Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev: “İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”

“Aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir. Çünki indi yoxsulluğun, işsizliyin azaldılması bunun bariz nümunəsidir. Çünki bəzi hallarda neftlə zəngin olan ölkələrdə işsizlik baş alıb gedir, səfalət, sosial ədalətsizlik və digər problemlər o ölkələrin cəmiyyətlərində ciddi hal alır. Amma Azərbaycanda neft insanların inkişafına, ölkəmizin inkişafına xidmət göstərir”. APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olarkən, sakinlərlə söhbət zamanı deyib. “Balaxanı dünyanın ən qədim neft mərkəzidir - Balaxanı və Bibiheybət. Dünya neft hasilatı buradan başlayıb. İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir, orada biz, ilk növbədə, Bibiheybət buxtasını təmizlədik. Yadınızdadır nə gündə idi? Adam baxanda dəhşətə gəlirdi, qapqara, bütün torpaq qara, dəniz qara, o buruqlar, o dirəklər hamısı qara və elə bil ki, ekoloji fəlakət zonası idi. Amma bu gün orada park salınıb, biz Avropa Oyunlarını orada keçirdik. İndi marafon başlayır, orada incəsənət şəhərciyi, idman şəhərciyi yaradılıb, ölkəmizin ən böyük idman hovuzu orada yaradılıb, bulvar yaradılıb. İkinci mərhələ isə Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır. Bibiheybətdə o vaxt mən göstəriş verdim, dedim ki, bütün dünya bilməlidir ki, birinci neft quyusu burada qazılıb. Amma bunu əks etdirən hər hansı bir abidə var? Yoxdur. Ona görə təklif etdim və orada qədim əşyalardan, tikinti materiallarından neft buruqları maket kimi, abidə kimi yaradıldı. İndi xaricdən gələn qonaqlar gəlirlər, görürlər ki, dünyanın ən qədim neft quyusu harada qazılmışdır. Mən bu yaxınlarda demişəm, əgər o vaxt Azərbaycan müstəqil olsaydı, o vaxt əgər o neft bizim xalqımıza çatsaydı, bu gün biz dünyanın ən zəngin ölkəsi ola bilərdik. Amma biz müstəqillik əldə edəndə Balaxanı, Bibiheybət ekoloji fəlakət şəraitində idi. Ona görə bu gün biz bu yerləri ekoloji fəlakət zonalarından ekoloji cənnət zonalarına çevirməliyik və bunu edirik”, - deyə dövlət başçısı bildirib.  

2020-09-23 00:00:00
3418 baxış

Digər xəbərlər

Böyük Vətən müharibəsi iştirakçısı Məhərrəm Məmmədyarov vəfat edib

Veteran.gov.az xəbər verir ki, Böyük Vətən müharibəsi iştirakçısı Məhərrəm Məmmədyarov vəfat edib.   Qeyd edək ki, Məhərrəm Məmmədyarov 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsində iştrak edib, göstərdiyi qəhrəmanlıqlara görə 12 medal və ordenlə mükafatlandırılıb. Müharibədən sonrakı həyatını elmə həsr edən Məhərrəm Məmmədyarov 1973-1979-cu illərdə AMEA-nın Naxçıvan regional elmi mərkəzinin rəhbəri,1994-cü ildən 2002-ci ilə qədər isə AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru vəzifəsində çalışıb.   2005-ci ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni, 2009-cu ildə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilən Məhərrəm Məmmədyarov, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna layiq görülüb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Məhərrəm Məmmədyarovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir   Allah rəhmət eləsin!    

Hamısını oxu
Müdafiə Nazirliyinin əməkdaşları veteranlarla görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında Müdafiə Nazirliyinin əməkdaşları ilə İkinci Dünya müharibəsi veteranları arasında görüş keçirilib.   Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqları və veteranları salamlayıb, faşizmə qarşı mübarizə tarixindən bəhs edib. Azərbaycan xalqının istər faşizmə, istərsə də erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını vurğulayan Cəlil Xəlilov, dövlətin veteranlara daim diqqət və qayğı göstərdiyini qeyd edib.   Daha sonra çıxış edən Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Elvin Əzizov İkinci Dünya müharibəsində faşizmə qarşı aparılan mübarizənin əhəmiyyətindən danışıb. Həm ulu öndər Heydər Əliyevin, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin istər İkinci Dünya müharibəsi, istərsə də Qarabağ veteranlarına böyük diqqət yetirdiyini, onları öz çıxışlarında gənclərə nümunə göstərdiyini qeyd edən polkovnik Elvin Əzizov, veteranların, şəhdilərin göstərdiyi qəhrəmanlığın tarixin yaddaşında əbədi yaşayacağını bildirib.   Daha sonra polkovnik Elvin Əzizov Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya Müdafiə Nazirliyi adından gül dəstəsi bağışlayıb, müharibə vetaranlarına hədiyyələr təqdim edib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova veteranlara göstərdiyi diqqətə görə Müdafiə Nazirliyinə təşəkkür edib,  minnətdarlığını çatdırıb. Azərbaycan ordusunun 44 günlük müharibədə tarix yazdığına diqqət çəkən təşkilat sədri, şəhidlərin, qazilərin qarşısında baş əydiyini bildirib.   Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov isə çıxışında ordu quruculuğu prosesinə, ulu öndərin bu sahədəki xidmətlərinə diqqət çəkib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov Müdafiə Nazirliyi tərəfindən hərbi vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə təltif ediliblər.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Təxribatların davam etməsi İrəvanın sülhlə bağlı ciddi tərəddüdlərinin olduğunu göstərir

Təxribatların davam etməsi İrəvanın sülhlə bağlı ciddi tərəddüdlərə malik olduğunu göstərir. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, ermənilərin ordumuzun mövqelərini mütəmadi surətdə atəşə tutması, separatçıların yeni təxribatlara hazırlaşması göstərir ki, İrəvanda sülhlə bağlı vahid, konkret mövqe mövcud deyil: “Post-müharibə dövründə Ermənistan dəfələrlə ordumuzun mövqelərini atəşə tutub, müxtəlif təxribatlar həyata keçirib. Bütün bu təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınıb. Ancaq buna baxmayaraq, Ermənistan bu gün də təxribatlardan, məkrli niyyətlərindən əl çəkmək istəmir. Mina terrorunun davam etməsi, ermənilərin ordumuzla üzbəüz mövqelərdə mühəndis işləri həyata keçirməyə cəhd göstərməsi, revanşist iddiaların bu gün də ara verməməsi buna nümunədir. “Bütün bunlar onu göstərir ki, Ermənistan hakimiyyətində Azərbaycanla münasibətlərin gələcəyi, sülhlə bağlı aydın mövqe yoxdur. Buna görə də İrəvan bir tərəfdən sülhdən danışsa da, digər tərəfdən təxribatlara əl atır, mövcud status-kvonu dəyişməyə səy göstərir. Lakin rəsmi İrəvan, o cümlədən Ermənistandakı bütün revanşist qüvvələr, habelə onların havadarları bilməlidirlər ki, onlar gec-tez Azərbaycanın sülh səylərini dəstəkləməyə, onun şərtlərini qəbul etməyə məcbur olacaqlar. Çünki Ermənistan üçün ikinci bir yol, alternativ variant mövcud deyil”, - deyə Respublika Veteranları Təşkilatının sədr müavini vurğulayıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən iyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, saat 16:25 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətindəki mövqelərini də atəşə tutub. Bölmələrimiz qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görüblər. Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələrinin gördükləri təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Hamısını oxu
Prezident “Abşeron” yatağının təməlqoyma mərasimində iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Dövlət başçısı mərasimdən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib. Müsahibə yaxın saatlarda yayımlanacaq.

Hamısını oxu