Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Deputatlığa namizəd Adil Əliyev seçicilərlə görüşüb

Bu ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd Adil Əliyev Azərbaycan Veteranlar Təşkilatında görüş keçirib. Trend-in məlumatına görə, görüşdə şəhid ailələri, Qarabağ qaziləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib. A.Əliyev çıxış edərək qeyd edib ki, ölkədə çox böyük seçki ab-havası var: "Potensialı olan kifayət qədər deputatlığa namizəd var. İnsanlar seçkiyə getməli, səs verməlidirlər, səslərinə sahib çıxmalıdırlar. 2005-ci ildən seçkilərə qatılmışam. 20 saylı Nərimanov ikinci seçki dairəsi mənə yaxşı tanışdır, insanları əzizdir. Çünki deputat olmamışdan əvvəl də bu ərazidə fəaliyyət göstərmişəm. Deputat xalqa xidmət etməlidir, mənim prinsipim belədir. Sosial şəbəkələrdə bəzən neqativ fikirlər səsləndirir. İddia edirlər, guya deputatlar yalnız özünü düşünür. Bu fikri cəm halında səsləndirmək düzgün deyil. Seçicilərlə görüşün elanını verəndə, narazılıq bildirənləri də dəvət edirəm, gəlin iradlarınızı bildirin, cavablandıraq… Mən bəzəkli həyat tərzi sürməkdən çox uzağam. Bunu məni tanıyanlar da yaxşı bilir. Seçicini bir dəfə aldatmaq olar, növbəti dəfə seçicinin qarşısına necə çıxmaq olar? Bəzi iradlar haqsız olur. Hansısa deputatın sehirli çubuğu yoxdur ki, bütün problemləri həll etsin. Hamımız vətənə, dövlətə xidmət etməliyik. Ölkəmizin ərazi bütövlüyü uğrundan şəhid olanların ailələrinə, qazilərə diqqət göstərməliyik. Bu, borcumuzdur. Şəhid anasını öz anan hesab etmədinsə, səndən vətənə xidmət edən olmaz. Torpaqların işğalda olmasından xəcalət çəkirəm. Ermənilər çox hiyləgər xalqdır, dünyanın hər yerinə yayılıblar. Qarabağ probleminin həlli üçün dövlətə dəstək olmalıyıq, bunun üçün gənclər oxumalıdır. Xaricdə oxuyan azərbaycanlılar ölkəyə qayıtmalı, xalqa xidmət etməlidir. Xalqın buna ehtiyacı var. Bu istiqamətdə əlimdən nə gəlirsə, edirəm. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin dünyaya tanıdılması üçün çalışır". A.Əliyev xaricdə yaşayan bəzi azərbaycanlıları da tənqid edib: "Ölkədən hansısa yollarla xaricə gedənlər sosial şəbəkələrdə təhqirlər səsləndirirlər. "Youtube"a, "Facebook"a onların ailələri baxmır? Axı biz azərbaycanlıyıq. Bu cür yollara əl atmaq düzgün deyil". 

2020-01-30 00:00:00
5443 baxış

Digər xəbərlər

Cəfərov Elyəddin Zöhrab oğlu

Cəfərov Elyəddin Zöhrab oğlu 24.05.1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olmuşdur. 2001-ci ildə Zaməddin Rüstəmov adına Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olan Elyəddin 2012-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. “SOCAR PETROLEUM” Qapalı Səhmdar Cəmiyyətində fəaliyyət göstərən Elyəddin 2-ci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü şəkildə işlədiyi müəssisədən müvəqqəti möhlət alaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş və ön cəbhəyə yollanmışdır. Torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək ŞƏHİDLİK zirvəsinə ucalan Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə doğulduğu doğma Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd qəbirsitanlığında böyük izdihamla dəfn edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən ŞƏHİD Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.   Dərin hörmətlə anırıq! Ruhun şad olsun!

Hamısını oxu
callber

Hamısını oxu
“Şəhidlərimizə ən böyük abidəni qəlbimizdə ucaltmalıyıq”

Məşhur Məmmədov: “Hamımızın onlara borcu var”   “Arzu edərdim ki, ailə quran gənclərimiz öncə şəhidlərimizin, qəhrəmanlarımızın abidəsini ziyarət etsin”   “Hərbçilərimiz 44 günlük müharibədə bütün dünyaya vətəni necə sevmək və qorumaq gərəkdiyini göstərdi”   Bir müddət bundan öncə 8 Noyabr- Zəfər günü Azərbaycan xalqı tərəfindən sevinc və coşğu ilə qeyd olundu, xalqa bu zəfəri qazandıran şəhidlərimizin ölümsüz xatirəsi respublikamızın hər bir bölgəsində ehtiramla yad edildi.   Veteran.gov.az olaraq millət vəkili Məşhur Məmmədovla söhbətimizdə bu tarixi zəfərin önəmini bir kəs daha təhlil etməklə yanaşı, post-müharibə dönəmində qarşıda duran vəzifələrə də nəzər salmağa çalışdıq:   -Məşhur müəllim, noyabrın 8-də Azərbaycan xalqı düşmən üzərindəki tarixi qələbəsinin birinci ildönümünü təntənə ilə qeyd etdi. Bilmək istərdik ki, bu qələbə bizə torpaqlarımızla yanaşı, daha nələri qaytardı?   -8 Noyabr bizim üçün həm Zəfər Günü, həm də qürur günüdür. Bu gün mənliyimizin, qürurumuzun bərpası günüdür. 8 Noyabr şəhid ruhlarının sakitləşdiyi, dinclik tapdığı gündür.   Bu gün bizim üçün başqa bayramlardan fərqlənir. Biz uzun illər torpaqlarımızın işğalda qalması səbəbi ilə böyük narahatlıq, gərginlik keçirmişik. Rayonlarımızın ermənilər tərəfindən işğalı günlərini ağrı və yas içində qeyd etmişik. Indi bu yasdan çıxmalıyıq. İnsanlarımız, gənclərimiz qalib, qürurlu dövlətin vətəndaşları kimi yaşamalıdır. Əgər qürur hissini, qalib xalq düşüncəsini onların ruhuna, qəlbinə yeridə bilsək, biz o zaman çox şey qazanarıq.   Şübhəsiz, qələbə qürurunu yaşamağımız o demək deyil ki, biz keçmişdə baş verənləri unutmalıyıq. Biz baş verənləri unutsaq, bu, gələcəkdə yeni fəlakətlərlə üzləşməyimizə səbəb ola bilər. Biz tariximizi, keçmişimizi öz düşüncəmizdə, yaddaşımızda, ədəbiyyatımızda, dərsliklərimizdə və digər müstəvilərdə yaşatmalıyıq. Tarixini unudanın gələcəyi olmur. Biz keçmişimizi unutmayaraq qalib dövlət, qalib xalq kimi gələcəyə əzmlə, inamla addımlamalıyıq.   -Azərbaycan ordusunun cəmi 44 gün içində düşməni darmdağın edərək ərazi bütövlüyünü təmin etməsi bəzən zəfərin asan qazanıldığı ilə bağlı təəssürat yaradır. Sizcə doğrudanmı hər şey asanlıqla əldə edildi?   -Bu qələbəni qazanmaq bizim üçün asan olmayıb. Ümumiyyətlə, asan müahribə olmur. Biz bu qələbəyə 30 il yol getmişik. Biz Birinci Qarabağ müharibəsində də qalib gələ bilərdik. O zaman bu qalibiyyətə iki amilin yoxluğu mane oldu. Bunlardan biri milli ideologiyanın yetərincə güclü olmaması, digəri isə liderin yoxluğu amili idi. Qələbənin üç amili var: bunlar iqtisadi güc, qüdrətli ordu, bir də sərkərdə amilidir. Qələbələri sərkərdələr qazanır. Ola bilsin ki, ordu da, silah da mövcud olsun. Lakin ağıllı, cəsarətli, bacarıqlı sərkərdə yoxdursa, qələbə qazanmaq çox çətin olur.   Vətən müharibəsində dövlət başçısı sadəcə prezident kimi deyil, həm də Ali Baş Komandan, sərkərdə kimi çıxış etdi. Düşmənlə hərb meydanında olduğu kimi infoirmasiya, diplomatiya müstəvisində də uğurla mübarizə apardı. Ölkə başçısı Vətən müharibəsi dönəmində daxildəki müxalif qüvvələri də ali məqsəd uğrunda mübarizədə birləşdirməyə nail oldu və bu birlik, bu əzm bizi 8 Noyabr zəfərinə gətirib çıxardı. Biz 8 Noyabr zəfəri ilə mümkünsüz kimi görünənin mümkün olduğunu sübut etdik. Nə qədər ki, Azərbaycan xalqı, Azərbaycan dövləti var, 8 Noyabr zəfəri hər zaman böyük fəxr və qürur hissi ilə qeyd olunacaq, iftixar hissi ilə yad ediləcək.   -Məşhur müəllim, müharibə zamanı hərbi əməliyyatlar payız-qış mövsümünə təsadüf etsə də, həmin vaxt hava şərtləri əvvəlki dönəmlərlə müqayisədə daha mülayim idi. Hansı ki, bu, əks-hücum əməliyyatı həyata keçirən ordumuzun  irəliləməsi üçün əlverişli imkan yaradırdı. Sizcə məlum reallıq müharibə dönəmində təbiətin də haqqın, ədalətin yanında yer alması kimi şərh edilə bilərmi?   -Bu müharibədə Allah da, təbiət də bizim yanımızda idi. Baxın, Vətən müharibəsi pandemiyanın geniş vüsət aldığı, bütün dünyada sərhədlərin bağlandığı, ciddi məhdudiyyətlərin tətbiq edildiyi vaxtda təsadüf etdi. Əgər sərhədlər açıq olsaydı, gediş-gəlişdə heç bir məhdudiyyət olmasaydı, pandemiya ilə mübarizə bunca güc və zaman tələb etməsəydi, o zaman ölkəmizə təzyiqlər də kifayət qədər böyük ola bilərdi.   Pandemiya dönəmində insanların bir araya gəlməsi koronaviruysun yayılması üçün əlverişli zəmin yaratdığı üçün bu cür toplantılar yasaqlanmışdı. Orduda isə bir maşında onlarla əsgər toplanır, kilometrlərlə məsafə qət edirdilər. Lakin o dövrdə heç bir əsgərimiz kronavirusa yoluxmadı.   Bundan başqa, ötən ilki hava şərtləri də builki hava şərtləri ilə müqayisədə daha mülayim idi. Sanki təbiət də hərbçilərimizi qoruyurdu. Biz ədalət uğrunda, öz haqqımız, torpağımız uğrunda mübarizə aparırdıq. Buna görə də Allah da, təbiət də bizim yanımızda oldu. Mən bunu belə izah edərdim.   -Vətən müharibəsindən cəmi bir il ötsə də, artıq respublikamızın bir çox şəhər və rayonlarında şəhidlərimiz, qəhrəmanlarımızla bağlı çoxlu abidələr ucaldılıb, onların adlarının əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Sizcə bu sahədə görülən işlər, atılan addımlar keçmişə hörmət və ehtiram əlaməti olmaqla yanaşı, gələcəyimiz baxımından hansı əhəmiyətə malikdir?   -Biz tariximizi yaddaşımıza köçürməklə yanaşı, həm də qəlbimizdə yaşatmalıyıq. Şəhidlərimizə, qəhrəmanlarımıza ən böyük abidəni hər şeydən öncə qəlbimizdə ucaltmalıyıq. Çünki bizə bu zəfəri şəhidlərimiz, qazilərimiz, qəhrəmanlarımız qazandırıb. Biz şəhidlərimizə, qəhrəmanlarımıza olan sevgimizi onların xatirəsini əbədiləşdirməklə, habelə onların doğmalarının, yaxınlarının yanında olmaq, onlara qayğı göstərməklə bildirməliyik. Hər bir şəhidin xatirəsi qəlbimizdə əbədi yaşamalıdır.   Abidələr sadəcə şəhidlərimizi, qəhrəmanlarımızı xatırlamağa deyil, həm də keçdiyimiz bu yolu unutmamağımıza xidmət etməlidir. Çünki şəhdilərimiz bizə ləyaqətimizi, şərəfimizi, mənliyimizi, qürurumuzu qaytardı. Buna görə də bizim hamımızın onlara borcu var. Bu gün dünyanın heç bir yerində ermənilər bizim xalqın nümayəndələrinin üzünə dik baxa bilmirlər. Bu, bizim əsgərlərimizin, zabitlərimizin şücaəti nəticəsində baş tutub. Buna görə də şəhərlərimizin, kəndlərimizin ən gözəl, ən baxımlı yerlərində onlra abidələr qoyulmalıdır və necə ki, qoyulur. Çünki bu abidələr gələcək nəsillərin tərbiyəsi, onların vətənpərvərlik ruhunda formalaşması baxımından da vacibdir. Biz şəhidlərimizin, qazilərimizin xatirəsini həm də kitablarda, filmlərdə, əsərlərdə yaşatmalıyıq.   Azərbaycan Respublikaısnın Prezidenti öz çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan ordusu digər ordulardan fərqlidir. Müharibə vaxtı Azərbaycan ordusunda bir nəfər də olsun fərari olmayıb. Bunların hamısı bizim insanların vətənini, torpağını necə sevməsinin nümunəsidir.   Mən çox arzu edərdim ki, ailə quran gənclərimiz öncə həmin şəhidlərimizin, qəhrəmanlarımızın abidəsini ziyarət etsinlər, onların önünə gül dəstələri qoysunlar. Bu abidələr önündə şəkillər çəkdirsinlər və bu şəkilləri hər zaman işıqlı bir xatirə kimi qoruyub saxlasınlar.   -Sizcə post-müharibə dönəmində  milli maraqlarımızın müdafiəsi baxımından həm ölkəmizdəki, həm də respublikamızdan kənardakı soydaşlarımızın üzərinə hansı vəzifələr, hansı öhdəliklər düşür?   -Bütün dünya erməni vandalizminin şahididir. Ermənilər təkcə ərazi iddiası ilə çıxış etmirdilər. Onlar sadəcə insanlarımızı evindən, eşiyindən didərgin salmayıblar. Onlar həm də 20 mindən çox insanımızın həyatına qəsd ediblər. Onların  8-9 mini hərbi qulluqçudur. 11-12 min insanın içərisində bir aylıq körpədən tutmuş 90 yaşına qədər insanlar olub. Biz heç vaxt bunu unuda bilmərik.   Ermənilər sadəcə insanlarımıza qarşı qəddarlıq sərgiləməyib. Onlar həm də tariximizə, mədəni irsimizə, təbiətimizə qarşı amansızlıq sərgiləyiblər. Hektarlarla meşələrimizin məhv ediblər. Su hövzələrimizi zəhərləyiblər. Onlar bunu məqsədli və sistemli şəkildə ediblər. Bu faktlar göstərir ki, ermənilər özləri də bu ərazilərdə daimi yaşamayacaqlarını yaxşı biliblər. Daimi yaşamaq istəyənlər barbar ola bilməz. Onlar hər şeyi dağıdıb məhv ediblər. Bu ərazilərdə heç kim yaşamayıb. Hazır tikililəri belə söküb satıblar. Onlar heç vaxt bu torpaqları özlərininki hesab etməyiblər. Bu torpaqları özününkü hesab edən bu torpaqlarda heç vaxt bu miqyasda vəhşilik törətməz.  Biz bu həqiqətləri dünyaya çatdırmaq üçün əlimizdən gələni etməliyik. Bu bizim həm mənəvi, həm də milli borcumuzdur. Biz Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmalıyıq. Hər birimiz bu məsələdə əlimizdən gələni əsirgəməməliyik. Ermənilərin törətdikləri vəhşiliklərə görə beynəlxalq məhkəmələrə cəlb etmək, lazımi təzminat ödəmələrinin təmin olunmasına nail olmaq hər birimizin borcudur.   Dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Həm Avropa və ABŞ-da, həm də digər regionlarda azərbaycanlıların yaratdığı cəmiyyətlər, vətəndaş institutları mövcuddur. Bu cəmiyyətlər və institutlar da bu məsələdə aktiv rol oynamalı, ermənilərin hüquqi müstəvidə cəzalandırılması üçün hər bir imkanı dəyərləndirməliyik.   -Məşhur müəllim, müharibə başa çatsa da, zaman-zaman Ermənistan tərəfinin müxtəlif təxribatlara əl atdığına şahid oluruq. Sizcə rəsmi İrəvanın bu kimi təxribatlarla nəyəsə nail olması mümkündürmü?   -Ermənistan ordusu 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən ağır məğlubiyətə uğradılıb. Düşmənin hərbi potensialının 80%-i məhv edilib. Ermənistan iqtisadi baxımdan da ağır böhran vəziyyətindədir və regional layihələrin hamısından kənarda qalıb. Buna səbəb rəsmi İrəvanın uzun illər ərzində apardığı işğalçı-təxribatçı siyasət olub.   Azərbaycan Vətən müharibəsi nəticəsində düşməni məğlub edərək işğaldakı torpaqlarını azad edib. Düşmənin başını “dəmir yumruğu” ilə əzib. Lakin görünən odur ki, hələ də Ermənistandakı bəzi revanşist-təxribatçı qüvvələr baş verənlərdən nəicə çıxartmaq istəmirlər.   Əminliklə deyirəm ki, Ermənistan bu kimi təxribatlarla heç nəyə nail ola bilməyəcək. Ölkə başçısının bildirdiyi kimi, “Dəmir yumruq” yerindədir. Vətən müharibəsi də sübut etdi ki, Azərbaycan Ordusu hər cür təhdid və təxribata layiqli cavab verməyə qadirdir və bundan sonra da ərazi bütövlüyümüzü pozmaq istəyən hər kəs bu “Dəmir yumruğun” ölümcül zərbəsini hiss edəcək.   Seymur ƏLİYEV    

