Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

General-polkovnik Tofiq Ağahüseynov: Azərbaycan əsgərinin ən güclü silahı onun sarsılmaz vətənpərvərlik ruhudur

Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi obyektlərini və döyüş texnikasını aşkarlayaraq məhv ediblər. Ümumiyyətlə, Ermənistan sistemli şəkildə cəbhə bölgəsində təxribatlar törədir. Baş verənlərə görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür. Cəbhədə baş verənlər Azərbaycan Ordusunun, Prezident, Ali Baş Komandan İlham Əliyevin və xalqımızın böyük nailiyyətidir. Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, bu barədə Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynov deyib. O qeyd edib ki, hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün güclü maddi-texniki baza və müasir silah-sursatla təmin olunan ordumuz məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşıb. İndi biz ordumuzda vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq. Ordumuzu məğlubedilməz edən “Öncə Vətəndir!” deyən oğullarımızdır. Ordumuzu yenilməz edən həm də onun güclü silah-sursata və texnikaya sahib olmasıdır. Azərbaycan əsgərinin ən güclü silahı onun vətənpərvərliyidir. Çünki əsgərlərimizin hərbi-vətənpərvərlik ruhu sarsılmazdır. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində düşmən əsgərləri artıq silahlarını döyüş meydanında qoyub qaçırlar. Tofiq Ağahüseynov bildirib ki, bu gün Azərbaycan Ordusunun cəbhədəki uğurları, düşmənlə təmas xəttində vətənpərvər əsgərlərimizin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizə sevinc hissi yaşadır. Artıq Azərbaycan xalqının illərdir gözlədiyi Böyük Qələbənin işartısı görünür. Hər kəsdə ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz ordumuzu qələbəyə ruhlandırır. Hamı inanır ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaqlarımızdan qovacaq, bizə zəfər bayramı yaşadacaq. “İndiki həssas məqamda Azərbaycan xalqını, cəmiyyətin bütün təbəqələrini fikir ayrılıqlarını bir kənara qoyaraq Ali Baş Komandanın ətrafında sıx birləşməyə çağırıram. Biz birlikdə güclüyük. Bu gün çoxsaylı veteranlarımız da Prezident İlham Əliyevin əmrlərinə hər an müntəzirdir. İşğal altındakı torpaqlarımızın azad olunmasında ölümə getməyə tərəddüd etməyən veteran ordusu Vətənimiz uğrunda döyüşməyə hazırdır”, - deyə general-polkovnik T.Ağahüseynov vurğulayıb.

2020-09-29 00:00:00
323 baxış

Digər xəbərlər

Azərbaycanın sosial dövlət və vətəndaşa xidmət nümunəsi

COVİD-19 pandemiyasının dünyaya gətirdiyi xəstəlik və sosial-iqtisadi çətinliklər hər bir ölkə üçün sınaq mərhələsi oldu. Bu sınaq həm də böyüklüyündən, yaxud kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərin həm vətəndaşına münasibətini, həm də təbii fəlakətlər qarşısında xalqını necə qoruduğunun nümayişi idi. İstər inkişaf etmiş Qərb dövlətləri, istər Asiyanın böyük ölkələri bu sınaqdan çıxa bildilərmi? Sualın cavabı müəmmalı olaraq qalır, xüsusilə milyonlarla insanın işsiz qalması, aclıq və yoxsulluğun pandemiya dövründə sürətlə artması faktları fonunda...Azərbaycan çox az ölkələrdən biridir ki, bu sınaqdan üzüağ çıxdı və sosial dövlət, vətəndaşa xidmət nümunəsini sərgilədi. Əksər ölkə vətəndaşının sosial təminatının taleyini düşünmədən, “Evdə qal” addımları atarkən, bəzən daha da sərt tədbirləri həyata keçirərkən, Azərbaycan dövləti vətəndaşın sağlamlığını qorumaqla yanaşı, onun sosial təminatını da unutmadı. Və “Evdə qal” deməklə qalmadı, həm də dövlət dəstəyi vətəndaşın evinə qədər aparıldı.Pandemiya ilə əlaqədar məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirlər, atılan addımlar faktlarda öz əksini tapır.Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb.Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3,5 milyard manatdır. Bu, dünya səviyyəsində pandemiya ilə mübarizə çərçivəsində ən yüksək sosial dəstək paketlərindən biridir.Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir:- Dövlət və özəl sektorda muzdla çalışanların iş yerlərinin və əməkhaqqı gəlirləri qorundu;- Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilir;- Özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verildi və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb;- 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edildi;- Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramı icra edildi;- Məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırıldı, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub;- Özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailə (50 min ailə üzvü) kiçik təsərrüfatların qurulması işləri aparılır;- 85 min ailənin 350 mindən çox üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur;- 100 minədək aztəminatlı ailə (400 min ailə üzvü) ərzaq yardımı ilə təmin edildi;- 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi əhatə olunması işləri aparılır.İş yerlərinin və əməkhaqlarının qorunmasıDövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Elektron sistem üzərindən prosesə gündəlik nəzarət edilir. Əmək müqaviləsi sayında azalma deyil, əksinə, artım baş verib: 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751,3 minə çatıb. Əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda 8,24 faiz artım baş verib, o cümlədən özəl sektor üzrə bu artım 14 faizdən çoxdur. 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilib və təqribən 300 min fərdi sahibkara dəstək verilib.Əhalinin məşğulluq imkanlarının artırılmasıDövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub.Prezident İlham Əliyevun tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi monitorinqlər aparılır, işçilərin işə davamiyyəti, xüsusilə işçilərin əməkhaqqı kartlarının özlərində olub-olmaması yoxlanılır. Şəffaflığın, ictimai nəzarətin təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb.Birdəfəlik ödəmə proqramıİşsizlər və xüsusi karantin rejiminə görə işini itirən, qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı icra olunub. Dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılıb və 600 min şəxsi əhatə edib. Həmin şəxslərə aprel-may ayları üzrə ölkə üzrə yaşayış minimumu səviyyəsində (aylıq 190 manat) birdəfəlik ödəmə verilib. Bu məqsədlə 229 milyon manat sərf olunub. Əlavə olaraq, sonralar sərt karantin rejimi tətbiq edilən 16 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax, Abşeron Goranboy, Göygöl, Mingəçevir, Bərdə, Xaçmaz, Samux, Siyəzən, Şəki) üzrə 290 minə yaxın şəxs 190 manat ödənişlə təmin edilib, bu məqsədlə 55 milyon manat vəsait sərf olunub.İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsiİşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndirilir. Hazırlanmış yeni qanunverciilik layihəsində əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişinin şamil edilməsi təklifi qeyd edilib. 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur.İşsizlikdən sığorta və peşə hazırlığı kurslarının müdavimlərinin sosial müdafiəsiİşsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılıb. Həmçinin NK-nın qərarı ilə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti artırılıb.Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsiDövlət başçısının tapşırığı ilə 2020-ci il üzrə 12 min ailənin (50 min ailə üzvü) özünüməşğulluq proqramına cəlb edilməsi işləri aparılır. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. 2021-ci ildə proqramın əhatə dairəsi daha da genişlənəcək. 28 iyul 2020 tarixədək artıq 4200-ə yaxın şəxs proqrama cəlb edilib.Nazirlər Kabinetinin 25 iyul 2020-ci il tarixli yeni Qərarı ilə özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin 2020-ci ildə bu məqsədlə təşkil olunan təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunmaları nəzərdə tutulur. Bu da özünüməşğulluq proqramının icrasının yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə də ardıcıl şəkildə davam etdirilməsinə imkan yaradır. Həmin şəxslərə yerli məşğulluq orqanlarının köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında material, avadanlıq və digər əmlak veriləcək.Qərara əsasən, xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb olunmasını təmin edəcək. Bununla əlaqədar Nazirlik özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını da sürətləndirəcək.Proqramın genişləndirilməsində Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir (hər il 250 ailə). Banklarla da əməkdaşlıq həyata keçirlir. Aprelin 8-də banklar tərəfindən proqram iştirakçılarına aktivlər verilməsi işləri aparılır və prosesə qoşulan bankların sırası getdikcə genişlənir. Dünya Bankı və Azərbaycan Hökuməti arasında ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlığı nəzərdə tutan “Məşğulluğa Dəstək Layihəsi” üzrə kredit sazişi imzalanıb. 2020-2025-ci illəri əhatə edən layihə üzrə bu müddətdə həssas əhali kateqoriyalardan olan 22 min işsiz şəxsin (o cümlədən 2 min nəfərinin 2020-ci il üzrə) proqrama cəlb edilməsi və kiçik biznesinin yaradılması nəzərdə tutulur. BMT-nin İnkişaf Proqramı ilə birgə layihə üzrə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstək verilir. Layihə çərçivəsində bir sıra bölgələrdə əlilliyi olan şəxslərə aktivlərin verilməsi prosesinə başlanıb və davam edir.Xüsusi həssas təbəqələrin sosial müdafiə tədbirlərinin gücləndirilməsiDövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatı əhaliyə sosial ödənişlərin davamlılığı təmin etməyə yönəldildi. Bu ödənişləri (pensiya, müavinət təqaüd, kompensasiya, ünvanlı sosial yardım) 2,3 milyon şəxs alır.Ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsiXüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın müddəti uzadılıb. Nazirlər Kabinetinin 23 iyun 2020-ci il tarixli Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə bu yardımın, habelə əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alan ailələrin sayı artmaqda davam edərək, son aylarda isə 15 minədək artaraq 85 min olub. Onlarda ümumilikdə 350 mindən çox ailə üzvü var. Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur. Eyni zamanda, ünvanlı sosial yardımla bağlı qanunvericilikdə sadələşdirmə və şərtlərin yumşaldılması üçün hazırlanmış qanun layihəsi parlamentdə qəbul olunub və Prezident İlham Əliyev iyulun 14-də həmin qanunu - “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Qanuna əsasən tətbiq edilən yeniliklər proqramın daha da genişlənməsini şərtləndirəcək.2020-ci ilin 6 ayı dövründə dövlətin vətəndaşlara sosial dəstəyi rəqəmlərlə:- 1,3 milyon nəfərə yaxın şəxsin pensiyaları üçün 2 milyard 250 milyon manat vəsait xərclənib - (2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 milyon manat və ya 24,09 faiz çox);- 743 min nəfərə sosial müavinət və təqaüd üçün - 475 milyon manat xərclənib - (2019-cu ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çox);- 85 minə yaxın ailənin 350 mindən çox üzvünə ünvanlı dövlət sosial yardımın verilməsi məqsədilə 105 milyon manat xərclənib - (2019-cu ilin müvafiq dövrünə nisbətən 40,4 milyon manat və ya 62 faiz çox);- Aprel-may aylarında 600 min şəxsə aylıq 190 manat birdəfəlik ödəmə üçün 229 milyon manat vəsait xərclənib;Ümumilikdə bu tədbirlər 3 milyon vətəndaşı əhatə edib və 3 milyard 59 milyon manat vəsait ödənilib. Bu, 2019-cu ilin müvafiq dövrünə nisbətən 860 milyon manat və ya 40 faiz çoxdur.Bununla yanaşı, yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılıb. 15 000-dən çox tənha yaşlı sosial xidmətlərlə əhatə olunub. Həmçinin, sosial tərəfdaşlar vasitəsilə artıq 100 min ərzaq payı aztəminatlı ailələrə (400 min ailə üzvü) verilib. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dək şəxs stasionar şəraitdə sosial xidmətlər təmin olunur.Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manat təşkil edib.Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi, vergi, sığorta, kredit güzəştləri üzrə icra olunan paketlər çərçivəsində də 100 minlərlə insana dəstək verilir.Bütün bunlar Azərbaycanın sosial dövlət nümunəsidir və həyata keçirilən tədbirlər Prezident İlham Əliyevin “Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır” fikrinin bariz təzahürüdür.Asif

Hamısını oxu
“Multikulturalizmin Azərbaycan nümunəsi: Multikulturalizmin inkişafı və beynəlxalq platformaya çevrilməsi başlıca məqsəddir”

  “Multikulturalizmin Azərbaycan nümunəsi: Multikulturalizmin inkişafı və beynəlxalq platformaya çevrilməsi başlıca məqsəddir” Multikulturalizmin Azərbaycanın dövlət siyasətinə, o cümlədən xalqımızın həyat tərzinə çevrilməsi ölkəmizin mühüm uğuru, zəngin mənəvi sərvətidir. Azərbaycanda multikultural dəyərlər əsrlərə söykənir. Böyük Vətən müharibəsində iştirak edən veteranlar tolerantlığa, multikultural dəyərlərə sadiqliklərini fəaliyyətləri ilə nümayiş etdiriblər. Bu fikirlər martın 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Multikulturalizmin Azərbaycan nümunəsi: Multikulturalizmin inkişafı və beynəlxalq platformaya çevrilməsi başlıca məqsəddir” mövzusunda keçirilən elmi-praktiki konfransda səsləndi. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev müxtəlif mədəniyyətlərin qarşılıqlı hörmət və etimad şəraitində bir arada yaşadığı multikultural cəmiyyətin Azərbaycanda tarixən mövcud olduğunu vurğulayıb. Bildirib ki, dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni inkişafına mühüm şərait yaradan multikulturalizm xalqlar arasında qarşılıqlı anlaşmanın, dostluq və əməkdaşlığın dərinləşdirilməsinin əsas təməllərindən biridir. Azərbaycanda bu münasibətlər daim qorunub, xalqlar və insanlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına yüksək diqqət göstərilib. Müxtəlif sivilizasiyaların qovşağında yerləşən Azərbaycan əsrlər boyu ayrı-ayrı millətlərin və mədəniyyətlərin inkişaf etdiyi ölkə kimi tanınıb. Xüsusilə son 20 ildə ölkəmizdə bu dəyərlər dövlət səviyyəsində himayə edilir. D.Rzayev diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Fərmana əsasən, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması ölkədə multikultural mühitin daha da inkişafına mühüm töhfə verib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi Azərbaycanda mədəniyyətlər və dinlərarası dialoq mühitinin yeni səviyyəyə qaldırılmasına imkan verəcək. Veteranlar Təşkilatı da həmin Sərəncamdan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün potensialını səfərbər edib. Bu məqsədlə qurum tərəfindən təhsil ocaqlarında, yerli təşkilatlarda veteranların iştirakı ilə bir sıra tədbirlərin təşkili planlaşdırılır. Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov Xidmətin ölkəmizdə multikulturalizm dövlət siyasətinin həyata keçirilməsi, dinlərarası dialoqun inkişaf etdirilməsi sahəsində fəaliyyəti haqqında iştirakçılara məlumat verib. O bildirib ki, multikulturalizm ölkəmizdə dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Azərbaycanda multikultural dəyərlərin qədim tarixi olduğunu vurğulayan C.Məmmədov ölkəmizdə tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh, dostluq şəraitində yaşadıqlarını bildirib. Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinə dövlət tərəfindən qayğı göstərilir. 2016-cı ilin Azərbaycanda “Multikulturalizmi ili” elan edilməsi yüz illərdir digər dinlərə və mədəniyyətlərə hörmət edən və bunu bir yaşam tərzi olaraq mənimsəyən xalqımızın beynəlxalq birliyə verdiyi sülh çağırışıdır. Bu gün Azərbaycandakı multikulturalizm, tolerantlıq modeli dünyaya nümunədir. Dünyada sülhün bərpası üçün Azərbaycan multikulturalizmi modelinin tətbiqi gözəl nəticələr verə bilər. Ölkəmizdə multikulturalizm ənənələrinin təbliği üçün müxtəlif tədbirlər keçirilir, Azərbaycan multikulturalizmi fənni tədris olunur. Sevindirici haldır ki, veteranlarımız da multikulturalizm dəyərlərinin təbliğinə əhəmiyyətli töhfə verirlər. Respublika Veteranlar Təşkilatının sədr müavini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Multikulturalizm təhlükəsizliyin təminatında mühüm vasitədir”, Respublika Veteranlar Təşkilatının daimi komissiyasının sədri Zahiddin Abbasov “Multikultural dəyərlər, tolerantlıq – Azərbaycanın dünyaya ixrac edilə bilən qiymətli sərvətidir”, Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Multikulturalizm və tolerantlıq – Azərbaycan cəmiyyətinin həyat tərzidir”, AMEA-nın Ədəbiyyat İnstitunun Elmi Katibi, filologiya elmleri doktoru, professor Bədirxan Əhmədov “Azərbaycan ədəbi fikrində multikulturalizm və tolerantlıq” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə və çıxışlarda multikultural təhlükəsizlik anlayışı, ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmini, dövlət siyasətində dini müxtəlifliyin cəmiyyətdə tənzimlənməsi məsələləri barədə söhbət açılıb. Qeyd edilib ki, Azərbaycanda multikulturalizmin dövlət siyasəti kimi olmasının ölkəmizin inkişafında müstəsna rolu var. Əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu multikulturalizm siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Multikulturalizmin vətəndaşların həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Tolerantlığın Azərbaycan nümunəsi göstərir ki, multikulturalizmin alternativi yoxdur.

Hamısını oxu
Veteranlar Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə səfər edib

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının müraciətinə əsasən təşkilatın bir qrup üzvü Müdafiə Nazirliyinin hərbi hissələrindən birinə səfər edib.Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun başçılıq etdiyi veteranlar qrupu hərbi şəhərciyi gəzib, qərargah binasında və digər obyektlərdə yaradılmış yüksək xidməti şəraitlə tanış olub, hərbi aşpazlar kursunun məşğələsində iştirak edib və şəxsi heyətlə görüşərək onların problem və qayğıları ilə maraqlanıblar. Akt zalında keçirilən görüş zamanı veteranlar bu hərbi hissənin timsalında müasir Azərbaycan Ordusunun son illərdəki inkişaf və qüdrətlənməsinin şahidi olduqlarından qürür hissi keçirdiklərini bildiriblər.Laçın rayon Veteranlar Təşkilatının sədri, Böyük Vətən müharibəsi veteranı, 97 yaşlı Əlikişi Cümşüdov, Nəsimi rayon Veteranlar Təşkilatının sədri İsmayıl Fərəcov, İkinci Dünya müharibəsinin hərbi təyyarəçisi Damət Nəbiyev, idman veteranı, 16 qat dünya və Avropa çempionu olmuş Hacı Məhəmməd Müslümzadə çıxış edərək hərbi hissədə gördüklərindən məmnun qaldıqlarını vurğulayıb və Azərbaycan əsgərinin müdrik və qətiyyətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında respublikamızın ərazi bütövlüyünü təmin etmək üçün istənilən əmri yerinə yetirməyə hazır olduqlarına əminliklərini qeyd ediblər.Əfqanıstan və Qarabağ müharibəsinin veteranı, istefada olan polkovnik Adil Haqverdiyev 1994-cü ildə Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə başlanan və komandanlığı altında uğurla nəticələnən məşhur “Horadiz əməliyyatı”nda iştirakını yada salıb və bu qələbənin 22 ildən sonra, 2016-cı ilin aprelində cənab İlham Əliyevin rəhbərliyi altında yenidən təkrar olunduğunu iftixar hissi ilə qeyd edib. “Mən əslən Qusar rayonundanam. Vətən təhlükədə olanda ölkəmizin digər bölgələrinin igid oğulları ilə yanaşı biz qusarlılar da bir nəfər kimi ayağa qalxdıq. Qarabağ uğrunda döyüşlərdə 60 nəfərdən çox şəhid verdik. Onların sıralarında Milli Qəhrəmanlarımız da var. Biz bu gün də Vətən uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazırıq. Silahlı Qüvvələrdən tərxis olunduğum üçün bir neçə ildir ki, hərbi hissələrdə olmurdum. Ancaq bu gün gördüklərim sözün həqiqi mənasında məni heyrətləndirdi. Kim ki, bu inkişafı, bu tərəqqini görmür, qiymətləndirmir yazıq onların halına. Heç olmasa, Ermənistan ordusunda nələr baş verdiyini, ölkəni bürüyən əsgər valideynlərinin etiraz dalğasını, ordudakı özbaşınalıqları görsün və ordumuzun qədrini bilsinlər. Azərbaycan inkişaf yolundadır və Ordumuz günü-gündən daha da qüdrətlənir, maddi-texniki bazası möhkəmlənir, şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik hissi yüksəlir. Ordumuz dövlət başçımızın daim diqqət mərkəzindədir və Müdafiə Nazirliyinin rəhbərliyi qarşısına qoyulmuş tapşırıqları layiqincə yerinə yetirir”- ötən əsrin 90-cı illərinin əvvəllərində üç qardaşı ilə birlikdə Qarabağ uğrunda döyüşlərə könüllü yollanmış ehtiyatda olan polkovnik Bəhram Ağakişiyev deyib. Hərbi qulluqçulardan Ədalət Hacıyev, Əbülfət Xəlilov, Humay Akiyeva çıxış edərək qonaqları əmin ediblər ki, onlar ata və babaların qəhrəmanlıq ənənələrini bundan sonra da şərəflə davam etdirəcək, Azərbaycanın hərb tarixinə daha parlaq səhifələr yazacaqlar.Tədbirin sonunda Müdafiə Nazirliyinin əməkdaşı, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Respublika Veteranlar Təşkilatının növbəti təşəbbüsünü də yüksək qiymətləndirib və onlara minnətdarlığını bildirib. Qonaqlara hərbi hissənin komandanlığı adından xatirə hədiyyələri təqdim edilib.

Hamısını oxu
Paytaxtda yaşayan müharibə veteranlarına ərzaq sovqatları paylanılıb

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır. Böyük və ümumi Qələbənin qazanılmasından 75 il ötsə də, həmin müharibədə misilsiz şücaət göstərmiş qəhrəmanlarımızın xidmətləri heç vaxt unudulmur. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı da mütəmadi olaraq müharibədə iştirak etmiş veteranlara və onların ailə üzvlərinə diqqət və qayğı göstərir, sosial problemləri ilə maraqlanır. AZƏRTAC xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımlarının paylanılması aksiyası həyata keçirilir. Aksiya Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə reallaşdırılır.

Hamısını oxu