Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş yeni video-çarx hazırlanıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən “Diplomatiya Könüllüləri” qrupu tərəfindən qardaş Türkiyə Cümhuriyyətinin Zəfər bayramı münasibətilə Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş video-çarx hazırlanıb. Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti Prezidentlərinin Azərbaycan-Türkiyə qardaşlığı haqqında söylədikləri kəlamları ilə başlayan video-çarxda Bakıda Şəhidlər Xiyabanında, Türk Şəhidliyi abidəsi və Mustafa Kamal Atatürkün heykəlinin önündə və Atatürk parkında, o cümlədən Türkiyənin Ankara şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkda və Ulu Öndərin heykəli qarşısında çəkilən görüntülər yer alıb. Video-çarxda Səməd Vurğunun “Azərbaycan” şeirinin misralarının müşayəti ilə,  Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı ilə iki ölkənin doğmalıq və qardaşlıq bağı vurğulanaraq Türkiyənin 30 avqust Zəfər Bayramı təbrik edilir. Video-çarx sosial şəbəkələrdə geniş şəkildə yayılıb. Sözügedən videonu təqdim edirik:

2020-08-30 00:00:00
3721 baxış

Digər xəbərlər

Qərbi Azərbaycanın igid oğlu: Nəbi Nuriyev Balı oğlu

Elə anlar var ki, insanı sınağa çəkir, elə anlar da var ki, insan özü tarixə çevrilir. Nəbi Nuriyev Balı oğlu da elə bu tarixə çevrilən ömürlərdən biri idi. O, təkcə əsgər kimi yox, müəllim kimi, vətəndaş kimi, yurd həsrəti ilə yoğrulmuş bir xalqın siması kimi yaddaşlara həkk olunan bir şəxsiyyətdir. 1922-ci ildə Qərbi Azərbaycanın qədim, xatirələrlə dolu Örs kəndində dünyaya göz açmışdı. O kənd ki, onun hər daşında bir tarix, hər səsində bir nəğmə yaşayır. O torpaqlar təkcə bir coğrafi məkana deyil, minilliklərin daşıdığı türk ruhuna, Azərbaycan mədəniyyətinə şahidlik edən müqəddəs yurda çevrilmişdi. Ancaq bu torpaqlar eyni zamanda göz yaşı, sürgün, yurd nisgili ilə də yoğrulmuşdur. Nəbi müəllimin ömrü həmin ağrıların aynası idi. O, doğulduğu yurdun daşına, torpağına, havasına könül vermişdi. Amma tarix zalım olanda yurd da yarım qalır, yuxular da. O da minlərlə həmsoydaşı kimi köçkünlüyün acısını yaşadı. Doğma Örs kəndinə qayıtmaq ümidi ilə yaşasa da, bu arzu elə onunla birgə əbədiyyətə qarışdı. Amma Nəbi Nuriyev təkcə bir yurd həsrətlisi deyildi, o, həm də qəhrəman idi. 1940-cı ildə hərbi xidmətə çağrıldı. Böyük Vətən Müharibəsi başlayanda Vətənin səsinə ilk hay verənlərdən oldu. Səngərlərdə, cəbhə xəttində, qanın, barıtın, odun içində mərdliklə döyüşdü. 130-cu atıcı alayın tərkibində döyüşlərə qatıldı, bölmə komandiri rütbəsinə qədər yüksəldi. Təkcə Avropanın qanlı səhnələrində yox, uzaq Yaponiyada Vadlin şəhərinədək uzanan döyüş yolunda da qəhrəmanlıqlar göstərdi. Kvantun ordusunun təslim olmasında iştirak etdi.  Bu, bir ömrün yazdığı fəxarət səhifələrindən idi. Göstərdiyi igidliyə görə Nəbi müəllim bir çox orden və medallarla təltif olundu: II dərəcəli "Vətən Müharibəsi" ordeni, Qələbənin 20, 40, 50, 60, 65, 70, 75 illik yubiley medalları, SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ordeni və ən nəhayət, Heydər Əliyevin sərəncamı ilə təqdim edilən “1941–1945-ci illər müharibəsi veteranı” nişanı. Bütün bu təltiflər onu yalnız əsgər kimi yox, həm də milli yaddaşda yaşayan bir obraz kimi yerini təsdiqlədi. Müharibə bitdi, mədəni mübarizə isə davam edirdi. Nəbi müəllim 1993-cü ilə qədər Azərbaycan ordusunda çalışdı. Bu illərdə o, yalnız silahla yox, ağlı, biliklə, təcrübə ilə, vətən sevgisi ilə mübarizə apardı. Müəllim oldu, tərbiyəçi oldu, yol göstərən oldu. Çünki o bilirdi: əsl qələbə yalnız cəbhədə deyil, həm də ruhda, şüurda, gənc nəsildə qazanılır. O, heç vaxt boyun əymədi. Nə sürgünə, nə ağrıya, nə zamanın sərt üzünə. Daxilində daşıdığı yurd həsrətini susaraq deyil, yaşayaraq göstərdi. Nəbi Nuriyev həyatı bir xalqın dərdini, ləyaqətini, inadını və dirənişini daşıyan ömür idi. Bu gün onu yalnız bir müharibə iştirakçısı kimi deyil, həm də bir yurdun, bir millətin vicdanı kimi xatırlayırıq . Qərbi Azərbaycanın yetirdiyi minlərlə igiddən biri olaraq Nəbi müəllim bizə göstərdi ki, yurd itə bilər, amma yurd sevgisi ölməz. Çünki o sevgi bir ömür boyu içimizdə yaşayan məşəldir. Və bu məşəli bizə Nəbi Nuriyev kimi igidlər verib.

Hamısını oxu
Cəlil Xəlilov: Heç bir “himayəedici çətir” Ermənistanı Azərbaycanın “Dəmir yumruğ”undan hifz edə bilməz

Bakı, 23 fevral, AZƏRTAC Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin verdiyi məlumata görə, fevralın 21-i saat 20:45-dən fevralın 22-si saat 01:20-dək Ordumuzun Tovuz rayonu və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərindəki mövqelərini də atəşə tutub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov mövzu ilə bağlı AZƏRTAC-a açıqlama verərək baş verənləri Ermənistanın növbəti təxribatı kimi dəyərləndirib: “Fevralın 20-də Avropa İttifaqının (Aİ) missiyası Ermənistanda fəaliyyətə başlayıb və maraqlıdır ki, cəmi bir gün sonra erməni qüvvələri həm Ermənistan ərazisindən, həm də rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutub. Bu faktın özü bir daha onu göstərir ki, Avropa İttifaqının missiyası bölgədəki təhlükəsizliyi təmin etmək, Ermənistanın təxribatlarının qarşısını almaq üçün səmərəli təsir mexanizmi deyil. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Avropa İttifaqının missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcək. Missiyanın fəaliyyətə başlamasından cəmi bir gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunu bir daha təsdiqlədi. Baş verənlər göstərdi ki, Ermənistan missiyanın fəaliyyətini yeni təxribatlar üçün zəmin hesab edir. Görünən odur ki, Ermənistan tərəfi hesab edir ki, Avropa İttifaqının missiyasının fəaliyyətə başlaması onlara öz təxribatlarını daha təhlükəsiz ortamda həyata keçirməyə imkan verəcək. Ancaq rəsmi İrəvan bu cür düşünməklə yanılır. Ermənistan bilməlidir ki, Azərbaycan tərəfi istənilən təxribatın qarşısını qətiyyətlə alacaq və bu məsələdə heç bir güzəştə getməyəcək. Ermənistan kimin çətiri altında gizlənir-gizlənsin, yol verdiyi hər bir təxribata görə cavab verəcək və cəzalandırılacaq. Heç bir “himayəedici çətir” Ermənistanı Azərbaycanın “Dəmir yumruğ”undan hifz edə bilməz”. Polkovnik qeyd edib ki, Avropa İttifaqının Ermənistandakı missiyasına silahlı şəxslərin daxil edilməsi də narahatverici məqamlardan biridir: “Aİ öz missiyasını “mülki missiya” adlandırsa da, fəaliyyətə başlayan gün yaydığı açıqlamada ilk dəfə olaraq etiraf edib ki, missiyada iştirak edən 100 nəfərdən 50-si “silahsız müşahidəçidir”. Demək belə çıxır ki, missiyanın yarısı silahlı şəxslərdən ibarətdir. Halbuki, indiyədək bu barədə heç bir məlumat verilməmişdi. Bu informasiya erməni ictimaiyyət üçün də yenilik oldu. Avropa İttifaqının məlum etirafı sübut etdi ki, Ermənistan öz ərazisinə silahlı missiya buraxdığını bütün region dövlətlərindən, eyni zamanda, Ermənistan ictimaiyyətinin özündən də gizlədib. Bu, bir daha onu göstərir ki, Ermənistan hakimiyyəti hətta öz xalqına münasibətdə belə səmimi deyil”. Polkovnik Cəlil Xəlilov İranın baş verənlərə biganə münasibətinin də anlaşılan olmadığını vurğulayıb: “Maraqlı məqamlardan biri də İranın baş verənlərə seyrçi münasibət bəsləməsidir. Baxmayaraq ki, Qərbi hər zaman sözdə asıb-kəsən İranın sərhədlərində Avropa dövlətlərinin silahlı hərbçiləri dayanıb. Onları bu sərhədlərə gətirib çıxaran isə Ermənistandır. Araz çayı sahilində Azərbaycana hədə-qorxu gəlmək üçün genişmiqyaslı təlimlər keçirən İranın Ermənistanın etdikləri fonunda sərgilədiyi susqunluq rəsmi Tehranın xarici siyasətindəki əcaiblikdən və məntiqsizlikdən xəbər verir. Bu gerçək bir daha onu göstərir ki, rəsmi Tehran bu gün də dost və düşməni ayırmaqda ciddi səhvlərə yol verir. Hansı ki, bu səhvlərin İran üçün gec-tez böyük problemlərə yol açacağı şübhəsizdir”.

Hamısını oxu
Dövlət Təhlükəsizliyi Xidməti öz əzəmət və peşəkarlığının zirvəsindədir

Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyətinin müəyyənləşdirilməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə qəfildən öz xidmət təyinatını dəyişmiş şəxsi heyət üçün bütün dəyərlərin yenidən qiymətləndirilməsi; yenidən təşkilatlanma ilə əlaqədar şaşqınlıq vəziyyəti səciyyəvi idi və bunlar obyektiv çətinliklər idi. Lakin bu dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı səbəbindən o zamankı Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəxri professor Cəlil Xəlilov deyib. Professor bildirib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi dövlət təhlükəsizliyi sisteminin daha da təkmilləşməsinə səbəb oldu: “Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün dövlət qurumlarının, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətində ciddi dönüş yarandı. Ulu Öndər ordunu gücləndirməklə yanaşı, əsl peşəkarları təhlükəsizlik sisteminə cəlb etməklə dövlətin təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinə nail oldu. Təhlükəsizlik orqanının əməkdaşları terror cəhdlərinin qarşısının alınmasında, daxili sabitliyin güclənməsində mühüm rol oynadı. Daxili və xarici düşmənlərin bir çoxu məhz təhlükəsizlik orqanları əməkdaşlarının səyi nəticəsində ifşa olundu”. Cəlil Xəlilov hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlığa malik olduğunu, sözügedən qurumun öz fəaliyyəti ilə Ulu Öndərin arzu və istəklərini doğrultduğunu vurğulayıb: “Bizim üçün qürurvericidir ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti öz tərəqqi və əzəmətinin zirvəsindədir. Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin 44 günlük Vətən müharibəsində ortaya qoyduğu əzm, şanlı Zəfərimizin əldə edilməsinə verdiyi böyük töhfə bu qurumun peşəkarlığının, vətən, xalq sevgisinin göstəricisidir. Mən Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarını 28 mart – peşə bayramı münasibətilə təbrik edir, onların hər birinə öz şərəfli vəzifələrində uğurlar arzulayıram. Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq və ölkəmizlə bağlı bütün məkrli planları alt-üst edəcək”.

Hamısını oxu
Qəhrəmanlar unudulmur! Şəhidlərimizin vətən uğrunda göstərdikləri fədakarlıq xalqımızın tarixində unudulmaz yer tutur

Səfa  Axundov: Vətəndən, millətdən, qeyrətdən danışan hər bir vətəndaş özü şəxsi nümunə göstərməlidir.                                            Şəhidlərin al qanı ilə tarix yazılır! Bu, yalnız bir ifadə deyil, xalqımızın qəhrəmanlıq və fədakarlıq ruhunun əksidir. Hər bir şəhid, öz həyatını fəda edərək, müstəqillik və azadlıq uğrunda iz qoymış olur. Onların qanı, yalnız torpağa düşmür, xalqın ürəyinə, yaddaşına köçən və gələcək nəsillərə miras qalan yadigardır. Azərbaycanın müstəqilliyinin qorunması və azadlığının əldə edilməsi, heç vaxt asan olmamışdır. Bu yolu qət edən, xalqımızın birliyi və əzmi ilə döyüşən şəhidlərimizin fədakarlığı, heç vaxt yaddan çıxmayacaq. Onlar yalnız döyüş meydanlarında deyil, həm də hər birimizin qəlbində əbədi olaraq yaşayırlar. Onların qanı, Azərbaycanın hər qarış torpağının müstəqil və azad qalması üçün dökülüb, həmin torpaqlarda yeni tarixlər yazılıb. Azərbaycanın Zəfər tarixində Azərbaycanın Milli Qəhrəmanı  Səfa Axundovun da adı qızıl həriflərlə yazıldı.1958-ci ildə dünyaya göz açan Səfa Fətulla oğlu Axundov hələ uşaqlıq çağlarında orta məktəbdə təhsil aldığı illərdə təyyarəçi olmaq arzusu ilə yaşayırdı. Bu arzusu onu 1975-ci ildə Bakı aeroportuna gətirmiş və burada əmək fəaliyyətinə başlamışdı. Bir ildən sonra Orenburq şəhərində Mülki Aviasiya Məktəbinə qəbul olunmuşdu. Məktəbi bitirərək, təyyarəçi ixtisasını qazanmışdı. Vətənə qayıtdıqdan sonra, Bakıda 3 saylı Birləşmiş Aviadəstəsinin AN-2 təyyarəsində pilot köməkçisi kimi əmək fəaliyyətini davam etdirmişdi.Səfa Axundov 1982-ci ilin noyabr ayında Riqa şəhərinə köçmüş və 39 saylı Orta Texniki Peşə Məktəbində müəllim işləməyə başlamışdı. O, buraya bir müddət işlədikdən sonra Ali Mülki Təyyarəçilər məktəbinə daxil olmaq, ixtisasını artırmaq məqsədilə gəlmişdi. Həmin il Mülki Təyyarəçilik İnstitutunun qiyabi mexanika fakültəsinə qəbul olunmuşdu.Qarabağ hadisələri başlananda Səfa Axundov hədsiz dərəcədə hiddətləndirirdi. Gecə-gündüz Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, azadlığı barədə düşünürdü. Bilirdi ki,  gec-tez SSRİ dağılacaq. Doğma Azərbaycanı qorumaq lazımdır. Əsgərlərimiz sovet ordusu sıralarında xidmətdən boyun qaçırıb, Vətənə qayıtmalıdırlar. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar birləşməli, doğma torpaqlarımızı qorumalı, ölkəmizin suveren, demokratik bir respublikaya çevrilməsi naminə var qüvvə ilə çalışmalıdırlar. Bu məqsədlə ilk növbədə informasiya mühasirəsindən çıxmalı, ermənilərin yalan məlumatlarını alt-üst etməli, dünyanın hər yerində Azərbaycan barəsində həqiqətin geniş yayılmasına nail olmalıyıq. Bu məqsədlədə Səfa Axundov Latviyanı qarış-qarış gəzib dolaşdı, burada yaşayan azərbaycanlılarla görüşüb, onlara öz məqsədini bildirdi. Qərib eldə yaşayan azərbaycanlılar Səfanın nəcib təşəbbüsünü bəyəndilər, yumruq kimi birləşdilər. 1988-ci ilin noyabr ayında Riqada “Dostluq” Azərbaycan Mədəniyyət Cəmiyyəti yaradıldı. Səfa Axundov cəmiyyətin ilk sədri seçildi. Cəmiyyət Azərbaycanı dünyada tanıtmaq, Dağlıq Qarabağ barəsində həqiqəti yaymaq, erməniləri ifşa etmək sahəsində böyük işlər görürdü. Səfa Axundov o vaxtlar tez-tez Bakıya gəlir, kütləvi informasiya vasitələrində çıxış edir, Latviyadakı cəmiyyətlə Azərbaycanın əlaqələrini möhkəmləndirirdi. Təəssüf ki, bəzi partiya-sovet rəhbərləri cəmiyyətin sədrinə köməklik göstərmir, əksinə, “millətlər arasına ədavət toxumu səpmə” deyə onun işlərinə mane olurdular. Lakin Səfa Axundov ruhdan düşmür, Azərbaycanın qeyrətli övladları ilə sıx əlaqə saxlayırdı. Sonralar vahid Azərbaycan ideyasını nümayiş etdirmək məqsədilə cəmiyyətin adı dəyişdirilib, Latviya-Azərbaycan Əlaqələr Cəmiyyəti adlandırıldı. Cəmiyyətdə aparılan struktur dəyişikliyi onun fəaliyyət dairəsinin daha da genişlənməsinə səbəb oldu. Sovet imperiyasının ikiüzlü siyasəti Azərbaycanın vəziyyətini günbəgün ağırlaşdırırdı. Ermənilərin tərəfini açıq-aşkar saxlayan Qorbaçov hökuməti 1990-cı il yanvarın 20-də Bakı qırğınını törətdi. Bununla da bütün dünyaya, bilməyənlərə də bəyan oldu ki, Moskva ermənilərin arxasında durub. Dünya miqyasında erməni diasporuna, onların güclü tərəfdarlarına, qorbaçovlara, sovet imperiyasına arxalanan ermənilər Dağlıq Qarabağda və sərhəd bölgələrində Azərbaycanın yaşayış məntəqələrinə tez-tez basqınlar edir, kəndləri, evləri yandırır, talan edir, günahsız adamları qətlə yetirir, girov aparırdılar. Erməni təcavüzünün getdikcə genişlənməsi, düşmənin azğın hərəkətləri Azəbycan xalqının qeyrətli oğllarının səbrini tükəndirmişdi. Səfanın Axundov 1990-cı ilin iyun ayında cəmiyyətin keçirilən yığıncağında Azərbaycanın içtimai-siyasi vəziyyəti barədə geniş nitq söyləyib, axırda belə bir nəticəyə gəldi: “Vətən ağır vəziyyətdədir. Onun heç bir arxası yoxdur. SSRİ-nin bütün yerlərində ordu arasında aparılan iş genişləndirilməli, azərbaycanlı əsgərlərin Vətənə qayıtması təmin edilməlidir. Damarlarında azərbaycanlı qanı axan, ürəyi Vətən eşqi ilə döyünən bütün soydaşlarımız ayağa qalxmalı, öz sözlərini deməlidirlər. Heç kəs əlindən gələni əsirgəməməlidir. Vətəndən, millətdən, qeyrətdən danışan hər bir vətəndaş özü şəxsi nümunə göstərməlidir. Məsələn, mənim özümdən danışaq. İndi Vətənin mənim kimi təyyarəçilərə böyük ehtiyacı var. Vicdanım məni rahat buraxmır. Günü sabahdan mən Vətənə yola düşməliyəm. Siz də yaxşı-yaxşı fikirləşin, mənim əzizlərim! Kimin hərbi təcrübəsi, biliyi, baçarığı vardısa, doğma Azərbaycana kömək əli uzatsın. Başqaları isə cəmiyətimizin işini davam etdirsin”. Səfa Axundov 1990-cı il də Vətənə qayıtdı. O, əvvəlcə AN-2 təyyarəsində işə qəbul edildi. Lakin bu iş onun ürəyincə deyildi. Müdafiə Nazirliyinə üz tutaraq onun kömək məqsədilə mühüm işə qəbul olunmasını xahiş etdi. Çox keçmədən Səfa Axundov Zabratdakı “Azalaxti” şirkətinə məxsus Mİ-8 vertolyotunda ikinci pilot vəzifəsinə təyin olundu. Səfa Axundov Bakı-Ağdam marşrutu üzrə fəaliyyət göstərirdi. Lakin bu iş də onun ürəyini açmırdı. Səfa son dərəcə təhlükəli hesab edilən Dağlıq Qarabağ səmasında uçmaq, burada ağır vəziyyətdə yaşayan soydaşlarımıza köməklik göstərmək istəyirdi. Xalqımızın vətənpərvər oğlunun bu arzusu da nəzərə alındı. Səfa Axundov 1992-ci il yanvarın 27-də Ağdam-Şuşa marşrutu üzrə Mİ-8 vertolyotunun ikinci pilotu vəzifəsinə təyin edildi. Onun ürəyi düşmənə nifrət, doğma xalqına məhəbbət və sədaqət hissi ilə döyünürdü. O, 1992-ci il yanvarın 28-də Şuşaya iki uğurlu uçuş etdi.Yorğun olmasına baxmayaraq “Mən Şuşa sakinlərinə söz vermişəm, bizi gözləyirlər” deyərək yenidən səmaya qalxdı. Artıq Şuşaya yaxınlaşırdı bu zaman Xankəndi istiqamətindən atılan raket vertolyotu parçaladı. Vertolyotu idarə edən üç heyət üzvü və 47 nəfər sərnişin faciəli surətdə həlak oldu.Bu, 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında baş verən hadisədən sonra ikinci böyük səma faciəsi idi. 1992-ci il yanvarın 30-da xalqımızın qəhrəman oğlu Səfa Axundov iş yoldaşları Viktor Seryogin və Ərəstun Mahmudovla birlikdə Bakıda “Şəhidlər xiyabanında torpağa tapşırıldı. Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Səfa Fətulla oğlu Axundova göstərdiyi şəxsi şücaətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Hər bir şəhidin apardığı mübarizə, yalnız bir torpağın müdafiəsi deyil, həm də azadlıq və müstəqillik uğrunda döyüşdür. Bu qəhrəmanlar, yalnız döyüş meydanında deyil, xalqın ürəyində də əbədi iz buraxırlar. Bu cür fədakar və qəhrəmanlıq nümunələri, həm də Azərbaycanın müstəqil dövlət olaraq dünyada mövqeyinin möhkəmlənməsinə, xalqın özünə güvəninə və torpaqların yenidən azad edilərək, qorunmasına böyük töhfə vermişdir. 44 günlük tarixi Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad edərək, millətimizə böyük sevinc bəxş etdi. Şəhidlərimiz qanı yerdə qalmadı, çünki hər bir şəhidin qəlbi, onun mübarizəsi və döyüşü əsasında Azərbaycan torpaqları əbədi olaraq azad oldu. Göstərdikləri qəhrəmanlıq və fədakarlıq, Azərbaycanın müstəqil və güclü dövlət kimi gələcəyini təmin etməyə yönəlmiş əbədi bir addım oldu. Ərazi bütövlüyümüz uğrunda canını fəda edən qəhrəmanların arzusunu gerçəyə çevirdi. Şəhidlərimiz bizim qəlbimizdə, tariximizdə yaşayacaq və biz onların xatirəsini daima uca tutacağıq.                                                               Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları  Təşkilatının sədri                                                              polkovnik    Cəlil Xəlilov

Hamısını oxu