Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib..

Bakı, 25 oktyabr, AZƏRTAC Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı operativ müşavirədə çıxış edib.

  Prezident İlham Əliyevin
çıxışı
-Bir aya yaxındır ki, müharibə gedir. Bu müddət ərzində ölkəmiz döyüş meydanında böyük uğurlar əldə edib. Hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Gün ərzində müntəzəm olaraq mənə döyüş bölgələrində aparılan əməliyyatlar haqqında məlumat verilir və mənim tərəfimdən müvafiq göstərişlər verilir. Demək olar ki, hər saat müxtəlif bölgələrdə baş verən hadisələrlə bağlı məlumat daxil olur, həm Müdafiə Nazirliyi və digər qurumlar məni məlumatlandırırlar. Hər gün operativ müşavirələr keçirilir. Bir sözlə, vəziyyət tam nəzarət altındadır. İşğal olunmuş torpaqlarımızın bir hissəsi bu müddət ərzində işğalçılardan azad edilibdir, 100-dən çox yaşayış məntəqəsi - şəhərlər, kəndlər işğalçılardan azad edilibdir. Azad edilmiş şəhər və kəndlərimizdə artıq Azərbaycan bayrağı ucaldılıbdır. Bu şəhər və kəndlərimizin videogörüntüləri Azərbaycan ictimaiyyətinə təqdim edilir və hər kəs görə bilər ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Bir dənə də salamat bina qalmayıb, bütün binalar, evlər, inzibati binalar, sosial obyektlər, tarixi-dini abidələrimiz mənfur düşmən tərəfindən dağıdılıb. İşğal edilmiş torpaqlar və dağıntılar erməni vandalizminin canlı şahidləridir. Ermənistan dövləti bu cinayətlərə görə məsuliyyət daşıyır və cavab verəcəkdir. Mən tapşırıq vermişəm ki, işğaldan azad edilmiş bütün bölgələrdə təftiş işləri aparılsın, bütün dağıntılar qeydə alınsın, aktlar tərtib edilsin, bizim vətəndaşlarımızın dağıdılmış əmlakı uçota alınsın və əlbəttə ki, Ermənistan dövləti bu hərbi cinayətlərə görə cavab verəcəkdir. Bir daha bütün dünya gördü ki, biz hansı vəhşilərlə üz-üzəyik. Bu gün Azərbaycan əsgəri və zabiti döyüş meydanında düşmənə dərs verir, düşməni yerinə oturdur, düşməni torpaqlarımızdan qovur. Biz qan tökürük, şəhidlər veririk, hərbçilər, eyni zamanda, mülki şəxslər şəhid olur. Ermənistan döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmir və yenə də hər zaman olduğu kimi, öz çirkin əməllərini yaşayış məntəqələrimizi, mülki əhalinin yaşadıqları yerləri atəşə tutur. Bu namərd atəş nəticəsində 60-dan çox mülki şəxs həlak olub, 300-ə yaxın mülki şəxs yaralanıb. İki gün bundan əvvəl Milli Qəhrəman Şükür Həmidov qəhrəmancasına həlak olub. Şükür Həmidov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərmişdir. Mənim tərəfimdən ona Milli Qəhrəman fəxri adı verilmişdir və Milli Qəhrəman ulduzunu şəxsən ona təqdim etmişdim. Təklif edirəm ki, döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad edilsin. Allah rəhmət eləsin. Yaralı hərbçilərimizə və mülki şəxslərə Allahdan şəfa diləyirəm. Bu günlər ərzində biz bir daha gördük ki, Ermənistan bu torpaqlardan öz xoşu ilə çıxmaq fikrində deyil. Bir daha gördük ki, Ermənistan bu 30 il ərzində, sadəcə olaraq, vaxt udmaq, danışıqlarda imitasiya aparmaq və status-kvonu əbədi etmək fikrində idi. Əfsuslar olsun ki, beynəlxalq vasitəçilər işğalçı dövlətə lazımi təzyiq göstərə bilməmişlər, yaxud da ki, bunu etmək istəməmişlər. Əks təqdirdə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qalmazdı. Onu da bildirməliyəm ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilmişdir. İclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülmüşdür. Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılsın. Bu günlərdə təqdim edilən layihədə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz etmişdir. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilmişdir. Ancaq bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq. Düşməni necə ki, döyüş meydanından qovuruq, düşmənin havadarlarının təxribat xarakterli addımlarına da lazımi cavab veririk. Azərbaycan tək deyil, beynəlxalq birlik tərəfindən ərazi bütövlüyümüz tanınır, biz beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstəririk. Baxmayaraq ki, Ermənistan dəfələrlə bu müddət ərzində bizi təxribata çəkib, Ermənistan ərazisindən bizim hərbi mövqelərimizi atəşə tutub, yaşayış yerlərimizi atəşə tutub, Gəncə şəhərinə Ermənistan ərazisindən iki dəfə ballistik raketlərlə zərbə vurub, atəş açıb, bunun nəticəsində günahsız insanlar həlak olublar. Hər gün Tərtər, Ağdam və digər cəbhəboyu şəhərlərimizə və kəndlərimizə yüzlərlə, minlərlə mərmi atılır, amma beynəlxalq birlik buna səssiz qalır, vasitəçilər buna səssiz qalırlar. Bunların indi dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır. Bunun bir yolu var - Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmalıdır, rədd olmalıdır. Bunu beynəlxalq hüquq tələb edir. Ancaq onlara təsir göstərilmir, təzyiq göstərilmir, əksinə, bizə təsir və təzyiq cəhdləri müşahidə olunur. Əlbəttə ki, heç kim bizə təsir edə bilməz, bizim iradəmizə heç kim təsir edə bilməz. Sadəcə olaraq, bizim hərbçilərimiz və vətəndaşlarımız bilsinlər ki, həm cəbhədə, həm siyasi arenada çox ciddi mübarizə gedir, çox ciddi mübarizə gedir. Biz döyüş meydanında qan tökürük, bu qəhrəmanlarımızın canı-qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik, eyni zamanda, siyasi səhnədə də müqavimət göstəririk, mərdlik göstəririk, öz mövqeyimizi müdafiə edirik. İki dəfə Ermənistanın xahişi ilə, böyük dövlətlərin təklifi ilə atəşkəs elan olunmuşdur. İki dəfə də Ermənistan bu atəşkəsi pozub. Birinci dəfə elə bir gün keçməmiş Gəncəni bombalamışdır. İkinci dəfə atəşkəsdən iki dəqiqə sonra atəşkəsi pozmuşdur. Belə olan halda, Azərbaycan əlbəttə ki, onlara layiqli cavabını verib və verəcək. Bundan sonra da düşməni torpaqlarımızdan qovacaq, sona qədər qovacaq. Bizim bir şərtimiz var, əgər Ermənistanın təəssübkeşliyini çəkən, onlara havadarlıq edən və faktiki olaraq 30 ilə yaxın bizim torpaqlarımızın işğal altında qalması üçün ermənilərə, Ermənistana şərait yaradan ölkələr atəşkəs istəyirlərsə Ermənistana təzyiq göstərilməlidir. Ermənistanın baş naziri bəyanat verməlidir ki, Ermənistan işğal edilmiş torpaqlardan çıxacaq. Belə bir bəyanatı biz eşitməmişik. Əksinə, xalqların öz müqəddəratı haqqında danışır və faktiki olaraq danışıqlar prosesini məhv edibdir. Atəşkəs qeyd-şərtsiz ola bilməz. Yenə 27 il, yenə 30 il bizim başımızı aldadacaqlar, yenə 30 il buraya nümayəndə heyətləri gələcək, danışıqlar aparılacaq. Biz boğaza yığılmışıq, Azərbaycan xalqının səbri tükənib. İyirmi səkkiz il bundan əvvəl Minsk qrupu yaradılıb. İyirmi səkkiz il bizi aldadırlar. İyirmi səkkiz il bizə söz veriblər, vəd veriblər ki, gözləyin, dayanın, Ermənistana təzyiq edəcəyik, belə edəcəyik, elə edəcəyik. Hamısı yalan idi. Hər kəs də bunu görür. Mən də xalqıma hər zaman həqiqətləri demişəm. Nə var onu da demişəm. Bu gün də nə var onu deyirəm. Bildirməliyəm ki, bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var. İndiki döyüşlər zamanı 300-ə yaxın Ermənistan tankı ya məhv edilib, ya da hərbi qənimət kimi götürülüb. Haradandır bunlarda bu qədər pul? Kasıb bir ölkədir, nə pulu, nə imkanı var. Müftə alıbdır. Altı S-300 hava hücumuna qarşı zenit-raket kompleksi məhv edilibdir. Onların qiyməti bəllidir. Haradandır bu? “Tor”, “OSA” zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları, təyyarələr, hansılar ki, artıq Azərbaycan tərəfindən məhv edilib. “Toçka-U”, “SCUD”, haradandır? Pulsuz verilib və verilir. Biz də buna səssiz qala bilmərik. Hər kəs bunu bilsin. Biz təkbaşına vuruşuruq, təkbaşına! Mən bunları deyirəm ki, ilk növbədə, Azərbaycan xalqı real vəziyyəti bilsin. Bilsin ki, biz torpaqlarımızı nəyin bahasına işğalçılardan azad edirik. Bilsin ki, əgər Ermənistana bu 27-28 il ərzində maliyyə, hərbi, siyasi yardım göstərilməsəydi, çoxdan torpaqlarımız işğalçılardan azad olunardı, özü də sülh yolu ilə. İndi baxın, erməni əsgərləri döyüş meydanından necə qaçır. Bütün bu görüntülər var. İndi bu görüntülərin bir hissəsi, sadəcə olaraq, mətbuatda öz əksini tapır. Amma bu, çox geniş bir videoməlumatdır. Əgər bu silahlar olmasaydı, bu siyasi dəstək olmasaydı, Ermənistan bizim torpaqlarımızı işğal altında saxlaya bilərdimi! Əlbəttə ki, yox. Mən demişəm, biz onları qovuruq və qovacağıq. Azərbaycanın qarşısında heç kim dura bilməz. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz ərazi bütövlüyümüzü bərpa edirik, Ermənistan ərazisinə keçməmişik, belə fikrimiz yoxdur. Belə fikir olsaydı çoxdan bunu edərdik. Bunu etmək üçün o qədər böyük səy göstərmək də lazım deyil. Biz döyüş meydanında uğurlar qazanmışıq. Ancaq, eyni zamanda, bu döyüşlər onu göstərdi ki, hələ qüsurlar da var, çatışmazlıqlar da var və biz onları operativ qaydada aradan qaldırırıq. Eyni zamanda, bu döyüşlərdən sonra, ikinci Qarabağ müharibəsi başa çatandan sonra döyüş zamanı əldə edilmiş bütün uğurlar və çatışmazlıqlar ciddi təhlil edilməlidir. Baxmayaraq ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, biz bundan sonra ordu quruculuğu işində daha müasir metodlardan istifadə etməliyik. Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir. Ancaq mən bunu demişəm və bir daha demək istəyirəm ki, torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər. Ona görə növbəti günlərdə, - bu gün biz bu barədə danışacağıq, - bizim hərbi əməliyyatlarımız elə aparılmalıdır ki, onların səmərəsi daha da təsirli olsun, vaxt itirməyək. Bəzi hallarda yubanmalar var. Bəzi hallarda yubanmalara heç bir əsas gətirə bilmirlər. Biz bütün bunları təhlil edirik, təhlil edəcəyik. Yenə də deyirəm, Azərbaycan Ordusu böyük rəşadət göstərir, peşəkarlıq göstərir. Biz 1990-cı illərin əvvəllərində bir neçə il ərzində torpaqlarımızı itirmişik. Bu gün hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib. Yenə də deyirəm, hər gün cəbhədən yaxşı xəbərlər gəlir. Düzdür, bəzi istiqamətlərdə ciddi düzəlişlərə ehtiyac var, amma biz bütövlükdə qarşımızda duran hədəfə çatırıq. Hər gün növbəti gün üçün döyüş tapşırığı verilir. Mən bu döyüş tapşırığını təsdiqləyirəm və demək olar ki, bu tapşırığın böyük hissəsi icra edilir. Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz öz torpağımızda vuruşuruq. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, tarixi ədalət bizim tərəfimizdədir. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik, işğalçıları öz torpaqlarımızdan qovmalıyıq, ölkəmizin suverenliyini təmin etməliyik. Əminəm ki, biz buna nail olacağıq. Amma buna nail olmaq üçün əlbəttə ki, hər bir vəzifəli şəxsdən böyük məsuliyyət tələb olunur, cəsarət tələb olunur və nizam-intizam tələb olunur. Mən bu günlər ərzində müntəzəm olaraq Azərbaycan xalqına müraciət edirəm, öz fikirlərimi bildirirəm, uğurlar haqqında məlumat verirəm. Bu gün də Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da biz haqq yolumuzdan dönməyəcəyik! Heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik!

