclərin həbs olunmasına imkan vermədi. Yenə də Yazıçıların X qurultayında həmin dövrdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev dissidentlik məsələsinə toxunaraq demişdir: “Mən bu gün deməliyəm ki, Azərbaycanda dissident olmayıbdır. Amma sizin çoxunuz dissident olmusunuz. Sizin dissident olmağınızı müsbət mənada deyirəm. Yaxşı ki, dissident olmusunuz. Əgər dissident olmasaydınız, Azərbaycan xalqında bu milli ruhu, əhval-ruhiyyəni qaldıra bilməzdiniz. Əgər Bəxtiyar Vahabzadə dissident olmasaydı, Azərbaycan xalqının, gənclərin şüuruna təsir edə bilməzdi. Əgər Xəlil Rza dissident olmasaydı, onun əsərlərinin təsiri güclü olmazdı. Bu gün bunları müsbət qiymətləndiririk. Əgər o vaxtı onlar tə’qib olunmayıbsa, başqa yerlərdə olduğu kimi, onları dissident adlandırmayıblarsa, onları nədənsə mərhum etməyiblərsə, demək bu da bizim nailiyyətimizdir, bu da bizim o vaxtlar, çətin dövrdə apardığımız düzgün siyasətin nəticəsidir”. (Azərbaycan qəzeti. 5 noyabr, 1997-ci il). Ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr etmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün bu xidmətlərini qiymətləndirə bilməyən bəzi bədxahqların tarixə nihilist münasibət göstərərək heç bir məsuliyyət hiss etmədən söylədikləri “O, DTK generalı olub, həmişə imperiyaya qulluq edib” sözlərinə cavab olaraq demək istəyirik ki, əgər biz keçmişimizə nəzər salsaq görərik ki, çiyinlərində hər hansı bir imperiyanın yüksək çinli paqonlarını gəzdirməsindən asılı olmayaraq fikirləri və əməlləri ilə öz xalqına xidmət etmiş neçə-neçə görkəmli şəxsiyyətlər olub. Milli “MƏN”, milli təfəkkür, milli gen və milli yaddaş olanda rütbə və titul yox, imperiya yox, millət özü həmin şəxsiyyəti düşündürür. Mirzə Fətəli Axundov, Abbasqulu ağa Bakıxanov, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və bir çoxları çar Rusiyasının  paqonlu “əsgərləri” olsalar da, məram və amalları millətə xidmət olmuşdur. Heydər Əliyev isə millətə xidmətdə öz sələflərindən də irəli getmiş, millətinin görkəmli şəxsiyyətlərini imperiyanın caynaqlarından xilas etmişdi. O özü Dövlət Təhlükəsizlik Komitəsindəki fəaliyyətini belə qiymətləndirir: “DTK-da şərəf və namusla işləmişəm. İşlədiyim müddətdə öz millətimə bir dəfə də olsun xəyanət etməmişəm. Bu mənada vicdanım rahatdır”.Əynində gəzdirdiyi sovet dövlətinin general mundiri bu böyük insanın qəlbində gəzdirdiyi vətən, millət sevgisini üstələyə bilməmişdir. Onun üçün vəzifə millətə xidmətdən önəmli olmamışdır. “Vəzifə insana heç bir şey vermir, sadəcə səlahiyyət verir” (Heydər Əliyev). Bəli bu səlahiyyət xalqa xidmətə yönələndə daha qiymətli, daha şərəfli olur. Seymur Şeydayev, Təhlükəsizlik məsələləri üzrə ekspert, polkovnik

Hamısını oxu
Enerjidən Qüdrətə: “Bakı Enerji Həftəsi”nin səhnəsində Azərbaycanın yeni tarixi

Bakı.Trend: Bakının qəlbində, dənizlə səmanın qovuşduğu yerdə nəhəng bir səhnə qurulmuşdu. Bu səhnədə təkcə texnologiyanın səsi, sərmayənin hesabı və siyasətin bəyannamələri eşidilmirdi, burada tarix danışırdı. Burada bir xalqın enerji ilə yazdığı yeni doğuluş dastanı səslənirdi. 2025-ci ilin 2 iyununda Bakı Ekspo Mərkəzi Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlərin canlı təcəssümünə çevrildi. Bunu Trend-ə açıqlamasında Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev 30-cu yubiley “Xəzər Neft və Qaz” sərgisi (Caspian Oil & Gas), 13-cü “Caspian Power” sərgisi və “Baku Energy Forum”-un açılışında çıxış edərkən sadəcə bir dövlət başçısı kimi deyil, tarixlə gələcəyi birləşdirən uzaqgörən liderin mövqeyindən çıxış edən bir şəxsiyyət kimi də danışdı. Onun nitqi həm siyasi bəyannamə, həm də strateji vizion idi. 1990-cı illərin səssiz və ağır Bakı günlərini xatırlayaq. Küçələrdə işsizlik hökm sürür, mağaza rəfləri boş qalır, elektrik və istilik çatışmazlığı gündəlik həyatın reallığına çevrilmişdi. Müharibədən yenicə çıxmış, iqtisadiyyatı çökmüş ölkə bir yolayrıcında dayanmışdı: ya dünya ilə əməkdaşlıq, ya da təcrid və xaos. Məhz belə bir kritik məqamda 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı siyasi xaosdan, vətəndaş qarşıdurmasından və iqtisadi tənəzzüldən xilas etdi. Onun rəhbərliyi ilə dövlət idarəçiliyində sabitlik təmin edildi, xarici siyasətdə açıq əməkdaşlığa əsaslanan strategiya quruldu. Elə həmin sabitliyin və uzaqgörənliyin nəticəsi kimi 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalandı. Ekspert bildirib ki, bu anlaşmayla Azərbaycanın iqtisadi azadlığının, siyasi sabitliyinin və beynəlxalq enerji sisteminə inteqrasiyasının əsasını qoydu: "Müqavilə “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi üçün SOCAR ilə dünyanın 11 nüfuzlu neft şirkəti arasında imzalanmışdı. Onun dəyəri 7,4 milyard ABŞ dolları həcmində qiymətləndirilirdi.Prezident Heydər Əliyev həmin tarixi hadisəni belə dəyərləndirmişdi:“Bu müqavilə Azərbaycanın müstəqil dövlət kimi dünya birliyinə inteqrasiyasının əsasını qoydu.” 30 il sonra bu sözlər tam təsdiqini tapdı. 1994-cü ildən bu günə qədər Azərbaycan:AÇG yatağından 600 milyon tondan artıq neft hasil edib; 50 milyard dollardan çox gəlir əldə edib; Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi- Ərzurum və Cənub Qaz Dəhlizi kimi strateji layihələr reallaşdırıb; 12 ölkəyə qaz ixrac edir; Dövlət Neft Fondu vasitəsilə bu sərvəti xalqın rifahına yönəldib. Bu uğurların üzərində yüksələn “Bakı Enerji Həftəsi” artıq yalnız regional deyil, qlobal enerji düşüncəsinin mərkəzinə çevrilib. Azərbaycan təkcə neft və qazla deyil, bərpaolunabilən enerji ilə də tanınmağa başlayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2030-cu ilə qədər 6,5 QVt yaşıl enerji gücü hədəflənir. Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, Kəlbəcər və Laçında külək stansiyalarının tikintisi isə davam etməkdədir. “Bakı Enerji Həftəsi”ndə 39 ölkədən 267 şirkət iştirak etdi. Dünya nəhəngləri BP, TotalEnergies, ACWA Power, Masdar, Sinopec, Tatneft və başqaları öz texnologiyaları ilə gələcəyin enerjisinə Azərbaycanla birgə imza atdı. Xüsusilə TotalEnergies tərəfindən təqdim olunan “Metan Daimi Monitorinq Layihəsi” ekoloji şəffaflığın yeni mərhələsinin rəmzidir. Bu tədbir göstərdi ki, enerji sadəcə iqtisadi resurs deyil, enerji düşüncədir, strategiyadır, məsuliyyətdir. Dünya enerji nəhənglərinin fikirləri təkcə əməkdaşlıq çağırışı deyil, həm də gələcəyə ümid və inamın parlaq işıqlarıdır. BP-nin Baş İcraçı Direktoru Bernard Looney nitqində vurğuladı ki: “Azərbaycan regionun enerji təhlükəsizliyində aparıcı rolunu oynayır. Burada qurulan əməkdaşlıq və siyasi sabitlik enerji sektorunun inkişafı üçün möhkəm təməl yaradır. Azərbaycanın müdrik idarəçiliyi və strateji mövqeyi regional enerji xəritəsini yenidən formalaşdırır.” Birləşmiş Ərəb Əmirliklərinin Sənaye və İləri Texnologiyalar naziri Sultan bin Əhməd əl-Cəbəri isə Azərbaycanın enerji siyasətinin regionda necə parlaq bir işıq olduğunu belə ifadə etdi: “Azərbaycan dayanıqlı və yaşıl enerji məsələlərinin həllərinə doğru gedən yolda liderliyini nümayiş etdirir. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk və gələcəkdə daha sıx əlaqələr qurmaq niyyətindəyik. Bu, iki ölkənin enerji gələcəyini birgə qurması üçün əhəmiyyətli bir addımdır.” Bu fikirlər “Bakı Enerji Həftəsi”nin yalnız bir sərgi və forum olmadığını, həm də qlobal əməkdaşlıq, qarşılıqlı hörmət və yeni texnoloji dönüşlərin simvolu olduğunu göstərdi. Azərbaycanın enerji strategiyası bu gün dünyaya həm iqtisadi gücünü, həm də ekoloji məsuliyyətini nümayiş etdirir". C.Xəlilov qeyd edib ki, Prezident İlham Əliyev SOCAR-ın ExxonMobil və BP kimi qlobal enerji nəhəngləri ilə yeni strateji müqavilələrin imzalandığını xüsusi vurğuladı: "Bu əməkdaşlıqlar Azərbaycanın enerji sektorunun inkişafını sürətləndirəcək, beynəlxalq mövqeyini daha da gücləndirəcəkdir: "Bağlanan müqavilələrdə, çıxışlarda səsləndirilən ifadələrdə gələcəyə inam, dərin strateji düşüncə və qlobal əməkdaşlığa açıq olan Azərbaycan obrazı canlandı. Təbii qaz ixracının 8 milyard kubmetrə çatdırılması hədəfi Azərbaycanın enerji resurslarını yeni mərhələyə daşıyacaq və dünya bazarında daha da güclü iştirakını təmin edəcəkdir. Bu strateji mesajlar təkcə iqtisadi rəqəmlərdən ibarət deyildi; onlar Azərbaycanın gələcəyə baxışını, enerji siyasətindəki müdrikliyi və davamlı inkişafa olan sadiqliyi ifadə edirdi. Prezident İlham Əliyevin nitqi Azərbaycanın enerji tarixində yeni bir fəsil açdı, onu qlobal enerji arenasında aparıcı oyunçu kimi təsdiqlədi. Enerji ilə yazılan bu böyük hekayə həm də Azərbaycanın sabitliyi, rifahı və gələcək nəsillərin firavanlığı üçün qarantiyadır. Bu hekayənin qəhrəmanları isə uzaqgörən lider və bütün Azərbaycan xalqıdır. Azərbaycanın son onilliklərdə qazandığı bütün uğurların arxasında bir amal dayanır: dövlətçiliyə, torpağa və xalqa sadiqlik.Bu amal təkcə enerji siyasətində deyil, 44 günlük Vətən Müharibəsində də öz təcəssümünü tapdı.“Bakı Enerji Həftəsi” həm də qəhrəmanlıq ruhunun daşıyıcısıdır. Prezident İlham Əliyev həm döyüş meydanında, həm də enerji sahəsində ölkəsini uğurlara aparan Lider kimi tarixə adını yazdırıb. Veteranlar bu uğurları Lider – Xalq birliyinin ümumi zəfəri kimi qiymətləndirirlər. Onlar yaşıl enerjiyə keçidin, enerji təhlükəsizliyinin və beynəlxalq əməkdaşlığın fəal iştirakçılarıdır. Azərbaycanın dünyaya verdiyi mesaj aydındır: Enerji sadəcə resurs deyil, dəyərdir. Bu dəyəri gələcək nəsillərə daşımaq isə yalnız uzaqgörən, müdrik dövlət başçılarının işidir.“Əsrin müqaviləsi” ilə başlanan yol bu gün yaşıl enerjiyə uzanan körpü ilə davam edir. Bu körpünün üstündən keçənlərə Azərbaycanın səsləndirdiyi çağırış birmənalıdır". “Biz sadəcə iştirakçı deyilik, biz aparıcı üzvlərdənik.”

Hamısını oxu