Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Antiterror əməliyyatından bəhs edən “23 saat 43 dəqiqə” kitabı təqdim olunub

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-ci il üçün elan etdiyi orta qrant müsabiqəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun icra etdiyi “Antiterror əməliyyatı mövzusunda bədii əsərin işlənməsi” layihəsi çərçivəsində nəşr edilmiş “23 saat 43 dəqiqə” kitabının təqdimat mərasimi keçirilib.

Citypost.az Herbiand.az-a istinadən xəbər verir ki, 30 oktyabr tarixində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında baş tutan tədbirdə ictimaiyyət nümayəndələri, qazilər, media mənsubları, eləcə də 52 antiterror şəhidinin respublikamızın ən müxtəlif guşələrindən gəlmiş ailə üzvləri iştirak ediblər.

Şəhidlərin xatirəsini anmaqla və Azərbaycan himninin sədaları altında başlanan tədbirdə ilk olaraq kitabın baş rəyçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov çıxış edərək günümüzdə Qarabağ zəfərimizlə bağlı olan kitabların aktuallığından, bu işə verilən hər bir töhfənin əhəmiyyətindən danışıb, “23 saat 43 dəqiqə” kitabının bədii-sənədli məziyyətlərindən bəhs edib.

YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Azərbaycan dövlətinin müharibə şəhidləri və qaziləri üçün yaratdığı şəraitdən danışıb, kitabda bu barədə ayrıca qeydlər olduğunu vurğulayıb, dövlətin öz şəhidlərinin, qazilərinin yanında olmasını Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bir ölkənin əsas prioriteti olduğunu vurğulayıb.

Kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun baş direktoru Varis bildirib ki, kitabda əməliyyatı zəruri edən səbəblər, əməliyyatın saatbasaat gedişi, Azərbaycan prezidentinin əməliyyatla bağlı çıxışları, müsahibələri, Azərbaycan ordusunun tərkibi, xüsusi təyinatlılar və komandoların misilsiz şücaəti, aparılan hərbi əməliyyatın xarakteri, silah növləri, cəbhələrin təsnifatı, əsas döyüşlər, düşmənin kapitulyasiyası, əldə edilən silah-sursat, düşmənin yeraltı hərbi baza və qərargahlarının təsviri, müharibə canilərinin həbsi, Xankəndiyə üçrəngli bayrağın sancılması, Yevlaxdakı reinteqrasiya görşüşləri, Xankəndi zəfər paradı, əməliyyata dünya siyasətçilərinin, mediasının, hərbi ekspertlərin verdiyi qiymət, əməliyyatdan sonra Qafqazın siyasi düzəninin tam dəyişməsi mənzərəsi öz əksini tapıb, əməliyyatda iştirak edən səhra komandirlərindən tutmuş adi əsgərlərə qədər bir çoxlarının şərhləri, mülahizələri, xatirələri yer alır.

Qeyd edilib ki, 3 fəsildən ibarət kitabı unikal edən antiterror əməliyyatında şəhid olan 52 hərbçimizin ailə üzvlərinin kitabın həmmüəllifi ampluasında öz şəhidinin həyat hekayətini təqdim etməsidir.

Daha sonra antiterror şəhidlərindən Ruslan Lalayevin atası Akif Lalayev, Aqil Əkbərovun atası Fayəddin Əkbərov, Mikayıl Həmidlinin anası Lalə Həmidova, Vüqar Heydərovun həyat yoldaşı Ülkər Vüqarlı, Elxan Nəcəfinin həyat yoldaşı Əsmayə Nəcəfi, Rəşad Hüseynovun qızı Rəşidə Hüseynova çıxış ediblər, bu dəyərli nəşrə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fonduna, müəllifə öz minnətdarlıqlarını bildiriblər.

Daha sonra tədbir iştirakçılarına kitablar hədiyyə edilib.

Xatırladaq ki, “23 saat 43 dəqiqə” kitabının redaktorları Əkbər Qoşalı və İntiqam Yaşar, fəsil şeirlərinin müəllifi Nigar Həsənzadə, naşiri Akif Şahbazovdur.

citypost.az

 

2026-11-02 15:54:00
22 baxış

Digər xəbərlər

“Ermənistanın minalanmış ərazilərin xəritəsini ölkəmizə verməməsi onun məkirli xislətindən xəbər verir”

Cəlil Xəlilov: “Təcavüzkar dövlət öz mövcudluğunu qorumaq istəyirsə, yaxın tarixdən nəticə çıxarmalı, təxribatlardan əl çəkməlidir”   Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" səhifəsində Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəməməsini pisləyib, bunu məsuliyyətsiz davranış kimi şərh edib.   Veteran.gov.az-a açıqlamasında Ermənistanın bu məkirli addımına toxunan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, rəsmi İrəvanın yaxın tarixdən dərs çıxarmasının vacibliyini qeyd edib:   “Ermənistanın minalanmış ərazilərin xəritəsini ölkəmizə verməməsi onun məkirli xislətindən xəbər verir. Bu, onu göstərir ki, rəsmi İrəvanın hələ də 10 noyabr üçtərəfli sazişinin şərtlərini tam olaraq yerinə yetirməklə bağlı müəyyən tərəddüdləri var. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi, Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərdə müşahidə edilən ləngimələr, Ermənistan daxilində səslənən cəfəng xarakterli revanşist fikirlər buna sübutdur. Lakin İrəvan anlamalıdır ki, bu kimi addımlar Ermənistan üçün ağır faciələrə səbəb ola bilər. Təcavüzkar dövlət öz mövcudluğunu qorumaq istəyirsə, yaxın tarixdən nəticə çıxarmalı, təxribatlardan əl çəkməlidir.   Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi potensialının 80%-dən çoxunu məhv etdi. Azərbaycanın “Dəmir yumruğu” qarşısında diz çökən Ermənistan kapitulyasiyaya imza atdı. Əgər Ermənistan yaşadığı ağır məğlubiyyətdən də dərs çıxarmaq, ibrət almaq istəməsə, o zaman bir dövlət olaraq mövcudluğu sual altına düşəcək və heç bir qüvvə onu məhv olmaqdan xilas edə bilməyəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi qeyd olunub

Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılması xalqımızın tarixində qürurverici hadisədir. Xalq Cümhuriyyəti Azərbaycan tarixində müstəsna yer tutur. Cümhuriyyətin qurulması sonrakı mərhələdə Azərbaycan dövlətçiliyinin qorunmasına, müstəqil respublika kimi inkişafına əsaslı zəmin yaradıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və 23 aylıq fəaliyyəti xalqımızın tarixinin parlaq səhifələrindəndir. Bugünkü müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin siyasi və mənəvi varisidir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında ötən il imzaladığı Sərəncam ölkə rəhbərliyinin xalqımızın dövlətçilik ənənələrinə, xüsusilə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə verdiyi yüksək dəyərin təzahürüdür. video AZƏRTAC xəbər verir ki, bu fikirlər Cümhuriyyətin yaradılmasının 101-ci ildönümü münasibətilə mayın 27-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdə səslənib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən və fəaliyyətindən danışan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib ki, Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncam həmin dövrdəki tarixi hadisələrin, qazanılan nailiyyətlərin gənclərimizə çatdırılması və təbliği baxımından böyük önəm daşıyır. Veteranlarımız dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyəti irsinə göstərdiyi bu diqqəti yüksək qiymətləndirirlər. Azərbaycan dövləti və xalqı bu tarixi nailiyyətin qazanılmasında xidməti olan Cümhuriyyətin qurucularının və fədailərinin xatirəsini hörmət və ehtiramla anır. Qeyd edilib ki, xalqımız uzun illər müstəqillik arzusu ilə yaşayıb. XX əsrin əvvəllərində baş verən proseslər, eləcə də Cənubi Qafqaz regionunda yaranmış şərait Azərbaycanın müstəqilliyini əldə etməsinə tarixi imkan yaradıb. Bu imkandan istifadə edən Cümhuriyyətin qurucuları 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunması haqqında tarixi qərar qəbul ediblər. Beləliklə, Azərbaycanın milli dövlətçiliyi bərpa olunub. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütün dünyaya elan edilib. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Odur ki, ki, xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının qürur duyduğu bir gündür. Məlumat verilib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süquta uğrasa da, 71 ildən sonra - 1991-ci il oktyabrın 18-də tarixi yaddaşına sadiq qalan xalqımız yenidən müstəqilliyinə qovuşub. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənib və ölkə həyatının bütün sahələrində inkişafın əsasları qoyulub. Hazırda bu siyasət Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Vaqif Abışov diqqətə çatdırıb ki, Şərqdə ilk demokratik respublikasının qurulması yalnız Azərbaycanın deyil, bütün türk dünyası üçün mühüm tarixi əhəmiyyət kəsb edib. XX əsrin əvvəllərindəki çətin ictimai-siyasi şəraitdə xalqımızın ziyalıları Azərbaycan Xalq Cümhuriyyətini quraraq onun müstəqilliyinin dünyada tanınması üçün böyük işlər görüblər. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Fəlsəfə elmləri doktoru İmran Əbilov, veteranlar çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən, həmin dövrdə görülən genişmiqyaslı işlərdən danışıblar. Çıxış edənlər Azərbaycanın ilk müstəqil dövlətinin demokratik idarəçilik mexanizmlərinə, parlamentli respublika quruluşuna malik olduğunu qeyd edərək Cümhuriyyət dövründə Azərbaycanın müstəqil dövlət atributlarının qəbul edilməsi, ölkənin hazırda mövcud olan əksər dövlət orqanlarının yaradılması və s. barədə iştirakçılara ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan dövləti bütün sahələrdə sürətlə inkişaf edir. Ordu quruculuğu prosesi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılır. Bu gün müasir Azərbaycan ordusu işğal altındakı ərazilərimizi azad etməyə, ölkəmizin ərazi bütövlüyünü təmin etməyə tam qadirdir. Veteranlar da Ali Baş Komandanın əmri ilə qəhrəman Azərbaycan əsgəri ilə bir sırada bu müqəddəs vəzifənin yerinə yetirilməsi üçün hər an döyüşlərə qatılmağa hazırdırlar. Tədbirdə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələri, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, şagirdlər iştirak ediblər.

