Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xocalı soyqırımının 25-ci ildönümü münasibəti ilə keçirilmiş tədbir

Tədbirdən əvvəl Respublika Veteranlar Təşkilatının əməkdaşları, İkinci Dünya, Qarabağ müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, ziyalılar, gənclər, media nümayəndələri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək onun önünə tər güllər qoymuşlar. Tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq demişdir: “Xocalı hadisəsi 20-ci əsrin ən qanlı soyqırımlarından biridir. Bu soyqırım etnik azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməkliyi ilə törədilmişdir. Zirehli texnikanın iştirak etdiyi bu qanlı hadisədə bir gecənin içində Xocalı şəhəri tamamilə yer üzündən silinmişdir. Nəticədə həmin vaxt Xocalıda mühasirə vəziyyətində qalmış 2500 nəfər sakindən 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfəri qətliamın qurbanı olmuş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Soyqırımda 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Yaralanan 487 nəfərdən 76-sı uşaq idi. Xocalı soyqırımı ilə Azərbaycan xalqına vurulan mənəvi və psixoloji zərbənin ağırlığını bu gün də hər birimiz dərindən hiss edirik. Onun dəhşətli nəticələri hər bir azərbaycanlının qəlbini ağrıdır. Ancaq nə qədər aığr və dəhşətli olsa da, Azərbaycan xalqı sarsılmadı. Əksinə düşmənini bir daha tanıdı və faciədən ibrət dərsi götürməklə, düşmənə layiqli cavab verməyə hər an hazır olmaq üçün özündə güc tapdı. Bu sahədə Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi altında dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyətin mühüm istiqamətlərindən biri Xocalı soyqırımının dünyada tanıdılmasıdır. Bu baxımdan bir neçə il əvvəldən başlanmış “Xocalıya ədalət” kompaniyası çərçivəsində görülən işlər xüsusilə uğurlu olmuşdur.  Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılması erməni faşizminin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətli olmuşdur. Respublika Veteranlar Təşkilatı da öz tədbirlərində, xüsusilə gənclərlə görüşlərdə onlara Xocalı soyqırımı, eləcə də Qarabağ müharibəsi ilə bağlı digər məlumatların çatdırılmasını daim diqqətdə saxlayır. Məqsəd gənclərin vətənpərvər ruhda yetişməsi, Vətəni düşməndən qorumağa, işğal altında qalan torpaqlarımızı azad etməyə hər an hazır olmalarıdır. Azərbaycan gəncliyinin, əksər hissəsini gənclərin təşkil etdiyi Ordumuzun bu şərəfli missiyanı həyata keçirməyə hər an hazır olduğuna şübhə yoxdur. Ötən ilin aprelində erməni hərbi birləşmələrinin təxribatının qarşısının uğurla alınması zamanı Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıqlar bunu bir daha sübuta yetirdi. Hazırda əksər gənclərimizin vətənpərvər, Vətəninə, torpağına bağlı insanlar kimi yetişməsi torpaqlarımızın erməni işğalından azad ediləcəyinə olan inamımızı daha da artırır. Xocalı hadisələrinin dünyanın əksər dövlətləri, xüsusilə əsas söz sahibi sayılan ölkələri tərəfindən soyqırımı kimi qəbul etdirilməsi ilə Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanıdılmasına, bununla isə Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsinə nail olarıq. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız dəstək verməli, Xocalı harayına öz səsini qatmalıdır”.  Daha sonra çıxış edənlər, hüquq elmləri doktoru,  professor Bəhram Zahidov  Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılmasının əhəmiyyətindən, ölkənin müxtəlif təşkilatlarının, xüsusilə Respublika Veteranlar Təşkilatının bu istiqamətdəki fəaliyyətindən danışaraq, bu fəaliyyətin daha da gücləndirilməsinin zəruri olduğunu bidirdilər.

