Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mehriban Əliyevanın Rusiya səfəri dövlətlərarası münasibətləri yeni mərhələyə yüksəldəcək

Müsahibimiz Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovdur - Cəlil müəllim, ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya səfəri, burada keçirdiyi görüşlər Azərbaycanla yanaşı, Rusiya ictimaiyyətində və mediasında da böyük marağa səbəb oldu. Sizcə bu səfər iki dövlət arasındakı münasibətlərin inkişafı baxımından nə dərəcədə önəmlidir? -Öncə onu qeyd edək ki, Rusiya Azərbaycana qonşu olan bir dövlətdir. Təbii ki, əlaqələrimiz sıx, mehriban, qonşuluq, strateji əməkdaşlığa söykənir. Rusiya ilə siyasi, iqtisadi, mədəni, humanitar və hərbi sahədə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir. Birinci vitse-prezident Mehriban Əliyevadan öncə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya rəhbərliyi ilə faydalı görüşlər keçirdi. Bu görüşlərdə Qarabağ problemi də müzakirə olundu və hesab edirəm ki, bu məsələdə də irəliləyiş olacaq. Bu baxımdan Mehriban xanımın Rusiya səfərini, orada keçirdiyi yüksək səviyyəli görüşləri olduqca əhəmiyyətli hesab edirəm. Əminəm ki, bu görüş dövlətlərimiz arasındakı ikitərəfli münasibətlərin inkişafını genişləndirəcək və onu mahiyyət etibarı ilə yeni mərhələyə yüksəldəcək. Mehriban xanım Əliyevanın Rusiyada yüksək səviyyədə qarşılanması, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Mehriban xanımı “Dostluq”” ordeni ilə təltif etməsi təqdirəlayiqdir. Bütün bunlar göstərdi ki, Rusiya iki dövlət arasında dostluq və əməkdaşlığın inkişafına böyük töhfə verən Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirir. - Qarabağ probleminin həllinə Rusiyanın təsir imkanının böyük olduğu Azərbaycan ictimai-siyasi məkanında hər zaman səslənən fikirlərdən biridir. Sizcə Qarabağ konfliktinin həllinə Kremlin təsir imkanı hansı səviyyədədir və Rusiyanın bu məsələdə Ermənistana göstərəcəyi təzyiq nəyi dəyişə bilər? - Rusiya qonşu dövlət, həm də Minsk qrupunun həmsədrlərindən biridir. Rusiya Ermənistanı məcbur edə bilər ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin. Buna Rusiyanın diplomatik, iqtisadi və hərbi gücü imkan verir. Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir. Rusiya Ermənistandan əlini çəksə, Ermənistan bir dövlət kimi tamamilə çökər. Rusiya Ermənistanı düz yola dəvət etməli və onu başa salmalıdır ki, bir dövlət kimi onun inkişafı Qarabağ probleminin həllindən keçir. Rusiya da Ermənistanın təcavüzkarlığından xəbərdardır. Onu da qeyd edim ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı Ermənistanda böyük narahatlığa səbəb olmaqdadır. Bu səbəbdən də, Ermənistan zaman-zaman Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışıb. Bu məqsədlə bəzən Ermənistan ortaya yalan məlumatlar yayıb, bununla da bu münasibətlərə xələl gətirməyə çalışıblar. Amma heç nəyə nail ola bilməyiblər. Çünki Rusiyada yaxşı başa düşürlər ki, Azərbaycan qonşu dövlət olmaqla yanaşı həmdə etibarlı tərəfdaşdır, o cümlədən və Rusiya ilə mehriban qonşuluq siyasətinin qorunub saxlanılmasında maraqlıdır. Rusiya hərbi-iqtisadi və siyasi gücünə görə dünyanın aparıcı ölkələrindən biridir. Onun qlobal proseslərə, xüsusilə də MDB məkanındakı proseslərə təsir gücü çox böyükdür. Bizim Rusiya ilə 200 illik tarixi dostluq əlaqələrimiz var. Biz bu əlaqələri daha da inkişaf etdirməliyik. Rusiya xalqı və rəhbərliyi də Azərbaycan həqiqətlərini bilməli, haqqın-ədalətin öz yerini almasına dəstək verməlidir. Azərbaycanın məqsədi sadəcə, öz ərazi bütövlüyünü təmin etməkdir. Bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur və Ermənistandan fərqli olaraq qonşu dövlətlərin ərazisini işğal etmək niyyəti ilə yaşamırıq. - Rusiya ilə əlaqələrin inkişafı ölkəmizə iqtisadi-mədəni baxımdan nə vəd edir? -Rusiya ilə əlaqələrin inkişafı, ölkəmiz üçün iqtisadi-siyasi və hərbi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycan üçün həm də böyük bir bazardır. Azərbaycanda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları daha çox Rusiya bazarında satılır. Bizim orada 3 milyondan çox vətəndaşımız yaşayır. Dövlət rəhbərləri arasında münasibətlər nə qədər isti olsa, oradakı soydaşlarımızın vəziyyəti daha yaxşı olar. Azərbaycanda rus dili, rus ədəbiyyatı, rus