Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezidentin köməkçisi cəbhəboyu zonada olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ön xətdə yerləşən bir sıra hərbi hissələrdə olublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib. Düşmənlə üzbəüz yüksək dağlıq şəraitdə döyüş növbətçiliyi aparan şəxsi heyətin xidməti ilə maraqlanan H.Hacıyev komanda-müşahidə məntəqəsindən düşmən mövqelərini müşahidə edib. Sonra Horadiz şəhərində yerləşən Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə gül dəstələri qoyulub, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib. Ön xətdə olan qonaqlar döyüş mövqelərində xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidmət şəraiti ilə maraqlanıb. Görüş zamanı Ali Baş Komandanın salamlarını şəxsi heyətə çatdıran H.Hacıyev Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi və hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı cənab Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası istiqamətində fəaliyyətlərin davam etməsindən danışaraq bu məsələlərin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb. Sonra ön xətdə döyüş növbəsi çəkən hərbi qulluqçularla birgə nahar edilib və çay süfrəsi arxasında söhbət aparılıb.
Cəbhəboyu kəndlərdən birində yerli sakinlərlə görüşən H.Hacıyev ölkə başçısının salamlarını onlara çatdırıb və əhalinin qayğıları ilə maraqlanıb. Yaradılan şəraitdən məmnunluqlarını ifadə edən kənd sakinləri onların minnətdarlığının ölkə rəhbərliyinə çatdırılmasını xahiş ediblər.

2020-09-12 00:00:00
3475 baxış

Digər xəbərlər

“100-cü ilində Azərbaycan Cümhuriyyəti” Əskişəhərdə beynəlxalq konfrans

May ayının 26-27-də Türkiyənin Əskişəhər şəhərində yerləşən Anadolu Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibəti ilə “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq konfrans Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin (TÜDAM) təşkilatçılığı, Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) və Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin (INDEX) dəstəyi ilə baş tutmuşdur. Tədbir başlamazdan Xalq Cümhuriyyətinin qurucularının və vətən uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyə və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilmişdir. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından bəhs edən, həmçinin Türkiyədə təhsil alan müxtəlif türk xalqları gənclərinin nümayəndələrinin Cümhuriyyətin 100-cü ildönümü münasibətilə təbriklərindən ibarət videoçarxlar nümayiş etdirilmişdir. Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın və Dərnəyin Nəzarət Komitəsinin rəhbəri Rza Məmmədov beynəlxalq konfransa qatılanlara təşəkkür edərək konfransda Cümhuriyyətin qurulmasından ötən 100 illik tarixin dövlət quruculuğu, daxili və xarici siyasət, iqtisadi, sosial və mədəni sahələr üzrə mövzular əsasında müzakirə olunacağını bildirmişlər. Tarixi yaddaşın diri saxlanması məqsədi güdən layihə barədə məlumat verən R.Məmmədov beynəlxalq konfransda iştirak üçün göndərilən elmi məqalələrin seçilməsinin iki mərhələdə aparıldığını, ilk mərhələdə 13 ölkədən 542 məqalə xülasəsinin daxil olduğunu, onlardan 217-sinin ikinci mərhələyə keçdiyini, qiymətləndirmə nəticəsində 60 məqalənin konfransın proqramına daxil edildiyini bildirmişdir. Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyətinin 39 universitet və iki ictimai təşkilatının nümayəndələrinin göndərdiyi elmi məqalələr yalnız Xalq Cümhuriyyəti illərini deyil, Azərbaycan tarixinin 100 illik dövrünü əhatə etmişdir. Konfransın açılışında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Anadolu Universitetinin rektoru Naci Gündoğan, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Dünya Azərbaycanlıları Konqresinin sədri Asif Qurban çıxış edərək Xalq Cümhuriyyəti qurulmasının Azərbaycan xalqının həyatında böyük və çox əhəmiyyətli hadisə olduğunu qeyd etmiş, bu dövlətin öz üzərinə götürdüyü çətin tarixi vəzifələri qısa müddətdə ləyaqətlə yerinə yetirdiyini bildirmişlər. Çıxış edənlər Türkiyə-Azərbaycan münasibətlərinin bütün dönəmlərdə qardaşlıq əsaslarına dayandığını, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bunun bir daha təsdiq olunduğunu tarixi faktlarla diqqətə çatdırmışlar. Cümhuriyyətin 100 illiyi ilə əlaqədar beynəlxalq elmi konfransın məhz Əskişəhərdə keçirilməsindən qürur duyduğunu, böyük Atatatürkün dediyi kimi “Azərbaycanın sevincini Türkiyənin sevinci, kədərini Türkiyənin kədəri” saydıqlarını bildirən Əskişəhər valisi Özdemir Çakacak Azərbaycanın 1991-ci ildə müstəqilliyin bərpasından sonra hər bir sahədə böyük uğurlara imza atdığını, qardaş ölkənin qazandığı uğurlarda 100 il əvvəl təməli qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin də böyük payı olduğunu qeyd etmişdir. Açılışdan sonra öz işini panellərlə davam etdirən konfransda iki gün ərzində “1918-dən 1920-yə Azərbaycan”, “Turizm”, “Tarixi şəxsiyyətlər”, “Mədəniyyət və siyasət”, “Cəmiyyət və mədəniyyət”, “Təhsil”, “Tarix və ədəbiyyat”, “Fəlsəfə”, “Dil və ədəbiyyat”, “Türklük”, “Siyasət və idarəçilik”, “Tarix və mədəniyyət”, “Mətbuat” və “İqtisadiyyat” panellərində ümumilikdə 60 elmi məruzə dinlənilmişdir. Elmi məruzələr arasında Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Cümhuriyyətin üçlü formulu: Türkləşmək. Müasirləşmək. İslamlaşmaq”, Türk dili və Ədəbiyyatı bölüm başqanı dosent Nazim Muradovun “Məhəmməd Əmin Rəsulzadənin “İnsanlara hürriyət, Millətlərə İstiqlal” deyimi üzərinə notlar”, tarix üzrə fəlsəfə doktoru Lətif Babayevin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət quruculuğu (ikinci və üçüncü hökumətlərin təcrübəsi əsasında), Tükiyənin universitetinin professoru Toğrul İsmayılın Azərbaycan Cümhuriyyətinin (1918-1920) quruluş dönəmində sərhəd problemləri”, Xəzər universitetinin dosenti Vurğun Əyyubun “Cümhuriyyət dövrü yazarlarımızdan Hüseyn Cavid yaradıcılığı və Sərvəti-Fünun”, professor Səlcuk Dumanın “Güney Azərbaycan milli oyanış hərəkatı (GAMOH)”, professor Mehman Dəmirlinin “Azərbaycan Xalq Cümhuriyyəti: Demokratiya və insan hüquq və azadlıqları” adlı məruzələri xüsusi maraq doğurmuşdur. Mayın 28-də Respublika günündə beynəlxalq konfransın iştirakçıları Əskişəhər Azərbaycanlılar Dərnəyinin üzvləri ilə birlikdə Ankara şəhərində Məhəmməd Əmin Rəsulzadənin və Mustafa Kamal Atatatürkün məzarlarını ziyarət etmiş, hər iki Cümhuriyyətin qurucularının məzarlarına gül çələngi qoymuşlar

Hamısını oxu
Prezident İlham Əliyev 9 May - Qələbə Günü münasibətilə Bakıda keçirilən mərasimdə iştirak edib

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də əsl əzmkarlıq nümayiş etdirib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 min hərbi təyyarənin yanacaq təchizatında mühüm rol oynayıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində Qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.  video Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 may - Qələbə Günü qeyd olunur. Ümummilli Lider müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. Azərbaycan Prezidentinin 2019-cu il 23 aprel tarixli Sərəncamı ilə İkinci Dünya müharibəsinin iştirakçılarına 1 000 manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 500 manat məbləğində birdəfəlik maddi yardım verilib. Respublikamızda müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 may tarixli Sərəncamına əsasən isə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi, habelə Təşkilatın fəaliyyəti ilə əlaqədar cari məsələlərin həlli və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təmin olunması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Veteranlar Təşkilatına 300 min manat ayrılıb. Bütün bunlar bir daha təsdiqləyir ki, müharibə veteranlarına hərtərəfli qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir. İkinci Dünya müharibəsinin veteranları xalqımızın fəxridir. Onların müharibə illərində göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 74 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. Prezident, Ali Baş Komandan İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin xatirəsini ehtiramla yad etdi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Böyük Vətən müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdilər. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident, Ali Baş Komandan İlham Əliyevin qarşısından keçdi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun ailə üzvləri və Oistervijk şəhərinin meri Hans Janssen ilə görüşdülər. Sonra dövlətimizin başçısı və xanımı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə  Mərasimdə Baş Nazir Novruz Məmmədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Hamısını oxu
Veteran.gov.az saytının baş redaktoru Dövlət Sərhəd Xidmətinin müsabiqəsində birinci oldu

Avqustun 12-də Dövlət Sərhəd Xidmətinin Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 102-ci ildönbümünə həsr etdiyi müsabiqənin nəticəsi məlum olub. “Zəfər yürüşlü sərhədçilər” mövzusunda keçirilən müsabiqənin nəticəsinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev qəzet məqaləsi nominasiyası üzrə birinci yerə layiq görülüb.   Məlumat üçün qeyd edək ki, Seymur Əliyevin “DSX-dan böyük zəfərə böyük töhfə: Müqəddəs sərhədlərin keşiyində...” məqaləsində 44 günlük Vətən müharibəsində Sərhəd Qoşunlarının fəaliyyətinə toxunulub, onların işğaldakı torpaqlarımızın azad edilməsindəki xidmətlərinə diqqət yetirilib.

Hamısını oxu
Sabirabad rayonunda daha bir şəhid məzarı ad günündə ziyarət edilib

Mayın 2-də Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən rayon ziyalıları Cavad kənd qəbiristanlığında şəhid mayor Məmmədov Anar Elşad oğlunun məzarını ziyarət edib, şəhidin məzarı üstünə gül dəstələri qoyub. Daha sonra ziyarətçilər önündə çıxış edən  Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov şəhidlərimizin heç zaman unudulmayacağını, onların xatirəsinin əsrlər sonra da xalqımızın qəlbində yaşayacağını vurğulayıb.   Şəhidin qızı Zeynəb Məmmədli də çıxış edərək atası Anar haqqında ürək sözlərini bildirib, ona olan sevgi və heyranlığını vurğulayıb.   Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, o cümlədən digər yetkililər iştirak edib.   Xatırladaq ki, şəhid Anar Məmmədovun qaynatası Heydər Həmidov da Birinci Qarabağ müharibəsində şəhid olub.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu