Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Veteranlara daima diqqət və qayğı göstərilir.

Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynov: “Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin maddi-sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlərin həyata keçirilməsi qürur doğurandır.” 1994-cü ildə “Veteranlar haqqında” Qanun qəbul olunmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısının ildən-ilə artırılması istiqamətində müvafiq işlər aparılıb. 2003-cü ildən etibarən Ulu öndərimizin layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilməklə, bu istiqamətdəki xətti müvəffəqiyyətlə həyata keçirir. Yaxın bir neçə ildə İkinci Dünya müharibəsi iştirakçılarına qayğı daha da artırılıb, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində hörmətli Prezidentimizin çoxsaylı fərman və sərəncamları olub. Ölkə başçısı cənab İlham Əliyev prezident seçildiyi dövrdən etibarən hər zaman veteranlara, müharibə əlillərinə, arxa cəbhədə fədakar əməyi ilə fərqlənən insanlara qayğı ilə yanaşıb. Cənab Prezident İlham Əliyevin 21 iyul 2020-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bunun əyani sübutu və veteranlara, müharibə əlillərinə göstərilən qayğının bariz nümunəsidir. Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin maddi-sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlərin həyata keçirilməsi qürur doğurandır. Həyata keçirilmiş sosial proqramlar Vətənə canı bahasına xidmət etmiş və bu gün də layiqincə xidmət edən insanlara, onların ailə üzvlərinə nə qədər önəm verildiyini bir daha sübut edir. Ali Baş Komandanın bu istiqamətdə verdiyi Fərman və sərəncamlar Azərbaycanın veteranlarımıza və onların yaxınlarına, eləcə də sabah torpaqlarımızın düşmən işğalından azad olunması yolunda fədakarlıq göstərəcək əsgər və zabitlərimizə ünvanlanmış aydın və birmənalı mesajıdır. Vətən, xalq, dövlət öz müdafiəçilərini daim qiymətləndirir, onların xidmətlərini heç vaxt yaddan çıxarmır. Veteranlarımıza göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, eləcə də I vitse-prezident Mehriban Əliyevaya Respublika Veteranlar Təşkilatının rəhbərliyi, eyni zamanda veteranlarımız adından öz xüsusi minnətdarlığımı bildirirəm.

2020-07-22 00:00:00
784 baxış

Digər xəbərlər

“Prezident İlham Əliyevin Özbəkistana səfəri ikitərəfli əməkdaşlığın inkişafında yeni səhifə açdı”

Samir Abbasov: “Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın genişlənməsi regionda sülh və sabitliyin güclənməsinə töhfə verəcək” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də Özbəkistana səfər edib. Səfər əsnasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi keçirilib, mühümü müqavilələrə imza atılıb. Moderator.az olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasovla söhbətimizdə Prezident ilham Əliyevin Özbəkistana səfəri, bu səfərin Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına təsiri, iki dost xalq arasındakı mədəni əlaqələrin dünəni və bugünü kimi məqamları şərh etməyə çalışdıq. -Samir müəllim, ilk öncə Prezident İlham Əliyevin Özbəkistana səfərinin əhəmiyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik. Sizcə bu səfər Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin gələcəyinə nə vəd edir?  -Prezident İlham Əliyevin Özbəkistana səfərinin əhəmiyyətini anlamaq üçün səfər zamanı imzalanan sənədlərə, o cümlədən, iki dövlət başçısının verdiyi birgə bəyanata nəzər salmaq kifayətdir. Əminliklə bildirirəm ki, bu səfər türk dünyasının iki qardaş dövləti olan Azərbaycan və Özbəkistan arasındakı dostluq münasibətlərinin, eləcə də ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcək, bu əməkdaşlığı mahiyyət etibarı ilə yeni mərhələyə yüksəldəcəkdir. Çünki imzalanan sazişlər çoxsahəli əməkdaşlığı nəzərdə tutur ki, bura həm iqtisadi, həm hərbi, həm də digər sahələrdə əməkdaşlıq daxildir. Təbii ki, Azərbaycanın dövlət başçısının bu səfəri Özbəkistanla ölkəmiz arasında mədəni əlaqələrin inkişafına da ciddi təkan verəcək. Biz yaxın gələcəkdə genişlənməkdə olan iqtisadi-siyasi əlaqələr fonunda Azərbaycan-Özbəkistan mədəni əlaqələrinin daha da inkişaf etdiyinə, miqyas və mahiyyət etibarı ilə yeni dönəmə daxil olduğuna şahid olacağıq. Hansı ki, iki dövlət arasında iqtisadi-ticari əlaqələrin inkişafı ilə bağlı konkret məqsəd və hədəflər müəyyən edilib. Nümunə üçün qeyd edim ki, yaxın gələcəkdə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin yarım milyard dollara qədər qaldırılması nəzərdə tutulur ki, bu da indiki rəqəmdən beş dəfə çoxdur. Kənd təsərrüfatı, turizm və s. kimi sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi də planlaşdırılır. İşin ən önəmli tərəflərindən biri də ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələsinin bilavasitə prezidentlərin nəzarəti altında olması ilə bağlıdır. Xatırladım ki, media üçün birgə bəyanat zamanı Prezident İlham Əliyev bu amili xüsusi ilə vurğuladı. Bildirdi ki, əməkdaşlığın genişləndirilməsi ilə bağlı addımların nəticə verəcəyinə əmindir, çünki proses prezidentlərin nəzarəti altındadır. Bu fakt bir daha onu göstərir ki, iki dövlət arasında imzalanan sazişlər formallıqdan uzaqdır və konkret nəticələrə hesablanıb.  -Prezident İlham Əliyevin Özbəkistan səfərinin regional əhəmiyyəti nədən ibarətdir?  -Şübhəsiz, bu səfərin regional əhəmiyyəti də olduqca böyükdür. Çünki bu səfərdə müzakirə edilən məsələlər arasında iqtisadi-ticari əlaqələrin inkişafı ilə yanaşı, həm də regionda sülh və sabitliyin qorunub saxlanılması, sülh naminə hərbi əməkdaşlıq, dövlətlərin ərazi bütövlüyü və xalqların suverenliyinə hörmətlə yanaşılması kimi mühüm məqamlar da oldu, bu nüasnları özündə əks etdirən bir sıra sazişlər imzalandı. Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Xəzər regionunda, Cənubi Qafqazda, o cümədən Mərkəzi Asiyada sülh və sabitliyə ehtiyac var. Bu isə o deməkdir ki, Azərbaycanla Özbəkistan arasında dostluq əlaqələrinin genişlənməsi, çoxşaxəli əməkdaşlığın gücləndirilməsi bütün regionda sülhün, sabitliyin etibarlı şəkildə qorunmasına töhfə verəcək. Çünki həm Azərbaycan, həm də Özbəkistan sülh dövlətidir və bunu öz siyasətlərində hər zaman açıq şəkildə ortaya qoyub.  Bir sözlə, hesab edirəm ki, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın güclənməsi bütün regionun təhlükəsizliyinə, rifahına və inkişafına kömək edəcək.  -Azərbaycan və Özbəkistan arasındakı mədəni əlaqələrin tarixi haqqında nə deyə bilərsiniz?  -Azərbaycanla özbək xalqı arasında əlaqələrin tarixi kifayət qədər qədimdir. Böyük İpək Yolu bu əlaqələrin daha da inkişafına təkan vermişdir. Orta əsrlər dövründə bu əlaqələr daha da inkişaf etmiş, xalqlar arasında iqtisadi-ticari-mədəni münasibətlər genişlənmişdir. Xüsusilə də, Özbəkistanın böyük sənətkarlıq və ticarət şəhərləri olan Səmərqənd, Buxara, Xivə, Azərbaycan şəhərlərindən Bakı, Şamaxı, Gəncə, Naxçıvan, Təbriz şəhərləri arasında əlaqələr mövcud olmuş, sənətkarlıq və kənd təsərrüfatı məhsullarının ticarəti xüsusilə üstünlük təşkil etmişdir.  