Digər xəbərlər
Mənalı ömrünü sözü və əməlinin bütövlüyü ilə yaşayan və elə buna görə də adı tarixə sağlığından əbədi həkk olunan dahi şəxsiyyətlərdən biri ulu öndər Heydər Əliyevdir. Heydər Əliyev həqiqəti bütün təhrif və saxtalaşdırma cəhdlərini puça çıxarıb. Onun qüdrətinin əvəzsizliyinin təbliğə ehtiyacı qalmayıb. Heydər Əliyev həqiqəti yozulan yox, məhz görünən həqiqətdir, zamanın sınağından çıxdığı uçün əbədiliyinə tarix təminat veribdir. Vətənini, xalqını sevən, milli ideallara xidməti özünün ən ümdə vətəndaşlıq vəzifəsi və borcu sayan hər bir şəxs Heydər Əliyevi Prezident - dövlət başçısı kimi, Ali Baş Komandan kimi, Ümummilli Lider kimi, diplomat kimi, siyasi xadim kimi, iqtisadçı kimi, sıravi vətəndaş kimi, nəhayət, ailə başçısı kimi öyrənməlidir; dövlət quruculuğunu və dövləti idarəetməni, müharibə vəziyyətində sərkərdəliklə incə diplomatiyanı birləşdirməyi, milli ənənəsi olmadığı halda yeni ictimai-siyasi, sosial-iqtisadi münasibətlər dövründə cəmiyyətin demokratikləşdirilməsini, iqtisadi potensialın gücləndirilməsini əlaqələndirməyi, Vətənə - xalqa təmənnasız xidməti, əsldən-nəsildən və köklü ocaqdan gələn ənənə ilə nümunəvi ailə yaratmağı öyrənməlidir. Heydər Əliyev Prezident - dövlət xadimi kimi Azərbaycan Prezidentini tarixi dövlətçilik ənənəsi olan bir çox ölkə rəhbərlərindən fərqləndirən əsas cəhət milli azadlıq hərəkatını formalaşdırmaq, tənzimləməklə respublikanı əsarətdən qurtarması və müstəqil dövlət qurmasıdır. Heç şübhəsiz, qurulu dövləti idarə etmək yeni bir dövlət quraraq onu idarə etməkdən qat-qat asandır. Tale isə sanki Heyder Əliyevi işıqlı dünyaya Azərbaycan xalqının qarşısına çıxan bütün problemləri həll etmək üçün gətirmişdi. Prezident və dövlət xadimi kimi Heydər Əliyevin fəaliyyətini şərti olaraq iki dövrə ayırmaq olar ki, milli müstəqilliyə qədər və milli müstəqillikdən sonrakı dövrlər. Hər iki dövr üçün xarakterik cəhət Heydər Əliyevin özü üçün həyatının mənası kimi seçdiyi müqəddəs bir amala - Azərbaycana xidmət amalına sonsuz sədaqətidir. Amal isə dəyişməyib, dəyişən amalı gerçəkləşdirmə yolları və vasitələridir. Onun fəaliyyətinin birinci dövründə əsas məqsəd milli ruhun şüurlu oyanışına nail olmaqla milli potensialı qoruyub saxlamaq və gələcək müstəqil Azərbaycan üçün sosial-iqtisadi, mənəvi-psixoloji, hərbi və elmi-mədəni baza yaratmaq idisə, ikinci dövrdə artıq müstəqil, suveren dövlətin azadlığına dönməz xarekter vermək, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, nizami ordu yaratmaq, iqtisadiyyatı, mədəni-elmi həyatı dirçəltmək, sosial məsələləri nizamlamaq əsas vəzifələr idi. Tanrı bütün bəndələrinə qarşı mərhəmətlidir, amma onun sevgisini qazanmaq hər bəndəyə nəsib olmur. Bəli, Heydər Əliyev Tanrının sevdiyi bəndədir. Hər əsgər general ola bilməz, amma pis əsgər odur ki, general olmaq istəmir. Bizim hər birimiz, o çümlədən sərhəddə torpaq keşiyini çəkən sıravi bir əsgər də məhz ulu öndər Heydər Əliyev kimi şəxsiyyət olmağa cəhd göstərməlidir. Cəmiyyətdə belə bir cəhdin ənənəyə çevrilməsi əslində əldə edilən uğurları qoruyub saxlamağa və daha da inkişaf etdirməyə qadir vətəndaşların yetişməsinə etibarlı təminat ola bilər. Heydər Əliyev Ali Baş Komandan kimi Azərbaycanda müasir tipli ordunun həm nəzəri, həm də praktiki baxımdan yaradılması məhz Heydər Əliyevin tarixi xidmətidir. Hələ Sovet dövründə milli hərbçi kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev C.Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. Əhali, xüsusən gənclər arasında hərb sənətinə neqativ münasibəti kökündən dəyişdirdi, təhlükəsizlik və hüquq mühafizə orqanlarının milliləşdirilməsi prosesinə başladı. Azərbaycanlı hərbçilərin çoxsaylı etirafları bir daha sübut edir ki, məhz Heydər Əliyev hakimiyyətə gələndən sonra Sovet rejimində azərbaycanlı hərbçilərə yüksək rütbələr və məsul vəzifələr verilməyə başlanıldı. Keçmiş SSRİ-nin harasında xidmət etməsindən asılı olmayaraq, hər bir azərbaycanlı əsgər, xüsusən də zabit Heydər Əliyevin simasında özünün karyerasına, bacarıq və istedadının qiymətləndirilməsinə qarant görürdü. Elə o vaxtdan hərbçilər arasında Heydər Əliyev ordu quruculuğunu peşəkarcasına bilən, ən başlıcası isə milli zabit kadrların yeganə qayğıkeşi və himayədarı imicini qazanmışdı. Bir çox müxalifət liderləri silahlı dəstələrinin əhatəsində siyasi imic qazanmaq üçün canfəşanlıqla “Vətəndən” danışdıqları vaxtlar Heydər Əliyev danışmaq əvəzinə əməli iş görürdü - milli ordunu yaradırdı. Dəmir intizamlı, müasir texnika ilə təchiz edilmiş, həqiqi peşəkarlarla gücləndirilmiş milli ordunun varlığı ilk növbədə özünün xarici havadarlarına arxalanan və “qələbə eyforiyası” yaşayan erməni işğalçılarını atəşkəslə razılaşmağa vadar etdi. Ordunun sosial-məişət qayğıları, əsgər və zabit heyətinin döyüş hazırlığının təkmilləşdirilərək yüksəldilməsi, siyasi-ideoloji və tərbiyəvi işin müstəqil respublikamızın mənafe və marağına uyğun qurulması Ulu Öndərin diqqət mərkəzində idi. İnamsız əsgərin əlində silah əslində ya dəmir parçasıdır, ya da hara tuşlanması dəqiq bilinməyən ölüm mənbəyidir. Heydər Əliyev şərəfli xilaskarlıq missiyasına başlayanda müqəddəs amal naminə silaha sarılan ən vətənpərvər gənclər də az müddətə bütün xalq kimi inamını itirmək təhlükəsi ilə qarşılaşmışdı. Siyasi “xadimlərin”, “cəfakeş millət liderlərinin” sayı artdıqca çaşqınlıq da güclənirdi, hərbi-siyasi vəziyyət murəkkəbləşdikcə, torpaqlarımız, şəhər və kəndlərimiz əldən getdikcə xalqın, o cümlədən silahlı vətənpərvər gənclərin əsl sərkərdəyə ehtiyacı artırdı. Vətənə və xalqa sərkərdə lazım idi. Müharibəyə cəlb olunmuş Azərbaycanda isə qanlı dəyüşləri, ərazi işğalını, azğın düşməni nizami ordunun gücünə dayandırmaq poetik nitqlər söyləməkdən, gəlişi gözəl vədlər verməkdən qat-qat çətin idi və nəticəsi konkret əməli işdə görünən fədakarlıq tələb edirdi. Bu fədakarlığı ilk dəfə məhz Ali Baş Komandan kimi Heydər Əliyev öhdəsinə götürən gündən xalq həsrətlə gözlədiyi sərkərdəni tapdığını başa düşdü. Bu gün Heydər Əliyev Silahlı Qüvvələr, o cümlədən milli təhlükəsizlik orqanının əməkdaşları, Sərhəd Qoşunlarının şəxsi heyəti üçün qanuni yolla seçilmiş ümumxalq sevgisi qazanmış xilaskar sərkərdədir. Heydər Əliyev Ümummilli Lider kimi Xalq Heydər Əliyevə sonsuz inam bəslədiyi kimi, o da xalqa inanırdı, ən başlıcası bu inamını gizlətməyə çalışmırdı. Bu cəhət onun başqa bir özünəməxsusluğu ilə bağlıdır. Heydər Əliyev açıq fəaliyyət göstərən şəxsiyyət idi. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişinə cəhdlər vaxtı Heydər Əliyev ilk növbədə xalqa müraciət etdi, bəla, xəyanət haqqında xalqa açıq, dolğun məlumat verdi, ən ağır məqamda da Bakını, ona inanan xalqını tərk etmədi. Onun səmimiyyəti, cəsarəti, obyektivliyi gecənin yarısı olmasına baxmayaraq, bütün xalqı ayağa qaldırdı. Xalq, o cümlədən ordu yalnız qanuni Prezidentinin səsinə səs vermədi, eyni zamanda tarixində ilk dəfə tapdığı xilaskarının - liderinin müdafiəsinə qalxdı. Heydər Əliyev ümummilli lider olduğunu əməli işlə təsdiq edib. O, bu fəxri və şərəfli ada Prezident olandan sonra yox, əksinə Prezident olmamışdan əvvəl layiq görülüb. SSRİ dövründə respublikanın rəhbəri işləyib, amma milli maraqları dövlət maraqlarından üstün tutub; zahirən kommunist ideologiyasının təbliğatçısı olub, amma əslində milli təhlükəsizliyin tərkib hissəsi olan milli ideologiyanın formalaşaraq təsiredici gücünün qorunub saxlanmasına çalışıbdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən Azərbaycan rəhbərliyinin görməli olduğu, amma görmədiyi işləri həyata keçirib. Bütün dövrlərdə Heydər Əliyev sadəcə olaraq vəzifə borcunu yerinə yetirməyib, tarixi xilaskarlıq missiyası kimi ona etibar olunmuş ümummilli liderliyini şərəflə doğruldubdur. 1993-cü ilə qədər Azərbaycanda vahid xarici siyasət kursu yox idi. Xarici ölkələrlə əlaqələrdə emosiyalar, utopik nəzəri mülahizələr mühüm rol oynayırdı. Heydər Əliyev isə xarici siyasət konsepsiyasını beynəlxalq normalara əsasən qurdu, prioritet istiqamətləri müəyyənləşdirərkən yaxın və uzaq strateji hədəfləri, dövlət və milli maraqları əsas götürdü. Diplomatik əlaqələrdə iqtisadi amilə xüsusi diqqət yetirməsinin sayəsində respublikamıza investisiya qoyuluşu geniş vüsət aldı, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində, daxildəki iqtisadi-sosial durumun stabilliyində marağı olan ölkələrin sayının artmasına nail oldu. Lissabon Sammitinin nəticəsi əslində Heydər Əliyev diplomatiyasının tarixi qələbəsidir. Mən əminəm ki, gələcəkdə dünya diplomatları və siyasətçiləri Lissabon Sammitini çıxılmaz vəziyyətdən maksimum fayda ilə çıxmağı bacaran Heydər Əliyevin qələbəsi kimi ciddi şəkildə öyrənəcəklər. Heydər Əliyevin təcrübəsi tükənməz həyat məktəbidir. Bu məktəbi öyrənərək başa vurmaq mümkün olmadığı üçün mən sonda bir məsələyə toxunmaq istəyirəm. Heydər Əliyev ata kimi də hər bir vətəndaşa örnəkdir. Uzun illər hakimiyyətinin ən yüksək pilləsində dayanan külli-ixtiyar sahibi kimi o, yeganə oğluna hər cür şərait və təminat yarada bilərdi. Heydər Əliyev oğlu İlham Əliyevi gərgin mübarizələrlə dolu siyasət meydanına tək buraxdı və ən ağır sınaqdan çıxmağı - özünütəsdiqə özünün nail olmasını ona ömür yolu olaraq müəyyənləşdirdi. Hazırda Prezident İlham Əliyev siyasi arenada, beynəlxalq aləmdə qəti addımlarını atır, artıq özünü peşəkar və kamil siyasətçi, iqtisadçı, mahir diplomat kimi tanıdaraq hörmət qazana bilibdir. Cənab İlham Əliyevin uğurları isə yalnız ata Heydər Əliyevin deyil, eyni zamanda Prezident, ümummilli lider Heydər Əliyevin həyat təcrübəsinin və məktəbinin təsdiqidir. Biz belə bir milli sərvətimiz olduğu üçün xoşbəxtik. Biz bu sərvətin qədrini bilərək incəliyinə qədər öyrənib mənimsəsək daha böyük nailiyyətlər qazana bilərik. Cəlil Xəlilov,Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik
Hamısını oxu
Bakı Kitab Mərkəzində “Əhmədiyyə Cəbrayılovun Fransa Müqavimət Hərəkatında döyüş yolu” adlı kitabın Azərbaycan dilində nəşrinin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva kitabın İkinci Dünya müharibəsinin iştirakçısı, Fransa müqavimət hərəkatının üzvü Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna həsr edildiyini bildirib. O diqqətə çatdırıb ki, belə nəşrlər gələcək nəsillərin tarixi daha dərindən öyrənməsi baxımından xüsusi əhəmiyyət daşıyır və mərkəz üçün də dəyərli vəsaitdir. Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Nigar Hüseynova bildirib ki, İkinci Dünya müharibəsində azərbaycanlılar Avropanın müxtəlif ölkələrində — Fransada, Polşada, İtaliyada, Niderlandda yerli xalqlarla çiyin-çiyinə vuruşublar. “Qərbi Avropa ölkələrinin işğaldan azad olunması uğrunda döyüşən Əhmədiyyə Cəbrayılov, Mehdi Hüseynzadə, Məmməd Məmmədov kimi həmvətənlərimizin şücaətləri bu gün də fədakarlıq rəmzi, hünər və cəsarət nümunəsi kimi yaşayır. Bu, həmçinin Azərbaycan xalqının sülhə, azadlığa və ümumbəşəri dəyərlərə bağlılığının yüksək göstəricisidir. Fransa Müqavimət Hərəkatında iştirak edən azərbaycanlı partizanlar azadlıq, insanlıq və ədalət uğrunda mübarizənin simvoluna çevriliblər. Onların qəhrəmanlığı təkcə Azərbaycanın deyil, həm də Fransanın tarixində dərin iz qoyub və xalqımız bu igidlər ilə haqlı olaraq fəxr edir. Məhz buna görə də azərbaycanlı döyüşçülərin xatirəsinin daim yaşadılması, onların mübarizə yolunun araşdırılması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır”, - deyə o əlavə edib. Onun sözlərinə görə, Azərbaycanın Fransadakı səfirliyinin və Hərbi attaşelik aparatının birgə fəaliyyəti çərçivəsində tarixi yaddaşın qorunmasına xüsusi önəm verilir. Bu fəaliyyət xüsusilə Fransa ictimaiyyətinin İkinci Dünya müharibəsi zamanı ölkənin alman faşizmindən azad olunması uğrunda döyüşmüş azərbaycanlılar barədə məlumatlandırılmasını əhatə edir: “Bu istiqamətdə müxtəlif formatlarda tədbirlər — film təqdimatları, konfranslar, elmi görüşlər təşkil olunur. Məsələn, iki il əvvəl Parisdəki Mədəniyyət Mərkəzində rejissor Tahir Tahiroviçin müəllifi olduğu, Mədəniyyət Nazirliyinin “Salnamə” kinostudiyasında istehsal edilən “O, Xarqo idi” adlı sənədli filmin Fransadakı ilk təqdimatı keçirilib. Tədbirdə tarixi yaddaşın qorunması, təbliği və gələcək layihələrin hazırlanması ilə bağlı mühüm təkliflər irəli sürülüb”. Kitabın müəllifi, fransız tarixçi Aleksandr Vatən qeyd edib ki, nəşr Əhmədiyyə Cəbrayılovun hərbi fəaliyyətindən bəhs edir və tarixi yaddaşın qorunmasına xidmət göstərir. Müəllif vurğulayıb ki, oxucular bu kitab vasitəsilə cəsarətli döyüşçünün həyat yolu ilə daha yaxından tanış olacaq. Onun sözlərinə görə, əsər yalnız bir insanın qəhrəmanlıq tarixçəsi deyil, eyni zamanda Azərbaycan və Fransa arasındakı dostluq əlaqələrinin də əksidir. Aleksandr Vatən bildirib ki, Əhmədiyyə Cəbrayılovun nümunəsi digər qəhrəman döyüşçülərə də hörmət hissi aşılayacaq. Fransanın Azərbaycandakı səfiri Sofi Laqutun Əhmədiyyə Cəbrayılovun göstərdiyi cəsarətin, keçdiyi ağır həyat yolunun və partizan hərəkatına verdiyi töhfələrin onu unudulmaz şəxsiyyətə çevirdiyini deyib: “Bu kitab sayəsində daha çox insan onu tanıya biləcək. Şəkiyə səyahət edən zaman qəhrəmanın ailə üzvləri ilə görüşdüm, onlar qəhrəmanın xatirəsini böyük fədakarlıqla qoruyurlar”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Əhmədiyyə Cəbrayılovun göstərdiyi xidmətlərin Azərbaycan-Fransa dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynadığını bildirib. “Qəhrəman döyüşçülərin xatirəsinin yaşadılması tarixi yaddaşın qorunması baxımından vacibdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi sülh siyasəti bu dəyərlərin qorunmasına xidmət edir”, - deyə C.Xəlilov əlavə edib. Əhmədiyyə Cəbrayılovun ailə üzvü Cavanşir Cəbrayılov tədbirin qəhrəmanın xatirəsinə göstərilən böyük ehtiramın nümunəsi olduğunu söyləyib. Daha sonra qonaqlar Fransa səfirliyinin əməkdaşlarının hazırladığı videoçarxı izləyiblər. Kitabın fransız dilindən Azərbaycan dilinə tərcüməçisi Kolmar Apellyasiya Məhkəməsi yanında andlı tərcüməçi, məhkəmə eksperti Elnarə Ramazanovadır.
Hamısını oxu
Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Rusiya xarici işlər naziri Sergey Lavrova müraciət ünvanlayıb. “Qafqazinfo” xəbər verir ki, müraciətdə deyilir: Hörmətli Sergey Viktoroviç Lavrov! Faşizm üzərində tarixi qələbənin 76-cı ildönümü ərəfəsində biz – Böyük Vətən Müharibəsi veteranları Sizə müraciət edərək Hitler nasizminin erməni əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsi cəhdlərinin bizi narahat etdiyini bildirmişdik. Həmin müraciətdə nasist canilərin həm Ermənistanın özündə, həm də faşistlərin qətlə yetirdikləri milyonlarla insanın xatirəsinə ehtiram bəsləyən Rusiyanın informasiya-mədəniyyət məkanında həyasızcasına təriflənməsindən söhbət gedirdi. Biz ürək ağrısı ilə sizin diqqətinizi ona cəlb etmişdik ki, Ermənistan bədnam generallar Dro və Njde kimi məşhur olan erməni SS cəza legionunun başçıları Drastamat Kanayan və Qaregin Ter-Arutyunyanın təmizə çıxarılması üçün Rusiyanın resurslarından istifadə edir. Nasist rejimin əlaltısı, Hitlerin və Gimmlerin dostu olmuş Njde məşhur KİV-lərdə qəhrəmanlara bərabər tutulur. Bundan əlavə, Moskvada “Qaregin Njde ilə söhbətlər və ya Njdenin 125 illiyinə abidə” adlı kitabın təqdimatı keçirilib. Paradoks ondan ibarətdir ki, bu tədbirin təşkilatçılarının fikrincə, “Njdenin ideyaları bu gün həmişəkindən daha aktualdır və müasir cəmiyyətdə fəal təbliğ olunmalıdır”. Bir daha xatırlatmaq yersiz olmaz ki, 1948-ci ildə Njde hərbi cani kimi 25 il həbs cəzasına məhkum edilib və 1957-ci ildə Vladimir mərkəzi həbsxanasında ölüb. Ona bəraət verilməyib. Məhkəmə əvvəl çıxarılmış hökmü qüvvədə saxlayıb.Buna baxmayaraq, Rusiyanın erməni diasporu hər il Vladimirdə, knyaz Vladimir qəbiristanlığında Njdenin qəbrinin ziyarət olunmasını, bu faşist cəlladın xatirəsinin ehtiramla yad olunmasını təşkil edir. Adı çəkilən qəbiristanlıqda bu faşist əlaltısına xatirə kompleksi tikilməsi barədə məsələ də qaldırılır. Sizə böyük təşəkkürümüzü bildirərək vurğulamaq istəyirik ki, bizim keçənilki müraciətimizi diqqətsiz qoymadınız və bizə verilən cavabdan göründüyü kimi, yerli ermənilərin nümayəndələri ilə müəyyən iş aparılıb. Görünür, məhz bu işin nəticəsində keçən il bu nasist caninin xatirəsinin Rusiyada əbədiləşdirilməsi cəhdinin qarşısı alınıb. Bununla belə, Ermənistanın özündə faşist Almaniyası üzərində qələbənin 71-ci ildönümünün bayram edilməsindən iki həftə sonra Yerevanın mərkəzində Qaregin Njdenin abidəsinin təntənəli açılış mərasimi keçirilib. Faşist caninin xatirəsinin əbədiləşdirilməsi mərasimində hələ bir il bundan əvvəl Moskvada faşizm üzərində qələbə paradında Sizinlə yanaşı dayanmış Ermənistan prezidenti Serj Sarkisyan şəxsən iştirak edib. Hörmətli Sergey Viktoroviç Lavrov! Siz Böyük Vətən Müharibəsinin yekunlarının yenidən yazılmasının və təhrif edilməsinin yolverilməz olduğunu dəfələrlə vurğulamısınız. Məhz Rusiya Federasiyasının təşəbbüsü ilə BMT Baş Məclisi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsinə, neonasizmə və irqçiliyin müasir formalarının yayılmasına, irqi ayrı-seçkiliyə, ksenofobiyaya və onunla bağlı dözülməzliyə qarşı mübarizə” adlı 70/139 nömrəli Qətnamə qəbul edib. Həmin sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Məclisi “nasizm hərəkatının, neonasizmin və “Vaffen SS” təşkilatının keçmiş üzvlərinin hər hansı formada məşhurlaşdırılması, o cümlədən abidələr və memoriallar ucaldılması, nasist keçmişin, nasizm hərəkatının və neonasizmin üzə çıxarılması məqsədilə kütləvi nümayişlər keçirilməsi, eyni zamanda, antihitler koalisiyasına qarşı mübarizə aparmış və nasizm hərəkatı ilə əməkdaşlıq etmiş belə şəxslərin milli azadlıq hərəkatlarının iştirakçıları elan edilməsi və ya elan etmək cəhdləri vasitəsilə məşhurlaşdırılmasına görə dərin narahatlığını bildirib. Bu qətnaməyə qoşulmuş və özünü Rusiyanın strateji müttəfiqi kimi qələmə verən Ermənistanda isə Sovet əsgərlərinin və dinc sakinlərin, o cümlədən erməni xalqının özünün nümayəndələrinin də qətlə yetirilməsinə bais olmuş faşizm rejiminə sadiq şəxslərə geniş miqyaslı pərəstiş yaradılır. Bizi təəccübləndirən odur ki, başqa ölkələrdə bu cür hadisələrə həmişə münasibət bildirən Rusiyanın özündə buna hər hansı reaksiya yoxdur. Nasist canilər Dro və Njdenin şərəfinə xatirə sikkələri kəsilən, filmlər çəkilən Ermənistanın bu cür davranışına xüsusi haqq verilməsinin səbəbi bizə aydın deyil. Yerevanda bir meydana və metronun bir stansiyasına Qaregin Njdenin adı verilib. Orada Drastamat Kananyanın adını daşıyan küçə də var. İndi hökumət binaları kompleksi və Ermənistanın hakim partiyasının qərargahı ilə yanaşı Njdenin abidəsi də ucalır. Onu da nəzərinizə çatdırırq ki, faşist Njdenin daha bir heykəli vaxtilə Ermənistanın işğalına məruz qalan, hazırda isə Rusiya sülhməramlılarının məsuliyyəti zonasında olan Xocavənd rayonunda ucalır ki, bu heykəlin də sökülməsi vacibdir. Azərbaycan ərazisində belə bir heykəlin mövcudluğu sadəcə dövlətimizin və xalqımızın deyil, bütövlükdə ümumbəşəri insani və əxlaqi dəyərlər baxımından yolverilməzdir və əsla qəbul edilə bilməz. Sovet xalqının igidliyinin nurlu xatirəsi Azərbaycanda bu gün də böyük ehtiramla yad edilir, 9 may günü əvvəlki kimi yenə də ən mötəbər dövlət bayramlarından biri olaraq qalır. Biz, faşizm ilə müharibənin bütün ağrı-acısını görmüş, döyüşlərdə yoldaşlarını itirmiş insanlar nasist canilərin ətrafında qəhrəmanlar oreolu yaradılmasını ürək ağrısı ilə müşahidə edirik. Biz Ermənistanın vaxtı ilə ümumi vətənimiz uğrunda həlak olmuş insanların xatirəsinə və bütün sülhsevər bəşəriyyətə açıq-aşkar hörmətsizlik olan hərəkətlərinə görə hiddətlənirik. Əminik ki, biz Böyük Vətən müharibəsi qurbanlarının nurlu xatirəsinə sadiq qalaraq Ermənistan tərəfindən təbliğ edilən faşizm ideologiyası timsalında ümumi şərə qarşı mübarizədə öz səylərimizi yenidən birləşdirməliyik. Azərbaycanın Böyük Vətən Müharibəsinin bütün veteranları adından hörmətlə və düzgün başa düşüləcəyimiz ümidi ilə: Azərbaycan Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti
Hamısını oxu
Cəlil Xəlilov: “Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirəm” “30 noyabr şəhidləri xalqımızın qəlbində hər zaman ehtiramla anılacaq”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helekopterin qəzaya uğraması nəticəsində 14 nəfərin şəhid olması, iki hərbçinin isə yaralanması faktı bütün Azərbaycan xalqı tərəfindən üzüntü ilə qarşılanıb: “Baş verən bu faciə xalqımız tərəfindən dərin kədər və üzüntü ilə qarşılanıb, bütün cəmiyyətdə böyük təəssüf hissi doğurub. Allahdan bütün şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Xalqımız bütün şəhidləri kimi 30 noyabr şəhidlərini də hər zaman sevgi və minnətdarlıq hissi ilə yad ediləcək, onların işıqlı xatirəsinin unudulmasına imkan verməyəcək”. Daha sonra media və sosial media nümayəndələrinə səslənən sədr müavini, baş verən faciə ilə bağlı qeyri-rəsmi məlumatlar yaymamağa, yalnız rəsmi informasiyalara istinad etməyə çağırıb: “Mən bütün media və sosial media istifadəçilərini dövlət orqanlarının rəsmi məlumatlarına istinad etməyə, şaiyə və ehtimalları bir kənara qoymağa səsləyirəm. Baş verən olayla bağlı əlaqədar qurumlar rəsmi açıqlamalar yayıb və hadisə ilə bağlı araşdırma davam edir. Istintaqın gedişatı ilə bağlı rəsmi qurumlar bundan sonra mütəmadi surətdə ictimaiyyəti məlumatlandıracaq və müvafiq yeniliklərlə tanış edəcəklər. Odur ki, indiki həssas məqamda subyektiv fikir və ehtimalların işıqlandırılması yolverilməzdir və bu, cəmiyyətdə çaşqınlıq yarada bilər. Bunu da qeyd edim ki, nə qədər arzuedilməz olsa da, bu cür qəzalar dünyanın ən müasir ordularında da zaman-zaman baş verir və təəssüf ki, heç bir dövlət bu kimi hallardan sığortalanmayıb. Mən bir daha baş verən faciə ilə əlaqədar şəhid olan hərbi qulluqçuların yaxınlarına dərin hüzünlə başsağlığı verir, yaralılara şəfa diləyirəm”. Seymur ƏLİYEV
Hamısını oxu