Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Rusiya Prezidenti avqustun 13-də imzaladığı Fərmana əsasən “Dostluq” ordeni ilə təltif etdiyi Azərbaycanın Birinci vitse-prezidentinə dövlət mükafatını təqdim edib. Rusiya dövləti başçısının Novo-Oqaryovadakı iqamətgahında keçirilən görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı salamlayan Prezident Vladimir PUTİN dedi: -Hörmətli Mehriban Arif qızı. İcazə verin, Sizi Moskvada indiyə qədər olmadığınız qisimdə - Birinci vitse-prezident kimi salamlayım. Mən bilirəm ki, Sizin səfərinizin çox böyük, zəngin proqramı var. Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Anatolyeviç Medvedev Sizinlə görüşü barədə mənə artıq məruzə edib. Bilirəm ki, orada danışmağa mövzu olub. Mən, ilk növbədə, bizim ticari-iqtisadi əlaqələrimizin artan həcmini nəzərdə tuturam. Cari ilin doqquz ayı ərzində əmtəə dövriyyəsi 26 faiz artıb. Bu, ciddi göstəricidir. Biz demək olar ki, bütün istiqamətlər üzrə - parlamentlər, ictimai təşkilatlar səviyyəsində əlaqə saxlayırıq. Azərbaycan Prezidenti ilə mənim çox etimada əsaslanan mehriban münasibətlərim formalaşıb. Bilirəm ki, sabah Siz Valentina İvanovna ilə birlikdə X Regionlararası Forumu da açacaqsınız. Hesab edirəm ki, bu, bizim əməkdaşlığımızın olduqca mühüm istiqamətidir. Ona görə ki, bizim qarşılıqlı fəaliyyətimizin xeyli hissəsi məhz regionlar səviyyəsində həyata keçirilir. Bizim təklifimizi qəbul etdiyinizə və Moskvaya səfərə gəldiyinizə görə Sizə təşəkkür etmək istəyirəm. X X X Azərbaycanın Birinci vitse-prezidenti Mehriban ƏLİYEVA dedi: -Hörmətli Vladimir Vladimiroviç. İlk növbədə, Rusiyaya rəsmi səfərə dəvət edilməyimə görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Yenidən Moskvada olmağıma çox şadam. Moskva mənim üçün yaxın, doğma şəhərdir. Mənim tələbəlik illərim burada keçib. Moskva hər dəfə göz oxşayır. Mənim Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyimə görə də Sizə təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş fəaliyyətimə verilən yüksək qiymətdir. Fürsətdən və imkandan istifadə edib Sizə Azərbaycan Respublikası Prezidentinin salamını və ən xoş arzularını çatdırmaq istəyirəm. O, Sizinlə münasibətləri çox yüksək qiymətləndirir və Rusiya-Azərbaycan münasibətlərinə xüsusi əhəmiyyət verir. Sizinlə İlham Heydər oğlu arasında müntəzəm görüşlər bizim ikitərəfli əlaqələrin çoxvektorluluğunu və dinamizmini müəyyən edir. Mən həm də Azərbaycan Respublikası Prezidentinin Sizə münasib vaxtda ölkəmizə səfər etmək təklifini çatdırmaq istəyirəm. Bizim ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir. Rusiya Federasiyası ilə münasibətlər Azərbaycanın xarici siyasətində çox mühüm yer tutur. Siz dediyiniz kimi, bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edirik. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. Siz qeyd etdiyiniz kimi, iqtisadi əməkdaşlıq artıq öz bəhrələrini verir və bu, çox sevindirici haldır. Qeyd etmək istəyirəm ki, Rusiyadan ölkəmizə gələn turistlərin sayı durmadan artır. Keçən il 900 min rusiyalı Azərbaycana səfər edib. Bu il biz həmin göstəricinin artacağını gözləyirik. Əlbəttə, humanitar sahədə münasibətlərimizi xüsusi qeyd etmək istəyirəm. Hesab edirəm ki, bu münasibətlər nümunəvidir. Siz bilirsiniz ki, Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox böyük hörmət bəsləyirlər. Respublikamızın paytaxtında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filialları çox uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 dövlət ali məktəbində rusdilli bölmə fəaliyyət göstərir. Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır və əlbəttə ki, Azərbaycanın çoxminlik rus icması ölkəmizin ümumi inkişafına öz layiqli töhfəsini verir. Dəvətə, səmimi qəbula, qonaqpərvərliyinizə görə Sizə bir daha təşəkkür edirəm. Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri Azərbaycan və Rusiya xalqlarının rifahı naminə bundan sonra da uğurla inkişaf edəcək. X X X Rusiya Prezidenti Vladimir PUTİN dedi: -Hörmətli Mehriban Arif qızı. Bilirsiniz ki, təntənəli hissəyə keçmək nəzərdə tutulurdu, lakin hər halda Sizin indicə dediyiniz məqama reaksiya verməyə bilmərəm. Bu, xüsusən bizim humanitar əlaqələrə və Azərbaycanda rus dilinə münasibətə aiddir. Həqiqətən bu, keçmiş Sovet İttifaqı ölkələrindən, keçmiş Sovet İttifaqı respublikalarından biridir ki, orada, - biz bunu hiss edirik, - rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır. Bilirəm ki, Siz şəxsən bu işdə daim fəal iştirak edirsiniz. Prezident də bunu dəstəkləyir. Biz bunu çox yüksək qiymətləndiririk. Ona görə ki, bu baza bizim bütün başqa istiqamətlərdə münasibətləri, o cümlədən iqtisadi və humanitar əlaqələri, sözün geniş mənasında, inkişaf etdirməyə imkan verir. Buna görə biz Sizə çox təşəkkür edirik və öz tərəfimizdən bu trendi dəstəkləmək üçün nə lazımdırsa edəcəyik. Hesab edirəm ki, bu, bizim ümumi sərvətimizdir. Ona görə ki, bu, insanların öz aralarında hər hansı sədlər və maneələr olmadan ünsiyyət saxlamalarına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməyə imkan verir. Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sözsüz belədir, Vladimir Vladimiroviç. Bu, Azərbaycanda dövlət siyasətidir. Düşünürəm ki, biz gələcəkdə bu sahəyə daha çox diqqət yetirməliyik. Ona görə ki, gənc nəsil böyüməkdədir. Bizim nəslin ortaq kökləri, ortaq tarixi var. Gənc nəsil böyüyür. Ona görə də insanlar arasında, xüsusən gənc nəsil arasında humanitar sahədə bu gün mövcud olan əlaqələrin qorunub saxlanması və bu əlaqələrin daha da möhkəmlənməsi lazımdır. Prezident Vladimir PUTİN: Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümidvaram ki, onunla dekabrın 20-də Peterburqda görüşmək şərəfinə nail olacağam. Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sağ olun. Dəvət üçün sağ olun. Prezident Vladimir PUTİN: Mənə icazə verin, artıq xatırlatdığım xoş təntənəli hissəyə keçim. Siz özünüz də bunu dediniz. Mən əvvəlcə bunu demək istərdim. Əlbəttə, bu dövlət mükafatı, bu “Dostluq” ordeni bir tərəfdən, sanki formal hissə, formal məsələdir, lakin digər tərəfdən, Sizin diqqətinizi ona cəlb etmək istəyirəm ki, bu, düşünülmüş qərardır. Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiririk. Ordenin adı Sizin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı üçün gördüyünüz işləri əks etdirir. Onun adı belə də səslənir: “Dostluq” ordeni. Sizin işinizə görə və bu dostluğa görə çox sağ olun. Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sizə təşəkkür edirəm. Sonra Rusiya Federasiyası Prezidentinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunması haqqında Fərmanı oxundu. Rusiya Prezidenti Vladimir Putin “Dostluq” ordenini Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim etdi. Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi: Bu ordenə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Siz öz təbrik məktubunuzda məni Rusiyanın əsl dostu adlandırmısınız. Deməliyəm ki, Rusiya Federasiyasının Prezidentindən bu cür qiymət eşitmək mənim üçün böyük şərəfdir. Çox şadam ki, bizim strateji tərəfdaşlığın möhkəmləndirilməsi işinə mənim də cüzi töhfəm var. Çox sağ olun. Prezident Vladimir PUTİN: Təşəkkür edirəm. Birinci vitse-prezident Mehriban ƏLİYEVA: Sağ olun.

2019-11-23 00:00:00
3573 baxış

Digər xəbərlər

“QHT-lər sülh və əməkdaşlıq prosesinə töhfə verməli, diplomatiyamızın fəaliyyətini dəstəkləməlidir”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyasında çıxış edib, QHT-lərin sülhün, ədalətin bərqərar olmasında oynaya biləcəyi rola diqqət çəkib. Hikmət Hacıyev qeyd edib ki, QHT-lər diplomatik kanalların səylərini daha yaxından dəstəkləyə, cəmiyyət və icmaların səsinin qlobal səviyyədə daha yaxşı eşidilməsinə töhfə verə bilər. Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Hikmət Hacıyevin məlum çıxışının QHT-lər, vətəndaş cəmiyyəti institutları qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıb: “Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Bakıda Cənub QHT Platformasının  ilk Baş Assambleyasındakı çıxışı, bu çıxış zamanı səsləndirdiyi fikirlər QHT-lərin gələcək fəaliyyət strategiyasının müəyyən edilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Hörmətli Hikmət müəllim öz çıxışında QHT-lərin xalqın və dövlətin həyatındakı rolunun daha səmərəli, daha optimal ola biləcəyi ilə bağlı fikrlər səsləndirib, diplomatiya ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma kimi məsələlərə böyük töhfə verə biləcəyini vurğulayıb. O, qeyd edib ki, QHT-lər diplomtik kanalalrın səylərini dəstəkləyə, bununla da ümumi işə daha çox fayda verə bilər. Hesab edirəm ki, Hikmət Hacıyevin məlum açıqlaması Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, eləcə də bütün digər QHT-lərin qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələr sırasına dövlət siyasətini, ölkə diplomatiyasını daha sıx şəkildə dəstəkləmək, sülh və ədalətin təntənəsi üçün daha effektiv və koordinasiyalı fəaliyyət ortaya qoymaq, cəmiyyətin səsinin beynəlxalq müstəvidə daha aydın eşidilməsi üçün səy göstərmək və s. daxildir. Digər mühüm məqam QHT-lərin koordinasiyalı şəkildə, birlik halında fəaliyyət göstərməsinin, strateji məsələlərdə öz səylərini birləşdirməsinin vacibliyi ilə bağlıdır. Bu cür ortaq fəaliyyət qarşıya qoyulan məqsədə daha tez çatmaq, daha fundamental nəticələr ortaya qoymaq baxımından önəmldir. İnanıram ki, QHT-lərimiz Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin çağırışından gərəkli nəticə çıxaracaq və diplomatiyamızın fəaliyyətini daha yaxından dəstəkləyəcəklər. Dövlətimiz əmin ola bilər ki, bu məsələdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı xüsusi fəallıq göstərəcək, milli maraqlarımızın və bəşəri dəyərlərin müdafiəsində əlindən gələni əsirgəməyəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb. Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Hamısını oxu
Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı Lənkəran-Astara Regional Mədəniyyət idarəsinin  Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birlikdə Milli Qəhrəman Mübariz İbrahimovun  7 fevral doğum günündə onun  haqqında yazılmış "Mübarizdən sonra" kitabının təqdimatını keçirib. Rayondakı Heydər Əliyev Mərkəzində düzənlənən tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları, yaradıcı ziyalılar, İctimai Birliklərin rəhbərləri və mədəniyyət işçiləri iştirak ediblər. Öncə öz canı və qanı bahasına torpaqlarımızı işğaldan azad edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, şair-jurnalist Ədalət Salman  çıxış edərək əfsanəvi qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə ucalmış Mübariz İbrahimovun həyat və döyüş yolundan danışıb, onun kimi şərəfli tarix yazan igidlərimizin bu gün gənclərimizə örnək olduğunu xüsusi vurğulayıb. Təqdimatı keçirilən kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü  Müşfiq Muğanlı kitabın araya-ərsəyə gəlməsində Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim  dayının göstərdiyi mənəvi dəstəyi və kitabın nəşr olunması üçün Heydər Əliyev Fondunun etdiyi maddi köməkliyi minnətdarlıq hissi ilə qeyd edib. Bildirib ki, qəhrəman şəhidimizə həsr olunmuş  "Mübarizdən sonra" kitabı respublikamızın bütün kitabxanalarına hədiyyə olaraq veriləcək. "Əməkdar Mədəniyyət işçisi"  Cahangir Muradov, şəhid atası Mehman Əliyev, polkovnik-leytinant Zamin Həsənov, "Mübarizsevərlər" İctimai Birliyinin sədri Əbülfəz Şahmarov, müharibə veteranı Qurban Əhmədov, "Biləsuvar.info" saytının baş redaktoru Surxay Şahbazov, həkim Mirhənifə Sultanov, şair İman Abdulla, MKS-nin şöbə müdiri Nüşabə Nərimanova və başqaları öz çıxışlarında kitabın müsbət məziyyətlərindən danışıblar və qeyd ediblər ki, belə kitabların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində müstəsna rolu vardır. Milli Qəhrəman Mübariz İbrahimovun əmisi Rasim İbrahimov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib, şəhid ailələrinə həmişə yüksək diqqət və qayğı göstərdiyinə görə dövlətimizə öz  minnətdarlığını bildirib.  

