Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ermənilərə köləlik edən

Malik və sahib olduğumuz ən böyük iki dəyər var - vicdan və zaman. Hər ikisinin itkisi ağrılıdır, acıdır. Əfsuslar olsun ki, bu günlərdə zamanımın təxminən 2 saatını itirdim. Vicdanlarını çoxdan itirmiş, daha doğrusu, lazımsız nəsnə kimi bir kənara atmış Arif Məmmədovun, Vidadi İsgəndərlinin və Sevinc Osmanqızının veb-kameralar qarşısında oturaraq özlərinə əl qatmalarına baxmalı oldum. Kimsə vadar etmədi - maraq almışdı məni ki, əcəba, insanda koqtiniv dissonans hansı səviyyədə və miqyasda olmalıdır ki, ağı qara, qaranı da bəmbəyaz kimi qələmə versin. Vidadi İsgəndərli ilə məsələ məlum. Adam qeyri-adekvat, hikkəli, absurdizm dalanlarında vurnuxan biridir. Mənə heç zaman maraqlı olmayıb, sadəcə, sırf eksperimentin tamlığı və təmizliyi səbəbindən dinlədim onu. Fransada "maison sociale"da yaşayan, "carte de secour" ilə dolaşan, OFPRA-dan rədd cavabı almamaq üçün bu ölkənin xüsusi xidmət orqanları ilə əlaqələr quran və "verbovka" edilməsini danan, "vicdanım haqqı" andını aman kimi sıralayıb ona baxanları nəyəsə inandırmağa çalışan vətənsiz, yurdsuz, amalsız biridir Vidadi İsgəndərli. O deyir ki, Fransa ordusuna çağırılarsa, vuruşacaq - Dağlıq Qarabağın və erməni işğalında olan digər ərazilərimiz uğrundasa əsla vuruşmaq niyyətində deyil. Üstəlik, ona avtomat verilərsə, həmin silahı ermənilərə qarşı çevirməyəcək: hədəf ermənilərlə üzbəüz duranlar olacaq. Belə deyir Vidadi İsgəndərli. İkinci məxluq Arif Məmmədovdur. 56 yaşlı A.Məmmədov 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri, 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışıb. Vəzifədən qovulandan sonra Belçikada siyasi sığınacaq alıb, indi Brüsseldə yaşayır. Özü haqqında yazıb ki, bəs "ingilis, fransız, rus, həbəş, ispan dillərində sərbəst danışır". Arif Məmmədovun diplomatik karyerasının belə sürətlə irəliləyişdə olması hələ də mənimçün qaranlıqdır. Vilayət Quliyev və Elmar Məmmədyarovun XİN başçısı postunda işlədikləri, daha doğrusu işlədiklərini göstərməyə çalışdıqları zamanı bu bacarıqsız, yarıtmaz nazirlərin yanlış qərarlarından biri də Arif Məmmədovun "diplomat"lığı idi. İndi bu "başabəla diplomat" bəyan edir ki, sən demə, Avropa ölkələrində və ABŞ-da azərbaycanlıların aksiyalarını rəsmi Bakı "təşkil edib". Səbəb? Arif Məmmədovun ağzından səslər tökərək dediyinə görə, sən demə, əsas məqsəd "xalqın diqqətini Azərbaycandakı hadisələrdən yayındırmaq"dır. İkinci məqsəd isə - gülməyin, Məmmədov ciddidir - "Avropa ölkələrində yaşayan siyasi mühacirləri "ovlamaq"dır". Bunu ona digər plintus səviyyəsi "bloqer" Tural Sadıqlı da deyibmiş. "Dərhal Belçika polisinə məlumat verdim. Mənə dedilər ki, narahat olmayın, məlumatımız artıq var", - Arif Məmmədov söyləyib. Onun Facebook-da paylaşdığı videoçıxışını ermənilər çox bəyəniblər. Maraqlı olan bu məxluqatların dedikləri yox, onların söylədiklərinin az qala eyni mətn üzrə bəyanatlar olmasıdır. Deyəsən, bu Yalıncıqları bir mərkəzdən idarə edirlər və onlar da "ifşaedici" çıxışlar üçün tezisləri eyni yerdən alırlar.  

2020-07-28 00:00:00
1225 baxış

Digər xəbərlər

Şəhid Şamxal Abbasovun doğum günüdür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Şamxal Xasay oğlu Abbasovun doğum günüdür. O, 1995-ci ildə Beyləqan rayonunun   Kəbirli  kəndində anadan olub.  Şamxal Abbasov 2013-cü ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında MAXE kimi xidmət edib. Vətən müharibəsində Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi mərdlik və igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib. Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamxal Abbasov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif olunub.   Allah rəhmət eləsin!

Hamısını oxu
Prezident İlham Əliyev:

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Milli.Az AZƏRTAC-a istinadən Prezident İlham Əliyevin müsahibəsindən növbəti məqamları təqdim edir: "Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi. Xüsusilə Azərbaycan xalqının cəlladı Qorbaçov və onun dəstəsi Azərbaycana nifrətlə yaşayırdı. Nəinki azərbaycanlılara, bütün müsəlmanlara, bunu mən dəqiq bilirəm, böyük nifrət hissi var idi. Bunun nəticəsində ermənilər baş qaldırıb və Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşməsi haqqında iddia qaldırdılar - Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra. Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar baş qaldırsın. Ancaq Qorbaçovun demək olar ki, yaxın ətrafı ermənilərdən ibarət idi və bu əsassız iddiaya qarşı lazımi addımlar atılmadı. Əksinə, o vaxt Qorbaçov hakimiyyəti 100 faiz ermənilərin tərəfini tutdu və Dağlıq Qarabağın Azərbaycandan ayırmaq üçün ilk addımlar məhz o vaxt atıldı". "O vaxt sovet rəhbərliyi qərar qəbul etdi ki, Dağlıq Qarabağda xüsusi komitə yaradılsın və o komitəyə Qorbaçovun köməkçisi Volski təyin edildi. Volski qatı ermənipərəst insan idi və orada işlədiyi dövrdə əlindən gələni edirdi ki, Azərbaycanın tarixi irsi Dağlıq Qarabağ ərazisindən silinsin. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyi o vaxt buna sadəcə olaraq tamaşaçı kimi yanaşırdı, öz səsini ucaltmamışdır, öz sözünü deməmişdir. Özünü çox qorxaqcasına aparırdı, mərkəzlə münasibətləri korlamaq istəmirdi. O vaxt Azərbaycana rəhbərlik edən insanlar Azərbaycan xalqına xəyanət etmişdilər". "Azərbaycan İkinci Dünya müharibəsində Sovet İttifaqının Qələbəsinə əvəzolunmaz töhfə vermişdir. Həm burada - arxa cəbhədə, həm ön cəbhədə. İndi bu yaxınlarda Rostov vilayətində Sambek yüksəkliklərinin azad edilməsi mərasimi keçirilmişdir. Mən Rostov qubernatoruna çox minnətdaram ki, azərbaycanlıların qəhrəman əməyi və fədakarlığı orada qeyd edilmişdir. Eyni zamanda, Rusiyanın dövlət televiziyası - "Rossiya-1" kanalı bu məsələ ilə bağlı məndən müsahibə almışdı. Çünki Sambek yüksəkliklərini və Rostov vilayətini faşistlərdən təmizləyən məhz azərbaycanlılar olub, 416-cı Taqanroq diviziyası... Rostovu faşistlərdən təmizlədilər, Mozdokda faşistləri qoymadılar ki, Bakı tərəfə keçsinlər. Bunu biz etmişik, qəhrəman Azərbaycan xalqı. Azərbaycan zabiti Məcidov Brandenburq qapısının üstünə Qələbə bayrağını sancmışdır. Amma tarixi kitablarda bu var? Yoxdur. Kimdən soruşsan, mütləq əksəriyyət bunu bilmir. Nə üçün? Çünki silinirdi. Azərbaycanlıların qəhrəmanlığı silinirdi tarixdən". "O vaxt Moskvada oturanlar - Mikoyanlar və ona oxşar anti-Azərbaycan ünsürlər hər vəchlə çalışırdılar ki, azərbaycanlıların qəhrəmanlığını gizlətsinlər. Mehdi Hüseynzadə - əfsanəvi partizan, ona Sovet İttifaqı Qəhrəmanı adı müharibədən neçə il sonra verildi, özü də Azərbaycan tərəfinin təkidi ilə. Mən Sloveniyada olarkən onun məzarını ziyarət etdim. Orada böyük mərasim keçirdik. Orada onunla birlikdə vuruşan sloveniyalıları gördüm. Onlar göz yaşları tökürdü. Mən onlarla söhbət edirdim, çünki onların təəssüratları çox maraqlı idi. Deyirdilər ki, belə bir qəhrəman insan dünyaya gəlməmişdir. Yəni, o, gizlədilirdi, şüurlu şəkildə danılırdı". Milli.Az

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərdən çox üzvü parlament seçkilərini müşahidə edəcək

Sentyabrın 1-də keçiriləcək parlament seçkilərində bütün respublika üzrə müşahidə aparmaq məqsədilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 700 nəfərdən çox üzvü müşahidəçi kimi qeydiyyatdan keçib.   Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib.   “Veteranlar seçki prosesində həm müşahidəçi, həm də seçici kimi aktiv iştirak edəcək, əvvəlki seçkilərdə olduğu kimi bu seçkidə də xüsusi fəallıq sərgiləyəcəklər”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
1915-ci il təvəllüdlü Hilal İbrahimov vəfat edib

Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib. Veteran.gov.az xəbər verir ki, bu barədə Modern.az-a onun yaxınları məlumat verib. 1915-ci il təvəllüdlü Hilal İbrahimovun ötən gecə dünyasını dəyişdiyi bildirilir.  H.İbrahimov Ağcabədi rayonunun Sarıcalılar kəndində doğulub. Bakı şəhərinin Sabunçu rayonunda yaşayırdı.  2020-ci ildə başlayan Vətən müharibəsində öz təqaüdünü Azərbaycan Ordusuna ianə edərək, nümunəvi davranış sərgiləyib.  Qeyd edək ki, Hilal İbrahimov bir müddət əvvəl yıxılıb və sol bud sümüyünün boyun sınığı yaranıb. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub. Hilal İbrahimovun vəfatı ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib, Allahdan səbr diləyib. Allah rəhmət eləsin!

Hamısını oxu