Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nəsimi rayonunda faşizm üzərində tarixi Qələbənin 73-cü ildönümü qeyd olunmuşdur

II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 73-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunda çox geniş və təntənəli  şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar   rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində veteranlarla görüşlər, mədəniyyət müəssisələrində tədbirlər təşkil olunmuşdur. Qələbə günü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda  Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Tədbrin əvvəlində orkestrin ifasında Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilmiş, rayon məktəblərinin “Şahinlər” komandalarının rəsmi keçidi olmuşdur. Tədbirdə  Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Natiq qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar bu gün hər birimiz üçün əzizdir. Bildirilmişdir ki, II Dünya müharibəsində faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır. Müharibə başlananda respublikada orduya səfərbərlik ümümxalq hərakatına çevirilmiş, Azərbaycandan ordu sıralarına 680 min nəfərdən çox insan səfərbərliyə alınmışdır. Müharibə illərində Leninqrad, Moskva, Sevastopol, Odessa, Stalinqrad, Kiyev və digər şəhərlər uğrunda gedən şiddətli döyüşlərdə, partizan əməliyyatlarında, Berlin uğrundakı döyüşlərdə Azərbaycan döyüşçüləri igidlik göstərmişlər.  Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuş,  121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına,  34 nəfər «Şöhrət» ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. 1941 - 1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salınmış, döyüşən ordunun yanacaqla təminatında böyük işlər görülmüşdür. Ümumilikdə müharibə illərində  SSRI - də çıxarılan neftin 69%-ni Bakı vermişdi.   Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyyə hospitalı yaradılmışdır. Azərbaycan  xalqı bu gün də müharibədəki iştirakı dövrü ilə fəxr edir. Ulu öndər Heydər Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. O, qeyd etmişdir ki, «Azərbaycanın bütün ictimaiyyəti, bütün  Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır». Ulu öndərin  layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətili tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır.  Qələbənin 73 illiyi ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin   sərəncamı   ilə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə veteranlar adından minnətdarlığını bildirmiş, Nəsimi rayonunda veteranlarla aparılan işi yüksək qiymətləndirərək Veteranlar Təşkilatının 2 dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 100 illiyi münasibəti ilə təsis etdiyi  Yubiley medalını Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif  Əsgərova təqdim etmişdir. Tədbirdə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin rəsm sərgisi nümayiş olunmuşdur. 2 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin rəqsləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır. Daha sonra  1941-1945 abidəsinin  önünə əklil qoyulmuş, rayon rəhbərliyi, veteranlar, tədbirdə iştirak edən qonaqlar,  abidənin önünə tər çiçəklər düzmüşlər. Tədbirin sonunda təşkil edilmiş çay süfrəsi arxasında  veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr təqdim edilmişdir.  Səhhəti  ilə əlaqədar tədbirdə iştirak edə bilməyən   veteranların yaşadıqları mənzillərdə olunmuş, onlara bayram sovqatları çatdırılmışdır.

2018-05-05 00:00:00
3996 baxış

Digər xəbərlər

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib.

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov və Təşkilatın Rəyasət Heyəti Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun vəfatından kədərləndiyini bildirir, şəxsən öz adından və Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti adından yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin

Hamısını oxu
“Ordumuzun qüdrətinin artırılması və türk dövlətləri ilə hərbi əməkdaşlıq günün tələbi, zamanın diktəsidir”

“Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin artırılması, eləcə də türk dövlətləri ilə hərbi əməkdaşlığın daha da genişlənməsi günün tələbi, zamanın diktəsidir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkov nik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dünən dövlət başçısının yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər sadəcə dövlətimizin deyil, bütün türk dünyasının gələcək təhlükəsizliyi baxımından mühüm amil və istiqamətləri əhatə edir: “Dövlət başçısı yerli televiziyalara müsahibəsində bir kəs daha güclü olmağın, ordunun döyüş hazırlığını, peşəkarlğını artırmağın son dərəcə zəruri olduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, dünyada baş verən proseslər güc faktorunun həlledici rol oynadığını, dövlətlərarası münasibətlərin “kim güclüdürsə, o da haqlıdır” prinsipi ilə idarə edildiyini göstərir. Həqiqətən də, bu gün müasir dünyada baş verən proseslər sübut edir ki, artıq beynəlxalq hüquq heç bir dövlətin təhlükəsizliyini təmin etməyə, hər hansı təcavüzün qarşısını almağa, yaxud təcavüzkarı cəzalandırmağa qadir deyil. Bu gün təhlükəsizliyin yeganə qarantı hərbi gücdür. Məhz buna görə də dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin gücünü mütəmadi şəkildə artırmağa, ordumuzun texniki təchizatını, peşəkarlığını yüksəltməyə xüsusi diqqət göstərir. Bildiyiniz kimi, bu il dövlətimiz təhlükəsizlik və müdafiə xərclərini ötən illə müqayisədə 4% artırıb. Bu, dövlətimizin, Prezidentimizin xalqımızın və dövlətimizin təhlükəsizliyinə necə böyük diqqət və məsuliyyətlə yanaşdığını, ölkəmizi gələcək təhdid və təhlükələrdən qorumaq üçün necə uzaqgörən siyasət sərgilədiyini göstərir. Dövlət başçısnın çıxışında yer tutan mühüm məsələlərdən biri də milli hərbi sənayenin inkişafı, eləcə də müştərək hərbi müəssisələrin yaradılması oldu. Hansı ki, yerli hərbi sənayenin inkişafı təhlükəsizliyimizin təminatının mühüm şərtlərindən biridir və ölkəmiz bu istiqamətdə də prinsipial addımlar atmaqdadır”. Polkovnik Azərbaycanın digər türk dövlətləri ilə hərbi əməkdaşalığı genişləndirmək istəyinə də diqqət çəkdi: “Prezident İlham Əliyev müsahibəsində türk dövlətləri ilə hərbi əməkdaşlığı genişləndirməyin, birgə hərbi təlimlər keçirilməyin vacibliyini də qeyd etdi. Bunun türk dünyasının təhlükəsizliyinin təmini baxımından vacib olduğunu vurğuladı və bildirdi ki, əgər bütün tərəflərin razılığı olarsa,  elə bu il birgə hərbi təlimlər baş tutacaq. Bir məqamı da qeyd edək ki, türk dövlətlərinin birgə hərbi təlimlər keçirməsi, hərbi əməkdaşlığı genişləndirməsi yalnız Azərbaycan və Türkiyənin deyil, bütün türk dünyasının marağına uyğundur. Bu, türk dünyasının təhlükəsizliklə bağlı problemlərə vahid strategiyadan yanaşması, bir-birlərinin təhlükəsizliyi ilə bağlı təhdidlərə biganə qalmayacağı deməkdir. Bu baxımdan türk dövlətləri arasında hərbi əməkdaşlığın genişləndirilməsi bütün türk dünyasının təhlükəsizliyi baxımından həyati əhəmiyyət kəsb edir. İnanıram ki, türk dövlətləri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin irəli sürdüyü bu təklifi dəstəkləyəcək, məlum istiqamətdə əməli addımlar atmaqla bütün dünyaya türk dünyasının hərbi əməkdaşlıq məsələsində də həmrəy olduğunu göstərəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Borçalıdan cəbhəyə uzanan yol: Əli Qurban oğlu Əliyevin döyüş yolu

 Borçalı əsrlərlə sınanmış, sınsa da sınmamış, zamanın qasırğalarından alnıaçıq çıxmış qədim türk yurdudur. Elə bir yurd ki, o dağ kimi əyilməz oğulları ilə tanınır. Borçalı öz adını qürurla daşıyan, milli şüurunu əsrlər boyu qoruyub saxlayan igid bir el olaraq tarixən Qarapapaq türklərinin məskəni olmuşdur. Qarapapaqlar təkcə at belində torpağını qorumamış, həm də sazla-sözlə, ədəbiyyatla, mədəniyyətlə millətin yaddaşını yaşatmışlar. İgidlik, sədaqət və torpaq sevgisi bu xalqın qanındadır. Borçalı, məhz bu igid elatın - Qarapapaq türklərinin  əməyi, zəhməti və hünəri ilə qəhrəmanlar yurduna çevrilmişdir. XX əsrin ən qanlı hadisəsi olan İkinci Dünya Müharibəsində də Borçalı susmadı. Bu ulu torpaq minlərlə övladını cəbhəyə yola saldı kimisi analarının duası ilə, kimisi isə doğmalarının göz yaşları içində. Lakin hamısının bir amalı vardı: xalqının şərəfini, torpağının qeyrətini qorumaq. O dövrdə Gürcüstan ərazisi faşist Almaniyası tərəfindən işğala və bombardmana məruz qalmamışdı, lakin bu, onun xalqının müharibəyə laqeyd qalması demək deyildi. Gürcüstandan 700 min nəfər İkinci Dünya Müharibəsində iştirak etdi. Bu adlar arasında Azərbaycanlı döyüşçülər də xüsusi yer tutur ki,  onlar milliyyətə və dinə baxmadan eyni ideal uğrunda can verdilər. Bu igidlərdən biri də Əli Qurban oğlu Əliyev idi. O, 1924-cü ildə Borçalıda, Qarapapaq igidlərinin sıralarından çıxmış bir ailədə dünyaya göz açmışdı. 1942-ci ildə cəmi 18 yaşı olarkən Vətənin çağırışına cavab verdi və könüllü olaraq Sovet Ordusu sıralarına yazıldı. Əvvəlcə 1018-ci atıcı alayının tərkibində döyüşlərə qatıldı. Daha sonra 176-cı atıcı diviziyanın heyətində faşizmə qarşı mübarizəni davam etdirdi. Bu diviziya müharibənin ən ağır cəbhələrində xüsusilə Stalinqrad döyüşü və Dnepr əməliyyatı kimi strateji savaşlarda iştirak etmişdi. Əli Əliyev üçün müharibə sadəcə güllə və barıt deyildi. Bu, əqidənin, imanın və xalqına sədaqətin sınaq meydanı idi. 1943-cü ilin yazında baş verən ağır döyüşlərdən birində ağır yaralandı və EQ 1451 saylı hərbi qospitalda uzun müddət müalicə aldı. Həkimlərin səyi nəticəsində sağaldı, lakin döyüş meydanına qayıtmaq mümkün olmadı. Bununla belə Əli Əliyev arxa cəbhədə fəal iştirak etdi müharibədən sonra dağıdılmış həyatı yenidən qurmaq mübarizəsinə qoşuldu. 1943-cü il sentyabrın 1-də ordu sıralarından tərxis olundu və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Bu medal təkcə onun şəxsi igidliyinin nişanəsi deyildi. Bu həm də Borçalı torpağının adına yazılmış bir şərəf lövhəsi idi. Borçalı əsrlər boyu təkcə mədəniyyətin deyil, qeyrətin, sədaqətin və fədakarlığın da beşiyi olub. Qarapapaq igidlərinin nəsildən-nəslə ötürdüyü bu dəyərlər savaş illərində bir daha sübut olundu. Müharibə başa çatsa da, yaddaşlar heç vaxt susmadı. Hər kənddə, dağın ətəyində, torpaq parçasında bir qəhrəman yatır. Onların ayaq izləri, adları xalqın qəlbində əbədiyyətə çevrilib. Gürcüstanda da 9 May – Qələbə Günü xüsusi ehtiramla qeyd olunur. Tbilisinin qəlbində Vake parkında "Naməlum əsgər"in məzarı üzərinə qoyulan hər bir çiçək, əslində unudulmayan bir andın, silinməyən bir yaddaşın nişanəsidir. Hər gül, hər ziyarət, hər baxış bu torpağın o igid övladlarına ehtiramdır. Əli Qurban oğlu Əliyev tək bir əsgərin adı deyil, bir millətin ləyaqət rəmzidir. Onun timsalında Borçalı igidləri, Gürcüstandan çıxan mərd azərbaycanlılar, vətən torpağı üçün canından keçən bütün qəhrəmanlarımız bir daha ucalır gözümüzdə. Biz onların yoluna həm baş əyir, həm də onların yolunda addımlayırıq. Bu torpaq qəhrəmanların canı ilə yoğrulmuş müqəddəs əmanətdir. Onların qanı ilə yazılan tarix, alın təri ilə sulanan azadlıq, sevgisi ilə möhkəmlənən birliyimiz bu günkü müstəqil Azərbaycanın ruhudur. Əli Qurban oğlu Əliyevin timsalında biz zamanı yarıb gələn səslərə qulaq asırıq. Onlar deyir:“Unutmayın bizi, çünki siz bizimlə varsınız, biz də sizinlə yaşayırıq...”             Cəlil Xəlilov: Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik  

Hamısını oxu
“Aprel döyüşləri düşmənə tarixi gözdağı, əbədi ibrət dərsidir”

Cəlil Xəlilov: “Əgər Ermənistan bu döyüşlərdən lazımi nəticə çıxartsaydı, indiki acınacaqlı duruma düşməzdi”   2016-cı ilin aprel döyüşlərinin beşinci ildönümüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov aprel döyüşlərinin mühüm tarixi və hərbi əhəmiyyətə malik olduğunu qeyd edib:   “2016-cı ilin aprel döyüşləri və bu döyüşlər zamanı Azəbaycan ordusunun əldə etdiyi qələbə həm hərbi, həm tarixi, həm də mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir.  Bir sıra yüksəkliklərin və yaşayış məntəqələrinin Ermənistan ordusunun işğalından azad edilməsi ilə nəticələnən bu döyüşlər zamanı, Azərbaycan ordusu öz gücünü, qüdrətini düşmənə göstərdi, işğalçıların yarılmaz, keçilməz hesab etdiyi möhkəmləndirilmiş müdafiə xətlərini bir həmlə ilə keçdi. Azərbaycan ordusunun aprel döyüşləri zamanı ordaya qoyduğu əzm və iradə Ermənistan ordusunu sarsıtdı, onu geri çəkilməyə məcbur etdi. Azərbaycan ordusu əməli surətdə sübut etdi ki, işğaldakı torpaqları azad etməyə qadirdir və heç bir qüvvə ona mane ola bilməz.   Bu baxımdan aprel döyüşləri düşmənə tarixi gözdağı və əbədi ibrət dərsidir. Lakin təəssüflər olsun ki, Ermənistan 2016-cı ildə yaşadığı bu acı məğlubiyyətdən lazımi dərs çıxarmadı. Əgər Ermənistan aprel döyüşlərindən lazımi nəticə çıxarsaydı, işğalçılıq siyasətindən əl çəkər, nəticə etibari ilə indiki acınacaqlı, rüsvayçı duruma düşməzdi. Ancaq Ermənistan aprel döyüşlərindən sonra da işğalçılıq, terror və təxribatçılıq siyasətini davam etdirməyə cəhd etdi. Nəticədə, Ermənistanın yürütdüyü işğal siyasəti, davamlı təxribatlar 44 günlük Vətən Müharibəsi ilə nəticələndi ki, bu da Ermənistan ordusunun darmadağın edilməsi ilə yekunlaşdı. Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqları azad edən şanlı Azərbaycan ordusunun sürətli hücumu, ölümcül həmlələri nəticəsində düşmən kapitulyasiya sazişini imzalamağa məcbur oldu. Müharibə Ermənistanın hərbi potensialının 80%-nin məhv olması, kütləvi fərarilər ordusunun meydana çıxması, Ermənistan iqtisadiyyatının tamamilə məhv olması ilə nəticələndi.   Artıq aprel döyüşlərinin beşinci ildönümüdür. Torpaqlarımız düşmən işğalından azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Ancaq sadəcə  bu gün deyil, illər, əsrlər sonra da aprel döyüşləri, bu döyüşlər zamanı ordumuzun sərgilədiyi qəhrəmanlıq qürur hissi ilə yad ediləcək, fərəhlə xatırlanacaq.   Veteranlar olaraq bu döyüşlərdə şəhid olan igidlərimizi ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Onlar sonsuz qədər Azərbaycan xalqının qəlbində yaşayacaqlar”.   Seymur ƏLİYEV  

Hamısını oxu