Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Tarixi onu yazanın yox, yaradanın dilindən eşitmək hər zaman daha önəmli, daha təsirlidir”

Elman Məmmədov: “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu təcrübəsi respublikamızdakı  bütün təhsil ocaqlarında tətbiq edilməlidir”

Xəbər verdiyimiz kimi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Zaur Hüseynov olub. Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində baş tutan görüşdə Zaur Hüseynov şagirdlərə məktəb illəri, gələcək peşə seçimi, hərbi xidmət və döyüş yolu barədə danışıb, həyat təcrübəsini məktəblilərlə bölüşüb, qarşıya qoyulan məqsədlərə çatmaqda təhsilin, intizamın və əzmkarlığın rolundan bəhs edib.

Maraqlıdır, şagirdlərlə Vətən Müharibəsi Qəhrəmanları, müharibə iştirakçıları arasında bu cür görüşlərin keçirilməsi gənc nəslin vətənmpərvərlik ruhunda tərbiyəsinə nə vəd edir?

Veteran.gov.az xəbər verir ki, millət vəkili Elman Məmmədov belə görüşlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

“Bu layihə çox dəyərlidir. Biz tariximizi öyrənmək üçün adatən yazarlara, kitablara, keçmişə müraciət edirik. Təbii, bu da lazımdır. Lakin daha dəyərlisi bu tarixi yaradanların özləri ilə görüşmək, baş verənləri onların öz dilindən eşitməkdir. Bu, Vətən müharibəsində baş verənlər haqqında daha dəqiq məlumat almaq baxımından daha önəmli və daha təsirlidir.

Bu cür görüşlər zamanı yeniyetmə və gənclərimiz qəhrəmanları tanıyır. Həmçinin, həqiqətləri vətən uğrunda döyüşən, şücaət göstərən insanların dilindən eşidir. Bu, həm qəhrəmanlarımızın tanıdılması, həm də həqiqətin üzə çıxarılması və təbliğidir. Bu, gənclərimizin vətənpərvərlik tərbiyəsində, onların gələcəkdə əsl mübariz insanlar kimi yetişməsi baxımından çox vacibdir.

Məktəblərə gedən, orada şagirdlərlə görüşən qəhrəmanlarımız yeniyetmə və gənclərin qəlbində, şüurunda dərin iz buraxır. Aydındır ki, onlarla görüşən, təmasda olan yeniyetmələr gələcəkdə özlərni məhz bu qəhrəmanlara oxşatmağa çalışacaqlar. Onun kimi oğul, onun kimi igid olmaq istəyəcəklər”.

Millət vəkili Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu təcrübəsinin digər bölgələrdə də tətbiqinin zəruri olduğunu qeyd edib:

“Hesab edirəm ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bu tədbiri alqışlanmalıdır və tək Bakıda yox, respublikamızın bütün ərazisində, bütün təhsil ocaqlarında, kollektivlərdə tətbiq edilməlidir”.

Seymur ƏLİYEV

2026-11-05 17:32:00
11 baxış

Digər xəbərlər

“Müzəffər ordumuzun zəfər yürüşü" adlı onlayn inşa-yazı müsabiqəsinə start verilib

  Veteran.gov.az xəbər verir ki, Binəqədi rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən 13-20 sentyabr 2021-ci il tarixlərində "27 sentyabr-Anım günü" ilə əlaqədar Binəqədi rayon orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında "Müzəffər ordumuzun zəfər yürüşü" adlı onlayn inşa-yazı müsabiqəsinə start verilir.   Müsabiqənin keçirilməsində məqsəd:   - Azərbaycan gəncliyi “2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi;   -Qarabağ döyüşlərində qəhrəmanlıq göstərmiş vətən oğullarınln tanıdılması;   -Böyüməkdə olan gənc nəslin doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ oluması;   - Ordumuzun möhtəşəm qələbgələrinin əks etdirilməsi, işğaldan azad olmuş şəhər və qəsəbələrimizin yeniyetmə və gənclərimiz tərəfindən tanınması;   - Yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, vətənin hər bir qarış torpağının bizim üçün əziz olmasının aşılanması;   - İstedadlı şağırdlərin inşa-yazı və rəsm işi sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması.   Müsabiqəyə təqdim olunmuş inşa-yazılar təşkilatçılar tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilir.   - Müsabiqədə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak edə bilər   - İnşalar 2-5 səhifə həcmində olmalıdırlar;   -İnşa yazılarının üzərində müəllifin soyadı, adı və təmsil etdiyi təhsil müəssisəsinin adı qeyd olunmalıdır;   -Müsabiqədə I, II, III yerləri tutmuş iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunacaqlar.   Qeyd; İştirakçılar inşa-yazıları onlayn qaydada 13-20 sentyabr 2021-ci il tarixlərində İdarənin whatsapp nömrəsinə 077 228 00 70 göndərilməlidir.  

Hamısını oxu
Prezident İlham Əliyev Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib

Moskva, 8 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir. Müxbir: Siz bu günlərdə Amerikanın Azərbaycana qarşı sanksiyaları ilə bağlı çox açıq danışdınız. Məlum olduğu kimi, indi Rusiya minlərlə sanksiyanın təzyiqi altında yaşayır. Sizcə, sanksiyalar siyasətinin prinsipcə hər hansı perspektivləri varmı? Prezident İlham Əliyev: Onun, ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusilə də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə. Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik. Bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi. Bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı. Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil.

Hamısını oxu
Tarix yaradan Lider!

