Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Prezidentdən Ermənistana: “Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get, başqa ölkənin tərkibində yaşa”

“Müharibəyə gəldikdə, bir daha deməliyəm ki, Azərbaycan əsgəri, zabiti qəhrəmanlıq göstərib. Lakin Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb, özü də bunu onlar özləri deyirlər, onların rəsmi şəxsləri deyirlər - 10 mindən çox fərari olub. İndi bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur? Hansı ordu qəhrəman ordudur? Onların ordusu, əslində, o quldur dəstəsi yalnız mülki, əliyalın insanlara qarşı müharibə apara bilərdi”. Oxu.Az-ın məlumatına görə, bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib. Prezident bildirib ki, Xocalı qatilləri, kəndlərimizi yandıran, insanlarımızı, mülki şəxsləri öldürən digər qatillər hərbçi sayıla bilməz:

 
“Onların ordusu oğrulardan ibarətdir. Son iki il ərzində nə qədər oğru erməni generalı həbs edildi?! Tuşonka satan, əsgərin payını satan generallar oğrudurlar. Onların “qəhrəmanları” qorxaqdırlar, onların rəhbərləri cinayətkardırlar. Ermənistan rəhbərliyi artıq özü bunu deyir ki, 20 il ərzində - 1998-ci ildən 2018-ci ilə qədər bu ölkəyə quldurlar, oğrular, qorxaqlar, fərarilər rəhbərlik edib. Son iki il yarım ərzində isə kim rəhbərlik edib? Artıq bütün dünya görür və bu ölkəyə hansı ad vermək olar? Ancaq bir ad – uğursuz ölkə. Bu uğursuzluğun səbəbi nədir? İşğal! Mən bunu dəfələrlə demişəm. Hər kəs baxa bilər mənim çıxışlarıma, müsahibələrimə. Demişəm ki, bu işğal Ermənistanı uçuruma aparacaq. Demişəm ki, biz heç vaxt bu işğalla barışmayacağıq, gec-tez torpağımızı qaytaracağıq. Ancaq Ermənistan o tarixi şansı itirəcək”. İ.Əliyevin sözlərinə görə, Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil: “Ermənistan faktiki olaraq müstəmləkədir. Bu idimi erməni xalqının arzuları? Bu idimi onların gözləntiləri? Onlar nə üçün müstəqil ölkə ola bilmədilər? İşğala görə. İşğaldan nə qazandılar? Heç nə. Biabır oldular siyasi müstəvidə, bütün beynəlxalq təşkilatlarda biz fəal iş apararaq onları biabır etdik və bizə lazım olan, beynəlxalq hüququ tələb edən qətnamələr, qərarlar qəbul olundu. Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər, rayonlarımızda yaşayırdılar. Onlara söz deyən var idi? Yox. Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç nə. İndi isə bax, bu rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər. Mən o vaxt demişdim ki, onlar ağıllarını başlarına yığsınlar, bu işğala son qoysunlar. Bu işğal davam etdikcə Ermənistan inkişaf edə bilməz və bilmədi. Siyasi cəhətdən asılı, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bunların ideoloji əsasları yalan üzərində qurulub, tarixi saxtakarlıq üzərində qurulub və keçmiş üzərində qurulub. Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər? Baxın, dünyada nə qədər müharibələr olub. Elə bu son 100 ili, 200 ili götürün. Nə qədər insanlar həlak olub müharibələrdə. Kim bu ədavəti, kim bu kini-küdurəti yaşadıb öz ürəyində illərlə? Kim öz uşaqlarını nifrət hissi ilə böyüdüb? Budur, bunun gələcəyi, budur, bunun reallıqları. Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışıq olub”. “İndi Rusiya ilə Almaniya arasındakı münasibətlər normal inkişaf edir. Avropa ölkələri özləri. Fransa İtaliya ilə nə qədər müharibə aparıb. Almaniya ilə Fransa nə qədər müharibə aparıb. Hansı ölkənin xalqı bu nifrəti öz ürəyində yaşadır, bunu, necə deyərlər, alovlandırır. Bax, budur, Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında özləri günahkardır. Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər? Türkiyəyə qarşı ərazi iddiası. Heç ağlı yoxdur. Türkiyə kimi böyük bir ölkəyə qarşı ərazi iddiası irəli sürmək özünəqəsd deməkdir. Azərbaycana qarşı ərazi iddiası. Onlar bu iddianı müəyyən müddət ərzində reallaşdıra bilmişdilər, bizim torpaqlarımızı işğal etmişdilər, qonşu xalqı didərgin salmışdılar. Hesab edirdilər ki, onlar haqlıdır və saxta tarix yaradırdılar. İndi onlar bütün başqa ölkələrdən yardım gözləyirlər. Elə bil ki, bütün dünya bunlara borcludur. Müstəqil ölkəsən, müstəqil ölkə kimi yaşa. Müstəqil ölkə kimi yaşaya bilmirsən, get, başqa ölkənin tərkibinə gir. Endir o bayrağı dirəkdən, bük, qoy cibinə, get başqa ölkənin tərkibində yaşa. Onlar özləri öz bəlalarının səbəbkarlarıdır. Onlara vurulmuş bu zərbə, onların başına gələn bu hadisələr bəlkə də onları ayıltdı ki, onlar normal ölkə kimi bundan sonra yaşaya bilsinlər, əgər düzgün seçim etsələr, əgər qonşularla münasibətləri normallaşdırsalar. Mən nə üçün bu barədə danışıram?! Çünki biz bu bölgədə yaşayırıq və istər-istəməz bu qonşuluq davam edəcək, istəsək də, istəməsək də. Mən ölkə Prezidenti və Ali Baş Komandan kimi maraqlıyam ki, bölgəmizdə, Cənubi Qafqazda ədavətə artıq son qoyulsun və normal, işgüzar münasibətlər qurulsun. Hər halda, biz bunu istəyirik. Mən müharibə dövründə demişəm, bir daha deyirəm, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı enik təmizləmə aparmamışıq, necə ki, onlar bizə qarşı aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq, biz onları qoruyuruq və bildiyiniz kimi, bu məsələ ilə bağlı önəmli addımlar atmışıq”, - deyə Prezident əlavə edib.

2020-11-20 00:00:00
3332 baxış

Digər xəbərlər

Respublika Veteranlar Təşkilatı Xəzər rayonunda qazilərlə görüş keçirib

Respublika Veteranlar Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev və baş mütəxəssis Nəbi Hacıyev Xəzər rayonunda qazilərlə görüş keçirib.   Veteran.gov.az xəbər verir ki, 12 mart 2021-ci il tarixində keçirilən tədbirdə Xəzər rayon VT nin sədri Səxavət Məcnunov, müavini Samir Məmmədov, Xəzər rayon İkinci Qarabağ Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Səfa Əliyev, 44 günlük Vətən Müharibəsi iştiakçıları Nurlan Şıxəliyev, İlham Məmmədyarov, Mikayıl Zeynalov, Birinci Qarabağ müharibəsi veteranları Tahir Abdullayev, Əliqulu Məmmədov və başqaları iştirak edib.   Tədbiri giriş sözü ilə açan Xəzər rayon Veteranlar Təşkilatının sədri Səxavət Məcnunov Xəzər Rayon İcra Hakimiyyəti başçısı Elşən Salahovun müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan bəhs edib.   Daha sonra çıxış edən Adil Haqverdiyevin təşəbbüsü ilə vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədrin müavini, polkovnik Cəlil Xəlilovun salamını tədbir iştirakçılarına çatdıran Adil Haqverdiyev, Vətən müharibəsi iştiakçıları ilə yaxından tanış olub. Azərbaycanın 44 günlük müharibədə düşmənlərə öz “Dəmir yumruğu”nu göstərdiyini bildirən Adil Haqverdiyev, ordumuzun bundan sonra da hər cür təxribatı qətiyyətlə dəf edəcəyini vurğulayıb.   Daha sonra çıxış edən edən Xəzər rayonu VT-nin sədr müavini Samir Məmmədov Respublika Veteranlar Təşkilatının qazilərlə bu cür görüşlərini müsbət qiymətləndirib, bunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir göstərdiyini qeyd edib.   Xoş ovqat şəraitində keçən tədbirin sonunda xatirə şəkli çəkilib.   Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Binəqədi rayon veteranları ilə görüşüb

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Bakının Binəqədi rayonu ərazisində yaşayan bir qrup veteranla görüşüb. Binəqədi rayon icra başçısının müavini Sevinc Süleymanovanın da iştirak etdiyi görüşdə, veteranlara olan dövlət qayğısından bəhs edilib, Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsindən danışılıb.   Dövlətin şəhid ailəlrinə, qaziləri daim diqqət mərkəzində saxladığını bildirən polkovnik Cəlil Xəlilov, veteranların da öz növbəsində dövlət siyasətini, milli maraqları, ölkə başçısının çağırışlarını qətiyyətlə dəstəklədiklərini qeyd edib. Sədr müavini bildirib ki, veteranlar bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşməkdə, ona dəstək verməkdə davam edəcək.   Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova da öz çıxşında dövlətin veteranlara, şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərdiyini, bu kateqoriyadan olan vətəndaşlara xüsusi həssaslıqla yanaşdığını bildirib. Binəqədi Rayon İcra Hakimiyyəti olaraq rayon ərazisindəki veteranları, şəhid ailələrini daim diqqət mərkəzində saxladıqlarını vurğulayan Sevinc Süleymanova şəhid ailələrinə, veteranlara qayğı göstərməyin hər bir vətəndaşın ilk növbədə mənəvi borcu olduğunu qeyd edib.   Görüş əsnasında çıxış edən veteranlar ölkə başçısının böyük qələbədəki rolundan danışıb, Azərbaycan ordusunun Ali Baş Komandanın rəhbərliyi altıdna qazandığı tarixi zəfərin əsrlər sonra da qürur və rəğbət hissi ilə xatırlanacağını bildiriblər.   Tədbirin sonunda əmək veteranı Teyyub Həsənov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon təşkilatının sədri seçilib.   Görüşdə  Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri polkovnik Nadir İsmayılov, təşkilatın mətbuat katibi Seymur Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, onun  müavini - dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov və digər şəxslər də iştirak edib.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ağakərim İbrahimovun vəfatı ilə bağlı başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun vəfatı ilə bağlı mərhumun yaxınlarına başsağlığı verib, Allahdan səbr diləyib.  Ağakərim İbrahimovun Mübariz İbrahimov kimi böyük vətənpərvər yetişdirdiyinə diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, onun xatirəsinin hər zaman ehtiram hissi ilə yad ediləcəyini, xalqımız tərəfindən daim hörmətlə anılacağını bildirib. Allah rəhmət eləsin!  

Hamısını oxu
18 yaşlı şəhidimizin son sözləri: “Elə ki, evə çatdım məni bərk qucaqla”

18 yaşlı şəhidimiz Xəyyam Daşdəmirov qısa, amma hər kəsə örnək olacaq ömür sürdü.    AzTV şəhidimizlə bağlı maraqlı videosüjet hazırlayıb.    Süjetin əvvəlində X.Daşdəmirovun anasına yazdığı məktub təqdim edilib:   "Ana yıxılma ha, dik dayan... Nəfəsim bir azdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki, evə çatdım məni bərk qucaqla. Bu son görüşümüzdür, ana... Ana, sən şəhid anasısan, dik dayan!”.   Videosüjetdə danışan şəhidimizin anası Vüsalə xanım oğlunun vətənpərvərliyindən, mərdliyindən danışıb.    Həmin videonu təqdim edirik:

Hamısını oxu