Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib

Bu il əlamətdar yubileyini - 80 illiyini qeyd edən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi hazırda yenə də izləyiciləri müxtəlif ölkələrin pavilyonları, özünəməxsus eksponatlar ilə heyrətə gətirir. Dünyanın 50 nəhəng sərgi mərkəzi sırasına daxil olan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi ildə 30 milyon izləyici qəbul edir. Bu gündən isə Azərbaycanın da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində öz evi var. Heydər Əliyev Fondunun dəstəyi ilə buradakı “Azərbaycan” pavilyonu əsaslı bərpa olunub. Nadir sərgi şəhərciyi hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən sayılan “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilib. Milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonu Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin direktoru Sergey Şaqurov qarşıladı. Birinci vitse-prezident Mehriban Əliyeva, Federasiya Şurasının sədri Valentina Matviyenko və Moskva şəhəri merinin müavini Natalya Serqunina “Azərbaycan” pavilyonunun rəmzi açılışını bildirən lenti kəsdilər. Sonra pavilyonun yenidənqurmadan əvvəlki və təmir işləri aparılan zaman görüntüləri əks etdirən stendlə tanışlıq oldu. Hazırda nadir memarlıq siması bərpa olunan milli pavilyon, həmçinin yeni məzmunla izləyicilərini qarşılayır. Burada yeddi zalda xalqımızın qədim tarixini, mədəniyyətini, ənənələrini əks etdirən eksponatlarla yanaşı, müstəqil Azərbaycanın tarixi, ölkəmizin iqtisadi-siyasi, humanitar sahələrdəki nailiyyətləri, turizm potensialı barədə məlumatlar əldə etmək mümkündür. Bərpa zamanı ornamentlərlə bağlı iş onların əvvəlki qatlarının təmizlənməsi ilə başladı və ilkin hesab edilən rəng çoxsaylı qatların altından üzə çıxarıldı. Bir illik gərgin iş nəticəsində mərmər döşəmələr, sütunlar, divar və tavandakı naxışlar, kitabxana və oranjereya tamamilə bərpa olundu. İzləyiciləri sürprizlər də gözləyir. Belə ki, tapıntılardan biri bərpa işləri ilə məşğul olanları da təəccübləndirdi. Metal konstruksiyaların bərpası zamanı torpağa basdırılmış fəvvarə aşkar edildi. Onu çıxarıb bərpa etdilər və hazırda həmin fəvvarə Azərbaycan pavilyonunda qoyulub. Daimi ekspozisiya zalında milli musiqi, xalçaçılıq, sənətkarlıq nümunələri sərgilənir. Həmçinin pavilyonda Azərbaycanın məşhur rəssamlarının əsərləri təqdim edilir. Pavilyonun ekspozisiya zalında, eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsində vacib rol oynamış ölkə ziyalıları barədə məlumatlar təqdim olunur. Burada ayrı-ayrı zallarda müxtəlif mövzularda mühazirə və konfransların keçirilməsi, musiqi proqramlarının, eləcə də turizm zonasında Azərbaycanın turizm imkanları barədə məlumatların təqdimatı nəzərdə tutulur. “Ticarət evi” zonasında isə Azərbaycan istehsalı olan məhsullar təqdim edilir. Burada “Aznar”, “Aspi Aqro” MMC, “Azersun Holding”, “Şirvan Şərabları”, “Gazelli Qrup”, “Gilan” MMC, “İsmayıllı Şərab-2”, “Balxurma” MMC, “Marandi” MMC, “Kənddən şəhərə” brendi, “Xurcun”, “Viva” və digər yerli istehsalçıların məhsulları ilə tanış olmaq, eyni zamanda, milli suvenirlər əldə etmək mümkündür. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi “Ostankino” parkı ilə birləşdirildikdən sonra onun ümumi ərazisi 325 hektardan çoxdur. Burada memarlığın bir sıra şah əsərləri yer alıb, 49 obyekt, o cümlədən “Azərbaycan” pavilyonu mədəni irs nümunəsi kimi tanınıb. Kitabxana və oxu zalında müxtəlif kitablar, o cümlədən Heydər Əliyev Fondunun nəşrləri ilə tanış olmaq mümkündür. Pavilyonun açılışı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən “Azərbaycan” pavilyonunun tarixini əks etdirən kitab nəşr olunub. Kitabda müxtəlif materiallar, arxiv fotoları əsasında “Azərbaycan” pavilyonunun tarixi, burada aparılan kompleks bərpa işlərinin xronikası təqdim edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın
çıxışı
