Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Vətənin, dövlətçiliyin, təhlükəsizliyin keşiyində fədakar xidmət

Artıq 33 ildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları təqdirəlayiq inkişaf yolu keçərək üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu gün Daxili Qoşunlar dövlətçiliyimizin keşiyində qətiyyətlə dayanıb. 

Ötən dövrdə Daxili Qoşunlar ölkə rəhbərliyi tərəfindən ona göstərilən yüksək etimadı peşəkar xidməti-döyüş fəaliyyəti ilə doğrultmağa çalışıb. Yaradıldığı gündən daim dövlətin təhlükəsizliyinin qorunması naminə əzmkarlıq göstərən Daxili Qoşunların inkişaf və yüksəliş yolunun təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində Daxili Qoşunlar müasir maddi-texniki bazaya, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Daxili Qoşunların fəaliyyəti əsaslı şəkildə təkmilləşdirilib, döyüş qabiliyyəti daha da gücləndirilib, mövcud infrastruktur yenilənib, müasir tipli silahlar, texnikalar alınıb, şəxsi heyətin xidmət və məişət şəraiti, habelə sosial rifahı daha da yaxşılaşdırılıb.

Daxili Qoşunlar ötən müddətdə ölkə daxilində ictimai təhlükəsizliyin təmin olunması ilə yanaşı, ön cəbhədə düşmənə qarşı döyüş əməliyyatlarında da iştirak edib. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın od-alovlu səngərlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz iz qoyaraq tarixləşib.

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanmış Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan olunub. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşlərə ilk dəfə olaraq 1992-ci ilin mart ayının 12-də başlayıb.

Daxili Qoşunların 9 nəfər hərbi qulluqçusu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Onlardan 8 nəfəri bu fəxri adla ölümündən sonra təltif edilib. Kapitan Ənvər Arazov, baş leytenant  Elşad Yəhyayev, baş leytenant Mətləb Quliyev, baş leytenant Fəxrəddin Nəcəfov, baş leytenant Rövşən Abdullayev, çavuş İqor Makeyev, əsgər Səxavət Məhərrəmov və əsgər Ruslan Muradov Birinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyümüzün bərpası uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. Müharibə sınaqlarından keçərək ağır yaralanmış və əlil olmuş Sahil Məmmədov isə bu gün istefada olan polis polkovnikidir.

Ümumiyyətlə, Birinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlər zamanı Dахili Qоşunlаrın şəхsi hеyətindən 682 nəfər həlаk оlub, 4 nəfər itkin düşüb və 1179 nəfər isə yаrаlаnıb.

Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasına, silahlı cinayətkarların zərərsizləşdirilməsinə, mühüm dövlət obyektlərinin mühafizəsinə yönəlib, onun təyinatından irəli gələn vəzifələrin icrası ilə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilib, xarici ölkələrin müvafiq qurumları ilə hərbi əməkdaşlıq əlaqələri qurulub, geniş quruculuq işləri aparılıb, Daxili Qoşunların tərkibində Hərbi İnstitut, təlim mərkəzləri, helikopter eskadrilyası yaradılıb.

2002-ci ildə Daxili Qoşunların emblemi və döyüş bayrağı haqqında əsasnamələr, habelə onların təsvirləri təsdiq olunub. Hərbi qulluqçularımız təlim və məşğələlərdə yüksək döyüş hazırlığına yiyələnərək torpaqlarımızın işğaldan azad olunması kimi müqəddəs missiyanın yerinə yetirilməsinə hazırlaşıblar.

