Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Ordusunun bölmələri düşmənin dayaq məntəqəsinə zərbə endirib: Daha bir şəhidimiz var

Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib.

 
Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir. Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

2020-07-13 00:00:00
3577 baxış

Digər xəbərlər

“Brüssel görüşü diplomatiyamızın tarixi uğurlarından biridir”

Cəlil Xəlilov: “Bu görüş dövlətimizin sülh istəyini bir daha nümayiş etdirdi” Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatçılığı və iştirakı ilə Brüsseldə Prezident İlham Əliyev və Ermənistanın baş naziri arasında görüş  keçirilib, bir sıra məsələlərlə bağlı razılıq əldə olunub. Bununla bağlı saytımıza açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəliov, bu görüşün mühüm əhəmiyyətə malik olduğunu qeyd edib: “Brüssel görüşü Azərbaycan diplomatiyasının tarixi uğurlarından biridir. Çünki bu görüş nəticəsində əldə edilən razılaşmalarda dövlətimizin maraqları tam şəkildə öz əksini tapıb. Nümunə üçün qeyd edim ki, görüşlə bağlı mətbuata verilən bəyanatda bir dəfə də olsun “Dağlıq Qarabağ” ifadəsi işlənilməyib. Halbuki, Ermənistan hakimiyyəti bundan öncə dəfələrlə bu ifadəyə müraciət edir, hətta “Dağlıq Qarabağ”a müstəqillik tələbi səsləndirirdi. Ancaq Brüssel danışıqları ilə bağlı bəyanatda “Dağlıq Qarabağ” ifadəsi yer almadı. Bu faktın özü Azərbaycan diplomatiyasının prinsipliyindən, onun milli maraqlarımızı uğurla müdafiə etməsindən xəbər verir. Bu, həm də dövlət başçısının dəfələrlə səsləndirdiyi bir həqiqəti – “Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur” – gerçəyini yada salır. Görüşlə bağlı diqqət çəkən məqamlardan biri də Azərbaycan tərəfinin rəsmi İrəvanın bir sıra addımları ilə bağlı öz narazılıq və narahatlığını açıq şəkildə dilə gətirməsi, Ermənistan hökumətinin qeyri-səmimi davranışını ifşa etməsi ilə bağlıdır. Görüşdə Ermənistanın Azərbaycaan verdiyi mina xəritələrin dəqiqlik göstəricinin 25%-ə yaxın olması, Birinci Qarabağ müharibəsində itkin düşən dörd minə yaxın insanın taleyinə aydınlıq gətriməməsi və s. kimi məqamlara da açıq şəkildə toxunuldu, bütün bu məsələlər əsas müzakirə predmetlərindən birini təşkil etdi. Nəqliyyat-kommunukasiya əlaqələrinin bərpa ediməsi, sülh müqaviləsinin imzalanması məqsədi ilə danışıqların davam etdirilməsi də Brüssel görüşündə müzakirə edilən əsas məsələlərdən biri oldu. Ümumiyyətlə, Brüssel görüşü bir sıra konkret nəticələri ilə birlikdə həm də dövlətimizin, xalqımızın sülh istəyinin bir daha nümayiş etdirilməsi ilə yadda qaldı. Bu görüş bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan sülh dövlətidir və regionda sülhün təmin edilməsi, sabitliin qorunub saxlanılması üçün bütün imkanlarından maksimum istifadə edir. Bu baxımdan hesab edirəm ki, Brüssel görüşünün nəticələri bundan sonra aparılacaq danışıqlar üçün əlverişli zəmin formalaşdıracaq, Azərbaycanın diplomatik müstəvidə yeni uğurlar qazanmasını stimullaşdıracaqdır”.  

Hamısını oxu
“Lokal anti-terror tədbirləri “Dəmir yumruğ”un növbəti təzahürü idi”

Səmyar Abdullayev: “Cəmi 24 saat ərzində separatçıların tərk-silah edilməsi Azərbaycanın hərbi qüdrətindən xəbər verir” “Anti-terror tədbirləri bölgədə yeni reallıqlar, müsbət tendensiyalar formalaşdırıb” “19 sentyabr olayı göstərdi ki, Azərbaycanla ultimatum dilində danışmaq intihara bərabərdir” Ordumuzun 19 sentyabr tarixində Qarabağda başlatdığı lokal anti-terror tədbirləri cəmi 24 saatdan da az müddətdə uğurla başa çatıb, separatçıların ağ bayraq qaldırması ilə yekunlaşıb. Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə anti-terror tədbirləri və bu tədbirlərin nəticələrini şərh etməyə çalışdıq: -Səmyar bəy, öncə lokal anti-terror tədbirləri və bunun nəticələri ilə bağlı fikirlərinizi bilmək istərdik. 24 saatdan da az çəkən bu tədbirlərin hərbi-siyasi və tarixi əhəmiyyətini necə dəyərləndirirsiniz? -Mən ilk növbədə anti-terror tədbirlərində həlak olan şəhdilərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Bildiyiniz kimi, anti-terror tədbirlərinin reallaşması zərurətdən irəli gəlirdi. Ermənilərin mütəmadi şəkildə həyata keçirdiyi terror və təxribat siyasəti, Xankəndidə keçirilən qurama seçkilər və s. belə bir anti-terror tədbirlərini vacib edirdi. Ali Baş Komandanın rəhbərliyi altında gerçəkləşən anti-terror tədbirləri 24 saatdan da az müddətdə qəti qələbə ilə yekunlaşdı ki, bu da ordumuzun qüdrətindən, onun yüksək peşəkarlığından xəbər verir. 24 saat ərzində separatçıları ağ bayraq qaldırmağa məcbur edən Azərbaycan Ordusu, bununla sübut etdi ki, “Dəmir yumruq” yerindədir və kimsə dövlətimizin ərazi bütövlüyünə, suverenliyinə təhlükə yarada bilməz. Anti-terror tədbirlərinin hərbi-siyasi əhəmiyyətinə gəlincə, bu, Azərbaycan hərb tarixində xüsusi önəm kəsb edən bir hadisədir. Bu tədbirlər nəticəsində Azərbaycan Qarabağın hər yerində faktiki nəzarəti təmin etdi, separatizmə son qoydu. Azərbaycan post-müharibə dönəmindən sonra regionda öz mövcudluğunu qoruyub saxlayan separatizmi güc yolu ilə tərk-silah etdi ki, bu da yeni reallıqlar formalaşdırdı. Anti-terror tədbirlərinin tarixi önəminə gəlincə, bu tədbirlər eyniylə 44 günlük Vətən müharibəsi kimi hər zaman şərəflə, qürurla xatırlanacaq, təktrar-təkrar öyrəniləcək, təbliğ ediləcək. -Səmyar bəy, bu gün ölkə başçısı xalqa müraciət ünvanladı və bir sıra mühüm mesajlar verdi. Həmçinin qeyd etdi ki, sadə ermənilər yeni reallıqlardan yararlanmalı, Azərbaycana reinteqrasiya şansından istifadə etməlidir. -Prezident İlham Əliyevin xalqa müraciəti də ordumuzun anti-terrior tədbiri kimi tarixi bir hadisədir. Ölkə başçısı çıxışında Ermənistanın terrorçu siyasətini ifşa etdi, anti-terror tədbirlərinin hansı zərurətdən irəli gəldiyinə toxundu. Həmçinin, Ali Baş Komandan bildirdi ki, Qarabağdakı sadə ermənilər anti-terror tədbirlərindən sonra yaranan yeni reallıqdan istifadə etməli, Azərbaycana reinteqrasiya şansından yararlanmalıdır. Bu, sadə ermənilərin də maraqlarına cavab verən bir addımdır. Bildiyiniz kimi, Qarabağdakı ermənilər uzun illərdir ki, separatçı rejimin diktəsi altında – ağır şərtlə içində yaşayıblar. Bu gün ordumuzun separatçı rejimi tərk-silah etməsi ilə sadə ermənilər də faktiki azadlıq əldə edib. Onlar bu azadlığa görə Azərbaycana minnətdar olmalı, ölkəmizə reinteqrasiya istiqamətində əməli addımlar atmalıdırlar. -Dövlət başısı çıxşında bildirdi ki, heç kim Azərbaycanla ultimatum dilində danışa bilməz. Sizcə anti-terror tədbirləri və bunun mövcud nəticəsi Ali Baş Komandanın məlum açıqlamasının təsdiqi sayıla bilərmi? -Şübhəsiz. Anti-terror tədbirləri göstərdi ki, Azərbaycan regionun ən güclü dövlətidir və onunla ultimatum dilində danışmaq intihara bərabərdir. Prezident də çıxışında bu həqiqəti yada saldı və qeyd etdi ki, “heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz!”. Ali Baş Komandan xalqa müraciətində “Dəmir yumruğ”u da anti-Azərbaycan qüvvələrinin yadına saldı. Bir daha vurğuladı ki, “Dəmir yumruq” yerindədir və ölkəmizə xor baxanlar bu həqiqəti əsla unutmamalıdır. Bir faktı da qeyd edək ki, anti-terror tədbirləri zamanı Ali Baş Komandan həm də şəxsi cəsarət nümunəsi sərgilədi. Dövlətimizin başçısı ABŞ Dövlət katibi Antoni Blinkenlə söhbətində Azərbaycanın şərtlərini qətiyyətli şəkildə qarşı tərəfin diqqətinə çatdırdı və bildirdi ki, yalnız bu şərtlər daxilində Azərbaycan anti-terror tədbirlərini dayandıra bilər. Hər şey məhz dövlət başçsının dediyi kimi də oldu. Separatçılar ordumuzun həmləsi qarşısında 24 saat belə davam gətirə bilməyərək təslim oldular.  Bununla da Azərbaycan separatçılar üzərində növbəti və qəti qələbə əldə etdi. Biz 50 mindən çox üzvü olan Azərbaycan Gözdəm Əlillər Cəmiyyəti olaraq bu böyük zəfər münasibətilə xalqımızı, ordumuzu, Ali Baş Komandanımızı təbrik edirik. Bildiririk ki, hər zaman hər bir situasiyada ordumuzun, Prezidentimizin yanındayıq və bugünə qədər olduğu kimi bundan sonra da dövlətimizin inkişafı, rifahı və tərəqqisi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Seymur ƏLİYEV  

Hamısını oxu
“İtkinlərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün milli və bir o qədər də prinsipial məsələdir”

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin aqibəti, onların sonrakı taleyinə aydınlıq gətirilməsi Azərbaycan üçün milli və bir o qədər də prinsipial məsələdir” Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilən qələbə bu istiqamətdə mühüm işlər görməyə, konkret nəticələr əldə etməyə imkan verib: “İtkin düşmüş şəxslərlə bağlı məsələ, onların sonrakı taleyi Azərbaycan dövləti və xalqını hər zaman narahat edib. Lakin uzun müddət davam edən erməni işğalı, eləcə də, rəsmi İrəvanın bu məsələyə qeyri-humanist münasibəti onların taleyinə aydınlıq gətirməyə imkan verməyib. Qürurvericidir ki,2020-ci ilin 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində əldə edilən qələbə bir çox sahədə olduğu kimi itkin düşmüş vətəndaşlarımızla bağlı məsələdə də səmərəli addımlar atmağa imkan verdi. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq aşkar edilib ki, bu məzarlıqlarda aparılan araşdırmalar bir sıra itkin-şəhidlərimizin taleyini müəyənləşdirməyə imkan verib. Nəticədə, yüzlərlə itkin şəxsin taleyi müəyyənləşdirilib, onların nəşləri milli və dini adət-ənənəyə uyğun şəkildə dəfn edilib, uzun illərdir ki, gözləri yolda qalan ailələrinin intizarına son qoyulub”. Polkovnik Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşımına da diqqət çəkib: “Dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüşlər Günü ilə bağlı paylaşım etdi. Hörrmətli Hikmət müəllim paylaşımında itkinlərin aqibətinin müəyyənləşdirilməsinin əhəmiyyəti ilə yanaşı, bu sahədə görülən və görülməkdə olan işlərə də toxundu. Cənab Prezidentin köməkçisinin paylaşımından bir daha məlum oldu ki, dövlətimiz mina təhlükəsinə və digər çətinliklərə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərlə bağlı araşdırmalarını  əzmlə davam etdirməkdə, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu sahədə gərgin və məqsədyönlü iş aparmaqdadır. İnanırıq ki, dövlətimizin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərlə bağlı ortaya qoyduğu prinsipial mövqe taleyi naməlum qalan hər bir vətəndaşımızın aqibətini müəyyənləşdirməyə imkan verəcək, Azərbaycan dövləti hər bir itkin ailəsinin intizarına son qoyacaq”. Seymur ƏLİYEV  

Hamısını oxu
“Nəsillərin görüşü: Azərbaycan veteranları və vətənpərvərlik tərbiyəsi” mövzusunda tədbir keçirilib

16 fevral 2022-ci il saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Müdafiə Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə “Nəsillərin görüşü: Azərbaycan veteranları və vətənpərvərlik tərbiyəsi”  mövzusunda tədbir keçirilib. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində baş tutan tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq, veteranların vətənpərvərlik tərbiyəsindəki rolu, dövlətimizin gənclər siyasəti, Müzəffər Ali Baş Komandanın Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumundakı çıxışından irəli gələn vəzifələrin icrası istiqamətində atılması gərəkən addımlar müzakirə edilib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov tədbiri açıq elan edib. Daha sonra Azərbaycan Rerspublikasının Dövlət Himni səslənib, vətən uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   “Veteran adını, onun müqəddəsliyini qorumalıyıq!”   Polkovnik Cəlil Xəlilov dövlətin gənclərə olan diqqət və qayğısından bəhs edib, eyni zamanda gənclər qarşısında dayanan vəzifələrə toxunub:   “Hörmətli tədbirlər iştirakçıları! Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib, gənclərin ölkə həyatındakı roluna, eyni zamanda onlar qarşısında dayanan vəzifələrə toxunub. Xatırladım ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illər sosial-iqtisadi çağırışlar, müharibə şəraiti, müxtəlif istiqamətlərdən daxil olan ideoloji dəyərlərin gəncləri təsir altına salma cəhdləri ilə müşayiət olunurdu. Ümummilli Lider aydın strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. 2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. Lakin gənclərin missiyası bununla bitmir. Bu gün Azərbaycan gəncləri işğaldan azad edilən ərazilərdəki böyük quruculuq prosesində aktiv iştirak etməklə yanaşı, Azərbaycanın müstəqilliyinə, dövlətçilik maraqlarına düşmən olan qüvvələrə qarşı da mübarizələrini davam etdirməli, bundan sonra da dövlətçilik maraqlarımızın keşiyində ayıq-sayıq dayanmalıdırlar. Təəssüflər olsun ki, bəzən özünü qazi kimi təqdim edən müəyyən şəxslərin dövlət qurumlarına qarşı qanunsuz tələblər irəli sürməsi, aqressiya sərgiləməsi müşahidə edilir. Hər kəs bilməlidir ki, bütün hüquq və imtiyazlar qanunla tənzimlənir. Əgər hansısa vətəndaşın, yaxud qazinin hüququ pozulubsa, nədənsə narazıdırsa, bunu hüquqi yolla, qanuni şəkildə tənzimləməli, həmin problemi əlaqədar dövlət qurumlarına müraciət edərək həll etməlidir. Biz veteran adını, onun müqəddəsliyini qorumalı, atdığımız hər bir addımda bu ada layiq olmağa çalışmalıyıq”.   “44 günlük Vətən müharibəsində Azərbaycan düşmənə qarşı 10 milyonluq ordu ilə savaşdı”   Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov da Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən söz açıb, xalqın müharibədə ordunun yanında yer aldğını, hər vasitə ilə Azərbaycan Silahlı Qüvvələri ilə həmrəylik sərgilədiyini bildirib: “44 günlük Vətən müharibəsində Azərbaycan düşmənə qarşı 10 milyonluq ordu ilə savaşdı. Xalq çətin gündə öz ordusunun, Ali Baş Komandanının yanında oldu, düşmən üzərində zəfərin əldə edilməsi üçün əlindən gələni əsirgəmədi. Məhz xalqın dəstəyi ilə biz düşmənə layiq olduğu dərsi verdik, işğaldakı torpaqlarımızı azad etdik. Azərbaycan dövləti hər zaman veteranlara diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm addımlar atıb. Bu işlər bu gün də davam edir. Mən buna görə Azərbaycan dövlətinə öz minnətdarlığımı bildirir, gənclərimizi bundan sonra da dövlətimizə dəstək verməyə, onun müstəqilliyinin, təhlükəsizliyinin keşiyində dayanmağa səsləyirəm”.   “Müstəqilliyimizi, dövlətçiliyimizi göz bəbəyimiz kimi qorumalıyıq”   Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov gənclərin 44 günlük Vətən müharibəsində sadəcə ön xətdə deyil, informasiya cəbhəsində də düşmənə qarşı uğurla mübarizə apardığını bildirib: “44 günlük Vətən müharibəsində Azərbaycan ordusu böyk qəhrəmanlıq və fədakarlıq sərgilədi, düşməni qısa zamanda darmadağın edərək dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Xalqımızın, gənclərimiz Azərbaycan ordusunun, onun Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bu tarixi qələbəyə öz töhfəsini verdi. Bu, Azərbaycanın son 200 illik tarixinin ən böyük qələbəsidir. Bizim hər birimizin müstəqilliyimizi, dövlətçiliyimizi göz bəbəyimiz kimi qorumalı, milli maraqlarımızın keşiyində dayanmalıyıq. Bu, bizim vətəndaşlıq borcumuz, vicdan borcumuzdur. İnanıram ki, gənclərimiz hər zaman olduğu kimi bundan sonra da dövlət maraqlarımızın keşiyində duracaq, dövlətimizi zəiflətməyə, onun imicinə kölgə salmağa cəhd edən qüvvələrə layiqli cavab verəcəklər”.   Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Vətən müharibəsi qazisi Kənan Kərimli, Elnur İsgəndərov və digərləri çıxış edib.   Vətən müharibəsi qaziləri onları maraqlandıran məsələlərlə bağlı təşkilatçılara suallar ünvanlayıb, milli maraqlarımızın keşiyində dayanmaqlarından qürur duyduqlarını bildiriblər.  Tədbirin sonunda  hərbi-vətənpərvərlik mahnısı ifa edilib, xatirə şəkli çəkilib.   Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Səbail, Nəsimi, Nizami və Yasamal Rayon Veteranları Təşkilatının nümayəndələri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, gənclər, tələbələr və qazilər iştirak edib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti    

Hamısını oxu