  “Azərbaycan dünyaya günəş kimi doğacaqdır”.   Bu sözləri 1993- cü ildə ildə, yenicə əldə olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycan adlı məmləkətin xilaskarı, Ümummilli Lider Heydər Əliyev səsləndirmişdir. İllər keçdi, Ulu Öndərin Azərbaycanın gələcəyinə yönəlik bütün arzuları, vəsiyyətləri real həyatda təsdiqini tapdı. Bu arzuları reallığa çevirməklə, adını dünya tarixnə qızıl hərflərlə yazdıran Lider isə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevdir. Tarix yaradan Lider.   Son günlər, ölkənin aparıcı Kütləvi informasiya vasitələri, siyasətçilər, ictimai-siyasi xadimlər Prezident İlham Əliyevin rəhbərliyi dövrdə əldə etdiyi, əldə etdiyi nailiyyətlər barədə çoxsaylı yazılar yazılır, çıxışlar edilir. Təbiidir. Xalq öz Liderinə, xilaskarına vəfa borcunu qaytarır. “Bütün ixtiraların ən mürəkkəbi idarəetmə sistemidir” Kant.   2003-cü ildə Prezident seçildikdən sonra İlham Əliyev, “Regionların sosial-iqtisadi inkişafı haqqında “ 4, “ Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafı haqqında” isə, 3 dövlət proqramını təsdiq etdi.   Nəticə olaraq, minlərlə yeni məktəb, uşaq bağçaları,xəstəxanalar, diaqnostika mərkəzləri, olimpiya-idman kompleksləri, mədəniyyət sarayları, magistral yollar, elektrik stansiyaları, inzibati binalar, şəhid ailələri, qazilər, məcburi köçkünlər üçün evlər, yeni ali məktəblər, inzibati binalar tikildi, parklar salındı. Əhalinin elektrik enerjisinə, təbii qaza, içməli və texniki suya olan tələbatının ödənilməsi istiqamətində milyardlarla maliyyə tutumu tələb edən infrastruktur layihələri icra olundu. Aqrar sektorun inkişafına xüsusi diqqət göstərildi. Proqramların icrası, ölkə regionlarının və paytaxtın harmonik inkişafını təmin etmiş oldu.   TANAP-(Trans-Anadolu), TAP-(Trans-Adriatik), onun tərkib hissəsi olan “Cənub Qaz Dəhlizi” , Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verildi.   100 illərdən bəri Bakı əhalsinin 1 nömrəli problemi, içməli suya ehtiyacının ödənilməsi üçün, Oğuz-Qəbələ-Bakı layihəsi icra olundu. Taxtakörpü su anbarı tikildi.   Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının, Avropadan Asiyaya çəkilən fiber-optik kabelin Azərbaycandan keçməsi, ölkəmizi regionun nəqliyyat-loqistika mərkəzinə çevirdi. Azərbaycan yerin süni peyklərini kosmik fəzaya göndərməklə, azsaylı kosmos ailələrinə aid edilən dövlətlərin sırasına düşdü.   Azərbaycan, Şərqlə Qərbin arasında körpü rolunu oynayan, beynəkxalq tədbirlərin keçrildiyi multikulturalizm, konfessiyalar arası münasibətlərin nizamlandığı, tolerantlıq mərkəzinə çevrildi. “Avrovision” musiqi festvalı, ilk Avropa Oyunları, İslam oyunları və çoxsaylı idman yarışları, dünya və Avropa çempionatları keçirildi.   Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra, xeyli sayda idmançılarımız olimpiya, dünya və Avropa çempionları titulunu qazandılar.   Minlərlə istedadlı gənc, Dövlət maliyyəsi hesabına dünyanın nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə etdi.   Post-sovet ölkələri arasında, Rusiyadan sonra BMT Təhlükəsizlik Şurasına dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq üzv seçildi və sədrlik etdi. Qoşulmama Hərəkatına üzv olandan sonra qısa zaman kəsiyində sədr seçildi və Hərəkatın ciddi beynəlxalq gücə çevrilməsinə nail oldu. Biz bunun real nəticələrini Vətən müharibəsində gördük. ÜDM, makro-iqtisadi göstəricilər dəfələrlə artdı. Əhalinin sosial vəziyyəti yaxşılaşdı. İqtisadi imkanlar artdıqca sosial layihələr icra olundu.   Elə bir sahə yox idi ki, Prezident onun inkişafında inqlabi nəticələrə nail olmasın. Ancaq, ölkənin əsas problemi, son 30 ildə hər bir azərbacanlının ürəyində yara salmış Qarabağ torpaqları işğalda idi.   Ən müasir silahlarla, döyüş texnikası ilə təchiz olunmuş güclü ordu quruldu. 21-ci əsrin müharibəsini aparmaq üçün Silahlı Qüvvələrin bütün növlərinin, NATO sisreminə uyğun, peşəkar hazırlığına xüsusi diqqət yetirildi.   Prezident gözəl başa düşürdü ki, tək güclü ordu ilə torpaqları işğaldan azad etmək mümkün deyil. Bunun üçün hüquqi-normativ bazanın yaradılması, aparıcı beynəlxalq təşkilatlar tərəfindən ölkəmizin ərazi bütövlüyünü təsdiqləyən qətnamələrin qəbulu, regionda marağı olan böyük güclərin neytral mövqeyinə nail olmaq lazım idi. Bəllidir ki, məhz, həmin supergüclərin hər birisinin korparativ maraqları, ikili standartlar, xristian təəssübkeşliyi nəticəsində konflikt həllini tapmırdı. Məsələnin ən çətin tərəfi də, geosiyasi gücləri bir araya gətirmək və prosesdən maksimum az zərərlə çıxmaq idi.   İlk baxışda, hətta ən güclü dövlətlər üçün mümkünsüz görünən problemi, beynəlxalq münasibətlər sistemini, beynəlxalq təhlükəsizlik sistemini, ən yüksək səviyyədə mənimsəmiş peşəkar diplomat, strateq, Ali Baş Komandan İlham Əliyev bacardı. Və Adını Dünya hərb tarixinə qızıl hərflərlə yazdırdı.   Tarixi Qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzu kəskin artdı. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının sınmış qüruru bərpa olundu. Hesab edirəm ki, ən böyük xoşbəxtlik, elə budur.   İlham Əliyev şəxsiyyəti isə, dünya Liderləri arasında xüsusi rəğbətlə seçilir. Dünyanı bürümüş Pandemiya ilə mübarizədə, cənab Prezidentin təşəbbüsləri, beynəlxalq birlik tərəfindən yüksək səviyyədə dəstəkləndi.   Müharibədən sonra regionda yeni reallıqlar yarandı. Tarixi “Şuşa Bəyannaməsi” imzalandı. Qısa zaman kəsiyində fantastik sürətlə bərpa işləri aparılır. Özündə ən innovativ ideyaları əks etdrən İnfrastruktur layihələri həyata keçirilir.   Müasir Azərbaycan tarixinin İlham Əliyev Liderliyində görülmüş iri miqyaslı işlərin kiçik bir yazıda sadalanması qeyri-mümkündür.   Bütün bu nailiyyətlərin müəllifi, bu gün 60 yaşını qeyd edən, Tarix yazan və Tarix yaradan Prezident, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevdir.   Çox Hörmətli cənab Prezident!   Sizi doğum günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə, ailənizə möhkəm can sağlığı, uzun ömür, xoşbəxtlik, Azərbaycanın gələcəyi naminə gördüyünüz işlərdə uğurlar arzulayıram!   Tanrı Sizləri qorusun!   24.12. 2021. Nəsib Məhəməliyev, millət vəkili    

