Digər xəbərlər
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Daşkənd səfərində əldə edilən uğurlar Azərbaycan-Özbəkistan münasibətləri tarixində ən yüksək nəticədir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəliov bildirib. Polkovnik qeyd edib ki, Daşkənd səfəri iki dövlət arasındakı münasibətlərin səmimilik və dərinliyini bütün əzəməti ilə üzə çıxardı: “Prezident İlham Əliyevin Daşkənd səfərində Azərbaycan-Özbəkistan əlaqələrinin yalnız bugününw deyil, həm də gələcəyini müəyyən edən mühüm razılaşmalar əldə edildi, mühüm bəyanatlar verildi. Verilən hər bir bəyanat, səslənən hər bir fikir göstərdi ki, Azərbaycan-Özbəkistan münasibətləri hər iki xalqın tarixi dostluğu ilə yanaşı, həm də gələcəyə dair birgə baxışına əsaslanır. Bu isə ilk növbədə sülh, tərəqqi və təhlükəsizliklə bağlıdır. Səfər zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin önəminə toxundu, bunun xalqın mənəvi birliyinin təmin edilməsindəki roluna diqqət çəkdi. Eyni zamanda, Özbəkistan Prezidenti bildirdi ki, Azərbaycanın dövlət başçısı Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir, bu yolda böyük nailiyyətlər əldə edir. Bütün bunlar dost Özbəkistan xalqının, onun timsalında bütün türk dünyasının Prezident İlham Əliyevə, onun sülh və tərəqqiyyə xidmət edən siyasətinə necə böyük qiymət verdiyini göstərir. Daşkənd səfərində diqqət çəkən məqamlardan biri də Prezidentlərin qarşıqlı şəkildə təltif edilməsi oldu. Prezident İlham Əliyev Özbəkistan Prezidentini “Heydər Əliyev” ordeni, Şafkat Mirziyoyev isə azərbaycanlı həmkarını ali dərəcəli “Dostluq” ordeni ilə təltif etdi. Məlum təltifetmə mərasimi Azərbaycan və Özbəkistan arasındakı qarşılıqlı inam və etimadın nə qədər böyük olduğunu, münasibətlərin həqiqi dostluq və qardaşlığa söykəndiyini, tərəflərin bu münasibətləri inkişaf etdirməkdə nə qədər qərarlı olduğunu bir daha sübut edir. Səfər zamanı Prezident İlham Əliyev Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında iştirak etdi, bir sıra elm və mədəniyyət mərkəzləri ilə tanış oldu. Tərəflər təhsil və mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməklə bağlı istəklərini bəyan etdilər. Artıq hər kəs əmindir ki, Azərbaycan-Özbəkistan münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdə davam edəcək, münasibətlərin bu şəkildə inkişafı hər iki xalqın sosial rifahının, mənəvi birliyinin yüksəlməsinə, sülh və təhlükəsizliyin etibarlı şəkildə təmininə böyük töhfə verəcək. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı bütün türk dünyasının birlik və inkişafına xidmət edəcək ki, bu da milli maraqlarla yanaşı, həm də ümumtürk maraqları baxımından mühüm əhəmiyyətə malikdir”. Seymur ƏLİYEV
Hamısını oxu
AZƏRTAC xəbər verir ki, görüşdə Macarıstanın Baş naziri Viktor Orban ölkəsinə səfərə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev Macarıstanın Milli günü münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı bu ilin yanvarında Macarıstana səfərini və səfər zamanı aparılmış səmərəli və əhatəli müzakirələrin vacibliyini vurğuladı, əldə edilmiş razılaşmaların uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Macarıstanın Baş nazirini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu. Görüş əsnasında Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulandı. Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edildi, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunuldu, ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirildi və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulandı. Elm-təhsil sahəsində əməkdaşlıq qeyd edildi, xüsusilə Macarıstanda azərbaycanlı tələbələrə ali təhsil üzrə təqaüdlərin verilməsi təqdir olundu, gələcəkdə peşə təhsili sahəsində də əməkdaşlıq məsələləri xüsusi vurğulandı. Söhbət zamanı, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin önəmi qeyd olundu, Orta Dəhlizin əhəmiyyəti və yükdaşımaların artması vurğulandı. Görüşdə ölkələrimizin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edildi.
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı şəhid Məzahir Ağayev adına Üçtəpə kənd tam orta məktəbi ilə birlikdə birinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış Ağayev Sənan Qədir oğlunun anım günü ilə bağlı tədbir keçirib. Tədbirdən öncə Şəhidlər Kompleksi önünə tər gül dəstələri qoyulub. Tədbirdə Dövlət himni səsləndilib, ərazi bütövlüyümüz uğrunda qurban getmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, həmin məktəbin direktoru Adışirin Kazımov, şəhid atası Nazim Paşayev, Üçtəpə kənd ərazi nümayəndəsi Hafiz Əliyev, Qarabağ qazisi Asəf İsmayılov və başqaları çıxış edərək torpaqlarımızın azadlığı naminə əlinə silah alıb Vətənin müdafiəsinə qalxan oğulların şücaətindən danışılıb, onların adlarının həmişə xalqımızın yaddaşında yaşayacağını xüsusi olaraq vurğulayıblar. Şagirdlərin ifasında sələnən vətənpərvər ruhlu şeirlər maraqla qarşılanıb. Sonda şəhidin qardaşı Nadir Ağayev şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. Tədbirdən sonra kənd qəbiristanlığında şəhid Sənan Ağayevin məzarı ziyarət olunub və şəhidlərimizin ruhuna dualar oxunub.
Hamısını oxu
Keyfiyyətsiz kosmetoloji vasitələrin insan sağlamlığına təsiri son dövrlərdə daha çox müzakirə olunan mövzulardan biridir. Bu barədə daha ətraflı məlumat almaq üçün Moderator.az olaraq kosmetoloq Günel Novruzi ilə həmsöhbət olduq. – Günel xanım, keyfiyyətsiz kosmetoloji vasitələr dedikdə nə başa düşülür? – Keyfiyyətsiz kosmetoloji vasitələr dedikdə tərkibi standartlara uyğun olmayan, sertifikasiyadan keçməyən və ya mənşəyi məlum olmayan məhsullar nəzərdə tutulur. Bu cür vasitələr həm də saxlanma və istehsal qaydalarına əməl olunmadan hazırlanmış ola bilər ki, bu da onların təhlükəliliyini daha da artırır. – Bu məhsulların istifadəsi dəridə hansı ilkin fəsadlara səbəb olur? – Ən çox rast gəlinən hallar allergik reaksiyalar və dəri qıcıqlanmalarıdır. İstifadəçilərdə qızartı, qaşınma, səpkilər, quruluq və bəzən də kimyəvi yanıqlar müşahidə olunur. Xüsusilə həssas dəriyə malik insanlarda bu təsirlər daha ağır keçir. – Bəs bu təsirlər yalnız dəridə qalır, yoxsa daha ciddi nəticələr də mümkündür? – Təəssüf ki, təsirlər bununla məhdudlaşmır. Bəzi keyfiyyətsiz məhsulların tərkibində ağır metallar məsələn, civə və ya qurğuşun olur. Bu maddələr zamanla dəri vasitəsilə orqanizmə daxil olaraq daxili orqanlara təsir göstərə bilər. Bu isə sinir sistemi problemləri, böyrək və qaraciyər funksiyalarının pozulması kimi ciddi fəsadlara yol aça bilər. – Kosmetoloji prosedurlarda istifadə olunan keyfiyyətsiz vasitələr nə kimi risklər yaradır? – Bu, daha təhlükəli sahədir. Qeyri-standart dolğular və ya sertifikatsız inyeksiyalar infeksiya riskini artırır, toxumaların zədələnməsinə, şişkinliklərə və hətta qalıcı deformasiya hallarına səbəb ola bilər. – Bu məhsullar hormonal balansı da poza bilərmi? – Bəli, bəzi kosmetik vasitələrin tərkibində endokrin sistemə təsir edən maddələr olur. Bu maddələr hormonal balansı poza bilər və nəticədə sızanaqların artması, saç tökülməsi və digər problemlər yarana bilər. – Uzunmüddətli istifadə zamanı daha ciddi xəstəlik riski varmı? – Əlbəttə. Tərkibində kanserogen maddələr olan kosmetik vasitələrin uzun müddət istifadəsi hüceyrə dəyişikliklərinə səbəb ola bilər və bu da xərçəng riskini artırır. – Qarşıdan yay mövsümü gəlir, bu dövrdə xüsusilə nələrə diqqət edilməlidir? – Yay aylarında dəri daha həssas olur və günəş şüalarına birbaşa məruz qalır. Bu səbəbdən keyfiyyətsiz kosmetik vasitələrin istifadəsi daha ağır nəticələr verə bilər. İlk növbədə günəşdən qoruyucu (SPF) məhsulların keyfiyyətli və sertifikatlı olmasına diqqət yetirilməlidir. Ucuz və tərkibi bilinməyən SPF vasitələri dərini qorumaq əvəzinə zərər verə bilər. Eyni zamanda yayda məsamələr daha tez tıxandığı üçün ağır, yağlı və keyfiyyətsiz makiyaj vasitələrindən uzaq durmaq lazımdır. Dərinin nəfəs almasına imkan verən, yüngül və dermatoloji cəhətdən yoxlanılmış məhsullara üstünlük verilməlidir. Həmçinin, açıq havada edilən kosmetoloji prosedurlar və ya steril olmayan şəraitdə aparılan müdaxilələr infeksiya riskini artırdığı üçün bu məsələdə daha diqqətli olmaq vacibdir. Su ilə təmasın artdığı yay mövsümündə (hovuz, dəniz) istifadə olunan kosmetik vasitələrin dəriyə uyğunluğu və keyfiyyəti xüsusilə önəmlidir. Keyfiyyətsiz məhsullar günəş və su ilə birlikdə dəridə ləkələrin yaranmasına və qıcıqlanmanın artmasına səbəb ola bilər. – İstifadəçilərə ümumi olaraq nə tövsiyə edərdiniz? – İnsanlar kosmetik vasitələri alarkən onların sertifikatına, tərkibinə və istehsalçı brendinə diqqət yetirməlidirlər. Çox ucuz və mənşəyi bilinməyən məhsullardan uzaq durmaq lazımdır. Eyni zamanda kosmetoloji prosedurlar yalnız peşəkar və lisenziyalı mütəxəssislər tərəfindən aparılmalıdır. – Sonda bu mövzu ilə bağlı nəyi vurğulamaq istərdiniz? – Gözəllik naminə sağlamlığı riskə atmaq düzgün deyil. Keyfiyyətsiz kosmetoloji vasitələr qısa müddətli effekt versə də, uzunmüddətli ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə yay mövsümündə dəriyə qulluq daha diqqətlə aparılmalı və yalnız etibarlı məhsullardan istifadə edilməlidir. Seymur ƏLİYEV
Hamısını oxu