-Hörmətli Valentina İvanovna. Hörmətli qonaqlar, əziz dostlar. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” milli pavilyonunun açılışında sizi ürəkdən salamlayıram. Sizin hamınızı yaxın vaxtlarda 80 yaşı tamam olmuş bu əfsanəvi sərgi məkanının yubileyi münasibətilə təbrik etmək istəyirəm. İlk növbədə, hörmətli Valentina İvanovnaya bizim milli pavilyonun açılışında iştirak etdiyinə, ölkəmizə səmimi, mehriban münasibətinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bugünkü tədbirdə iştirak edən rusiyalı qonaqlarımızın hamısını salamlamağa şadam. Öz həmvətənlərimizi də görməyə şadam. Bu gün Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi nadir sərgi şəhəridir. O, dünyanın 50 ən iri sərgi mərkəzi sırasına daxildir. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə hər il 30 milyona yaxın qonaq gəlir. Əlbəttə, bu gün mən qürur hissi keçirirəm ki, Moskvanın bu tarixi memarlıq mərkəzində bərpadan sonra “Azərbaycan” milli pavilyonu açılır. Pavilyon öz qapılarını bütün qonaqların üzünə açır. Bizim ölkəmizə milli pavilyonun bərpasında iştirak etmək imkanına görə Rusiya Federasiyasının rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə, Moskva şəhərinin hökumətinə, Moskvanın meri cənab Sobyaninə təşəkkürümü bildirmək istəyirəm. “Azərbaycan” pavilyonu 1939-cu ildə məşhur Azərbaycan memarları Sadıq Dadaşov və Mikayıl Useynovun layihəsi üzrə yaradılıb. Sonrakı illərdə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisindəki bir çox başqa pavilyonlar kimi bu pavilyon da çoxsaylı dəyişikliklərə məruz qalıb, yenidən qurulub. Məsələn, 1966-cı ildə bu nadir memarlıq binasının fasadı bütöv metal qutu ilə örtülüb, bu isə heç şübhəsiz, onun simasını tamamilə dəyişib. Bir sözlə, sonrakı illərdə pavilyon özünün memarlıq, funksional və milli identikliyini itirib. 2014-cü ildə Moskva şəhəri hökumətinin təşəbbüsü ilə keçmiş müttəfiq respublikalara öz milli pavilyonlarının bərpasında iştirak etmək təklif olunanda Azərbaycan bu xəbəri böyük coşqu ilə qəbul etdi və hazırlıq işlərindən sonra 2017-ci ildə bərpa işləri başlandı. Pavilyonda bərpa işləri Azərbaycan dövlətinin dəstəyi və Heydər Əliyev Fondunun rəhbərliyi ilə aparılıb. Bu binanın ilkin memarlıq-etnik simasını qaytarmaq məqsədi qarşıya qoyulmuşdu. Çox gərgin iş aparıldı, Azərbaycandan və Rusiyadan ən yaxşı mütəxəssislər, memarlar, rəssamlar, bərpaçılar, mədəniyyət tarixçiləri dəvət edildi. Bu gün nəticəni görürük. Bu binanın tamamilə bərpa olunmuş autentikliyini görürük. Şübhəsiz, bu cür gözəl nəticə komanda şəklində işin yekunudur. Bu gün mən bizim milli pavilyonun bərpası üçün səy göstərənlərin hamısına təşəkkürümü bildirmək istəyirəm. “Azərbaycan” pavilyonunun zahiri simasının bərpa olunması ilə bərabər, o, həm də yeni məzmun kəsb edib. Burada bizim pavilyonun qonaqları xalqımızın zəngin çoxəsrlik tarixi, mədəniyyəti, ənənələri ilə tanış ola, eyni zamanda, müasir müstəqil Azərbaycan haqqında, onun ictimai-siyasi, iqtisadi, humanitar sahələrdə uğurları barədə informasiya əldə edə bilərlər. Əlbəttə, şübhə etmirəm ki, gələcəkdə bu məkanda təşkil ediləcək tədbirlər, görüşlər, sərgilər Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaq. Rusiya ilə Azərbaycan arasında münasibətlər qədim və möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Bu gün biz öz münasibətlərimizi strateji tərəfdaşlıq adlandırırıq. Fürsətdən istifadə edib, məni Rusiyaya rəsmi səfərə dəvət etdiyinə və məni “Dostluq” ordeni ilə təltif etdiyinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə təşəkkürümü bildirmək istəyirəm. Bu ordeni almaq mənim üçün böyük şərəfdir və mən bu mükafatı Rusiya-Azərbaycan dostluq münasibətlərinin daha bir təsdiqi kimi qəbul edirəm. Bu gün ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Dövlət başçıları səviyyəsində müntəzəm görüşlər bunu təsdiq edir. Azərbaycanın və Rusiya Federasiyasının prezidentləri arasında etimada əsaslanan dostluq münasibətləri demək olar ki, bütün sahələrdə bizim ikitərəfli əlaqələrin dinamik və intensiv inkişafını təyin edir. Bizim uğurlu iqtisadi əməkdaşlığımız öz bəhrələrini verir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə isə birinci yeri tutur. Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi davamlı şəkildə artır. Keçən il bu göstərici 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə 26 faiz artım müşahidə olunur. Sevindirici haldır ki, qarşılıqlı investisiyaların həcmi artır. Rusiya Azərbaycana sərmayə yatırır. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard, o cümlədən qeyri-neft sektoruna sərmayə yatırımının həcmi 1 milyard dollardır. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyaları 1,2 milyard dollar təşkil edir. Rusiyadan Azərbaycana səfər edən turistlərin sayı durmadan artır. Keçən il 900 min rusiyalı bizim ölkəmizə səfər edib, cari ildə bu göstəricilərin artacağını gözləyirik. Bizim ikitərəfli əlaqələrimizdə regionlararası əməkdaşlıq mühüm yer tutur. Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə həm iqtisadi, həm də humanitar sahədə əlaqələr qurub. Bu gün mənim səfərim çərçivəsində hörmətli Valentina İvanovna ilə birlikdə X yubiley Regionlararası Forumun açılışında iştirak edəcəyik. Ölkələrimizi bir-birinə bağlayan humanitar əlaqələri xüsusi vurğulamaq istəyirəm. Bildiyiniz kimi, Azərbaycanda Rusiya mədəniyyətinə, rus dilinə dərin hörmətlə yanaşırlar. Ölkəmizdə rus dilinin öyrənilməsi tam həcmdə qorunub saxlanılıb. 338 məktəbdə tədris rus dilində aparılır, Azərbaycanın 14 dövlət ali məktəbində rusdilli bölmə var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir. Ali təhsil səviyyəsində də uğurlu əməkdaşlıq edirik. Bizim paytaxtımızda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanıb. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bizim tələbələrin Rusiyada təhsil almasının dəstəklənməsinə görə Rusiya hökumətinə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycanda çoxminli rus icması ölkəmizin ümumi inkişafına layiqli töhfə verir. Bir sözlə, humanitar sahədə münasibətlərimizin nümunəvi olduğunu desəm, zənnimcə, yanılmaram. Əziz dostlar, sizi bu əlamətdar hadisə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində “Azərbaycan” pavilyonunun açılışı münasibətilə bir daha təbrik edirəm. Əminəm ki, istər iqtisadi, istərsə də humanitar sahədə Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mövcud potensial gələcəkdə xalqlarımızın rifahı naminə uğurla reallaşdırılacaq. Diqqətinizə görə sağ olun. Sizə möhkəm cansağlığı və uğurlar arzu edirəm. Sağ olun. X X X Sonra Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış etdi.
Federasiya Şurasının sədri Valentina Matviyenkonun
çıxışı
-Çox hörmətli Mehriban Arif qızı. Hörmətli xanımlar və cənablar, əziz dostlar. Biz bu gün belə təntənəli şəraitdə əlamətdar bir hadisə münasibətilə toplaşmışıq. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən biri əsaslı bərpadan sonra yenidən öz qapılarını moskvalılara və paytaxtımızın qonaqlarına açır. “Azərbaycan” pavilyonu Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin yaşıdıdır və hörmətli Mehriban Arif qızının artıq dediyi kimi, düz 80 il əvvəl açılıb. O, görkəmli Azərbaycan arxitektorları tərəfindən tikilib və deyərdim ki, həmin vaxt da, bu gün də memarlıq incisidir. Əlamətdar haldır ki, pavilyonun açılışında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Arif qızı Əliyeva iştirak edir. Bu, bugünkü hadisəyə xüsusi əhəmiyyət qazandırır. Mən çox şadam ki, Mehriban Arif qızı, dünən Rusiya Federasiyasının Prezidenti Sizə “Dostluq” ordeni təqdim edib. Bu, Sizin şəxsən Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə və bir çox başqa məsələlərə, mədəniyyətin inkişafına, humanitar layihələrə Sizin töhfənizin qiymətləndirilməsidir. Həmkarlar, gəlin Mehriban Arif qızı Əliyevanı yüksək dövlət mükafatı münasibətilə bir daha təbrik edək. Biz bilirik ki, Prezident İlham Əliyev və Siz ölkələrimiz arasında dostluğun möhkəmlənməsi, o cümlədən mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün çox işlər görürsünüz. Biz bunu çox yüksək qiymətləndiririk. Azərbaycan arxitektorlarının düşündüyü kimi, “Azərbaycan” pavilyonu ziyarətçilərə köhnə Bakının küçələrini xatırladacaq, onları sanki günəşli Azərbaycan torpağına aparacaqdı. Pavilyonun bəzədilməsində nadir ornament kompozisiyalarından, şəbəkə freskalarından, Azərbaycan ustalarının mismardan istifadə etmədən kiçik qoz ağacı detallarından yığdıqları şəbəkələrdən istifadə olunmuşdu. Burada milli ənənələr, milli mətbəx yer almışdı, amma zaman keçir, zövqlər dəyişirdi. 