Hamısını oxu
IV İslam oyunları Azərbaycan Respublikasının inkişafının bariz nümunəsidir

Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi Respublikanın inkişafından, iqtisadi potensiyalından və dünya dövlətləri arasında qazandığı etimaddan xəbər verir. Son bir nəçə ildə ölkəmiz möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Yüksək səviyyədə təşkil edilmiş IV İslam Oyunları bu mötəbər  tədbirlərdən biri oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət hər bir sahədə, o cümlədən idman sahəsində tərəqqiyə yol açır. IV İslam Oyunlarında Təşkilat komitəsinin sədri kimi Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban Əliyevanın oyunların təşkili, tədbirin yüksək səviyyədə hazırlanıb keçirilməsi baxımından göstərdiyi təşkilatçılıq qabiliyyəti xüsusi qeyd edilməyə layiqdir. Bütün bunların məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxaq arenada layiqli yer tutduğunu əminliklə söyləyə bilərik. 2017-ci ilin Azərbaycan Respublikasında “Multikulturalizm İli”nin məntiqi davamı kimi “İslam Həmrəyliyi İli” elan edilməsi, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Birlik, həmrəylik, eyni zamanda, dünyada sülhə böyük töhfə olan IV İslam Həmrəyliyi Oyunları Azərbaycanı dünyaya bir daha tanıtdı. Bu əlamətdar tədbir Azərbaycan xalqının sülhsevən, tolerant xalq olmasını nümayiş etdirdi. İdamanın müxtəlif növlərində idmançılarımızın qələbəsi, ölkəmizin birinci yeri tutması bütün qeyd edilənlərlə yanaşı, respublikamızın yüksək idman potensiyalına malik olduğunu da bir daha göstərdi. Biz veteranlar da hər bir azərbaycan vətəndaşı kimi ölkədə idmana göstərilən diqqətin bariz nümunəsi olan bu mötəbər yarışları maraqla izlədik, milli komandamızı daim dəstəklədik.  Bu cür mötəbər yarışların davamlı olacağına və növbəti qələbəmizin Qarabağda keçiriləcəyinə inanırıq. Respublika Veteranlar Təşkilatının sədr müavini e/o polkovnik Cəlil Xəlilov

Hamısını oxu