Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ordumuzun yaranmasının növbəti ildönümünü Qarabağda, Şuşada qeyd edəcəyimizə inanıram

İyunun 26-sı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 102-сi ildönümüdür.   Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə Azərbaycan ordusunun mövcud durumu, döyüş qabiliyyəti ilə yanaşı, Silahlı Qüvvələrimizin şanlı tarixinə, keçdiyi döyüş yoluna nəzər salmağa çalışdıq.   -Cəlil müəllim, qarşıdan Silahlı Qüvvələrimizin 102-ci ildönümü gəlir.   -Ordu tariximizi 3 dövrə bölmək olar: Cümhuriyyət dövrü, sovet dönəmi və yeni müstəqillik dövrü.   Azərbaycan ordusu 1918-ci ildə yaranıb və təəssüf ki, onun ömrü də Cümhuriyyətin ömrü kimi qısa olub. Lakin buna baxmayaraq, ordumuz böyük uğurlara imza atıb. Qısa zamanda 40 min nəfərlik ordu təşkil edilib. Qarabağda erməni qiyamının yatırılmasında, ərazi bütövlüyümüzün təmin olunmasında Azərbaycanm ordusu müstəsna rol oynayıb.   Həmin vaxt Azərbaycan ordusunun Şıxlınski, Mehmandarov kimi böyük sərkərdələri olub. Ordumuz onların rəhbərliyi altında sərhədlərimizi müdafiə edib, qaçaqmalçılığa, erməni işğalına qarşı mübarizə aparıb. Lakin gənc Azərbaycan ordusu bolşevik ordusu qarşısında davam gətirə bilmədi. Fəqət Azərbaycan xalqının yaddaşında böyük qəhrəmanlıqları ilə yadda qaldı və bu gün də qürurla xatırlanmaqdadır.   -Bəs sovet dönəmində Azərbaycanda hərbi işə maraq hansı səviyyədə idi?   -Azərbaycan sovetlər dönəmində də ordu quruculuğu prosesinə öz töhfəsini verdi.   1941-1945-ci illərdə faşizmə qarşı mübarizədə azərbaycanlı hərbçilər böyük rəşadətlər göstərdilər. Azərbaycanlılardan ibarət 5 milli diviziya yaradıldı ki, bu diviziyalar böyük qəhrəmanlıqlara imza atdı. Azərbaycan hərbçiləri göstərdikləri igidliklərə görə sadəcə SSRİ-nin deyil, həm də faşizmə qarşı mübarizədə iştirak edən digər dövlətlərin orden və medallarına layiq görüldü.   Azərbaycanlıların sovet ordusunda aktivlik sərgiləməsi 60-cı illərdən başlayır. Bu dövrə qədər azərbaycanlılar əsasən təmir-tikinti işləri aparan hərbi hissələrdə xidmət edirdilər. Onlar çox vaxt dili bilmir, bu səbəbdən də strateji sahələrdə xidmətə cəlb edilmirdilər.   60-cı illərin sonunda Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra sovet ordusunda azərbaycanlıların rolu artmağa başladı. SSRİ-də bir sıra ali məkəblər olsa da, azərbaycanlılar bu məktəblərə qəbul ola bilmirdi. Rus dilini bilməməkləri onların bu məsələdəki əsas çətinliklərindən biri idi. Heydər Əliyev bu məsələdə çox böyük əmək sərf etdi, xalqımız qarşısında tarixi bir xidmət göstərdi. O, SSRİ rəhbərliyi, Müdafiə Nazirliyi ilə danışıqlar apardı. Nəticədə, Azərbaycan gənclərinin bu ali məktəblərə konqurssuz qəbul edilməsinə nail oldu.   Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, daha sonra bu liseyi bitirən şəxslərin SSRİ-nin ali hərbi məktəblərinə göndərilməsi Azərbaycanda zabit kadrlarının hazırlanmasına xüsusi təkan verdi. Bu, Heydər Əliyevin xalqımız və ordumuz qarşısındakı çoxsaylı xidmətlərindən biri idi.   -Azərbaycan ordusunun Qarabağ müharibəsi dönəmindəki fəaliyyətini necə qiymətləndirrisiniz?   -Qarabağ müharibəsi başlayanda Azərbaycanda faktiki olaraq ordu yox idi. Bir müddət könüllülər bu sahədəki boşluğu doldurmağa çalışdı. Daha sonra ordunun yardılmasına cəhd edildi. Hansı ki, həmin vaxt Rusiyada oxuyan zabitlərin bu orduya cəlb edilməsinə mane olur, müxtəlif əngəllər yaradırdılar. Xaricdə oxuyan, xidmət edən azərbaycanlı zabitlərə qarşı bir inamsızlıq var idi.   Ordunun olmaması Azərbaycana çox böyük zərbə vurdu. Ermənilər torpaqlarımızın 20%-ni işğal etdi. Onlar bu məsələdə keçmiş sovet ordusunun imkanlarından da istifadə etdilər. Həmin dönəmdə düşmənə müqavimət göstərməsin deyə azərbaycanlılardan ov silahları belə yığılmışdı. Bütün bunlar təbii ki, Qarabağın itirilməsində başlıca rol oynadı.   -Bəs bu gün Azərbaycan ordusunun mövcud durumunu, döyüş hazırlığını necə dəyərləndirirsiniz?   -Azərbaycan ordusu bu gün dünyanın ən qüdrətli orduları sırasında yer tutub. Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə Azərbaycanda hakimiyyətə gəlməsi, ordu quruculuğu prosesinə böyük təkan verdi. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana böyük investisiyaların cəlb olunmasına, iqtisadi gücünün artmasına, nəticədə Azərbaycan ordusunun müasir texnika, silah-sursatla təmin edilməsinə imkan verdi. Ölkəmizdə müasir hərbi hissələr, hərbi şəhərciklər yaradıldı.   Bir müddət bundan öncə keçirilən hərbi təlimlər dünyada böyük maraq doğurdu. Bu təlimlərə NATO ölkələri də yüksək qiymət verdi. Ordumuzun dünyanın bir sıra ölkələrində sülhməramlı missiyasını həyata keçirdi və bu gün də keçirməkdədir.   Bu gün ordumuzun arsenalında müasir texnikalar, hərbi təyyarələr, raket sistemləri mövcuddur. Bu gün ölkəmizdə ali hərbi məktəblər fəaliyyət göstərir. Lakin bizim kadrlar yalnız ölkəmizdə hazırlanmır. Bizim zabitlərimiz həm də Çində, ABŞ-da, Türkiyədə, Rusiyadakı ali məktəblərdə yetişdirilir, bu ölkələrdəki təkmilləşdirmə kurslarına cəlb olunur.   2016-cı ilin aprel döyüşləri də göstərdi ki, Azərbaycan ordusu böyük zərbə qüvvəsinə malikdir. Həmin döyüşlər zamanı ordumuz bir həmlə ilə düşmənin müdafiə xəttini yararaq onu böyük itkilərlə üz-üzə qoydu, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. Bütün bu faktlar Azərbaycan ordusunun gücündən, onun yenilməzliyindən xəbər verir.   Bu gün Azərbaycan hərbçiləri faşizm üzəridə qələbənin 75-ci ildönümü münasibəti ilə Moskvada təşkil olunan paradda iştirak etdilər. Bütün dünyaya Azərbaycan ordusunun gücünü, onun qüdrətini nümayiş etdirdilər. Hərbçilərimiz bu paradda Azərbaycan istehsalı olan silahlarla keçid etdi ki, bu da ordumuzla yanaşı, həm də hərbi sənayemizin çox böyük uğuru kimi dəyərləndirilməlidir.   -Cəlil müəllim, hərbçilərimizin sosial qayğılarının, mənzil-məişət problemlərinin həlli istiqamətində atılan addımları necə dəyərləndirirsiniz? Bu məsələdə səsləndirmək istədiyiniz hansısa təklif varmı?   -Ölkə başçısı orduya hər zaman xüsusi diqqət və qayğı ilə yanaşıb. Orduda xidmət edən hərbçilərin sosial problemləri, mənzil-məişət məsələləri daim diqqət mərkəzindədir. Yeni hərbi şəhərciklərin salınması, ailələi zabitlərin mənzillə təmin olunması və s. bu sahəyə diqqətin böyük olduğunu göstərir.   Zabitlərimiz ordudakı xidmətlərini başa vurandan sonra da mənzillə təmin olunurlar. Hesab edirəm ki, gələcəkdə onlarla dövlət qurumları arasında daha sıx əlaqənin təmin edilməsi, bu kimi problemlərin daha çevik şəkildə, qısa zaman ərzində həllinə səbəb ola bilər.   Kiçik zabitlər 48, böyük zabitlər 53 yaşına qədər xidmət edirlər. Bunlar ehtiyata buraxılana yaxın, 6 ay öncədən hərbi hissə komandirləri, Müdafiə Nazirliyi rəhbərliyi bilir ki, bu müddətdən sonra nə qədər zabit ehtiyata buraxılacaq. Bu zabitlərin hansı rayonda məskunlaşacağı nəzərə alınmaqla, həmin rayonların icra hakimiyyətləri ilə danışmaq, onların mənzil problemini qısa zamanda həll etmək mümkündür. Düşünrəm ki, məsələlərin bu şəkildə təşkili zabitlərimizin mənzil probleminin daha effektiv həllinə gətirib çıxara bilər.   Sonda bir daha Silahlı Qüvvələrimizi, əsgər, zabit və generallarımızı, həmçinin veteranlarımızı təbrik edirəm. Ümid edirəm ki, biz ordumuzun yaranmasının növbəti ildönümünü Qarabağda, Şuşada qeyd edəcəyik.   Seymur ƏLİYEV

