Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib

Bakı, 20 oktyabr, AZƏRTAC Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC müraciəti təqdim edir.

Prezident İlham Əliyevin
müraciəti
- Əziz həmvətənlər, müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu qələbələr hər bir Azərbaycan vətəndaşını sevindirir. Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür. Biz öz torpağımızda vuruşuruq, öz torpağımızı qoruyuruq və işğalçıları bundan sonra da öz torpaqlarımızdan qovacağıq. Xalqımız döyüş meydanından, cəbhə bölgəsindən səbirsizliklə yeni xəbərlər gözləyir. Mən çox şadam və mən xoşbəxt adamam ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırıram. Hər bir kəndin, hər bir şəhərin, hər bir strateji yüksəkliyin işğalçılardan azad edilməsi böyük peşəkarlıq, cəsarət, rəşadət, qəhrəmanlıq tələb edir. Bizim hərbçilərimiz şəhid olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimiz həmişə bizim qəlbimizdə yaşayacaq. Bizim hərbçilərimiz döyüş meydanında yaralanırlar. Allah bütün yaralı hərbçilərimizə şəfa versin! Eyni zamanda, mənfur düşmən bizim yaşayış məntəqələrimizi daim atəşə tutur, hər gün cəbhəboyu şəhərlərimiz, kəndlərimiz mənfur düşmənin atəşinə məruz qalır. Bu namərd atəşə ən çox məruz qalan Tərtər rayonudur, eyni zamanda, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, digər şəhər və rayonlarımız düşmən tərəfindən atəşə tutulur. Gəncə şəhərinə namərd zərbələr nəticəsində dinc əhali həlak olur - uşaqlar, qadınlar, qocalar. Düşmən üçün bunun fərqi yoxdur. Belə bir fərq onlar üçün mövcud deyil. Onlar döyüş meydanında məğlubiyyətə uğrayır, Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmir və bizi durdurmaq üçün, bizə zərbə vurmaq üçün bütün dünyanın gözü önündə mülki əhaliyə qarşı cinayət törədir. Bütün dünya görür ki, Azərbaycan hansı mənfur, vəhşi düşməndən öz doğma torpaqlarını azad edir. Otuz il ərzində bizim torpaqlarımızda oturub bizə meydan oxumağa çalışırdı. Otuz il ərzində bizim torpaqlarımızı istismar edirdi, bizim təbii resurslarımızı istismar edirdi, oğurluq, talançılıq onların xislətidir. Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxmaq kifayətdir, hər kəs görsün ki, bizim qarşımızda hansı vəhşilər dayanıb. İşğal olunmuş və artıq azad edilmiş torpaqlarda bir dənə də salamat bina qalmayıb. Bütün binalar sökülüb, talan edilib, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, talan edilib, təhqir edilib. Onlar hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Onlar hesab edirdilər ki, bu torpaqları əbədi işğal altında saxlayacaqlar. Onlar bizim şəhərlərimizin adlarını dəyişdiriblər, rayonlarımızın sərhədlərini dəyişdiriblər, kəndlərimizin adlarını dəyişdiriblər, bizim torpaqlarımızı erməniləşdirmək istəyiblər, amma buna nail ola bilmədilər, Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Öz doğma dədə-baba torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı bir arzu ilə yaşayıb ki, doğma dədə-baba torpaqlarına qayıtsın. Biz bunu Cocuq Mərcanlının timsalında gördük. İşğaldan sonra doğulmuş gənclər, onların hər biri Cocuq Mərcanlıya qayıtmaq arzusu ilə yaşayıb və qayıdıbdır. Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar. Necə ki, vaxtilə bizim işğal edilmiş bütün torpaqlarımızda Azərbaycan xalqının mədəni irsi yaradılıbdır. Amma mənfur düşmən bu irsi məhv etmək istəyirdi, bizim məscidlərimizi dağıdırdı. Biz Çocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzərini inşa edəndə və onun açılışında demişdim ki, məscidlərin binalarını onlar dağıda bilərlər, amma bu məscidləri biz öz qəlbimizdə yaşadırıq və gün gələcək bizim dağıdılmış bütün məscidlərimiz bərpa ediləcəkdir, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır. Bizim məcburi köçkünlərimiz bütün bu illər ərzində bir arzu ilə yaşayıblar, baxmayaraq ki, onların bir çoxları üçün gözəl şərait yaradılıb və bildiyiniz kimi, təkcə bu il biz məcburi köçkünlər üçün 7 min mənzilin istifadəyə verilməsini nəzərdə tuturuq. 300 mindən çox məcburi köçkünə evlər, mənzillər verilibdir. Onlar bu qayğıya görə bizə minnətdarlıq edirlər və mənim onlarla çoxsaylı görüşlərimdə bunu ifadə edirdilər. Ancaq, eyni zamanda, mən bilirdim və onlar mənə deyirdilər ki, bizi qaytarın, öz torpağımıza qaytarın. Başa düşürdülər ki, bu, çətin məsələdir, başa düşürdülər ki, bunun üçün müəyyən geosiyasi şərait yetişməlidir. Mənə inanırdılar və mən onlara deyirdim ki, biz o torpaqlara qayıdacağıq, mən deyirdim ki, bilirəm, nəyi nə vaxt və necə etmək lazımdır. Xalq tərəfindən mənə göstərilən etimad imkan verdi ki, biz bu məsələni həll edək. Mən bir daha bəyan edirəm ki, verilmiş bütün vədləri mən yerinə yetirirəm, verilmiş bütün vədlərə sadiqəm. Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik. 30 ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. İşğal edilmiş torpaqlarda Ermənistan tərəfindən qurulmuş istehkamlar onu göstərir ki, onlar bu torpaqları bizə vermək fikrində deyildilər. Sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar. Sadəcə olaraq, vaxtı uzadırdılar və bununla bərabər işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparırdılar, Laçın şəhərində minlərlə insanı yerləşdiriblər, Kəlbəcərdə minlərlə insanı yerləşdiriblər. Bu gün işğaldan azad edilmiş torpaqlarda da - Füzuli, Cəbrayıl və digər rayonlarımızda da onlar bizim kəndlərimizdə yaşayıblar. O kəndlərin böyük hissəsi dağıdılıb, ancaq bəzi evlərdə onlar bizim torpağımızda yaşayıblar. Azərbaycanlılara qarşı etnik təmizləmə aparmaq, azərbaycanlılara qarşı soyqırımı törətmək, bizim vətəndaşlarımızı doğma torpaqdan didərgin salmaq və ondan sonra “referendum” keçirmək tamamilə insani əxlaqa, qanuna, beynəlxalq hüquqa ziddir. Heç kim qondarma “Dağlıq Qarabağ respublikasını” tanımayıb. İndi onlar əlləşirlər, vurnuxurlar ki, dünya ölkələri qondarma kriminal qurumu tanısınlar. Ağıllarını itiriblər, başa düşmürlər ki, heç kim bunu etməyəcək, başa düşmürlər ki, bunu edən hər bir ölkə artıq Azərbaycan üçün dost ölkə sayıla bilməz. Nəinki dost ölkə, bu ölkə ilə biz bütün əlaqələri kəsəcəyik. Amma onlar ağılını itiriblər. Bu gün çalışırlar ki, status-kvonu bərpa etsinlər. Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalq aləmi aldadırdı. Bu, beynəlxalq vasitəçilərə hörmətsizlikdir. Biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik. Mən bunu bu toqquşmalardan əvvəl demişdim, bir neçə dəfə demişdim, bu gün əfsuslar olsun ki, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq işləmir. Əgər işləsəydi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Biz iyirmi il gözləyirdik ki, bu qətnamələr icra edilsin. Onlar, sadəcə olaraq, kağızda qaldı. Nə üçün? Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər. Bundan sonra da beynəlxalq hüququ əzə bilər. Bundan sonra da bizim torpaqlarımızda istənilən çirkin əməllər törədə bilər. Biz onları məcbur etdik. Bax, bizim yumruğumuz, sadəcə olaraq, düşmənin başını yaran yumruq deyil. Bizim yumruğumuz bizim birliyimizdir, xalqımızın birliyidir, məqsədyönlü fəaliyyətdir, beynəlxalq müstəvidə bizə sərf edən və ədaləti əks etdirən qərarların, qətnamələrin qəbul edilməsidir. Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən köçkünlər hesab edirdilər ki, belə diplomatik uğurlar, əlbəttə, önəmlidir, ancaq onlar məsələnin həllini təmin etmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək. BMT Təhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Yəni, budur bu münaqişənin həlli üçün əsas. Ona görə bu gün artıq özünü lap dilənçi kimi, lap düşük kimi, - bağışlayın, ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər, - aparan Ermənistan rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə, səsinizi çıxarmırsınız? Onlar necə səsini çıxara bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər və Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansı bir əməliyyat keçirmirik, - bizim belə planlarımız yoxdur, - baxmayaraq ki, onlar Gəncəni Ermənistan ərazisindən iki dəfə bombalamışdılar. Biz cavab vermədik onların yolu ilə. Biz döyüş meydanında cavab verdik. Mən bildirmişdim ki, biz onların intiqamını döyüş meydanında alacağıq və alırıq. Biz şəhidlərimizin qanını yerdə qoymayacağıq və qoymuruq. Bax, beynəlxalq təşkilatlarda bizim fəaliyyətimizin əsas məqsədi o idi ki, bu hüquqi baza təkmil olsun, genişlənsin və biz buna nail ola bildik. Ona görə, bu gün Ermənistan rəhbərliyi yaxşı fikirləşməlidir. Artıq bizim qarşımızda diz çöküb, onlara diz çökdürmüşük, onlara layiq olan yeri göstərmişik. Qovuruq onları bizim torpaqlarımızdan, bundan sonra da qovacağıq! Hər gün xoş xəbərlər gəlir. Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atırdı, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradırdı. Haradadır bu “yenilməz Ermənistan ordusu?”. Görün, necə qaçır bizim qabağımızdan. Bu, mif idi, bu, yalan idi. Bunu biz yerə vurduq. Otuz il bizi təhqir edirdi. Otuz il idi ki, işğal edilmiş torpaqlarda abidələrimizi dağıdırdı, tarixi-mədəni irsimizi silmək istəyirdi. Otuz il ərzində beynəlxalq aləm nə üçün sanksiya tətbiq etmədi təcavüzkar dövlətə qarşı? Mən dəfələrlə demişəm ki, sanksiyalar tətbiq edilməlidir. Bu ölkə, bu ölkənin rəhbərliyi öz xoşu ilə bu torpaqlardan çıxmaq istəmir. O, bizi aldadır, danışıqları imitasiya üçün aparır. Onlara inam yoxdur və mən haqlı çıxdım. İndi baxın orada qurulmuş istehkamlara. Belə istehkam quran ölkə, bu qədər oraya vəsait xərcləyən ölkə oradan çıxarmı? Çıxmaq istəsəydilər, bunu etməzdilər. Yəni, onların hər bir sözü yalandır. Bu gün də onların dövlətinin rəhbərləri gecə-gündüz yalan, uydurma yayırlar Azərbaycan haqqında, döyüş meydanında baş verən hadisələr haqqında. Sanki kimsə gəlib bizim əvəzimizə vuruşur. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşuruq, hər kəs bunu bilir. Amma özlərinə sığışdıra bilmirlər, çünki miflər dağılır, miflər onların ideologiyasının əsasdır. Tarix haqqında yalan. Əfsuslar olsun ki, onu da indi bir çox ölkələrə qəbul etdirə biliblər, tarixi yalanı. Xocalı haqqında yalan, guya ki, Azərbaycan özü Xocalı soyqırımını törədib. Gəncənin bombalanması haqqında onların rəsmi nümayəndələri yalan bəyanat veriblər ki, Ermənistan bu raket atəşini təşkil etməyib. Nə vicdan var, nə əxlaq var, nə mənəviyyat var. Ağıl da yoxdur. Ağıl olsaydı deyərdilər ki, baxın, bu ballistik raketin start nöqtəsi və atış istiqaməti dünyada aparıcı ölkələr tərəfindən izlənilir, haradan atılıb, hara dəyib. Ballistika raketlərə döyüş tapşırığı verilir. O təsadüfən o yaşayış massivinə düşməmişdir. Gecə vaxtı, qəsdən. Amma ağıllarını itiriblər, guya, dünyanı aldatmağa davam edirlər ki, bəs kim atıb Gəncəyə bu raketi? Biz özümüzə atmışıq? Necə ki, yalan danışırdılar, Azərbaycan özü Xocalı soyqırımını törədib, indi də yalan danışırlar. Bütün dünyaya yalan danışır, bütün müsahibələrdə yalan danışır. Bu yalançıları biz bundan sonra da qovacağıq. Onlar gördülər ki, kim kimdir. Gördülər ki, biz onlara elə dərs veririk ki, bu dərsi heç vaxt unutmayacaqlar. İndi isə imdad diləyirlər. Ona-buna zəng edirlər, kömək edin, kömək edin! Bəs, hanı sənin “müzəffər ordun”, hanı sənin “yenilməz ordun?!”. Bizim üçün müqəddəs olan Cıdır düzündə Ermənistanın baş naziri sərxoş vəziyyətdə rəqs edirdi. Fikirləşməli idi ki, bu təhqir Azərbaycan xalqına necə təsir edə bilər? Amma hesab edirdi ki, heç kim onlara toxunmayacaq. Hesab edirdi ki, bütün ölkələr onları bundan sonra da müdafiə edəcək, dünya erməniliyi, erməni lobbiləri, ondan sonra onların bəzi dost ölkələri. Ona görə azğınlaşmışlar, ona görə qudurmuşlar. Onlara yerlərini göstərdik, onların başından elə zərbə vurduq ki, çətin ayılsınlar. Onların ordusunu, texnikasını demək olar ki, məhv etmişik. Qaçırlar, hələ qaçacaqlar. Bir sözlə, döyüş meydanında bizim üstünlüyümüz artıq heç kimə sirr deyil. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, şəhidlər veririk, öz ərazi bütövlüyümüzü bərpa edirik. Bundan sonra da bu addımlar atılacaq. Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram. Ondan sonra döyüşlər dayana bilər. Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq? Amma istəyirəm, əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir. Çünki təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda, azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, onların toplarına, onların raketlərinə qarşı, eyni zamanda, təbii relyefə qarşı vuruşmalıyıq və torpaqlarımızı işğalçılardan qarış-qarış azad edirik. Çox çətin məsələdir. Gün gələcək, bu haqda geniş məlumat veriləcəkdir. Əminəm, Azərbaycan xalqı yaxşı başa düşür ki, bu gün nəyi demək mümkündürsə onu deyirik. Çünki döyüşlər gedir və biz istəyirik ki, tezliklə bu döyüşlər başa çatsın, tezliklə ərazi bütövlüyümüz bərpa edilsin. Ona görə hesab edirəm ki, Azərbaycan ictimaiyyətinə verilən məlumat və məlumatın həcmi tam kifayətdir. Bu gün ənənəyə, gözəl ənənəyə sadiq qalaraq Azərbaycan xalqına yeni bilgilər vermək istərdim. Düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş texnikaları ilə bağlı məlumatı əziz xalqıma çatdırıram. Beləliklə, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb - toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir verməyiblər? Bax, biz deyirik 241 tank məhv edilib. Biz sonra onların nümayişini təşkil edəcəyik. 39 tank saz vəziyyətdə götürülüb və bu gün bizim əsgərlərimiz o tanklarda oturub düşmənə onların öz tankları ilə atəş açırlar. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb və bu gün bizim əlimizdədir. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Son dəfə mən bu məlumatı Azərbaycan ictimaiyyətinə çatdıranda iki “S-300” zenit-raket kompleksi məhv edilmişdi. Bu gün artıq dörd kompleks məhv edilib. Hər bir kompleksin, hər bir qurğunun qiyməti bəllidir, çox bahalı hərbi texnikadır. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. Biz düşmənin hərbi texnikasını bundan sonra da məhv edəcəyik. Olan-qalan da məhv ediləcəkdir. İndi isə əziz xalqımın səbirsizliklə gözlədiyi bizim yaşayış məntəqələrinin azad edilməsi haqqında məlumatı böyük qürur hissi ilə çatdırıram. Füzuli rayonu – azad edilmiş kəndlərin adları: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı. Cəbrayıl rayonu - azad edilmiş kəndlər: Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli. Xocavənd rayonu – azad edilmiş yaşayış məntəqələrinin siyahısını çatdırıram: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng. Bu kəndə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun! Zəngilan rayonu. Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisinə də daxil olub, girib və yaşayış məntəqələrinin azad olunması təmin edilib. Zəngilan rayonu ərazisində yerləşən yaşayış məntəqələrinin adlarını çəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Həkəri kəndi, Şərifan kəndi, Muğanlı kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir! Əziz xalqım, əziz zəngilanlılar, füzulilər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq! Qarabağ bizimdir! Yaşasın Azərbaycan! Eşq olsun Azərbaycan xalqına!

2020-10-20 00:00:00
3605 baxış

Digər xəbərlər

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi

Avqustun 27-si saat 09:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə cəbhənin Füzuli rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.   Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyindən məlumat verilib.  

Hamısını oxu
Gənc nәslin tәrbiyәsindә Heydәr Әliyev mәktәbi

Hәqiqəti müəyyən ambisiyalarına görə, maraq vә faktları mәnafelәrinә uyğun təһrif edәnlərin, obyektiv faktları mәqsәdli şәkildә saxtalaşdıranların cәһdlәri labüd iflasa, zamana eһtiyacı olan mәğlubiyyәtә mәһkumdur. Әsrlәrin tәcrübәsi birmәnalı şәkildә təsdiq edib ki, insana xas subyektivizmdәn yüksəkdә durmaqla yeganә әdalәtli һakim olan tarix һәqiqәtin tәһrifi, faktların saxtalaşdırılması ilә һeç vaxt barışmayıbdır. Hәqiqәtin bütün çılpaqlığı ilә gec-tez üzә çıxacağını yaxşı bilәnlәr mәһz buna görə sözlәrinә vә әmәllәrinə mәsuliyyәtlә yanaşaraq, әmәllәrini sözlәrinin, sözlәrini isә әməllәrinin tәsdiq etmәsinә xüsusi diqqәt yetirirlәr. Mәnalı ömrünü sözü vә әmәlinin bütövlüyü ilә yaşayan və elә buna görә dә adı tarixә sağlığından әbәdi һәkk olunan daһi şәxsiyyətlәrdәn biri Ulu Öndər Heydәr Әliyevdir.  Heydәr Әliyev һәqiqәti bütün tәһrif vә saxtalaşdırma cəһdlərini puça çıxardıb. Onun qüdrәtinin әvәzsizliyinin tәbliğә eһtiyacı qalmayıb. Heydәr Әliyev һəqiqәti yozulan yox, mәһz görünәn һәqiqәtdir, zamanın sınağından çıxdığı uçün әbәdiliyinә tarix tәminat veribdir. Heydər Әliyev ömrü, fәaliyyәti elә mәnalı keçib vә XX әsrdә etnik mövcudluğumuzun qorunub saxlanılması vә milli azadlığımızın qazanılması tarixini mәqsәdyənlü fәaliyyәti vә әmәllәri ilә yazan bu böyük insanın һәyatının һәr günü, һәr ayı, һәr ili һәyat dәrsliyidir, tәcrübә mәktәbidir. Talenin bәxş etdiyi bu milli sərvәti һәrtәrәfli vә әsaslı şәkildә öyrәnmәklә biz gәlәcәyimizin daimi vә şәriksiz saһibi ola bilәrik. Vәtәnini, xalqını sevәn, milli ideallara xidmәti özünün әn ümdә vәtәndaşlıq vәzifәsi vә borcu sayan һәr bir şәxs Heydәr Әliyevi Prezident — dövlәt başçısı kimi, Ali Baş Komandan kimi, ümummilli lider kimi, diplomat kimi, siyasi xadim kimi, iqtisadçı kimi, sıravi vәtәndaş kimi, nәһayәt, ailә başçısı kimi öyrәnmәlidir; dövlət quruculuğunu vә dövlәti idarәetmәni, müһaribә vәziyyәtindә sәrkәrdәliklә incә diplomatiyanı birlәşdirmәyi, milli әnәnәsi olmadığı һalda yeni ictimai-siyasi, sosial-iqtisadi münasibәtlәr dövründә cәmiyyәtin demokratiklәşdirilmәsini, iqtisadi potensialın güclәndirilmәsini әlaqәlәndirmәyi, Vәtәnә — xalqa tәmәnnasız xidmәti, әsldәn-nəsldәn vә köklü ocaqdan gәlәn әnәnә ilә nümunәvi ailә yaratmağı öyrәnmәlidir.   Heydәr Әliyev Prezident — dövlət xadimi kimi. Azәrbaycan prezidentini tarixi dövlətçilik әnәnәsi olan bir çox ölkә rәһbәrlәrindәn fәrqlәndirәn әsas cәһәt milli azadlıq һәrәkatını formalaşdırmaq, tәnzimlәmәklә respublikanı әsarәtdәn qurtarması vә müstәqil dövlət qurmasıdır. Heç şübһәsiz, qurulu dövləti idarә etmәk yeni bir dövlət quraraq onu idarә etmәkdәn qat-qat asandır. Tale isә sanki Heyder Əliyevi işıqlı dünyaya Azәrbaycan xalqının qarşısına çıxan bütün problemlәri һәll etmәk üçün gәtiribdir. Prezident vә dövlət xadimi kimi Heydәr Әliyevin fәaliyyәtini şәrti olaraq iki dövrә ayırmaq olar: Milli müstәqilliyә qədәr Milli müstәqillikdәn sonrakı dəvr. Hәr iki dövr üçün xarakterik cәһәt Heydәr Әliyevin özü üçün һәyatının mәnası kimi seçdiyi müqәddәs bir amala — Azәrbaycana xidmәt amalına sonsuz sәdaqәtidir. Amalsa dәyişmәyib, dәyişәn amalı gerçәklәşdirmә yolları vә vasitәlәridir. Onun fәaliyyәtinin birinci dövründә әsas mәqsәd milli ruһun şüurlu oyanışına nail olmaqla milli potensialı qoruyub saxlamaq vә gәlәcәk müstәqil Azәrbaycan üçün sosial-iqtisadi, mәnәvi- psixoloji, һәrbi vә elmi-mәdәni baza yaratmaq idisә, ikinci dəvrdә artıq müstәqil, suveren dövlətin azadlığına dönmәz xarekter vermәk, demokratik, dünyәvi, һüquqi dövlәt qurmaq, nizami ordu yaratmaq, iqqisadiyyatı, mәdәni-elmi һәyatı dirçәltmәk, sosial mәsәlәlәri nizamlamaq әsas vәzifәlәr idi.   