Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycanın Hərbi Komandanlığı ermənilərə təslim olmağı təklif etdi

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 
“Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər  normalarına uyğun həyata keçiriləcək. Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək”, - deyə nazirliyin məlumatında deyilir.

2020-09-27 00:00:00
3329 baxış

Digər xəbərlər

YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələrinin görüşü keçirilib

Mayın 5-də  Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 9 May – Qələbə Günü münasibətilə YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib. Görüşdə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycanın Sovet dövründəki həyatında 1941-1945-ci illər ən ağır və dəhşətli dövrlərdən biri olduğunu desək yəqin ki, səhv etmərik. Ölkəmizdən müharibəyə 600 min nəfərə yaxın həmyerlimiz çağırıldı və onların 350 min nəfəri geri qayıtmayıb. Arxa cəbhədə isə 250 min nəfərə yaxın insan ordunun tələbatını təmin etməsi ilə əlaqədar çalışırdı. Arif Rəhimzadənin sözlərinə görə, İkinci Dünya müharibəsi, bu müharibəyə cəlb olunan ölkələrin əhalisi üçün ən dəhşətli dövr oldu və hamıda fikir formalaşdırdı ki, faşizm ifrat dərəcədə milliyyətçiliyə, irqçiliyə yönəlib: “Azərbaycan xalqı erməni faşizmindən də əziyyət çəkib. Elə sovetlər dövründə də ermənilərin Azərbaycan torpaqlarına qarşı iddiaları var idi. Bu məsələ ilə  dövlət səviyyəsində ilk dəfə Ulu Öndər Heydər Əliyev məşğul oldu. Onun gördüyü tədbirlər nəticəsində Ermənistanın rəhbərləri anladı ki, Azərbaycana olan iddialarını həyata keçirə bilməyəcəklər. Ulu Öndərimiz böyük uzaqgörənliklə sovetlər dönəmində Bakıda hərbi məktəbin açılmasına nail oldu. Bu da milli hərbi mütəxəssislərimizin hazırlanmasında böyük rol oynadı”. Arif Rəhimzadə qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra Ermənistan Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları ilə çıxış etdi: “Beləliklə də, Qarabağ müharibəsi başlandı. O dövrdə ölkə iflic vəziyyətdə idi. Nə silah var idi, nə ordu, nə də ki, ölkəyə rəhbərlik edənlərdə bacarıq, səriştə, iradə. Buna baxmayaraq, minlərlə Azərbaycan vətəndaşları ölkənin müdafiəsinə qalxdı. Birinci Qarabağ müharibəsində ərazilərimizin bir hissəsini itirsək də, bu müvəqqəti idi. Bu gün isə biz hamımız İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbənin təsiri altındayıq və anlayırıq ki, bu tarixi hadisə Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrinin yüksək peşəkarlığı və qəhrəmanlığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin ardıcıl, məqsədyönlü və məhsuldar fəaliyyətinin nəticəsidir. Eyni zamanda, biz yaxşı anlayırıq ki, Azərbaycan xalqında vətənə məhəbbət, ağır anlarında bir yumruq kimi birləşib doğma yurdumuzu müdafiə etmək, hətta canımızdan keçməyi siz veteranlar gənclərimizə  aşılayırsınız”. YAP Veteranlar Şurasının sədri söyləyib ki, azərbaycanlıların 1941-1945 –ci illərdə müharibə zamanı qəhrəmanlıqları hər zaman yaddaşlardadır.  İkinci Dünya müharibəsində yüksək şücaət göstərdiyinə görə 127 həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Bütövlükdə isə, orden və medallarla 170 minə yaxın vətəndaşımız təltif olunub. A.Rəhimzadə deyib ki, müharibə və əmək veteranlarının vətənə, dövlətə xidməti gənc nəsil üçün nümunədir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Fatma Səttarova  İkinci Dünya müharibəsində Azərbaycanın oğul və qızlarının qəhrəmanlığından, özünün də müharibə xatirələrindən bəhs edib. Fatma Səttarova ölkəmizdə müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. O, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən qürur duyduğunu, şanlı Azərbaycan Ordusu ilə fəxr etdiyini qeyd edib. Görüşdə həmçinin, Аzərbaycan Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və təşkilatın üzvləri İmran Əbilov və Tamleyxa Həsənov çıxış edərək ölkəmizin uğurlu inkişafından, Vətən müharibəsində qazanılan zəfərdən, eləcə də ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan danışıblar. Eyni zamanda, hər iki təşkilat arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.   

Hamısını oxu
“Bu tədbir bayrağımızın böyüklüyünü bütün əzəməti ilə gənc nəslin diqqətinə çatdırdı

Xəbər verdiyimiz kimi, 15 iyun "Milli Qurtuluş günü”nün 26-cı ildönümü münasibəti ilə Dövlət Sərhəd Xidmətində (DSX) "Vətənə xidmət-andımız, amalımızdır!” şüarlı möhtəşəm bayraq yürüşü təşkil edilib. Bu əlamətdar gün münasibəti ilə DSX-nın zabit və əsgərləri 5 km 100 metr uzunluğundakı Dövlət Bayrağını çiyinlərində daşıyıb, ümummili liderə, eləcə də Azərbaycan Bayrağına sevgi və sadiqliklərini bununla bir kəs daha nümayiş etdiriblər. Lakin təəssüflər olsun ki, DSX tərəfindən atılan bu addım sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən birmənalı qarşılanmayıb, bununla bağlı müsbət fikirlərlə yanaşı bəzi əsassız iddialar da səsləndirilib. Məsələ ilə bağlı Moderator.az-ın sualını cavablandıran Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov DSX-nin keçirdiyi bayraq yürüşünü təqdir etdiyini, bunun gənc nəsil üçün mənəvi-psixoloji baxımdan da faydalı addım olduğunu bildirib: “DSX-nın 5000 nəfərlik heyəti tərəfindən Azərbaycan Bayrağının bunca qürur və əzəmətlə daşınmasını müsbət qiymətləndirir, bunu sərhədçilərimizin, general və əsgərlərimizin bayrağımıza olan sevgisi kimi dəyərləndirirəm. DSX-nın bayraq yürüşü vətənə, bayrağa və ümummilli liderə sevginin təzahürüdür . Hesab edirəm ki, yüksək vətənpərvərlik nümunəsi sayılacaq bu və bu kimi addımların gənclərimizin vətənə və bayrağa sədaqət ruhunda yetişdirilməsi, onlara bayraq sevgisinin aşılanması baxımından da önəmlidir. Belə tədbirlər gənclərimizin mənəvi-psixoloji baxımdan vətənə məhəbbət ruhunda formalaşmasına kömək edir, bayrağın böyüklüyünü, ucalığını, onun dövlətimizin və millətimizin həyatındakı rolunu bütün əzəməti ilə diqqətə çatdırır.  Bu səbəbdən də DSX-nin keçirdiyi bayraq yürüşünü alqışlayır və bunu yüksək vətənpərvərlik sevgisinin növbəti təzahürü hesab edirəm. Əminəm ki, sərhədçilərimiz çiyinlərində daşıdıqları bu bayrağın keşiyində hər zaman olduğu kimi bundan sonra da əzmlə dayanacaq və onu daim yüksəklərdə dalğalandıracaqlar”.

Hamısını oxu
Faşizm üzərində qələbədə Azərbaycan xalqı müstəsna rol oynayıb

İyunun 22-də Hitler Almaniyasının SSRİ-yə hücumundan 79 il ötür. Yetmiş doqquz il bundan əvvəl qəfildən SSRİ-yə hücum edən faşistlər Şərqdə beş il davam edəcək müharibənin əsasını qoyub ki, bu müharibə faşist Almaniyasının özünün məğlubiyyəti ilə nəticələnib. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov faşizm üzərində Qələbədə Azərbaycanın və xalqımızın rolundan danışarkən deyib. Polkovnik Cəlil Xəlilov bildirib ki, 1941-ci il iyunun 22-də faşistlərin Pribaltikaya hücumu ilə SSRİ İkinci Dünya müharibəsinə cəlb olunub. SSRİ belə bir hücuma hazırlıqsız olduğu üçün müharibənin ilk illəri onun üçün xüsusilə ağır keçib. 1941-1942-ci illərdə faşist ordularının hücumları ilə geri çəkilməyə məcbur olan SSRİ həm insan, həm də ərazi baxımından böyük itkilər verib. Lakin 1942-ci ilin sonu, 1943-cü ilin əvvəllərində Sovet ordusu müharibənin taleyində dönüş yarada, faşist hücumlarını dəf edərək uğurlu əks-həmlələr təşkil etməyə başlayıb. Nəticədə müharibə 1945-ci il mayın 9-da faşistlərin tam məğlubiyyəti ilə nəticələnib. Cəlil Xəlilov deyib ki, faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan müstəsna rol oynayıb. Azərbaycanlılardan ibarət beş milli diviziya təşkil olunub ki, bu diviziyalar ağır və şərəfli döyüş yolu keçib, onların bəzisi Berlinədək gəlib çıxdı. 700 minədək azərbaycanlı əldə silah cəbhələrdə faşizmə qarşı böyük əzmkarlıqla mübarizə aparıb, 123 soydaşımız göstərdiyi qəhrəmanlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. “Azərbaycan xalqı arxa cəbhədə də böyük fədakarlıqlara imza atıb. Bakı nefti sovet hərb maşınının hərəkətini təmin edib. Tankların, təyyarələrin, digər artilleriya növlərinin yanacağa olan tələbatını yüksək keyfiyyətlə ödəyib. İnsanlarımız faşizmə qarşı mübarizəyə dəstək məqsədi ilə zinət əşyalarını belə orduya yardım fondlarına bağışlayıb. Nəticədə mütərəqqi bəşəriyyətin birgə səyləri nəticəsində faşizm məğlub olub. Əminəm ki, hazırda erməni faşizminin işğal siyasəti ilə üzləşən xalqımız bu problemin də öhdəsindən layiqincə gələcək, düşməni məğlub edərək ölkəmizin ərazi bütövlüyünü təmin edəcək. Tarixi keçmişimiz, milli maraqlarımız, beynəlxalq hüquq və ədalət bizdən məhz bunu tələb edir”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndə heyəti Füzulidə qocaman müharibə veteranlarına ərzaq yardımları çatdırıb.

Respublika Veteranlar Təşkilatının Gənclərin Hərbi Vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və Təşkilatın Mətbuat Xidmətinin əməkdaşı Şəhla Qarayeva Füzulidə rayon İcra Hakimiyyətində olublar. Nümayəndə heyətini qəbul edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ilk öncə qonaqları salamlayıb ,  Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası kimi çətin bir dönəmdə müharibə veteranları üçün başladılan ərzaq yardımı aksiyasını yüksək qiymətləndirib. Nümayəndə heyətinin və rayon Veteranlar Təşkilatının sədri Soltan Əliyevin iştirakı ilə ərzaq məhsullarından ibarət sovqatlar   Böyük Vətən Müharibəsi veteranlarına təhvil verilib. Məlumat üçün qeyd edək ki, “Biz birlikdə güclüyük!” çağırışına əsasən 245 müharibə veteranına dəstək olmaq məqsədilə ərzaq yardımlarının paylanılması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə həyata keçirilir.

Hamısını oxu