Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib. AZƏRTAC videomüsahibəni təqdim edir. -Hər vaxtınız xeyir. Biz Bakıdayıq və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşürük. Mən, Yuliya Şarifulina TASS agentliyi adından cənab Prezidentə Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı bir neçə sual verəcəyəm. - Salam, cənab Prezident. Prezident İlham Əliyev: Salam. - Sağ olun ki, bizi qəbul etməyə razılıq vermisiniz. Aydındır ki, son vaxtlar Siz kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr vermisiniz. Lakin vəziyyət sürətlə dəyişir. Biz bunu hər gün müşahidə edirik. Biz bəlkə də hələ zamana uyğun olmayan və Sizin ölkənin mövqeyini daha yaxşı anlamaqda bizim auditoriyaya kömək edəcək bəzi baza məsələləri üzərində daha ətraflı dayanmaq istərdik. Biz hamımız Moskvada 11 saatlıq danışıqlar marafonunun şahidləri olduq. Siz necə hesab edirsiniz, əldə olunmuş atəşkəsin tamamilə yerinə yetirilməsinə qayıtmaq mümkündür, yoxsa həmin atəşkəs tamamilə pozulub? - Biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və hazırlaşırdıq. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozdu. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni, Ermənistan atəşkəsi nümayişkaranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi. Bundan əvvəl, həlak olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi məqsədilə atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermənistan döyüş meydanında da atəşkəs rejimini pozurdu. Lakin görünür, onlar bununla kifayətlənmədi və Gəncə şəhərinə hücum etdilər. Yeri gəlmişkən, yaxın vaxtlarda, iki gün bundan əvvəl onlar eyni cür hərəkət etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu, beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək. BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər. Vəziyyətin hələ də qaynar fazada olması bizim təqsirimiz deyil. Mən dəfələrlə demişəm ki, Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat nümayəndələri ilə əlaqələrim çərçivəsində təsdiq etmişəm ki, əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin Yerevandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddir. Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Prinsip etibarilə, Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib. Bu prosesi zəiflətməyə yox, məhz pozmağa. Mən onların çoxsaylı bəyanatları, təhrikçi hərəkətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də, əgər erməni tərəfi nəhayət başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq. - Sizin ölkəniz hərbi xətt üzrə təcili görüş keçirilməsinin zəruri olması fikrinə razıdırmı? Rusiya bunu deyir. Yəni, əgər Sizin ölkə razıdırsa, onda həmin görüş hansı formatda, hansı tərəflərin iştirakı ilə keçirilə bilərdi? - Bilirsinizmi, indiki halda birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq. Hərbçilər arasında əlaqələr məsələsinə gəldikdə isə bu məqamlar baza prinsiplərində dəqiq müəyyən edilib və biz baza prinsiplərinə sadiqik, onların barəsində danışmışam, zənnimcə, təkrarlamağın mənası yoxdur. Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb. Ermənistan tərəfi də müxtəlif mərhələlərdə bütün bunlara razılıq verib. Buna görə indi sizin müraciət etdiyiniz məsələ baza prinsiplərində razılaşmanın sonundadır. İşğala son qoyulması ilə bağlı bütün məsələlər nizamlandıqda xarici sülhməramlı qüvvələrin iştirakı nəzərdə tutulurdu. Lakin nizamlanması tələb edilən əsas məsələlər razılaşdırılmadığına görə, tərəflər bu məsələyə hələ də başlamayıblar. Buna görə həmin qüvvələrin kimlərdən ibarət olacağı, orada hansı beynəlxalq qurumların, hansı ölkələrin təmsil olunacağı barədə dəqiq anlayış yox idi. Odur ki, bütün bu məsələlər müzakirə edilmirdi. Lakin aydın idi ki, sülhməramlı qüvvələrin tərkibi Azərbaycan və Ermənistan ilə razılaşdırılmalıdır. Həmin qüvvələrin dislokasiya yerləri də müəyyən edilməmişdir. Ona görə, bu gün təmas xəttinin olmadığı, status-kvonun pozulduğu, - onu biz pozmuşuq və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Biz bu bəyanatları eşitmişik, lakin onların implementasiyasını görməmişik. Buna görə biz özümüz onu implementasiya etdik. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdur. Hərbi müşahidəçilər texniki baxımdan necə və harada yerləşdirilə bilər? Axı, döyüş meydanında vəziyyət hər gün dəyişir. Hansısa xarici müşahidəçilər oraya gələndə harada dayanacaqlar? Haradasa dağlarda, vadilərdə, körpülərin üstündə? Yəni, bütün bunlar çox ətraflı işlənib hazırlanma tələb edir. Bu, öz hərbi kontingentini oraya göndərməyi lazım bilənlər üçün böyük riskdir. Ona görə də bütün bunlar - sülhməramlıların tərkibi, mandatı, müddəti, məqsədləri razılaşdırılmalıdır. Əlbəttə, bütün bunlar baza prinsipləri çərçivəsində olmalıdır, həmin prinsipləri isə artıq dediyim kimi, biz qəbul edirik, amma erməni tərəfi təkzib edir. - Lakin hər halda, vəziyyət tələb edərsə, Sizin ölkəniz rusiyalı hərbi müşahidəçilərin yeridilməsinə razılaşarmı? Əgər rusiyalılar olmasa, bu missiyada daha hansı ölkələr iştirak edə bilərdi? Siz hansı ölkələrin iştirakına qəti etiraz edərdiniz? - Bilirsiniz, ABŞ və Fransa kimi Rusiya da ATƏT-in Minsk qrupunun həmsədridir və bu mandat çərçivəsində ölkələr öz arasında çox sıx qarşılıqlı fəaliyyət göstərir. İndi, münaqişənin qaynar fazası dövründə mən həm Qərb mətbuatında, həm də Rusiya mətbuatında müşahidə edirəm ki, Dağlıq Qarabağ məsələsi həmin ölkələr arasında fikir ayrılığı doğurmayan yeganə məsələdir. Yəqin ki, bu, həqiqətən belədir. Ona görə ki, haraya baxsaq hər yerdə sanksiyalar, qarşıdurmalar, narazılıqlar və sair, özü də qarşılıqlı. Buna görə, əlbəttə, mən əminəm ki, həmsədrlik formatı çərçivəsində bu məsələ həmin ölkələr arasında razılaşdırılmalıdır. Bu məsələ razılaşdırılandan sonra tərəflərə təqdim edilməlidir. Yəni, bütün bunlar baza prinsiplərində də nəzərdə tutulmuşdur. Ona görə sülhməramlıların və ya indi adlandırmaq istədikləri kimi desək, müşahidəçilərin kimlər olacağını biz müəyyən etməyəcəyik. Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcəklər. Azərbaycan və Ermənistan isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. Buna görə mən düşünmürəm ki, bu məsələnin birtərəfli qaydada həlli hansısa hərbi kontingentin müəyyən edilməsi üçün üç həmsədr ölkə arasında əməkdaşlığın ruhuna uyğun olardı. Ən başlıcası, onlar harada olacaq? Budur məsələ. İş onda deyil ki, Azərbaycan razılaşacaq və ya razılaşmayacaq. Biz mandatı - onun, necə deyərlər zaminini, funksiyalarını, yerləşdiyi məkanı, fəaliyyətini bilməliyik. Onlar dağlarda və ya boş bir sahədə dayanıb kimin haraya atəş açmasını müşahidə edəcəklər? Əvvələn, bu, təhlükəlidir. İkincisi, məsələn, atəşkəsi kimin pozduğunu müşahidə etmək üçün hətta onu kimin pozduğu müəyyən edilsə belə, sonra nə olsun? Həmin insanları məsuliyyətə cəlb edəcəklər? Hansısa cinayət işləri açılacaq? Buna görə, ilk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi, baş nazirin şəxsində bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir. Erməni tərəfi isə baş nazirin şəxsində hər şeydən danışır, amma bu barədə danışmır. Rusiya KİV-lərinin nümayəndələri ilə bizim paralel əlaqələrimiz çərçivəsində mən aydın demişəm ki, biz işğala son qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiqik. Ermənistanın baş naziri yalnız təyini-müqəddərat barədə danışır. Yəni o, bu prinsipləri qəbul etmir, daha əvvəl özünün “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə əslində, danışıqlar prosesini pozub. Onda bizə nə təklif edilir? 30 il mövcud olmuş və heç bir nəticəyə gətirib çıxarmamış status-kvoya yenidən qayıtmaq? Əgər biz görsək ki, erməni tərəfi deyir: bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ikincisi, biz baza prinsiplərinə sadiqik, üçüncüsü, biz işğal edilmiş ərazilərdən öz qoşunlarımızı çıxarmağa razıyıq. Bax, onda gəlin müşahidəçilər məsələsini müzakirə edək. Mənim fikrimcə, bu məsələ tezliklə razılaşdırıla bilər. Lakin bunlar olmadıqda, bizə mahiyyət etibarilə nə təklif edilir? Dayanmaq? Bizim ərazilərimizin işğaldan azad olunmasını davam etdirməmək? Bizə təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir. Bu, ədalətsizlikdir. Hesab edirəm ki, Azərbaycana münasibətdə bu, düzgün olmayan yanaşmadır. Qoy, erməni tərəfi desin, qoy, Ermənistanın çox danışmağı xoşlayan və çox vaxt danışdıqları ölkəsinə çox baha başa gələn baş naziri desin ki, bəli, torpaqlar işğaldan azad ediləcək, qoşunlar çıxarılacaq. Mən qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikinin verilməsini də təklif etmişdim. Sonra biz Moskvada birgünlük danışıqlar çərçivəsində bunu etməyin texniki baxımdan mümkün olmadığını başa düşdük və bu mövqedən geri çəkildik. Bununla belə, biz Ermənistan tərəfinin öz qoşunlarını işğal altında olan ərazilərdən çıxarmağa hazır olmasını eşitmədik. Bu, baş verən kimi belə adlandırılan müşahidəçilər məsələsinə baxıla bilər. - Prinsip etibarilə nizamlamanın ardıcıllığı barədə danışmalı olsaq, Azərbaycanda yeddi rayonun mərhələli şəkildə Azərbaycana qaytarılması, lakin Qarabağın qəti statusu müəyyən edilənə qədər Laçın dəhlizinin Ermənistanın nəzarəti altında saxlanılması şərti ilə nizamlamaya başlamağa razıdırlarmı? - Bilirsiniz, axı bütün bunlar baza prinsiplərində yazılıb və biz bunu qəbul etmişik. Bizim mövqeyimiz həmişə çox konstruktiv olub və biz həmişə demişik ki, bəli, biz anlayırıq, insanlar arasında əlaqə olmalıdır və Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyalar açılır. Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq. Hazırda Ermənistan bu imkandan məhrum deyil, lakin bunu Azərbaycan ərazisindən keçməklə etmək qat-qat rahatdır və bu, hava şəraitindən, dağlarda qar yağmasından və sair məsələlərdən asılı deyil. Yəni, bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə, - münaqişə başlayana qədər orada yaşayan bütün əhalinin 25 faizi azərbaycanlılar idi, - qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Biz bu mövqeyimizi bir daha təsdiq edirik. - Cənab Prezident, sirr deyil ki, Rusiya Yaxın Şərqdən, xüsusən Suriya və Liviyadan münaqişə zonasına silahlılar gətirilməsi barədə xəbərlərə görə narahatlığını bildirib. Siz bunu necə şərh edərdiniz? - Mən bu barədə dəfələrlə açıq demişəm ki, bu cür narahatlıqlar əsassızdır. İndiyə qədər bizə heç bir tərəf heç bir fakt təqdim etməyib. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və biz xahiş etdik ki, bizim hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim edilsin. İndiyə qədər bizə sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Nə Prezident kimi mənə, nə bizim xüsusi xidmətlərin rəhbərlərinə, nə də Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Yaxşı, əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün bizə faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edirlər. Bilirsiniz, indi nə istəsən yazmaq olar. Ona görə biz bu yanaşmanı əsla qəbul etmirik və bəyənmirik. Bu, birincisi. İkincisi, mən artıq demişəm ki, Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Mən bu rəqəmləri göstərmişəm. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri – bunu gizlətmirəm, özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət götürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğularını məhv etmişik. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün, bizim Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar bizim əsgərlər və zabitlərdir. Bizim ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçümüz var. Biz hətta səfərbərlik elan etməmişik – nə üçün? Bizə lazım deyil. Biz qismən səfərbərlik elan etdik, neçə nəfər cəlb etməyimiz barədə rəqəmlər göstərmək istəmirəm. Lakin onlardan əsasən azad edilmiş ərazilərin monitorinqinin və həmin ərazilərə nəzarətin təmin olunması üçün istifadə edirik. Biz ehtiyatda olanları döyüşə buraxmırıq, hazırda onlar bizim azad etdiyimiz ərazilərdə yerləşirlər ki, erməni tərəfin təxribat cəhdlərinin qarşısını alsınlar. Buna görə faktlar yoxdur, zərurət yoxdur. Yalnız qeybətlər, şayiələr var. Açıq deyim, mən təəssüflənirəm ki, belə söz-söhbətlər yayılır, bununla da Azərbaycana qara yaxmağa cəhd göstərilir. Eyni zamanda, erməni tərəfin alçaldılmış vəziyyətdə olması bizə aydındır. Onlar bütün bu illər ərzində qürrələnir, özlərinin “məğlubedilməz ordusu” ilə lovğalanırdı. Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar. Belə halda onlar, əlbəttə, güman etmək və ya təsəvvür etmək istəyirlər ki, bunu edən Azərbaycan Ordusu deyil, hansısa terrorçular və ya hansısa ölkələrdir. Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə biz Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır, - yeri gəlmişkən, bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Biz Rusiya tərəfinə bildirmişik ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyünü güman edirik. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmağımız çətindir. Bizdə olan məlumata görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi. Ona görə ki, əgər Rusiya silahları qaçaqmalçılıq yolu ilə, necə deyərlər, kəş üsulu ilə nağd pulla ödənilir və daşınırsa, araşdırmaq lazımdır, bu, necə ola bilər? Bizim bu cür narahatlığımız var və bizim narahatlığımız faktlara əsaslanır. “Terrorçular” məsələsinə gəldikdə isə bunlar hamısı əsassız sözlərdir. - İlham Heydər oğlu, amma 26 il ərzində dünya hər halda başa düşməyib ki, Ermənistan ilə Azərbaycan arasında Qarabağ üzrə yekun razılaşma necə görünə bilərdi. Siz bunu necə görürsünüz, hər halda sülh naminə hansısa güzəştlər mümkündürmü? - Bilirsiniz, mən yenə də demək istəyirəm ki, Minsk qrupunun həmsədrləri heç bir nəticəyə nail olmasalar da, - buna görə də haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalırlar, - lakin mən son 17 ildə bu məsələ ilə praktik surətdə gündəlik rejimdə məşğul olan və bu illər ərzində vaxtının çox hissəsini məhz həll yolu tapmağa sərf etmiş bir insan kimi deməliyəm ki, Minsk qrupu səy göstərib, təkliflər verib, fəaliyyətsiz qalmayıb. Buna görə də mən bu cür əsassız ittihamları rədd edirəm. Bu, belə deyil. Ermənistanın keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti ilə mənim əlaqələrim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq. Biz razılaşdırılması, ümumiyyətlə, qeyri-mümkün görünən məsələlərin razılaşdırılmasında irəliyə getmişdik. Bütün bunlar nəticəyə nail olmaq istəyi və güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusu əsasında idi. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə bizi bunda ittiham etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər. Çünki digər beş rayon çoxdan razılaşdırılmışdı. Biz artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsini müzakirə edirdik. Yəni, biz müddəti müzakirə edirdik. Bu məsələnin həll olunacağına nə mənim, nə də Minsk qrupunun şübhəsi yox idi. Düşünürəm ki, Minsk qrupunun o vaxt bu məsələdə iştirak edən sabiq həmsədrləri bunu təsdiqləyə bilərlər. Lakin sonra erməni tərəfi bir addım geri çəkildi və Kəlbəcərlə Laçının qaytarılması məsələsi həll edilməmiş qaldı. Başqa sözlə desək, elə mexanizm təklif olunurdu ki, bu iki rayon həmişəlik ermənilərin nəzarəti altında qalmalı idi və mən bununla qətiyyən razı ola bilməzdim. Odur ki, mən yenə də sizin sualınıza qayıdıram, Minsk qrupu nizamlama üçün bünövrə yaradıb. Buraya ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin qaytarılması, kommunikasiyaların açılması, azərbaycanlı və erməni icmalarının birgə yaşayışı daxildir. Bu, beynəlxalq hüququn və ümumiyyətlə, bəşəri əxlaqın normalarına tamamilə uyğun gəlir. Çünki Ermənistan prezidentlərindən biri ermənilərin və azərbaycanlıların milli uyuşmazlığından danışarkən, o, bir daha özünün faşist mahiyyətini nümayiş etdirib. Niyə azərbaycanlılar və ermənilər Rusiyada sakit yaşaya, ümumi biznesə, qarışıq ailəyə sahib ola bilirlər? Niyə bəzi gürcü kəndlərində ermənilər və azərbaycanlılar bir yerdə yaşayır, həm müsəlman, həm də xristian bayramlarını qeyd edirlər? Niyə Azərbaycanda minlərlə erməni bizim vətəndaşlarımız kimi layiqli həyat yaşayır? Buna görə də bu cür faşist niyyətli tezislər, əlbəttə ki, nizamlamaya kömək etmirdi. Beləliklə, sadaladığım bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər. Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələrini dərc edib, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan yeddi rayonun hamısını da oraya daxil ediblər. Onlar bizim bütün şəhərlərimizin, kəndlərimizin adlarını dəyişiblər. Bizim döyüş meydanında gördüklərimiz, sadəcə, onların 30 il ərzində qurduqları müdafiə xəttini yarıb keçmək deyildi. Biz gördük ki, onlar bu əraziləri verməyə hazırlaşmırdılar. Ona görə ki, orada o qədər iş görülmüşdü, mühəndis kommunikasiyalarına, möhkəmlədici qurğulara o qədər sərmayə qoyulmuşdu ki, bu, onların həmin torpaqlardan çıxıb getməyə hazırlaşmadıqlarını göstərirdi. Münaqişənin qaynar fazası başa çatdıqdan sonra biz onların orada nələr tikdiyi barədə tam informasiya təqdim edəcəyik. Buna görə bir daha demək istəyirəm ki, indi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib. O, Sorosun əlaltısıdır. Bu insan əvvəllər həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun partiyası “Çıxış” adlanırdı – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış. Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir. Bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxış edirdilər. Buna görə də mən, düzünü desəm, Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsinə təəccüblənirəm. Onların gecə vaxtı Gəncə şəhərinə ballistik raketlərdən zərbə endirməsi, özü də mümkün qədər daha çox insanı məhv etmək üçün yaşayış massivlərinə bilərəkdən zərbə endirməsi qanlı cinayətdir. Onlar bu cinayətə görə hazırda döyüş meydanında cavab verirlər. Əgər ağıllarını başlarına yığmasalar, onların sonu çox acınacaqlı olacaq. Buna görə də sualınıza qayıdıram, biz baza prinsiplərinə tərəfdarıq, hesab edirəm ki, nizamlama mümkündür. Lakin bunun üçün erməni tərəfi elə indi, nə qədər ki, gec deyil, nə qədər ki, qarşımızda diz çöküb bu prinsipləri qəbul etmək və münaqişəni qaynar fazadan siyasi nizamlama mərhələsinə keçirmək üçün onun hələ vaxtı var. - Sonda məntiqə uyğun olardı soruşum ki, Siz Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistandan olan həmsöhbətinizlə görüşmək üçün Moskvaya gəlməyə hazırsınızmı? - Bilirsiniz, mən Moskvada çox olmuşam. İndiki halda mən belə dəvət almamışam, ona görə bu sual mənə deyil. Dəfələrlə şəxsən Prezident Vladimir Vladimiroviç Putin və ondan əvvəl Dmitri Anatolyeviç Medvedev Ermənistan və Azərbaycan rəhbərləri arasında üçtərəfli görüşlər keçiriblər. Lakin Ermənistanda hakimiyyət şərti Sorosun əlinə keçəndən sonra bu cür əlaqələr dayandırıldı. Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və mən bu barədə demişəm, bunun üçün həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəblər var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklərboyu bizim regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də biz hər cür əlaqəyə hazırıq, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi biz dərhal razılaşdıq. Bu da bizim mövqeyimizin göstəricisidir. Axı, o vaxt Azərbaycan Ordusu strateji ərazilərin bir hissəsini artıq uğurla azad etmişdi və bu, münaqişənin təqribən on gündən çox davam etdiyi vaxt baş vermişdi. Kimin nəyə qadir olması praktik olaraq artıq hamıya aydın idi. Döyüş əməliyyatlarının sonrakı gedişatını təxmin etmək, yəqin ki, çox çətin deyildi. Lakin buna baxmayaraq, biz vaxtı uzatmadıq və ya imtina etmədik. Biz dedik, bəli, biz hazırıq. O vaxt Rusiya Prezidenti ilə söhbət zamanı dedim ki, mən naziri göndərirəm, yeri gəlmişkən, Xarici İşlər naziri həmin vaxt Cenevrədə idi, Minsk qrupu ilə danışıqlar aparırdı. Münaqişənin qaynar fazasında bizim nazir Cenevrədə idi, erməni nazir isə oraya gedib çatmadı, hərçənd o da, orada olmalı idi. Buna görə biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik. -Cənab Prezident, müsahibəyə görə sağ olun. -Siz sağ olun.

2020-10-20 00:00:00
3269 baxış

Digər xəbərlər

Zəfərin Səsi - 8 Noyabrın Qəhrəmanları!

Zəfərin səsi bu gün Azərbaycanın hər nəfəsindən ucalır. 8 Noyabr Azərbaycan xalqının qürur, şərəf və birlik günüdür. Bu gün təkcə bir bayram deyil, həm də bir millətin dirçəlişinin, bir ordunun qəhrəmanlıq dastanının rəmzidir. Bu zəfərin arxasında minlərlə igidin, yüzlərlə komandanın qətiyyəti, dəyanəti və Vətən sevgisi dayanır. O igidlərdən biri də ömrünü Vətənin səmasına, torpağına və bayrağına həsr etmiş əsl sərkərdə - general-mayor Zaur Rüstəmovdur. Zaur Rüstəmovun ömür yolu sədaqətin, fədakarlığın və peşəkarlığın dastanıdır. O, sanki səmanın qoynunda Baba Dağının, Küpüc Dağının zirvələrindən ucalan yel kimi böyüyüb. Mavi göyləri özünə məbəd, Vətəni isə müqəddəs and yerinə çevirib. Azərbaycanın mavi səmasını qorumaq, onu düşməndən müdafiə etmək yalnız cəsarət deyil, həm də bilik, dəyanət tələb edir. Bu çətin, amma şərəfli missiyanı general-mayor Zaur Rüstəmov illərdir mərdliklə və qürurla yerinə yetirir. Səma azadlığın, gücün və qürurun rəmzidir. Bu səmanın qəhrəmanları isə millətin şərəf tarixini yazan igidlərdir. General-mayor Zaur Rüstəmov həmin igidlərdən biridir. Onun adı Zəfərin ucalığında, Vətən səmasının mavi qatlarında əbədi həkk olunub. Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində müəllim ailəsində dünyaya göz açıb. İlk təhsilini doğma kənd məktəbində alan Zaur Rüstəmov uşaqlıqdan Vətən sevgisi ilə yaşayırdı. Bu sevgi onu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, daha sonra isə 1992-ci ildə dövlətimizin göndərişi ilə Türkiyəyə - hərbi aviasiya təhsilinə apardı. 1996-cı ildə Vətənə dönən Zaur Rüstəmov müasir Azərbaycanın ilk milli hərbi təyyarəçilərindən biri kimi səma keşikçisinə çevrildi. O vaxtdan bəri Azərbaycanın Hərbi Hava Qüvvələrində xidmət edir və bu yolda yüzlərlə gənc zabitə örnək olub. Peşəkar fəaliyyəti dövründə Zaur Rüstəmov Azərbaycanın hərbi tarixində silinməz izlər qoyub. O, Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş hərbi paradda, eləcə də 8 Noyabr Zəfər paradında səma qəhrəmanlarına rəhbərlik edərək Vətən səmasının gücünü dünyaya nümayiş etdirib. 2022-ci ilin may ayında Bakıda keçirilən “Teknofest Azərbaycan” festivalında o, “Baykar Texnologiya”nın rəhbəri Selçuk Bayraktarı müşayiət edərək MiG-29 qırıcı təyyarəsi ilə birgə uçuş həyata keçirib. Bu tarixi an həm qardaşlığın, həm də Azərbaycan aviasiyasının gücünün rəmzinə çevrilib.   25 iyun 2022-ci ildə Prezidentin sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib, 7 noyabr 2024-cü ildə isə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri Komandanının müavini -Hava Döyüş Komandiri vəzifəsinə təyin olunub. O, xidmətlərində göstərdiyi igidliyə və peşəkarlığa görə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Zaur Rüstəmovun sinəsində parlayan “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları bu xalqın ona olan dərin minnətdarlığının və ehtiramının təcəssümüdür. Zaur Rüstəmov kimi igidlər sayəsində bu gün Azərbaycanın səması azad, bayrağımız uca, xalqımızın ruhu yenilməzdir. Onun həyatı göstərir ki, səma həm də ruhun azadlığına açılan qapıdır. Zəfərin səsi səmalardan gəlir - o səs Zaur Rüstəmov kimi qəhrəmanların ürək döyüntüsündə, Vətən sevgisində və hər addımında yaşayır. Xalqımız onun kimi oğulları ilə qürur duyur. Çünki Zaur Rüstəmov kimi qəhrəmanlar yalnız torpağı deyil, xalqın ruhunu, Vətənin namusunu qoruyurlar. Onların fədakarlığı sayəsində bu gün Azərbaycan güclənir, bayrağımız səmalarda dalğalanır, Zəfərin səsi nəsillərin qəlbində əbədi yaşayır. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov

Hamısını oxu
Azərbaycan yenə mümkünsüzü bacardı: Qalib gəldi, məhkəmə qurdu və ədaləti təmin etdi!

Xəbər verdiyimiz kimi, 17 yanvar 2025-ci il tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi davam edir. Nöbvəti məhkəmə prosesi 5 fevral 2026-cı ildə davam etdiriləcək.  8 Noyabr zəfərinin özü ilə gətirdiyi daha bir uğur: Açıq və ədalətli məhkəmə prosesi  44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən 8 Noyabr zəfəri erməni işğalına son qoydu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi. Lakin bu zəfər özü ilə dövlətimiz üçün əlavə manevr imkanları,  uğur və müvəffəqiyyətlər də gətirdi. Bu uğurlardan biri istər Birinci Qarabağ müharibəsi, istərsə də Vətən müharibəsində xalqımıza qarşı ağır cinayətlərə yol verən erməni faşistlərinin tapılaraq məsuliyyətə cəlb edilməsi, məhkəmə qarşısına çıxarılması oldu. Müzəffər Ali Baş Komandan xalqa verdiyi vədə sadiq olaraq xalqımıza qarşı soyqırım və digər cinayətlərdə iştirak edən 10-dan çox erməni cəlladının Bakıda məhkəmə qarşısına çıxarılmasını təmin etdi. Azərbaycan dövləti məhkəmə prosesinin şəfafflığını təmin etmək məqsədilə bu prosesi açıq şəkildə həyata keçirdi və məhkəmə prosesi ilə bağlı foto-video materillar, məlumatlar mütəmadi şəkildə media və ictimaiyyətə elan edildi. Məhkəmə nəticəsində çıxış edən yüzlərlə şahid erməni cəlladlarının törətdiyi cinayətləri ifşa etdi, bu cinayətlərin nə qədər qorxunc, amansız, dəhşətli olduğunu bir kəs daha gözlər önünə sərdi. Vaxtiylə erməni əsirliyində olan şəxslərin verdiyi ifadələr erməni cinayətləri ilə bağlı çoxlu sayda yeni faktların meydana çıxmasına səbəb oldu ki, bu faktların böyük əksəriyyəti media və sosial media vasitəsilə bütün dünyaya yayıldı. Cəllad etirafları sübut etdi ki, Azərbaycanın dövləti erməni faşistlərini məhkəmə önünə nahaq yerə çıxarmayıb Məhkəmə prosesində çıxış edən müttəhimlər törətdikləri əməllərlə bağlı maraqlı etiraflar səsləndirib, bu etiraflarla, həm də Ermənistan və qondarma rejimin hərbi-siyasi rəhbərliyini ifşa ediblər. Bu etiraflar nəticəsində məlum olub ki, rəsmi İrəvanın ciddi-cəhdlə təkzib etməsinə baxmayaraq, Ermənistan işğaldakı torpaqlarımızda yaradılan quldur rejimi bilavasitə himayə edib, separatçı rejim İrəvandan gələn konkret tapşırıqlar əsasında fəaliyyət göstərib. Təqsirləndirilən şəxs Melikset Paşayanın məhkəmədə səsləndirdiyi fikirlər bu baxımdan mühüm önəm kəsb edir. Melikset Paşayanın məhkəmədəki çıxışında deyib: “Müddətli həqiqi hərbi xidməti 1989-1991-ci illərdə Uzaq Şərqdə keçdiyini deyən M.Paşayan 1993-cü ildə “Əsgəran alayı”na qoşulduğunu bildirib və əlavə edib: “1993-cü ilin təxminən may ayından 1994-cü ilə - atəşkəsə qədər döyüş postunda oldum. Tabor komandirimiz Vilen Safaryan idi”. M.Paşayan Birinci Qarabağ müharibəsi zamanı 31-ci taborda xidmət etdiyini, hərbi hissənin komandirinin Vitali Balasanyan olduğunu da deyib. O, Əsgəran, Ağdərə və Ağdam rayonlarının müxtəlif kəndlərində döyüş postlarında olduğunu söyləyib. Təqsirləndirilən şəxs döyüş postlarında avtomat, pulemyot və minaatan silahların olduğunu açıqlayıb. İkinci Qarabağ müharibəsində də ona “Kalaşnikov” avtomatının təhkim olunduğunu deyən M.Paşayan silahın kimə qarşı istifadə etmək üçün verilməsi barədə suala “Azərbaycan Ordusuna qarşı...” cavabını verib. M.Paşayan 2023-cü il may ayından sentyabr ayına qədər Xocalı rayonunun Aşağı Yemişcan kəndində yaradılmış silahlı birləşmədə olub. Təqsirləndirilən şəxs qondarma rejimin “igidliyə görə” medalı ilə təltif olunduğunu bildirib. Digər ərazilərlə yanaşı, Ağdam rayonunun Sarıcalı, Güllücə və digər kəndlərində də döyüş postlarında durduğunu təsdiqləyən təqsirləndirilən şəxs dövlət ittihamçısının sualına cavabında “Ağdam Azərbaycan Respublikasının rayonudur” deyib. Lakin Azərbaycan ərazilərində nəyi kimdən qoruması barədə suala cavab verə bilməyib. M.Paşayana döyüş postlarının ətrafına mühəndis-istehkamçılar tərəfindən minalar basdırıldığını da deyib. O, həm Birinci, həm İkinci Qarabağ müharibələri zamanı, həm də sonrakı müddətdə hərbi xidmətinə görə maaş aldığını bildirib”. (https://report.az/hadise/herbi-cinayetler-toretmekde-teqsirlendirilen-ermeniesilli-sexslerin-mehkeme-iclasi-kecirilir ) Məhkəmədə ifadə verən digər ermənilər də Azərbaycanın ərazi bütövlüyü və suverenliyini pozduqlarını etiraf edib, hərbi-siyasi rəhbərliyin Azərbaycan xalqına yönəlik qanlı əməllərin icrasında iştirak etdiklərini təsdiqləyiblər. Müasir müharibə və post-müharibələr tarixində ilk: Cinayətkarlar üçün təsbit və cəza! Azərbaycan post müharibə dövründə erməni cinayətkarları üçün qurduğu məhkəmə prosesi ilə daha bir yeniliyə imza atdı. Azərbaycan müasir müharibə və post-müharibələr tarixində ilk dəfə olaraq haqqı tapdanan dövlət kimi düşmən üzərində tam və hərtərəfli qələbə qazanmağı bacardı. Dövlətimizin bu qələbəsi bütün dünya tərəfindən nəinki qəbul edildi, həm də dünyanın bütün böyük dövlətləri – ABŞ, Rusiya, Çin və s. bu müharibədə ordumuzun göstərdiyi qəhrəmanlıqları, həyata keçirdiyi taktika və strategiyanı öyrənməyə başladı. Bundan başqa, Azərbaycan müasir müharibələr tarxində ilk dəfə olaraq sadəcə qalib gəlməklə kifayətlənmədi, həm də əli xalqımızın qanına batan müharibə cinayətkarlarını müəyyən edərək onların saxlanılmasını və məhkəmə qarşısına çıxarılmasını təmin etdi. Bu, İkinci Dünya müharibəsindən sonra heç bir dövlətin bacarmadığı bir uğur idi və Azərbaycan bu müvəfəqiyyətə qətiyyətlə imza atdı.  “Azərbaycan modeli” İsrail nümanəsindən niyə üstündür? Xatırladaq ki, müharibədən sonra günahsız insanlara qarşı zorakılıq göstərən, qətl və işgəncələrdə əli olan hərbçilərin müəyyən edilərək saxlanılması təcrübəsi əvvəllər də mövcud olub. Lakin bu tərübələrin heç biri “Azərbaycan modeli” qədər tam və uğurlu olmayıb. Bu nümunələrdən ən uğurlusu hesab edilən İsrail nümunəsində belə xeyli qüsurlar var ki, bunlardan da biri yəhudi xalqına qarşı zorakılıqda iştirak edən faşistlərin dünyanın müxtəlif ölkələrində İsrail xüsusi xidmət orqanları tərəfindən tapılaraq fiziki cəhətdən məhv edilməsi ilə bağlıdır. Yəni İsrail dövləti bu şəxslərin bir qismini taparaq məhv etsə də, onlar üçün açıq, şəfaf məhkəmə prosesi keçirə bilməyib. Azərbaycan isə erməni qatillərini məhkəmə qarşısına çıxarmaqla onların ölkə qanunvericiliyinə uyğun şəkildə cəzalandırılmasına, bu şəxslərin qanlı əməllərini dünya miqyasında ifşa etməyə nail olmaqdadır. Başqa sözlə desək, Azərbaycan məhkəmə qarşısında çıxardğı ermənilərin cinayətkar olduğunu bütün dünyaya yüzlərlə fakt əsasında sübut edir ki, bu da dövlətimizin gücünü və ədalətini göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, mülki insanlara qarşı soyqırımı və zorakılıq törədən şəxslərin tapılaraq cəzalandırılması məsələsində “Azərbaycan modeli” İsrail nümunəsini əhəmiyyətli şəkildə üstələməkdədir. Onu da qeyd edək ki, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Seymur ƏLİYEV

Hamısını oxu
“Hamı veteranlar üçün” təşkilatından örnək addım... – “Onlar bu təbəssümə layiqdir!”

ABŞ-da 2017-ci ildə yaradılan “Hamı veteranlar üçün” təşkilatı son bir ildə fəaliyyətini  genişləndirməklə xalq arasında böyük sevgi və populyarlıq qazanıb. Moderator.az ABŞ mediasına istinadən xəbər verir ki, təşkilatı insanlara sevdirən əsas amil onun diş problemi yaşayan veteranlara pulsuz və keyfiyyətli xidmət göstərməsidir. Bir qrup diş həkimini özündə birləşdirən təşkilatın qurucusu həkim Tereza Çenq bildirib ki, onun belə bir təşkilat təsis etməsinə səbəb, bir çox veteranın pulsuzluq səbəbi ilə dişlərinə lazımınca qulluq göstərə bilməməsidir. İmplant və digər əməliyyatların bahalığı səbəbi ilə veteranların bir çoxunun sağlam dişlərə sahib olmadığını, bu səbəbdən də gülərkən belə utandıqlarını vurğulayan Tereza Çenq, onların təbəssümə layiq olduqlarını bildirib.   Qeyd edək ki, təşkilata müraciət edən veteranlar onun xidmətlərindən yararlanmaq üçün veteran statusuna malik olduqlarını, həmçinin, maddi vəziyyətlərinin həqiqətən də qeyri-qənaətbəxş olduqlarını sübut etməlidir.   Hazırda bütün ölkə üzrə  654 diş həkimin “Hamı veteranlar üçün” təşkilatında könüllü şəkildə çalışdığı bildirilir.   Seymur ƏLİYEV

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Respublika Veteranlar Təşkilatının nümayəndləri Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsini yad ediblər. Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb,  Təşkilatın sədri general-polkovnik Tofiq Ağahüseynovun şəxsi təşəbbüsü ilə hazırlanmış əklil  “Əbədi məşəl” abidəsinin önünə qoyulub.

Hamısını oxu