Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın diplomatik uğurudur”

“Bu gün Azərbaycan xalqı böyük qürur və fərəh hissi ilə Laçın rayonunun erməni işğalından azad olunmasının birinci ildönümünü qeyd edir. Hamıya məlum olduğu kimi Laçın rayonu Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində  Azərbaycana təhvil verilmişdir. Bundan əvvəl isə  noyabrın 9-da Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Bununla da, Azərbaycan xalqı hərbi-siyasi yolla beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa edib”.

 

Bu sözləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 

Deputat açıqlamasında bildirib ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Burada diqqət çəkən əsas məqam bu üç böyük rayonun bir güllə atılmadan, bir şəhid vermədən azad edilməsidir. Azərbaycan Ordusunun hər üç rayonun azad edilməsi ilə bağlı hərbi planları mövcud olub, lakin bu bölgələrin çətin reylefi uğurun daha böyük itkilər hesabına olacağını deməyə əsas verir. Bu haqda cənab Prezident İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması ilə əlaqədar xalqa müracətində belə demişdir :

 

 “Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın rayonlarının çox çətin relyefi var... Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf olunacaqdı”. Ağdam, Kəlbəcər və Laçının itki vermədən azad olunması Azərbaycanın hərbi sahədə olduğu kimi diplomatik sahədə də qazandığı böyük uğurun nəticəsidir.

 

T.Cəfərova qeyd edib ki, Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Bu rayon Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Bu nöqteyi-nəzərdən qeyd etməliyik ki, 28 il sonra Laçın rayonunun düşmən işğalından azad olunması mühüm tarixi hadisə idi.

 

Regionun strateji əhəmiyyətini artıran hava limanlarına diqqət çəkən millət vəkili bildirib ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda beynəlxalq hava limanının tikintisinə start verilib. Azad edilmiş torpaqlarda ümumilikdə üç beynəlxalq hava limanı tikiləcək. Hava limanlarının mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti danılmazdır. Qeyd edək ki, Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, şübhəsiz ki, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Və işğaldan azad olunmuş digər rayonlarımızda olduğu kimi Laçına da tezliklə həyat qayıdacaq. Tezliklə, Laçın rayonu da Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm mərkəzlərindən birinə çevriləcək.

 

Bir daha Laçın rayonunun işğaldan azad olunması münasibətilə bütün laçınlılar olmaqla, Azərbaycan xalqını təbrik edirəm”.