Hamısını oxu
DSX Hərbi Orkestrindən milli musiqi mədəniyyətimizin təbliğinə böyük töhfə...

Onlar sərhədlərimizlə yanaşı, həm də tarix və mədəniyyətimizin keşiyində dayanır... Məlum olduğu kimi, Almaniyanın Aachen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan CHIO Aachen çərçivəsində Azərbaycan Respublikası Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak edib. Tədbir çərçivəsində təşkil olunan və James Bond mövzusuna həsr edilən xüsusi “Horse & Symphony” proqramı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin CHIO Aachen orkestr kollektivi ilə birgə çıxışı böyük maraqla qarşılanıb. Xüsusilə də, DSX Hərbi Orkestri tərəfindən milli musiqi elementlərimizin yüksək peşəkarlıqla ifası ölkəmizə olan heyranlığın daha da artmasına səbəb olub. Almaniyanın Aachen şəhərində keçirilən tədbir bir daha sübut etdi ki, DSX Hərbi Orkestri milli musiqi mədəniyyətimizin təbliğində yaxından iştirak edir və bu sahədə mühüm xidmətlərə malikdir. Beynəlxalq tədbirlərdə DSX Hərbi Orkestrinin uğurlu çıxışları, klassik musuqilərlə yanaşı, həm də milli musiqi elementlərimizi ifa etməsi milli mədəniyyətimizin təbliğinə böyük töhfələr verməkdədir. Xatırladaq ki, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev milli mədəniyyətimizin qorunması və təbliğinə mühüm önəm verib, bunu milli özünəməxsusluğumuzun əsas göstəricisilərindən biri kimi dəyərləndirib. Bu baxımdan DSX Hərbi Orkestrinin beynəlxalq müstəvidəki uğurları xüsusi əhəmiyyətə malikdir. Çünki bu uğurlar xalqımızın milli musiqisini təbliğ etməklə, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın zəngin mədəniyyətinə cəlb edir, bu mədəniyyətin ümumdünya mədəniyyəti baxımından necə böyük önəm kəsb etdiyini onlara əyani şəkildə göstərir. Eyni zamanda, DSX Hərbi Orkestrinin uğurları göstərir ki,  sərhədçilərimiz yalnız  sərhədlərimizin deyil, həm də tarix və mədəniyyətimizin keşiyində sayıqlıqla dayanmaqda, milli maraq və mənafeyimizi bütün müstəvilərdə müvəffəqiyyətlə müdafiə etməkdədirlər. İnanırıq ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalındna azad olunmasında yaxından iştirak edən sərhədçilərimiz, bundan sonra da beynəlxalq tədbirlərdə doğma Azərbaycanımızı uğurla təbliğ edəcək, onun hərbi qüdrəti ilə yanaşı, qədim tarix və zəngin mədəniyyətinin təbliğinə yeni-yeni töhfələr verəcəklər. Fərid İmranlı  

Hamısını oxu