2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanılmasına öz layiqli töhfələrini veriblər. Ön cəbhənin müxtəlif istiqamətlərində Daxili Qoşunların şəxsi heyəti düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetirib. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər isə yaralanıb.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə Daxili Qoşunların 4 nəfər hərbi qulluqçusu - polkovnik Zəfər Yusibov, polkovnik Füzuli İmrəliyev, polkovnik-leytenant Nicad Bədəlov və mayor Şixamir Qaflanova (ölümündən sonra) “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qarabağ iqtisadi zonasında Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyata keçirdikləri lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və silahlanmış separatçılara ağır zərbələr vurulub. Uğurla həyata keçirilən bu tədbirlər nəticəsində bölgədə erməni separatizminə son qoyulub. Antiterror tədbirlərində igidlik göstərən Daxili Qoşunların şəxsi heyətindən 12 nəfər şəhid olub, 24 nəfər isə yaralanıb və xəsarət alıb. 

Daxili Qoşunların xidməti-döyüş fəaliyyəti Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun və Daxili Qoşunların komandanlığının daim nəzarətindədir. İstər silahlı cinayətkarlara qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də mühüm dövlət obyektlərinin mühafizəsində şəxsi heyət müsbət nəticələr əldə edib. Əlbəttə ki, bu uğurlar bilikli və bacarıqlı komandir heyətinin rəhbərliyi altında idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına ərsəyə gəlib.

Daxili Qoşunlarda bu gün ciddi nizam-intizam hökm sürür, şəxsi heyətin mənəvi-psixoloji durumu qənaətbəxşdir. Şəxsi heyət Prezidentə, dövlətə, xalqa məhəbbət və sədaqət ruhunda tərbiyə olunur. Hərbi hissələrin döyüş qabiliyyəti kifayət qədər yüksəkdir.

Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olaraq, respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak edib. Hərbi qulluqçularımız işğalına son qoyulan torpaqlarımızda polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində yüksək peşəkarlıq göstərərək, dövlət əhəmiyyətli müxtəlif xidməti-döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlirlər. Bu da Daxili Qoşunların cəmiyyətdə nüfuzunu artırır və vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır.

Mayor Anar Əhmədov

DİN-in Daxili Qoşunlarının

“Əsgər” qəzetinin redaktoru 

2025-03-12 08:10:29
3025 baxış

Digər xəbərlər

Ermənilərə köləlik edən

Malik və sahib olduğumuz ən böyük iki dəyər var - vicdan və zaman. Hər ikisinin itkisi ağrılıdır, acıdır. Əfsuslar olsun ki, bu günlərdə zamanımın təxminən 2 saatını itirdim. Vicdanlarını çoxdan itirmiş, daha doğrusu, lazımsız nəsnə kimi bir kənara atmış Arif Məmmədovun, Vidadi İsgəndərlinin və Sevinc Osmanqızının veb-kameralar qarşısında oturaraq özlərinə əl qatmalarına baxmalı oldum. Kimsə vadar etmədi - maraq almışdı məni ki, əcəba, insanda koqtiniv dissonans hansı səviyyədə və miqyasda olmalıdır ki, ağı qara, qaranı da bəmbəyaz kimi qələmə versin. Vidadi İsgəndərli ilə məsələ məlum. Adam qeyri-adekvat, hikkəli, absurdizm dalanlarında vurnuxan biridir. Mənə heç zaman maraqlı olmayıb, sadəcə, sırf eksperimentin tamlığı və təmizliyi səbəbindən dinlədim onu. Fransada "maison sociale"da yaşayan, "carte de secour" ilə dolaşan, OFPRA-dan rədd cavabı almamaq üçün bu ölkənin xüsusi xidmət orqanları ilə əlaqələr quran və "verbovka" edilməsini danan, "vicdanım haqqı" andını aman kimi sıralayıb ona baxanları nəyəsə inandırmağa çalışan vətənsiz, yurdsuz, amalsız biridir Vidadi İsgəndərli. O deyir ki, Fransa ordusuna çağırılarsa, vuruşacaq - Dağlıq Qarabağın və erməni işğalında olan digər ərazilərimiz uğrundasa əsla vuruşmaq niyyətində deyil. Üstəlik, ona avtomat verilərsə, həmin silahı ermənilərə qarşı çevirməyəcək: hədəf ermənilərlə üzbəüz duranlar olacaq. Belə deyir Vidadi İsgəndərli. İkinci məxluq Arif Məmmədovdur. 56 yaşlı A.Məmmədov 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışıb. Vəzifədən qovulandan sonra Belçikada siyasi sığınacaq alıb, indi Brüsseldə yaşayır. Özü haqqında yazıb ki, bəs "ingilis, fransız, rus, həbəş, ispan dillərində sərbəst danışır". Arif Məmmədovun diplomatik karyerasının belə sürətlə irəliləyişdə olması hələ də mənimçün qaranlıqdır. Vilayət Quliyev və Elmar Məmmədyarovun XİN başçısı postunda işlədikləri, daha doğrusu işlədiklərini göstərməyə çalışdıqları zamanı bu bacarıqsız, yarıtmaz nazirlərin yanlış qərarlarından biri də Arif Məmmədovun "diplomat"lığı idi. İndi bu "başabəla diplomat" bəyan edir ki, sən demə, Avropa ölkələrində və ABŞ-da azərbaycanlıların aksiyalarını rəsmi Bakı "təşkil edib". Səbəb? Arif Məmmədovun ağzından səslər tökərək dediyinə görə, sən demə, əsas məqsəd "xalqın diqqətini Azərbaycandakı hadisələrdən yayındırmaq"dır. İkinci məqsəd isə - gülməyin, Məmmədov ciddidir - "Avropa ölkələrində yaşayan siyasi mühacirləri "ovlamaq"dır". Bunu ona digər plintus səviyyəsi "bloqer" Tural Sadıqlı da deyibmiş. "Dərhal Belçika polisinə məlumat verdim. Mənə dedilər ki, narahat olmayın, məlumatımız artıq var", - Arif Məmmədov söyləyib. Onun Facebook-da paylaşdığı videoçıxışını ermənilər çox bəyəniblər. Maraqlı olan bu məxluqatların dedikləri yox, onların söylədiklərinin az qala eyni mətn üzrə bəyanatlar olmasıdır. Deyəsən, bu Yalıncıqları bir mərkəzdən idarə edirlər və onlar da "ifşaedici" çıxışlar üçün tezisləri eyni yerdən alırlar.  

Hamısını oxu
Respublika Günü milli dövlətçilik tariximiz, müstəqilliyimiz baxımından son dərəcə əhəmiyyətli bir gündür

28 May - Respublika Günü milli dövlətçilik tariximiz, müstəqilliyimiz baxımından son dərəcə əhəmiyyətli bir gündür. Ölkəmizin tarixində ən əlamətdar günlərdən biridir. 28 May Azərbaycan xalqının tarixi uğurudur. Bu tarixi nailiyyətin qorunmasında, yaşadılmasında və daha da möhkəmlənməsində ən mühüm rolu isə Azərbaycan Ordusu oynayır. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu əlamətdar günlə bağlı respublikamızın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında ordunun rolundan danışıb. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Cümhuriyyət dövründə əsası Səmədağa Mehmandarov, Əliağa Şıxlınski və digər generallarımız tərəfindən qoyulan Azərbaycan Ordusu, XX əsrin 90-cı illərində ulu öndər Heydər Əliyev tərəfindən müasir dövrün tələbinə uyğun olaraq yenidən formalaşdırılıb, güclü, nizami orduya çevrilib. Bu gün Azərbaycan Silahlı Qüvvələri yalnız regionun deyil, bütün dünyanın ən güclü orduları sırasındadır. Bu isə cümhuriyyət dövrünün generallarının, o dövrün hərbi-siyasi liderlərinin arzusunun reallaşması, onların istəklərinin gerçəkliyə çevrilməsi deməkdir. Təşkilatın sədr müavini bildirib ki, ordu respublikamızın, onun müstəqilliyinin və təhlükəsizliyinin qarantıdır. Məhz ordumuzun səyi, onun qüdrəti sayəsində müstəqilliyimizi qorumaq, ölkəmizə qarşı çoxsaylı təxribatların qarşısını almaq mümkün olub. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz daim möhkəmlənməkdə, döyüş hazırlığını, zərbə gücünü sürətlə artırmaqdadır. Bu gün Silahlı Qüvvələrimiz respublikamıza yönəlik istənilən təxribata layiqli cavab verməyə qadirdir. “Əminəm ki, Azərbaycan Ordusu yaxın gələcəkdə işğal altındakı ərazilərimizi azad edəcək, bununla da Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tam təmin edəcək. Bir daha xalqımızı Respublika Günü münasibəti ilə təbrik edir, onun keşiyində dayanan Silahlı Qüvvələrimizə uğurlar arzulayıram”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Xalq-dövlət birliyinin zəfər təntənəsi