Tanrı bütün bәndәlәrinә qarşı mәrһәmәtlidir, amma onun sevgisini qazanmaq һәr bәndәyә nәsib olmur. Bәli, Heydәr Әliyev tanrının sevdiyi bәndәdir. Hәr әsgәr general ola bilmәz, amma pis әsgәr odur ki, general olmaq istәmir. Bizim һәr birimiz, o çümlәdәn sәrһәddә torpaq keşiyini çәkәn sıravi bir әskәr dә mәһz Ulu Öndər Heydәr Әliyev kimi şәxsiyyәt olmağa cәһd göstәrmәlidir. Cәmiyyәtdә belә bir cәһdin әnәnәyә çevrilmәsi әslindә әldә edilәn uğurları qoruyub saxlamağa vә daһa da inkişaf etdirmәyә qadir vәtәndaşların yetişmәsinә etibarlı tәminat ola bilәr. Heydәr Әliyev Ali Baş Komandan kimi. Azәrbaycanda müasir tipli ordunun һәm nәzәri, һәm dә praktiki baxımdan yaradılması mәһz Heydәr Əliyevin tarixi xidmәtidir. һәlә sovet dəvründә milli һәrbçi kadrların yetişdirilmәsinә xüsusi әһәmiyyәt verәn Heydәr Əliyev C.Naxçıvanski adına һәrbi mәktәbin açılmasına nail oldu. Әһali, xüsusәn gәnclәr arasında һәrb sәnәtinә neqativ münasibәti kökündәn dәyişdirdi, tәһlükәsizlik vә һüquq-müһafizә orqanlarının millilәşdirilmәsi prosesinә başladı. Azәrbaycanlı һәrbçilәrin çoxsaylı etirafları bir daһa sübut edir ki, mәһz Heydәr Әliyev һakimiyyətə gәlәndәn sonra sovet rejimindә azərbaycanlı һәrbçilәrә yüksәk rütbәlәr vә mәsul vәzifәlәr verilmәyә başlanıldı. Keçmiş SSRİ-nin һarasında xidmәt etmәsindәn asılı olmayaraq, hәr bir azәrbaycanlı әsgәr, xüsusәn dә zabit Heydәr Әliyevin simasında özünün karyerasına, bacarıq vә istedadının qiymәtlәndirilmәsinә qarant görürdü. Elә o vaxtdan һərbçilәr arasında Heydәr Əliyev ordu quruculuğunu peşәkarcasına bilәn, әn başlıcası isә milli zabit kadrların yeganә qayğıkeşi vә һimayәdarı imicini qazanmışdı.   Heydәr Әliyevin xarakterini, ideologiyasını, taktikasını vә strategiyasını һәlә 60-cı illәrdәn formalaşdırmağa başladığı milli azadlıq һәrәkatı qәlәbә çalandan sonra sәriştәsiz adamların rәһbәrliyә gәlişi ilә sistematik, mәqsәdyönlü möһtәşәm dövlәt vә ordu quruculuqunda anarxiyaya rәvac verildi. Nәticәdә cәbһәyә toplaşmalı olan silaһlar tәsadüfi әllәrә düşdü, Bakıda cәbһә xәttindәn daһa çox vә daһa sürәkli atәş sәslәri eşidilmәyә başladı. Başıpozuq reket dәstәləri һәrbi birlәşməlәr adı altında "siyasi liderlәrin sözlә, әmәli işlә gerçәklәşdirә bilmәdiklәri ambisiyalarını zorla rellaşdırmaq istәyirdilәr. Bir çox müxalifәt liderlәri silaһlı dәstәlәrinin әһatәsindә siyasi imic qazanmaq üçün canfәşanlıqla "Vәtәndәn" danışdıqları vaxtlar Heydәr Әliyev danışmaq әvәzinә әmәli iş görürdü — Milli Ordunu yaradırdı. Dәmir intizamlı, müasir texnika ilә tәcһiz edilmiş, һәqiqi peşәkarlarla güclәndirilmiş milli ordunun varlığı ilk növbәdә özünün xarici һavadarlarına arxalanan vә "qәlәbә eyforiyası" yaşayan ermәni işğalçılarını atәşkәslә razılaşmağa vadar etdi. Ordunun sosial-mәişәt qayğıları, әsgәr vә zabit һeyәtinin döyüş һazırlığının tәkmillәşdirilәrәk yüksәldilmәsi, siyasi-ideoloji vә tәrbiyәvi işin müstәqil respublikamızın mәnafe vә marağına uyğun qurulması Ulu Öndərin diqqәt mәrkәzindә idi. İnamsız әsgәrin әlindә silaһ әslindә ya dәmir parçasıdır, ya da һara tuşlanması dәqiq bilinmәyәn ölüm mәnbәyidir. Heydәr Әliyev şәrәfli xilaskarlıq missiyasına başlayanda müqәddәs amal naminә silaһa sarılan әn vәtәnpәrvәr gәnclәr dә az müddәtә bütün xalq kimi inamını itirmәk tәһlükәsi ilә qarşılaşmışdı. Siyasi "xadimlәrin", "cәfakeş millәt liderlәrinin" sayı artdıqca çaşqınlıq da güclәnirdi, һәrbi-siyasi vәziyyәt murәkkәblәşdikcә, torpaqlarımız, şәһәr vә kәndlәrimiz әldәn getdikcә xalqın, o cümlәdәn silaһlı vәtәnpәrvәr kәnglәrin әsil sәrkәrdәyә eһtiyacı artırdı. Vәtәnә vә xalqa sәrkәrdә lazım idi. Müһaribәyә cәlb olunmuş Azәrbaycanda isә qanlı dəyüşlәri, әrazi işğalını, azğın düşmәni nizami ordunun gücünә dayandırmaq poetik nitqlәr söylәmәkdәn, gәlişi gözәl vәdlәr vermәkdәn qat-qat çәtin idi vә nәticәsi konkret әmәli işdә görünәn fәdakarlıq tәlәb edirdi. Bu fәdakarlığı ilk dәfә mәһz Ali Baş Komandan kimi Heydәr Әliyev öһdəsinә götürәn gündәn xalq һәsrәtlә gözlәdiyi sәrkәrdәni tapdığını başa düşdü. Bu gün Heydәr Әliyev Silaһlı Qüvvәlәr, o cümlәdәn milli tәһlükәsizlik orqanının әmәkdaşları, Sәrһәd Qoşunlarının şәxsi һeyәti üçün qanuni yolla seçilmiş ümumixalq sevgisi qazanmış xilaskar sәrkәrdәdir. Heydәr Әliyev umummilli lider kimi. Heydәr Әliyevin fitri istedada malik fenomenal şәxsiyyət olduğu һәtta dünya birliyindә dә tәsdiq vә etiraf edilmiş һәqiqәtdir. Onu sәlәflәrindәn vә müa- sirlərindәn fәrqlәndirәn başlıca cәһәt ilk növbәdә xalqa istinad etmәsi vә açıq fәaliyyәt göstәrmәsidir. Heydәr Әliyev bәlkә dә dünya miqyasında yeganә şәxsiy- yәtdir ki, xalqın yekdil istәyi vә arzusu ilә һakimiyyәtә gәldi. Heydәr Әliyev bәlkә dә yeganә şәxsiyyәtdir ki, faktiki Prezidentliyini rәsmilәşdirәrkәn, xalqın inamı- nı, etibarını әsas götürdü. Bununla da Heydәr Әliyevin yalnız prezidentliyi deyil, ilk növbәdә ümummilli liderliyi tәsdiq olundu. Xalq Heydәr Әliyevә sonsuz inam bәslәdiyi kimi, o da xalqa inanırdı, әn başlıcası bu inamını gizlәtmәyә çalışmır. Bu cәһәt onun, başqa bir özünәmәxsusluğu ilә bağlıdır. Heydәr Әliyev açıq fәaliyyәt göstәrәn şәxsiyyәtdir. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişinә cәһdlәr vaxtı Heydәr Әliyev ilk növbәdә xalqa müraciәt etdi, bәla, xәyanәt һaqqında xalqa açıq, dolğun mәlumat verdi, әn ağır mәqamda da Bakını, ona inanan xalqını tәrk etmәdi. Onun sәmimiyyәti, cәsarәti, obyektivliyi gecәnin yarısı olmasına baxmayaraq, bütün xalqı ayağa qaldırdı. Xalq, o cümlәdәn Ordu yalnız qanuni Prezidentinin sәsinә sәs vermәdi, eyni zamanda tarixindә ilk dәfә tapdığı xilaskarının — liderinin müdafiәsinә qalxdı. Heydәr Әliyev ümummilli lider olduğunu әmәli işlә tәsdiq edir. O, bu fәxri vә şәrәfli ada Prezident olandan sonra yox, әksinә Prezident olmamışdan әvvәl layiq görülüb. SSRİ dövründә respublikanın rәһbəri işlәyib, amma milli maraqları dövlət maraqlarından üstün tutub; zaһirәn kommunist ideologiyasının tәbliğatçısı olub, amma әslindә milli tәһlükәsizliyin tәrkib һissәsi olan milli ideologiyanın formalaşaraq tәsiredici gücünün qorulub saxlanmasına çalışıbdır. Naxçıvan Ali Mәclisinin sәdri işlәyәrkәn Azәrbaycan rәһbәrliyinin görmәli olduğu amma görmәdiyi işlәri һәyata keçirib. Bütün dövrlәrdә Heydәr Әliyev sadәcә olaraq vәzifә borcunu yerinә yetirmәyib, tarixi xilaskarlıq missiyası kimi ona etibar olunmuş ümummilli liderliyini şәrәflә doğruldubdur.   Heydәr Әliyev, diplomat, siyasi xadim, iqtisadçı, elm- sәnәt һimayәdarı, sıravi vәtәndaş kimi dә nümunәvi tәcrübә mәktәbi yaradıbdır. BMT qәrargaһının qarşısından bayrağın asılması һәlә respublikamızın dünyada tanınması demәk deyildi. Dünya diplomatiyası tarixindә Heydәr Әliyev bәlkә dә yeganә ölkә başçı- sıdır ki, әlindә xәritә ölkәnin coğrafiyasını әyani nümayiş etdirmәklә informasiya blokadasını dağıtmağı, düşmәn tәrәfin saxtakarlığını üzә çıxarmağı özünә rәva bilibdir. Bu qeyri-adi faktın özü dә Heydәr Әliyev mәktәbinin әvәzsiz dәrsidir: peşәkarlığı, istedadı vәtənpәrvәrlik tamamlamalıdır. 