Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Prezidenti: Hansısa yaramaz ünsürlərın fikri 1990-cı illərin əvvəllərinə getməsin

Hansısa yaramaz ünsürlərın fikri 1990-cı illərin əvvəllərinə getməsin. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitqində deyib. Dövlət başçısı bildirib: "Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Çünki insanlar bir çox hallarda avtomobil yolu ilə gedirdilər. Bütün bu göstərişləri dünən axşam mən Daxili İşlər naziri Vilayət Eyvazova verdim. Eyni zamanda, dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, "beşinci kolon"un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir. Ona görə Şəhidlər xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər. Şəhidlər xiyabanında da insanlar yığışanda asayiş tam təmin edilirdi. Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, - mən bu gün səhər dedim, - məsuliyyətdən boyun qaçıra bilməyəcək. Əlbəttə ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir, əgər onlar məhkəmə tərəfindən bu cəzaya layiq görüləcəklərsə. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün biz ictimaiyyətdən də yardım istəyirik. O təxribatçıları tam müəyyən etmək üçün dünən oraya toplaşan vətənpərvər insanlardan da mən xahiş edirəm, əgər o videokadrlarda kimisə, iğtişaş törətmək istəyənləri tanıyırlarsa, məlumat versinlər, biz hamısını tapaq və cəzasını verək. Azərbaycan xalqını bu təxribata çəkən Ermənistan başından zərbə aldı. Bizim şanlı ordumuz, bizim əsgərlərimiz, zabitlərimiz, hərbi komandirlərimiz bu günlər ərzində gecə-gündüz yatmadan iş başındadırlar. Mən Müdafiə nazirinə, Baş Qərargah rəisinə nə vaxt zəng edirəmsə, iş başındadırlar - gecə, səhər saat 7-də, axşam saat 10-da, gecə saat 2-də. Biz böyük qələbə qazanmışıq, xalq da bunu dəstəklədi. Xalq qələbəni qeyd etmək, şəhidlərimizin ruhunu yad etmək üçün Şəhidlər xiyabanına gəldi. Hansısa yaramaz ünsürlər burada iğtişaş törədəcək? Bu olmayacaq. Onların fikri 1990-cı illərin əvvəllərinə getməsin. Azərbaycanın o vaxtkı hakimiyyətinin bədbəxtliyi də ondan ibarət idi ki, Xalq Cəbhəsi kimi çirkin, mənfur, qorxaq, satqın fərarilərdən qaçdı. O fərarilər ki, ondan bir il sonra hakimiyyəti qoyub qaçdılar. Bax, bu binada otururdular. Bu binanı da zibilləmişdilər. Prezidentin kabinetində hər gün kolbasa, araq yeyib-içirdilər, hər gün, gecə səhərə qədər. Sonra da o vaxtkı prezident saat 12-də yuxudan oyanırdı. Saat 5-də də yenidən kolbasa, araq. Keçmiş müdafiə naziri, keçmiş daxili işlər naziri, keçmiş dövlət katibi, keçmiş prezident bu binanı murdarlamışdılar. Belə bir çirkin dəstə gəlib o vaxt hakimiyyəti hay-küylə yıxdı. Onların fikri ora getməsin. Bunların dərsini vermişik, verəcəyik. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək".

2020-07-16 00:00:00
3552 baxış

Digər xəbərlər

General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü ilə bağlı tədbir keçirilib

5 mart 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Hərb tariximizdən səhifələr” mövzusuna həsr olunmuş tədbir keçirilib. General Əliağa Şıxlınskinin anadan olmasının 161-ci ildönümü münasibətilə keçirilən tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Əliağa Şıxlınskiyə həsr edilən səndəli film nümayiş olunub. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Əliağa Şıxlınski və onun irsi ilə bağlı maraqlı fikirlər səsləndirib, gənclərin milli hərb tariximizi dərindən mənimsəməsinin vacibliyinə toxunub: “Əliağa Şıxlınski yalnız Azərbaycan deyil, dünya hərb tarixinin ən görkəmli simalarından biri, xalqımızın milli iftixar mənbəyidir. Ömrünü hərb sənətinə, onun inkişafına həsr edən Əliağa Şıxlınski dünya hərbinə mühüm yeniliklər gətirib, hələ öz dönəmində “Artilleriyanın allahı” adlandırılıb. Təkcə bir faktı qeyd edim ki, Şıxlınskinin hərbə, xüsusilə də artilleriyya gətirdiyi yeniliklər Fransa, Almaniya və digər Qərb ölkələrində bu gün də tədris edilməkdədir. 1904-1905-ci illərin rus-yapon müharibəsinin qəhrəmanı hesab edilən Şıxlınski, Birinci Dünya Müharibəsində də böyük igidliklər göstərib, topçu hissələrinə bacarıqla rəhbərlik edib. Əliağa Şıxlınskinin xalqımız qarşısındakı çoxsaylı xidmətlərindən biri də onun 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasından yaxından iştirak etməsi, Silahlı Qüvvələrin rəhbərliyində təmsil olunması ilə bağlıdır. Görkəmli general Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsinə böyük töhfələr verib, gənclərimizin hərb sənətinə marağının artırılmasında, onların bu peşəyə gəlişində mühüm rol oynayıb. Bu baxımdan, Əliağa Şıxlınskinin hərbi irsinin, həyat və döyüş yolunun gənclərimiz tərəfindən öyrənilməsi, dərindən mənimsənilməsi vacibdir. Xatırladım ki, həm Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyeva gənclərə müraciətində milli tariximizin öyrənilməsinin vacibliyinə toxunub, bunu milli-mənəvi dəyərlərimizin bir parçası kimi xarakterizə edib. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, gələcək təhülkəsizliyimiz və inkişafımız üçün milli tarixinə, soykökünə bağlı vətənpərvər gəncliyin yetişdirilməsi vacibdir və bu məsələ hər zaman diqqət mərkəzində saxlanılmalıdır. Bu baxımdan, Əliağa Şıxlınskinin həyatının, döyüş yolunun öyrənilməsi mühüm əhəmiyyətə malikdir və gənc nəsil bu böyük vətənpərvərlik məktəbinə daim müraciət etməli, ondan mütəmadi şəkildə faydalanmalıdır”. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının əməkdar müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova Əliağa Şıxlınskinin həyat və döyüş yolu haqqında ətraflı çıxış edib. Əliağa Şıxlınskinin həm komandan, həm nəzəriyyəçi, həm də pedaqoq kimi çoxşaxəli fəaliyyətlə məşğul olduğunu bildirən Firdovsiyyə Əhmədova, onun Cümhuriyyətin müdafiəsindəki xidmətlərinin də əvəzsiz olduğunu vurğulayıb. Tədbirdə çıxış ehtiyatda olan polis polkovniki Sadir Məmmədov da Əliağa Şıxlınskinin dünya hərb tarixindəki roluna toxunub, Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbçilərin öz sələflərinin irsini layiqincə davam etdirdiyini bildirib. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
Azərbaycan milli mətbuatı: şərəfli inkişaf salnaməsi

151 illik zəngin ənənəyə malik Azərbaycan milli mətbuatı artıq təkcə ölkədaxili informasiya məkanının deyil, həm də qlobal informasiya mühitində dövlət maraqlarını müdafiə edən mühüm strateji institutlardan birinə çevrilib. 22 iyul Azərbaycan xalqının ictimai fikir tarixində xüsusi yer tutan əlamətdar günlərdəndir. Bu tarix ilk Azərbaycan dilli qəzet olan "Əkinçi"nin nəşrə başladığı gün olmaqla yanaşı, həm də milli özünüdərkimizin, maarifçilik hərəkatımızın, azad fikir ənənələrinin və dövlətçilik ideyalarının mətbuat vasitəsilə cəmiyyətə çatdırılmasının başlanğıcıdır.Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, "Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. "Əkinçi"dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik." Ulu Öndərin bu fikri milli mətbuatımızın missiyasını ən dolğun şəkildə ifadə edir.1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən təsis edilən "Əkinçi" qəzeti cəmi iki il fəaliyyət göstərsə də, Azərbaycan xalqının ictimai şüurunun formalaşmasında misilsiz rol oynadı. O, xalqı elmə, maarifə, tərəqqiyə çağırdı, cəhalətə qarşı mübarizə apardı və milli mətbuat məktəbinin əsasını qoydu. Məhz "Əkinçi"nin yaratdığı ənənələr sonralar "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "Açıq söz" və digər nəşrlərdə davam etdirilərək milli oyanış prosesini sürətləndirdi.Azərbaycan milli mətbuatı tarix boyu xalqın taleyi ilə birgə yol keçib. Çətin sınaqlardan, senzuralardan, təzyiqlərdən keçərək milli ideyanın, dövlətçilik düşüncəsinin və istiqlal arzularının daşıyıcısına çevrilib. Mətbuatımız təkcə xəbərləri çatdırmayıb, həm də cəmiyyətə istiqamət göstərən, milli-mənəvi dəyərləri qoruyan və gələcək nəsilləri maarifləndirən mühüm məktəb olub.Müstəqilliyin bərpasından sonra isə Azərbaycan mediasının inkişafında tamamilə yeni mərhələ başlandı. 1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi Azərbaycan mediasının inkişaf tarixində dönüş nöqtəsi oldu. Bu qərar ölkəmizdə azad mətbuatın formalaşmasının əsas hüquqi təminatlarından biri kimi tarixə düşdü.Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə medianın hüquqi bazası təkmilləşdirilib, Medianın İnkişafı Agentliyi yaradılıb, "Media haqqında" Qanun qəbul edilib, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, güzəştli ipoteka imkanlarının yaradılması, media subyektlərinə vergi güzəştlərinin tətbiqi kimi mühüm qərarlar qəbul olunub. Bütün bunlar Azərbaycan dövlətinin medianı cəmiyyətin strateji institutlarından biri kimi qiymətləndirdiyini açıq şəkildə göstərir.Prezident İlham Əliyevin vurğuladığı kimi, "Mətbuat qərəzsiz olmalı, çevik, operativ fəaliyyət göstərməli, insanları məlumatlarla tam şəkildə təmin etməlidir." Bu gün Azərbaycan mediası məhz peşəkarlıq, operativlik və milli maraqların müdafiəsi baxımından yeni inkişaf mərhələsinə qədəm qoyub.Müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələrin sürətli inkişafı, süni intellekt texnologiyalarının yayılması, saxta xəbərlərin və dezinformasiyanın geniş vüsət alması medianın məsuliyyətini daha da artırır. Bu şəraitdə jurnalistin əsas vəzifəsi təkcə xəbəri ilk çatdırmaq deyil, doğru, dəqiq, obyektiv və yoxlanılmış informasiyanı cəmiyyətə təqdim etməkdir.44 günlük Vətən müharibəsi və sonrakı dövr Azərbaycan jurnalistikasının peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Media nümayəndələri informasiya cəbhəsində böyük fədakarlıq göstərərək Ermənistanın dezinformasiya kampaniyalarına qarşı mübarizə apardılar, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırdılar. Bir çox jurnalistlərin cəbhə bölgəsində çalışması onların peşəsinə və dövlətinə sədaqətinin bariz nümunəsi oldu.İşğaldan azad edilən torpaqlara mütəmadi media nümayəndələri dəvət edilir. Şuşa təkcə mədəniyyət paytaxtımız deyil, həm də beynəlxalq media dialoqunun mərkəzlərindən birinə çevrilib. IV Şuşa Qlobal Media Forumunda dünyanın onlarla ölkəsindən media nümayəndələrinin iştirakı Azərbaycanın beynəlxalq informasiya siyasətinə verilən yüksək qiymətin göstəricisidir. Forumda sülhün təşviqi, dezinformasiyaya qarşı mübarizə, media etikası, süni intellekt dövründə məsuliyyətli jurnalistika və informasiya təhlükəsizliyi kimi aktual məsələlərin müzakirə olunması Azərbaycanın qlobal media gündəliyinin formalaşmasında fəal iştirak etdiyini təsdiqləyir.Milli mətbuatımızın 150 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, yubiley medalının təsis edilməsi, jurnalist əməyinə verilən yüksək qiymət, həyata keçirilən islahatlar göstərir ki, Azərbaycanda medianın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.Bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifə milli maraqları hər zaman üstün tutmaq, dövlətçilik dəyərlərini qorumaq, cəmiyyətdə sağlam informasiya mühiti formalaşdırmaq, gənc nəslin media savadlılığını artırmaq, dezinformasiyaya qarşı prinsipial mövqe nümayiş etdirmək və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə daha güclü çatdırmaqdır.22 İyul - Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini, jurnalistləri, redaktorları, operatorları, fotojurnalistləri və bu məsuliyyətli peşəyə ömrünü həsr edən hər kəsi səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar, obyektivlik, prinsipiallıq və yeni yaradıcılıq nailiyyətləri arzulayıram.151 il şərəfli yol keçmiş Azərbaycan milli mətbuatı bundan sonra da dövlətimizin maraqlarının müdafiəsində, cəmiyyətimizin maarifləndirilməsində, milli həmrəyliyin möhkəmləndirilməsində və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldilməsində öz tarixi missiyasını layiqincə davam etdirəcək. Məşhur MəmmədovMilli Məclisin deputatıwww.AzadMedia.az

Hamısını oxu
Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraiti yaxşılaşdırılacaq - SƏRƏNCAM

  Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb. Apa-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirsin, Sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin, Sərəncamda irəli gələn digər məsələləri həll etsin.   Müəyyən edilib ki, bu Sərəncamda nəzərdə tutulan şəxslərin mənzillə təmin edilməsi bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nazirliyin balansına verdiyi və ya Nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilir.   İpoteka və Kredit Zəmanət Fondu Nazirliyin müraciəti əsasında bu Sərəncamdan göstərilən məqsəd üçün balansında olan mənzillərin Fondun mənfəəti hesabına həmin Nazirliyin balansına verilməsini təmin etməlidir.   Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.  

Hamısını oxu
Azərbaycan veteranları dünya ictimaiyyətini erməni faşizminin təbliğinə biganə qalmamağa səsləyir

Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan özünün təcavüzkarlıq siyasətini daha açıq və arxayın şəkildə davam etdirməklə kifayətlənmir, alman faşizminə xidmət göstərmiş cəlladlara abidə ucaldır. Biz veteranlar, ümumiyyətlə, Azərbaycan cəmiyyəti bəşəriyyətə zidd olan bu əməlləri birmənalı şəkildə qınayır və dünya ictimaiyyətini erməni faşizminin təbliğinə biganə qalmamağa səsləyirik. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı qanlı soyqırımlarının təşkilatçıları, sonradan nasist Almaniyasına xidmət etmiş general Dronun və ermənilərdən ibarət qisasçı legionun rəhbəri Qaregin Njdenin Yerevanda abidəsinin ucaldılmasına etiraz əlaməti olaraq, Respublika Veteranlar Təşkilatında keçirilən tədbirdə səslənib. Tədbirdə müharibə, əmək və Silahlı Qüvvələr veteranları, ictimai təşkilatların nümayəndələri, ziyalılar və media təmsilçiləri iştirak ediblər. Təşkilatın sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxış edərək ermənilərin iki əsrdən artıq müddətdə türklərə, xüsusən Azərbaycan xalqına qarşı həyata keçirdikləri mənfur siyasətdən və törətdikləri qanlı qətliamlardan danışıb. D.Rzayev müasir dövrdə ermənilərin öz sələfləri - İkinci Dünya müharibəsində alman faşizminə xidmət göstərmiş cəlladlar Qaregin Njdenin və general Dronun genişmiqyaslı təbliği ilə məşğul olduqlarını vurğulayıb. Bildirib ki, ermənilər bədnam niyyətlərini həyata keçirmək üçün Rusiya mediasından yararlanır, məqalələr, kitablar yazır, tanınmış rus kino xadimlərinin iştirakı ilə sənədli filmlər çəkir, təmtəraqlı təqdimatlar təşkil edilər. Vaxtilə Qarabağda və Zəngəzurda azərbaycanlı əhaliyə qarşı qırğınlar törədən, sonradan Hitlerin, Himmlerin dostu olmuş Njde kimi faşist cəlladlara bəraət qazandırılmasına xidmət edən bu təbliğatda hədsiz ifrata varılır, onlar hətta qəhrəman səviyyəsinə yüksəldilir. Məlumat verilib ki, ermənilərin bu yolverilməz əməlləri ilə bağlı İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində Respublika Veteranlar Təşkilatının adından Rusiya Prezidenti Vladimir Putinə, eləcə də MDB-nin digər dövlət başçılarına müraciət göndərilib. Həmin müraciətə operativ cavab verən Rusiya Prezidenti bunu yolverilməz hesab edib və ölkəsində ermənilərin mənfur təbliğatının dayandırılması barədə tapşırıqlar vermişdi. Respublika Veteranlar Təşkilatının sədri bildirib ki, ermənilər yenidən bədnam təbliğat maşınını işə salıb, faşist cəlladı Njde haqqında yazılmış kitabın Moskvada təqdimatını keçiriblər. Ermənistanda isə bu qatı nasistə abidə ucaldılıb və onun açılışında erməni faşizminin bugünkü dəstəkçiləri, o cümlədən prezident Serj Sarkisyan iştirak edib. D.Rzayev deyib ki, Azərbaycan veteranları ermənilərin İkinci Dünya müharibəsində alman faşizminə xidmət etmiş Qaregin Njdeyə Yerevanda abidə ucaltmalarını qəti şəkildə pisləyirlər. O, bununla bağlı veteranlar adından Rusiya Prezidenti Vladimir Putinə, MDB-nin digər dövlət başçılarına, habelə beynəlxalq təşkilatlara ünvanlamaq üçün müraciət hazırlandığını bildirib. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov müraciətin mətnini diqqətə çatdırıb. Müraciətdə deyilir: “Nasist canilər Dro və Njdenin şərəfinə xatirə sikkələri kəsən, filmlər çəkən Ermənistanın bu cür davranışına xüsusi haqq verilməsinin səbəbi bizə aydın deyil. Yerevanda bir meydana və metronun bir stansiyasına Qaregin Njdenin adı verilib. Orada Drastamat Kananyanın adını daşıyan küçə də var. İndi hökumət binaları kompleksi və Ermənistanın hakim partiyasının qərargahı ilə yanaşı, Njdenin abidəsi də ucalır”. Müraciət müəllifləri BMT Baş Məclisinin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözülməzliyə qarşı mübarizə” adlı 70/139 nömrəli Qətnaməsinin 4-cü bəndini xatırladırlar. Həmin bənddə qeyd olunur ki, BMT Baş Məclisi “nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirir. “Rus xalqının və digər xalqların övladları ilə çiyin-çiyinə bizim 700 min həmvətənimiz cəbhəyə yollanıb, onların yarıdan çoxu döyüşlərdə qəhrəmancasına həlak olub. Böyük Vətən müharibəsi illərində göstərdikləri igidliklərə görə Azərbaycanın təqribən 130 nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülüb. Sovet xalqının igidliyinin nurlu xatirəsi Azərbaycanda bu gün də böyük ehtiramla yad edilir, 9 May günü əvvəlki kimi yenə də ən mötəbər dövlət bayramlarından biri olaraq qalır. Biz, faşizm ilə müharibənin bütün ağrı-acısını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar nasist canilərin ətrafında qəhrəmanlar oreolu yaradılmasını ürək ağrısı ilə müşahidə edirik. Biz Ermənistanın vaxtı ilə ümumi vətənimiz uğrunda həlak olmuş insanların xatirəsinə və bütün sülhsevər bəşəriyyətə açıq-aşkar hörmətsizlik olan hərəkətlərinə görə hiddətlənirik. Əminik ki, biz Böyük Vətən müharibəsi qurbanlarının nurlu xatirəsinə sadiq qalaraq, Ermənistan tərəfindən təbliğ edilən faşizm ideologiyası timsalında ümumi şərə qarşı mübarizədə öz səylərimizi yenidən birləşdirəcəyik”, - müraciətdə qeyd olunur. Tədbirdə digər çıxış edənlər də Ermənistanda faşist Almaniyasının tərkibində SSRİ-yə qarşı döyüşlərdə iştirak etmiş şəxslərin xatirəsinin əbədiləşdirilməsi cəhdlərinin yolverilməz addım olduğunu vurğulayıb, belə əməllərin qarşısının alınması üçün dünyanın bütün sülhsevər ictimaiyyətinin qəti etiraz bildirməsinin vacibliyini diqqətə çatdırıblar. Sonda müraciət səsə qoyularaq qəbul edilib.

Hamısını oxu