1960-cı illərdə pavilyon yenidən quruldu. Təəssüf ki, nadir dəyərə malik olanların bir çoxu məhv edildi. Beş il əvvəl “Azərbaycan” pavilyonunun onun əvvəlki tarixi görkəmində bərpa edilməsi haqqında razılıq əldə olundu. 2016-cı ildə “Azərbaycan” pavilyonu Azərbaycan tərəfinə təhvil verildi. Ötən müddətdə Azərbaycanın və Rusiyanın nadir ustaları tərəfindən belə incə, dəqiq, gözəl işlər görülüb. Bu gün bizim qarşımızda bərpa olunmuş belə gözəl pavilyon var. İstərdim ki, hər şeydən əvvəl, pavilyonun yenidən qurulmasına öz əməyini sərf etmiş bərpaçılara, ustalara təşəkkürümü ifadə edim. Bütün bərpa işləri hörmətli Mehriban Arif qızının başçılıq etdiyi Heydər Əliyev Fondunun rəhbərliyi ilə aparılıb. Göstərdiyiniz dəstəyə və burada yerinə yetirilmiş nadir işlərə görə Sizə və Fonda “Çox sağ olun!” deyirəm. Yeri gəlmişkən, demək istəyirəm ki, Rusiyada Heydər Əliyevi dəyişməz olaraq hər zaman böyük səmimiyyət və böyük ehtiramla xatırlayırlar. Bərpa işlərinin gedişinə böyük diqqət yetirən, zəruri təşkilati yardım göstərən Moskva meri Sergey Semyonoviç Sobyaninə də minnətdarlığımı çatdırmaq istəyirəm. Vitse-mer Natalya Alekseyevna Serqunina burada iştirak edir, zəhmət olmasa, Sergey Semyonoviçə böyük minnətdarlığımı çatdırın. Həmçinin Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri, artıq Rusiya ilə Azərbaycan arasında dostluğun bir növ rəmzinə çevrilmiş və bərpa işlərinin gedişinə də böyük diqqət yetirən Polad Bülbüloğluna da təşəkkür etmək istəyirəm. Hesab edirəm ki, bugünkü pavilyonun açılışı böyük hadisədir. Bu, ölkələrimiz arasında dostluğun əlaməti və rəmzidir. Əminəm ki, bu pavilyon Azərbaycanın Moskvadakı qeyri-formal mədəniyyət nümayəndəliyi statusunu daşıyacaq. Bilirəm ki, pavilyonun rəhbərliyinin müxtəlif sərgilərin, konfransların, digər tədbirlərin keçirilməsi üzrə böyük planları var. Beləliklə, Moskva sakinləri də, paytaxtın çoxsaylı qonaqları da bu məkanda həm Azərbaycan xalqının qədim mədəniyyəti və ənənələri, tarixi və əlbəttə, həm də Azərbaycanın müasir uğurları ilə tanış ola biləcəklər. Biz sizin əsl dostlarınız kimi, ölkənin necə dəyişməsi, ölkədə iqtisadi və sosial inkişaf, vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində görülən böyük işlərə görə çox şadıq və bunlarla fəxr edirik. Bakı çox gözəlləşib, hər dəfə səfər edəndə valeh olursan, həmişə yeni nə isə görürsən. Ona görə də təəccüblü deyil ki, Rusiyadan turistlərin sayı bu cür templərlə artır. Bakı da, çox gözəl ölkə olan Azərbaycan da olduqca qonaqpərvər və xoşniyyətlidir. Əminəm ki, bizim turistlərin sayı gələcəkdə də artacaq. Biz isə Azərbaycandan Rusiyaya gələn turistlərin sayının artmasında maraqlıyıq. Həmçinin bunun üçün də şərait yaradacağıq. Mən hamını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istəyirəm. Düşünürəm ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı 2020-ci ilə planlaşdırılan Azərbaycan Mədəniyyəti Günlərinin ərəfəsidir. Bu yaxınlardakı səfərim zamanı Azərbaycanda Rusiya Federasiyası Mədəniyyət Günlərinin açılışını etmək mənim üçün böyük şərəf idi. Bizim təşkil etdiyimiz mədəniyyət tədbirlərinə necə böyük marağın olduğunu bilirəm. Hörmətli Mehriban Arif qızı, biz Azərbaycanın mədəniyyət təmsilçilərini də bu cür səbirsizliklə Rusiyada gözləyirik. Biz Azərbaycanı sevirik. Biz Azərbaycan mədəniyyətini sevirik. Əminəm ki, Mədəniyyət Günləri böyük uğurla keçəcək. Bir daha hamını bu əlamətdar hadisə münasibətilə təbrik etmək istəyirəm. Hörmətli Mehriban Arif qızı, Rusiyanın ünvanına söylədiyiniz sözlərə və əməkdaşlığımızın gələcək inkişafı üçün göstərdiyiniz səylərə görə Sizə “Çox sağ olun!” deyirəm. Sağ olun. X X X Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışını tarixi hadisə adlandırdı. Səfir bildirdi ki, vaxtilə bu pavilyonda Azərbaycanın layiqincə təmsil olunması üçün bütün işlər görülmüşdü və bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə pavilyonumuz yenidən öz fəaliyyətini bərpa edir. Qeyd edək ki, bu layihə mədəniyyətlərarası və millətlərarası dialoq, xalqların bir-birinə yaxınlaşması baxımından böyük rol oynayır.

