Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident xalqa detalları açıqladı: işğala son qoymaq üçün hansı addımlar atılacaq

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı detalları ictimaiyyətə açıqladı. Bu detallarda diqqətçəkən məqamlardan biri Nikol Paşinyanın hakimiyyətə gələndən sonra daxili siyasətdə güclənmək üçün atəşkəsin saxlanılması məqsədilə Azərbaycana yalvarması, Düşənbədə əldə olunan razılaşma, sonradan Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh prosesini pozan, müharibə şəraitinin yetişməsinə şərait yaradan addımlarıdır.

Azərbaycan liderinin açıqladığı detallar siyasi proseslərin pərdəarxasında necə cərəyan etdiyini ortaya çıxarır:

1. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Ermənistanın bundan əvvəlki hakimiyyəti erməni xalqında da ancaq nifrət hissləri doğururdu;

2. Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərib, yalvarıb, vaxt istəyib;

3. Daha sonra Paşinyan Düşənbədə Azərbaycan Prezidentindən vaxt verilməsini birbaşa xahiş edib;

4. Nikol Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq, danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meylli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş edib;

5. Ermənistandakı hakimiyyət dəyişikliyi Minsk qrupunun həmsədrlərində də müsbət ümidlər yaradıb, görüşlər əsnasında ümidlərlə dolu fərziyyələr səsləndiriblər;

6. Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməyib;

Həmin vaxt hadisələrin inkişafı da Ermənistanın yeni hakimiyyətinin münaqişənin həllində maraqlı olduğunu və yaxın dövrdə konkret nəticələrə əsaslanan sülh danışıqlarının başlayacağı ehtimallarını gücləndirirdi. Ermənistanda parlament seçkilərindən öncə ABŞ Prezidentinin müşaviri Con Boltonun regiona səfəri və İrəvanda dediyi sözlər də münaqişənin həlli ilə bağlı “yol xəritəsinin” mövcudluğu haqqında təsəvvürləri formalaşdırırdı.

“İnanırıq ki, Nikol Paşinyanın komandası seçkidə (parlament seçkiləri – red.) qalib gələcəksə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi irəliləyişlər olacaq”, – Bolton belə deyirdi.

Ermənistanın yeni hakimiyyəti daxili vəziyyəti sabitləşdirmək üçün vaxt istəmişdi. Prezidentin də dedikləri təsdiqləyir ki, Paşinyan qeyri-üəsmi kanallarla Bakıya yalvarır, vaxt istəyirmiş. Azərbaycan da münaqişənin sülh yolu ilə həlli prinsipinə sadiq qalaraq, İrəvanda yaranmış xaosdan istifadə etmədi.

Hətta Ordumuzun uğurlu Günnüt əməliyyatı həmin vaxt yox, təxminən bir ay sonra ictimaiyyətə açıqlandı. 20-27 may tarixində həyata keçirilən əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqata dağı azad edildi, Dərəlyəz mahalının Arpa kəndi ordumuzun nəzarəti altına keçdi. Ümumilikdə 11000 hektar ərazinin azad olunduğu bu əməliyyat nəticəsində Azərbaycan Ordusu İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna da nəzarət etmək imkanı əldə etdi. Lakin Azərbaycan bundan təbliğat məqsədilə istifadə etmədi.

Azərbaycan və Ermənistan rəhbərləri 2018-ci ilin 28 sentyabrında MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında bir araya gəldi. Təqvimə “Lift diplomatiyası” kimi düşən Düşənbə görüşündə Nikol Paşinyan Prezident İlham Əliyevdən birbaşa vaxt istəyib.

Əslində Azərbaycan liderinin bu vəziyyətdən olduqca ustalıqla istifadə etdiyi də vurğulanmalıdır: Paşinyan atəşkəsdən istifadə edərək, İrəvanda hakimiyyətini möhkəmləndirdiyi vaxt İlham Əliyev təmas xəttində ordumuzun mövqelərini gücləndirirdi.

Bu amil Ermənistanda Paşinyana qarşı əsas ittiham mövzusuna çevrilib.

“Vahid Ermənistan” partiyasının sədri Artur Qazinyan bildirir ki, Azərbaycan Prezidentindən fərqli olaraq, Nikol Paşinyan səmimi deyil.

“Bakı və İrəvan arasında frazılaşma əldə olunub və Paşinyanın bu razılaşmada məqsədi hakimiyyətini gücləndirmək idi. İlham Əliyev isə ordunun mövqelərini gücləndirdi. Təxminən iki il ərzində Azərbaycan mövqelərini yaxşılaşdırdı və müharibə vaxtı bu vəziyyət Bakının xeyrinə olacaq”, - o bildirib.

Erməni ekspert Tiqran Koçaryan deyir ki, İlham Əliyev ustalıqla vəziyyəti Azərbaycanın xeyrinə dəyişdi.

Bu, İlham Əliyevin gələcəyi proqnozlaşdıra bilmək və bütün şərtlərdə vəziyyəti Azərbaycanın maraqlarına uyğun formaya salmaq bacarığından gedir. Çünki Nikol Paşinyana hakimiyyətini gücləndirmək üçün vaxt verilsə də, İlham Əliyev həm də B planı üzərində iş aparıb. Bu plan faktiki olaraq, mümkün müharibədə qələbəni asanlıqla təmin edəcək.

Ona verilən vaxtdan istifadə etməklə Ermənistanda hakimiyyətini gücləndirən Nikol Paşinyanın Azərbaycana qarşı müharibəyə hazırlaşması da Prezident İlham Əliyevin risklərə qarşı çoxşaxəli strategiyanın nə qədər doğru olduğunu təsdiqləyir.

Ermənistan hakimiyyəti isə 2019-cu ilin əvvəlindən etibarən, danışıqlar prosesini pozmağa və Azərbaycana qarşı müharibə hazırlığına başladı.

Paşinyan Minsk qrupu formatının dəyişdirilməsi ideyasını irəli sürdü və işğal altındakı ərazilərdəki separatçı rejimi masaya üçüncü “tərəf” kimi daxil etmək təklifi ilə nəinki onilliklərdir aparılan prosesi kənara atdı, həm də beynəlxalq hüququ barmağına doladığını nümayiş etdirdi.

2019-cu ilin 26 fevralında - Xocalı soyqırımının 27-ci ildönümü günü Ermənistanın müdafiə naziri David Tonoyan da gerçək niyyətlərini ortaya qoydu. “Psixologiya dəyişir, yanaşma dəyişir, yalnız müdafiə vəziyyətində olan ordular həmişə məğlub olurlar. Buna görə də biz müdafiə mövqelərində qalmağa hazırlaşmırıq. Əgər söhbət döyüş hərəkətlərinin yenilənməsindən gedirsə, biz dayanmayacağıq” deyən Tonoyan erməni jurnalistin “Bu, erməni ordusunun hücuma keçəcəyi anlamına gələ bilərmi” sualına “niyə də yox” cavabını verdi.

Martın 12-də isə Paşinyan Təhlükəsizlik Şurasının iclasını tarixdə ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində – Xankəndidə separatçıların iştirakı ilə keçirdi və iclasda “Qarabağın tərəf olması” tezisini yenidən gündəmə gətirdi.

İyul ayından başlayaraq, işğalçı ölkə təxribat hücumlarını təmas xəttindən dövlət sərhədinə - Qazax istiqamətinə keçirdi. Avqustun 5-də isə Paşinyan işğal altındakı torpaqlarda “Miatsum” (Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyası – red.) iddiasını gündəmə gətirdi və iddia etdi ki, “Qarabağ Ermənistandır və nöqtə”.

Beləliklə, Ermənistan təxribat xarakterli addımları və bəyanatları ilə danışıqları mənasız vəziyyətə saldı.

2020-ci ilin əvvəlindən etibarən Ermənistanın təxribat addımları davam etdirildi. Mart ayında Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma “dqr”-in yeni rəhbərinin “and içmə mərasimi” tarixi şəhərimiz Şuşada keçirildi. Bununla yanaşı, işğal altındakı ərazilərdə gülüş doğuran təlimlər keçirildi.

İyulda isə Tovuz istiqamətində təxribat hücumu Ermənistanın təcavüzkar və işğalçı siyasətindən əl çəkmədiyini, niyyətinin danışıqları pozmaq olduğunu sübut etdi.

Prezident İlham Əliyev qeyd edib ki, bütün bu addımların və bəyanatların məqsədi danışıqları pozmaq, ondan sonra Azərbaycanı ittiham etmək və status-kvonu dəyişməz saxlamaqdır.

Baş verən son hadisələr Ermənistanın Azərbaycana qarşı müharibəyə hazırlaşdığını da təsdiqləyir.

- Livan erməniləri beynəlxalq konvensiyalara zidd şəkildə Dağlıq Qarabağda məskunlaşdırılır, onlar arasında terrorçuların olduğu və təxribat hücumlarında istifadə ediləcəyi şübhəsizdir.

- Ermənistan rəhbərliyi, eləcə də Qarabağdakı kukla rejim Gəncəni vurmaqla hədələyir.

- Erməni hərbi birləşmələri Tovuz döyüşlərində və sonrakı təxribat hücumlarında Azərbaycanın mülki əhalisini hədəfə alır.

- Tovuz döyüşlərindən sonra – avqustun 23-də erməni diversiya-kəşfiyyat qrupu Goranboy istiqamətində ordumuzun mövqelərinə soxulmağa çalışdı. Hərbiçilərimizin ayıq-sayıqlığı nətivəsində erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgin Alberyan əsir götürüldü və o, hədəflərinin Azərbaycan Ordusunun kazarmaları olduğunu etiraf etdi.

- Hazırda təmas xəttində hərbi qüvvələrinin cəmləşməsi həyata keçirilir.

- Ermənistana məxsus PUA-nın ordumuz tərəfindən vurulması, eləcə də erməni hərbi birləşmələrinin Tovuz istiqamətində təxribat hücumu nəticəsində Ordumuzun hərbi qulluqçusunun şəhid edilməsi də işğalçı ölkənin müharibəyə hazırlaşdığını açıq şəkildə göstərir
.

Prezident İlham Əliyev qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir:

“Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir... Azərbaycan danışıqlardan imtina etmir, ancaq Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmir. Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur”.

Dövlət başçısı Azərbaycanın yeganə şərtini açıqlayır: “Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu , BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır”.

Ardınca əlavə edir ki, Ermənistan beynəlxalq hüququ yerə vurursa, Azərbaycan da beynəlxalq hüququ gözləməyəcək: “Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq”.

Azərbaycan lideri işğalçı ölkəyə, işğalçı ölkənin havadarlarına və həmsədr dövlətlərə açıq mətnlə mesaj verir: ərazilərimizin işğalda qalması ilıə barışmayacağıq; Ermənistan beynəlxalq hüquq pozursa, Azərbaycan buna adekvat cavab verəcək; Ermənistanın təxribatları cavabsız qalmayacaq və münaqişənin hərbi həlli masada prioritet məsələyə çevrilib;

Asif Nərimanlı

2020-09-22 00:00:00
3697 baxış

Digər xəbərlər

Dayanıqlı inkişaf üçün birgə addımlar

Son günlər ölkəmiz üçün əhəmiyyətli hadisələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmudla görüşü oldu. Bu görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Həmin səfər təkcə diplomatik jest deyil, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq perspektivlərinin formalaşmasına xidmət edir.Azərbaycan-Somali münasibətlərinin inkişaf dinamikasına nəzər salanda görürük ki, bu dost dövlətin başçısı Həsən Şeyx Mahmudun Bakıya səfəri və iki lider arasında aparılan danışıqlar 2023-cü ildən bəri müşahidə edilən aktiv diplomatik təmasların davamıdır. Xatırladaq ki, 2023-cü ilin noyabrında Somali Prezidenti Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə qatılmaq niyyətində olduğunu bildirmişdi. Bundan əlavə, yanvar ayında Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin Somali paytaxtı Moqadişoya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yönəlmiş ardıcıl addımlardan biri oldu.Bu səfərlərin fonunda Somali Prezidentinin Azərbaycana gəlişi bir sıra mühüm məsələlərin müzakirəsinə imkan yaratdı. Görüşlərdə siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın dərinləşdirilməsi məsələləri ön plana çıxdı.Azərbaycanın iqtisadi inkişaf modeli və enerji resurslarının səmərəli idarə edilməsi Somali üçün maraqlıdır. Somali neft və qaz ehtiyatlarının kəşfi və işlənməsi sahəsində hələ yeni addımlar atır. Azərbaycan isə bu sahədə böyük təcrübəyə malikdir və Somali ilə bilik və texnologiya mübadiləsi aparmaq potensialına sahibdir. Bundan əlavə, iki ölkə arasında kənd təsərrüfatı, logistika və ticarət sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.İkitərəfli əlaqələr nəticəsində Azərbaycanın geostrateji mövqeyi və nəqliyyat infrastrukturunun inkişafı Somalinin də diqqətini cəlb edir. Bakı limanı, Orta Dəhliz layihəsi və digər tranzit imkanları Somalinin Şərqi Afrika regionunda ticarət potensialını artırmaq üçün yeni yollar aça bilər.Humanitar və təhsil sahəsində əməkdaşlıqda da uğurlu nəticələrin əldə ediləcəyinə əminlik ifadə olunub. Təhsil sahəsində əməkdaşlıq Afrika ölkələri ilə Azərbaycanın münasibətlərində mühüm istiqamətlərdən biridir. Somali gənclərinin Azərbaycanda ali təhsil alması üçün təqaüd proqramlarının tətbiqi gələcəkdə iki ölkə arasında inteqrasiya prosesini sürətləndirə bilər. Azərbaycan artıq bir sıra Afrika ölkələrinə bu istiqamətdə dəstək verir və Somali də bu təşəbbüslərdən yararlana bilər. Bundan əlavə, Azərbaycan humanitar sahədə də Somaliyə dəstək göstərə bilər. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması təcrübəsi Somalinin müharibədən zərər çəkmiş bölgələrinin bərpası üçün faydalı ola bilər.Bir sözlə, Prezident İlham Əliyevlə Prezident Həsən Şeyx Mahmud arasında keçirilən görüş Azərbaycan-Somali münasibətlərində yeni mərhələnin başlanğıcıdır. Həm siyasi, həm iqtisadi, həm də humanitar əməkdaşlıq üçün mövcud olan potensial iki ölkə arasında uzunmüddətli əlaqələrin qurulmasına zəmin yaradır. Azərbaycan beynəlxalq arenada Afrika ölkələri ilə əməkdaşlığını gücləndirməklə qlobal siyasətdə daha aktiv rol oynamağa davam edir və Somali ilə münasibətlərin dərinləşməsi bu strategiyanın bir hissəsidir.Bu səfər çərçivəsində keçirilən görüşlər Azərbaycan və Somali arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardır. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının üzvləri “Zəfər” ordenli şəhidin anım günündə iştirak ediblər

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar  Təşkilatının üzvləri tez-tez şəhid ailələrini ziyarət edir, qazilərin sağlamlıq durumu ilə maraqlanır, onlara diqqət və qayğı göstərirlər.  11 oktyabr 2023-cü il tarixində rayon təşkilatının üzvləri "Şərəf" ordenli şəhid Mahir Paşayevin anım günündə iştirak edib, şəhidin ailəsi ilə görüşüblər. Anım mərasimdə Əməkdar mədəniyyət işçisi Xeyrulla Şahbazlı,  "Gənc Qazilər" İctimai Birliyinin sədri Vüsal Muradzadə, şəhid ataları və ictimaiyyət nümayəndələri də olublar. Xadırladaq ki, şəhid Mahir Bəxtiyar oğlu Paşayev  rayonun İranla həmsərhəd kəndi olan Əsədlidə dünyaya göz açmışdı. Vətən sevdalısı olan igid kəşfiyyatçı Xüsusi Təyinatlı döyüş yoldaşları ilə birgə Hadrudun, Suqovuşanın, Kəlbəcərin  azad olunmasında böyük şücaət göstərmişdir.  O, kəşfiyyatçı  dəstə ilə strateji əhəmiyyətli yüksəkliyi ələ keçirərkən 2020- ci il oktyabrın 10-da  qəhrəmancasına həlak olmuş, şəhidlik məqamına ucalmışdır. Paşayev Mahir Bəxtiyar oğlu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə "Zəfər" ordeni və 8 döyüş medalı ilə təltif edilmişdir.

Hamısını oxu
“Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir”

“Prezidentin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi dövlətimizin iqtisadi-siyasi və hərbi qüdrətinin təntənəsidir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı müsahibəsində yaxın tarix keçmişimizə diqqət çəkməklə yanaşı, ölkəmizin mövcud durumu və gələcəklə bağlı planlarına da aydınlıq gətirib, hər zamankı kimi şəffaf və birmənalı mövqe ortaya qoyub:  “Dövlət başçısı məlum müsahibəsində bir çox vacib məsələyə toxundu ki, bunlardan biri 8 avqust Vaşinqton razılaşması idi. Prezidentimiz bu razılaşmanı Cənubi Qafqazda müharibə və gərginlik dönəminin sonu kimi dəyərləndirdi və bildirdi ki, sülhün əldə edilməsi sadəcə Azərbaycan və Ermənistanın deyil, bütün regionun maraq və mənafeyinə uyğundur.  Bununla yanaşı ,dövlət başçısı mümkün risk və ehtimalları da dəyərləndirdi. Vurğuladı ki, Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan ordusu üzərində parlaq qələbə qazanıb və öz hərbi üstünlüyünü bu gün də davam etdirməkdədir. Azərbaycanın iqtisadi müstəvidə öz potensialını sürətlə genişləndirməsi, beynəlxalq iqtisadi sistemə daha dərindən intqerasiyası da Prezidentin çıxışında diqqət çəkən məqamlar sırasında idi”.  Polkovnik Cəlil Xəlilov Prezidentin Minsk qrupu və Zəngəzur dəhlizi ilə bağlı fikirlərinin da cəmiyyətdə böyük məmnunluqla qarşılandığını qeyd edib:  “Dövlət başçısı müsahibəsində Minsk qrupunun ləğvi ilə bağlı məsələnin də 8 avqust razılaşmasında öz əksini tapdığını vurğuladı. Eyni zamanda, bu qurumun qeyri-məhsuldar fəaliyyətinə diqqət çəkdi.  Yaxın keçmişə nəzər salsaq görərik ki, Minsk qrupu həqiqətən də işğal probleminin həllində heç bir faydalı rol oynamayıb. Əksinə, problemin daha da mürəkkəbləşməsinə səbəb olub. 44 günlük Vətən müharibəsindən sonra isə işğal faktı ortadan qalxıb ki, bu da Minsk qrupunu tamamilə gərəksiz edib. Buna görə də Minsk qrupunun ləğvi tarixi zərurətə çevrilib və bu zərurət 8 avqust razılaşmasında öz əksini tapıb.  Zəngəzur dəhlizi və bu dəhlizin region dövlətləri üçün əhəmiyyəti ilə bağlı dövlət başçısının səsləndirdiyi fikirlər də cəmiyyətimizdə böyük sevinc və məmnunluqla qarşılandı. Cənab İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını təmin etməklə göstərdi ki, Azərbaycan dövləti hərbi, siyasi və iqtisadi baxımdan qarşıya qoyduğu hər bir məqsədə çatır və bundan sonra da öz yoluna eyni qətiyyətlə davam edəcək”.  Təşkilat sədri Prezidentin Azərbaycan-Rusiya münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərin də xalqımızın arzu və maraqlarını ifadə etdiyini bildirib:  “Cənab Prezident “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan-Rusiya münasibətlərinə və bu münasibətlərdəki mövcud gərginliyə də toxundu. Dövlət başçısı “AZAL” təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən hələ də ciddi bir hərəkətliliyin olmamasını təəssüf hissi ilə qeyd etdi. Buna paralel olaraq, 2020-ci lin 9 noyabr tarixində - Vətən müharibəsi zamanı vurulan rus helikopteri ilə bağlı Azərbaycan tərəfinin atdığı adekvat addımları xatırlatdı. Dövlət başçısı bildirdi ki, Azərbaycan həmin vaxt dərhal Rusiya tərəfinə üzrxahlıq etdi, həlak olan pilotların ailəsinə və Müdafiə Nazirliyinə təzminat ödədi. Dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan da Rusiyadan eyni həssaslıq və ehtiramı gözləyir. Bununla yanaşı, dövlət başçısı qeyd etdi ki, Azərbaycan Rusiya ilə münasibətləri gərginləşdirmək istəmir və heç vaxt da belə bir istəyi olmayıb. Bir sözlə, Prezidentimiz “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində Azərbaycan dövlətinin xarici siyasətinin mahiyyətini aydın, şəffaf və dəqiq konturlarla bütün dünyanın diqqətinə çatdırdı. Müsahibə əsnasında qeyd etdi ki, Azərbaycan sülhpərvər dövlətdir və onun məqsədi regional sabitliyə və tərəqqiyə nail olmaqdır. 8 avqust Vaşinqton razılaşması göstərdi ki, Azərbaycan bu yolda qətiyyətlə addımlamaqda, bəşəriyyətin bütün sülhpərvər qüvvələri tərəfindən təqdir edilməkdə, dəstəklənməkdədir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Bu il Azərbaycanda 9 May qeyd olunacaqmı?

Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Moskvada hərbi parad keçiriləcək. Parad Qırmızı Meydanda təşkil olunacaq.  Kremlin mətbuat xidmətinin məlumatına görə, Böyük Vətən Müharibəsindəki qələbənin 77-ci ildönümünə həsr olunmuş paradın məşqi mayın 7-də, hərbi parad isə mayın 9-da keçiriləcək. Paradda kimlərin iştirak edəcəyi, hansı ölkələrdən qonaqların təşrif buyuracağı hələlik məlum deyil.  Rusiyanın Ukraynada apardığı müharibə ilə əlaqədar bir çox ölkələr bu addıma etirazla yanaşıb. Belə ki, Latviya parlamenti 9 may tarixini Ukraynada həlak olan şəxslərin anım günü elan edən qanun layihəsi qəbul edib. Layihəni Seymin 100 deputatından 61-i dəstəkləyib. Qanun mayın 9-da Qələbə gününün qeyd olunmasını qadağan edir. Həmin gün dövlət və yerli özünüidarəetmə qurumları tərəfindən əyləncə və bayram tədbirləri keçirilməyəcək. Həmçinin kütləvi tədbirlərin təşkilinə də icazə verilməyəcək. Digər keçmiş Sovet ölkələrində 9 may tarixinin hansı şəkildə qeyd olunacağı hələlik açıqlanmayıb.   Bəs, Azərbaycanda 9 may – Qələbə günü qeyd olunacaqmı?   Bu barədə Modern.az-a açıqlama verən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov 9 Mayla bağlı bəzi tədbirlərin keçiriləcəyini bildirib: “Təbii ki, biz həmin tarixə hörmətlə yanaşırıq. Ona görə ki, 700 minə yaxın azərbaycanlı müharibədə iştirak edib. Onların yarısından çoxu geri qayıtmayıb. Bu tarixi günü ümummilli lider Heydər Əliyev hələ o zaman bayram kimi tanıyıb. 9 May bayramını həmişə qeyd edirik”. “Tarixi faktları gənclərimizin yadına salırıq. Bizim babalarımız faşizmə qarşı necə mübarizə aparıb, necə qalib gəliblər, bunu bir daha xatırlayırıq. Onların abidələrini ziyarət edirik, gül qoyuruq. Müəyyən konfrans və tədbirlər keçiririk”, - deyə C.Xəlilov vurğulayıb. Xatırladaq ki, bəşər tarixi özünün ən qanlı savaşını 1939-1941-ci illərdə yaşayıb. Xeyli insanın ölümünə səbəb olan müharibənin qalibi SSRİ olub. SSRİ-də birləşmiş xalqlar faşizm üzərində tarixi zəfər qazanıb. O xalqlar arasında azərbaycanlılar da xüsusi qəhrəmanlıq göstəriblər. 700 minə yaxın azərbaycanlı müharibə başlayan kimi cəbhəyə yollanıb. Berlində zəfər bayrağını sancan da məhz azərbaycanlı olub. Qələbədə payı olmuş ölkələrdə hər il 9 may münasibətilə tədbirlər keçirilir, bu tarixdə müharibə iştirakçıları, onların keçdiyi zəfər yolu xatırlanır. Rusiyanın paytaxtı Moskvada isə 9 mayla bağlı hər il ənənəvi qələbə paradı təşkil olunur. Paradda bir sıra ölkələrdən gələn qonaqlar da iştirak edirlər. Bu il keçirilməsi nəzərdə tutulan qələbə paradının qrafiki hələlik bəlli deyil.

Hamısını oxu