Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

2020-07-03 00:00:00
3281 baxış

Digər xəbərlər

Azərbaycan ilə Esvatini Krallığı arasında dağ-mədən sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Veteran.gov.az xəbər verir ki, mayın 20-də Azərbaycan Respublikası və Esvatini krallığı arasında dağ-mədən sənayesinin inkişafını təşviq edəcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.  Sənəd Azərbaycan Respublikası tərəfindən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov və Esvatini Krallığının təmsilçisi qismində Təbii sərvətlər və Energetika naziri, şahzadə, Zati-aliləri Lonkhokhela tərəfindən imzalanıb. İkitərəfli əməkdaşlığa dair sənəd dağ-mədən sənayesinin inkişafı, geoloji kəşfiyyat, texniki əməkdaşlıq və investisiya imkanları kimi istiqamətləri əhatə edir və iki tərəf üçün də yeni imkanlar yaradır. Memoranduma əsasən, “AzerGold” QSC və Esvatini Krallığının Təbii Sərvətlər və Energetika Nazirliyi geoloji, kommersiya və normativ məlumatların mübadiləsi, geoloji kəşfiyyat işləri, laboratoriya sınaqları, mineral resursların qiymətləndirilməsi, eləcə də texniki-iqtisadi əsaslandırma tədqiqatlarının həyata keçirilməsi sahələrində əməkdaşlıq edəcəklər. Bununla yanaşı, Memorandum çərçivəsində tərəflər mümkün birgə layihələrin, investisiya modellərinin və xidmət müqavilələrinin nəzərdən keçirilməsi istiqamətində fəaliyyət göstərəcəklər. Sənədə uyğun olaraq birgə işçi qruplarının yaradılması, qarşılıqlı sahə səfərlərinin təşkili, məlumat və təcrübə mübadiləsinin aparılması, yeni biznes əlaqələrinin qurulması imkanlarının araşdırılması, eləcə də konfrans, seminar və digər birgə tədbirlərin təşkili nəzərdə tutulur. İmzalanan Memorandum iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə və dağ-mədən sektorunda uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edəcək.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Mənfur erməni qəsbkarları tərəfindən törədilən və bəşər tarixinin ən dəhşətli qırğınlarından sayılan Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş məkrli soyqırımı siyasətinin bir hissəsidir. Xocalı faciəsi tarixin yaddaşından heç vaxt silinməyən, dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda, Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qətlə yetirib, soyqırımının ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atıb, Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıdıblar. Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 18-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranların, ziyalıların, gənclərin iştirakı ilə keçirilən anım tədbirində səsləndirilib. Təşkilatın inzibati binasında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər xüsusi vurğulanıb. Qeyd olunub ki, məhz bu kampaniya nəticəsində hazırda dünyanın bir sıra ölkələri, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş etdirilir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb. “2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir hissəsini işğaldan azad edib, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçib. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz var. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq”, - deyə Cəlil Xəlilov vurğulayıb. Mərasimdə Xocalı haqqında sənədli film nümayiş olunub. Çıxış edənlər Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılmasının əhəmiyyətindən, müxtəlif qurumların, xüsusilə Respublika Veteranlar Təşkilatının bu istiqamətdəki fəaliyyətindən danışıb, bu istiqamətdə səylərin gücləndirilməsinin zəruriliyini bildiriblər. Natiqlər işğal altındakı torpaqlarımızın azad olunacağına qəti inam ifadə ediblər.  

Hamısını oxu
Bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüş keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi, ziyalı ilə görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov iştirak edib. Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov son illər ölkəmizdə müxtəlif sahələrin, o cümlədən mədəniyyətin inkişafı, vətəndaşların problemlərinin həlli istiqamətində ciddi islahatların həyata keçirildiyini və bununla bağlı reallaşdırılan layihələrə dəstəyin gücləndirildiyini deyib. Anar Ələkbərov COVID-19 pandemiyasının bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də təsirsiz ötüşmədiyini bildirib. Qeyd edib ki, koronavirusun geniş yayılması səbəbindən hazırda bütün dünyada, o cümlədən ölkəmizdə kütləvi tədbirlər keçirilmir. Buna baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən çoxsaylı mədəni layihələrin icrası davam edir. Anar Ələkbərov bu görüşün əsas məqsədinin mədəniyyət xadimləri ilə fikir mübadiləsi aparmaq, onların təkliflərini dinləyib ölkə rəhbərliyinə çatdırmaq  olduğunu bildirib. O, dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq Heydər Əliyev Fondunun fəaliyyətini də qeyd edib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafı və dünyada təbliği, mədəniyyət obyektlərinin yenidən qurulması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində reallaşdırdığı layihələrdən danışıb. Anar Ələkbərov bildirib ki, bundan sonra görüləcək işlər də artıq müəyyənləşdirilib. Bunlarla bağlı mədəniyyət və incəsənət xadimlərinin fikir və təkliflərinin öyrənilməsi və birgə addımların atılması səmərəli olacaq. Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov yeni yaradılan İctimai Şuranın ictimaiyyət nümayəndələri ilə münasibətlərin genişləndirilməsində faydalı olacağını bildirib. Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov belə görüşlərin yaradıcı təşkilatların fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə təmsil etdiyi qurumun Rusiyada keçiriləcək “Tarixi irsin saxlanılması və istifadəsi” festivalında Azərbaycanın işğal olunmuş ərazilərində memarlıq abidələrimizin vəziyyətinə dair sərgi ilə iştirak edəcəyini deyib. Anar Kərimov isə diqqətə çatdırıb ki, tarixi memarlıq abidələrimizin reyestri sonuncu dəfə 2001-ci ildə aparılıb. Ötən 19 ildə həyata keçirilən arxeoloji qazıntılar nəticəsində yeni abidələr tapılıb. Ona görə də yeni siyahının müəyyənləşdirilməsi istiqamətində artıq işlərə başlanılıb. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və digər çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatları yüksək qiymətləndiriblər. Son vaxtlar cəbhə bölgəsində ordumuzun düşmən təxribatlarının qarşısını almaq üçün göstərdiyi hünər və rəşadət xüsusi qeyd olunub. Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər. Ölkəmizdə müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində görüləcək işlərə dair müzakirələr aparılıb. Tədbir iştirakçıları belə görüşlərin əhəmiyyətini vurğulayıblar, müzakirələr üçün seçilən bu formatın qarşıda duran məsələlərin səmərəli həlli üçün zəruri olduğunu qeyd ediblər.

Hamısını oxu
Sumqayıtda Göz Mərkəzinin açılışı oldu

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub.  “Qafqazinfo” xəbər verir ki, açılış mərasimində TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının baş həkimi Arzu Bəndəliyeva və Göz Mərkəzinin rəhbəri Leyla Qəhrəmanova iştirak ediblər. Mərkəzdə yaradılmış şərait barədə məlumat verən Elnur Azadxanov bildirib ki, yeni Göz Mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron - Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edəcək. Qeyd olunub ki, Mərkəz dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları ilə, o cümlədən OCT Angio, optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika avadanlıqları ilə təchiz olunub. Mərkəzdə quraşdırılan angioqrafiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır. Bununla yanaşı, Mərkəzdə yüksək dəqiqlikli fakoemulsifikasiya cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb. Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq. Mərkəzdə tor qişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə geniş çeşiddə xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bildirilib ki, Mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Burada 12-si həkim olmaqla, ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək. Qeyd edək ki, burada göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur. Yeni Göz Mərkəzinin istifadəyə verilməsi regionda oftalmoloji xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vətəndaşların paytaxta üz tutmadan yüksək keyfiyyətli və mürəkkəb tibbi xidmətlərdən yararlanmasına geniş imkanlar yaradacaq.  

Hamısını oxu