2019-11-23 00:00:00
3648 baxış

Digər xəbərlər

Bu gün vətənpərvər zabitimizə böhtan, yalan, hədiyan yazmaqla görəsən “nəyə” nail olmaq istəyirlər?..

  Son günlər cumhuriyyet.az saytı Əfqanıstan, Qarabağ müharibəsinin və Azərbaycan Silahlı Qüvvələrinin veteran zabiti, Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilova qarşı yazılmış qərəzli, ədalətsiz, böhtan xarakterli yazılara münasibət bildirirəm ki, belə təxribat xarakterli yazılar, həqiqəti əks etdirmir, müharibə şəraitində olan ölkəmizdə gənclərin hərbi vətənpərvərlik ruhunun aşılanmasına mənfi təsir göstərir. Xüsusi ilə vurğulamaq istəyirəm ki, bu gün böhtan xarakterli yazılarla ittiham edilən ehtiyatda olan polkovnik Cəlil Xəlilovun Azərbaycan Silahlı Qüvvələrinin və xüsusi ilə də Azərbaycan Sərhəd qoşunlarının formalaşmasında böyük əməyi olan və 1993-cü ildə özünü Talış-Muğan Respublikasının  rəhbəri elan edərək qiyam qaldırmış Əlikram Hümbətovun dəstəsinin və özünün tərkisilah edilməsində  həbs edilməsində Lənkəran Sərhəd Dəstəsinin qərərgah rəisi kimi xüsusi xidmətləri olmuşdur. Cəlil Xəlilov 2014-cü ildə  Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini vəzifəsinə seçildikdən sonra o,sədr müavini kimi rəhbərlik etdiyi təşkilatın adına uyğun struktur və nizam-intizam yaratmışdır.          Bu gün Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri  Ehtiyatda olan hörmətli, əziz generalımız Dadaş Rzayevin və ehtiyatda olan polkovnik Cəlil Xəlilovun əməyi sayəsində nəyinki Azərbaycanda, hətta MDB-olan ölkələrdə analoqu olmayan Veteran Təşkilatına çevrilmişdir. Adı fərəhlə çəkilən veteranlar təşkilatına əməyi olmuş, silahlı qüvvələrində döyüşmüş veteranlar kifayət qədərdir. Təşkilat Azərbaycanda fəaliyyət göstərən bütün veteran və vətənpərvər Qeyri Hökumət Təşkilatları ilə yaxından əməkdaşlıq edərək keçirdiyi bütün tədbirlərə həmin təşkilatları dəvət edir və onların təşkil etdiyi tədbirlərə qatılaraq dəstəyinin onlardan əsirgəmir. O, Azəbaycanın müstəqilliyi və torpaqlarının bütövlüyü uğrunda döyüşərək şəhid olmuş şəhid ailələrinə, müharibə əlillərinə,  Əfqanıstan, Qarabağ müharibəsinin və Azərbaycan Silahlı Qüvvələrinin veteranına diqqət və qayğı ilə göstərərək onlara hörmətlə yanaşmışdır. Cəlil Xəlilov dəfələrlə beynəxalq tədbirlərdə Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi iştirak edərək erməni separatçılarına qarşı çəkinmədən çıxış edərək onları real faktlarla əks etdirən sənəd-sübutla susdurmuşdur. Mən bir Əfqanıştan və Qarabağ müharibəsi veteranı və Azərbaycan Respublikası Beynəlminəçi Əlil Döyüşçülər Fondunun prezidenti kimi Cəlil Xəlilovu Azərbaycan Dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycanda Vətəndaş Cəmiyətinin inkişafında yaxından iştirak edərək gənclər arasında hərbi vətənpərvərlik ruhunun aşılamasındakı və Əfqanıstan, Qarabağ müharibəsində sağlamlıqlarını itirmiş əlillərə, veteranlara, Şəhid alələrinə diqqət və qayğı göstərən şəxs kimi tanıyıram. Bu gün mən başa düşə bilmirəm ki, belə bir vətənpərvər ehtiyatda olan zabitimizə çəkinmədən böhtan, yalan, hədiyan yazılarla görəsən bunlar “kimlərə” xidmət edərək, “nəyə” nail olmaq istəyirlər?..   Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti,  Əfqanıstan, Qarabağ müharibəsi iştirakçısı Sərraf Orucov

Hamısını oxu
Cəlil Xəlilov: “Təşkilatımız türkdilli dövlətlərin veteran təşkilatları ilə əlaqələri genişləndirəcək”