2021-12-01 12:49:00
1309 baxış

Digər xəbərlər

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilə yekun vurdu

Hesabat müşavirəsində Cəmiyyətin sədri Şahvələd Əliyev geniş məruzə ilə çıxış etmişdir. O cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə həyata keçirilən ölkə və beynəlxalq əhəmiyyətli tədbirləri sadalayaraq dövlətimiz üçün yaddaqalan il olduğunu vurğulamışdır. Qarşıdakı ildə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan bir sıra mühüm tədbirləri diqqətə çatdırmışdır. Daha sonra demişdir ki, Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında hər zaman gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğini və ordumuzun əsas hərəkətverici qüvvəsi sayılan xüsusi hərbi ixtisaslı mütəxəssislərin və peşəkar hərbçi kadrlarının hazırlığı işini ön plana çəkmişdir. Buna görə də Cəmiyyət digər illərdə olduğu kimi qarşıya qoyulan vəzifələrin layiqli icrası üçün 2017-ci ildə də məsuliyyətlə çalışmışdır. Hesabat dövrünün bir sıra tədbirlərlə də yadda qaldığı və Cəmiyyət üçün əlamətdar il olduğu vurğulanmışdır. Cari ilin iyul ayında Cəmiyyətin 5 illik fəaliyyətini əks etdirən 25 dəqiqəlik sənədli hesabat filminin ərsəyə gətirildiyi və 80 səhifədən ibarət “Hərbi vətənpərvərlik” adlı hərbi ictimai-siyasi jurnalının dərc etdirildiyi diqqətə çatdırılmışdır. Xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığı işi ilə yanaşı hərbi vətənpərvərliyin təbliği istiqamətində vətəndaşlar və çağırışçılarla aparılan ardıcıl işlər, nəzərdə tutulan və  müvəffəqiyyətlə reallaşdırılan müxtəlif layihə və tədbirlər sadalanmışdır. Bildirilmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ilə əlaqədar, Azərbaycan Ordusunun sifarişi əsasında hesabat ilində 1730 nəfər çağırışçı sürücü, 228 nəfər aşpaz xüsusi hərbi ixtisaslı mütəxəssis kimi hazırlanaraq xüsusi hərbi ixtisaskeçmə haqqında sertifikatla təmin edilmiş və təyinatı üzrə xidmət yerlərinə göndərilmişdir. Bundan əlavə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 31043 nəfər vətəndaş müxtəlif kateqoriyalar üzrə sürücü kadr kimi hazırlanmışdır ki, bu da ötən illə müqayisədə 14 faiz, yəni 3737 nəfər artıqdır.   Müşavirəyə dəvət olunan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov əməkdaşlara təqdim edilmişdir. O “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin fəaliyyətini yaxından izlədiyini və Cəmiyyətin əhəmiyyətli işlər gördüyünü demişdir. Çıxışının sonunda Cəlil Xəlilov Cəmiyyət sədri Şahvələd Əliyevə və fərqlənən əməkdaşlara təşkilatın General Cəmşid Naxşıvanski yubiley medalını təqdim etmişdir. Cəmiyyətin sədri Şahvələd Əliyev isə öz növbəsində Cəlil Xəlilovu hərbi vətənpərvərlik işində fəal iştirakına görə Cəmiyyətin Fəxri Diplomu və qiymətli hədiyyə ilə mükafatlandırmışdır. Bundan əlvavə işində fərqlənən əməkdaşlara mükafatlar verilmişdir. Sonda 2018-ci ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər açıqlanmışdır.