2017-02-24 00:00:00
3766 baxış

Digər xəbərlər

Qubada veteranlarla məktəblilərin görüşü keçirilib

Veteran.gov.az xəbər verir ki, Quba rayonu Əfqan İdrisov adına tam orta məktəbdə veteranlarla məktəblilər arasında görüş keçirilib. Görüş Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri Ruslan Bədirov tərəfindən təşkil olunub. Görüşdə 9 may – Faşizm üzərində Qələbə Günü, eləcə də, 10 may – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə məktəblilərə ətraflı məlumat verilib, xalqımızın alman faşizmi ilə yanaşı, həm də erməni faşizmi üzərində əldə etdiyi tarixi zəfərin əhəmiyyəti vurğulanıb. Seymur ƏLİYEV

Hamısını oxu
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti Avropada işgüzar səfərdədir

Veteran.gov.az xəbər verir ki, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov və Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin sədri Məhəmməd Məmmədov Avropada işgüzar səfərdədir.   Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndə heyəti Belçika, Hollandiya və Almaniyada fəaliyyət göstərən diaspora nümayəndələri, xarici millət vəkilləri və həmvətənlilərimiz ilə görüşlər keçirəcəkdir.   Səfərin ilk günlərindən başlayaraq "Benilüks" Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə nümayəndə heyəti Belçikada fəaliyyət göstərən "Brüssel-Azərbaycan" Mədəniyyət evini ziyarət etdilər. Mədəniyyət evinin inzibati binası ilə yaxından tanış oldular və gələcək əməkdaşlıq məsələlərini geniş şəkildə müzakirə etdilər.   Növbəti gün nümayəndə heyəti tərəfindən Amsterdamda fəaliyyət göstərən Hollanda Türk Federasyonunu ziyarət edildi. Görüş zamanı Hollanda Türk Federasyonu Başkanı Murat Gedik Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyətinin qərarına əsasən Azərbaycan-Türkiyə qardaşlığının inkişafında xüsusi xidmətlərinə görə Fəxri Fərmanla təltif edildi.   Daha sonra nümayəndə heyəti tərəfindən Rotterdam şəhərində yaşayan Pakistanlı iş adamı Tajamal Hussain Choudry ilə görüş keçirilmişdir. 44 günlük Vətən Müharibəsində xüsusi dəstək olmuş Pakistanlı iş adamına müxtəlif hədiyyələr təqdim edildi.   Nümayəndə heyəti tərəfindən Avropada fəaliyyət göstərən "Qarabağ" İdman klubunun təsisçilərilə görüş keçirildi. Görüş zamanı onlara Avropada "Qarabağ" adının təbliğatı və təşviqatı istiqamətindəki xidmətlərinə görə təşəkkür edildi.   Eyni zamanda Benilüks Azərbaycanlıları Konqresinin və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nümayəndələri Haqa şəhərində Hollandiya-Azərbaycan Türk Kültür Dərnəği ilə görüş keçirdilər. Təşkilat tərəfindən yaradılmış Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər.   Qeyd edək ki, səfər mart ayının 8-nə qədər davam edəcəkdir.  

Hamısını oxu
Qobu 1 saylı tam orta məktəbdə şagirdlərlə veteranların görüşü keçirilib

Bütün zamanlarda gənc nəslin tərbiyəsi, xüsusilə vətənpərvərlik tərbiyəsi ön planda olmusdur. Heç zaman öz aktuallığını itirməyən bu məsələ çağdaş zəmanəmizdə daha priotet sahələrdəndir. Mənfur və məkrli düşmənimiz və onun çoxlu sayda havadarlarının ölkəmizdə, həmçinin regionumuzda sülh prosesinə hər vəchlə əngəllər törətməyə çalışdığı bur vaxtda bu hər an diqqət mərkəzində olmalıdır. Veteran.gov.az xəbər verir ki, 2020-ci ilin noyabr ayının I ongünlüyündə ölkəmizin prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, şəhidlərimizin canı və qazilərimizin qanı sayəsində zəfər çaldıq.İşğal altında olan ərazilərimiz düşmən əsarətindən xilas edildi. Amma yenə müharibə gedir,daha doğrusu informasiya və diplomatiya müharibəsi gedir. Məhz buna görə də ölkəmizin hər bir vətəndaşı indiki zamanda təbliğatla, vətənpərvərlik tərbiyədilə daha ciddi məşğul olmalıdır. Bugünlərdə Abşeron rayonunun Qobu qəsəbəsində Q.Xalıqov adına 1 saylı tam orta məktəbdə, tədris ocağının təçkilatçılığı və Vətən Müharibəsi Veteranları İctimai Birliyi Abşeron rayon filialının Qobu qəsəbə özəyinin iştirakı ilə yuxarı sinif şagirdlərinin görüşü keçirilib. Tədbirə I və II Qarabağ müharibəsi iştirakçıları iştirak edib. Dəvətlilər arasında  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qəsəbədəki üzvlərindən ehtiyatda olan mayor Ramiz Məmmədov və Əfqanıstan, həmçinin Qarabağ müharibəsinin döyüşçüsü Təbriz Bəhrəmov da olub. Tədbir interaktiv şəkildə sual-cavab formatında təşkil edilib. Şagirdlər müharibə  iştirakçılarına suallar verir və cavablar alırdı. Görüş maraqlı və məzmunlu keçib.Belə tədbirlərin müntəzəm keçirilməsi qərara alınıb.

