Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Böhtan missiyasını anaxeber.az, nia.az və “Milletinsesi.info”da davam etdirənlər çirkin məqsədlərinə nail ola bilməyəcəklər

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəaliyyəti, xüsusilə Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov barəsində yalan və böhtan kompaniyasının dayandırıldığını, bizi qarşıda duran mühüm vəzifələrin həllindən kimlərinsə daha yayındırmayacağını güman etdiyimiz bir vaxtda yalan və böhtanların yeni dalğası ilə üzləşdik. Ölkə KİV-də yayılmış təkziblərimizə baxmayaraq, eyni xarakterli və məzmunlu yalanları bu dəfə anaxeber.az, nia.az və Milletinsesi.info tirajladı. Yenə də tam qərəzli mövqedən çıxış edənlər faktlara əsaslanmadan, xəstə təxəyyüllərinin məhsulu olan qarayaxmalar səsləndirdilər və təəssüf ki, xəbər portalı da dəqiqləşdirmədən bu yalanlara ortaq oldu. Əlbəttə, onların reytinq problemini ölkənin ən nüfuzlu qeyri-hökumət təşkilatı hesabına həll etmək niyyəti başa düşüləndir. Yalnız onu unudurlar ki, həqiqəti təhrif etməklə süni reytinq artımına nail olmaq əks nəticələr verə bilər və necə ki, verib də. Təşkilatın Nizamnaməsinə tam uyğun olaraq keçirilən növbəti Plenumda məlum məqsədlə yalan və böhtan yayanların düşdükləri acınacaqlı durum (onları iki nəfər veteran belə dəstəkləmədi) və məntiq iflasa uğramış çirkin kompaniyanın nəhayət dayandırılmasını diktə edirdi. Ancaq, atalar nahaq deməyib: “qozbeli qəbir düzəldər”. Buna görə də biz Millətinsesi.info-nun da iddia etdiyi kimi “ümumi sözlərlə çıxış” etmir, həmin şəxslərin kimliyini və Respublika Veteranlar Təşkilatından nəyə görə çıxarıldıqlarını hələlik qismən açıqlayırıq. Sabiq əməkdaş Kamal Əliyev barəsində KİV-də artıq məlumatımız yayılıb. “Azərbaycan Veteranı” qəzetinin sabiq redaktoru Bayram İsmayılov Təşkilatın nüfuzuna xələl gətirən hərəkətlərinə, işdə yol verdiyi cinayət xarakterli xətalara görə vəzifəsindən azad olunub. Onun özünü Təşkilatın orqanı olan bir qəzetin yaradıcısı və istedadlı jurnalist kimi təqdim etməsi isə daha çox psixoloji məsələ olduğundan buna münasibət bildirməyə lüzum görmürük. Ehtiyatda olan polkovnik Rasim Muxtarova, tədqiqtçı jurnalist Şəmistan Nəzirliyə gəlincə, onlar struktur dəyişikliyi və başqa vəzifəyə keçmək istəmədiklərinə görə, öz ərizələri ilə işdən çıxıblar. Yeri gəlmişkən, hörmətli generalımız Dadaş Rzayevin Plenumdan öncə öz iş otağında bir qrup veteranla görüşməsini (bunu 22-23 noyabra aid KİV məlumatları təsdiq edir) şübhə altına almaq, öz adlarını başqasına qoyan böhtançıların Təşkilatın sədr müavininə qarşı nə dərəcədə qərəzli olduqlarının göstəricisidir. Anaxeber , millətin sesi olmağa iddialı sayt və xəbər portalı da bu qərəzlərə ortaqlıq etməklə onlarla eyni, saxtakarlıq və böhtançılıq missiyanın daşıyıcısına çevrilmirmi? Belə olmasaydı Təşkilata ayrılmış vəsaitin xərclənməsi ilə bağlı yalanları yenidən tirajlamaz, sədr müavininin 19 noyabr 2016-cı ildə AzərTAc-da yayılmış və “Respublika” qəzetində dərc edilmiş (Plunemqabağı “Azərbaycan Veteranı” və digər qəzetlərdə də yayılıb) müsahibəsini nəzərə alar, cəmiyyətə obyektiv informasiyalar çatdırardılar. Ancaq məqsəd məlum “missiya” naminə yalan və böhtan xarakterli məlumatlar yaymaq olanda obyektivlik və jurnalist peşəkarlığı yada düşmür. Bakı veteranlar təşkilatı ilə bağlı məlumatlar da iftira xarakterlidir. İddiaların əksinə olaraq Bakı veteranlar təşkilatı özünü könüllü şəkildə, öz iclasını keçirərək buraxmışdır. Ayrılmış vəsaitlə əlaqədar bir daha qeyd edirik ki, təyinatına uyğun olaraq həmin vəsaitin bir hissəsi Təşkilatın maddi-texniki bazasının möhkəmləndirilməsinə xərclənmiş və veteranlara maddi yardım göstərilməsi ilə yanaşı bu proses də davam edir. Təşkilatın sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovun müharibə veteranı olmasına kimlərinsə əsasız şübhəsinə gəlincə, yalnız onu bildiririk ki, Sərhəd Qoşunları və keçmiş MTN əməkdaşlarının hansı döyüş əməliyyatlarında iştirak etdikləri, xüsusilə hansı tapşırıqları yerinə yetirmələri ilə bağlı məlumatlar əsasən xidməti sirr sayılır və kimlərinsə bunu anlamaması yalnız öz problemidir. Sərhəd Qoşunları və keçmiş MTN-in hərbi birləşmələrinin AR Silahlı Qüvvələrinin tərkib hissəsi olduğunu geyim forması barədə şüvən qoparanlara izah etmək də artıq gecdir. Bunu adətən hərbi məktəblərdə öyrənirlər. Ancaq Silahlı Qüvvələrdə 35 ildən artıq şərəflə xidmət etmiş, bu gün də öz təcrübə və biliyini veteran hərəkatının inkişafına sərf edən, Sərhəd Qoşunlarının komandan müavini kimi hormətlə ehtiyata yola salınmış bir zabiti qaçaqmalçılıqda günahlandırmaq onu səsləndirən və yayanlar üçün ciddi məsuliyyət törədən haldır. Artıq qeyd etdiyimiz kimi veteran təşkilatı olaraq KİV-lə münasibətlərin başqa müstəvilərə çıxarılmasını rəva bilmirik. Ancaq belə əsassız ittiham səsləndirənlər və yayanlar öz böhtanlarını təkzib etməyəcəkləri halda bizə məsələnin başqa müstəviyə çıxarmaqdan başqa seçim qoymurlar. Nəhayət bir məsələni diqqətə çatdırırıq ki, ehtiyatda olan polkovnik Cəlil Xəlilov cəfəng fikirlərlə cəmiyyəti çaşdırmağa çalışan şəxslərə nə dünən, nə də bu gün hesabat verməyə borclu deyil. Onun fəaliyyəti, xidməti barədə lazımi orqanlar da, Təşkilatın rəhbərliyi və Azərbaycan xalqı da kifayət qədər məlumatlıdır. Nəhayət veteanlara ayrılmış hansısa binanın satılması, yaxud onların istifadəsinə verilmiş Qələbə kafesinin icarəyə verilməsi kimi sayaqlamalara gəlincə böhtançılara əllərində olan bu məlumatları ölkənin hüquq-mühafizə orqanlarına təqdim etməyi tövsiyə edirik. Digər tövsiyəmiz isə əsassız iddiaları və hədyanları ilə insanların dəyərli vaxtlarını alanları ölkədə yüksək nüfuza malik olan, fəaliyyəti minlərlə veteran tərəfindən yüksək qiymətləndirilən Təşkilatın adına qara yaxmaqdan çəkindirməkdir.  Biz yayılan əsassız və yalan məlumatlara konkret faktlarla cavab verdik, indi növbə guya hansısa naməlum veteranların Təşkilatın gələcəyindən narahat olduğunu iddia edən xəbər portalınındır. Bir daha qeyd edirik ki, qarayaxma kompaniyası aparanların və dəstəkçilərinin məqsədli cəhdlərinə baxmayaraq, Respublika Veteranlar Təşkilatı bütün iş istiqamətləri üzrə fəaliyyətini inamla davam etdirir və keçirdiyi tədbirlərin əhatə dairəsini günbəgün genişləndirir. Böhtan və yalanları tirajlayanlar Təşkilatın ətrafında əsassız şayiələr yaymaqla yalnız özlərini ifşa edirlər.   Respublika Veteranlar Təşkilatı bir daha bəyan edir ki, öz fəaliyyəti, yaxud ona aidiyyatı olan istənilən məsələ ilə bağlı mediaya daim açıqdır və biz özümüzə dost hesab etdiyimiz KİV nümayəndələrindən yalnız obyektiv məlumatlar gözləyirik. Respublika Veteranlar Təşkilatının İctimaiyyətlə əlaqələr şöbəsi.

2016-12-01 00:00:00
4350 baxış

Digər xəbərlər

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb. APA-nın  məlumatına görə, Sərəncamda qeyd edilib ki, 2027-ci ilin yanvar ayında Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyi tamam olur. "Yüksək amallara və humanist ideallara sadiq əsl vətənpərvər ziyalı kimi Əziz Əliyev şərəfli bir ömür yolu keçmiş və gələcək nəsillər üçün xalqa xidmətin parlaq nümunəsini yaratmış nadir şəxsiyyətlərdəndir. O, ən müxtəlif məsul vəzifələrdə çalışarkən milli təəssübkeşlik hissi ilə daim dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərmişdir. Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik etmişdir. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyüklü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirmişdir. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr Əziz Əliyevin adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirmişdir", - Sərəncamda bildirilib. Sərəncama əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.  

Hamısını oxu
Hikmət Hacıyev: Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı vəziyyət Azərbaycan tərəfini narahat edir

Azərbaycanın işğal olunmuş ərazilərində koronavirusla bağlı kəskin vəziyyət var. Ermənistan rəhbərliyi isə bununla bağlı faktları gizlətməyə çalışır. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İTV-yə açıqlamasında deyib. H.Hacıyev bildirib ki, pandemiya dövründə soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə bağlı vəziyyət Azərbaycan tərəfini narahat edir: "Ermənistanın və işğal olunmuş ərazilərdəki həbsxana şəraitində, penitensiar müəssiələrdə qanunsuz saxlanılan soydaşlarımızın səhhəti ciddi bir müzakirə mövzusudur. Çünki istisna deyil ki, Ermənistanın bu saxlama müəssisələrində, həbsxanalarda koronavirusla bağlı acınacaqlı bir vəziyyət hökm sürür". PA rəsmisi vurğulayıb ki, Azərbaycan tərəfi soydaşlarımızla bağlı məsələni həmişə gündəmdə saxlayır: "Hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhəti ilə əlaqədar məlumatları biz Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə alırıq. Ancaq hər fürsətdə Minsk qrupunun həmsədrləri qarşsında da daim bu məsələni qaldırırıq ki, onların azad olunması təmin olunsun". Milli.Az  

Hamısını oxu
Müdafiə Nazirliyinin əməkdaşları veteranlarla görüşüb

Bu gün Respublika Veteranlar Təşkilatının inzibati binasında Müdafiə Nazirliyinin əməkdaşları ilə İkinci Dünya müharibəsi veteranları arasında görüş keçirilib.   Tədbiri giriş sözü ilə açan Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qonaqları və veteranları salamlayıb, faşizmə qarşı mübarizə tarixindən bəhs edib. Azərbaycan xalqının istər faşizmə, istərsə də erməni işğalçılarına qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığını vurğulayan Cəlil Xəlilov, dövlətin veteranlara daim diqqət və qayğı göstərdiyini qeyd edib.   Daha sonra çıxış edən Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Elvin Əzizov İkinci Dünya müharibəsində faşizmə qarşı aparılan mübarizənin əhəmiyyətindən danışıb. Həm ulu öndər Heydər Əliyevin, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin istər İkinci Dünya müharibəsi, istərsə də Qarabağ veteranlarına böyük diqqət yetirdiyini, onları öz çıxışlarında gənclərə nümunə göstərdiyini qeyd edən polkovnik Elvin Əzizov, veteranların, şəhdilərin göstərdiyi qəhrəmanlığın tarixin yaddaşında əbədi yaşayacağını bildirib.   Daha sonra polkovnik Elvin Əzizov Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya Müdafiə Nazirliyi adından gül dəstəsi bağışlayıb, müharibə vetaranlarına hədiyyələr təqdim edib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova veteranlara göstərdiyi diqqətə görə Müdafiə Nazirliyinə təşəkkür edib,  minnətdarlığını çatdırıb. Azərbaycan ordusunun 44 günlük müharibədə tarix yazdığına diqqət çəkən təşkilat sədri, şəhidlərin, qazilərin qarşısında baş əydiyini bildirib.   Respublika Veteranlar Təşkilatının hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov isə çıxışında ordu quruculuğu prosesinə, ulu öndərin bu sahədəki xidmətlərinə diqqət çəkib.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilov Müdafiə Nazirliyi tərəfindən hərbi vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə təltif ediliblər.   Tədbirin sonunda xatirə şəkli çəkilib.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Zəfər bayramında Azərbaycanın da adı keçdi

Türkiyədə 30 avqust- Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür. 1922-ci ildə Mustafa Kamal Atatürkün komandanlığındakı Türkiyə Ordusunun yunan qoşunlarını Anadoludan sıxışdırıb çıxarmasından 98 il ötür.   Modern.az xəbər verir ki, Zəfər bayramının 98-ci ildönümü münasibətilə Küresel Gazeteciler Konseyi video-çarx hazırlayıb. Həmin videoda Azərbaycanın da adı keçir.    Həmin videonu təqdim edirik:  

Hamısını oxu