12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü
Hər bir xalqın tarixində onun taleyinə işıq salan, milli dövlətçilik salnaməsində silinməz iz qoyan əlamətdar günlər vardır. Azərbaycan xalqı üçün belə müqəddəs tarixlərdən biri də 12 Noyabr – Konstitusiya Günüdür. Bu gün xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və müstəqillik arzularının hüquqi təcəssümünü, milli dövlətçiliyimizin sarsılmaz təməllərini və gələcəyə ünvanlanan inkişaf yolunu özündə ehtiva edir. Konstitusiya yalnız dövlətin Əsas Qanunu deyil, həm də xalqın iradəsinin, milli birliyinin, suverenliyinin, hüquq və azadlıqlarının, dövlətçilik ənənələrinə sədaqətinin ifadəsidir. O, müstəqilliyimizin hüquqi təminatı, dövlətimizin inkişaf istiqamətlərini müəyyən edən fundamental sənəd, hər bir vətəndaşın hüquq və azadlıqlarının başlıca təminatıdır.
12 Noyabr tarixi müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının möhkəmləndirilməsi, demokratik, hüquqi və dünyəvi cəmiyyət quruculuğu yolunda atılmış mühüm tarixi addımın rəmzidir. Bu əlamətdar gün xalqımızın dövlətçilik irsini, milli-mənəvi dəyərlərini və müstəqillik ideallarını özündə birləşdirir. Konstitusiyanın qəbulu ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuş, dövlətin və cəmiyyətin gələcək tərəqqisinin hüquqi istiqamətləri müəyyənləşdirilmişdir.
Müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin adı, siyasi iradəsi və dövlətçilik fəaliyyəti ilə bilavasitə bağlıdır. Məhz Ulu Öndərin rəhbərliyi ilə ölkədə siyasi sabitliyin, qanunçuluğun və hüquqi dövlət quruculuğunun möhkəm əsasları yaradıldı. 1995-ci il iyunun 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya Komissiyasının yaradılması müstəqil Azərbaycanın hüquqi sisteminin formalaşdırılması istiqamətində mühüm tarixi hadisə oldu. Geniş ictimai müzakirələrdən sonra 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq referendumunda Azərbaycan Respublikasının müstəqillik tarixində ilk Konstitusiyası qəbul edildi. Bununla da dövlətimizin suverenliyinin, demokratik idarəçilik prinsiplərinin və vətəndaş hüquqlarının hüquqi təminatına möhkəm zəmin yaradıldı.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını Azərbaycanın müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi, xalqın birliyinin təmin olunması, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması təşkil edirdi. Onun 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinə nail olması isə milli kimliyimizin, ana dilimizin və dövlətçilik ənənələrimizin qorunması baxımından müstəsna tarixi əhəmiyyət daşıyırdı. Bu, Heydər Əliyevin xalqına, milli-mənəvi dəyərlərinə və Azərbaycanın gələcəyinə bağlılığının parlaq nümunəsi idi. Bu gün müstəqil Azərbaycanın dövlətçilik tarixində Heydər Əliyev irsi öz aktuallığını qoruyur, onun müəyyən etdiyi strateji inkişaf xətti ölkəmizin gələcək hədəflərinə istiqamət verir.
Bu siyasi kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitdə davam etdirilir. Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi, ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi müasir tariximizin mühüm səhifələridir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, 2023-cü ildə isə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin bərpası Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu tarixi hadisələr Konstitusiyamızda təsbit edilmiş müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinin mahiyyətini bir daha nümayiş etdirdi. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın həmrəyliyi və dövlətimizin qətiyyətli siyasəti milli tariximizə qürurla yazılan Zəfər salnaməsini yaratdı.
