Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bir sıra rayonlarda yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımları paylanılır. Aksiya Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir. Aksiyanın məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlara dəstək göstərməkdir. Xatirladaq ki, Təşkilat “Evdə qal, həyatları xilas et!” çağırışı ilə müraciət edərək veteranları, əhalini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət olunmasını tövsiyə edib. Bildirilib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirir. Onun köməyi və dəstəyi ilə veteranlar bu çətin dövrü də arxada qoyacaqlar. Veteranlar özlərini və yaxınlarını qorumalıdırlar. Qeyd edək ki, aksiya çərçivəsində Respublika Veteranlar Təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və təşkilatın mətbuat xidmətinin əməkdaşı Şəhla Qarayeva, müvafiq rayon icra hakimiyyətlərinin və rayon veteranlar təşkilatlarının nümayəndələrinin iştirakı ilə Sabirabad, Füzuli, İmişli, Ağdam, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Kürdəmirdə yaşayan İkinci Dünya müharibəsi veteranlarına ərzaq yardımları artıq paylanılıb. Veteranlarla hər görüşdə təşkilatın nümayəndələri ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsi, zərurət yaranmadan digər şəxslərlə təmas qurulmaması və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyenik qaydalara riayət edilməsinin vacibliyini vurğulayırlar. Respublika Veteranlar təşkilatının nümayəndələri ilə görüşən Rayon İcra Hakimiyyətinin rəhbərlikləri Koronavirus (COVID-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndiriblər. Yardım aksiyası iyulun sonunadək davam edəcək.

2020-07-19 00:00:00
3377 baxış

Digər xəbərlər

Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümü Nəsimi rayonunda qeyd olunub

Respublika Veteranlar Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin iş planına uyğun olaraq şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev 22 iyun 2021-ci il tarixində  Nəsimi  rayonunda Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günunə həsr edilən tədbir keçirib.   Tədbirdə Nəsimi  rayon VT-nın sədri Validə Vəliyeva, 44 günlük Vətən   müharibəsi    döyüşçüləri  Mətləb Əhmədov,  Rövşən Rzayev, Nifi Məmmədov,Elçin Əhmədov, Birinci Qarabağ veteranı Taryel Eyvazov və digər qonaqlar iştirak edib.   Tədbiri Nəsimi  rayon VT-nın sədri Validə Vəliyeva  açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib.   Daha sonra çıxış edən polkovnik Adil Haqverdiyevin təklifi ilə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Azərbaycan ordusunun yaranma tarixindən bəhs edən polkovnik Adil Haqverdiyev, tarixin bütün dönəmlərində Azərbaycan xalqının dünya hərb səsnətinə böyük sərkərdələr bəşx etdiyini bildirib.   Polkovnik qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycan ordusu durmadan inkişaf edir. Azərbaycan xalqı öz müzəffər ordusu ilə, onun başında duran Ali Baş Komandan İlham Əliyevlə qürur duyur.   Qarabağ veteranı Taryel Eyvazov da öz çıxşında Azərbaycan ordusunun mövcud durumundan bəhs edib, 44 günlük Vətən müharibəsinin xalqımızın tarixində yeni dönəmin əsasını qoyduğunu bildirib.

Hamısını oxu
Respublika Veteranları Niderlandda baş verən hadisələrdən narahatdırlar

14 mart  2017-ci  il tarixdə Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda Respublika Veteranlar Təşkilatının (RVT) 6-cı Plenumundan ötən dövr ərzində Təşkilatın fəaliyyəti barəsində RVT-nin  sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov məruzə ilə çıxış etmişdir. Rəyasət Heyətinin növbəti iclasının gündəliyinə uyğun olaraq daha bir neçə məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. İclacda həmçinin veteranlar son zamanlar Niderlandda dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələrdən narahat olduqlarını ifadə etmiş və bununla əlaqədar Azərbaycan Veteranları adından Niderland hökumətinə müraciət qəbul etmişlər.   Niderlandda dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələrlə əlaqədar Azərbaycan Veteranlarının Niderland hökumətinə Müraciəti Niderlandda son günlər dini və milli ayrı-seçkilik zəminində baş verən hadisələr insanlıq və humanizmlə bir araya sığmır. Özünü Avropanın humanist, tolerant və insan hüquqlarının təminatçısı kimi göstərən bir ölkəsində belə hadisələrin baş verməsi dünyanın harasında törədilməsindən asılı olmayaraq, hadisələrə obyektiv yanaşan insanlar kimi biz Azərbaycan veteranlarını da ciddi narahat edir. Biz veteranlar Niderlandda yaşayan türk icmasının sərbəst və dinc toplaşmasına imkan verilməməsini, onlara qarşı güc tətbiq edilməsini, eləcə də Niderland hökümətinin Türkiyə hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirləri qərəzli və ziddiyyətli hesab edirik. Bütün bunlar daim bəyan olunan Avropa və ümumən insanlıq dəyərlərinə ziddir.   Qədim qitənin inkişaf etmiş bir ölkəsində dini dözümsüzlük, irqi və milli ayrı-seçkilik zəminində yolverilməz hərəkətlərin törədilməsi yalnız acı təəssüf hissi doğurur. Digər tərəfdən, bu hadisələri iki ölkə arasında siyasi böhrana səbəb olan siyasət kimi qiymətləndirir, düşünülməmiş addımlardan məyus olduğumuzu bildirirk. Biz xalqımızın tarixən tolerantlığı, sülhsevərliyi ilə seçilməsini fəxrlə qeyd edir, özünü demokratiya nümunəsi hesab edən ölkələrin Azərbaycanın bu gün vətəndaş həmrəyliyi sahəsində həyata keçirdiyi siyasətdən, xüsusilə ölkəmizdə dini, milli və irqi ayrı-seçkiliklərin tamamilə aradan qaldırılmasından nümunə götürməyə səsləyirik. Niderlandı, eləcə də, bu cür mənfi halların baş qaldırdığı istənilən ölkəni Azərbaycan Respublikasının bu sahədə əldə etdiyi siyasi təcrübədən istifadə etməyə çağırır, yalnız xalqlar arasında dostluğun, insan haqlarına hörmətin bərqərar olduğu ölkələrdə inkişaf və tərəqqinin mümkün olduğunu qeyd edirik. Biz Avropanı faşizm, şovinizm bəlasından xilas etmək üçün canından, sağlamlığından keçmiş veteranlar olaraq, Avropada sülhün təminatı üçün təhlükə yaradan eyni halların yenidən təkrarlanması təhlükəsindən və hadisələrin siyasiləşdirilməsindən təəssüflənir, tezliklə bütün bunlara son qoyulması üçün ağılın diktəsi ilə tədbirlər görüləcəyinə, Niderland və Türkiyə arasında baş verən siyasi böhranın aradan qaldırılacağına inanırıq.                                   Azərbaycan Respublikası Müharibə, Əmək və                                 Silahlı Qüvvələr Veteranları Təşkilatı 

Hamısını oxu
“Ermənistan Rusiyanın girovuna çevrilib”

Nəsib Məhəməliyev: “Sərhəddəki erməni təxribatlarına bundan sonra da sərt cavab veriləcək” Son vaxtlar erməni təxribatlarının genişlənməsi təmas xəttində gərginliyin yenidən artmasına səbəb olub. Maraqlıdır, İrəvanın bir yandan “sülh” deyib, digər yandan  təxribata əl atması hansı məntiqlə izah oluna bilər? Bu təxribatlara son qoyulmasa, Azərbaycanın yeni bir anti-terror əməliyyatına start verməsi mümkündürmü? Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib: “Müəyyən fasilələrdən sonra sərhəddə baş verən təxribatlar gözlənilən idi. Geniş miqyaslı hərbi əməliyyatlar bitsə də, vaxtaşırı lokal toqquşmalar, təxribatlar, atəşkəs rejiminin pozulması müşahidə olunur. Bunların baş verməsinin əsas səbəbi, Ermənistanla Azərbaycan arasında nizamlanma prosesinin harada, kimin vasitəçiliyi və hansı formatda aparılmasıdır. Danışıqların xronologiyasına diqqət edək. ABŞ-da dövlət katibi Blinkenin vasitəçiliyi ilə Xarici işlər nazirlərinin dörd gün davam edən görüşü keçirildi. Rəsmi məlumata görə bəzi müsbət addımlar atıldı və qərara alındı ki, növbəti görüş dövlət başçıları səviyyəsində, Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilsin. Ermənistanın, prosesə Fransa prezidenti Makronu cəlb etmək istəyi, Azərbaycanın qəti mövqeyinə görə baş tutmadı. 9 mayda, Moskva səfərindən sonra Paşinyan növbəti dəfə mövqeyini kəskin şəkildə dəyişdi və sərsəm bəyanatlar səsləndirdi. Paşinyanın davranışını bir neçə faktorlarla izah etmək olar. Birincisi, Paşinyanın hakimiyyəti yekcins deyil, erməni cəmiyyətinin və erməni diasporasının əksər hissəsi tərəfindən dəstəklənmir. Ələlxüsus, silahlı qüvvələrin komanda heyətində Rusiyada təhsil almış və bu ölkəyə bağlı çoxsaylı kadrlar, hökumətin verdiyi istəniən qərarı boykot etmək, təxrbatlar törətmək iqtidarındadırlar. İkincisi, xroniki erməni xəstəliyi ilə bağlıdır. 44 günlük müharibədə ağır məğlubiyyətə uğramaqlarına, özlərinin rəsmən etiraf etdikləri 11 mindən artıq müharibədən qorxub qaçan fərarinin olmasına baxmayaraq, erməni cəmiyyətində revanş hissi ilə yaşayan daşnak-millətçi kəsimin hakimiyyətə təsiri böyükdür. Bu gün də Ermənistanda və Qarabağda fasiləsiz olaraq, muzdlu döyüşçülərin hazırlanması üzrə kurslar təşkil olunur, partizan müharibəsinə hazırlaşırlar. Sülh müqaviləsi imzalandığı halda, hakimiyyəti dövlət çevrilişi ilə hədələyirlər. Üçüncüsü, Ermənistan iqtisadiyyatının əsas sahələri Rusiyanın ya şəxsi mülkiyyətidir, ya da ki, uzunmüddətli icarədədir. Ermənistanda Rusiyanın xarici ölkələrdə mövcud olan ən böyük hərbi bazası yerləşir və Türkiyə, İranla sərhədlərini rusiyalı sərhədçilər qoruyur. Faktuki Rusiyanın təşkilatları hesab olunan KTMT-nın, Avroasiya və vahid Gömrük İttifaqlarının üzvüdür. Son 30 ildə Ermənistanın apardığı yanlış siyasət, ölkəni Rusiyadan, diasporadan, müxtəlif lobbi təşkilatlarından asılı vəziyyətə salmış, girovuna çevirmişdir. Loru dilində desək, “erməni adlı xanımın” bir neçə adaxlısı var və hər hansı bir qərarın verilməsində onların hər birinin razılığı olmalıdır. Adaxlılardan ikisinin bir-biri ilə barışmaz düşmənçilik səviyyəsində olduğunu nəzərə aldıqda, vəziyyətin necə acınacaqlı olması aydınlaşır. Dördüncüsü, ,,erməni məsələsinin,, beynəlxalq gündəlikdən çıxarılmasının əleyhdarı olan qlobal güclərin qurduğu oyunlarla bağlıdır. Burada söhbət təkcə Azərbaycan-Ermənistan münasibətləri ilə məhdudlaşmır. Daha geniş arealı, coğrafitanı əhatə edir. Böyük sülh müqaviləsinin imzalanması o deməkdir ki, hər iki dövlətlə yanaşı, qardaş ölkə Türkiyəyə qarşı irəli sürülən ərazi və saxta “genosid” iddialarına son qoyulacaq, böyük bir regionda əmin-amanlıq bərpa olunacaqdır. Bu isə, kürəsəl güclərin planları ilə uzlaşmır. Bəllidir ki, sülh danışıqları iki formatda aparılır. Biri Kollektiv Qərbin təşkil etdiyi Brüssel formatı, digəri Rusiyanın. Rusiya, Cənubi Qafqazda maraqlarının olduğunu gizlətmir. İstənilən üçüncü qüvvənin müdaxiləsini öz siyasətinə təhlükə olaraq görür və qısqanclıqla yanaşır. Bütün bunları Paşinyan görür və vəziyyətin son dərəcə kritik olduğunu başa düşür. Bir yandan Qərb tərəfindən, Rusiyanın Qafqazdan çıxarılmasına yönəlik siyasəti, digər tərəfdən Rusiyanın təzyiqləri, Paşinyanı hər iki qütb arasında vurnuxmağa, tez-tez fikrini dəyişməyə məcbur edir. Üstəlik, populist olmasına rəğmən, onun bəzi şəxsi keyfiyyətləri, geosiyasi oyunlarda əyalət düşüncəli primitiv siyasətçi, piyada təsiri bağışlaması, qətiyyətsizliyi, sülhün əldə olunmasını mümkünsüz edir. Müharibədən sonrakı seçkilərdə erməni xalqı Paşinyana kart-blanş versə də, istifadə edə bilmədi. Azərbaycanın anti-terror əməliyyatlarına başlamasına gəldikdə isə, biz Ermənistan ərazisində yox, Qarabağda separatçılara qarşı keçirə bilərik. Laçın rayonu ərazisində nəzarət-buraxılış məntəqəsini açmaqla, dövlət sərhədlərimiz tam nəzarətə götürülmüşdür. Ermənilər anlamalıdır ki, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, daha çox onlara lazımdır. Onların sərhəddə törətdikləri və planlaşdırdıqlarl təxribatlara silahlı qüvvələrimiz tərəfindən ən sərt şəkildə cavabı verilir və gələcəkdə də veriləcəkdir. Allah şəhidlərimizə rəhmət eləsin, xəsarət alan hərbçilərimizə şəfa versin”. Seymur ƏLİYEV

Hamısını oxu
Son təxribatlar İrəvanın sülh haqqında dediklərinin imitasiyadan başqa bir şey olmadığını göstərir

Bakı, 1 sentyabr, AZƏRTAC Ermənistan hərbçilərinin ordumuzun Kəlbəcərdəki mövqeyinə qarşı zərbə PUA-sı tətbiq etməsi, həmçinin artilleriya zərbələrinə tutması onun terror siyasətinin açıq və növbəti təzahürüdür. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər İrəvanın sülh haqqında dediklərinin imitasiyadan başqa bir şey olmadığını göstərir: “Törədilən təxribatlar göstərir ki, Ermənistan sülh yox, revanş haqında fikirləşir və ona görə də belə xain həmlələrlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Ancaq Ermənistan bilməlidir ki, o, heç vaxt öz məqsədinə çata, post-müharibə dövrünün reallıqlarını dəyişə bilməyəcək. Onun bütün təxribatlarına ordumuz tərəfindən layiqli cavab veriləcək. Necə ki, biz hazırda bunu müşahidə etməkdəyik”. Respublika Veteranları Təşkilatının sədr müavini vurğulayıb ki, mövcud vəziyyət beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Ermənistanın təxribatına sərt reaksiya verməsini tələb edir: “Ermənistan ordusunun bugünkü təxribatları bir daha sübut edir ki, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, dünya ictimaiyyəti erməni terroru ilə bağlı aydın və birmənalı mövqe ortaya qoymalıdır. Makron hakimiyyəti və digər ermənipərəst qüvvələr bu təxribatı görməli, özlərini “karlığa, korluğa” qoymaqdan əl çəkməlidir. Həmçinin bütün dünya anlamalıdır ki, Azərbaycan sonsuzadək həmin təxribatlar qarşısında təmkin nümayiş etdirə bilməz. Odur ki, heç kim erməni faşizminin başını növbəti dəfə əzəcəyimiz halda bizi qınamamalı, ittiham etməməlidir. Azərbaycan öz təhlükəsizliyini təmin etməyə məcburdur və bu istiqamətdə lazımi bütün addımları qətiyyətlə atacaq”. Qeyd edək ki, Azərbaycan Müdafiəsi Nazirliyinin son məlumatına görə, sentyabrın 1-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir. Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.

Hamısını oxu