2020-06-24 00:00:00
3702 baxış

Digər xəbərlər

İlk azərbaycanlı sərhədçi general

Mustafa Nəsirov 1921-ci il oktyabrın 25-də Dərbənddə anadan olub. Orduda xidmətə 1942-ci ilin yanvarında əsgər kimi başlayıb, 45 il orduda xidmət edib və general-mayor kimi istefaya gedib. Mustafa Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərib. Göytəpə Sərhəd Dəstəsinin qərargah rəisi və Neftçala Sərhəd Dəstəsinin rəisi vəzifələrində çalışıb. M.Nəsirov 1962-1968-ci illərdə Naxçıvan Sərhəd Dəstəsinin rəisi olub. 1968-ci ilin oktyabrından ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Zaqafqaziya Sərhəd Dairəsinin hərbi əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Nəsirov SSRİ DTK-nın sərhəd qoşunlarında bu qədər məsul post tutan ilk və yeganə azərbaycanlı olub. O, Azərbaycan Respublikasının ali qanunverici orqanına dəfələrlə deputat seçilib. Mustafa Nəsirov 1993-cü ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunub və 1995-ci ilədək bu vəzifədə işləyib. 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatının inkişafına böyük töhfələr verib. O, Respublika Müharibə Veteranları, Əmək və Silahlı Qüvvələri Şurasının sədri vəzifəsində çalışarkən hərbi-vətənpərvərlik fəaliyyəti ilə məşğul olub, ölkə veteranlarının problemlərini həll edib. O, ömrünün sonuna kimi ictimai-siyasi həyatda, veteran təşkilatlarının bütün tədbirlərində, eləcə də RF Əməkdaşlıq Xidmətinin nümayəndəliyində fəal iştirak edib. Nəsirov Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə, Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülüb. General-mayor Nəsirov müstəqil Azərbaycanın sərhəd qoşunlarının yaradılmasının əsasında durub. Çoxsaylı hökumət mükafataları, orden və medalları ilə təltif olunub. Böyük Vətən müharibəsi veteranı, Azərbaycanın sərhəd qoşunları general mayoru Mustafa Nəsirov 91 yaşında vəfat edib. Bu böyük insanın xatirəsi daim veteranların qəlbində yaşayacaq. Allah rəhmət eləsin!

