Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Paytaxtda yaşayan müharibə veteranlarına ərzaq sovqatları paylanılıb

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır. Böyük və ümumi Qələbənin qazanılmasından 75 il ötsə də, həmin müharibədə misilsiz şücaət göstərmiş qəhrəmanlarımızın xidmətləri heç vaxt unudulmur. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatı da mütəmadi olaraq müharibədə iştirak etmiş veteranlara və onların ailə üzvlərinə diqqət və qayğı göstərir, sosial problemləri ilə maraqlanır. AZƏRTAC xəbər verir ki, koronavirus (COVID-19) pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üçün ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində 245 nəfər müharibə veteranına iyulun 4-dən etibarən ərzaq yardımlarının paylanılması aksiyası həyata keçirilir. Aksiya Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə reallaşdırılır.

2020-09-02 00:00:00
3538 baxış

Digər xəbərlər

Ulduz Səttar oğlu Kəngərli

Ulduz Səttar oğlu Kəngərli (Kəngərlinski) 1924-cü il sentyabr ayının 28-də İrəvanda anadan olmuşdur.  1941-ci ildə 9-cu sinfi bitirdikdən sonra, artilleriya hərbi məktəbinə daxil olmuş, sonra zabit rütbəsində Ukrayna cəbhəsinə göndərilmişdir. 1947-ci ildə ordu sıralarından qayıtdıqdan sonra, Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1952-ci ildə (indiki Neft Akademiyası) Energetika fakültəsini, 1958-ci ildə isə Azərbaycan EA-nın aspiranturanı bitirmiş, namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsini almışdır. 1958-1961-ci illərdə Sumqayıt şəhərindəki Elmi-Tədqiqat "Neftkimyaavtomat" Layihə İnstitutunda şöbə müdiri və Elmi-Tədqiqat Neft İnstitutunda laboratoriya rəhbəri işləmişdir. 1961-ci ildə Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) onun rəhbərliyi ilə radiotexnika, elektronika və rabitə kafedrası təşkil edilmişdir. Bu sahədə onun ilkin yaratdığı kafedra əsasında 7 yeni kafedra təşkil edilmiş və universitetdə iki radiotexnika və telekommunikasiya və rabitə fakültələri fəaliyyət göstərmişdir. Alim radioelektronika sahəsində tədqiqatlar aparmış, 17 dərslik və dərs vəsaitinin 218 elmi əsərin, 12 ixtiranın müəllifidir. 1983-cü ildə çap olunmuş "Rusca-azərbaycanca-ingiliscə radioelektronika terminləri lüğəti"nin (Cəmilə Kəngərli ilə birlikdə) müəllifidir. Ulduz Kəngərlinin yerinə yetirdiyi elmi-tədqiqat işlərinin nəticələri respublikanın müxtəlif sənaye müəssisələrində geniş tətbiq edilmişdir. Ulduz müəllim respublikada elmipedaqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirmiş, kafedranın əməkdaşlarının elmi səviyyələrinin artmasına şərait yaratmışdır. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində böyük xidmətlərinə görə Böyük Vətən müharibəsi veteranı (bir sıra orden və medallarla təltif edilmişdir), əmək veteranı, texnika elmləri doktoru (1969), professor (1970). Ulduz Səttar oğlu Kəngərli 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti və kollektivi İkinci Dünya müharibəsi veteranı Ulduz Səttar oğlu Kəngərlinin vəfatindan kədərlənir, yaxınlarlna dərin hüznlə baş sağlığı verir. Allah rəhmət eləsin.

Hamısını oxu
Operativ Qərargah: Azərbaycanın dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət mayın 31-dək uzadılır

Hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salmışdır. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildiriblər ki, COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 2020-ci il mayın 31-dək uzadılıb.

Hamısını oxu
DTX-dən vətəndaşlara MÜRACİƏT: Cəbhədəki vəziyyətlə bağlı

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər. Bu barədə Publika.az DTX-nin saytına istinadən xəbər verir. Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır.   Anonim profillərlə onlara edilmiş bu qəbil müraciətlər, sosial şəbəkə yazışmaları və mesengerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir. Saxta adlar və müxtəlif kommunikasiya kanalları ilə Azərbaycan vətəndaşlarına ünvanlanmış kəşfiyyat-təxribat xarakterli müraciətlərlə əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi internet səhifəsi (www.dtx.gov.az), əlaqə telefon (+99412 405 99 99) və qaynar xətt (+99412 1656) nömrələri, habelə DTX-nin rəsmi sosial şəbəkə resursları (https://www.facebook.com/DTXAzerbaijan, https://www.instagram.com/azerbaijandtx və https://twitter.com/DTX_Azerbaijan), WhatsApp və Telegram (+994 77 405 99 99) vasitəsilə məlumat verilməsi xahiş olunur. Unutmayaq ki, hər hansı məsuliyyətsiz davranışdan çoxlu sayda hərbi qulluqçumuzun və mülki şəxsin həyat və sağlamlığı təhlükə altına düşə bilər.

Hamısını oxu
27 sentyabr - Anım Günü ilə əlaqədar Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

27 sentyabr - Anım Günü ilə əlaqədar Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib. Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, YAP Şəki rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət ediblər, şəhid məzarları önünə əklil və gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Sonra Şəhidlərin Xatirə Kompleksinin qarşısında anım tədbiri keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anası Zəminə Ağakişiyeva, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Zaur Mustafayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı zəfər yürüşü tarixi Qələbə ilə başa çatmışdır. Şəhid ruhlarına, şəhidlərin doğmalarına dərin ehtiram əlaməti olaraq dövlət başçısı hər il sentyabr ayının 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Vurğulanıb ki, qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində əldə olunmuşdur. Diqqətə çatdırılıb ki, bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə yüksək diqqət və qayğı göstərilir, onlar dövlət tərəfindən hərtərəfli himayə olunurlar. Vurğulanıb ki, torpaq uğrunda həyatından keçən şəhidlərimizin fədakarlığı daim xalqımızın yaddaşında yaşayacaqdır. Saat 12:00-da tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Qeyd edək ki, Anım Günü ərəfəsində Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri şəhidlərin məzarlarını ziyarət etmiş, şəhid ailələri ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışlar, şəhid ailələrinə və qazilərə maddi köməklik göstərilmişdir.  

Hamısını oxu