Hamısını oxu
Azərbaycan QHT-ləri Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb

Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıblar. Bəyanatda deyilir: “Biz, QHT nümayəndələri beynəlxalq təşkilatlara və UNESCO-ya bir neçə dəfə müraciət edərək Qarabağda və Ermənistan ərazisində Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırımı haqqında məlumat vermişik. Məhz Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik mədəni irsi tamamilə yox olmaq təhlükəsi ilə üzləşib. Azərbaycana qarşı olan ikili standartlar, irqçi xarakterli yanaşmalar və islamofobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil etmişdir. Ötən gün erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərində ermənilərə məxsus tarixi-mədəni abidələrinin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul olunması Azərbaycana qarşı növbəti riyakarlıqdır. Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə çatdırırıq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırımı törədib. Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə müşayiət olunub. Belə ki, XX əsrin əvvəllərindən başlamış azərbaycanlıların əsrlər boyu öz doğma torpaqları olan bugünkü Ermənistan ərazisindən kütləvi deportasiyası nəticəsində Ermənistanda azərbaycanlı qalmayıb. Təkcə 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrilib. Beləliklə, Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər, sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib. Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olmuş torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı. Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Lakin bu sadalanan faktlara baxmayaraq müəyyən beynəlxalq təşkilatlar, Avropa Parlamentinin üzvləri bu durumlara səssiz qalır və əksinə, Azərbaycan əleyhinə qətnamələr qəbul edirlər. Beynəlxalq təşkilatlara ünvanlanmış əvvəlki müraciətlərimizdə tərəfimizdən bir çox dəqiq faktlar da təqdim edilib. Məsələn, digər faktlarla yanaşı, vurğulanıb ki, Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam məscidləri kimi 300-dən çox məscid XX əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilədək öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o, tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox məzarlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb. Ümumilikdə Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus minlərlə mədəni irs abidəsini bilərəkdən dağıdıb. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, bütün insanlığa qarşı olan bir təhqirdir. Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin, on illərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur. Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır. Bu məqsədlə beynəlxalq hüquqda mövcud instrumentlər də istifadə edilməlidir. Belə ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir. Biz, Azərbaycanda fəaliyyət göstərən QHT-lər ölkəmizlə bağlı qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnaməni ləğv etməyi tələb edirik. 1. Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu 2. İlqar Orucov - Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyi 3. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondu 4. Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyəti 5. Bahar Qasımova - Azərbaycan Qadınları Respublika Cəmiyyəti 6. Ramil İsgəndərli - Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi 7. Faiq İsmayılov - Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı 8. Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 9. Səltənət Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi 10. Novella Cəfərova – “D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyi 11. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi 12. Şəlalə Həsənova - İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi 13. Ayaz Mirzəyev - “Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi” 14. Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi 15. Mariya Hüseynova - “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi 16. Fərid Şahbazlı - İslahatçı Gənclər İctimai Birliyi 17. Yusif Ağayev - “Dostluq" Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi 18. Cəsarət Hüseynzadə - "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi 19. Nəsiman Yaqublu - “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyi 20. Telman İsa - "Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi 21. Vüsalə Hüseynli - "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyi 22. Əhməd Abbasbəyli - "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi 23. Fuad Abbasov - “Misra” informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi 24. Fuad Hüseynzadə - "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyi 25. Niyaməddin Orduxanlı - "Bələdiyyələrin İnkişafına Yardım" İctimai Birliyi 26. Aqil Ələsgər - "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi 27. Ceyhun Musaoğlu - "Jurnalist Ekspert Mərkəzi" İctimai Birliyi 28. Aqil Camal - "Ortaq Dəyərlər" İctimai Birliyi 29. Hafiz Səfixanov "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi 30. Mehri Xanbabayeva - “Azərbaycan Tarixçiləri" İctimai Birliyi 31. Anar Xəlilov - "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi 32. Ziba Nəbiyeva - "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyi 33. Ayaz Hüseynov - "Hemofiliyalı Xəstələr" İctimai Birliyi 34. Fuad Əsgərov - “Qan Donorları Assosiasiyası” İctimai Birliyi 35. Könül Ağayeva - Rəqəmsal İnkişaf İctimai Birliyi 36. Ramil Abbasov - "Spektr" Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi 37. Müşviq Ələsgərli - "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyi 38. Elçin Mirzəbəyli "Bakı Natiqlik Məktəbi" İctimai Birliyi 39. Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi 40. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi 41. Şahin Rəhmanlı – “İrəli” İctimai Birliyi 42. Elşad Məmmədli - "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi 43. Elvin Talışınski - "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi 44. Cavid Şahverdiyev - Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi 45. Kəmalə Ağazadə - "Azərbaycan Uşaqları" İctimai Birliyi 46. Toğrul Allahverdili – “Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” İctimai Birliyi 47. Əfsələddin Ağalarov - "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyi 48. Zülfiyyə Nuriyeva - "Sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək" İctimai Birliyi 49. Məleykə Əlizadə - "Gəncə Regional Qadın Mərkəzi" İctimai Birliyi 50. Samirə Mustafayeva - "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 51. Qalib Nəbiyev - “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi 52. Yadigar Məmmədli - "Azərbaycan Demokratik Jurnalistlər Liqası" İctimai Birliyi 53. Samir Mehdizadə - “Təhsil Şurası” İctimai Birliyi”.  

Hamısını oxu