“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması təklifi ilə çıxış etmişik”  “Hərbi qurumlar və təhsil müəssisələri ilə əməkdaşlığı gücləndirmək niyyətindəyik”  “Azərbaycanın haqlı mövqeyinin xaricdə çoxsaylı tərəfdarlar qazanması başlıca hədəflərimizdən olacaq” Məlum olduğu kimi, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 sentyabr 2024-cü il tarixli XI plenumunda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə Təşkilatın gələcək fəaliyyəti, həyata keçiriləcək mümkün yeniliklər haqqındakı sualalrımıza cavab almağa çalışdıq. -Cəlil müəllim, öncə sizi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI qurultayında sədr seçilməyiniz münasibətilə təbrik edir, uğurlar arzulayırıq. Maraqlıdır, bundan sonra Təşkilatın fəaliyyətində hansı dəyişikliklər, yeniliklər olacaq? - Təşəkkür edirəm. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bütün istiqamətlərdə fəaliyyətinin daha səmərəli və operativ təşkili məqsədi ilə mövcud strukturun təkmilləşdirilməsi, rayon şöbələrinin maddi-texniki bazasının, maliyyə təminatının yaxşılaşdırılması əsas məqsədimizdir. Çünki istənilən uğurlu fəaliyyətin arxasında dövrün çağırışlarına cavab verən mobil struktur və düzgün kadr siyasəti dayanır. Bununla yanaşı, Təşkilatımızın yerli şöbələrinin fəaliyyətinin stimullaşdırılması, onların öz rayonlarının ictimai-siyasi həyatında daha fəal iştiraklarının təmin olunması, ərazidəki dövlət orqanları və ictimai təşkilatlarla işgüzar əlaqələrinin gücləndirilməsi qarşımızda duran əsas vəzifələrdəndir. Məlumat üçün bildirim ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının demək olar ki, respublikamızın bürün raynlarında şöbələri mövcuddur. Onlar öz fəaliyyətlərini Təşkilatın illik tədbirlər planlarına uyğun qurmaqla, yerlərdə veteranlar, gənclər arasında iş aparır, vətənprəvərlik tərbiyəsinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində mütəmadi addımlar atırlar. Lakin onların fəaliyyətinin günümüzün tələbləri səviyyəsində qurmaq üçün mövcud maddi-texniki bazanın gücləndirilməsinə ciddi ehtiyac var. Bu baxımdan, gələcək fəaliyyətimizdə rayon şöbələri ilə təmasların daha da sıxlaşdırılması, Təşkilatın bütün bölgələrdə fəaliyyətinin gücləndirilməsi prioritet istiqmaətlərimizdən biri olacaq.  - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı hər zaman gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə, gənclərin öz xalqına, Vətəninə, dövlətinə sədaqət ruhunda yetişməsinə xüsusi diqqət göstərib. Təşkilatın əsas fəaliyyət prioritetlərindən olan bu istiqamətdə işin daha səmərəli qurulması üçün nələri planlaşdırırsınız? -          Şübhəsiz, bu məsələ Təşkilatımızın əsas və ənənəvi fəaliyyət istiqamətlərindən biri kimi daim diqqət mərkəzimizdədir. Gənclərin vətənpərvər, öz xalqını, dövlətini, Vətənini sevən və ona layiqincə xidmət etməyə daim hazır olan şəxslər kimi yetişdirilməsi, onların milli-mənəvi dəyərlərə sədaqət ruhunda böyüməsi indiki həssas dönəmdə ikiqat əhəmiyyət kəsb edən məsələdir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında dəfələrlə gənclərin vətənpərvərlik və mili-mənəvi dəyərlərə sadiq şəkildə yetişdirilməsinin önəminə toxunub, bunun xalqımızın, dövlətimizin bugünü və gələcəyi baxımından önəmini qeyd edib. Bildiyiniz kimi, bu ilin sentyabr ayının 14-də VII çağrış Milli Məclisin açılışındakı nitqində dövlətimizin başçısı bu məsələlərə xüsusi diqqət yetirərək demişdir: “Gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq, sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır”. Dövlət başçısının vurğuladığı kimi, məhz gənclərin vətənpərvərlik eşqi, Vətənə, torpağa, bayrağa olan məhəbbəti düşmənin darmadağın edilməsi, işğaldakı torpaqlarımızın azad edilməsinə səbəb oldu. Erməni faşizmi gənclərimizin vətən sevgisi qarşısında davam gətirə bilmədi. Biz bu gün gənclərimiz arasında vətənpərvərlik ruhunun güclənməsinə xüsusi diqqət yetirməli, onların yad ideologiyalardan qorunması üçün lazımi iş aparmalı, bütün bu istiqamətdə əməli addımlar atmalıyıq. Bu məqsədlərin uğurla reallaşdırılması məqsədi ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, o cümlədən Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə müvafiq iş planlarının hazırlanması və həyata keçirilməsini təmin etməyə çalışacağıq. Şübhə etmirəm ki, birgə, əlaqələndirilmiş fəliyyət öz nəticələrini verəckdir. Qeyd edim ki, Təşkilatımız bu məqsədlə ötən illərdə də bu istiqamətdə bir sıra görüşlər keçirib, layihələr gerçəkləşdirib. Bu gün isə biz bu əməkdaşlığın miqyasını genişləndirməklə, daha çox gəncin bu layihələrdən bəhrələnməsini təmin etməklə bərabər, fəaliyyətimizin konkretliyini, səmərəliliyini yüksəlməli, hədəfyönlü olmalıyıq. İnanıram ki, biz səylərimizi artırmaqla, peşəkar kadrları cəlb etməklə bu işin də öhdəsindən gələ biləcəyik. Həmişə olduğu kimi, müxtəlif kateqoriyadan olan veteranlar, Vətən müharibəsi qaziləri və şəhidlərin ailə üzvləri ilə Təşkilatımızın mərkəzi ofisində, rayon şöbələrində, hərbi hissələrdə, universitet və orta məktəblərdə mütəmadi görüşlərin təşkili, Müdafiə Nazirliyinin Milli Müdafiə İnstitutunda, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmətlərinin Akademiyalarında,  digər hərbi təmayüllü məktəblərdə təhsil alan gənc hərbçilərlə görüşlərin keçirilməsi də diqqət mərkəzimizdə olacaq.  -Cəlil müəllim, şəhid ailələri və veteranlara qayğı dövlətimiz üçün prioritet məsələlərdən biridir. Bu istiqamətdə Təşkilatınız daha hansı addımların atılmasını məqsədəuyğun hesab edir? -Şəhid ailələri və veteranlarla bağlı məsələlərin bundan sonra da diqqətdə saxlanılması, onların problemlərinin həlli ilə bağlı dövlət orqanları ilə əlaqələrin gücləndirilməsinə çalışacağıq. Veteranların sanator-kurort müalicəsi, istirahətləri və asudə vaxtlarının təşkili məsələlərinin diqqətdə saxlanılması da həyata keçirəcəyimiz layihələrdə yer alacaq. Ümumiyyətlə, hesab edirik ki, mövcud reallıqlar veteranlara, onların qayğı və tələbatlarına yeni bir baxışı zəruri edir. Buna görə də veteranların problemlərinin həllində mühüm rol oynayacağını nəzərə alaraq, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əsaslı dəyişikliklərin aparılması üçün müvafiq dövlət orqanları ilə birgə işin təşkilini vacib sayırıq. Hesab edirik ki, 30 il əvvəl qəbul edilmiş bu qanunda zəruri dəyişikliklərin olunması artıq günün tələbidir. Ona görə də, bu qanunda mövcud reallıqlar nəzərə alınmalıdır. Biz bununla bağlı təkliflərimizi aidiyyatı dövlət orqanların diqqətinə çatdırmışıq və lazım gələrsə, qanunun yeni variantının hazırlanmasında yaxından iştirak edə bilərik.  - Ölkədə öz üzvlərinin sayına və digər parametrlərinə görə əsas veteran təşkilatı olaraq beynəlxalq əlaqələrinizin genişləndirilməsi və xarici veteran təşkilatları ilə münasibətlərin yeni keyfiyyət mərəhələsinə yüksəldilməsi üçün hansı planlarınız var? -          Bu istiqamətdə fəaliyyətimizi əsaslı şəkildə canlandırmağı düşünürük. Çünki bu gün dünyada haqq səsimizin eşidilməsi, milli mənafelərimizin qorunması üçün dostlarımızın sayını artırmalı, Azərbaycana qarşı yönəlmiş qərəzli, qeyri-obyektiv münasibətlərin qarşısının alınmasında möhtərəm Prezidentimizin yeritdiyi uğurlu siyasətə hərtərəfli dəstək olmalıyıq. Təşkilatımızın türkdilli dövlətlərin, MDB ölkələrinin veteran təşkilatları və beynəlxalq veteran təşkilatları ilə əlaqələrinin gücləndirilməsi ilə Azərbaycanın haqlı mövqeyinin daha dolğun çatdırılması və yeni çoxsaylı tərəfdarlar qazanması üçün bu imkanlardan maksimum yararlanmağı düşünürük. Çünki dünyanın əksər ölkələrində veteran sözü getdikcə daha ucadan eşidilməkdə və dövlətlərin mövqeyinə təsir imkanlarını artırmaqdadır. Əlbəttə, bunun üçün zəruri xarici səfərlərin təşkili məqsədi ilə Təşkilatımıza maliyyə imkanlarının yaradılması lazımdır və biz bu məslənin öz həllini tapacağına inanırıq. - Təbliğat və təşviqat sahəsində hansı yeniliklər gözlənilir? Təşkilatımızın fəaliyyətinin ölkə ictimaiyyətinə daha operativ çatdırılması üçün AzTV, yaxud İctimai TV-nin proqramında ayda 1 saatlıq “Veteran saatı” verilişinin efirə verilməsi, elektron media resursumuzun maddi-texniki bazasının gücləndirilməsi və fəaliyyətinin daha da optimallaşdırılması da başlıca planlarımızdan biridir.  Əminəm ki, dövlətimizin qayğısı, üzvlərinizin əməyi sayəsində bütün planlarımızın reallaşmasına nail olacaq və Təşkilatımızın tarixində yeni bir dönəmin başlanğıcını qoyacağıq. -          - Uğur olsun! -     -   Çox sağ olun. Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Elşad Şabanovun 70 illik yubileyi ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Əfqanıstan, Qarabağ və Silahlı Qüvvələr veteranı, Təşkilatın Bakı şəhəri Nərimanov Rayon Təşkilatının sədri Elşad Şabanovun 70 illik yubileyi ilə bağlı tədbir keçirilib. Rayon gənclərinin, veteran və ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Elşad Şabanovun keçdiyi döyüş yoluna nəzər salıb, onun hər zaman dövlətimizin ərazi bütövlüyünün, təhlükəsizliyinin keşiyində qətiyyətlə dayandığını bildirib. Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri, parlamentin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev Elşad Şabanovun timsalında bütün qazilərə öz minnətdarlığını bildirib. Millət vəkili qeyd edib ki, məhz şəhidlərimizin, qazilərimizin cəsarət və şücaəti hesabına dövlətimiz hər zaman çətin sınaqlardan alnıaçıq, üzüağ çıxmağı bacarıb. Millət vəkili çıxışının sonunda Elşad Şabanovu Fəxri Fərmanla təltif edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Elşad Şabanovun uzun müddətdir ki, Veteranlar Təşkilatının Nərimanov Rayon Təşkilatının sədri vəzifəsində çalışdığını, öz zəngin təcrübəsi, dəyərli məsləhətləri ilə gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük töhfələr verdiyini bildirib. Polkovnik Cəlil Xəlilov Elşad Şabanovu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanı ilə təltif edib. Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov da Elşad Şabanovun həyat və döyüş yolunu yüksək qiymətləndirib, onu rəhbəri olduğu qurum adından təltif edib. Tədbirə və ona göstərilən etimada görə iştirakçılara təşəkkürünü bildirən Elşad Şabanov, hər zaman olduğu kimi bundan sonra da vətənin, dövlətin keşiyində ayıq-sayılq dayanmaqda davam edəcəyini bildirib.

Hamısını oxu
Laçında müharibə veteranlarının bizneslərinə mediatur təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın rayonunda müharibə veteranları və onların ailə üzvləri üçün özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik biznes sahələrinə mediatur təşkil edilib. Trend-in Qarabağ bürosu xəbər verir ki, mediaturun məqsədi işğaldan azad edilmiş ərazilərə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə media nümayəndələrini yaxından tanış etmək olub. Tədbir zamanı media nümayəndələrinə Agentlik tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlər üçün icra olunan aktiv məşğulluq proqramları barədə məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində artıq 11 256 nəfərin məşğulluğu təmin edilib. Onlardan 907 nəfər özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslə təmin olunub, 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib. Mediatur çərçivəsində jurnalistlər əvvəlcə Vətən müharibəsi iştirakçısı Şahin İsgəndərov üçün yaradılmış arıçılıq təsərrüfatına və Vətən müharibəsi iştirakçısı Azər Qarayev üçün qurulmuş avtotəmizləmə xidməti sahəsinə baş çəkiblər. Daha sonra media nümayəndələri müharibə veteranı ailə üzvü Ramin Həsənov üçün yaradılmış dönərxananın və Elvin Aslanzadə üçün qurulmuş kişi bərbərxanasının fəaliyyəti ilə tanış olublar. Proqram iştirakçıları dövlət dəstəyi ilə doğma yurdlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini bildiriblər.  

Hamısını oxu