Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Ordusu sərt cavab tədbirlərinə tam hazırdır - Zakir Həsənov

Sentyabrın 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib. Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə naziri bildirib ki, son vaxtlar əldə olunan məlumatlar və kütləvi informasiya vasitələrində yayılan xəbərlər, eləcə də Ermənistanın hərbi-siyasi rəhbərlərinin çıxışlarındakı müharibə ritorikası, səfərbərlik tədbirlərini həyata keçirməsi və bölgəyə kənar qüvvələri cəlb etməsi düşmənin genişmiqyaslı təxribatlar törətmək və vəziyyəti gərginləşdirmək niyyətində olduğunu açıq-aydın göstərir. Bunu nəzərə alaraq sərəncamda olan qüvvə və vasitələrimiz nəinki hər hansı təxribatın qarşısını almağa, hətta sərt qabaqlayıcı tədbirlərin görülməsinə tam hazır olmalıdır. Bu məqsədlə kəşfiyyat fəaliyyətinə, döyüş təminatına xüsusi diqqət yetirilməli, bütün istiqamətlərdə mütəşəkkil addımlar atılmalıdır. Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyətinə nəzarət gücləndirilməlidir. Müdafiə naziri Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının qış mövsümünə keçirilməsi, qışa hazırlıq prosesinin effektivliyi və vaxtında yekunlaşdırılması, bölmələrin hərtərəfli təminatı, hərbi qulluqçuların sağlamlığına, eləcə də COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə xüsusi diqqət yetirilməsi barədə vəzifəli şəxslərə tapşırıqlar verib. Sonda general-polkovnik Z.Həsənov fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.

2020-09-19 00:00:00
3553 baxış

Digər xəbərlər

İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı ildən-ilə artır

9 May - Qələbə günü münasibətilə bir qrup İkinci Dünya müharibəsi iştirakçısı ilə görüş olub. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbirdə İkinci Dünya müharibəsində faşizm üzərində tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi misilsiz xidmətləri qeyd edib. Nazir müavini vurğulayıb ki, İkinci Dünya müharibəsi iştirakçılarına ümummilli liderimiz Heydər Əliyev tərəfindən daim yüksək diqqət və qayğı göstərilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısının da ildən-ilə artmasına səbəb olub. Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən məlumat verilib. A.Kərimov dövlət başçısının sosial islahatlar paketinin uğurlu nəticələri kimi, cari ilin ötən dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. O, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını, İkinci Dünya müharibəsi iştirakçılarına da yönələn sosial ödənişlərdə də əhəmiyyətli artımların edildiyini deyib. Nazir müavini müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşların dövlət hesabına mənzil və minik avtomobili ilə təminatı və digər sahələrdə görülən işləri də diqqətə çatdırıb. Qeyd olunub ki, hər il 9 May - Qələbə günü ərəfəsində Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar da verilir. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində İkinci Dünya müharibəsi veteranlarının fəal iştirakı vurğulanıb, bu sahədə öz töhfələrini verdiklərinə görə onlara minnətdarlıq ifadə olunub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycanın daim inkişaf edən və güclü orduya malik olan, beynəlxalq nüfuzu artan bir ölkə olmasından qürur hissi keçirdiklərini vurğulayıb. O və digər İkinci Dünya müharibəsi iştirakçıları sosial təminatlarının daim artırılmasından, eləcə də növbəti dəfə birdəfəlik maddi yardımla təmin edilmələrindən razılıqla söz açıb, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə müharibə veteranları döyüş xatirələrini bölüşüb, incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Hamısını oxu
“Vətən müharibəsində ölkəmizdəki bütün xalqlarının sərgilədiyi həmrəylik Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsidir”

Cəlil Xəlilov: “Bu ideologiya bu gün də davam və inkişaf etdirilməkdədir”   44 gün davam edən Vətən müharibəsində ökəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan bütün xalqların yaxından iştirak etdiyi, qələbəyə öz töhfəsini verdiyi hər kəsə məlumdur. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu həmrəyliyin arxasında duran məqamlara diqqət çəkib, Azərbaycanın burada məskunlaşan bütün xalqların vətəni olduğunu qeyd edib:   “44 günlük Vətən müharibəsində sadəcə azərbaycanlıların deyil, Azərbaycan vətəndaşı olan digər xalqların nümayəndərləinin də erməni faşizminə qarşı mübarizədə yaxından iştirak etdiyi, düşmən üzərində qələbəyə ciddi töhfə verdiyi hər kəsə məlumdur. Müharibənin ilk günündən etibarən dövlətimizin həyata keçiridyi qismən səfərbərlik çağırışına səs verən, könüllü şəkildə ordu sıralarına qatılaraq cəbhədə düşmənə qan udduran bütün vətəndaşlarımız vahid amal üçün – işğaldakı torpaqlarımızı azad etmək uğrunda qəhrəmancasına mübarizə aparıb. Təkcə bir faktı qeyd edim ki, müharibədə Azərbaycan vətəndaşlığı daşıyan rus millətindən olan xeyli sayda insan iştirak edib ki, onların 3-ü şəhid olub, 10 nəfərə qədəri isə yaralanıb. Onların arasında Şuşaya qədər gedib çıxan, Şuşa uğrunda mübarizə aparan rus millətindən olan vətəndaşlarımız olub. Azərbaycan Respublikasının Milli Qəhrəmanları arasında Yuri Kovalyov, Sergey Murtuzalıyev, Sergey Senyuşkin kimi cəsur hərbçilər mövcuddur. Yəhudi əsilli Albert Aqarunovun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlar bütün dünyaya məlumdur. Ukrayna millətindən olan Ruslan Polovinko, Belarus əsilli vətəndaşımız Anatoli Davidoviç, Gürcüstanda anadan olan Viktor Seryogin və bu qəbildən olan digər qəhrəmanlarımız bütün Azərbaycanın fəxri və qürurudur. Dövlətimiz bütün bu qəhrəmanların adının əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atıb, onların abidə və büstləri ucaldılıb, keçə və meydanlara onların adı verilib.   Bu faktın özü göstərir ki, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri Azərbaycanı öz ana vətənləri hesab edir və bu vətənin keşiyində durmağı, onu düşməndən müdafiə etməyi özlərinə şərəf bilirlər.   Cənab prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, düşmən üzərində zəfərimizi təmin edən başlıca amil bizim həmrəyliyimiz olub. Bu həmrəyliyi təmin edən əsas amillərdən biri, bəlkə də birincisi isə azərbaycançılıq ideologiyasıdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ideologiya ölkəmizdə yaşayan bütün xalqların birliyini, həmrəyliyini, qardaşlığını nəzərdə tutur. Bu ideologiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs hansı xalqa mənsub olmasından asılı olmayaraq, vətəni Azərbaycanı sevməli, onun maraq və mənafeyini qorumalıdır.   Ümummilli lider tərəfindən irəli sürülən və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu ideologiya xalqımızın birliyini, bərabərliyini, gücünü təçmin edən başlıca faktordur. Hansı ki, məhz bu faktor bizi 44 günlük Vətən müharibəsindən qalib çıxardı, düşmən üzərində həlledici qələbəmizi təmin etdi. Bu baxımdan əslində ordumuzun 8 noyabr zəfərini həm də ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsi kimi də qiymətləndirmək mümkündür.   İnanıram ki, xalqımızın bu birlik və bütövlüyü bundan sonra da qorunacaq, Azərbaycan xalqı gələcəkdə də düşmənlərə sözünü öz birliyi, həmrəyliyi ilə deyəcək”.   Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı və Sumqayıt şəhər İcra Hakimiyyəti şəhid ailələri və veteranlarla görüş keçirib

02.03.2021-ci il tarixində Sumqayıt şəhəri, Heydər Əliyev Mərkəzində Respublika Veteranlar Təşkilatı və Sumqayıt şəhər İcra hakimiyyəti iləbrğə şəhid ailələri və veteranlarla görüş keçirilmişdir. Şəhid ailələrinə, veteranlara respublikamızda göstərilən diqqət və qayğı, onların sosial problemlərinin həlli istiqamətində görülən ardıcıl işlər, vətənpərvərliyin təbliğində 44 günlük Vətən müharibəsinin iştirakçılarının cəlb edilməsi tədbirin əsasını təşkil edib. Tədbir şəhilərimizin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov  çıxış etdi. O, Sumqayıt şəhərində son dövrlərdə həyata keçirilən abadlıq və quruculuq işləri haqqında məlumat verdi. Şəhər İcra Hakimiyyətinin bütün veteranlara xüsusi qayğı ilə yanaşması, onların problemlərinin həlli istiqamətində görülən işlər barədə danışdı.  T.Səmədov: “44 günlük Vətən müharibəsində canı və qanı bahasına ərazi bütövlüyümüzü bərpa edən hər bir əsgər və zabitimiz bizim qürurumuzdur.  Onlara hər birimiz borcluyuq, tarix yazan qəhrəmanlarımızı daim fəxr və iftixarla yada salacağımıza əminəm. Sumqayıt şəhər İcra Hakimiyyəti cənab prezident İlham Əliyevin tapşırıq və göstərişlərini daim rəhbər tutaraq Şəhid ailələrinə,  olan veteranlara diqqət və qayğı ilə yanaşır, bu məsuliyyətli iş gələcəkdə də həssaslıqla davam etdiriləcəkdir”. Daha sonra çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Sumqayıtlılara qonaqpərvərliyinə görə minnətdarlığını bildirdi. Veteran, qazi, döyüşçü adını qürürla daşıyan Azərbaycan oğul və qızını xalqımızın təəssübkeşi adlandırdı. Ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası naminə canından keçmiş, sağlamlığını itirmiş hər bir şəxsə xidmət etməyi xalqımızın mənəvi borcu olduğunu vurğuladı. Şəhidlərimizin ölümsüz olduğunu, bəşəriyyət var olduqca onların da bizim qəlbimizdə əbədi yaşayacağını qeyd etdi. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov çıxışında Respublika Veteranlar Təşkilatı haqqında məlumat verdi. Bütün qəbildən olan veteranlara respublikamızda göstərilən diqqət və qayğıdan bəhs etdi. O həmçinin 44 günlük Vətən müharibəsi iştirakçılarını RVT-a cəlb etməklə böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində onların bilik və bacarıqlarından istifadə etməyin zəruriliyini tədbir iştirakçılarının  diqqətinə çatdırdı. Sumqayıt Şəhər Veteranlar Təşkilatının sədri Sovet Şükürov və başqaları mövzü ətrafında çıxışlar etdilər. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi, veteranlarımızın, qazilərimiz bütün problemlərinin vaxtında həlli istiqamətində görülən işlər haqqında danışdı. Respublika Veteranlar Təşkilatının Mətbuat xidməti

Hamısını oxu
Sumqayıtda Göz Mərkəzinin açılışı oldu

Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 2 nömrəli Şəhər Xəstəxanasında yaradılmış yeni Göz Mərkəzinin açılışı baş tutub.  “Qafqazinfo” xəbər verir ki, açılış mərasimində TƏBİB-in İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Anar İsrafilov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov, 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının baş həkimi Arzu Bəndəliyeva və Göz Mərkəzinin rəhbəri Leyla Qəhrəmanova iştirak ediblər. Mərkəzdə yaradılmış şərait barədə məlumat verən Elnur Azadxanov bildirib ki, yeni Göz Mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron - Xızı regionu üzrə əhaliyə geniş spektrdə oftalmoloji xidmətlər təqdim edəcək. Qeyd olunub ki, Mərkəz dünyanın aparıcı istehsalçılarının müasir tibbi avadanlıqları ilə, o cümlədən OCT Angio, optik biometriya sistemləri və yüksək dəqiqlikli diaqnostika avadanlıqları ilə təchiz olunub. Mərkəzdə quraşdırılan angioqrafiya sistemi retina damar patologiyalarının erkən aşkarlanması və dəqiq qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bir çox hallarda görmənin qorunmasında həlledici rol oynayır. Bununla yanaşı, Mərkəzdə yüksək dəqiqlikli fakoemulsifikasiya cərrahiyyə sistemləri və müasir əməliyyat mikroskopları quraşdırılıb. Burada oftalmoloji xəstəliklərin müasir standartlara uyğun diaqnostikası, müalicəsi və yüksək texnologiya tələb edən mürəkkəb cərrahi prosedurların icrası mümkün olacaq. Mərkəzdə tor qişa xəstəlikləri, katarakta, qlaukoma, diabetik retinopatiya, makula patologiyaları və refraktiv qüsurlar üzrə geniş çeşiddə xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bildirilib ki, Mərkəzdə xaricdə təhsil almış və beynəlxalq təcrübəyə malik peşəkar həkimlər fəaliyyət göstərəcək. Burada 12-si həkim olmaqla, ümumilikdə 35 nəfər tibb və qeyri-tibb işçisi vətəndaşlara müasir tibbi yanaşmalar əsasında ambulator və stasionar xidmətlər göstərəcək. Qeyd edək ki, burada göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara ödənişsiz əsaslarla təqdim olunur. Yeni Göz Mərkəzinin istifadəyə verilməsi regionda oftalmoloji xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, vətəndaşların paytaxta üz tutmadan yüksək keyfiyyətli və mürəkkəb tibbi xidmətlərdən yararlanmasına geniş imkanlar yaradacaq.  

Hamısını oxu