Hamısını oxu
Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb

Veteran.gov.az xəbər verir ki, Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Tədbirdə hüquq təhsili ilə peşəkar hüquq təcrübəsinin sıx vəhdətinin təmin edilməsinin zəruriliyi, hüquq təhsilinin və hüquqşünas peşəsinin nüfuzunun yüksəldilməsinin əhəmiyyəti qeyd olunub. Bu məqsədlə hərbi qulluqçuların insan hüquq və azadlıqlarına hörmət edən, milli ənənələrə və demokratiya prinsiplərinə, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq yetişdirilməsi üçün məlumat və təcrübə mübadiləsinin, qarşılıqlı əlaqələri inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. İmzalanmış memorandumda qarşılıqlı şəkildə konfrans, seminar, təlim və müzakirələrin təşkili, analitik işlərin, monitorinqlərin, sorğuların və digər layihələrin həyata keçirilməsi, yerli və beynəlxalq təcrübənin birlikdə öyrənilməsi, yerli və beynəlxalq elmi konfransların, dəyirmi masaların, seminarların, tədris tədbirlərinin, simulyasiyaların və görüşlərin birgə təşkil edilməsi və keçirilməsi, metodiki vəsaitlərin, elmi məqalələrin, çap materiallarının, broşuraların, monoqrafiyaların və nəşrlərin birgə hazırlanması, hüquq elminin və qüvvədə olan qanunvericiliyin inkişafı istiqamətində birgə təkliflərin hazırlanması, müzakirəsi və müvafiq qurumlar qarşısında qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslə çıxış edilməsi, nəzəriyyə ilə təcrübənin qarşılıqlı vəhdətini təmin etmək məqsədilə əməkdaşların nəzəri biliklərinin və peşə hazırlığının artırılması prosesində qarşılıqlı iştirak edilməsi nəzərdə tutulmuşdur.

Hamısını oxu
Həzi Aslanov haqqında film (Zvesda tv)

"Zvesda "tv-də efirə getmiş Sovet İttifaqı qəhrəmanı general-mayor Həzi Aslanov haqqında film.  video

Hamısını oxu