Orta əsrlərdə böyük özbək şairi olan Əlşir Nəvai Nizami Gəncəyə böyük rəğbət bəsləmiş, öz əsərlərində böyük Azərbaycan şairinə nəzirələr yazmışdır. O, hətta Nizamini öz ustadı elan etmişdi. Nəvai “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilham alaraq yaratmışdır. Azərbaycanın böyük şairi Məhəmməd Füzuli isə öz növbəsində Nəvai yaradıcılığından bəhrələnmiş, onun yaradıcılığını yüksək qiymətləndirmişdir.  Ümumiyyətlə, ötən əsrin əvvəllərində Mərkəzi Asiyanın həyatında  azərbaycanlılar aktiv iştirak etmişlər. Azərbaycan mədəniyyəti indiki Özbəkistan ərazisi olan Türküstanda daha geniş yayılmışdır. Azərbaycan maarifçiləri Türküstanda cədid məktəblərinin inkişafında xüsusi rol oynamışlar. Bizim “Molla Nəsrəddin” jurnalı Mərkəzi Asiyada geniş yayılmış və burada sözügedən jurnalın xüsusi nömrələri dərc olunmuşdur. “Arşın mal alan”, “Leyli və Məcnun” kimi operalarımız dəfələrlə Türkistanda, Özbəkistan səhnəsinə qoyulmuşdur. Ötən əsrin əvvəllərində Azərbaycan və özbək xalqları arasında dil baxımından yaxınlıq daha çox idi. Sovet dönəmində dilimizə xeyli sayda əcnəbi sözlər daxil olmuşdur. Bu səbəbdən də Azərbaycan və özbək xalqlarının dilində az da olsa fərqlilik yaranmışdır. Ümumilikdə isə, hər kəsə məlum olduğu kimi,  xalqlarımızın dili, dini, mədəniyyəti, adətləri, kökü olduqca yaxındır.  -Samir müəllim, sovet dönəmində, xüsusilə də Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycanda hakimiyyətdə olduğu dönəmdə Özbəkistanla mədəni əlaqələrin vəziyyəti hansı səviyyədə idi?  -Sovet dövründə iki xalq arasında əlaqələr bir qədər də genişlənmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə hər iki ölkədə mədəniyyət günləri keçirilmişdir. Mədəniyyət günlərində hər iki xalqın məşhur mədəniyyət nümayəndələri iştirak etmişdir. Azərbaycanın xalq artisti Zeynəb Xanlarova Özbəkistanın Xalq artisti adına lqyiq görülmüşdür. Özbəkistan mədəniyyət dekadası çərçivəsində özbək qonaqlar Lənkəran şəhərinə səfər etmiş və Özbək şairi Zülfiyyəyə Lənkəran şəhərinin fəxri vətəndaşı adı verilmişdir. Azərbaycanın böyük şairi Səməd Vurğunla özbək şairi Qafur  Qulam arasında dostluq əlaqələri mövcud olmuşdur. Azərbaycanda hər zaman özbək ədəbiyyatına böyük sevgi olmuşdur və bu gün də var.  -Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Rəhbəri olduğunuz Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu əlaqələrin inkişafı istiqamətində hansı addımları atıb?  -Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən son illər iki ölkə arasında tarixi dostluğun, mədəni-ədəbi əlaqələrin genişlənməsi istiqamətində sistemli işlər görülür. Mədəniyyət Mərkəzinin layihəsi əsasında 97 adda Azərbaycan klassiklərinin əsərləri özbək dilinə tərcümə edilmiş və nəşr olunmuşdur. Dahi Nizami Gəncəvinin “Xəmsə”si ilk dəfə olaraq Özbəkistanın Xalq şairi Camal Kamal tərəfindən özbək dilinə tərcümə olunmuş və nəşr edilmişdir. Hər iki ölkənin dilçilik institutlarının, Nizami adına Ədəbiyyat İnstitutunun iştirakı ilə Azərbaycan-Özbək və Özbək-Azərbaycan lüğəti nəşr edilmişdir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif kimi şairlərin əsərləri, müasir dövr Azərbaycan şairlərinin antologiyası Daşkənddə nəşr olunmuşdur. Azərbaycanda Özbəkistanla mədəni əlaqələrin inkişafı baxımından xeyli layihələr həyata keçirilmişdir. Bakıda özbək şairi Əlişir Nəvainin hyekəli ucaldılmış, paytaxtımızdakı küçələrdən birinə özbək mütəfəkkiri Mirzə Uluqbəyin adı verilmişdir. Bakıda “Özbəkistan” adında küçə mövcuddur. Özbəkistanda da Maqsud Şeyixzadənin heykəli ucaldılmışdır. Hələ ötən əsrin 40-cı illərində  Daşkənddə Nizami Gəncəvinin adını daşıyan Dövlət Pedaqoji Universiteti yaradılmışdır. Bu universitet bu gün də Özbəkistanın ədəbi həyatında kifayət qədər fəaldır. Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında isə Özbəkistan –Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir ki, həmin Cəmiyyət Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir. Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində ardıcıl addımlar atılır. Hər il Özbəkistanın şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir. Ötən il Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY üzv ölkələrin mədəniyyət nazirlərinin sesiyasında da iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə dair görüş və danışıqlar aparıldı və bu istiqamətdə bir sıra razılıqlar əldə edildi. Qarakalpakıstan Respublikasının Nukus şəhərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilmişdir. Xarəzm vilayətində, Termes şəhərində, Fərqanə və Sırdərya vilayətində hər il Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçirilir ki, Mədəniyyət Mərkəzimizin təşkilatçılığı ilə Azərbaycanın məşhur mədəniyyət xadiləri ilə yanaşı alimlərimiz, ziyalılarımız da bu konfranslarda iştirak edirlər. Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalında özbək musiqiçiləri də iştirak etmişdir. Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında Özbəkistanın məşhur “Bahar” rəqs ansamblı iştirak etmişdir. Azərbaycan Dövlət Rəqs Kollektivi isə Xarəzmdə keçirilən beynəlxalq rəqs festivalında iştirak etmiş və qalib gəlmişdir.  Iki ildən bir keçirilən “Şərq təranələri” musiqi festivalında Azərbaycan musiqiçiləri, sənətçiləri iştirak edirlər. Bu festivalın 1997-ci ildə ilk qalibi də Azərbaycan Respublikasının Xalq artisti Simarə İmanova olmuşdur. Bu festivalda Azərbaycanın muğam ustadı Alim Qasımov, əməkdar artistimiz, tarzən Sahib Paşazadə Festivalın qran-pri mükafatına layiq görülmüşlər.   Bir sözlə, iki dövlət, iki xalq arasında mədəni əməkdaşlıq dərin köklərə malikdir və dinamik surətdə inkişaf edir.  Prezident İlham Əliyevin Özbəkistana səfərindən sonra bütün sahələrdə olduğu kimi mədəniyyətimizə dair də qarşımızda yeni vəzifələr, çağırışlar yarandı. Biz hamımız ümumilikdə çalışmalı bu dostluğa daha çox töhfələr verməliyik. Mən inanıram ki, dövlət başçılarımızın səyi nəticəsində əlaqələrimiz gələcəkdə daha da inkişaf edəcək və dərinləşəkdir. Eyniylə, cənab Prezidentimizin söylədiyi kimi, Özbək və Azərbaycan xalqları hər zaman bir yumruq kimi birlikdə olacaqdır.  Seymur ƏLİYEV

Hamısını oxu
Anım Günündə Cəlilabadda Şəhidlər Xiyabanının açılışı olub

Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Veteran.gov.az xəbər verir ki, Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, Cəlilabad rayonunda da şəhidlərin xatirəsi ehtiramla anılıb.Anım tədbirində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, RİH-nin məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon Veteranlar Təşkilatının üzvləri və din xadimləri iştirak edib. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbirdə çıxış edərək  44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalçılardan azad edərək tarixi Qələbəyə imza atdığını vurğulayıb. Bu il sentyabrın 12-dən 13-nə keçən gecə baş vermiş növbəti erməni təxribatı nəticəsində qəhrəmancasına şəhid olan igid Azərbaycan oğullarının qanlarının yerdə qalmadığı, görülmüş əks-hücum tədbirləri nəticəsində düşmənə layiqli cavabın verildiyini qeyd  edib. Şəhid ailələri adından çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin anası Sevil Abdullayeva, Vətən müharibəsi şəhidi Elməddin İbrahimovun atası Zeynəddin İbrahimov, Vətən Müharibəsi Qəhrəmanı, leytenant Qəzənfər Ağayev, Birinci Qarabağ şəhidi Şamil Nəzərovun qardaşı, baş leytenant Aqil Nəzərov və Qarabağ qazisi Maşalla Əliyev çıxış edərək igid döyüşçülərimizin, qazilərimizin igidliklərindən və tarixi 44 günlük qələbəmizdən danışdılar. Şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan razılığını ifadə edən çıxışçılar Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər. Tədbir iştirakçıları Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızın xatirəsinə yenidən inşa edilmiş Şəhidlər Xiyabanını və şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib, əbədi məşəl önünə əklil və gül-çiçək dəstələri qoyublar. Tədbirdən sonra rayon Veteranlar Təşkilatının İdarə Heyətinin üzvləri müharibənin ilk günü şəhid olan Cəlilabad rayonunun Muğan kəndinin igid oğlu Dəmirov Həsən Turan oğlunun ailəsini ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxunub. Allah bütün şəhidlərimizi rəhmət eləsin! Ədalət  SALMANOV Cəlilabad rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı-publisist  

Hamısını oxu
“Xarıbülbül” festivalı böyük qələbəmizin mədəni müstəvidə təntənəsidir”

Cəlil Xəlilov: “Bu festival mədəniyyət paytaxtımızda reallaşan ilk mədəni tədbirdir”   “Xarıbülbül” festivalı 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən böyük qələbəmizin mədəni müstəvidəki təntənəsidir”.   Bunu saytımıza açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik qeyd edib ki, bu, mədəniyyət paytaxtında həyata keçirilən ilk mədəni tədbirdir:   “Hələ bir neçə ay bundan öncə ölkə başçısı Şuşada “Xarıbülbül” festivalının keçirilməsi ilə bağlı bəyanat vermiş, bu ənənənin bərpa edilməsinin vacibliyini vurğulamışdı. Sevindircidir ki, artıq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu festival baş tutub və sabah da davam edəcək. Doğrudur, Şuşa işğaldan azad ediləndən sonra Cıdır düzündə konsert təşkil edilmişdi. Lakin bu festival Şuşanın mədəniyyət paytaxtı statusunu almasından sonra keçirilən ilk mədəni tədbirdir.   Bildiyiniz kimi, hələ sovet dönəmində - ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi vaxtlarda Şuşada musiqi festivalı təşkil edilir, bu festival sözün həqiqi mənasında böyük musiqi bayramına çevrilirdi. Lakin 1992-ci ildə Ermənistan ordusu tərəfindən Şuşanın işğal edilməsi ilə bu cür festivalların da keçirilməsi mümkünsüz hala gəldi.   44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş  Komandanın rəhbərlik etdiyi Azərbaycan ordusu işğaldakı bütün torpaqları, o cümədən Şuşanı düşməndən azad etdi. Bununla da Şuşada musiqi festivallarının bərpası üçün ilkin zəmin yaranmış oldu. Bu gün “Xarıbülbül” festivalının keçirilməsi ilə bu tarixi ənənə bərpa edildi.   Təbii ki, Şuşada “Xarıbülbül” festivalının keçirilməsi həm prezident İlham Əliyevin, həm də Heydər Əliyev Fondunun Azərbaycan xalqı qarşısındakı çoxsdaylı tarixi xidmətlərindən biridir. Hansı ki, təxminən 30 illik fasilənin ardınca mədəniyyyət payatxtımızda belə bir festivalın keçirilməsi xalqımız tərəfindən illər, əsrlər sonra da sevinc, qürur və minntədarlıq hissi ilə yad ediləcək”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“Hərbi təlimlərin miqyas və keyfiyyəti ordumuzun qüdrətindən, onun yüksək döyüş hazırlığından xəbər verir”

Cəlil Xəlilov: “Azərbaycana münasibətdə xoş məram sərgiləməyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır”   Azərbaycan ordusu mayın 16-dan etibarən hərbi təlimlərə start verib. Saytımıza açıqlamasında sözügedən təlimlərə münasibət bildirən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu təlimlərin bir çox baxımdan mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Azərbaycan ordusunun start verdiyi və mayın 20-nə qədər davam edəcək təlimlər  hər şeydən öncə ordumuzun döyüş hazırlığının qorunub saxlanılması, onun döyüş qabiliyyətinin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Çoxsaylı şəxsi heyətin cəlb edildiyi bu təlimlərdə ən müasir hərbi texnika nümunələrinin döyüş şəraitində effektiv tətbiqi, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və s. tapşırıqlar icra edilir ki, bu da zaman-zaman erməni faşizminin terror və təxribatları ilə üzləşən ölkəmizin təhlükəsizliyi baxımından olduqca önəmlidir. Bu cür təlimlər ordunun döyüş hazırlığının qorunub saxlanılması, onun çevikliyinin təmin edilməsi, sayıqlığının artırılması, peşəkarlığının yüksəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir”.   Polkovnik qeyd edib ki, təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının təmin edilməsi də təqdirəlayiqdir:   “44 günlük Vətən müharibəsi təcrübəsi birgə hərbi əməliyyatlar zamanı müxtəlif qoşun növləri arasında əlaqələrin uzlaşdırılması, döyüş tapşırıqlarının ustalıqla əlaqələndirilməsinin nə dərəcədə vacib olduğunu ortaya qoydu. Bildiyiniz kimi, Vətən müharibəsində bütün qoşun növləri iştirak etdi və hərbi komandanlıq bu qoşun növləri arasında uzlaşmanı uğurla təmin etdi. Nəticədə, qısa müddət ərzində düşmən ordusu darmdağın edilərək işğal olunmuş ərazilərdən qovuldu. Ermənistan təslimçi bəyanat imzalamağa məcbur oldu. Odur ki, hərbi təlimlərdə müxtəlif qoşun növlərinin iştirakının həyata keçirilməsi odluqca vacibdir və hərbi baxımdan inkişaf etmiş bütün dövlətlərdə bu məsələyə xüsusi diqət yetirilir”.   Cəlil Xəlilov Azərbaycan ordusunun hərbi təlimlərindən düşmənlərin də nəticə çıxarmasının vacib olduğunu qeyd edib:   “Təbii ki, Azərbaycan sülhpərvər dövlətdir və onun keçirdiyi hərbi təlimlər hər hansı dövlətə qarşı yönəlməyib. Lakin bununla belə, Azərbaycana münasibətdə səmimiyyət nümayiş etdirməyən, ona xoş məramla yanaşmayan, dövlətimizlə terror və təxribat dili ilə danışmaq istəyən qüvvələr bu təlimlərdən nəticə çıxarmalıdır.   2020-ci ilin 10 noyabr bəyanatından sonra  Ermənistandakı bəzi revanşist qüvvələr təxribat xarakterli çağırışlar səsləndirməkdədir. Ordumuzun keçirdiyi hərbi təlimlər hər şeydən öncə bu cür gülünc və təxrbatçı bəyanatlara layiqli cavabdır. Bu gün Ermənisatnda revanş fikrinə düşənlər, Azərbaycana qarşı qisas əməliyyatına çağırış edənlər 44 günlük müharibədə Ermənistan ordusunun rüsvayçı məğlubiyyətini yada salmalı, bundan nəticə çıxarmağa çalışmalıdır. Onlar unutmamalıdırlar ki, yeni bir təxribat Ermənistan üçün daha faciəvi nəticələrə səbəb olacaq və tarixi Azərbaycan torpaqlarında forlaşdırılan Ermənistan tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu