Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir

Bakı, 28 oktyabr, AZƏRTAC Azərbaycan Prezidenti İlham Əliyev 29 Oktyabr – Respublika Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. AZƏRTAC xəbər verir ki, məktubda deyilir: “Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir”. Dövlətimizin başçısı qeyd edib ki, xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir. “Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır. Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir”, - deyə Azərbaycan Prezidenti bildirib. Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.

2020-10-28 00:00:00
3580 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatında Azərbaycan gənclərinin bir qrup fəal nümayəndəsi ilə veteranların görüşünə həsr edilmiş tədbir keçirilmişdir

Azərbaycanın dünyanın qabaqcıl dövlətləri ilə bir sırada dayanmasında, dinamik surətdə inkişaf edən ölkə imici qazanmasında gənclərin rolu danılmazdır. Gənclərin uğurlarının təməlində dövlətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi gənclər siyasəti dayanır. Respublika Veteranlar Təşkilatı gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, onların milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda yetişmələri üçün ardıcıl iş aparır. Müntəzəm surətdə gənclərlə müxtəlif yerlərdə görüşlər keçirir, Azərbaycanın şanlı tarixi, döyüş ənənələri və gənclər gününün hərtərəfli təbliğində bilik və təcrübəsini əsirgəmir. Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib ki, gənclərin zəngin həyat təcrübəsinə malik veteranlardan öyrənmək, veteranlarınsa gənc nəslin nümayəndələrinə öz tövsiyələrini vermək baxımından belə görüşlərin əhəmiyyəti böyükdür. C.Xəlilov hazırda Azərbaycan əhalisinin təqribən üçdəbirini gənclərin təşkil etdiyini, onların xalqına, dövlətçiliyinə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik insanlar olduqlarını qeyd edib. O, Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə qazanılan yüksək nəticələrdə gənclərin yaxından iştirakından danışaraq deyib: “Azərbaycanda müasir gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsilli, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlanıb. Ulu öndər Heydər Əliyevin gəncliyə göstərdiyi qayğının təzahürü kimi, fevralın 2-si respublikamızda Azərbaycan Gəncləri Günü elan olunub. 1997-ci ildən bəri hər il fevralın 2-də respublikamızın gəncləri bu günü qeyd edirlər. Bütün bunlar gənclərin təşkilatlanmasına, hərtərəfli formalaşmasına şərait yaradıb”. Təşkilatın sədr müavini Cəlil Xəlilov həmçinin bildirib ki, daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan respublika toplantısında iştirakı, dövlətimizin başçısının gənclərin fəaliyyətinə yüksək diqqət verməsi, eləcə də Azərbaycan gəncliyinin qarşısında duran əsas hədəf və vəzifələri dəqiq müəyyənləşdirməsi, Prezident İlham Əliyevin müxtəlif sahələrdə böyük uğurlar qazanan, fədakarlıq göstərən gəncləri təltif etməsi gənc nəslin bütün nümayəndələrini daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirməklə yanaşı, onlara əsl bayram sevinci yaşatdı. Daha sonra C.Xəlilov Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələri yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatı olduğunu vurğulamışdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələrin Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynadığını qeyd edib. Ehtiyatda olan polkovnik qeyd edib ki, bu gün ordu sıralarında xidmət edən, müxtəlif sahələrdə çalışan, təhsil alan gənclərimizin hərbi vətənpərvərlik ruhunda yetişməsi bizi sevindirir. Torpaqlarımızın işğaldan azad edilməsi yönündə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl iş aparılır. Azərbaycanın güclü ordusunun formalaşdırılması, müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlarımıza göstərilən qayğı bunun nəticələridir. Aprel döyüşləri və Naxçıvanda həyata keçirilən hərbi əməliyyatlar Ordumuzun gücünü, döyüş əzmini aydın şəkildə nümayiş etdirdi. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyünün təmin ediləcəyinə, üçrəngli bayrağımızın Şuşada və işğal altındakı digər ərazilərimizdə ucaldacağına  inamımızı daha da artırır. C.Xəlilov hazırda ölkəmizdə gənclər siyasətinin uğurla həyata keçirildiyini    Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsi kimi qiymətləndirib. O, nitqini Prezident İlham Əliyev 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan respublika toplantısında söylədiyi nitqdən sitat gətirərk yekunlaşdırıb: “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”.                                   Tədbirdə Gənclər və İdman nazirliyinin Gənclərlə iş şöbəsinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Nərimanov rayon İcra Hakimiyyətinin müavini İlqar Mirzəyev veteranlar,  ehtiyatda olan polkovnik Adil Haqverdiyev, İkinci Dünya müharibəsi veteranları Fatma Səttarova və İsmayıl Fərəcov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və gənclər çıxış edərək belə görüşlərin, nəsillər arasında əlaqələrin vacibliyindən, gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycan həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, könüllülük hərəkatında gənclərin iştirakından, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən söhbət açıb, müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrdən danışıb, gəncləri Vətəni sevməyə, onu müdafiə etməyə, işğalçılardan azad etməyə hər zaman hazır olmağa çağırıblar. Sonda ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə, veteran hərəkatında fəal iştiraklarına və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsindəki xidmətlərinə görə bir neçə şəxs Respublika Veteranları Təşkilatının yubiley medalları ilə və fəxri fərmanlarla təltif olunublar. Tədbirin sonunda xatirə şəkli çəkilib.

Hamısını oxu
“Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının bugünə qədər reallaşmamasına səbəb rəsmi İrəvanın işğal siyasəti olub”

Cəlil Xəlilov: “Beynəlxalq təşkilatlar sərhədlərin delimitasiyası prosesinə öz dəstəklərini verməlidir”   Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası son günlərin ən aktual məsələlərindən biridir. Prosesslər Ermənistanın bu məsələdə də süni əngəllər yaratdığını göstərir.   Bunlarla bağlı Moderator.az-a açıqlama verən peşəkar sərhədçi və hüquqşünas, Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası prosesinin bugünə qədər reallaşmamasının günahının İrəvanda olduğunu bildirib:   “İlk öncə bildirməyi zəruri hesab edirəm ki, son vaxtlar tez-tez istifadə olunan “delimitasiya” və “demarkasiya” sözləri, mənşə etibarı ilə qədim latın dilindən götürülməklə, onlardan birincisi, “qeyd”, ikincisi isə, “ayırma” mənalarını ehtiva edir. Hüquqi baxımdan isə “dövlət sərhədi”, daha doğrusu Azərbaycan Respublikasının dövlət sərhədi - Azərbaycan Respublikası ərazisinin, buraya quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının məkan hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthi bildirir. Dövlət sərhədlərimiz Azərbaycan Respublikasının dövlət suverenliyinin, ərazi hüdudlarını özündə birləşdirməklə, müstəqilliyimizin və suverenliyimizin mühüm atributlarından biri hesab olunur. Məlumat üçün bildirirəm ki, məsələn, Xəzər dənizinin Azərbaycana aid olan hissəsi (Azərbaycan sektoru)  Rusiya, Qazaxıstan, İran, Türkmənistan və Azərbaycan dövlətlərinin səlahiyyətli komissiyyaları tərəfindən öyrənilərək, nəhayət ki, öz müsbət həllini tapmışdır. Təəssüf ki, Ermənistanın işğal edib 30 il təsir dairəsində saxladığı, hazırda isə bir çox hissələri azad olunmuş Azərbaycan sərhədlərinin şəffaf əsaslarla bərpası, daha doğrusu delimitasiyası və demarkasiyası ətrafında lüzumsuz söz-söhbətlər, erməni vandalları tərəfindən əsassız bəhanələrlə mübahisə predmentinə çevrilmişdir. 21-ci əsr olmasına baxmayaraq bəzi erməni siyasətçiləri, dövlətin suveren atributu olan sərhədlərin dəqiqləşdirilməsinin və ya ayrılmasının son dərəcə vacib və əhəmiyyətli olduğunu dərk etmək istəmirlər.   Bu, həm də Ermənistanın özü üçün də mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Qeyd etməyi vacib hesab edirəm ki, vaxtılə SSRİ tərkibində, SSRİ sərhədləri daxilində mövcud olmuş hər bir ölkə ayrılarkən öz sərhədlərini müştərək qaydada dəqiqləşdirmişdir. Sərhəd məsələsinə xüsusi önəm verən ölkəmizin müstəqillik elan etdikdən sonra vacib hesab etdiyi və qəbul etdiyi ilk qanunlardan biri də “ Azərbaycan Respublikasının Dövlət Sərhədi” haqqında 9 oktyabr 1991-ci il tarixli Qanun olmuşdur. Ötən dövrdə bu qanun və onun işləməsini təmin edən digər normativ hüquqi aktlar daha da təkmilləşdirilmiş və zəruri dövlət strukturları yaradılmışdır.   1007 km məsafəsi olan Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası son vaxtların ən aktual məsələlərindən biri hesab oluna bilər.   Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyasının bugünə qədər reallaşmamasına səbəb rəsmi İrəvanın işğal siyasəti olub. Məhz Ermənistanın işğal siyasəti nəticəsində bu proses təxirə düşüb. Lakin 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində ordumuzun əldə etdiyi tarixi zəfər nəticəsində ərazi bütövlüyümüz təmin olunub ki, bu da sərhədlərin delimitasiya və demarkasiyasını zəruri edir. Ancaq görünən odur ki, Ermənistan hər bir işdə olduğu kimi bu məsələdə də süni problemlər və gərginliklər yaratmağa çalışır”.   Polkovnik bildirib ki, SSRİ dönəmindəki xəritə Azərbaycanla Ermənistan arasındakı sərhədlərin müəyyən edilməsində əsas götürülməlidir:   “Əslində Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsində SSRİ dönəmində hazırlanan və sovet respublikaları arasındakı sərhədləri özündə əks etdirən xəritə əsas olmalıdır. Çünki bu xəritədə sərhədlər dəqiq şəkildə öz əksini tapıb və bu gün də sərhədlərin o xəritəyə əsasən müəyyən edilməsi həm tarixi, həm də hüquqi baxımdan daha ədalətlidir. Azərbaycan tərəfi də sərhədlərin məhz bu xəritə əsasında müəyyənləşməsində maraqlıdır”.   Cəlil Xəlilovun sözlərinə görə, Azərbaycan digər ölkələrlə sərhədlərin delimitasiya məsələsini yüksək səviyyədə həyata keçirib:   “Ermənistan sərhədlərin delimitasiyası prosesini yanlış şərh edərək iddia edir ki, guya Azərbaycan tərəfi Ermənistan torpaqlarını ələ keçirməyə çalışır. Halbuki, bu proses zamanı Azərbaycan beynəlxalq qanunları, sovet dönəmindəki xəritələri, Vətən müharibəsinndən sonrakı razılaşmaları əsas tutaraq hərəkət edir.   Azərbaycan sərhədlərin delimitasiya prosesini digər qonşşu dövlətlərlə də həyata keçirib. Azərbaycan-Rusiya sərədlərinin delimitasiya prosesi bu baxımdan nümunə sayıla bilər. Bu proseslərin heç birində hər hansı gərgilik yaşanmayıb. Lakin Ermənistan tərəfi məqsədli şəkildə sərhədlərin delimitasiyası və demarkasiyası prosesini ləlngitməyə, süni problemlər yaratmağa çalışır ki, bu da rəsmi İrəvanın məkirli niyyətindən xəbər verir”.   Sədr müavini qeyd edib ki, beynəlxalq təşkilatlar da Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası proesinə dəstək verməli, bu məsələdə yaxından iştirak etməlidir:   “Təəssüflər olsun ki, 30 ilə yaxın müddətdə  davam edən erməni işğalı zamanı biz beynəlxlq təkilatların işğalçı ölkəyə ciddi təzyiq və təsirinə şahid olmadıq. Halbuki, BMT-nin işğalla bağlı 4 məlum qətnaməsi beynəlxalq birliyin Ermənistana təzyiqinə hər cür imkan yaradırdı. Ancaq buna baxmayaraq, beynəlxaql təşkilatlar, dünyanın aparıcı dövlətləri beynəlxalq hüquqa meydan oxuyan işğalçı dövlətə təzyiq göstərmədi. Qürur hissi ilə bildirməyi vacib hesab edirəm ki, BMT qətnamələri məhz Azərbaycan ordusu tərəfindən icra edildi, düşmən işğal edilmiş ərazilərdən qovuldu. Bu gün aktual olan məsələ Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasıdır. Beynəlxalq təşkilatlar heç olmasa bu prosesə dəstək verməli, sərhədlərin delimitasiyası prosesində Ermənistanın yaratdığı əsassız, süni əngəllərə görə rəsmi İrəvana təztiq göstərməlidir. Hamı bilməlidir ki, bütün mübahisə və gərginliklər nə qədər tez ortadan qalxsa, regiona sülh və təhlükəsizlik də o qədər tez gələr. Bu isə bütün regionun maraqları, bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətlidir”.   Seymur ƏLİYEV

Hamısını oxu
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin dəvəti ilə Ukraynalı həkimlər qazilərimizi müayinə edib

Veteran.gov.az xəbər verir ki, "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin təşkilatçılığı ilə Novamed klinikasında Ukraynadan dəvət olunmuş həkim ekspertlər tərəfindən bir çox qazi tibbi müayinə olunub.   Qazilər tibbi müayinələri, həkim qəbulu, laborator analizlər və digər bütün tibbi xidmətlər pulsuz təşkil olundu. Tibbi müayinə aksiyasında Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İdarə Heyəti, klinkanın rəhbər və tibbi personalı iştirak ediblər.   Tibbi aksıyada çıxış edənlər bildirdilər ki, Birlik tərəfindən davamlı olaraq şəhid ailələrinə və qazilərə bu cür tibbi əhəmiyyətli dəstəyi həyata keçirməkdə əsas məqsəd ölkəmizin həssas təqbəqsinin sağlamlığının vacibliyini düşünürək dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərin sağlaamlığının yaxşılaşdırılması istiqamətində həyata keçirdikləri uğurlu fəaliyətə ictimai təkan olmaqla yanaşı tibbi dəstək göstərməkdir.    

Hamısını oxu
“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Veteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – Sədrin müavini İlqar Cəlilov İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantıları çərçivəsində ölkəmizdə səfərdə olan Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri İsmael Nabenin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı “AzerGold” QSC-nin sədr müavini dövlət şirkətinin fəaliyyəti, əldə etdiyi uğurları və ölkə iqtisadiyyatına töhfələri barədə ətraflı məlumat verib. Səhmdar Cəmiyyəti tərəfindən beynəlxalq standartlara uyğun qaydada təşkil edilən geoloji kəşfiyyat, hasilat, emal və mineral resursların idarə olunması istiqamətindəki işləri, hazırda icra edilən və perspektiv inkişaf mərhələsində olan layihələri qonaqların diqqətinə çatdırılıb. İsmael Nabe çıxışında ölkəsi ilə Azərbaycan arasında iqtisadi və institusional əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb. O, hasilat və geoloji kəşfiyyat istiqamətləri ilə yanaşı, kadr hazırlığı və təcrübə mübadiləsi sahələrində potensial əməkdaşlıq imkanlarına da xüsusi maraq göstərdiklərini qeyd edib. Qvineyalı nazir ölkəsinin qlobal polad sənayesi üçün strateji əhəmiyyət daşıyan Simandou dəmir filizi layihəsi çərçivəsində təsis edilmiş Akademiyasında dağ-mədən və geologiya üzrə yüksək ixtisaslı kadrların hazırlanması məqsədilə Azərbaycanla əməkdaşlıq imkanlarının nəzərdən keçirilə biləcəyini diqqətə çatdırıb. Görüşün sonunda tərəflər perspektiv əməkdaşlıq imkanlarının qiymətləndirilməsi və növbəti addımların planlaşdırılması məqsədilə hər iki tərəfdən məsul nümayəndələrin müəyyən edilməsi barədə razılığa gəliblər. Görüş qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.  

Hamısını oxu