2020-10-25 00:00:00
3594 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında xalq-ordu birliyi ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında xalq-ordu birliyi ilə bağlı tədbir keçirilib. Veteran və qazilərin, vətəndaş cəmiyyəti institutu nümayəndələrinin, media təmsilçilərinin, Müdafiə Nazirliyi əməkdaşlarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov öncə Azərbaycanın ordu quruculuğu tarixinə nəzər salıb. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycanda nizami ordunun formalaşdırılması istiqamətində ciddi addımların atıldığını bildirən polkovnik Cəlil Xəlilov, bolşevik işğalı ilə əlaqədar olaraq bu istiqamətdəki səylərin yarımçıq qaldığını vurğulayıb. Sovet dönəmində də azəbaycanlıların hərbi işinə yaxın buraxılmadığını qeyd edən sədr müavini, yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra soydaşlarımızın keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində hərbi təhsilə cəlb edildiyini, milli hərbi kadrların hazırlanmasına prosesi start verildiyini bildirib. Daha sonra 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun əldə etdiyi şanlı qalibiyyətə toxunan polkovnik Cəlil Xəlilov, bu qələbə xalqımızın mühüm rol oynadığını bildirib: “44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasında Azərbaycan Ordusu ilə yanaşı, Azərbaycan xalqı da həlledici rol oynadı. 8 Noyabr zəfəri məhz xalq-ordu birliyi sayəsində əldə edildi. Hansı ki, Prezident İlham Əliyev də öz çıxışlarında bu vacib nüansı dəfələrlə qeyd edib, qələbənin əldə edilməsində xalq-ordu birliyinin həlledici amil olduğunu vurğulayıb. Biz 8 Noyabr zəfərinin nəticələrinin qorunub saxlanılması, dövlətimizə, xalqımıza qarşı düşmən mövqe tutan, birliyimizi, bərabərliyimizi, ölkəmizdəki sabitliyi pozmağa çalışan təxribatçı qüvvələrə qarşı bundan sonra da birgə mübarizə aparmalı, dövlət başçımızın, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etməliyik. Unutmamalıyıq ki, bizim gələcək uğurlarımız birliyimizdən, həmrəylyimizdən asılıdır”. Daha sonra çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarix yazdığını, xalqın hər bir fərdinin orduya, onun Ali Baş Komandanına dəstək verdiyini bildirdi: “44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun, Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır. Azərbaycan Ordusu 44 gün ərzində erməni faşizminə ağır zərbə vuraraq onları tarixi torpaqlarımızdan qovdu, dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Bu qələbədə Azərbaycan xalqı yaxından iştirak etdi. Xalqımız Azərbaycan Ordusu, Ali Baş Komandanla ciddi həmrəylik sərgilədi. Prezident İlham Əliyevin bu müharibədə ortaya qoyduğu yüksək sərkərdəlik qabiliyyəti, komandanlıq bacarığı sayəsində erməni ordusu darmadağın edildi. Nəticədə, 30 illik həsrətə son qoyuldu, on illərdir davam edən erməni təxribatlarına layiqli cavab verildi”. Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Elvin Əzizov 8 Noyabr zəfərinin əldə edilməsində Azərbaycan xalqının tarixi xidmətlərinin inkaredilməz olduğunu vurğuladı: “Birmənalı olaraq qeyd etməliyik ki, 8 Noyabr zəfəri xalqımıza, dövlətimizə qarşı uzun illərdir ki, davam edən erməni təxribatlarına qarşı ən layiqli cavab oldu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında cəmi 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradan Azərbaycan Ordusu, 30 illik işğaldakı torpaqları azad etdi. Bu qələbədə Azərbaycan Ordusu ilə yanaşı, Azərbaycan xalqı da mühüm rol oynadı. Xalqımız mənəvi baxımdan ordu ilə sıx həmrəylik nümayiş etdirdi. Yaşından, peşəsindən, sscial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı orduya öz dəstəyini ifadə etdi ki, bu da hərbçilər üçün çox böyük mənəvi stimuli çevrildi. Azyaşlı məktəblilərin orduya yolladığı məktublar, bu məktublarda yer alan sevgi və səmimiyyət dolu fikirlər, uşaqların çəkdiyi şəkillər – bir sözlə atılan hər bir addım əsgərlərimizi qələbəyə daha da ruhlandırır, onların mübarizə əzmini artırırdı. Məhz xalq-ordu birliyi sayəsində düşmən üzərində parlaq hərbi qalibiyyət əldə edildi, ərazi bütövlüyümüz bərpa olundu”. Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşı, dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyev “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində görülən işlərdən bəhs edib, “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” kitabında yer alan bəzi nüanslara toxunub. Rasim Mirzəyev qeyd edib ki, layihə çərçivəsində xalq-ordu birliyi, bu birliyin 8 Noyabr zəfərinin əldə edilməsindəki əhəmiyyəti bir daha ictimaiyyətin diqqətinə çatdırılıb, bu həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb. Tədbirdə çıxış edənlər xalq-ordu birliyinin qələbəyə verdiyi mühüm töhfəyə diqqət çəkib, qalib dövlətin vətəndaşı olmağın bəxş etdiyi qürur hissindən danışıblar. Xatırladq ki, tədbir “Şanlı qələbənin təməli: xalq-dövlət-ordu birliyi” layihəsi çərçivəsində keçirilib. Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu
22 iyul Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı və “İydə Parfumery” – nin tərəfdaşlığı ilə 22 iyul Milli Mətbuat günü münasibətilə “Media Nümayəndələrinin Təltifetmə mərasimi” həyata keçirilib. Mərasimdə rəsmi şəxslər, Millət vəkilləri Elman Nəsirov, Vüqar İsgəndərov, "Dayaq" Təşkilatının sədr müavini Məcid Məmmədov, İcraçı direktor Zamin Zeynal, diaspora və media nümayəndələri, QHT təmsilçiləri iştirak edərək çıxış etdilər. Təltifetmə mərasimində çıxış edənlər Jurnalistləri təbrik etdikdən sonra Azərbaycan mətubatının tarixi və bu gününə nəzər salaraq qeyd etdilər ki, müasir dövrümüzdə peşəkar jurnalistikanın daha da inkişafı fonunda vətəndaşlarımızı vaxtında informasiya ilə təmin edilməsi istiqamətində media qurumlarının fəailiyyət imkanları hər gün genişlənərək, ölkəmizdə xəbər təlabatını uğurla həyata keçirirlər. Natiqlər çıxışlarında onu da vurğuladılar ki, hazırki dövrümüzdə aparıcı əhəmiyyət kəsb edən on-line medianın sürətlə inkişafı, 44 günlük müharibə vaxtı və ondan sonrakı dövrdə milli vətənpərvər ruhda jurnalistərimizin fədakar fəaliyyəti diqqətəlayiqdir. Gələcəkdə də bu sayaq tədbir və təşəbbüslərin olması Azərbaycan mediasına ictimai dəstəkdir. Mükafatlandırma mərasimdə “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov çıxış edərək bildirdi ki,  Azərbaycan mediası beynəlxalq müstəvidə milli, vətənpərvər əzimdə fəaliyyət göstərən diaspora fəalları ilə görüşərək onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırması yönümündə gördükləri işləri daima işlqlandıraraq həmrəylik nümayiş etdirirlər. Elsəvər Məmmədov onu da qeyd etdi ki, Mətbuat cəmiyyətin güzgüsüdür,mətbuatın inkişafına ictimai dəstək və qarşılıqlı əməkdaşlıq münasibətləri dövlət Başçısı cənab İlham Əliyevin məqsədyönlü uğurlu siyasətinə vətəndaş cəmiyyəti dəstəyidir. “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev mərasimdə çıxış edərək bildirdi ki, 44 günlük haqq savaşı dönəmində Azərbaycan Jurnalistlərinin həm ön cəbhədə, həm də arxa cəbhədə, eyni zamanda informasiya  savaşında göstərdikləri vətənpərvər fəaliyyət, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan ordusunun tarixi qələbə zəfərinin əldə edilməsində etdikləri informasiya həsaslığı, müharibə prosesinə ehtiyatla yanaşma, xalqımızın milli maraqlarına xidmət göstərmələri  jurnalistlərimizə qarşı hər birimizin vəzifəsindən, peşədindən  asılı olmayaraq dərin hörmət və diqqətini artırmışdır. Jurnalistlərin mükafatlandırılması ilə bağlı "Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov  mətbuata açıqlamasında bildirdi ki, Milli Mətbuat günü münasibətilə "Dayaq" Təşkilatı ilə birgə belə bir tədbiri təşkil etməkdə məqsəd Jurnalistlərin peşə bayramında onların əməyinə yüksək qiymət verməklə yanaşı, birlik, həmrəylik nümayiş etdirməkdir. Elsevər Məmmədov onu da xüsusi olaraq vurğuladı ki, dövlət Başçısı cənab İlham Əliyev tərəfindən Jurnalistlərə göstərilən diqqət və qayğı vətəndaş cəmiyyəti tərəfindən dəstəklənərək ictimai-siyasi mədəni dəstək  nümayiş etdirilməkdədir.  

Hamısını oxu
Həzi Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib

Yanvarın 22-də görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib. AZƏRTAC xəbər verir ki, həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Şəhidlər xiyabanında, general Həzi Aslanovun məzar-abidə kompleksinin önündə xalqımızın igid oğulları sırasında adı qəhrəmanlığın rəmzinə çevrilən, dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə mahir hərbi sərkərdə istedadı nümayiş etdirərək hərb salnaməsinə yeni parlaq səhifələr yazan tank qoşunları generalının xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Tədbirdə Müdafiə Nazirliyinin general, zabit, gizir, kursant və əsgərləri, Təhsil və Mədəniyyət nazirliklərinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, Bakı qarnizonundakı hərbi hissələrin, veteran təşkilatlarının, qəhrəmanın adını daşıyan müəssisələrin, təhsil və mədəni-maarif ocaqlarının nümayəndələri, generalın ailə üzvləri iştirak ediblər. Əvvəlcə məzar-abidə kompleksi önünə əklillər qoyulub, qəhrəmanın xatirəsi ehtiramla yad edilib, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin müşayiəti ilə dövlət himni ifa olunub. “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin əmri ilə yaradılan təşkilat komitəsinin üzvü, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Həzi Aslanovun hərb tarixində müstəsna xidmətlərindən danışıb. O, Prezidentin Sərəncamının təkcə bir qəhrəmana deyil, ümumiyyətlə, İkinci Dünya müharibəsi illərində müxtəlif cəbhələrdə vuruşan, Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən altı yüz mindən çox Azərbaycan övladının xatirəsinə böyük ehtiramın bariz nümunəsi olmaqla yanaşı, həm də torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyətinin, eləcə də gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Nəzərə çatdırılıb ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, eləcə də Kremldə məsul vəzifə tutduğu vaxtlarda xalqımızın tarixinə sonsuz hörmətlə yanaşıb, əsrlər boyu torpaqlarımıza təcavüz edən yadelli işğalçılar qarşısında boyun əyməyən, diz çökməyən xalq qəhrəmanlarının, görkəmli hərbi sərkərdələrin hünər və rəşadətlərini yüksək qiymətləndirib, gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində ata-babaların qəhrəmanlıq ənənələrindən bəhrələnməyi, bu ənənələri davam etdirməyi məsləhət görüb. Ulu Öndər əcdadlarımızın qəhrəmanlıq nümunələrinin bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olduğunu dəfələrlə qeyd edib. Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevə görə xalq öz qəhrəmanlıq tarixini öyrənmədən, qiymətləndirmədən yeni qəhrəmanlar yetişdirə bilməz. Gələcək qəhrəmanlıqların, igidliklərin təməli tariximizdədir, atalarımızın keçdiyi şanlı döyüş yolundadır. Xatırlanıb ki, Ulu Öndər nəinki respublikamızda, həmçinin Vətənimizin hüdudlarından uzaqlarda da Azərbaycan oğullarının qəhrəmanlıqlarının təbliği, adlarının əbədiləşdirilməsi, tanıdılması istiqamətində çox mühüm işlər görüb. Məhz Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Krımın Kerç rayonunda, Sapun-Qora yaxınlığında 77-ci, Rostov vilayətinin Taqanroq şəhərinin Sambek yüksəkliyində 416-cı Azərbaycan milli atıcı diviziyalarının şanlı döyüş yollarını əbədiləşdirmək məqsədilə möhtəşəm abidə kompleksləri yaradılıb. Həzi Aslanov, Mahmud Əbilov, Akim Abbasov, Məlik Məhərrəmov və bir çox general və zabitlərin yubileyləri dövlət səviyyəsində qeyd olunub, neçə-neçə Sovet İttifaqı Qəhrəmanının ev-muzeyi yaradılıb və abidələri ucaldılıb. Anım mərasimində vurğulanıb ki, Heydər Əliyev general-mayor Həzi Aslanovu Böyük Vətən müharibəsində döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisi kimi qiymətləndirərək “O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir”, - deyib. Hər il respublikamızda 9 May - Qələbə Günü tədbirləri ulu öndər Heydər Əliyevin iştirakı ilə məhz Həzi Aslanovun məzar-abidəsi qarşısında keçirilən anım mərasimi ilə başlanardı. Bu ənənələr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Bildirilib ki, “Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində Müdafiə, Təhsil və Mədəniyyət nazirliklərinin birgə tədbirlər planında il ərzində respublikanın bölgələrində, hərbi hissələrdə, təhsil və mədəniyyət müəssisələrində beynəlxalq konfransların, tank heyətləri arasında yarış-müsabiqələrin, fotosərgilərin, teatrlaşdırılmış kütləvi mərasimlərin, vətənpərvərlik filmləri həftəsinin keçirilməsi nəzərdə tutulub. İl ərzində Həzi Aslanovun keçdiyi döyüş yolu və adı ilə bağlı ünvanlara ekskursiyalar təşkil olunacaq, yeni kitablar, albom, plakat və açıqcalar nəşr ediləcək, qəhrəmanın tank və mexanikləşdirilmiş digər zirehli texnikalar sahəsində yenilikləri və hərbi elmi məqalələri əsasında sənədli tədris filmi çəkiləcək. Eləcə də Bakı Bələdiyyə Teatrında Abdulla Qurbaninin “Həzi Aslanov xatirələr işığında” pyesi tamaşaya hazırlanacaq. Bundan əlavə, faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan beynəlxalq əsgər mahnıları festivalı iştirakçılarının Lənkəran şəhərinə səfəri və festival çərçivəsində qəhrəman həmyerlimizə həsr olunan konsert proqramının təşkili reallaşacaq. Rusiya Federasiyası “Zvezda” televiziya kanalının istehsalı olan “Ordu əfsanəsi Həzi Aslanov” filminin yaradıcı heyəti ilə görüş, respublika musiqi və teatr kollektivlərinin iştirakı ilə ədəbi-bədii gecə, Azərbaycan Dövlət Pedaqoji və İqtisad Universitetlərində konfrans və kütləvi vətənpərvərlik tədbirinin keçiriləcəyi də planlaşdırılıb. Anım mərasimində Həzi Aslanov irsinin tədqiqi və araşdırılmasında müstəsna xidmətləri olan Əməkdar incəsənət xadimi, tədqiqatçı-jurnalist Musa Bağırov, Respublika Veteranlar Təşkilatı sədrinin birinci müavini polkovnik Cəlil Xəlilov, Aslanovlar ailəsi adından qəhrəmanın nəvəsi Emin Aslanov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq ediblər. Tədbir Azərbaycan Bayrağı altında Fəxri Qarovulun Həzi Aslanovun abidəsi önündən təntənəli keçidi ilə başa çatıb.

Hamısını oxu
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram: 1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2 500,0 (iki min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250,0 (bir min iki yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım verilsin. 2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə: 2.1. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,2 milyon (üç milyon iki yüz min) manat vəsait ayrılsın; 2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş vəsaitin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi hesabına köçürülməsini təmin etsin; 2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.

Hamısını oxu