Hamısını oxu
Azərbaycan veteranları dünya ictimaiyyətini erməni faşizminin təbliğinə biganə qalmamağa səsləyir

Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan özünün təcavüzkarlıq siyasətini daha açıq və arxayın şəkildə davam etdirməklə kifayətlənmir, alman faşizminə xidmət göstərmiş cəlladlara abidə ucaldır. Biz veteranlar, ümumiyyətlə, Azərbaycan cəmiyyəti bəşəriyyətə zidd olan bu əməlləri birmənalı şəkildə qınayır və dünya ictimaiyyətini erməni faşizminin təbliğinə biganə qalmamağa səsləyirik. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı qanlı soyqırımlarının təşkilatçıları, sonradan nasist Almaniyasına xidmət etmiş general Dronun və ermənilərdən ibarət qisasçı legionun rəhbəri Qaregin Njdenin Yerevanda abidəsinin ucaldılmasına etiraz əlaməti olaraq, Respublika Veteranlar Təşkilatında keçirilən tədbirdə səslənib. Tədbirdə müharibə, əmək və Silahlı Qüvvələr veteranları, ictimai təşkilatların nümayəndələri, ziyalılar və media təmsilçiləri iştirak ediblər. Təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxış edərək ermənilərin iki əsrdən artıq müddətdə türklərə, xüsusən Azərbaycan xalqına qarşı həyata keçirdikləri mənfur siyasətdən və törətdikləri qanlı qətliamlardan danışıb. D.Rzayev müasir dövrdə ermənilərin öz sələfləri - İkinci Dünya müharibəsində alman faşizminə xidmət göstərmiş cəlladlar Qaregin Njdenin və general Dronun genişmiqyaslı təbliği ilə məşğul olduqlarını vurğulayıb. Bildirib ki, ermənilər bədnam niyyətlərini həyata keçirmək üçün Rusiya mediasından yararlanır, məqalələr, kitablar yazır, tanınmış rus kino xadimlərinin iştirakı ilə sənədli filmlər çəkir, təmtəraqlı təqdimatlar təşkil edilər. Vaxtilə Qarabağda və Zəngəzurda azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən, sonradan Hitlerin, Himmlerin dostu olmuş Njde kimi faşist cəlladlara bəraət qazandırılmasına xidmət edən bu təbliğatda hədsiz ifrata varılır, onlar hətta qəhrəman səviyyəsinə yüksəldilir. Məlumat verilib ki, ermənilərin bu yolverilməz əməlləri ilə bağlı İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində Respublika Veteranlar Təşkilatının adından Rusiya Prezidenti Vladimir Putinə, eləcə də MDB-nin digər dövlət başçılarına müraciət göndərilib. Həmin müraciətə operativ cavab verən Rusiya Prezidenti bunu yolverilməz hesab edib və ölkəsində ermənilərin mənfur təbliğatının dayandırılması barədə tapşırıqlar vermişdi. Respublika Veteranlar Təşkilatının sədri bildirib ki, ermənilər yenidən bədnam təbliğat maşınını işə salıb, faşist cəlladı Njde haqqında yazılmış kitabın Moskvada təqdimatını keçiriblər. Ermənistanda isə bu qatı nasistə abidə ucaldılıb və onun açılışında erməni faşizminin bugünkü dəstəkçiləri, o cümlədən prezident Serj Sarkisyan iştirak edib. D.Rzayev deyib ki, Azərbaycan veteranları ermənilərin İkinci Dünya müharibəsində alman faşizminə xidmət etmiş Qaregin Njdeyə Yerevanda abidə ucaltmalarını qəti şəkildə pisləyirlər. O, bununla bağlı veteranlar adından Rusiya Prezidenti Vladimir Putinə, MDB-nin digər dövlət başçılarına, habelə beynəlxalq təşkilatlara ünvanlamaq üçün müraciət hazırlandığını bildirib. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov müraciətin mətnini diqqətə çatdırıb. Müraciətdə deyilir: “Nasist canilər Dro və Njdenin şərəfinə xatirə sikkələri kəsən, filmlər çəkən Ermənistanın bu cür davranışına xüsusi haqq verilməsinin səbəbi bizə aydın deyil. Yerevanda bir meydana və metronun bir stansiyasına Qaregin Njdenin adı verilib. Orada Drastamat Kananyanın adını daşıyan küçə də var. İndi hökumət binaları kompleksi və Ermənistanın hakim partiyasının qərargahı ilə yanaşı, Njdenin abidəsi də ucalır”. Müraciət müəllifləri BMT Baş Məclisinin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözülməzliyə qarşı mübarizə” adlı 70/139 nömrəli Qətnaməsinin 4-cü bəndini xatırladırlar. Həmin bənddə qeyd olunur ki, BMT Baş Məclisi “nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirir. “Rus xalqının və digər xalqların övladları ilə çiyin-çiyinə bizim 700 min həmvətənimiz cəbhəyə yollanıb, onların yarıdan çoxu döyüşlərdə qəhrəmancasına həlak olub. Böyük Vətən müharibəsi illərində göstərdikləri igidliklərə görə Azərbaycanın təqribən 130 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Sovet xalqının igidliyinin nurlu xatirəsi Azərbaycanda bu gün də böyük ehtiramla yad edilir, 9 May günü əvvəlki kimi yenə də ən mötəbər dövlət bayramlarından biri olaraq qalır. Biz, faşizm ilə müharibənin bütün ağrı-acısını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar nasist canilərin ətrafında qəhrəmanlar oreolu yaradılmasını ürək ağrısı ilə müşahidə edirik. Biz Ermənistanın vaxtı ilə ümumi vətənimiz uğrunda həlak olmuş insanların xatirəsinə və bütün sülhsevər bəşəriyyətə açıq-aşkar hörmətsizlik olan hərəkətlərinə görə hiddətlənirik. Əminik ki, biz Böyük Vətən müharibəsi qurbanlarının nurlu xatirəsinə sadiq qalaraq, Ermənistan tərəfindən təbliğ edilən faşizm ideologiyası timsalında ümumi şərə qarşı mübarizədə öz səylərimizi yenidən birləşdirəcəyik”, - müraciətdə qeyd olunur. Tədbirdə digər çıxış edənlər də Ermənistanda faşist Almaniyasının tərkibində SSRİ-yə qarşı döyüşlərdə iştirak etmiş şəxslərin xatirəsinin əbədiləşdirilməsi cəhdlərinin yolverilməz addım olduğunu vurğulayıb, belə əməllərin qarşısının alınması üçün dünyanın bütün sülhsevər ictimaiyyətinin qəti etiraz bildirməsinin vacibliyini diqqətə çatdırıblar. Sonda müraciət səsə qoyularaq qəbul edilib.