Hamısını oxu
Güclü Ordu – Güclü Dövlət: Müstəqil Azərbaycanın Qürur Mənbəyi

Bu gün dünyada müşahidə olunan gərgin geosiyasi vəziyyət yeni tip müharibə üsullarının tətbiqi, iqtisadi sanksiyalar, separatizm, etnik və dini qarşıdurmalar, terrorizm və digər destabilizasiya cəhdləri region ölkələrinin hərbi və milli təhlükəsizlikləri üçün ciddi təhdidlər yaradır. Bu proseslər bir daha təsdiq edir ki, mövcud təhlükəsizlik sistemləri bu təhdidlərin qarşısını almaqda yetərincə səmərəli deyil. Azərbaycan isə geosiyasi, geoiqtisadi və geostrateji baxımdan olduqca əlverişli mövqedə yerləşdiyindən həm regional, həm də beynəlxalq güclərin diqqət mərkəzindədir. Ölkənin zəngin təbii sərvətləri, mühüm tranzit imkanları, sabit siyasi idarəçiliyi və artan iqtisadi potensialı onu regional gücə çevirir.  Lakin bütün bu üstünlüklər eyni zamanda ciddi təhlükəsizlik risklərini də artırır. Bu səbəbdən Azərbaycan milli təhlükəsizlik strategiyasını daim yeniləmək və dinamik mühitə uyğunlaşdırmaq zərurəti ilə üz-üzədir. Azərbaycan Respublikasının hərbi və milli təhlükəsizlik siyasəti həm xarici, həm də daxili təhdidlərin çevik şəkildə qiymətləndirilməsinə və bu təhdidlərə qarşı balanslaşdırılmış həm hərbi, həm də qeyri-hərbi vasitələrin tətbiqinə əsaslanır. Bu kontekstdə Silahlı Qüvvələrin müasirləşdirilməsi, peşəkarlığın artırılması və dövlətin hərbi qüdrətinin qorunub saxlanılması prioritet istiqamət olaraq qalır. Göründüyü kimi, Azərbaycanın yaxın gələcəkdəki regional və qlobal mövqeyi onun necə bir xarici siyasət yürüdəcəyindən ciddi şəkildə asılı olacaqdır. Qlobal güclərin Cənubi Qafqazdakı maraqları və bu maraqlar uğrunda gedən mübarizədə Azərbaycanın öz milli maraqlarını maksimum qorumaq və hərbi təhlükəsizliyini möhkəmləndirmək üçün strateji addımlar atmasını zəruri edir. Bu səbəbdən ölkəmizin xarici siyasəti xüsusilə Ermənistanla olan keçmiş münaqişə fonunda hərbi-siyasi kursun ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsini nəzərdə tutur.  Hazırkı mərhələdə prioritet məsələ yalnız ərazi bütövlüyünün qorunması deyil, eyni zamanda bölgədə davamlı sülhün təmin olunması və ölkənin müstəqil inkişafına təhdid yarada biləcək istənilən riski önləməkdir. Azərbaycan ordusunun və təhlükəsizlik sisteminin bu vəzifələri icra etmək üçün hazır və bacarıqlı olması isə həm xalqımızın güvən mənbəyidir, həm də müstəqil dövlətçiliyimizin möhkəm dayağıdır. Müstəqil dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ordusunun rolu əvəzsizdir. Bu gün xalqımız güclü və rəşadətli ordusu, qəhrəman əsgər və zabitləri ilə haqlı olaraq qürur duyur. 26 İyun – Silahlı Qüvvələr Günü hər il böyük sevinc, yüksək vətənpərvərlik ruhu və fərəh hissi ilə qeyd olunur. Bu əlamətdar gün həm də xalqımızın gücünün, həmrəyliyinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Milli Ordumuzun formalaşması isə şanlı və zəngin bir tarixə əsaslanır. Bu tarix xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin canlı salnaməsidir. Azərbaycan Ordusunun bünövrəsi 1918-ci il iyunun 26-da qoyulmuşdur. Bu gün tariximizə ölkəmizdə ilk müntəzəm hərbi birləşmə Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün kimi düşmüşdür. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu. İlk hərbi nazir vəzifəsinə Xosrov bəy Sultanov təyin olundu, daha sonra bu vəzifədə general Səməd bəy Mehmandarov və general Əlağa Şıxlinski kimi peşəkar hərbçilər fəaliyyət göstərdi. Həmin dövrün ən mühüm hadisələrindən biri isə 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusu ilə Azərbaycan Milli Ordusunun birlikdə Bakını işğaldan azad etməsi oldu. Bu, müasir dövlətçilik tariximizdə ilk böyük hərbi zəfər kimi yadda qaldı. Lakin 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, ölkə sovet işğalına məruz qaldı. Milli Ordu ləğv olundu, onlarla general və zabit repressiyaya məruz qaldı, çoxu şəhid edildi. Hərbi nazirlik ləğv olundu və Azərbaycan uzun illər müstəqil hərbi qüvvəyə malik olmadı. Milli Ordunun yenidən dirçəlişi yalnız 1991-ci ildə dövlət müstəqilliyi bərpa olunduqdan sonra baş verdi. Bu dövrdə Azərbaycanın öz milli ordusunu qurmaq imkanı yarandı. Lakin bu proses çətin və keşməkeşli oldu. Müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi xaos, komandanlıq böhranı və fərarilik kimi hallar hökm sürürdü. Bu zəiflikdən istifadə edən Ermənistan torpaqlarımızı işğal etməyə başladı. Azərbaycan Ordusunun real və sistemli quruculuğu yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ölkədə xaos, siyasi qeyri-sabitlik və ordu daxilində nizamsızlıq hökm sürdüyü bir vaxtda Heydər Əliyev qısa müddətdə ordu sıralarını vahid komandanlıq altında birləşdirdi, nizami ordu formalaşdırıldı və ordu quruculuğuna əsaslı şəkildə start verildi. Füzuli istiqamətində keçirilmiş uğurlu əks-hücum əməliyyatları da məhz Ulu Öndərin birbaşa komandanlığı ilə baş tutdu və bu əməliyyatlar zamanı bir sıra ərazilərimiz düşməndən azad edildi. 1994-cü ildə onun siyasi iradəsi ilə Ermənistanla atəşkəs razılaşması imzalandı. Bu mühüm qərar Azərbaycan ordusunun möhkəmləndirilməsi və genişmiqyaslı, planlı quruculuq işlərinə başlamaq üçün strateji şərait yaratdı. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində ardıcıl qanunvericilik və struktur islahatları həyata keçirildi. 1998-ci il 22 may tarixli sərəncamla 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu tarixdən etibarən 26 İyun hər il dövlət səviyyəsində qeyd edilir, hərbçilərimizin qəhrəmanlığına dərin ehtiram ifadə olunur. Ulu Öndərin təşəbbüsü ilə 1999-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası, 2001-ci ildə isə Ali Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilər Məktəbi təsis olundu. Bunlar Azərbaycan Ordusunun peşəkar kadr potensialının formalaşdırılması istiqamətində atılmış mühüm addımlar idi. Beynəlxalq hərbi əməkdaşlıq da yeni mərhələyə qədəm qoydu. 2001-ci ildən etibarən Azərbaycan NATO-nun "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat" planına qoşuldu, hərbçilərimiz sülhməramlı əməliyyatlarda iştirak etdi. Azərbaycan hərbçiləri İraq, Əfqanıstan, Kosovo kimi bölgələrdə beynəlxalq missiyalarda uğurla xidmət etdilər. Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun yalnız texniki və struktur baxımından deyil, mənəvi-psixoloji cəhətdən də güclü olması üçün xüsusi diqqət ayırırdı. Onun bu sahədə tarixi fikirlərindən biri belə idi:"Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır." Bu fikirlər müasir Azərbaycan əsgərinin mənəvi dayaq nöqtəsinə çevrilmişdir. Ordu sıralarında vətənpərvərlik ruhunun yüksəldilməsi, hərbçilərdə milli qürur və dövlətçilik şüurunun formalaşdırılması Ulu Öndər Heydər Əliyevin siyasətində əsas istiqamətlərdən biri olmuşdur. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirir, onu daha da zənginləşdirərək müasir dövrün tələblərinə uyğunlaşdırmaqdadır. Onun diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda peşəkarlığın artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, eləcə də Silahlı Qüvvələrin ən müasir texnika və silahlarla təchizatı istiqamətində mühüm addımlar atılmışdır.  