Hamısını oxu
Müsəlman şərqində ilk dünyəvi qızlar məktəbi- 120 il

Bu gün - 7 oktyabr neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabidin Tağıyevin vəsaiti hesabına təsis edilmiş Bakı rus-müsəlman qız məktəbinin yaradılmasından 120 il ötür.   XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış məşhur mesenat H.Z.Tağıyev təkcə uğurlu sahibkar deyil, həm də görkəmli ictimai xadim idi. H.Z.Tağıyevin savadı və təhsili olmasa da, o, həmişə öz xalqının maariflənməsinə də xüsusi diqqət vermişdir. Həmçinin Tağıyev dəfələrlə Bakı dumasının üzvü seçilərək, şəhərin infrastukturunun inkişafına yönələn bir çox layihələrin hazırlanmasında və həyata keçirilməsində də iştirak etmişdir.   Həmin layihələrdən biri azərbaycanlı qızlar üçün dünyəvi məktəbin yaradılması  idi. 1896-cı ildə bu ideyanı Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biri,  xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev gerçəkləşdirdi.   Nəhayət, H.Z.Tağıyevin təşəbbüsü, min bir əzab-əziyyəti və maliyyə dəstəyi ilə 1898-ci ilin iyununda qız məktəbinin binasının inşasına başlanıldı. Bina Bakının mərkəzi küçəsində - Nikolayevski küçəsində tikilmişdi. Binanın baş memarı polyak əsilli görkəmli memar İosif Qoslavski olmuşdur.   Məktəbin açılışından öncə şagird və pedaqoji personalının formalaşdırılmasına başlanıldı. Əsasən məktəbə 7 yaşından yuxarı (sonralar yaş həddi 8-ə artırıldı) müsəlman qızlar qəbul olunurdu. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulurdu ki, onlardan 20 kasıb qız H.Z. Tağıyevin ianələri hesabına, 30 qız isə öz hesablarına oxuyur və məktəbin pansionunda qalırdılar. Lakin ödənişsiz təhsil almaq istəyənlərin sayı daha çox oldu. Hamilər Şurası H.Z.Tağıyevin təklifi ilə əlavə 13 kasıb qızın qəbul olunmasına qərar verdi. Qız məktəbinin açılışı ərəfəsində pulsuz oxuyan şagirdlərin sayı 35 nəfərədək artdı, cəmi qəbul olunanların sayı isə 58-ə çatdı. Beləliklə, əvvəlcədən nəzərdə tutulan plana rəğmən pulsuz oxuyan şagirdlərin sayı öz hesabına təhsil alanları üstələdi. Şagirdlər Şuşadan, Tiflisdən, Şimali Qafqazdan gəlmişdilər, Bakı sakinlərinin sayı isə az idi.   Nəhayət 7 oktyabr 1901-ci ildə Bakıda Nikolayevski küçəsindəki binada İmperatriçə Aleksandra Fyodorovna adına Bakı rus-müsəlman qız məktəbinin təntənəli açılışı oldu. “Kaspi” qəzeti bu hadisəni belə səciyyələndirdi: “Yeddi oktyabr günü Zaqafqaziyanın müsəlman əhalisinin ən mütərəqqi təbəqəsinin çoxdan arzuladığı qadın təhsili ideyasının nəhayət ki, gerçəkləşdiyi gün kimi yadda qalacaq”   Məktəbin daxili intizam qaydası haqqında qeyd edə bilərik ki, qapalı pansion idi, kişilərin oraya daxil olması qadağan edilmişdi. Şagirdlər forma, yemək, tədris vəsaitləri ilə bütövlüklə H.Z.Tağıyevin hesabına təmin edilirdilər. Ümumi fənlərlə yanaşı məktəbdə əl işi və evdarlıq üzrə təcrübi məşğələlər də keçirilirdi.   Ümumiyyətlə bu məktəb doğrudan da, müsəlman qızlar arasında ilk dünyəvi təhsilin, Azərbaycan xalqına savadlı ana bəxş etməsinin, ilk ziyalı qadın kadrların formalaşdırmasının, habelə Azərbaycanın müsəlman qadın təhsilinin təməlini qoydu.   Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr, Foto-neqativ materiallar fondlarında qız məktəbinin tədris prosesinin təşkilinə dair əhəmiyyətli materiallar qorunur. Ətraflı məlumat üçün muzeyin saytının nəşrlər bölməsinə nəzər yetirə bilərsiniz: http://azhistorymuseum.gov.az/az/book/29  

Hamısını oxu
Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərov V Dan qara kəmər dərəcəsinin fəxri diplomuna layiq görülüb