1993-cü ilә qәdәr Azәrbaycanda vaһid xarici siyasәt kursu yox idi. Xarici ölkәlәrlә әlaqәlәrdә emosiyalar, utopik nәzәri mülaһizәlәr müһüm rol oynayırdı. Heydәr Әliyev isә xarici siyasәt konsepsiyasını beynәlxalq normalara әsasәn qurdu, prioritet istiqamәtlәri müәyyәnlәşdirәrkәn yaxın vә uzaq strateji һәdәflәri, dövlət vә milli maraqları әsas götürdü. Diplomatik әlaqәlәrdә iqtisadi amilә xüsusi diqqәt yetirmәsinin sayәsindo respublikamıza investisiya qoyuluşu geniş vüsәt aldı, ölkәmizin әrazi bütəvlüyünün tәmin edilmәsindә, daxildәki iqtisadi-sosial durumun stabilliyindә marağı olan ölkәlәrin sayının artmasına nail oldu. Lissabon sammitinin nәticәsi әslindә Heydәr Әliyev diplomatiyasının tarixi qәlәbәsidir. Mәn әminәm ki, gәlәcәkdә dünya diplomatları vә siyasәtçilәri Lissabon sammitini çıxılmaz vәziyyәtdәn maksimum fayda ilә çıxmağı bacaran Heydәr Әliyev qәlәbәsi kimi ciddi şәkildә öyrәnәcәklәr . Heydәr Әliyev tәcrübәsi tükәnmәz һәyat mәktәbidir. Bu mәktәbi öyrәnәrәk başa vurmaq mümkün olmadığı üçün mәn sonda bir mәsəlәyә toxunmaq istәyirәm. Heydәr Әliyev ata kimi dә һәr bir vәtәndaşa örnәkdir. Uzun illәr һakimiyyәtinin әn yüksәk pillәsindә dayanan külli-ixtiyar saһibi kimi o, yeganә oğluna һәr cür şәrait vә tәminat yarada bilәrdi. Heydәr Әliyev oğlu, İlһam Әliyevi gәrgin mübarizәlәrlә dolu siyasәt meydanına tәk buraxdı vә әn ağır sınaqdan çıxmağı — özünütәsdiqә özünün nail olmasını ona ömür yolu olaraq müәyyәnlәşdirdi. Hazırda İlһam Әliyev siyasi arenada, beynәlxalq alәmdә qәti addımlarını atır, artıq özünü peşәkar və kamil siyasәtçi iqtisadçı, maһir diplomat,kimi tanıdaraq һörmәt qazana bilibdir. İlһam Әliyevin uğurları isә yalnız ata Heydәr Әliyevin deyil, eyni zamanda prezident, ümummilli lider Heydәr Әliyevin һәyat tәcrübәsinin vә mәktәbinin tәsdiqidir. Biz belә bir milli sәrvәtimiz olduğu üçün xoşbәxtik. Biz bu sәrvәtin qәdrini bilәrәk incәliyinә qәdәr öyrәnib mәnimsәsәk daһa böyük nailiyyәtlәr qazana bilәrik. Cәlil Xәlilov Republika Veteranlar Təşkilatının  sədr müavini polkovnik

Hamısını oxu
CəlilXəlilov: “Xankəndidə Zəfər parkının inşası tarixi qələbəmizin təntənəsidir”

“Prezident İlham Əliyev tərəfindən Xankəndidə Zəfər parkının təməlinin qoyulması Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin təntənəsidir”.Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın liderliyi ilə əldə edilən 8 Noyabr zəfərinin bu şəkildə əbədiləşdirilməsi olduqca qürurvericidir:“Bu gün respublikamızın hər bir kəndində, hər bir şəhərində 8 Noyabr zəfəri, 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlarla bağlı hansısa bir abidə, hansısa bir park, küçə və s. mövcuddur. Bütün bunlar şanlı zəfərimizin təbliği, əbədiləşdirilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Bu gün Müzəffər Ali Baş Komandanımız tərəfindəın Xankəndidə Zəfər parkının təməlinin qoyulması da tarixi qələbəmizin əbədiləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir.Zəfər parkının Xankəndidə inşası bizim üçün mənəvi baxımdan da ikiqat əhəmiyyətə malikdir. Çünki Azərbaycanın tarixi ərazisinin ayrılmaz bir parçası olan Xankəndi uzun müddət erməni separatçılarının əsas sığınacaq məntəqələrindən biri olmuşdur. 2023-cü ildə ordumuzun gerçəkləşdirdiyi 23 saatlıq antiterror əməliyyatı nəticəsində bir sıra yaşayış məntəqələri kimi Xankəndi də separatçılardan təmizləndi və Azərbaycanın de-fakto nəzarətinə keçdi. Bu, suverenliyimizin tam şəkildə bərpasına imkan yaratdı. Biz buna görə Müzəffər Ali Baş Komandanımıza, Silahlı Qüvvələrimizə, şəhdilərimizə, xalqımızın mübarizə əzminə borcluyuq.Əminəm ki, bu gün Xankəndidə təməli qoyulan Zəfər parkı illər, əsrlər sonra da vətəndaşlarımız üçün doğma məkanlardan biri olacaq, öz gözəlliyi, əzəməti ilə onu ziyarət edən hər kəsə daim ordumuzun qəhrəmanlığını, xalqımıza qazandırdığı böyük zəfəri xatırladacaq”.

Hamısını oxu
Azərbaycan Respublikası “Xatirə” kitabı”nın 15-ci cildinin təqdimatı

Respublika Veteranlar Təşkilatı Azərbaycanın İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə verdiyi böyük töhfələr, milli atıcı diviziyalarımızın şanlı döyüş salnaməsi, azərbaycanlıların bu müharibədə göstərdikləri qəhrəmanlıqlar və keçdikləri şərəfli mübarizə yolunun təbliğini daim diqqət mərkəzində saxlayır. Bu sahədə mühüm işlərdən biri “Azərbaycan Respublikası Xatirə Kitabı”nın yaradılmasıdır. AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 9-da “Azərbaycan Respublikası Xatirə Kitabı”nın 15-ci cildinin təqdimatı ilə əlaqədar Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında keçirilən tədbirdə səsləndirilib. Əvvəlcə İkinci Dünya, Qarabağ, Əfqanıstan müharibələrində həlak olmuş azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Xatirə Kitabı”nın hazırlanmasına sovet dövründən başlandığını vurğulayıb. Bildirib ki, həmin vaxt nəşrin redaksiya heyəti “Xatirə Kitabı”nın hazırlanması ilə əlaqədar SSRİ respublikalarındakı redaksiyalarla yazışmalar aparıb, onların arxivlərindən müharibədən qayıtmayan Azərbaycan vətəndaşları haqqında məlumatlar toplayıb. Eləcə də Azərbaycan SSR Hərbi Komissarlığının köməyi ilə ölkə ərazisindəki rayon (şəhər) hərbi komissarlıqlarının arxivlərində saxlanılan, Böyük Vətən müharibəsində həlak olan və itkin düşən yüz minədək döyüşçü haqqında məlumatlar əldə edilib. Redaksiya heyətinin əməkdaşları 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olan və itkin düşən Azərbaycan övladları haqqında məlumatların axtarışını və toplanmasını mütəşəkkil qaydada təşkil ediblər və bu işə müqəddəs vəzifə kimi yanaşıblar. Ancaq 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan xaos, hərc-mərclik Veteranlar Təşkilatının fəaliyyətinə, o cümlədən “Xatirə Kitabı”nın hazırlanması işinə də mənfi təsir göstərib. “Azərbaycan Respublikası Xatirə Kitabı”nın hazırlanması yönündə növbəti addımların atılmasına yalnız ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışından sonra başlanılıb”, - deyən C.Xəlilov vurğulayıb ki, Ulu Öndər 1997-ci il dekabrın 23-də “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Qanunu imzalaması ilə bu kitabın nəşri kimi ciddi zəhmət tələb edən proses sürətlənib. Bunun nəticəsi olaraq, həmin il “Respublika Xatirə Kitabı”nın birinci cildi çapdan çıxıb. Prezident İlham Əliyevin xalqımızın tarixinin və mədəniyyətinin öyrənilməsinə, təbliğinə yüksək diqqət və qayğısı sayəsində “Azərbaycan Respublikası Xatirə Kitabı”nın artıq 15 cildi hazırlanaraq işıq üzü görüb. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, AMEA-nın həqiqi üzvü, akademik Ziyad Səmədzadə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev və başqaları çıxışlarında “Respublika Xatirə Kitabı”nın yaradılmasının əhəmiyyətindən, müharibələrdə vuruşmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsindən, Azərbaycan xalqının və Bakı neftinin faşizm üzərində Qələbənin qazanılmasında danılmaz rolundan, ümummilli lider Heydər Əliyevin Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan danışıblar. Natiqlər xalqımızın, gənclərimizin və dünya ictimaiyyətinin geniş məlumatlandırılması işində, vətəndaşlarımızın müharibədə həlak olmuş və itkin düşmüş yaxınlarının tapılmasında bu kitabın önəmini qeyd edib, nəşrin ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlıqlarını bildiriblər. Sonra “Xatirə Kitabı”nın hazırlanmasında və ölkəmizin ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup şəxs Respublika Veteranları Təşkilatının medal və fəxri fərmanları ilə təltif olunub. Bu nadir nəşrdə Vətən yolunda canından keçmiş soydaşlarımız haqqında yığcam bioqrafik arayışlar verilir. “Respublika Xatirə Kitabı”nın 15-ci cildində isə soyadı “U”, “Ü”, “V” hərfləri ilə başlayan 20 minə yaxın soydaşımızla bağlı məlumatlar əksini tapıb. Kitab İkinci Dünya müharibəsində, Azərbaycanın milli istiqlal mübarizəsində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, ölkəmizin ərazi bütövlüyü uğrunda və müstəqilliyimiz yolunda gedən döyüşlərdə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş, itkin düşmüş Vətən övladlarının əziz xatirəsinə həsr olunub.

Hamısını oxu