Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Operativ Qərargah: Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Bu barədə AZƏRTAC-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda bildirilir ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə: • yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur; • bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür; • restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla); Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda, xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır. Eyni zamanda, 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə: • muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur; • 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda, insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir. Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır: • yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması; • xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması; • bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması; • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması; • “ASAN xidmət” və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması; • dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması; • toy məclislərinin təşkilinin qadağan olunması; • bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması; • tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması; • ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması; • əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması; • muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması; • nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılması; • ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması; • Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması; • tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi; • idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla); • masaj və hamam xidmətlərinin göstərilməsi. Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bir daha vurğulayırıq ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan, COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

2020-05-15 00:00:00
3241 baxış

Digər xəbərlər

Veteranlara ərzaq sovqatlarının çatdırılması işi davam etdirilir

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımları paylanılır. AZƏRTAC xəbər verir ki, aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlara dəstək göstərməkdir. Aksiya çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və qurumun mətbuat xidmətinin əməkdaşı Şəhla Qarayeva, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Quba, Qusar, Xaçmaz, Nabran və Siyəzəndə yaşayan İkinci Dünya müharibəsi veteranlarına və onların ailələrinə ərzaq məhsullarından ibarət sovqatlar çatdırılıb. Veteranlarla görüşlərdə Respublika Veteranlar Təşkilatının nümayəndələri ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsinin, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmamasının və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara riayət edilməsinin vacibliyini vurğulayıblar. Təşkilatın nümayəndələri ilə görüşən rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri koronavirus pandemiyasının yayıldığı çətin dövrdə müharibə veteranları üçün başladılan yardım aksiyasını yüksək qiymətləndiriblər. Xatırladaq ki, təşkilat “Evdə qal, həyatları xilas et!” çağırışı ilə veteranlara müraciət edərək, onları və əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edib. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Aksiya Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir. Qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən keçirilən və Bakının rayonlarını da əhatə edəcək aksiya iyulun sonunda yekunlaşacaq.

Hamısını oxu
Ordu quruculuğu - böyük Qələbəni təmin edən vacib amil

Hamısını oxu
“Onun əlləri uşaq və qadınların qanına batıb”

Asim Mollazadə: “Ruben Vardanyanla bağlı verilən qərar haqqın, ədalətin təntənəsidir” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan bakı Hərbi Məhkəməsinin qəararı ilə 20 il azadlıqdan məhrum edilib.  Məhkəmə sübut edib ki, Ruben Vardanyan  Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma, əhalini məcburi köçürmə, təqib, insanları zorakılıqla yoxa çıxarma, beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə, işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, cinayətkar birlik (təşkilat) yaratma, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə, aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə cinayətlərini törədib. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, Ruben Vardanyanla bağlı Bakı Hərbi Məhkəməsi tərəfindən verilən hökmü ədalətin tənətənəsi kimi dəyərləndirib: “Şübhəsiz, Azərbaycan xalqına qarşı ağır cinayətlər törədən Ruben Vardanyanın 20 il müddətinə azadlıqdan məhrum edilməsi haqqın, ədalətin təntənəsidir və alqışlanmalıdır. Çünki bu şəxs mülki insanlara qarşı dəhşətli cinayətlərə yol verib, bir-birindən qorxunc əməllər törədib. Onun əli günahsız insanların - uşaq və qadınların qanına batıb. Bu səbəbdən onun cəzalandırılması həm qanunun, həm də ədalətin öz yerini tapması baxımından zəruri idi. Hesab edirəm ki, Ruben Vardanyanla bağlı Bakı Hərbi Məhkəməsinin verdiyi qərar digərləri üçün də görk olmalı, Azərbaycana qarşı bədxah, məkirli niyyət güdən hər kəs baş verənlərdən nəticə çıxarmalıdır. Hər kəs bilməlidir ki, Azərbaycan dövləti Azərbaycan xalqına qarşı törədilən heç bir cinayəti cavabsız qoymur və gələcəkdə də bütün cinayətkarlara münasibətdə eyni qətiyyəti sərgiləyəcək”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Heydər Əliyev İli”nin elan edilməsi Ümummilli Liderin ideyalarının təbliği baxımından əhəmiyyətlidir

“Heydər Əliyev İli” Ulu Öndərin ideyalarının təbliğinə mühüm töhfə verəcək. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, gənc nəslin Heydər Əliyev ideyalarını mənimsəməsi, bu ideyaları dərk etməsi dövlətimizin və dövlətçiliyimizin inkişafı, işıqlı gələcəyi baxımından olduqca önəmlidir: “Prezident İlham Əliyev Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq 2023-cü ili “Heydər Əliyev İli” elan edib. Bu, bütün xalqın qəlbindən, ürəyindən xəbər verən addımdır. Xalqın Heydər Əliyevə olan sevgisi, ona ehtiramı hər kəsə məlumdur və bu sevgi Azərbaycan xalqı, Azərbaycan dövləti kimi əbədidir. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Ümummilli Liderin ideyalarının təbliği, bu ideyaların gənc nəslə daha dərindən aşılanması baxımından olduqca əhəmiyyətlidir. “Heydər Əliyev İli” ilə bağlı həyata keçiriləcək layihələr, tədbir və görüşlər, Ulu Öndərlə bağlı yazılacaq məqalə və kitablar, ərsəyə gətiriləcək sənədli filmlər gənclərə imkan verəcək ki, onlar bu dahi şəxsiyyətin ideyalarını daha dolğun şəkildə mənimsəsinlər. Onun Vətən, xalq, dövlət sevgisindən özləri üçün nəticə çıxarsınlar. Fəaliyyətlərində Heydər Əliyev ideyalarını rəhbər tutsunlar. Azərbaycanda nizami ordunun formalaşdırılması, müstəqilliyimizin möhkəmlənməsi, neftimizin dünya bazarına çıxarılması, dövlətimizin siyasi nüfuzunun yüksəlməsi və sair kimi amillər bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hələ sovet dövründə azərbaycanlı hərbi kadrların yetişdirilməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi diqqət yetirib. Sovet dönəmində Azərbaycanın bir çox görkəmli ziyalıları məhz Heydər Əliyevin dəstəyi nəticəsində ciddi təzyiq və təhdidlərdən yaxa qurtara biliblər. Gənclərimiz Heydər Əliyevlə bağlı bütün bu faktları bilməli, onların hər biri Vətənə, xalqa sədaqətli və faydalı olmağa çalışmalıdırlar. Biz Heydər Əliyev ideyalarına, onun siyasi kursuna, qoyub getdiyi ənənələrə sadiqliyimizi Vətənimizə xidmətimizlə sübuta yetirməliyik”.

Hamısını oxu