mədəniyyətinə böyük maraq var. Ölkəmizdə rus dilində məktəblər fəaliyyət göstərir. Azərbaycanda Rusiyanın Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında həm rus, həm də azərbaycanlı tələbələr oxuyurlar. Eyni zamanda, azərbaycanlılar Rusiyanın ali təhsil müəssisələrində təhsil alırlar. Hansı ki, bu məqam hörmətli Mehriban xanımın Rusiya səfərində də vurğulandı və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən təqdir edildi. - Cəlil müəllim, aldığımız məlumata görə, siz özünüz də Moskvadan yeni qayıtmısınız. Mümkünsə, Moskva səfərinin məqsəd və mahiyyəti ilə bağlı məlumat almaq istərdik. -Moskvada bu günlərdə MDB Dövlətləri Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirildi. Tədbirlərdə mənim də çıxışım oldu. Qeyd etdim ki, MDB Veteranlar Təşkilatı ilə əlaqələrin daha da genişləndirilməsi, II Dünya Müharibəsində iştirak edən ölkələrdə döyüşən Azərbaycan döyüşçüləri haqqında məlumatların toplanması, altı döyüş diviziyamızın hansı ölkələrin ərazisindən keçdiyi, hansı dövlətlərdə döyüşməsinin bir daha dəqiqləşdirilməsi, itkin düşən, döyüşlərdə qəhrəmanlıqlar göstərən şəxslərin müəyyən edilməsi, qəhrəmanlarımızın abidəsinin döyüşdükləri şəhərlərdə ucaldılması və s. məsələləri diqqətə çatdırdım. Bundan əlavə “1941-1945-cı illərdə Böyük Vətən müharibəsində sovet xalqının faşizm üzərində Qələbənin dünyəvi-tarixi əhəmiyyəti, Qələbənin mənbələri, müasir zaman üçün dərslər və nəticələr”” mövzusunda konfrans da keçirildi. Konfransda faşizm ideologiyası, XXI əsrdə faşizmin təsiri, 1941-1945-ci illərdə antifaşist koalisiyasında iki siyasət və iki strategiya, II Dünya müharibəsində SSRİ-nin azadlıq missiyası, ordu və xalqın birliyi, sovet xalqının ön və arxa cəbhədəki mübarizəsi, müharibə illərində sovet xalqının dostluğu əsas müzakirə istiqamətləri oldu. Çıxışımda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Respublikamızda veteranlara göstərdikləri qayğı və diqqətin yüksək səviyyədə olmasını konfrans iştirakçılarının diqqətinə çatdırdım. Azərbaycanda İkinci Dünya müharibəsi ilə bağlı abidələrin qorunub saxlanılması, o cümlədən, tarixi saxtalaşdırmaq cəhdləri ilə bağlı mövqeyimizi də ortaya qoydum. Faşistlərlə əlbir olub sovet döyüşçülərinə qarşı vuruşan erməni satqını Nidjeyə abidə qoyulmasını pisləməklə yanaşı, bunun müharibə qurbanlarının əziz xatirəsinə təhqir kimi qiymətləndirdim. Biz müharibədə qəhrəmanlıq göstərən insanlarımızın xatirəsini hər zaman uca tutmuşuq, onları xalqımıza tanıtmağa çalışmışıq. Onların dünyaya tanıdılması, onların haqqında filmlərin çəkilməsi, kitabların yazılması, itkin düşənlər haqqında məlumatların əldə edilməsinə çalışırıq. Azərbaycanlıların döyüşdüyü ərazilərdə bununla bağlı tabloların, abidələrin yaradılmasında maraqlıyıq. Çalışırq ki, bu ölkələrin həm veteran təşkilatları, həm dövlət orqanları ilə daim əlaqə yaradaq və bu işləri həyata keçirək. Bunun çoxuna nail olmuşuq. Serbiyada, Sloveniyada, Ukraynada, Moldovada, Sevestopolda, Taqanroqda, Volqoqradda, Moskvada və Moskva ətrafındakı döyüşlərdə vuruşan döyüşçülərimizlə bağlı müxtəlif abidələr qoyulub və bu, bizim üçün qürurvericidir. - Konfransda Qarabağ problemi, onun həlli zərurəti ilə bağlı müzakirə aparıldımı? -Mən konfransda bir təkliflə çıxış etdim. Xatırlatdım ki, gələn il faşizm üzərində qələbənin 75 illiyini qeyd edəcəyik. Arzu edərdik ki, müharibə dövrünün dostluq mühitini qaytarmaq üçün MDB dövlətləri bir-birlərinə həmin dövrün dostluq münasibəti ilə yanaşsın. Azərbaycanla yanaşı, bəzi ölkələrdə də SSRİ-nin süqutundan sonra müharibə ocaqları yaranıb. İstərdik ki, MDB ölkələrinin başçıları bununla bağlı xüsusi tədbirlər keçirsinlər. Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində bu konfliktlərə son qoysunlar. Mən MDB Veteranlar Təşkilatına bununla bağlı təklif vermişəm. İstəyirəm ki, MDB Veteranlar Təşkilatı adından MDB dövlətləri başçılarına müraciət edək. Ümid edirəm ki, belə bir müraciət baş tutacaq, işğalçı Ermənistanın təcavüzkar siyasəti bir daha ifşa olunacaq. Ümid edirəm ki, MDB dövlətləri qaldırdığımız problemə diqqət yetirəcək, onun həlli istiqamətində müvafiq addımlar atacaqlar. Hesab edirəm ki, bu, MDB məkanındakı konflikt və qarşıdurmaların həlli baxımından faydalı olar. Şəmsiyyə Əliqızı, “İki sahil”

2019-11-28 00:00:00
3934 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunmuş tədbir keçirilib

 Tədbirdə “Vətən” marşı klipinin təqdimatı olub Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnı və marşlarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə  “Vətən” marşı klipinin təqdimatı keçirilib. Təqdimatdan sonra çıxış edən polkovnik Cəlil Xəlilov Şəmistan Əlizamanlının yaradıcılığına diqqət çəkib, onun mahnılarının gənclərimizdə vətənpərvərlik ruhunun güclənməsində, onlarda milli-mənəvi dəyərlərə bağlılıq hissinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. Tədbirdə çıxış edən Şəmistan Əlizamanlı həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib. Hərbi diktor qeyd edib ki, İkinci Qarabağ müharibəsində məhz güclü lider-güclü sərkərdə amili böyük zəfərin əldə edilməsinə həlledici təsir göstərib, işğal faktına son qoyulub. Çıxışdan sonra Şəmistan Əlizamanlının ifasında daha bir neçə vətənpərvərlik mahnısı ifa olunub, xatirə şəkli çəkilib.  

Hamısını oxu
Polkovnik İlqar Quliyev vəfat edib

Azərbaycanın hüquq-mühafizə orqanının ehtiyatda olan polkovniki, yazıçı, hərbi jurnalist İlqar Quliyev vəfat edib. 69 yaşında Bakıda infarktdan dünyasını dəyişən polkovnik Göyçayda dəfn olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu münasibətlə polkovnik İlqar Quliyevin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib. Polkovnik qeyd edib ki, İlqar Quliyev hər zaman Azərbaycan dövlətinə sədaqətlə xidmət edib, hansı qurumda çalışmasından asılı olmayaraq,  öz vəzifə borcunu layiqincə yerinə yetirib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, İlqar Quliyevin işıqlı xatirəsi hər zaman xalqın qəlbində yaşayacaq, onun zəngin irsi gənc nəsil üçün ilham mənbəyi olacaq. Məlumat üçün qeyd edək ki, polkovnik İlqar Quliyev bir çox məqalə və kitabların müəllifidir.    

Hamısını oxu
AKF rəsmisi: “Azərbaycan karateçiləri yeni mərhələyə qədəm qoyur”

Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, mətbuat xidmətinin rəhbəri Vüsal Abdullazadə ilə müsahibə – Vüsal müəllim, Azərbaycan karateçilərinin III MDB Oyunlarındakı çıxışı böyük maraq doğurdu. Ümumilikdə bu nəticəni necə qiymətləndirirsiniz? – Bu, təkcə idman uğuru deyil, illərlə formalaşan sistemli işin, dövlətin idmana göstərdiyi diqqətin və federasiyanın məqsədyönlü fəaliyyətinin nəticəsidir. Mingəçevir “Kür” Olimpiya Mərkəzində keçirilən yarışlarda milli komandamız 16 medal (6 qızıl, 3 gümüş, 7 bürünc) qazanaraq lider federasiyalar sırasında yer aldı. Bu, Azərbaycan karate məktəbinin gücünü və peşəkarlıq səviyyəsini bir daha təsdiqlədi. – Bu uğurun arxasında hansı əsas amillər dayanır? – Ən böyük amil dövlət qayğısı və federasiya rəhbərliyinin düzgün strategiyasıdır. Federasiyanın prezidenti Ülvi Quliyevin rəhbərliyi altında həm idmançıların hazırlığı, həm də yarışlara təşkilati baxımdan yüksək səviyyədə yanaşılır. Məşqçi heyətimiz: Kişilər üzrə baş məşqçi Şahin Atamov, kata üzrə baş məşqçi Vahid Ayvazov, böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov çox səmərəli iş aparıblar. Onların peşəkarlığı və fədakarlığı komandanın inamlı çıxışına zəmin yaradıb. – MDB Oyunlarına hazırlıq prosesi necə təşkil olunmuşdu? – Yarışlardan öncə iki mühüm təlim-məşq toplanışı keçirildi: biri Türkiyənin Mərmərə bölgəsində, digəri isə Qusar rayonunda. Bu toplanışlarda həm fiziki, həm taktiki, həm də psixoloji hazırlığa xüsusi diqqət ayrıldı. Bu proseslər nəticəsində komanda yarışlara tam formalaşmış və hazır vəziyyətdə çıxdı. – Qarşıda komandanı hansı beynəlxalq yarışlar gözləyir? – Hazırda çox intensiv dövrə daxil olmuşuq. Ən yaxın mərhələdə Fransada keçiriləcək dünya çempionatına lisenziya qazandıran kvalifikasiya yarışlarında iştirak edəcəyik. Ardınca İslam Həmrəyliyi Oyunları, daha sonra isə lisenziyalı idmançıların dünya çempionatı gəlir. Bundan əlavə, noyabrın 7-10-u tarixlərində yeniyetmə və gənclər arasında ölkə birinciliyi keçiriləcək. Həmin yarış nəticəsində formalaşacaq komanda 2026-cı ilin fevralında Avropa çempionatında Azərbaycanı təmsil edəcək. – Milli komandada gəncləşmə prosesi müşahidə olunur. Bu, planlı siyasətdirmi? – Bəli, tam şəkildə planlı prosesdir. Hazırda milli komandamızda yeni nəsil karateçilər yetişir. Bu, karatenin gələcəyi üçün vacib mərhələdir. Biz anlayırıq ki, nəticə qazanmaq zaman tələb edir.  Yaş kateqoriyası dəyişdikcə məsuliyyət də artır. Amma bu dəyişikliklər idmançıların daha yetkin və rəqabətədavamlı olmasını təmin edir. Təcrübə qazandıqca onlar beynəlxalq arenada da daha inamlı çıxış edəcəklər. – Federasiya rəhbərliyi və məşqçilər korpusu üçün bu nəticələr hansı mesajı verir? – Bu nəticələr göstərir ki, biz doğru yoldayıq. Ülvi Quliyevin rəhbərliyi ilə federasiyada formalaşan idarəetmə modeli artıq öz bəhrəsini verir. Biz yalnız nəticəyə deyil, həm də idmançılarımızın şəxsiyyət kimi yetişməsinə önəm veririk. Karate  idman növü eyni zamanda  nizam, hörmət və milli ruhun məktəbidir. Biz çalışırıq ki, bu dəyərlər yeni nəsildə daha güclü formalaşsın. – Sonda, bu uğurların davamlılığı üçün hansı hədəflər müəyyən olunub? – Əsas hədəf karatenin ölkəmizdə daha geniş yayılması və beynəlxalq səviyyədə Azərbaycan adının daha yüksəkdə ucaldılmasıdır. Federasiya olaraq çalışırıq ki, hər bir uğur dövlətimizin idman siyasətinə töhfə versin. Gənclərimizə nümunə olmaq, onların idmana marağını artırmaq və yeni çempionlar yetişdirmək bizim borcumuzdur. Əminik ki, dövlətimizin dəstəyi, federasiyanın planlı fəaliyyəti və idmançılarımızın əzmi sayəsində qarşıdakı illərdə daha böyük uğurlara imza atacağıq.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ağakərim İbrahimovun vəfatı ilə bağlı başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun vəfatı ilə bağlı mərhumun yaxınlarına başsağlığı verib, Allahdan səbr diləyib.  Ağakərim İbrahimovun Mübariz İbrahimov kimi böyük vətənpərvər yetişdirdiyinə diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, onun xatirəsinin hər zaman ehtiram hissi ilə yad ediləcəyini, xalqımız tərəfindən daim hörmətlə anılacağını bildirib. Allah rəhmət eləsin!  

Hamısını oxu