12 Noyabr – Konstitusiya Günü ölkəmizin veteran ictimaiyyəti üçün də xüsusi məna və əhəmiyyət daşıyır. Çünki dövlətçiliyin möhkəmlənməsi, Vətənin müdafiəsi, xalqın azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış insanların xidmətlərinə ehtiram göstərilməsi, onların hüquqlarının və sosial təminatının qorunması hüquqi dövlətin mühüm vəzifələrindəndir. Veteranlarımızın həyat yolu və zəngin təcrübəsi xalqımızın tarixi yaddaşının ayrılmaz hissəsi, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi üçün əvəzsiz mənəvi məktəbdir. Onların keçdiyi şərəfli ömür yolu Vətənə sədaqətin, fədakarlığın, mübarizliyin və dövlətçilik məsuliyyətinin canlı nümunəsidir.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı da bu müqəddəs dəyərlərin qorunması və yaşadılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Çoxsaylı üzvləri sıralarında birləşdirən Təşkilat veteranların hüquq və mənafelərinin müdafiəsini, onların sosial problemlərinin diqqətdə saxlanılmasını, tarixi xidmətlərinin ictimaiyyətə çatdırılmasını, gənclərin milli ruhda və vətənpərvərlik ənənələri əsasında tərbiyə olunmasını fəaliyyətinin əsas istiqamətləri kimi müəyyənləşdirib. Təşkilatın üzvləri ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir, dövlətçilik tariximizin, qəhrəmanlıq salnaməmizin və milli-mənəvi dəyərlərimizin təbliğinə öz töhfələrini verirlər.
Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının çoxsaylı üzvləri 12 Noyabr – Konstitusiya Gününü böyük qürur, ehtiram və vətəndaşlıq məsuliyyəti ilə qeyd edirlər. Onlar yaxşı bilirlər ki, müstəqil dövlətin Əsas Qanunu uğrunda mübarizə aparılan azadlığın, qorunan suverenliyin və gələcək nəsillərə əmanət edilən dövlətçilik irsinin hüquqi təminatıdır. Veteranlarımız üçün Konstitusiya Günü həm də Vətənə xidmətin, dövlətə sədaqətin, milli birliyin və tarixi yaddaşın təntənəsidir. Onların bu əlamətdar gün münasibətilə səsləndirdikləri fikirlər, gənclərlə keçirdikləri görüşlər və ictimai tədbirlər bir həqiqəti ifadə edir: dövlətçilik ənənələri yalnız tarixdə yaşadılmır, həm də hər bir nəslin əməli, mövqeyi və Vətənə bağlılığı ilə gələcəyə ötürülür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə veteranlara, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısı, onların sosial müdafiəsinin gücləndirilməsi, qəhrəmanlıq nümunələrinin təbliği və gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Vətən müharibəsində qazanılmış tarixi Zəfər veteranlıq anlayışına yeni məzmun qazandırmış, Azərbaycan xalqının qəhrəmanlıq, həmrəylik və mübarizə əzmini bir daha nümayiş etdirmişdir. Bu gün Böyük Zəfərin iştirakçıları ilə əvvəlki nəsil veteranların bir araya gəlməsi, onların təcrübə və xatirələrini bölüşməsi nəsillər arasında mənəvi bağlılığın möhkəmlənməsinə xidmət edir.
Beləliklə, 12 Noyabr – Konstitusiya Günü yalnız Əsas Qanunumuzun qəbul edildiyi tarixi gün deyil, həm də müstəqilliyimizin, suverenliyimizin, milli birliyimizin və hüquqi dövlətçilik ideallarımızın təntənəsidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən inkişaf və quruculuq siyasəti, veteranlarımızın zəngin həyat təcrübəsi və xalqımızın sarsılmaz iradəsi müasir Azərbaycan dövlətçiliyinin mühüm dayaqlarını təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyası keçmişimizdən gələcəyimizə uzanan möhkəm hüquqi körpü, müstəqil dövlətimizin varlığının, xalqımızın birliyinin və hüquqlarının təminatıdır. Bu Əsas Qanuna hörmət və sədaqət hər bir vətəndaşın dövlətçilik qarşısında məsuliyyətinin, Vətənə bağlılığının və gələcək nəsillər qarşısında mənəvi borcunun ifadəsidir. Konstitusiya Günümüz mübarək olsun!
Polkovnik Cəlil Xəlilov
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri