Digər xəbərlər
27 Sentyabr Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq və qürur günü kimi həkk olunub. Məhz həmin gün başlanan 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimiz uzun illər davam edən işğala son qoyaraq tarixi ədaləti bərpa etdi. Anım Günü şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın azadlıq uğrunda iradəsinin, milli birliyinin və sarsılmaz gücünün təntənəsidir. Azərbaycan heç zaman müharibə istəməyib, daim beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışıb. Lakin rəsmi İrəvanın işğalçı siyasəti, saxtakar yanaşmaları və ifrat millətçilik üzərində qurulmuş Daşnaksütyun ideologiyası müharibəni qaçılmaz edib. Ermənistanın əsassız "dənizdən-dənizə Ermənistan" xülyası, xarici havadarların dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, beynəlxalq ictimaiyyətin ikili standartlara əsaslanan yanaşması nəticədə regionu təhlükəli müharibə meydanına çevirib. Xalqımız isə heç zaman işğalla barışmayıb. On illər boyu səbir və dözüm göstərən sülhsevər xalqımızın ermənilərin ardıcıl hərbi təxribatları ilə "səbir kasası" dolub, 2020-ci ilin 27 sentyabrında başlayan son təxribat isə hərbi cavabı zəruri edib. Bu, tarix boyu haqqı tapdanmış, lakin öz haqqını qorumaq əzmindən dönməyən bir xalqın ədalətli mübarizəsi idi. 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi iradəsinin, xalq-iqtidar birliyinin parlaq təzahürü oldu. Ordumuz müasir dövrün hərbi təcrübəsindən istifadə edərək düşməni darmadağın etdi, işğal altındakı torpaqlarımızı azad etdi. Bu qələbə təkcə hərbi gücümüzlə deyil, həm də diplomatik üstünlüyümüzlə təmin olundu. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun peşəkarlığı və xalqımızın əzmi nəticəsində Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə öz ərazi bütövlüyünü bərpa etdi. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Sherg.az-a bildirib ki, hər bir xalqın həyatında elə mühüm tarixi anlar olur ki, bu anlar həmin xalqın yalnız bugününə təsir etmir, onun bütün gələcəyini şəkilləndirir, tarixinə yön verir. Hərbi ekspert vurğulayıb ki, Azərbaycan xalqı üçün bu cür mühüm tarixi anlardan biri 27 Sentyabr - Anım Günüdür: "Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamla əbədiləşdirdiyi bu gün yalnız ölkəmizdə deyil, respublikamızdan kənarda yaşayan azərbaycanlılar tərəfindən də ehtiramla qeyd olunur. Azərbaycan xalqı, Azərbaycan ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etmədi, həm də milli qürurunu, milli ləyaqətini bərpa etdi, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşdi. 27 sentyabr tarixi, həm də xalqımızın milli birlik və həmrəylik günü kimi xarakterizə edilə bilər. Çünki 27 sentyabr tarixindən 10 noyabr gününə qədər baş verənlər göstərdi ki, Azərbaycan xalqı dar məqamda öz Prezidentinin, ordusunun ətrafında yumruq kimi birləşməyi bacarır. Nəinki bacarır, bu birliyi qoruyub saxlamaq, onu zəfərə çevirmək üçün əlindən gələni əsirgəmir, bu yolda əsl fədakarlıq sərgiləyir. Bu baxımdan, əminliklə demək olar ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərə görə, həm də xalqımızın birliyinə və həmrəyliyinə borcluyuq. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədə həmrəyliyimizin oynadığı rol Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Dövlət başçısı müxtəlif müsahibə və çıxışlarında 44 günlük Vətən müharibəsindəki qələbəmizdə xalqımızın həmrəyliyinin mühüm rol oynadığını xatırladıb, eyni zamanda, bu həmrəyliyi qoruyub saxlamağın vacibliyindən bəhs edib". C.Xəlilov bəyan edib ki, 44 günlük Vətən müharibəsi bizə, həm də vətənpərvər gəncliyin önəmini, bu gəncliyin hansı xarüqələr yarada biləcəyini göstərdi: "Bu müharibə sübut etdi ki, dövlətin, xalqın gələcəyi, ərazi bütövlüyü, təhlükəsizliyi həm də onun gənclərinin vətənpərvərlik ruhundan önəmli dərəcədə asılıdır. 44 günlük Vətən müharibəsində öz gücünü vətən sevgisindən alan Azərbaycan gəncləri düşməni 30 ildir ki, möhkəmləndiyi istehkamlardan çıxaraq qaçmağa, təslim olmağa vadar etdi. Bu fakt bir daha gənclərimiz arasında vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsinin, onlara milli-mənəvi dəyərlərə bağlılığının qorunub saxlanılmasının son dərəcə vacib olduğunu göstərdi. 27 sentyabr həm də şəhidlərimizi Anım Günüdür. Biz xalq və dövlət olaraq 27 sentyabr tarixində onların qəhrəmanlığını yad edir, onlara sevgi və ehtiramımızı bildiririk. Lakin bu da bir həqiqətdir ki, biz şəhidlərimizi hər gün yad etməli, onların tanıdılması, göstərdikləri qəhrəmanlıqların təbliği ilə bağlı iş aparmalıyıq".
Hamısını oxuBu gün Respublika Veteranlar Təşkilatı Nizami rayonu ərazisində ağacəkmə aksiyasında iştirak edib. Böyük Vətən Müharibəsi və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə təşkil olunan aksiyaya Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə qatılan nümayəndə heyəti, digər qurumların əməkdaşları ilə birlikdə onlarla ağac əkib, “Xatirə bağı”nın salınmasında yaxından iştirak edib. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının istər İkinci Dünya Müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində faşist işğalçılarına qarşı əzmlə mübarizə apardığını, bu mübarizədə ölkəmizdə yaşayan digər xalqların nümayəndələrinin də yaxından iştirak etdiyini, böyük qəhrəmanlıqlara imza atdığını bildirib. Cəlil Xəlilov qeyd edib ki, bu gün salınan “Xatirə bağ”ı şəhidlərin ruhuna ehtiram əlaməti olmaqla yanaşı, həm də xalqlarımızın dostluğuna nümunədir. Aksiyada Bakı Şəhər İcra Hakimiyyəti, Rusiya səfirliyi, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi, “Ölümsz Alay” və digər qurumların nümayəndələri iştirak edib. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti
Hamısını oxu
Veteran.gov.az xəbər verir ki, 18 aprel 2025-ci il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasına səfəri çərçivəsində mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini ziyarət edib, xatirə kompleksinin önünə gül dəstələri qoyub. Şəhər veteranları, ictimai-siyasi fəallar, məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov, Əziz Əliyevin 1942-1948-ci illərdə Dağıstanın ictimai-siyasi və iqtisadi-sosial inkişafına verdiyi töhfədən danışıb. Polkovnik qeyd edib ki, Əziz Əliyev Azərbaycanla Dağıstan xalqları arasındakı tarixi dostluq münasibətlərinin inkişafında mühüm rol oynayıb: “Böyük dövlət xadimi Əziz Əliyev 1942-1948-ci illərdə Dağıstana rəhbərlik etsə də, onun fəaliyyətinin miqyas və önəmi Dağıstanın hüdudlarından kənarda da aydın hiss olunub, bütün regionda milli-mədəni münasibətlərin, xalqlararası dostluq əlaqələrinin inkişafına təkan verib. Məhz Əziz Əliyevin hakimiyyəti dönəmində Dağıstan müharibə dövrünün özü ilə gətirdiyi çoxsaylı çətinliklərə rəğmən, iqtisadi-sosial baxımdan inkişaf edib, Dağıstan xalqının Azərbaycan xalqı ilə münasibətləri, dostluq-qardaşlıq əlaqələri daha da güclənib. Sonralar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən bu siyasət müvəffəqiyyətlə davam etdirilib, Azərbaycan-Dağıstan münasibətləri yüksək səviyyəyə çatdırılıb. Bizim üçün qürurvericidir ki, mərhum dövlət xadimlərimizin bu siysəti hazırda Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Bu gün bizim Dağıstana səfər etməyimiz, bu səfər əsnasında buradakı veteranlar, ictimai-siyasi fəallar, məktəblilərlə göğrüşməyimiz məhz bu siyasətin nəticəsidir. Unutmamalıyıq ki, Azəbaycan və Dağıstan xalqı İkinci dünya müharibəsində faşizmə qarşı da bir yerdə - çiyin-çiyinə mübarizə aparmış, “qəhvəyi taun” üzərində zəfərə birgə imza atmışdır. Bu faktın özü tarixi-mədəni baxımdan oxşar yol keçən xalqlarımızın tarixi dostluğuna nümunədir”. Polkovnik Cəlil Xəlilov Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlığa da diqqət çəkib: “2020-ci ildə 30 ilik işğalın ardınca Azərbaycan Silahlı Qüvvələr Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni faşizmini darmadağın etmiş, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etmişdir. Bu gün Prezident İlham Əliyev liderlik etdiyi Azərbaycan Respublikası bütün Cənubi Qafqazda sülhün və təhlükəsizliyin ən böyük, ən etibarlı təminatçısıdır. Əminəm ki, Prezidentimizin rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirən Azərbaycan dövləti yaxın gələcəkdə daha da çiçəklənəcək, Dağıstan xalqı ilə Azərbaycan xalqı arasındakı tarixi dostluq, qardaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək”. Polkovnik Cəlil Xəlilov çıxışında Dağıstan və Azərbaycan veteranları ilə sıx əlaqə saxlayan, xalqlararası dostluq münasibətlərinin inkişafına töhfə verən Dağıstan Respublikasının ölkəmizdəki nümayəndəsi general-mayor Əliyar Abdullayevə də öz təşəkkürünü bildirib. Tədbirdə Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədri Alicanov Maharam Ramaldanoviç və Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımuradov Yacımurad İbramoviç də iştirak edib. Çıxışında polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini salamlayan Alicanov Maharam Ramaldanoviç, Azərbaycan-Dağıstan dostluq münasibətlərinin digər xalqlar üçün də örnək olduğunu bildirib, dostluq münasibətlərinin bundan sonra da qorunub saxlanılmasının zəruriliyini vurğulayıb. Seymur ƏLİYEV
Hamısını oxu