Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Şöhrət” ordenli ən gənc məmur: kimlərlə, nələr danışdı

İyulun 21-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Heydər Əliyev Mərkəzində bir sıra ictimai xadim və ziyalılarla görüş keçirdi. Mənim də iştirak etdiyim görüşdə koronavirus pandemiyası ilə mübarizə yönündə ölkəmizdə görülən işlər və bundan sonra atılacaq addımlar, eyni zamanda, son günlər dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən, geniş ictimaiyyətə bəlli olan hadisələr və digər məsələlər ətrafında müzakirələr aparıldı. Bəri başdan deyim ki, çox önəmli görüş oldu və mən səmimi, açıq müzakirələr üçün hörmətli Anar müəllimə və əlbəttə, ona belə bir görüş üçün mandat vermiş dövlət rəhbərliyimizə bir daha təşəkkür edirəm. Belə önəmli müzakirələrin çox faydalı olduğu danılmazdır. Vətəndaşlarımızı düşündürən, yaxından maraqlandıran və eyni zamanda müəyyən məqamlarda (istiqamətlərdə) rahatsızlıq doğuran bəzi məsələlərin geniş müzakirə olunmasını yalnız alqışlamaq olar. Özü də bu görüş təşəbbüsünün dövlətdən gəlməsi və mühüm vəzifə daşıyan şəxsin məhz səmimi müzakirə ortamı yaratması təqdirəlayiq, örnək addımdır. Əslində, bu görüş, ali dövlət rəhbərliyinin, şəxsən cənab Prezidentin toplumun, aydınların düşüncələrinə, fikirlərinə və irəli sürülən təkliflərə nə dərəcədə ciddi önəm verdiyinin və idarəçilik sistemində son dövrlər aparılan islahatların nə qədər əhəmiyyətli olduğunun parlaq göstəricisidir. Ölkəmizi açıq və gizli düşmənlərdən daha güclü qorumaq, inkişafımız və güclü təhlükəsizlik üçün dövlətçiliyimizin inkişafını düşünən bütün sağlam qüvvələrin birgə səylərinin gücləndirilməsi çox vacibdir. Bu müzakirələrin davamlı olacağına, ən əsası, toplumumuza, dövlət-vətəndaş münasibətləri sisteminə fayda gətirəcəyinə inanıram. Özü də bu görüşün siyasi partiyalarla dialoqun gücləndirildiyi bir dövrdə baş verməsi ilə də əlamətdardır. Habelə, ilyarım öncədən yaradılmış Sosial Tədqiatlar Mərkəzinin önəmli fəaliyyətləri, daha öncələrdən formalaşmış vətəndaş cəmiyyəti institutlarına ardıcıl qrantlar ayıran milli donor institutlarının, QHT-lərlə, KİV-lə iş sahəsində müvafiq konsepsiyaların mövcudluğu fonunda baş verməsi ilə də təsadüflikdən uzaqdır. Yəni, ictimai fikrin öyrənilməsi mexanizmləri zatən mövcuddur, bir sıra hallarda institutlaşma prosesi başa çatıb, lakin dövlət rəhbərliyi ictimaiyyət nümayəndələri ilə, aydınlarla görüşü nəinki istisna etmir, əksinə, belə görüşü təşkil edir. Təşkil edilən görüşün formatı, artıq vurğuladığımız kimi, səmimi ortamı və səviyyəsi ilə dövlət nəzakətinin təntənəsini göstərir. Xatırladığımız kimi, ötən ilin mart ayında dövlət rəhbərliyinin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə geniş görüş-müzakirəsi təşkil edilmişdi. Habelə, ayrı-ayrı müəssisələrin açılış mərasimlərində dövlətin zirvəsinin şəxsən iştirak etdiyini, vətəndaşlarla görüşüldüyünü; TV-lərə müsahibələr verildiyi, vətəndaşların çoxsaylı məktublarının cavablandırıldığı da xatırlanınca, dövlət-vətəndaş münasibətlərində ardıcıllıq və inkişaf olduğunu rahatlıqla deyə bilərik. Nəhayət, bütün bunlardan sonra və ya paralel şəkildə ictimaiyyət nümayəndələri və aydınlarla görüşün keçirilməsi və görüşün məhz Anar Əlkəbərova həvalə edilməsi, qaynar gündəm içində fərqləndiriləcək, dəyərləndiriləcək bir hadisədir. Anar Ələkbərovu uzun illərdir tanıyıram. O öz kübarlığı, analitik təfəkkürü, operativ qərar qəbueltmə keyfiyyəti ilə seçilən bir aydınımızdır. Anar Ələkbərovun indiyədək ona etibar edilmiş bütün ictimai və dövləti vəzifələrdə etimadı doğrultduğunu bilirik. Heydər Əliyev Fondunda, Heydər Əliyev Mərkəzində ictimaiyyətə bəlli çalışmaları Anar Ələkbərova geniş şöhrət qazandırmışdır. Təsadüfi deyil ki, o, “Şöhrət” ordeni ilə təltif olunmuş ən gənc insandır və bugün Prezidentin köməkçisi kimi çox mühüm bir vəzifə daşımaqdadır. Görüş, görüşdə müzakirə ediən mövzuları qısa şəkildə özətləyəsi olsaq, nələri deyə bilərik? Anar müəllim qlobal pandemiya elan olunandan bəri Nazirlər Kabineti yanında Operativ Qərargahda ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tövsiyələrinə, tapşırıqlarına uyğun şəkildə aparılmış müzakirələr, atılan mühüm addımlar haqqında geniş məlumat verdi. Bildirildi ki, görülən məqsədyönlü işlər nəticəsində hazırda yoluxmaların sayının azalmasına nail olunub. Azərbaycan həkimi çox fədakar davranır; xarici ölkələrdən cəlb olunan mütəxəssislər də virusa yoluxmuş xəstələrin müalicəsində azərbaycanlı həmkarlarına böyük dəstək göstərir. Azərbaycan Prezidentinin köməkçisi, dövlətin çağırışlarına anındaca müsbət cavab verən, dəstək göstərən özəl sektorun rolunu xüsusi qeyd etdi. Bildirdi ki, bütün bu deyilənlər tezliklə bu qlobal problemin öhdəsindən gələcəyimizə inamı qüvvətləndirir. Əlbəttə, bunun üçün vətəndaş həmrəyliyi çox vacibdir və bu həmrəylik içində ən önəmli məqamlardan birini vətəndaş məsuliyyəti təşkil edir. Anar Ələkbərov xüsusi karantin rejimində, əmək münasibətlərində, icazə rejimi və s. sahəsində mərhələli yumşaldılmadan danışarkən, bu sahədə “yüz ölçüb, bir biçildiyi”ni, habelə, vətəndaş-dövlət münasibətlərində medianın, tanınmış ictimaiyyət nümayəndələrinin təbliğati dəstəyinin önəminə vurğu etdi. Görüşdə son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr də müzakirə olundu. Etiraf edim ki, şəxsən mənimçün bu mövzu xüsusi önəm daşıyırdı; özüm Tovuzdan bir neçə saat öncə gəlmişdim, hərbçilərimizin, yerli əhalinin hansı ovqatda olduğuna şahiddim. Mümkün olduğunca, xarici və yerli medianın reaksiyalarından da xəbərdardım və işğalçı Ermənistanın növbəti hərbi həmləsi fonunda vətəndaşlarımızın yüksək vətənpərvərlik, mübarizlik ovqatı nümayiş etdirdiyini görüş iştirakçılarının ümumi qənaəti kimi görmək xoş oldu. Qeyd olunduğu kimi, həmrəyliyin yalnız respublika daxilində deyil, müxtəlif xarici ölkələrdə də yaşanması, soydaşlarımızın xalqımızın haqq səsini çatdırmaqçün birləşməsi təqdirəlayiqdir, yaxın dövr tariximizə düşəcək haldır. Bununla belə, sosial şəbəkələrdə insanlara qorxu, panika hissi aşılamağa çalışanlar da olmamış deyil və belə xoşagəlməz halların qarşısını almaqçün imkanlarımızı səfərbər etməliyik. Görüşdə çıxış edən şəhid ailələrinin üzvləri, yazarlar, jurnalistlər, hüquqşünaslar, incəsənət xadimləri və biz millət vəkilləri belə vacib görüşlərin təşkilindən məmnunluğumuzu bildirdik. Hər birimiz vətəndaşları rahatsız edən məsələlərə toxunduq, öz fikirlərimizi, təkliflərimizi çatdırdıq. Belə bir ümumi fikir vurğulandı ki, sosial medianın bəzi iştirakçıları tərəfindən öncəbhə ilə bağlı aparılan təxribatlar bunun qarşısını almaq üçün səmərəli mexanizmlərin tətbiqini vacib qılır. Prezidentin köməkçisi bizlərin çoxsaylı suallarını cavablandırdı və səslənən fikirlərin əhəmiyyətli olduğunu və bütün uyğun təkliflərin nəzərə alınacağını bildirdi. Beləliklə, əlamətdar bir görüş oldu və günümüzə sözün müsbət anlamında damğa vurdu. Görüşün son görüş olmayacağına inanırıq, inanırıq ki, yeni görüşlər olacaq və cəmiyyətin səsinin dövlətin zirvəsinə çatdırılmasına, dövlət orqanlarının vətəndaşların qayğılarına daha çevik reaksiyası, ictimai nəzarətin gücləndirilməsi, icra orqanlarının, dövlətin sosial-siyasi islahatlar kursuna, yeni çağırışlara uyğun davranmasına töhfə vermək baxımından özünəməxsus faydasını göstərəcək. Bəli, fərqli düşünən insanların fikirlərini öyrənmək, tənqidi məqamlarla tanış olmaq, bütün tənqidlərin anlayışlı şəkildə qəbul edilməsi Prezident köməkçisi ilə görüşün məziyyətlərindədir. Bu dəfə daha çox (yaxud biləvasitə) pandemiya ortamında hökumətin çalışmaları, görülən işlər, nöqsanlar, durumun daha yaxşı olması üçün atılmalı yeni addımlar və son zamanlar Tovuz istiqamətində cərəyan edən hərbi hadisələr, bu hadisələr fonunda ölkəmizə informasiya hücumları və bəzi təxribatlar müzakirə olundu; inşallah, yeni görüşlərdə cəmiyyəti maraqlandıran digər mövzular da faydalı şəkildə müzakirə olunar və öz nəticəsini verər. Dövlətimiz var olsun! Qənirə Paşayeva Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

2020-07-26 00:00:00
3414 baxış

Digər xəbərlər

Vətənin və xalqın təhlükəsizliyinə həsr olunan ömür...

İnsanın keçdiyi həyat yolu onun cəmiyyətdəki mövqeyini, ictimai statusunu, mənəvi dünyasını formalaşdırır. Burada onun doğulub boya-başa çatdığı mühitin, ana torpağın da rolu böyükdür. Atalar demişkən “Ot kökü üstə bitər”.  Hələ yetkinlik yaşından Rəhman İsmayılovun əhatə olunduğu saf mühit, gözəl ailə, ətrafında cərəyan edən hadisələr ona  ömrünü mərd, vicdanlı, şərəfli yaşamağı, mübariz olmağı aşılamışdır. Dinc tələbə həyatını qanlı döyüş meydanına dəyişən vətənpərvər... Xocalıda dünyaya göz açan Rəhman İsmayılov ömrünün ən xoş günlərini, eyni zamanda ən dəhşətli faciəni də elə orada yaşamışdır. Sovet ordusunda hərbi xidməti başa vurduqdan sonra bir neçə il Xankəndi şəhərində fəaliyyət göstərən “Qarabağ” futbol komandasında futbolçu olmuşdur. Sonra Rusiyanın Çita şəhərində Politexnik İnstitutuna qəbul olur. Çoxlarımızın qəlb ağrısı ilə xatırladığı Qarabağ hadisələrində erməni işğalçıları torpaqlarımıza hücum etdiyi zaman, vətənimizin bir çox igid övladları kimi Rəhman İsmayılov da öz təhsilini yarımçıq qoyub ata-baba yurduna qayıdır. Taleyüklü bu məqamda Vətəninin, xalqının mənafeyini qorumaq üçün Xocalı özünümüdafiə dəstəsinə üzv yazılır, hərbi əməliyyatlarda iştirak edir.  Dinc tələbə həyatını qəlbinin səsi ilə qanlı döyüş meydanına dəyişən, vətənin bütövlüyünü qorumaq üçün ölümə cəsarətlə meydan oxuyan Rəhman İsmayılov, müharibə illərində özünü cəsur döyüşçü, yenilməz hərbçi kimi göstərir. Qeyri-bərabər döyüşlərdə çoxsaylı şəxsi igidlik nümunələri göstərən, cəsarəti ilə döyüş yoldaşlarına ruh yüksəkliyi bəxş edən Rəhman İsmayılov, Xocalı döyüşlərində də aktiv iştirak edir. Tale onu  Xocalı faciəsinin canlı şahidinə çevirir. Rəhman İsmayılovun yaddaşında erməni faşizminin Xocalıda törətdiyi vəhşiliklər əbədi yer tutur, onun düşmənə olan nifrət hissini daha da artırır. Müharibədən sonra Rəhman İsmayılov gənclərlə söhbətlərində məlum faciəni, ermənilərin Xocalıda törətdiyi vəhşilikləri tez-tez yada salır, gənc nəslin erməni vandalizmi haqqında dolğun şəkildə məlumatlandırılmasında fəal iştirak edir.  Barıt qoxulu səngərlərdən universitet auditoriyasına qayıdış... Müharibədən sonra Rəhman İsmayılov öz təhsilini davam etdirməyə qərar verir. Keçmiş döyüşçü İnşaat Mühəndisləri İnstitutu və Polis Akademiyasında təhsil alır. Polis Akademiyasında təhsil aldığı illərdə Rəhman İsmayılov cinayətkarlığa qarşı mübarizənin sirlərini dərindən  mənimsəyir, öz üzərində mütəmadi şəkildə işləyir. Müharibə illərində əldə etdiyi döyüş təcrübəsi, ünsiyyət bacarığı, təhlükəli anlarda doğru və çevik qərar qəbul etmək bacarığı ona polis zabiti kimi püxtələşməkdə kömək edir. Çox keçmir ki, o, daxili işlər orqanının əməkdaşı kimi həm polis zabitləri arasında, həm də cəmiyyətdə böyük hörmət və dərin inam qazanır. Ömrünü vətənin təhlükəsizliyinə həsr edən polis zabiti... Artıq, 30 ildir ki, Rəhman İsmayılov daxili işlər orqanlarında şərəflə xidmət edir. Öz peşəkarlığı, zəngin təcrübəsi, humanistliyi, dəqiqliyi, sadəliyi, səmimiyyəti, təmkinliyi, işgüzarlığı və müsbət mənəvi keyfiyyətləri ilə seçilən Rəhman İsmayılov ömrünün ən məhsuldar, ən qaynar dövründə qəlbinin odunu, hərarətini öz xidməti vəzifəsini layiqincə yerinə yetirməyə sərf etmişdir. Nəcib davranışa, yüksək mədəniyyətə malik olan polis mayoru Rəhman İsmayılov daxili işlər naziri tərəfindən “Qusursuz və əla xidmətlərə görə” nişanı ilə mükafatlandırılmışdır. Bu gün I Qarabağ müharibəsi veteranı, polis mayoru Rəhman İsmayılovun doğum günüdür. Bu münasibətlə Rəhman İsmayılovu təbrik edir, ona möhkəm cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik. Seymur ƏLİYEV    

Hamısını oxu
Bərdəyə atılan raket erməni faşızmin təzahürlərindən biridir.

Ermənistan silahlı qüvvələrinin bu gün axşam saatlarında Bərdə şəhərinə etdiyi qanlı hücumda biri 2 yaşında olmaqla, dörd mülki insan həyatını itirib, 13 nəfər yaralanıb.İşğal etdiyi Azərbaycan torpaqlarında məğlubiyyətlə üzləşən Ermənistanın bu qanlı hücumlarına beynəlxalq təşkilatlar və onların havadarları səssizlik nümayiş etdirməktədir. Bütün dünya bilməlidir ki, Bərdəyə atılan raket erməni faşızmin təzahürlərindən biridir. Hər bir vicdanlı insan Ermənistanın bu qeyri-insani hücumunu qətiyyətlə pisləməlidir, vicdanı və məsuliyyəti olan ölkələri Ermənistanın davam etdirdiyi müharibə cinayətlərini dayandırmağa çağırırıq. 26 oktyabrda elan edilən atəşkəsə baxmayaraq, Ermənistanın Azərbaycandakı münaqişə zonası xaricindəki mülki yaşayış məntəqələrinə qarşı davam etdiyi bütün ümumbəşəri və mənəvi dəyərləri tapdayan hücumları heç bir halda qəbul edilə bilməz. Hər kəs bilməlidir ki, bizim savaş xalqın iradəsidir və Azərbaycan xalqı Prezidentinin, cənab İlham Əliyevin yanındadır! Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov şəxsən öz adından və çoxsaylı veteranlar adından qanlı cinayətin qurbanı olan vətəndaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyir. QARABAĞ AZƏRBAYCANDIR!

Hamısını oxu
Azərbaycan Prezidenti: “Hərbiçilərimizin qisası alınıb”

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfidndən hərbi təxribatlar törədilir: "Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olublar. Dünən günorta saatlarında bunların növbəti təxribatı nəticəsində bir neçə hərbiçimiz həlak olub. Qəfltən bizim hərbi postumuz artileriya atəşinə tutulub və bu çirkin əməllər nəticəsində hərbiçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin, yaralı hərbiçilərə də Allahdan şəfa diləyirəm. Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətə alınıb, adekvat cavab verilib, hərbiçilərimizin qisası alınıb”.

Hamısını oxu
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu göndərib.  Məktubda deyilir:  "Hörmətli Mehriban Arif qızı, Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə Sizin şəxsi töhfənizi çox yüksək qiymətləndiririk. Əminəm ki, bu münasibətlərin gələcək inkişafı Rusiya və Azərbaycanın dost xalqlarının maraqlarına tamamilə cavab verəcək. Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıram".  

Hamısını oxu