Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Terrorçuluqda təqsirləndirilən “Muxtar” Azərbaycana ekstradisiya olundu

Azərbaycan Respublikasının milli təhlükəsizlik maraqlarına yönələn təhdidlərin, terror-təxribat və digər pozuculuq fəaliyyətinin vaxtında aşkar edilməsi və qarşısının alınması, eləcə də beynəlxalq terrorçuluqla mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks tədbirlər davam etdirilir. Lent.az DTX-nin saytına istinadən xəbər verir ki, xarici xüsusi xidmət orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək onlara radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə ölkə hüdudlarından kənarda hərbi təlimlərin keçirilməsi, şəxsiyyətləri gizlədilərək müxtəlif adlarla digər dövlətlərin ərazisindəki münaqişə ocaqlarında hərbi əməliyyatlara cəlb olunmaları barədə toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işi üzrə hazırda istintaq-əməliyyat tədbirləri aparılır. Araşdırmalar nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı Şükürov Mehdi Əflatun oğlunun ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terrorçuluq cinayət əməllərinin törədilməsi üsulları, odlu silahlardan, partlayıcı maddələrdən və qurğulardan, eləcə də digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı ilə əlaqədar təlim almasına, “Muxtar” ləqəbi ilə ölkə hüdudlarından kənarda ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib.

Mehdi Şükürov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3,214-3.1-ci (terrorçuluq məqsədi ilə Azərbaycan Respublikasından kənarda təlim keçmə) və 12.1,279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilib.
Mehdi Şükürovun Rusiya Federasiyasının ərazisinə keçdikdən sonra gizləndiyi yer müəyyən edilmiş, o, beynəlxalq axtarışa dair qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılıb və 2020-ci il iyulun 28-də Azərbaycan Respublikasına ekstradisiya olunub. Hazırda cinayət işi üzrə araşdırma davam edir.

2020-07-29 00:00:00
3676 baxış

Digər xəbərlər

Bir ömrün salnaməsi, bir xalqın taleyi: Heydər Əliyev irsi

Tarixdə elə şəxsiyyətlər var ki, onların adı yalnız yaşadıqları dövrün deyil, bütöv bir xalqın taleyinin, dövlətçilik yolunun və milli dirçəliş salnaməsinin ayrılmaz hissəsinə çevrilir. Belə şəxsiyyətlər zamanın fövqünə yüksələrək ən çətin məqamlarda xalqın qarşısında duran məsuliyyəti öz üzərinə götürür, gələcəyə gedən yolun istiqamətini müəyyənləşdirirlər. Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin həyat və fəaliyyət yolu da məhz belə böyük tarixi missiyanın parlaq nümunəsidir. Heydər Əliyev fenomeni bir insan ömrünün çərçivəsinə sığmayan, bir xalqın taleyi ilə qovuşan böyük bir siyasi salnamədir. Onun adı Azərbaycan tarixində uzaqgörən dövlət siyasətinin, möhkəm iradənin, milli maraqlara sarsılmaz bağlılığın və xalqına sonsuz sədaqətin rəmzi kimi yaşayır. 57 illik böyük bir tarixi yolun mahiyyətini iki möhtəşəm nəticə ilə ifadə etmək mümkündür: dünyanın siyasi xəritəsində güclü və nüfuzlu Azərbaycan dövləti formalaşdı, Qarabağda isə Zəfər bayrağı dalğalandı. Bu yolun hər bir mərhələsi xalqın öz lideri ilə birlikdə keçdiyi ağır sınaqların, böyük mübarizələrin və möhtəşəm qələbələrin salnaməsidir. 1987-1993-cü illər arasında yaşanan Əliyevsizlik dövrü Azərbaycan xalqına Ulu Öndərin dövlətçilik baxışının, siyasi iradəsinin və liderlik qüdrətinin əsl dəyərini daha dərindən anlatdı. Xalq məhz həmin mürəkkəb illərdə Heydər Əliyev şəxsiyyətinin tarixi əhəmiyyətini daha aydın dərk etdi və onu yenidən ölkənin taleyində həlledici söz sahibi kimi görmək istədi. Sonrakı illər isə göstərdi ki, Heydər Əliyevin siyasi irsi yalnız müəyyən bir dövrün hadisəsi deyil, müstəqil Azərbaycanın davamlı inkişaf strategiyasına çevrilmiş böyük dövlətçilik məktəbidir. Onun müəyyən etdiyi yol zamanın sınaqlarından keçərək bu gün də ölkənin siyasi, iqtisadi və mənəvi yüksəlişinin əsas dayaqlarından biri olaraq qalır. Tale ilə tarix birləşəndə böyük şəxsiyyətlər meydana çıxır. Heydər Əliyevin Naxçıvandan Bakıya, oradan Kreml zirvələrinə, daha sonra yenidən Azərbaycanın rəhbərliyinə uzanan həyat yolu əslində bir insanın deyil, bütöv bir xalqın taleyinin təcəssümüdür. Bu yolun hər səhifəsində mübarizə də var, qələbə də; böhran da var, yüksəliş də; sınaq da var, xilaskarlıq missiyası da. 1969-cu il iyulun 14-də başlanan ilk rəhbərlik mərhələsi Azərbaycanın gələcək inkişaf tarixində dönüş nöqtəsinə çevrildi. Həmin dövrdə ölkənin qarşısında duran əsas vəzifələr iqtisadi geriliyin aradan qaldırılması, istehsal imkanlarının genişləndirilməsi, sənayenin inkişaf etdirilməsi və milli kadr potensialının formalaşdırılması idi. Heydər Əliyev rəhbərliyə gəldiyi ilk gündən Azərbaycanı yalnız mövcud problemlərdən çıxarmağı deyil, gələcəyin müstəqil dövləti üçün möhkəm təməl yaratmağı qarşısına məqsəd qoydu. Onun təşəbbüsü və qətiyyəti ilə həyata keçirilən genişmiqyaslı layihələr nəticəsində Azərbaycan qısa müddətdə keçmiş ittifaqın geridə qalan respublikalarından birindən qabaqcıl sənaye və iqtisadi potensiala malik bir ölkəyə çevrildi. Bu illərdə yaradılan yeni müəssisələr, qurulan sənaye kompleksləri, inkişaf etdirilən istehsal sahələri və yetişdirilən peşəkar milli kadrlar gələcək müstəqil Azərbaycanın əsas dayaqlarına çevrildi. Əslində, 1969-1982-ci illər yalnız iqtisadi yüksəliş dövrü deyil, Azərbaycanın istiqlal yoluna hazırlıq mərhələsi idi. Heydər Əliyev üçün sovet Azərbaycanı gələcək müstəqil dövlətin sınaq meydanı, milli və iqtisadi potensialın formalaşdırıldığı strateji bir mərhələ idi. O, dövlət idarəçiliyində milli kadrların rolunu artırır, Azərbaycanın iqtisadi imkanlarını genişləndirir, ölkənin gələcək suverenliyi üçün vacib olan dayaqları yaradırdı. Neft sənayesinin inkişafı, sənaye potensialının gücləndirilməsi, gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi, milli mütəxəssislər ordusunun formalaşdırılması gələcək Azərbaycanın idarə olunması üçün düşünülmüş strateji addımlar idi. Eyni zamanda Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirirdi. Azərbaycan dilinin, tarixinin, mədəni irsinin və milli kimliyinin yaşadılması istiqamətində atılan addımlar xalqın özünüdərk prosesinin güclənməsinə xidmət edirdi. Beləliklə, 1969-cu ildən başlayan böyük inkişaf mərhələsi Azərbaycanın yalnız iqtisadi deyil, həm də mənəvi dirçəliş dövrünə çevrildi. Həmin illərdə yaradılan güclü təməl sonrakı mərhələdə müstəqil Azərbaycanın siyasi və iqtisadi qüdrətinin əsasını təşkil etdi. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti yalnız iqtisadi göstəricilərin yüksəldilməsi ilə məhdudlaşmırdı. Bu siyasət həm də xalqın milli özünüdərk prosesinin güclənməsinə, elm, təhsil, mədəniyyət sahələrinin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və gələcək nəsillər üçün sağlam dövlətçilik düşüncəsinin formalaşmasına xidmət edirdi. 1969-1982-ci illər Azərbaycanın inkişaf tarixində öz miqyası və əhəmiyyəti ilə xüsusi yer tutan, ölkənin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradan quruculuq dövrü kimi yadda qaldı. Sovet ideologiyasının hakim olduğu bir zamanda milli kimliyi qorumaq məsələsi də böyük cəsarət tələb edirdi. Ümummilli Lider Heydər Əliyevin ən böyük tarixi qələbələrindən biri də məhz Azərbaycan dilinin dövlət dili kimi o dövrdə Konstitusiyada təsbit edilməsinə nail olması idi. Bu, ittifaq respublikaları arasında nadir hadisə idi. Ulu Öndər sovet sisteminin daxilində Azərbaycan faktorunu diqqət mərkəzinə qoymağı bacaran yeganə lider idi. O, ittifaq büdcəsindən Azərbaycana ən böyük dotasiyaların ayrılmasını təmin edir, respublikanı ittifaqın donoruna çevirirdi. İqtisadi güc, milli kadrlar, dövlət dili və hərbi baza 1991-ci ildə müstəqilliyi bərpa olunan Azərbaycanın üzərində dayandığı fundamental sütunlar oldu. Bugünkü qüdrətli Azərbaycanın da memarlıq layihəsi məhz həmin illərdə cızıldı. Ulu Öndərin həyatı və siyasi fəaliyyəti hər bir azərbaycanlı üçün milli qürur mənbəyi, dövlətçilik məktəbi və vətənpərvərlik nümunəsidir. Heydər Əliyevin siyasi fəaliyyəti yalnız müəyyən bir tarixi mərhələnin deyil, bütöv bir epoxa - salnamədir. Onun həyat yolu Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Ulu Öndər xalqının gələcəyini uzaqgörənliklə düşünən, dövlətçilik ənənələrini qoruyub inkişaf etdirən, milli maraqları hər zaman üstün tutan və Azərbaycanın dünya dövlətləri sırasında layiqli yer tutması üçün fundamental addımlar atan böyük siyasi xadim idi. Onun siyasi irsi zaman keçdikcə daha aydın görünür, qəbul etdiyi qərarların və həyata keçirdiyi strategiyanın tarixi əhəmiyyəti daha dərindən dərk olunur. Bu gün Azərbaycanın əldə etdiyi siyasi sabitlik, iqtisadi güc, beynəlxalq nüfuz və davamlı inkişaf yolu məhz Ulu Öndərin müəyyən etdiyi strateji xəttin uğurlu davamıdır. 1990-cı illərin əvvəllərində Azərbaycan tarixin ən ağır sınaqları ilə üz-üzə qalmışdı. Moskvaya satılmış xəyanətkar rəhbərlər və heç bir idarəçilik bacarığı olmayan siyasi qüvvələr səriştəsizlikləri ilə ölkəmizi dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Hakimiyyət çəkişmələri, xaos və Ermənistanın işğalçılıq siyasəti dövlətimizi yox olmaq, dağılmaq təhlükəsinə sürükləyirdi. Belə taleyüklü məqamda qədirbilən xalqımızın gözü öz böyük oğlunu, Vətənin ümid çırağını axtarırdı. 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib cəsarətli bəyanat verən siyasi xadim Heydər Əliyev xalqın qurtuluş mübarizəsinin önünə keçdi. Böyük Heydər Əliyev 1990-cı ilin iyulunda Bakıya qayıtdıqdan sonra mövcud siyasi rəhbərliyin qısqanclığı ilə qarşılaşdı və doğulub boya-başa çatdığı doğma Naxçıvana üz tutdu, orada bütün Azərbaycanın qurtuluş mübarizəsini başlatdı. Bu dövrdə Naxçıvan olduqca acınacaqlı, çıxılmaz vəziyyətə düşmüşdü. Mürəkkəb tarixi şəraitdə uzaqgörən lider Heydər Əliyev misilsiz siyasi dühası və dövlət müdrikliyi sayəsində ermənilərin Naxçıvanı işğal planını boşa çıxardı. Blokada şəraitində olan muxtar respublikanı həm işğaldan qorudu, həm də bu qədim diyarda ilk dəfə üçrəngli bayrağımızı dövlət rəmzi kimi ucaltdı. 90-cı illər Azərbaycan tarixinin ən mürəkkəb və ağır sınaq dövrlərindən biri idi. Ölkə daxilində siyasi böhran dərinləşir, dövlət idarəçiliyi zəifləyir, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü genişlənirdi. 1993-cü ildə Azərbaycan ağır siyasi böhran, iqtisadi çətinliklər və dövlət müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşəndə xalq yenidən öz xilaskarını Heydər Əliyevin simasında gördü. Həmin ilin iyununda Naxçıvandan Bakıya gələn Ulu Öndər zəngin dövlətçilik təcrübəsi, dərin siyasi zəkası və qətiyyətli mövqeyi ilə ölkəni böhranlı vəziyyətdən çıxarmağa nail oldu. O, Azərbaycanın müstəqilliyini qorudu, dövlət idarəçiliyini möhkəmləndirdi və müasir Azərbaycan dövlətinin inkişaf strategiyasının əsasını qoydu. Xalqın iradəsi və təkidi ilə baş tutan bu dönüş Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Tarixə Milli Qurtuluş Günü kimi daxil olan həmin hadisə əslində yalnız hakimiyyət dəyişikliyi deyil, Azərbaycanın dövlət kimi xilasının, müstəqilliyinin qorunmasının və gələcək inkişaf yolunun müəyyənləşdirilməsinin başlanğıcı oldu. Ulu Öndər pərən-pərən düşmüş cəmiyyəti yenidən bir yerə topladı. Milli vəhdətə nail oldu, vətəndaş müharibəsinin, qardaş qırğınlarının qarşısını aldı. Xaosu, anarxiyanı ortadan götürdü. Ölkənin demokratik inkişafı üçün böyük təhlükə törədən qanunsuz hərbi qruplaşmaları zərərsizləşdirdi. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ilə hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğuna doğru mühüm addımlar atdı. Ulu Öndərin elan etdiyi yeni neft strategiyası, 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi” Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının rəhninə çevrildi. 1997-ci ildə Heydər Əliyev milyonlarla insanımızın çörək təknəsi olan torpağın ədalətlə özəlləşdirilməsinə nail oldu. Bu, tariximizdə bir ilk idi. Azərbaycanın minillik tarixində hələ heç vaxt kəndli öz torpağının ağası olmamışdı. Ulu Öndər Heydər Əliyev öz dərin zəkası ilə zamanı qabaqlamış, iradəsi ilə taleyin axınını dəyişmiş bir dünya lideridir. Ümummilli Liderin simasında biz yalnız qüdrətli dövlət xadimini yox, eyni zamanda öz xalqının ruhuna dərindən bələd olan, onun ağrılarını özününkü bilən və gələcəyini zərgər dəqiqliyi ilə inşa edən dahi bir strateqi görürük. Heydər Əliyev dühası ən çətin məqamlarda ümidsizliyə qapılan kütləni vahid millətə çevirməyi bacaran, milli mənlik şüurunu yenidən oyadan, onu formalaşdıran bir məşəldir desək, yanılmarıq. Ümummilli Liderin hər bir qərarı, hər bir siyasi addımı və söylədiyi hər bir kəlam Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olması məqsədinə xidmət edirdi. Bu baxımdan Heydər Əliyevin həyat və fəaliyyət yolu yalnız keçmişə aid xatirə deyil, həm də bu günümüzün və gələcəyimizin möhkəm dayağıdır. Onun anadan olmasının 103-cü ildönümünün qeyd edilməsi də sadəcə böyük bir şəxsiyyətin xatirəsinə ehtiram deyil, eyni zamanda onun xalqımıza bəxş etdiyi ən böyük mirasın – müstəqil, güclü və qalib Azərbaycanın uğurlarının təntənəsidir. 103 il öncə başlayan bu şərəfli ömür yolu bu gün azad Şuşada, dirçələn Qarabağda, doğma Naxçıvanda və müasir Bakının simasında, bir sözlə, ölkəmizin hər guşəsində əbədiyaşarlıq qazanıb. Heydər Əliyev yolu tükənməz bir enerji və inkişaf mənbəyidir. Ulu Öndər elə bir dövlət binası qurub, inşa edib ki, bu gün həmin bina Zəfər tacı ilə bəzənmiş, ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir Azərbaycanın simvoluna çevrilib. 2003-cü ildən etibarən Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Heydər Əliyev kursunu yeni dövrün tələblərinə uyğun olaraq inkişaf etdirməyə başladı. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uzaqgörən siyasi kurs nəticəsində ilk onillikdə ölkə iqtisadiyyatının misli görünməmiş artımı təmin edildi. Azərbaycan neft və qaz ixracatçısından regionun enerji mərkəzinə və nəqliyyat qovşağına çevrildi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, "Cənub qaz dəhlizi" kimi nəhəng layihələr ölkəni qlobal iqtisadiyyatın ayrılmaz hissəsi halına gətirdi. Prezident İlham Əliyev iqtisadi güc və diplomatik üstünlüyün hərbi qüdrətlə tamamlanmalı olduğunu çox gözəl bilirdi. Ona görə də ölkənin hərbi büdcəsi artırıldı, ən müasir silahlar alındı və daxili müdafiə sənayesi quruldu. Ən əsası isə Prezident İlham Əliyevin səyi ilə cəmiyyətimizdə vətənpərvərlik ruhu daha da yüksəldildi və yeni vətənpərvər nəsil yetişdirildi. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin möhtəşəm yekunu 2020-ci ildə reallaşdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və diplomatik qələbəsi ilə nəticələndi. Xalqımızın milli qeyrət simvoluna çevrilmiş Şuşanın azad edilməsindən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqa müraciəti tarixə düşdü: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!" Ulu Öndərin uzaqgörən siyasəti və Müzəffər Ali Baş Komandanın qətiyyəti birləşərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə qazanılan uğurlar yalnız hərbi və enerji sahələri ilə məhdudlaşmır, bura dövlət idarəçiliyinin müasirləşdirilməsi, beynəlxalq nüfuzun artırılması və milli intibahın bütün sahələri daxildir. Diplomatik müstəvidə Azərbaycanın çoxsaylı uğurları, bir neçə mühüm beynəlxalq tədbirə evsahibliyi etməsi ölkə rəhbərinin xarici siyasətinin zirvə nöqtələrindən hesab olunur. Əldə edilən nailiyyətlər müstəqil Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul edilməsinin və cənab İlham Əliyevin şəxsi nüfuzunun parlaq sübutudur.  Dövlətimizin başçısı İlham Əliyevin humanitar diplomatiya kursu sayəsində Bakı dünyanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrilib. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və Bakı Beynəlxalq Humanitar Forumu kimi tədbirlər vasitəsilə Azərbaycan sivilizasiyalar arasında körpü rolunu möhkəmləndirib. Eyni zamanda I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və "Formula-1" kimi möhtəşəm beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkili ölkənin müasir infrastruktur imkanlarını və təhlükəsizlik səviyyəsini bütün dünyaya nümayiş etdirir. Daxili idarəçilikdə şəffaflığın təmin edilməsi istiqamətində atılan inqilabi addımlar da Prezident İlham Əliyevin mühüm nailiyyətləri sırasındadır.  Ümummilli Lider Heydər Əliyev irsi təkcə siyasi strategiyalar toplusu deyil, həm də dərin humanizm prinsiplərinə söykənən bir məktəbdir. Bu məktəbin ən ali dəyərlərini yaşatmaq, Ulu Öndərin xalqa xidmət fəlsəfəsini real əməllərlə davam etdirmək missiyasını Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz üzərinə götürüb. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı gündən etibarən Ümummilli Liderin zəngin irsinin öyrənilməsi, təbliği və bu ideyaların gələcək nəsillərə ötürülməsi istiqamətində misilsiz layihələrə imza atıb. Ulu Öndərin ideyalarının siyasi, insani, mədəni və xeyriyyəçilik aspektlərini canlandırıb. Birmənalı vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondu dövlətin həyata keçirdiyi sosial siyasətə ən böyük mənəvi və praktiki dəstəyi verən qurumdur. Fondun fəaliyyəti cəmiyyətin ən həssas təbəqələrini - uşaq evlərini, kimsəsizləri, xəstəlikdən əziyyət çəkən insanları, xüsusilə şəhid və qazi ailələrini əhatə edir. "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" kimi proqramlar çərçivəsində ölkənin ən ucqar kəndlərində belə müasir təhsil ocaqlarının tikilməsi gənc nəslin böyük Heydər Əliyev ideallarına sadiq, bilikli və vətənpərvər yetişməsinə xidmət edir. Səhiyyə sahəsində həyata keçirilən çoxsaylı layihələr Mehriban xanım Əliyevanın Azərbaycan xalqına bağlılığının və genofondumuzun qorunmasının icrasıdır. Ulu Öndər Azərbaycan mədəniyyətini millətin vizit kartı hesab edirdi. Mehriban xanım Əliyeva bu baxış bucağını beynəlxalq müstəviyə daşıdı. Heydər Əliyev Fondunun təşəbbüsü ilə muğam sənətinin, xalçaçılığın, aşıq sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi tarixi nailiyyətdir. Fondun xaricdə həyata keçirdiyi layihələr, dini və tarixi abidələrin bərpası Azərbaycanın tolerantlıq və multikulturalizm mərkəzi kimi imicini möhkəmləndirib. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bu işlər Azərbaycanın dünyada sülhsevər, mədəni və sivil dövlət kimi imicini daha da möhkəmləndirib. Bu, əslində, Ulu Öndər Heydər Əliyevin "Azərbaycan dünyaya günəş kimi doğacaq" kəlamının mədəni müstəvidə reallaşmasıdır. Vətən müharibəsindən sonra Heydər Əliyev Fondunun fəaliyyəti yeni və daha şərəfli bir mərhələyə qədəm qoydu. İşğaldan azad edilmiş torpaqlarda, xüsusilə də mədəniyyət paytaxtımız Şuşada tarixi-dini abidələrin bərpası xanım Mehriban Əliyevanın birbaşa nəzarəti altındadır. Vaqif Poeziya Günlərinin, "Xarıbülbül" festivalının yenidən bərpası və rəngarəngliyi ilə dünyaya səs salması Ulu Öndərin ruhunu şad edən ən böyük hadisələrdən biridir. Fondun Şuşadakı məscidləri, muzeyləri və mədəniyyət ocaqlarını bərpa etməsi Azərbaycanın mənəvi qələbəsinin təntənəsidir. Heydər Əliyev Fondu xalqımızın inam yerinə çevrilmiş mənəvi körpüdür. Ulu Öndərin əziz xatirəsi onun adını daşıyan fondun, şəxsən Mehriban xanım Əliyevanın xeyirxah əməllərində, hər bir Azərbaycan vətəndaşının üzündəki təbəssümdə və yenidən dirçələn Qarabağımızn hər bir daşında əbədi olaraq yaşayır və yaşayacaq! Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birliyin təmin olunması və müstəqil dövlət quruculuğu sahəsindəki müstəsna xidmətlərini daim yüksək qiymətləndirir. Ulu Öndərin zəngin siyasi irsi, dövlətçilik fəlsəfəsi və Azərbaycançılıq məfkurəsi müasir Azərbaycanın davamlı inkişafının ideoloji əsasını təşkil edir. Bu baxımdan, Təşkilat tərəfindən Ümummilli Liderin xatirəsinin əziz tutulması, onun irsinin öyrənilməsi və təbliği, xüsusilə gənc nəslin milli-mənəvi dəyərlərə, vətənpərvərlik və dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Təşkilatımız bundan sonra da Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun, milli həmrəylik və Azərbaycançılıq ideologiyasının cəmiyyətimizdə yaşadılmasını özünün əsas mənəvi və ictimai vəzifələrindən biri kimi qəbul edəcəkdir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik  Cəlil Xəlilov    

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilib

Sentyabrın 4-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında tanınmış ictimai-siyasi xadim, YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyevanın “Zəfər tariximizin  fatehləri” adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Vətən Müharibəsi iştirakçıları, müxtəlif kateqoriyadan olan veteranlar, dövlət orqanlarının nümayəndələri, Müdafiə Nazirliyinin və DİN-nin Daxili Qoşunlarının kursant və zabitləri də  iştirak edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsini icra edən polkovnik Cəlil Xəlilov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov “Zəfər tariximizin  fatehləri” kitabının ictimai-siyasi, eləcə də tarixi önəmindən bəhs edib. Polkovnik qeyd edib ki, kitabda Azərbaycan xalqının zəfər tarixi dolğun şəkildə öz əksini tapıb ki, bu da qəhrəmanlıq tariximizin təbliği baxımından mühüm əhəmiyyətə malikdir. YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, “Zəfər tariximizin fatehləri” kitabının müəllifi, yazıçı-publisist Zərifə xanım Quliyeva tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib. Kitabda Prezident İlham Əliyevin zəfər tariximizin memarı kimi rolundan ətraflı bəhs etdiyini bildirən Zərifə xanm, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xidmətlərinə diqqət çəkb, onun Müqzəffər Ali Baş Komandana dəstəyini yüksək qiymətləndirib. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı - publisist Şərəf Cəlilli, fizika elmləri doktoru, professor, YAP Veteranlar Şurasının üzvü Adilə xanım Abbasova, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə xanım Muradova da çıxış edərək kitab haqqında fikir və təəssüratlarını bölüşüblər. Tədbirdə Azərbaycan Rəssamlar Ittifaqının üzvü, UNESCO nəzdində Beynəlxalq Profesional Rəssamlar Ittifaqının üzvü, "Miras" qrupunun yaradıcısı və kreativ direktoru Nigar Helmi Abbasbəyli də iştirak edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumu keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumu keçirilib. Plenumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Elvin Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general Habil Nağıyev və digər şəxslər də iştirak edib. Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsi, təşkilatın mərhum sədri, “İstiqlal” ordenli Fatma Səttarovanın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Plenumda Təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat dinlənilib, qarşıda duran vəzifələr müzakirə edilib. Yeni sədrin seçilməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının tərkibinin təsdiq edilməsi müzakirəyə çıxarılıb. Plenumda polkovnik Cəlil Xəlilov yekdilliklə Təşkilatın sədri seçilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nəzarət-Təftiş Komissiyasının tərkibi də təsdiq edilib.  

Hamısını oxu
“İlham Əliyev - Zəfər və Qələbə Memarımız” mövzusunda tədbir və "Qalib Sərkərdə” kitabının təqdimatı keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “İlham Əliyev - Zəfər və Qələbə Memarımız " mövzusunda tədbir və Aygül Bağırovanın müəllifi olduğu "Qalib Sərkərdə” kitabının ikinci nəşrinin təqdimatı keçirilib. Tədbirdə şəhid ailələri və veteranlar, ölkə ziyalıları, millət vəkilləri, media və vətəndaş cəmiyyəti institutunun təmsilçiləri iştirak edib. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bağlı ətraflı çıxış edib, bu siyasətin dövlətimizi daha da gücləndirdiyini, Azərbaycanın beynəlxalq aləmdəki  nüfuzunu möhkəmləndirdiyini bildirib. Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsdində əldə edilən tarixi qələbə 30 illik erməni işğalına son qoymaqla yanaşı, xalqımızın milli qürur və ləyaqətini bərpa etməyə imkan verib. “Qalib Sərkərdə” kitabının önəmindən danışan polkovnik Cəlil Xəlilov qeyd edib ki, kitabda 44 günlük Vətən müharibəsinin hər günü, hər saatı öz əksini tapıb ki, bu da Vətən müahribəsində ordumuzun göstərdiyi qəhrəmanlığın, xalqımızın və Prezidentimizin sərgilədiyi fədakarlığın təbliği baxımından  mühüm əhəmiyyətə malikdir. Tədbirdə çıxış edən filologiya elmləri doktoru Şərəf Cəlili, “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva, Xalq artisti, kinorejissor Şeyx Əbdül, millət vəkili Ziyad Səmədzadə, kitabın ideya müəllifi və sahibkar Naiq Məmmədhəsənov, tədbirin önəmindən və kitabın əhəmiyyətindən danışıb, müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar. Sonda çıxış edən “Qalib Sərkərdə” kitabının müəllifi Aygül Bağırova tədbirə gələn hər kəsə öz təşəkkürünü bildirib. Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin heç zaman unudulmayacağını bildirən Aygül Bağırova 8 Noyabr zəfərinin sonsuza qədər bütün türk dünyasının ən böyük qələbələrindən biri kimi xatırlanacağını vurğulayıb. Tədbirin sonunda Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnıları səsləndirilib.    

Hamısını oxu