Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyevdən Bilik Günü münasibətilə MÜRACİƏT

Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müəllim, tələbə və şagirdlərə müraciət ünvanlayıb.  AZƏRTAC xəbər verir ki, müraciətdə deyilir: “Mən sizi yeni dərs ili münasibətilə ürəkdən təbrik edirəm. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Bunu nəzərə alaraq, yeni dərs ili yeni formatda təşkil ediləcəkdir. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, Azərbaycan xalqını bu bəladan qoruyaq və qəbul edilmiş bütün qərarlar bu məqsədi güdür.

 
Bildirməliyəm ki, Azərbaycan pandemiyanın ilk günlərindən çox operativ, çevik addımlar ataraq xalqımızı böyük bəladan qurtara bilmişdir. Bildiyiniz kimi, mart ayının əvvəlindən məktəblər, ali məktəblər, bütün təhsil müəssisələri bağlandı və bunun əsas məqsədi uşaqları, yeniyetmələri xəstəlikdən qorumaq idi. Təbii ki, bu, təhsil sahəsinə mənfi təsir göstərmişdir. Ancaq hesab edirəm ki, biz görülmüş tədbirlər nəticəsində pandemiyanın təhsilə olan mənfi fəsadlarının böyük hissəsini aradan qaldıra bildik. Əminəm ki, yeni şəraitdə başlanan dərs ili uğurlu olacaq, bizim şagirdlərimiz, tələbələrimiz yaxşı biliklər alacaqlar, müəllimlər də öz vəzifə borcunu şərəflə yerinə yetirəcəklər. Biz hazırda postpandemiya dövrünə hazırlaşırıq. Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaqdır. Biz pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərimizin azalmasına baxmayaraq, məktəb tikintisini, ali məktəblərin tikintisini davam etdirdik, eyni zamanda, bir dənə də sosial layihə ixtisar edilməmişdir. Bildiyiniz kimi, biz keçən il və bu il vətəndaşlara böyük sosial paket təqdim etdik. Bu il 5 milyona yaxın Azərbaycan vətəndaşı dövlət tərəfindən dəstəkləndi və bu dəstək bu gün də davam etdirilir. Məktəb tikintisi ilə bağlı deyə bilərəm ki, bu il 147 məktəbin tikintisi nəzərdə tutulur. Onların böyük hissəsi artıq hazırdır və Bilik Gününə hazır vəziyyətə gətirilibdir. Bir neçə məktəbin açılışı bu ilin sonuna qədər nəzərdə tutulur. Onu da bildirməliyəm ki, 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilibdir. Artıq 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görür. Bildiyiniz kimi, Azərbaycanda yeni məktəblərin tikintisinin geniş vüsət alması Heydər Əliyev Fondu tərəfindən başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində həll olunmuşdur. Son 2-3 il ərzində biz kiçik kəndlərdə modul tipli məktəblər inşa edirik. Bu il modul tipli 60 məktəbin tikintisi təmin edilir və ediləcəkdir. Beləliklə, cəmi bir il ərzində 150-yə yaxın məktəb tikilir və əsaslı təmir edilir. Bildirməliyəm ki, son 17 il ərzində bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bu, bizim məktəb fondumuzun böyük əksəriyyətini təşkil edir. Çünki Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almışdır və yenidən inşa edilmişdir. Bu il, eyni zamanda, ali məktəblərin korpuslarının tikintisi təmin edilmişdir. İyun ayında Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu mənim iştirakımla istifadəyə verilmişdir. Bu korpusun sahəsi 22 min kvadratmetrdir. Sentyabr ayında isə Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusu. Bu korpusun sahəsi 13 min kvadratmetrdir. ADA-nın yeni iki korpusu istifadəyə verilmişdir və bu korpusların sahəsi 35 min kvadratmetrdir. Beləliklə, cəmi