Hamısını oxu
Rayon Veteranlar Təşkilatı şəhid atasının yubileyini keçirib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad Rayon Veteranlar Təşkilatı Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev  adına 2 saylı tam orta məktəbdə qəhrəman şəhidimizin atası Arif Abdullayevin 70 illik yubileyini keçirib. Möhtəşəm keçən tədbirdə şəhid ailələri, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər. Tədbirə gələnlər şəhid kapitan Rəşad Abdullayevin büstü önünə tər qərənfillər düzüblər. Məktəbin geniş akt zalında düzənlənən tədbirdə öncə torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş igid oğullarımızın əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri, şair- publisist Ədalət Salman yubileyi qeyd olunan Əmək veteranı Arif Abdullayevin şərəfli həyat yolundan danışıb, Rəşad Abdullayev kimi qəhrəman övlad böyütdüyünə görə və anadan olmasının 70 illiyi münasibəti ilə onu Fəxri fərmanla təltif edib. Şəhid atası Nazim Paşayev, "Qarabağ qaziləri" ictimai birliyi rayon filialının sədri Maşalla Əliyev, Vətən müharibəsi iştirakçıları Namiq Nəzərov, Toğrul Rizvanlı, məktəbin direktor müavini Rakif Həsənli, ADPU Cəlilabad filialının baş müəllimi Ələsgər Mirzəzadə,    "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyi rayon bölməsinin rəhbəri Asəf İsmayılov, AYB-nin üzvü, veteran müəllim Əfrahim Abbas və başqaları çıxış edərək yubilyarı səmimi qəlbdən  təbrik edərək şəhid ailələrinə və qazilərə dövlətimizin göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıblar. Yubiley münasibəti ilə Arif dayıya öz hədiyyələrini  təqdim ediblər. Şagirdlərin söylədikləri vətənpərvər ruhlu şeirləri tədbir iştirakçıları  maraqla qarşılayıblar. Tədbirdə çıxış edən yubilyar Arif Abdullayev şəhid ailələrinə göstərilən qayğıya görə dövlətimizə və tədbirin keçirilməsində əməyi olan  rayon Veteranlar Təşkilatına  öz minnətdarlığını bildirib. Sonda xatirə şəkilləri çəkilib.

Hamısını oxu
CƏLİL XƏLİLOV: “Rusiyada aparılan anti-Azərbaycan kampaniyası xalqlarımız arasındakı tarixi dostluq ənənəsinə ziddir və dərhal dayandırılmalıdır”

“Rusiyada aparılan anti-Azərbaycan kampaniyası xalqlarımız arasındakı tarixi dostluq ənənəsinə ziddir və dərhal dayandırılmalıdır”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, diqqət çəkən məqamlardan biri də məlum kampaniyaya Rusiya səmasında “AZAL” təyyarəsinin vurulmasından sonra start verilməsidir:   “Rusiyada Azərbaycana qarşı böhtan və qarayaxma kampaniyasına “AZAL” təyyarəsinin bu ölkə ərazisində vurulması və Aktauda qəzaya uğramasından sonra start verilib ki, bu da təsadüfi deyil. Görünən odur ki, vurulan təyyarəyə görə ölkəmizə kompensasiya ödəmək, habelə, bu hadisədə müqəssir olanların müəyyən edilərək məsuliyyətə cəlb edilməsini istəməyən Rusiya Azərbaycanın haqlı şərtlərini yerinə yetirmək əvəzinə, tamam fərqli mövqe tutub. Törədilən cinayəti etiraf etmək və ölkəmizlə həmrəylik sərgiləmək yerinə, Azərbaycana qarşı böhtan kampaniyası təşkil edən Rusiya hakimiyyətindəki bəzi dairələr, bununla bizə “xox gəlmək”, bizi haqlı mövqeyimizdən çəkindirmək niyyətindədir. Lakin Rusiya hakimiyyəti anlamalıdır ki, Azərbaycan heç vaxt geriyə addım atmayıb, öz hüquqlarını sona qədər, qətiyyətlə müdafiə edib. Ölkəmiz hazırda vurulan təyyarə ilə bağlı beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır ki, bu, bir daha Azərbaycanın mübarizə əzmindən xəbər verir.   Bundan başqa, bu gün Rusiya Dövlət Dumasında, habelə rus mətbutında Azərbaycan əleyhinə kampaniya aparan qüvvələr bilməlidirlər ki, belə çirkin kampaniya Rusiyaya başucalığı gətirmir və xalqımız tərəfindən haqlı ikrahla qarşılaşır. Bu cür iyrəng kampaniya Azərbaycan və Rusiya xalqları arasındakı tarixi dostluq, dövlətlərimiz arasındakı strateji müttəfiqlik münasibətlərinə də ziddir. Buna görə də, rəsmi Moskva bu tendensiyanı ən qısa zamanda dayandırmalı, Azərbaycanın hüquqlarına hörmətlə yanaşmalıdır”.   Polkovnik Cəlil Xəlilov qeyd edib ki, tarix boyu ən çətin məqamlarında bir qonşu və strateji müttəfiq kimi ona dəstək olan Azərbaycana Rusiyanın bu şəkildə “minnətdarlıq” bildirməsi təəssüfedicidir:   “Azərbaycan hər zaman Rusiya üçün kritik məqamlarda mehriban qonşuluq və dostluq siyasətini əsas götürərək bu ölkəyə dəstək verib. Dövlətimiz Rusiyanın maraqlarına hər zaman hörmətlə yanaşıb. Lakin bu gün baş verənlər göstərir ki, Rusiya Azərbaycanın bu dəstəyinə özünəməxsus şəkildə “təşəkkür edir”. Ancaq Rusiya bilməlidir ki, Azərbaycanı bu kimi kampaniya və dolayı təhdidlərlə qorxutmaq, onu bu yolla nəyəsə vadar etmək mümkün deyil. Azərbaycan güclü, sözün həqiqi mənasında müstəqil dövlətdir və heç bir güc onu öz haqqından imtina etməyə məcbur edə bilməz. Anti-Azərbaycan kampaniyasına gəlincə, bu kampaniyadan zərərli çıxan da elə Rusiya özü olacaq”.  

Hamısını oxu