İyulun 5-də “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Karate Federasiyası və Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər Kuboku” turnirinin təntənəli açılış mərasimi baş tutub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Açılış nitqi ilə çıxış edən Azərbaycan Karate Federasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin müstəqil Azərbaycan Respublikasının tarixində oynadığı roldan danışıb. Daha sonra çıxış edən Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Anar Mirzəyev Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunmasından bəhs edib, 5-ci illiyini qeyd edəcəyimiz Zəfərin tarixi səlnaməsinin gənclərin vətənpərvərlik tərbiyəsindəki önəmini vurğulayıb. Milli Məclisin deputatları Fazil Mustafa və Vüqar Rəhimzadə Azərbaycanda idmana göstərilən qayğıdan və əldə edilən möhtəşəm qələbənin qazanılmasında idmançı gənclərin rolundan danışıblar. Tədbirdə çıxış edən Arpaçay İdman Birliyinin vitse-prezidenti Yavər Hüseynov Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərovun son illərdə, ölkəmizdə sağlam gənc nəslin yetişməsində xidmətlərinə, o cümlədən karate idman növünün inkişafına göstərdiyi diqqət və dəstəyə görə minnətdarlığını çatdırıb. Daha sonra Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev tərəfindən ölkəmizdə karate idman növünün inkişafında göstərdiyi xidmətlərə görə Arpaçay İdman Birliyinin prezidenti Əli Əsgərova V Dan qara kəmər dərəcəsinin fəxri diplomu təqdim edilib. Fərahim Sadiqin təşkilatçılığı ilə açılış mərasiminin bədii hissəsində müğənni Nurlan Ordubadlı “Yaşa, Azərbaycan” mahnısı, “Xan” qrupu xüsusi kompozisiya və Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ilə çıxış ediblər. Qeyd edək ki, 3 gün davam edən və uğurla başa çatan “Zəfər Kuboku” yarışında Azərbaycanın paytaxtı Bakı şəhərindən və regionlardan olan 40-dan çox klub və birlikdən 800-ə yaxın uşaq, yeniyetmə və gənc karateçi mübarizə aparıb. Turniri medal sayına görə 1-ci yerdə tamamlayan “Qara brilyant” klubu “Zəfər Kuboku”nun sahibi olub, ikinci yeri FHN komandası, üçüncü yeri isə “Qara qaplan” klubu tutub.  

Hamısını oxu
“DTX bu əməliyyatla bir daha sübut etdi ki, istənilən terror və təxribat cəhdinin qarşısı qətiyyətlə alınacaq”

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb. Görülən tədbirlər nəticəsində cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Mövzu ilə bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, DTX-nın keçridiyi bu əməliyyatın dövlətimizin təhlükəsizliyi baxımından mühüm önəm kəsb etdiyini bildirib: “DTX-nın eyni vaxtda 5 ölkədə paralel antiteror təbdirləri həyata keçirməsi, bu tədbirlər nəticəsində 10 nəfər şəxsin saxlanılması olduqca mühüm bir hadisədir. Bu, DTX-nın timsalında dövlətimizin gücündən, onun öz təhlükəsizliyini təmin etmək bacarığındna xəbər verir. Keçirilən əməliyyat sübut edir ki, DTX eyni vaxtda bir neçə ölkədə bu cür antiterror tədbirləri həyata keçirməyə qadirdir və gələcəkdə də dövlətimizin təhlükəsizliyi üçün hər hansı fədakarlıqdan çəkinməyəcək. Mən DTX rəhbərliyini, xüsusi xidmət orqanlarımızın hər bir əməkdaşını bu əməliyyat münasibətilə təbrik edir, onlar gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Bununla yanaşı, bu əməliyyat ölkəmizə qarşı təhdid və risklərin mövcudluğunu göstərir. Bu əməliyyat onu deməyə əsas verir ki, həm ölkəmizin daxilində, həm də ölkəmizdən kənarda öz məqsədlərinə zor yolu ilə, terror vasitəsi ilə çatmaq istəyən şəxslər var və onlar bütün cəmiyyət üçün təhlükəlidir”. Polkovnik Cəlil Xəlilov DTX-nın peşəkarlığını qeyd etməklə yanaşı, vətəndaşları da diqqətli olmağa, hüquq-mühafizə orqanlarının fəaliyyətinə informasiya dəstəyi verməyə səsləyib: “DTX-nın yüksək peşəkarlığa malik olduğu, dövltimizin və xalqımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayandığı hər kəsə məlumdur. Sözügedən qurumun haqqında danışdığımız sonuncə əməliyyatı da bunu sübut edir. Lakin bu da bir həqiqətdir ki, təhlükəsizlik ümumxalq işidir və bu məsələdə hər bir vətəndaş güc orqanlrına informasiya dəstəyi verməyi, onlarlla həmrəylik sərgiləməlidir. Yalnız bu halda biz dövlətimizin və xalqımızın etibarlı təhlükəsizliyini təmin edə bilərik”. Seymur ƏLİYEV  

Hamısını oxu