Cəlilabad rayon Veteranlar Təşkilatı Vətən Müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyi münasibətilə “'Xalq-Dövlət birliyinin Zəfər təntənəsi" mövzusunda tədbir keçirib. Tədbirdən öncə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin büstü önünə tər qərənfil gülləri qoyulub,  şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra tədbir Veteranlar evində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmaqla  davam etdirilib. Tədbirdə Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman,  Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, "Qarabağ qaziləri" İctimai Birliyi Cəlilabad rayon filialının sədri Maşalla Əliyev, Vətən Müharibəsi iştirakçıları Nicat Sadıqov, Məhəmmədəli Verdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, veteran müəllim İsmayıl  Quliyev, ictimai fəaı Famil Səlimov və başqaları çıxış edərək  işğal olunmuş torpaqlarımızın azad olunmasında  əsgər və zabitlərimizin göstərdiyi şücaətdən fəxarətlə danışıblar, Vətən Müharibəsində Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin sərkərdəlik məharəti nəticəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxış edənlər qazandığımız şanlı Zəfərin  sarsılmaz Xalq-Dövlət birliyinin zəfər təntənəsi olduğunu  xüsusi vurğulayıbar. Tədbirdə oxunan vətənpərvər ruhlu şeirlər tədbir iştirakçılarına xoş duyğular yaşadıb.  

Hamısını oxu
“Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın diplomatik uğurudur”

“Bu gün Azərbaycan xalqı böyük qürur və fərəh hissi ilə Laçın rayonunun erməni işğalından azad olunmasının birinci ildönümünü qeyd edir. Hamıya məlum olduğu kimi Laçın rayonu Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində  Azərbaycana təhvil verilmişdir. Bundan əvvəl isə  noyabrın 9-da Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bununla da, Azərbaycan xalqı hərbi-siyasi yolla beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa edib”.   Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.   Deputat açıqlamasında bildirib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Burada diqqət çəkən əsas məqam bu üç böyük rayonun bir güllə atılmadan, bir şəhid vermədən azad edilməsidir. Azərbaycan Ordusunun hər üç rayonun azad edilməsi ilə bağlı hərbi planları mövcud olub, lakin bu bölgələrin çətin reylefi uğurun daha böyük itkilər hesabına olacağını deməyə əsas verir. Bu haqda cənab Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə əlaqədar xalqa müracətində belə demişdir :    “Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var... Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”. Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın hərbi sahədə olduğu kimi diplomatik sahədə də qazandığı böyük uğurun nəticəsidir.   T.Cəfərova qeyd edib ki, Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Bu rayon Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, 28 il sonra Laçın rayonunun düşmən işğalından azad olunması mühüm tarixi hadisə idi.   Regionun strateji əhəmiyyətini artıran hava limanlarına diqqət çəkən millət vəkili bildirib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Və işğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçına da tezliklə həyat qayıdacaq. Tezliklə, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək.   Bir daha Laçın rayonunun işğaldan azad olunması münasibətilə bütün laçınlılar olmaqla, Azərbaycan xalqını təbrik edirəm”.

Hamısını oxu