Möhtərəm Prezident, cənab Ali Baş Komandan


Tariximizin şanlı səhifələrindən biri olan Vətən müharibəsi Azərbaycan xalqının iradəsinin, qəhrəmanlıq ruhunun və müasir hərbi texnologiyanın qələbəyə çevrildiyi bir mərhələdir. Bu tarixi anlarda Hərbi Hava Qüvvələrinin rolu misilsiz olmuş, işğal altındakı yüksək dağlıq ərazilərimizin azad olunmasında onların sarsıdıcı zərbələri düşmənin müqavimətini darmadağın etmişdir. Yeni nəsil qırıcı təyyarələr, döyüş helikopterləri və müasir aviasiya vasitələrimiz olmadan bu yüksək dağlıq əraziləri azad etmək mümkün deyildi. Hava qüvvələrimiz müharibənin ilk günündən etibarən düşmənin hava hücumlarının qarşısını mərdliklə alaraq quru qoşunlarının ildırım sürətilə irəliləməsinə zəmin yaratdı. Erməni quldurlarının illərlə bərkidib betonladığı bunker-sığınacaqlar, silah-sursat anbarları, zenit-raket kompleksləri, artilleriya qurğuları, radiolokasiya stansiyaları, komanda-qərargah məntəqələri və digər infrastruktur tamamilə məhv edildi. Bu böyük zəfərin arxasında Hərbi Hava Qüvvələrinin peşəkar, cəsur və bacarıqlı hərbi qulluqçuları dayanırdı. Onlardan bir neçəsi general-mayor Namiq İslamzadə, polkovnik Zaur Nudirəliyev (ölümündən sonra), polkovnik Elnur Qebedov, polkovnik-leytenant Səfər Qurbanov, polkovnik-leytenant Ramiz Qasımov (ölümündən sonra), polkovnik-leytenant Rəşad Nadirov və mayor Rəşad Qasımlı “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldü. Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov isə “Zəfər” ordeni ilə təltif edildi. Onlarla birlikdə minlərlə hərbi qulluqçu “Qarabağ”, “Rəşadət”, “Azərbaycan Bayrağı” və digər döyüş orden və medalları ilə şərəfləndirildi. Vətən müharibəsində qazanılan bu tarixi Zəfər Ulu öndər Heydər Əliyevin arzusunun gerçəkləşməsidir. Bu arzu isə Prezident İlham Əliyevin rəhbərliyi, Müzəffər Ali Baş Komandanın polad iradəsi, hücum diplomatiyası, sərkərdə məharəti və dəmir yumruğu sayəsində döyüş meydanlarında reallaşdı. Heydər Əliyev 50 il əvvəl Cəmşid Naxçıvanski adına hərbi liseyi yaradarkən Azərbaycanın gələcəyini düşünürdü. Onun arzusu belə idi: Azərbaycan oğulları həm quruda, həm dənizdə, həm də səmada dövlətimizin müstəqilliyini qorumağa qadir peşəkar hərbçilər olsun, güclü milli aviasiyamız olsun, cəsur şahinlərimiz olsun və onlar öz bacarıqlarını bütün dünyaya göstərsinlər. Ulu Öndər əmin idi ki, Azərbaycan gəncləri fiziki cəhətdən güclü, xaraktercə cəsur və hərbi sahədə istedadlıdır. Milli şahinlərimizin göylərdə süzüşünü izləyən Ümumilli lider Heydər Əliyevin 1997-ci il oktyabrın 15-dəki sevinci misilsiz idi. Gözləri qürur hissi ilə dolu Ulu Öndər Azərbaycanın səmasını qoruyacaq, müstəqilliyimizi müdafiə edəcək cəsur şahinlərin yetişdiyini görürdü. Bu cəsur şahinlər sırasında göylərə meydan oxuyan, düşmənə dağ çəkən, qəhrəmanlıq nümunəsi ilə tarixə düşəcək bir pilot olan Polkovnik Zaur İsmayıl oğlu Nudirəliyev də var idi. 1999-cu ildə qardaş Türkiyədəki hərbi təhsilini böyük uğurla başa vurduqdan sonra Zaur vətəninə qayıtdı. Hərbi Hava Qüvvələrindəki xidmət yoluna aviasiya eskadriliyası təyyarəçisi kimi başlayaraq qısa müddətdə baş təyyarəçi, eskadriliyanın qərargah rəisi və aviabaza komandirinin uçuş hazırlığı üzrə müavini vəzifələrinə yüksəldi. Sonda isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Hava Qüvvələri fakültəsində uçuş hazırlığı kafedrasının rəisinin müavini vəzifəsini tutaraq gələcək pilotların yetişməsinə rəhbərlik etdi. Polkovnik Zaur Nudirəliyev yalnız bir pilot deyildi, o həm lider, həm müəllim, həm də döyüş üsullarına yenilik gətirən yenilikçi hərbçi idi. Onun adı Hərbi Hava Qüvvələrinin şanlı tarixinə həkk olundu və göylərdə göstərdiyi qəhrəmanlıq, şücaət və peşəkarlıq gələcək nəsillərə ilham mənbəyi oldu. Vətən müharibəsinin ilk günlərində polkovnik Zaur Nudirəliyev sevimli “Su-25” təyyarəsinin sükanı arxasına keçdi. O, döyüş tapşırıqlarını layiqincə yerinə yetirərək düşmənin hərbi obyektlərini və mövqelərini darmadağın etdi. Cəbrayıl, Füzuli və Ağdərə istiqamətlərində 7 gün ərzində 12 uğurlu uçuşla Azərbaycan Ordusunun quruda üstünlük qazanmasını təmin etdi. Lakin oktyabrın 4-də 13-cü döyüş uçuşu zamanı düşmənin hava hücumundan müdafiə qüvvələri onun təyyarəsini vurdu. Ağır yaralanmasına baxmayaraq polkovnik Zaur Nudirəliyev əsir düşməmək üçün təyyarəni düşmənin canlı qüvvələrinin olduğu səngərə çırparaq şəhid oldu. Onun bu fədakarlığı Azərbaycanın hərb tarixində unudulmaz qəhrəmanlıq nümunəsi kimi yazıldı. Zaur Nudirəliyev bir sıra yeni döyüş üsullarının müəllifi idi. O, ‘Su-25’ təyyarəsinin tam döyüş potensialını tətbiq edərək nişangah istifadə etmədən, yalnız riyazi üsullarla bomba atışını həyata keçirirdi. Bu üsullar NATO standartlarına uyğun idi və digər təyyarəçilərə də peşəkarlıqla öyrədildi. Bu gün Hərbi Hava Qüvvələrində onun davamçıları Azərbaycan səmasını etibarlı şəkildə qoruyur. Bu gün Azərbaycan səmasında şahinlərimiz Zaur kimi qəhrəmanların adını daşıyır. Onların ruhu göylərdə, ağ buludların üzərində, mələklərin qanadlarında ucalır. Lacın dağlarından, Kəlbəcərin zirvələrindən, Murovun əzəmətli hündürlüklərindən sanki bir nida eşidilir: “Qarabağ azaddır, zəfər sizin adınızla bağlıdır, qəhrəman Zaur!” Onun ruhu bu torpağın hər qarışı ilə birgə əbədiyyətə qovuşur, Azərbaycanın qəhrəmanlıq dastanında daim yaşayır. Zaur Nudirəliyev yalnız tarixdə deyil, hər bir azərbaycanlının qəlbində, səmanın ucalığında, hər bir ucalan dalğada və hər bir qalxan bayraqda əbədiləşmişdir. Onun adı, qəhrəmanlığı və mərdliyi gələcək nəsillərə örnək olaraq daim parlayacaq. Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik
Hamısını oxu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminat proqramının davamı olaraq bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə bu gün 18 rayonda (Xaçmaz, Qusar, İsmayıllı, Göyçay, Lerik, Lənkəran, Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağdaş, Kürdəmir, Füzuli, Qobustan, Biləsuvar, Saatlı, Salyan, İmişli) da yeni inşa olunmuş 57 fərdi yaşayış evi təqdim edilib. Nazirlikdən Publika.az-a verilən məlumata görə, ümumilikdə bu gün Gəncədə təqdim edilən 50 mənzil də daxil olmaqla 107 şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzil və fərdi evlə təmin olunub. Xaçmaz və Qusar rayonlarında evlərin təqdim edilməsi tədbirlərində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, İsmayıllı rayonunda evlərin verilməsi tədbirində Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Əzizov, rayon İcra Hakimiyyətlərinin rəsmiləri iştirak ediblər. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində parlaq Qələbəni qazanaraq tariximizin şanlı qəhrəmanlıq səhifəsini yazdı. Torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan erməni faşizmi məhv edildi, ərazilərimiz öz azadlığına qovuşdu. Silahlı Qüvvələrimizin qüdrəti, yenilməzliyi, xalqımızın sarsılmaz birliyi dünyaya nümayiş olundu. Təcavüzkar Ermənistanın işğalından azad edilən kənd və qəsəbələrimizdə, şəhərlərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır və xalqımız bundan böyük iftixar hissi keçirir. Bu fərəhli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlətin qayğısı, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminatı işləri də davam edir. 2020-ci ildə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 1000-i bu kateqoriyadan olanlara verilib. Beləliklə, indiyədək 8558 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub. Tədbirdə yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri Qələbə sevinclərini bölüşüb, Ordumuzun uğurlu hərbi əməliyyatlarından, Azərbaycan əsgərinin yüksək vətənpərvərliyindən, rəşadətindən qürurla bəhs edib, bu böyük Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Ordumuza minnətdarlıqlarını bildiriblər. Həmçinin daim xüsusi qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni evlə təmin edildiklərinə görə dövlət başçımıza təşəkkürlərini ifadə ediblər.
Hamısını oxuBöyük Vətən Müharibəsi iştirakçıları - Timçenko İvan İvanoviçin 102 və Həsənov Tamleyxa Abbas oğlunun 99 yaşlarının tamam olması münasibətilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov və Təşkilatın bir qrup əməkdaşları onlarla görüşüb təbrik etmişlər. Görüş zamanı C.Xəlilov Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov adından səmimi təbrikləri veteranlara çatdırmış, keçdikləri şərəfli döyüş yollarının gənc nəslə örnək olduğunu bildirmişdir. C.Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müharibə veteranlarına daim diqqət və qayğı göstərdiklərini qeyd etmişdir. Müharibə veteranları İvan Timçenko və Tamleyxa Həsənov göstərilən diqqətə görə möhtərəm Prezidentə, Birinci vitse-prezidentə, eləcə də Veteranlar Təşkilatının rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər. Daha sonra C.Xəlilov Respublika Veteranlar Təşkilatının sədri adından Təbrik Məktublarını, Fəxri Fərmanları, hədiyyələri İ.Timçenko və T.Həsənova təqdim etmiş, xatirə şəkilləri çəkilmişdir.
Hamısını oxu
Artıq 33 ildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları təqdirəlayiq inkişaf yolu keçərək üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu gün Daxili Qoşunlar dövlətçiliyimizin keşiyində qətiyyətlə dayanıb. Ötən dövrdə Daxili Qoşunlar ölkə rəhbərliyi tərəfindən ona göstərilən yüksək etimadı peşəkar xidməti-döyüş fəaliyyəti ilə doğrultmağa çalışıb. Yaradıldığı gündən daim dövlətin təhlükəsizliyinin qorunması naminə əzmkarlıq göstərən Daxili Qoşunların inkişaf və yüksəliş yolunun təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində Daxili Qoşunlar müasir maddi-texniki bazaya, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Daxili Qoşunların fəaliyyəti əsaslı şəkildə təkmilləşdirilib, döyüş qabiliyyəti daha da gücləndirilib, mövcud infrastruktur yenilənib, müasir tipli silahlar, texnikalar alınıb, şəxsi heyətin xidmət və məişət şəraiti, habelə sosial rifahı daha da yaxşılaşdırılıb. Daxili Qoşunlar ötən müddətdə ölkə daxilində ictimai təhlükəsizliyin təmin olunması ilə yanaşı, ön cəbhədə düşmənə qarşı döyüş əməliyyatlarında da iştirak edib. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın od-alovlu səngərlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz iz qoyaraq tarixləşib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanmış Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan olunub. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərə ilk dəfə olaraq 1992-ci ilin mart ayının 12-də başlayıb. Daxili Qoşunların 9 nəfər hərbi qulluqçusu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Onlardan 8 nəfəri bu fəxri adla ölümündən sonra təltif edilib. Kapitan Ənvər Arazov, baş leytenant Elşad Yəhyayev, baş leytenant Mətləb Quliyev, baş leytenant Fəxrəddin Nəcəfov, baş leytenant Rövşən Abdullayev, çavuş İqor Makeyev, əsgər Səxavət Məhərrəmov və əsgər Ruslan Muradov Birinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüzün bərpası uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. Müharibə sınaqlarından keçərək ağır yaralanmış və əlil olmuş Sahil Məmmədov isə bu gün istefada olan polis polkovnikidir. Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlər zamanı Dахili Qоşunlаrın şəхsi hеyətindən 682 nəfər həlаk оlub, 4 nəfər itkin düşüb və 1179 nəfər isə yаrаlаnıb. Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarların zərərsizləşdirilməsinə, mühüm dövlət obyektlərinin mühafizəsinə yönəlib, onun təyinatından irəli gələn vəzifələrin icrası ilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilib, xarici ölkələrin müvafiq qurumları ilə hərbi əməkdaşlıq əlaqələri qurulub, geniş quruculuq işləri aparılıb, Daxili Qoşunların tərkibində Hərbi İnstitut, təlim mərkəzləri, helikopter eskadrilyası yaradılıb. 2002-ci ildə Daxili Qoşunların emblemi və döyüş bayrağı haqqında əsasnamələr, habelə onların təsvirləri təsdiq olunub. Hərbi qulluqçularımız təlim və məşğələlərdə yüksək döyüş hazırlığına yiyələnərək torpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs missiyanın yerinə yetirilməsinə hazırlaşıblar. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanılmasına öz layiqli töhfələrini veriblər. Ön cəbhənin müxtəlif istiqamətlərində Daxili Qoşunların şəxsi heyəti düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetirib. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Daxili Qoşunların 4 nəfər hərbi qulluqçusu - polkovnik Zəfər Yusibov, polkovnik Füzuli İmrəliyev, polkovnik-leytenant Nicad Bədəlov və mayor Şixamir Qaflanova (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyata keçirdikləri lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və silahlanmış separatçılara ağır zərbələr vurulub. Uğurla həyata keçirilən bu tədbirlər nəticəsində bölgədə erməni separatizminə son qoyulub. Antiterror tədbirlərində igidlik göstərən Daxili Qoşunların şəxsi heyətindən 12 nəfər şəhid olub, 24 nəfər isə yaralanıb və xəsarət alıb. Daxili Qoşunların xidməti-döyüş fəaliyyəti Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun və Daxili Qoşunların komandanlığının daim nəzarətindədir. İstər silahlı cinayətkarlara qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də mühüm dövlət obyektlərinin mühafizəsində şəxsi heyət müsbət nəticələr əldə edib. Əlbəttə ki, bu uğurlar bilikli və bacarıqlı komandir heyətinin rəhbərliyi altında idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına ərsəyə gəlib. Daxili Qoşunlarda bu gün ciddi nizam-intizam hökm sürür, şəxsi heyətin mənəvi-psixoloji durumu qənaətbəxşdir. Şəxsi heyət Prezidentə, dövlətə, xalqa məhəbbət və sədaqət ruhunda tərbiyə olunur. Hərbi hissələrin döyüş qabiliyyəti kifayət qədər yüksəkdir. Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olaraq, respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak edib. Hərbi qulluqçularımız işğalına son qoyulan torpaqlarımızda polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində yüksək peşəkarlıq göstərərək, dövlət əhəmiyyətli müxtəlif xidməti-döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlirlər. Bu da Daxili Qoşunların cəmiyyətdə nüfuzunu artırır və vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır. Mayor Anar Əhmədov DİN-in Daxili Qoşunlarının “Əsgər” qəzetinin redaktoru
Hamısını oxu