Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Təhlükədən az zərərlə çıxmaq üçün üzərimizə düşən işi yerinə yetirməliyik

"Bu gün bütün dünya ölkələri kimi Azərbaycan da koronavirusdan əziyyət çəkən dövlətlər sırasındadır. Lakin digərlərindən fərqli olaraq ölkəmizdə vaxtında görülən tədbirlər, atılan addımlar nəticəsində vəziyyət digərləri ilə müqayisədə qat-qat yaxşıdır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərarlar, verilən tapşırıq və tövsiyələrin məqsədi ölkəmizin bu bəladan daha az itki ilə çıxmasıdır: "Azərbaycan bir çox məsələlərlə bağlı əksər ölkələrdən daha çevik qərarlar qəbul edir, önləyici tədbirlər həyata keçirir, həmçinin bu prosesdə insan hüquq və azadlıqlarının qorunmasını da təmin etməyi bacarır". C. Xəlilov söyləyib ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı da Ölkə başçısı İlham Əliyevin çağırışı, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara əməl etməklə yanaşı, cəmiyyəti, veteranları, gəncləri. ümumilikdə bütün ictimaiyyəti qaydalara riayət etməyə çağırır. Ölkəmizdə pandemiya ilə mübarizədə dövlət qurumlarının tam məsuliyyətlə çalışdığını deyən polkovnik vurğulayıb ki, tibb işçiləri, polislər və bütövlükdə bu prosesdə iştirak edən bütün dövlət qurumları öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər: "Azərbaycan veteranları da ölkəmizdə bu istiqamətdə görülən işlərə qoşulur, bu işlərə öz töhfəsini verməyə çalışır. İnanıram ki, Azərbaycan xalqı qəbul edilən qərarlara hörmətlə yanaşacaq, hər kəs öz üzərinə düşən məsuliyyəti yerinə yetirəcək. Bununla biz həm ailələrimizi, həm övladlarımızı, həm də ümumilikdə xalqımızı bəladan xilas edə bilərik". Təşkilat rəsmisi qeyd edib ki, bəzi şəxslərin məsələyə inanmaması, məsuliyyətsiz yanaşması təəssüfedicidir: "Çünki koronavirus bəlasından təkcə Azərbaycan deyil, bütün dünya əziyyət çəkir. Hər gün vəziyyətin nə qədər ciddiləşdiyinin şahidi oluruq. Bu gün bütün dünyanın aparıcı mütəxəssisləri, alimləri, həkimləri insitutları COVİD-19-la bağlı araşdırma aparır, onunla mübarizə yollarını axtarır, vaksinləri təcrübədən keçirirlər. Bütün bunlar təhlükənin olduğunu göstərir. Ölkəmizin bu təhlükədən az zərərlə çıxması üçün biz üzərimizə düşən işi, vəzifəni layiqincə yerinə yetirməliyik".
Müəllif: Nailə Məhərrəmova

2020-04-06 00:00:00
3824 baxış

Digər xəbərlər

Abşeronda növbəti dəfə şəhid övladları sevindirildi

Veteran.gov.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon ərazisində yaşayan şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Bununla bağlı RİH tərəfindən həyata keçirilən “Hərəyə bir şəhid övladı sevindirək” layihəsi uğurla davam etdirilir. Layihə çərçivəsində şəhid Musayev Sahib Musa oğlunun həyat yoldaşı Pərvin Musayeva ilə əlaqə saxlanılıb, övladlarıının istəkləri öyrənilib. Qəhrəmanımızın qızının otağı üçün xalçaya, oğlunun isə “stolüstü futbol oyunu”na ehtiyacı olduğu müəyyən edilib.   Xırdalan şəhər 15 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Mətanət Novruzova və adıçəkilən bağçanın kollektivi tərəfindən xalça və “stolüstü futbol oyun”u ailəyə təqdim edilib və beləliklə də şəhid övladlarının arzuları yerinə yetirilib.   Şəhidin həyat yoldaşı Pərvin Musayeva göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindirildiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyətindən danışıb.   Qeyd edək ki, Musayev Sahib Musa oğlu 1984-cü ildə Qax rayonunun Şotavar kəndində anadan olub. 1991-ci ildə Şotavar kənd orta məktəbinin 1-ci sinfinə gedib. 8-ci sinifdən sonra təhsilini Qax rayonu Qorağan kənd orta məktəbində davam etdirib. 2001-ci ildə Qorağan kənd orta məktəbini bitirib. Həmin il Bakı Maliyyə İqtisad kollecinin Gömrük İşinin Təşkili fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə hərbi xidmətə çağırılmışdır. Təhsilini donduraraq hərbi xidmətə yollanıb. Hərbi xidmətini Gəncə Şəhərində yerləşən N saylı hərbi hissədə keçib. 2004 cü il aprelin 5-də hərbi xidmətini başa vurub yenidən təhsilini davam etdirib. Təhsilini başa vurduqdan sonra hərbiyə, vətənə olan sevgisinə görə hərbiçi olmaq qərarına gəlib. 2005-ci il sentyabrın 9-da Bakıda yerləşən Təlim Tədris Mərkəzinə qəbul olunub. Burada Taqım komandirinin müavini ixtisasına yiyələnib. Amma ən böyük arzusu XTQ-də xidmət etmək olub. Həmin ilin dekabr ayında XTQ-nin kursuna qəbul olunub, 6 aydan sonra həmin kursu müvəffəqiyyətlə bitirib. XTQ-nin Xızı rayonunda yerləşən Yaşma adlanan “N” saylı hərbi hissəsində işə başlayıb. 16 il XTQ də xidmət edib. Bir çox tapşırıqlarda, Aprel döyüşlərində iştirak edib. Xidmətdə olduğu müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90, 95 və 100 illiyi yubiley medalı, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medallarla təltif olunub. Bir çox fəxri fərmanlara layiq görülüb. Vətən müharibəsi başlayan gündən müharibəyə gedərək Füzuli, Hadrud, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının düşməndən azad edilməsində iştirak edib. Yaralı olmasına baxmayaraq Şuşa uğrunda gedən döyüşlərə qatılıb və böyük qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra Azərbaycan Bayrağı ordeni, Cəbrayılın azadlığı uğrunda, Vətən uğrunda, Şücaətə görə, Şuşa uğrunda medalları ilə təltif olunub. Allah rəhmət eləsin.

Hamısını oxu
Sumqayıtda “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib

6 may 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80 illiyi və Vətən müharibəsindəki zəfərin 5 illiyi münasibətilə “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib.  Yeni Azərbaycan Partiyasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutan tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə açılış nitqi ilə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Sumqayıt Şəhər Təşkilatının sədri Sovet Şükürov xalqımızın həm İkinci Dünya müharibəsi, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb. Sovet Şükürov qeyd edib ki, şəhidlərimizin və qazilərimizin göstərdiyi qəhrəmanlıqlar heç zaman unudulmayacaq, əsrlər sonra da ehtiram hissi ilə yad ediləcək. Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycanın həlledici rol oynadığını qeyd edən polkovnik Cəlil Xəlilov, 2020-ci ili Vətən müharibəsində bu qəhrəmanlığın təkrarlandığına diqqət çəkib: “İkinci Dünya müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq tarixində mühüm yer tutan müharibələrdən biridir. Bu müharibədə 700 mindən çox azərbaycanlı iştirak etmiş, onların 300 min nəfəri həlak olmuşdur. 176 min nəfərdən çox azərbaycanlı müharibədə göstərdiyi qəhrəmanlıqlara görə müxtəlif orden və medallarla təltif edilmiş, general Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə və digərlərinin qəhrəmanlığı bütün dünyada dillər əzbəri olmuşdur. Müharibədə Bakı nefti nəhəng sovet hərb maşınının fasiləsiz fəaliyyətini təmin etmiş, qələbəyə misilsiz töhfə vermişdir. Bu baxımdan Bakıya “Qəhrəman şəhər” adının verilməsi vacibdir. Çünki Bakı öz fədakarlığı ilə bu ada layiq olduğunu müharibə dönəmində artıqlaması ilə sübut edib. Bizim üçün qürurvericidir ki, Azərbaycan gəncliyi atalarının, babalarının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində də təkrarlamış, respublikamızın ərazi bütövlüyünü təmin etmişdir. Azərbaycan gəncliyi öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etmişdir ki, o, öz əcdadlarının qəhrəmanlıq ənənəsinə sadiqdir. Biz Vətən müharibəsində olduğu kimi bu gün də dövlət və prezident ətrafında sıx birləşməli, hər bir təhdid və təhlükəyə qarşı mübarizədə həmrəylik sərgiləməliyik. Unutmayaq ki, Ümummilli lider Heydər Əliyev də, Prezident İlham Əliyev də öz çıxış və tövsiyyələrində hər zaman ölkə gəncliyini milli-mənəvi dəyərlərə bağlı olmağa səsləyib, yüksək vətənpərvərlik ruhuna malik olmağın vacibliyini vurğulayıb. Biz bütün bu tövsiyyələrini daim diqqət mərkəzində saxlamalı, öz əməli fəaliyyətimizlə dövlətimizə, Prezidentimizə dəstək olmalıyıq. Mən tədbirin təşkilində göstərdiyi köməkliyə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinə, eləcə də Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər Təşkilatına təşəkkür edir, hər birinizə öz minnətdarlığımı bildirirəm”. Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov çıxışında xalqımızın keçdiyi tarixi qəhrəmanlıq yoluna diqqət çəkib, xalq-dövlət həmrəyliyinin vacibliyini vurğulayıb: “Öncə bütün tədbir iştirakçılarının Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun adından salamlayır, sizləri qarşıdan gələn bayramlar münsibətilə təbrik edirəm. Heç kimə sirr deyil ki, Azərbaycan xalqının tarixi böyük qəhrəmanlıqlarla zəngindir. İstər İkinci Dünya müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz qəhrəmanlığı ilə bütün dünyanın diqqətini cəlb etmiş, gənclərimizin döyüş meydanında sərgilədiyi igidliklər hərb tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Məhz bütün bu qəhrəmanlığın nəticəsidir ki, 44 günlük Vətən müharibəsi nəticəsində ərazi übtövlüyümüz və suverenliyimiz təmin olunmuş, respublikamızın inkişafı üçün daha əlverişli zəmin formalaşmışdır. Əminəm ki, möhtərəm Prezidentimizin rəhbərliyi altında Azərbaycan xalqı, Azərbaycan gəncliyi respublikamızın təhlükəsizliyi və tərəqqisi naminə bundan sonra da böyük uğurlar əldə edəcək, yeni-yeni müvəffəqiyyətlərə imza atacaq”. Tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Hümbət Quliyev, yazıçı Ağalar İdrisoğlu, əmək veteranı Qorxmaz Tağıyev xalqımızn qəhrəmanlıq tarixi ilə bağlı maraqlı faktlara diqqət çəkib, xalqımızın və dövlətimizin maraqları naminə Prezident İlham Əliyevin hər bir çağırışına hazır olduqlarını vurğulayıblar. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV  

Hamısını oxu
Sumqayıtda qazilər daim diqqət mərkəzində saxlanılır

Veteran.gov.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, sözügedən qurumun yanında yaradılmış Əlaqələndirmə Mərkəzi şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin sosial problemlərinin həllini, məşğulluğunu və sağlamlıq vəziyyətini diqqət mərkəzində saxlayır.   Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev və şəhər İcra Hakimiyyətinin əməkdaşları Birinci Qarabağ müharibəsi əlili Allahverdiyev İlqar Bünyad oğlunun evində olub, ailənin qayğıları, qazinin səhhəti, müalicələrinin gedişi ilə maraqlanıblar.   Vurğulanıb ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış qazilərimiz Sumqayıt şəhərində diqqət mərkəzində saxlanılır. Sumqayıt şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Əlaqələndirmə Mərkəzi məhz bu məqsədlə yaradılıb və yarandığı qısa müddət ərzində nəzərəçarpacaq işlər görmüşdür.   Qazi İlqar Allahverdiyevin həyat yoldaşı Səbinə Allahverdiyeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.  

Hamısını oxu
Özbəkistanda Vətən müharibəsi şəhidlərinin abidə kompleksinin açılışı olub

Veteran.org.az xəbər verir ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Mərkəzin həyətində yeni bağ salınıb, bağda Vətən müharibəsi şəhidlərinə həsr edilmiş abidə kompleksi yaradılıb.   “Şəhidlər bağı” adlanan ərazi tamamilə yenidən qurulmuş, çoxsaylı ağaclar və gül kolları əkilmiş, ərazi abadlaşdırılmış və yaşıllaşdırma, dizayn işləri aparılıb.   Açılış mərasimində Azərbaycanın Özbəkistandakı səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi, "Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyəti, elm, mədəniyyət, ictimaiyyət nümayəndələri, yerli azərbaycanlılar, jurnalistlər iştirak edib.   İlk öncə Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Xarı bülbül” abidə kompleksinin açılışı olub.   Giriş sözü ilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək, bağın yaradılmasının əsas məqsədi Vətən torpaqlarının azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini əbədiləşdirmək, Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edən hər kəsin onlar haqqında məlumatlandırmaq, gənc nəsildə, yerli azərbaycanlılarda Vətənə məhəbbət, qəhrəmanlıq hislərini aşılamaq olduğunu söyləyib. Diplomat Ali baş komandan, müzəffər ordumuzun əldə etdiyi tarixi qələbə barədə danışaraq artıq yurd yerlərimizin öz azadlığına qovuşduğunu söyləyib. O, rəşadətli ordumuzun 30 illik əsarətdə olan ərazilərimizi 2 ay ərzində tam azad etməklə Azərbaycanın möhtəşəm və şanlı zəfər tarixi yazdığını qeyd edib. S. Abbasov şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsinin daim dövlətimizin diqqətində olduğunu və onların xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov Azərbaycan-Özbəkistan dostluğundan danışmış, Azərbaycanın haqq işində Özbəkistanın daim Azərbaycanın yanında olduğunu bildirib. O, Vətən müharibəsi illərində Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx təmasda  olaraq hər gün qardaş ölkə ilə maraqlandıqlarını, Özbəkistanın tanınmış ictimaiyyət nümayəndələri video müraciətlər edərək Azərbaycanla həmrəy olduqlarını bildirib. Ölkələrinin həm ikitərəfli, həm də Türk Şurası çərçivəsində Azərbaycanın öz torpaqlarını azad etməsi, ədaləti bərpa etməsinə dəstək ifadə etdiyini söyləyib. O, qəhrəman oğullarımızın, şəhidlərimizin qanları ilə Vətən torpaqlarının toxunulmazlığı, müstəqilliyimizin möhkəmlənməsinin təmin olunduğunu qeyd edərək, onların ruhu qarşısında baş əydiyini bildirdi. Özbəkistan jurnalistlər Birliyinin katibi, əməkdar jurnalist Karim Baxriyev, Turizm və İdman Nazirliyinin nümayəndəsi Anvar Yusipov dili, mədəniyyəti, soykökü yaxın olan qardaş Azərbaycanın əldə etdiyi zəfər münasibəti ilə xalqımızı təbrik etmişlər. Çıxışçılar 30 ilə yaxındır davam edən haqsızlığa, işğala son qoyan qəhrəman öndər, Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan ordusunun zəfərinin Özbəkistanda da böyük rəğbətlə qarşılandığını  qeyd etdilər, Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılan “Şəhidlər bağı” və abidə kompleksini yüksək qiymətləndirdilər.   Mədəniyyət Mərkəzinin həyətində “Qızıl hərflərlə yazılan zəfər” adlı foto sərgi ilə tanışlıq olmuşdur. Sərgidə Ulu öndər Heydər Əliyevin Şuşaya səfəri, Azərbaycan Respublikasının Prezidentinin Vətən müharibəsi illərində Ermənistanın işğalçı siyasətinin ifşası, torpaqlarımızın azad edilməsi ilə bağlı səsləndirdiyi fikirlər, xalqımızın düşmənə qarşı haqlı mübarizəsi,  işğal olunmuş ərazilərimizdə şəhər və kəndlərimizin dağıdılması, mədəni və dini abidələrimizin məhv və təhqir edilməsi, Erməni işğalçılarının torpaqlarımızdan qovulması və s. öz əksini tapmışdır. Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzində şəhidlərin əziz xatirəsinə quran oxunub və ehsan verilib.   Seymur ƏLİYEV

Hamısını oxu