Sosialist Əməyi Qəhrəmanı Zeynəb Qənbərovanın 110 illik yubileyi münasibətilə tədbir keçirilib
27 noyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Sosialist Əməyi Qəhrəmanı Zeynəb Qənbərovanın 110 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə veteranlar, vətəndaş cəmiyyəti institutunun nümayəndələri, ziyalılar, ictimai fəallar və s. iştirak edib.
Məhəbbət Qənbərova: “Onun xalq tərəfindən sevilməyinin sirri xalq üçün çalışması olub”
Tədbiri giriş sözü ilə açan mərhumun qızı Məhəbbət Qənbərova anasının həyat və fəaliyyəti ilə bağlı maraqlı faktlara diqqət çəkib. Kənddə körpü və 400 nəfərlik mədəniyyət evinin məhz Zeynəb Qənbərovanın bilavasitə təşəbbüsü ilə ərsəyə gəldiyini bildirən Məhəbbət Qənbərova, Ağdaş rayonu ərazisində ilk qazın da məhz Ərəbocağı kəndinə çəkildiyini vurğulayıb. O, qeyd edib ki, Zeynəb Qənbərova bütün ömrünü xalqa həsr edib və bu səbəbdən də xalq tərəfindən dərin sevgi və böyük minnətdarlıq hissi ilə xatırlanmaqdadır.
Zeynəb Qənbərovanın kolxoz sədri kimi ölkə miqaysında böyük uğurlara imza atdığını bildirən Məhəbbət Qənbərova məşhur “Görüş” filminin də məhz anasının rəhbərlik etdiyi kolxozda çəkildiyini qeyd edib.
Məhəbbət Qənbərova qeyd edib ki, Ulu Öndər Ağdaş rayonuna səfəri zamanı Ərəbocağı kəndinə - Zeynəb Qənbərovanın rəhbərlik etdiyi kolxoza da baş çəkib. Burada gördükləri Ümummilli Liderdə xoş təəssürat doğurub və bu səbəbdən də Heydər Əliyev Zeynəb Qənbərovadan hər hansı istəyinin olub-olmadığını soruşub. Zeynəb Qənbərova isə Ulu Öndərdən iki xahiş edib. Bunlardan biri kənd sakinlərinin gediş-gəlişini asanlaşdırmaq üçün Şirvan kanalının üzərində körpü salmaq, digəri isə tikintisi başlayan Mədəniyyət Rvinin inşasını başa çatdırmağa kömək etmək olub. Ulu Öndər Zeynəb Qənbərovanın hər iki xahişi yerinə yetirib. Hətta Mədəniyyət Evinin açılışında Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova da iştirak edib.
Atlas Qənbərova: “O, ellər anası, analar anası idi”
Tədbirdə çıxış edən Atlas Qənbərova da Zeynəb Qənbərovanın xalq üçün gördüyü işlərə diqqət çəkib. O, qeyd edib ki, Zeynəb Qənbərova öz fədakarlığı, zəhmətkeşliyi ilə yanaşı, həm də ictimai maraqlar uğrunda mühüm işlərin, böyük layihələrin müəllifi kimi tanınıb. Kənddə ilk asfalt yolun məhz Zeynəb Qənbərova tərəfindən çəkildiyini bildirən Atlas Qənbərova, onu “ellər anası”, analar anası” kimi xarakterizə edib.
Səmərrux Paşayeva: “Zeynəb Qənbərovanın səyi nəticəsində kəndimizdə uşaq bağçası, tibb məntəqəsi inşa olundu”
Səmərrux Paşayeva da Zeynəb Qənbərovanı son dərəcə çalışqan, əməksevər şəxs kimi xarakterizə edib. O, qeyd edib ki, kənddə uşaq bağçasının, tibb məntəsinin tikilməsi də Zeynəb Qənbərovanın adı ilə bağlıdır.
Zülfü Mahmudov: “Kənddəki 8 illik orta məktəbin 10 illik məktəbə çevrilməsi Zeynəb Qənbərovanın adı ilə bağlıdır”
Ağdaş rayon nümayəndəsi Zülfü Mahmudov isə çıxışında Zeynəb Qənbərovanın uşaq və yeniyetmələrin təhsil-tərbiyəsinə xüsusi diqqət yetirdiyi, onların yüksək təhsil alması üçün şəxsi nüfuz və əlaqələrindən istifadə etdiyini vurğulayıb. Zülfü Mahmudov bildiirb ki, kənddəki 8 illik məktəbin 10 illik məktəbə çevrilməsi, kənd uşaqlarının tam orta təhsil alması Zeynəb Qənbərovanın xalq qarşısındakı tarixi xidmətlərindəndir.
Tədbirdə çıxış edən həkim-veteran Tariyel Eyvazov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, həkim Simuzər Hacıbalayeva, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, “Sənsiz” xeyriyyə cəmiyyətinin sədri Zemfira Rəhimova Zeynəb Qənbərovanı ali milli-mənəvi dəyərlərə sahib əsl Azərbaycan qadını kimi xarakterizə edib.
Tədbirin sonunda Zeynəb Qənbərova ilə bağlı qısa videoçarx nümayiş olunub, xatirə şəkli çəkilib.
Seymur ƏLİYEV