bir il ərzində üç ali məktəbin 70 min kvadratmetr sahəsi olan yeni korpusları tikilib. Təbii ki, bu, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Çünki təhsilə ayrılan vəsait gələcəyə ayrılan vəsaitdir. Mən hələ 2004-cü ildə demişdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik və bunu əldə etmişik. Çünki son illərdə Azərbaycanda nəinki təhsilin maddi-texniki bazası möhkəmlənib və bu gün bizim bütün ali məktəblərimiz təmirli binalarda yerləşir, eyni zamanda, təhsilin keyfiyyəti artır. Bu, çox vacib məsələdir və biz bunu müxtəlif sahələrdə görürük. Bizim məktəblilərimiz beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar, olimpiadaların qalibləri olurlar. Deyə bilərəm ki, müəllim peşəsinə maraq bərpa olunub və artır, bu da özünü rəqəmlərdə göstərir. Müəllim peşəsini seçən gənclərimizin sayı hər il artmaqdadır. Qəbul imtahanlarında yüksək bal toplamış bir çox gənclərimiz müəllim olmaq istəyirlər. Çünki müəllimlərin iş şəraiti yaxşılaşıbdır, müəllimlər gözəl məktəblərdə, ali məktəblərdə dərs deyirlər, müəllimlərin əməkhaqları artırılıb və diaqnostik qiymətləndirmədən keçən müəllimlərimiz yüksək maaş alırlar. Əlbəttə ki, bu, gənclərimizin müəllim olmaq istəyini əsaslandırır, eyni zamanda, müəllim peşəsi bütün dövrlərdə Azərbaycanda ən hörmətli peşələrdən biri olmuşdur. Mən çox şadam ki, bu gün biz bu peşənin prestijini bərpa edirik və bu, eyni zamanda, gələcəkdə Azərbaycanda bilikli, savadlı insanların sayının artmasına gətirib çıxaracaq. Çünki müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir, bu, şübhəsizdir. Sadəcə olaraq, inkişaf etmiş ölkələrin təcrübəsinə baxmaq kifayətdir və sual vermək lazımdır, bu ölkələr nəyin hesabına inkişaf etmiş ölkələr sayılır. Məhz biliyin, savadın, texnologiyaların hesabına. Bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək. Odur ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Təsadüfi deyil ki, Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Əgər biz müharibə şəraitində olmasaydıq, birinci yerdə olardı. Çünki hazırda ən böyük xərclərimiz müdafiə sahəsi ilə bağlıdır. Bu da təbiidir. Yəni, bu, özlüyündə bir göstəricidir, bizim siyasətimizin təzahürüdür, bizim niyyətimizi əks etdirir. Mən şadam ki, bu gün bizim gənclərimiz biliklərə çox meyillidirlər. Gənclərimiz bilikli, savadlı olmalıdırlar ki, gələcəkdə ölkəmizi idarə etsinlər. Bizim gələcəyimiz bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaqdır. Onların bilikləri, savadı, əlbəttə ki, bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Eyni zamanda, onu da xüsusi qeyd etməliyəm ki, bizim gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada, əlbəttə ki, ailələrin rolu müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, bütün məktəblərdə müəllimlər şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etməlidirlər. Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək. Biz bu gün müstəqil ölkə kimi böyük uğurlara imza atmışıq. İstənilən sahədə Azərbaycan xalqı görür ki, müstəqilliyin üstünlükləri nədən ibarətdir. Bu gün Azərbaycan ləyaqətli ölkədir, özünü beynəlxalq müstəvidə ləyaqətlə aparır. Azərbaycan azad ölkədir, vətəndaşlarımız azadlıq şəraitində yaşayırlar. Azərbaycan iqtisadi sahədə inkişaf edən ölkədir, güclü orduya sahib olan ölkədir. Biz bütün bunları müstəqillik dövründə əldə etmişik. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, tam müstəqil siyasət aparır - həm xarici, həm daxili. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Mən bu dəstəyi hər zaman, hər gün hiss edirəm. Bu dəstək mənə əlavə güc verir. Biz bu dəstəyə arxalanaraq Azərbaycanı inamla irəliyə aparırıq. Bizim uşaqlarımız, gənclərimiz gələcəkdə ölkəmizi bu yolla – müstəqillik yolu ilə aparmalıdırlar ki, Azərbaycan xalqı bundan sonra da heç vaxt heç kimdən asılı olmasın. Biz bundan sonra da heç vaxt heç kimin təsiri altına düşməyək. Dediyim kimi, burada bilik, savad, vətənpərvərlik, milli ruh, ləyaqət xüsusi rol oynayır. Mən şadam ki, bu gün Azərbaycanda yetişən gənclər məhz bu yüksək meyarlara cavab verir. Əminəm ki, bu müsbət meyillər davam edəcək və bizim uşaqlarımız, gənclərimiz bilik, savad əldə edərək gələcəkdə Vətənə dəyərli vətəndaşlar kimi xidmət edəcəklər və ümumi inkişafımıza öz töhfələrini verəcəklər. Mən sizi yeni dərs ilinin başlaması münasibətilə bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram”. video

2020-09-15 00:00:00
3534 baxış

Digər xəbərlər

Hərbi yönümlü QHT-lər orduya dəstək verdi

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, sədr müavini, polkovnik Cəlil Xəlilov, Təşkilatın Rəyasət Heyətinin üzvü, hərbi-vətənpərvərlik mahnılaırnın tanınmış ifaçısı Şəmistan Əlizamanlı, “Qarabağ Qaziləri” İctimai Birliyinin təmsilçisi, Qarabağ qazisi Rey Kərimoğlu, “Polisə Dəstək” İctimai Birliyinin sədri, şəhid atası Şəmsəddin Əliyev, hərbi yönümlü Qeyri-Hökumət Təşkilatlarının (QHT) rəhbərləri, veteranlar və media nümayəndələri iştirak edib.   Tədbiri giriş sözü ilə açan  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov öncə Azərbaycan Ordusunun formalaşması tarixinə diqqət çəkib, ordumuzun hələ Cümhuriyyət dönəmində erməni işğalçılarına qarşı uğurla mübarizə apardığını qeyd edib. Polkovnik vurğulayıb ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında nizami ordunun formalaşdırılması prosesinə start verilmiş, müstəqil Azərbaycanın yeni yaranan ordusunun gücləndirilməsi istiqamətində ciddi addımlar atılmışdı. Prezident İlham Əliyevin hakimiyyəti dönəmində ordu quruculuğu istiqmaətində islahatların sürətlə davam etdirildiyini bildirən polkiovnik Cəlil Xəlilov, məhz ordudakıl islahatlar, xalq-ordu və dövlət-xalq birliyi nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərində parlaq zəfər əldə etdiyini vurğuladı.   Son vaxtlar bəzi anti-milli qüvvələrin Azərbaycan Ordusu, onun tarixi qələbəsi ilə bağlı təxribat xarakterli, həqiqətə zidd olan məlumatlar yaydığını, ictimai rəydə çaşqınlıq yaratmağa çalışdığını bildirən sədr müavini, bu cür təxribatçı qüvvələrə qarşı bütün cəmiyyətin, o cümlədən veteranların birgə mübarizə aparmasının vacibliyini qeyd edib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan xalqı, o cümlədən veteranlar hər zaman olduğu kimi bundan sonra da orduya, onun Ali Baş Komandanına dəstək verməkdə davam edəcək, heç bir qüvvənin 8 Noyabr zəfərinə kölgə salmasına imkan verməyəcək.   Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü Şəmistan Əlizamanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müahribəsində tarix yazdığını, parlaq qələbəyə imza atdığını vurğuladı. Şəmistan Əlizamanlı qeyd etdi ki, əsrlər keçsə də bu qələbə Azərbaycan xalqı tərəfindən hər zaman qürur hissi ilə yad ediləcək, hərbçilərimizin qəhrəmanlığı xalqımızın qəlbində əbədi yaşayacaqdır.   Tədbirdə çıxış edən Qarabağ qazısı Rey Kərimoğlu da Azərbaycan Ordusunun tarixi inkişaf yolundan bəhs edib, 44 günlük Vətən müharibəsində ordumuzun düşməni darmadağın edərək dünyanı heyrətləndirən böyük qələbəyə imza atdığını bildirib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova xalqımızın hələ İkinci Dünya müharibəsində faşizmə qarşı qətiyyətlə mübarizə aaprdığını, faşizm üzərində qələbəyə böyük töhfələr verdiyini xatırladıb. Təşkilat sədri bildirib ki, 44 günlük Vətən müharibəsində erməni faşizminə ağır zərbə vuran, onu işğal edilmiş tarixi Azərbaycan torpaqlarından qovan Azərbaycan Ordusu  bu qələbə ilə babalarının qəhrəmanlıq ənənələrinə sadiq qaldığını bir daha sübut etdi.   Qələbədə Azərbaycan xalqının fədakarlığının, ordumuzun şücaətinin, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığının həlledici rol oynadığnı bildirən Təşkilat sədri, xalqımızın  bu qələbə ilə hər zaman fəxr edəcəyini, öz qəhrəmanlarını unutmayacağını bildirib.    “Polisə Dəstək”İctimai Birliyinin sədri, şəhid atası Şəmsəddin Əliyev çıxışında öncə 90-cı illərdə erməni faşizminə qarşı aparılan mübarizəyə diqqət çəkib. Həmin vaxt hərbi texnika, silah-sursat təminatı baxımından böyük çətinliklər çəkdiyini bildirən Şəmsəddin Əliyev, məhz Ulu öndər Heydər Əliyevin hakimiyyəti dönəmindən etibarən ordu quruculuğuna böyük diqqət yetirildiyini vurğulayıb. Şəmsəddin Əliyev qeyd edib ki, sonrakı mərhələdə Prezident İlham Əliyevin formalaşdırdığı müasir Azərbaycan Ordusu 2020-ci ilin Vəətn müharibəsində ölkəmizin qələbəsini təmin edərək dövlətimizin ərazi bütövlküyünü təmin edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu
AZMİU-da yaddaqalan TƏDBİR: Poladlaşan Azərbaycan qadınlarına “8 Mart” təbriki...

Dünən – 4 mart 2022-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində 8Mart Beynəlxalq Qadınlar Günü münasibətilə olduqca maraqlı tədbir keçirilib.    Tədbir Universitetin Əcnəbi Dillər Kafedrasının müdiri, dosent Aygün xanım Məmmədovanın təşəbbüsü və Universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə xanım Məmmədovanın nəcib dəstəyi ilə təşkil olunub. Görüşdə professor, müəllim heyəti və tələbələr işirak ediblər. Tədbiri yaddaqalan, eləcə də əyləncəli və rəngarəng edən çoxsaylı komponentlər olub.    Görüş öncəsi zalın qarşısındakı dəhlizdə tələbələrin hazırladıqları gözoxşayan rəsm əsərləri nümayiş olunub.    Sərgiyə qatılanlar əsərlərlə yaxından tanış olublar. Əlbəttə, görüşdən öncə belə bir sərginin reallaşması sözün yaxşı mənasında bütün iştirakçıların ürəyini riqqətə gətirdi. Kimi əsərlərlə xatirə fotosu çəkdirir, kimi onları hazırlayan tələblərlə söhbətlər, müzakirələr aparır, kimi də əsərlərin fəlsəfəsini çözməyə çalışırdı.    Bir sözlə, həmin an hər kəsin çöhrəsinə xəfif və həlim təbəssüm qonmuşdu. Xoş ovqat, pozitiv aura yaranmışdı.    Biz də işimiz gərəyi əsərləri kameramızın yaddaşına köçürüb tarixiləşdirdik. Kənardan müşahidələrimizi davam etdirirdik ki, elə bu məqamda professor Gülçöhrə xanım Məmmədova fotosərgiyə təşrif  buyurdu və əsərlərə baxış keçirdi. Hər biri ilə ayrı-ayrılıqda maraqlandı, görülən işləri, tələbələrin bu bacarıqlarını yüksək qiymətləndirdi. Ardınca hər kəs zala daxil oldu və tədbir başladı...   Öncə aparıcılar hər kəsi salamlayıb xoş əyləncə arzuladılar.    Tədbir universitetin tələbəsi Səbuhinin ifası ilə start götürdü. İfa qonaqların ruhunu oxşadı və iştirakçılar tələbəni alqışlarla yola saldılar.    Bundan sonra digər tələbəmiz Mina milli rəqsimiz olan “Tərəkəmə” rəqsini ifa etdi ki, bu da öz növbəsində qonaqları tarixi və mədəni keçmişimizə apararaq onlara nostalji duyğu aşıladı.    Ardınca Azərbaycan xanımlarının ölkə tarixində tutduğu yer və oynadığı rolu əks etdirmək üçün tələbələr: İlkarə, Əli, Ayna, Həsənəli, Rəhim, Nihad və Şövqünün hazırladığı “Tomris xatun” səhnələşdirildi. Böyük zəhmət və yüksək peşəkarlıqla hazırlanmış tamaşa qonaqları yaxşı mənada mütəssir etdi. “Tomris xatun”da Azərbaycan qadının həqiqət və cəsarət üzərində köklənmiş dəyanəti qonaqlara nümayiş olundu.    Daha sonra tələbənin ifasında sazda “Qarabağ şikəstəsi” ifa olundu ki, bu da iştirakçılarda sentimental hisslər yaratdı, bəzi məqamlarda onları kövrək notlara köklədi.    30 illik Qarabağ həsrətini və bu nisgilə, Qarabağsızlığa son qoyan 44 Günlük Vətən Savaşını, bu müharibədə döyüşən qəhrəman bacı və qardaşlarımızı, Poladlaşan analarımızı, gəlinsiz qalan evləri, övladının şəhid xəbərini eşidincə bir gecədə saçları dümağ olan analarımızı yada saldı.  Əslində  8 Martla bağlı gerçəkləşən bu tədbir həm də qəhrəman Şəhid analarımıza bir ərmağan idi. Tədbir sanki riyazi və ya  məntiqi ardıcıllıqla davam edirdi.    Saz ifasından dərhal sonra böyük və dahi Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan “İsgəndərnamə” poemasından İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi səhnəsi canlandırıldı.    Tələbələr Əli, Nailə, Nihad, Şövqü, Elturan, Zümrüd və Ayna bu səhnənin də öhdəsindən layiqincə gəldilər.    Heç kimə sirr deyil ki, bu səhnədə də Azərbaycan qadının şücayəti, daim haqq və həqiqət uğrunda mübarizəsi, bioloji olaraq zərif olan xanımların mənəvi və mərdlik cəhətdən heç də zəif olmamasını ortaya qoyur. Tamaşanın sonunda tələbələr gurultulu alqışlarla uğurlandılar.    Bundan əlavə, görkəmli drammaturq Cəfər Cabbarlının “Sevil” pyesi səhnələşdirildi.   Tələbələr: Fərəməz, Gülnar, Nigar və Rəbiyyə öz rollarını mükəmməl şəkildə oynadılar.    “Sevil” tamaşasında Azərbaycan qadınının saf və pak iç dünyası, əyilməz qaməti, hadisələr önündə dik duruşu, çətinliklərə sinə gərməsi inikas olundu.    “Tulla çadranı” şeiri səsləndirildi.    Daha sonra Elturan, Nigar və Nəcəfin ifasında “Sarı Gəlin” mahnısı təqdim olundu. Həm müsiqi, həm ifa qonaqların könül və zövqünü oxşadı.    Ardınca rus ədəbiyyatından estetik klassik misra və görüntülər nümayiş olundu.  Bundan başqa, aparıcılar 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, ölkəmizdə qadın hüquqlarının qorunması və müdafiəsi istiqamətində görülən işlərdən söz açdılar.    Ardınca isə rus, alman, ingilis, italyan və yapon dillərində “8 Mart”la bağlı şeirlər səsləndirildi.    Sonra Elturan, Hüseyn və Turalın ifasında “Bayatılar”ı dinlədik.    Azərbaycan ədəbiyyatının incilərindən olan Nəbi Xəzrinin yaradıcılığına müraciət edildi və şairin “Dəniz, göy, məhəbbət” şeiri tələbələrin ifasında səsləndirildi.    Mina və Vüqarın “Vals” rəqsi təqdim olundu ki, bu da qonaqlarda yüksək əhval-ruhiyyə yaratdı.   Səbinə xanımın ifasında “Ana” şeiri təqdim olundu. Əlbəttə, bu şeir qonaqlarımızı təsirləndirməyə  bilməzdi. Şeirdəki  Yükün ağırını seçir analar, Torpağın qoynuna köçür analar  kimi misralar insanın ürəyinə sanki çalın-çarpaz dağ çəkirdi. Eyni zamanda Azərbaycan qadınının öz övladı və ailəsi üçün nə qədər cəfakeş, təəssübkeş olduğunu aydın təzahür etdirir.    Şeirlərin  davamı olaraq Abbasın ifasında “Əziz anam” mahnısı ifa olunur.    Bunun ardınca isə ta qədimdən günümüzə qədər ölkəmizin ictimai, siyasi, tarixi, mədəni, sosial və iqtisadi həyatında mühüm izlər buraxan Azərbaycan qadınları barədə məlumat verildi.  Massaget hökmdarı Tomris Xatun, İlk məşhur şairə, şahmatçı qadın Məshəti Gəncəvi, Şərqdə ilk qadın diplomat Sara Xatun, şairə, xeyriyyəçi Xurşidbanu Natəvan,  ilk şəfqət bacısı, Nigar Şıxlinskaya, Şərqdə ilk azərbaycanlı heykəltaraş qadın Zivər Məmmədova, ilk professional qadın müğənni, Şövkət Ələkbərova, ilk qadın kinorejissor, ssenarist Qəmər Salamzadə, ilk balet rəqqası Qəmər Almaszadə, ilk qadın təyyarəçi Züleyxa Seyidməmmədova, ilk azərbaycanlı qadın gəmi kapitanı Şövkət Səlimova, ilk peşəkar qadın rəssam Vacihə Səmədova, Şərqin ilk qadın bəstəkarı Şəfiqə Axundova və  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,  Birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyətlərinə güzgü tutuldu, olduqca səhih məlumatlar verildi.    Nəcəf və Elturanın ifasında “Bir könül sındırmışm” ifa olundu.  İfadan sonra Fərəməz Stalin repressiyasının qurbanı olmuş, dissident şair Mikayıl Müşfiqin qadınlara həsr etdiyi “Rəssam sevgilimin rəsmini çək” şeirini səsləndirdi.    Şeirdən dərhal sonra isə Elturan, Tural və Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Hüseyn Vəliyev “Sən Müşfiqin yanında qal” mahnısı ifa etdilər və zal bu ifanı, bu şeiri ayaqda, anşlaqla alqışladı. Sözsüz ki, ifa da gözəl idi, şeir də.  Amma müşahidələrimdən gəldiyim qənaətə görə bu həm də Mikayıl Müşfiqin nakam həyatına, kəm-kəsir ömrünə bir sayğı duruşu idi. Onun “Oxu tar, səni kim unudar” misraları ilə apardığı haqq savaşına, Vətən eşqinə bir VƏFA BORCU idi.    Ardınca aparıcılar bu tədbirin düzənlənməsində əməyi olan müəllim və tələbələri səhnəyə dəvət etdilər.  Görüşün təşəbbüskarı Aygün xanım Məmmədova dəvəti qəbul etdikləri üçün bütün qonaqlara təşəkkürlərini izhar etdi:   “Professor və müəllim heyətinə kafedramız adından ürəkdən minnətdarlığımızı bildiririk. Bu tədbirin ərsəyə gəlməsində hörmətli professor Gülçöhrə xanımın çox böyük dəstəyi olub. Gülçöhrə xanıma ayrıca tətəşəkkür edirəm. Hər zaman onun dəstək, diqqət və qayğısını hiss etmişik, edirik. Bu mənada düşünürəm ki, universitetimizin professor və müəllim heyəti, eləcə də  tələbələrimiz  çox şanslıdırlar.    Daha sonra söz tədbirin təşkilati işlərində aktiv fəaliyyət göstərən müəllimlərə söz verildi: “Mən də Aygün xanımın fikirlərinə qoşuluram. Bayramınızı təbik edirəm. Düşünürəm ki, tədbirimizi bəyəndiniz. Kollektivin adından tələbələrimizin valideynlərinə təşəkkür edirəm ki,  belə savadlı, ağıllı, intellektual övladlar böyüdüblər. Bir daha bayramınız mübarək!”.  Aygün xanım Məmmədova onu da əlavə edib ki, tədbirdə çıxış edən tələbələr üçün sertifikatlar hazırlanıb:   “Onlar universitetimizin elm və ictimai həyatında fəal iştiraklarına görə təltif olunacaqlar. Bu sertifikatların təqdimatına da ayrıca görüş hazırlanb ki, o da martın 9-da baş tutacaq. Hər bir tələbəyə həmin sertifikat təqdim olunacaq.    Aygün xanım Məmmədova diqqətə çatdırıb ki, tədbirdə universitetin bütün fakültələri üzrə tələbələr çıxış ediblər:   “Tələbələrimizə təşəkkür edirik. Bütün tədbir iştirakçılarına, eyni zamanda xalqımıza sağlam həyat, xoş, firavan günlər, dünyamıza isə sülh və əmin-amanlıq arzu edirəm”.     Sonda professor Gülçöhrə xanım Məmmədova ilə birgə xatirə fotosu çəkildi. Bu bayram tədbirini və görülən işləri yüksək qiymətləndirən xanım rektor razılığını ifadə etdi.   Sherg.az  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilib

31 yanvar 2025-ci il saat11:00-da Bakı Slavyan Universitetinin konfrans zalında “2 fevral - Gənclər Günü”nə  həsr olunmuş “Nəsillərin Görüşü” silsiləsindən “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Bakı Slavyan Universitetinin birgə təşkil etdiyi tədbirdə gənclər, veteranlar, ziyalıların iştirak edib.   Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti",  Yazıçılar Birliyinin üzvü, yazıçı Varis Yolçuyevin moderatorluğu ilə keçirilən tədbiri açıq elan edib. Daha sonra rektorun məsləhətçisi Ənvər Abbasov çıxış edərək dövlətimizin gənclər siyasəti ilə bağlı maraqkl fikirlər səsləndirib, Ulu öndər Heydər Əliyevin gənclər siyasətinin önəmindən bəhs edib . Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Əfqanıstan, Qarabağ müharibələri və Silahlı Qüvvələr veteranı, polkovnik Cəlil Xəlilov “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda geniş məruzə ilə çıxış edib. Polkovnik qeyd edib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasəti sonrakı dönəmdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, böyük töhfələr verib: “Gənclərimizin milli ruhda, mənəvi dəyərlərimizə sadiq şəkildə yetişdirilməsi hər zaman üçün aktual olan məsələlərdən biridir. Təsadüfi deyil ki, dövlət başçımız öz çıxış və müsahibələrində bu məqama xüsusi həssaslıqla toxunur,  Vətənə bağlı gəncliyin yetişdirilməsinin dövlətimizin bu günü və gələcəyi baxımdan həyati önəm kəsb etdiyinə diqqət çəkir. Bu məsələdə ailə ilə yanaşı, təhsil müəssisələri və QHT-lərin də üzərinə böyük məsuliyyət düşür ki, biz bu məsuliyyətdən irəli gələn vəzifələri layiqincə yerinə yetirməliyik”. I Qarabağ müharibəsi və əmək veteranı İmran Əbilov, Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti",  Yazıçılar Birliyinin üzvü, yazıçı Varis Yolçuyev “Müasir gənclərin hədəfləri, məqsəd və vəzifələri”, filologiya elmləri doktoru, professor, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Asif Rüstəmli “Heydər Əliyev – tərbiyənin mənəvi aspektləri” mövzusunda çıxış ediblər. Vətən Müharibəsi iştirakçısı, müharibə veteranı Əfəndi Axunəli və jurnalist Xəlil Qarəhmədov çıxışlarında Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara toxunub, gənclərin  bugünə qədər olduğu kimi, bundan sonra da milli maraqramızın, dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağını vurğulayıblar. Tədbirin sonunda bir qrup gənc Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fərxi Fərmanla təltif edilib, xatirə şəkli çəkilib.  

Hamısını oxu
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

Dekabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görəcək. Milli.Az

Hamısını oxu