Qısa müddət ərzində Azərbaycan Ordusu regionun ən qüdrətli və müasir hərbi qüvvəsinə çevrilmişdir. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi və güclü iqtisadi inkişaf siyasəti nəticəsində ölkəmizin müdafiə qabiliyyəti daha da möhkəmləndirilmiş, milli təhlükəsizlik sistemimiz yüksək səviyyəyə çatdırılmışdır. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi və güclü iqtisadi inkişaf strategiyası müasir ordu quruculuğuna mühüm dəstək vermişdir. Müdafiə sahəsinə ayrılan maliyyə vəsaitləri hesabına Silahlı Qüvvələrimiz ən müasir texnika ilə təmin olunmuş, ölkəmizdə güclü müdafiə sənayesi yaradılmışdır. Hazırda Azərbaycanın müdafiə sənayesi müəssisələrində 1000-dən çox hərbi təyinatlı məhsul istehsal olunur və ordu NATO standartlarına yaxınlaşdırılmışdır. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer almaqdadır. Müasir ordu modeli çərçivəsində Komando briqadaları, Xüsusi Təyinatlı Qüvvələr, pilotsuz uçuş aparatları ilə təchiz olunmuş bölmələr yaradılmış, döyüş hazırlığı və texnoloji üstünlük təmin edilmişdir. Azərbaycan Ordusunun qüdrəti müxtəlif döyüşlərdə əyani şəkildə nümayiş etdirilmişdir. 2011-ci ildə Bakıda keçirilən hərbi parad, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Günnüt əməliyyatı bu qüdrətin bariz sübutudur. Aprel döyüşlərində Azərbaycan Ordusu Lələtəpə yüksəkliyi də daxil olmaqla, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2000 hektardan çox ərazisini işğaldan azad etdi. Günnüt əməliyyatı zamanı isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi və Günnüt kəndi düşməndən təmizlənərək strateji mövqelər Azərbaycanın nəzarətinə keçdi. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə 2018-ci ildə Bakının Azadlıq Meydanında keçirilən təntənəli hərbi paradda Prezident İlham Əliyevin dediyi bu sözlər hər bir azərbaycanlının qəlbində əbədi iz buraxdı: "Biz mütləq torpaqlarımıza qayıdacağıq!". Bu qətiyyətli bəyanat cəmi iki il sonra gerçəyə çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 5 şəhər, 4 qəsəbə və 300-dən çox kəndi işğaldan azad etdi. Xüsusilə Şuşa əməliyyatı dünya hərb tarixində analoqu olmayan bir qəhrəmanlıq dastanı kimi qiymətləndirilir. Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradı ilə qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu möhtəşəm tədbirdə iştirak etdilər. Paradda düşməndən qənimət kimi götürülmüş texnikalarla yanaşı, işğaldan azad edilmiş torpaqlarda ucaldılmış üçrəngli bayraqlar nümayiş etdirildi. Bu müharibə zamanı 2900-dən çox əsgər və zabitimiz şəhidlik zirvəsinə ucaldı. Onların müqəddəs qanı ilə yazılan bu Zəfər bizim milli fəxrimizə və əbədi qürur mənbəyimizə çevrildi. Vətən uğrunda canlarından keçən igidlərimizin qəhrəmanlığı dövlət başçısı tərəfindən yüksək qiymətləndirildi. 2020–2021-ci illərdə imzalanmış sərəncamlarla 159 mindən çox hərbi qulluqçu müxtəlif orden və medallarla təltif olunmuş, onlarla hərbi qulluqçuya ali rütbələr verilmişdir. Vətən müharibəsi sübut etdi ki, Azərbaycan xalqı öz ordusuna inanır, güvənir və bu birlik qarşısında heç bir düşmən dayana bilməz. Məhz bu inamın nəticəsi idi ki, Ali Baş Komandanın daim təkrarladığı “biz öz torpaqlarımıza qayıdacağıq” vədi döyüş meydanında gerçəyə çevrildi. Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət böyük sərkərdəliklə və xalq-ordu birliyi ilə təmin olundu. Prezident İlham Əliyev 2021-ci il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyəti ilə görüşdə bu tarixi Qələbə barədə belə deyirdi: “Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Zəfər olmamışdır.” Post-müharibə dövründə də həm Silahlı Qüvvələr, həm də təhlükəsizlik strukturları təkmilləşdirilir. Komando briqadalarının sayı artırılır, Hərbi Qənimətlər Parkı kimi layihələrlə tarixi zəfər gənc nəslə aşılanır. Bu gün Azərbaycan Ordusu təkcə sərhədləri deyil, xalqın ləyaqətini və dövlətin suverenliyini qoruyur. Azərbaycan təhlükəsizlik xidmətləri isə istər sərhəd boyu təxribatların qarşısının alınmasında, istərsə də kiber-mühitdə informasiya təhlükəsizliyinin təminində, eləcə də əks-kəşfiyyat əməliyyatlarında daim çevik və peşəkardır. Xüsusi qeyd edilməlidir ki, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə yaradılmış Xüsusi Təyinatlı Qüvvələr Azərbaycan Ordusunun ən çevik və döyüş qabiliyyətli bölmələrindəndir. Bu qüvvələr Türkiyə Silahlı Qüvvələrinin təcrübəsi əsasında formalaşdırılmış və son 25 ildə Ordumuzun modernləşməsində mühüm rol oynamışdır. Bu tarixi Qələbəni mümkün edən əsas amillərdən biri xalqın öz ordusuna olan sonsuz inamı və etibarı, digəri isə peşəkar və texnoloji cəhətdən müasir silahlarla təchiz olunmuş ordunun yüksək döyüş qabiliyyəti olmuşdur. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan hərbçisi qarşısına qoyulan hər bir tapşırığı dəqiqliklə və şərəflə yerinə yetirməyə qadirdir. Bu, xalq–ordu birliyinin, milli həmrəyliyin və güclü dövlət quruculuğunun parlaq təntənəsidir. Bu gün Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərdə sülhün və sabitliyin keşikçisi olmaqla yanaşı, ölkəmizin suverenliyinin və müstəqilliyinin qəhrəman müdafiəçisidir. Qalib Azərbaycan xalqı və Müzəffər Ordusu bir daha sübut etdi ki, ordu olmadan dövlət olmaz və yalnız güclü orduya sahib olan xalq öz gələcəyini etibarlı şəkildə təmin edə bilər. Dövlət başçısının təşəbbüsü ilə əldə edilən tarixi qələbə münasibətilə Azərbaycan Respublikasının yeni orden və medalları təsis olunmuş, igid əsgər və zabitlərimiz “Zəfər” və “Qarabağ” ordenləri, eləcə də “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı da daxil olmaqla 15 yeni orden və medalla təltif olunmuşlar. Azərbaycan Ordusunun Vətən müharibəsində tətbiq etdiyi çevik və effektiv hərbi taktika Qərb və ABŞ-ın aparıcı hərbi mərkəzləri tərəfindən yüksək qiymətləndirilmiş, bir çox ekspertlər Azərbaycan Ordusunun qarşısında heç bir dövlətin dayana bilməyəcəyini qeyd etmişlər. Ordunun inkişafı istiqamətində atılan mühüm addımlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılmasıdır. Bu məqsədlə 2022-ci ildə hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi üçün Milli Müdafiə Universiteti yaradılmışdır. Ordunun türk modeli əsasında yenidən qurulması onun döyüş qabiliyyətini daha da artırmışdır. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə keçirdiyi hərbi təlimlər isə orduya əlavə güc və təcrübə qazandırır. Bundan əlavə, Azərbaycan dövləti İsrail, Rusiya və Pakistan kimi qabaqcıl ölkələrdən ən müasir silah və texnoloji sistemləri əldə edərək Silahlı Qüvvələrin texniki imkanlarını daha da genişləndirmişdir. Bu gün hər bir gənc güclü və qüdrətli Azərbaycan Ordusunda xidmət etməyi böyük şərəf sayır. 26 İyun–Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Ali Baş Komandan İlham Əliyev başda olmaqla, bütün hərbçilərimizi və ümumilikdə Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirik. Yaşasın Müzəffər Ali Baş Komandan!Yaşasın Azərbaycan əsgəri!   Cəlil Xəlilov:  Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu