Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AR Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya Müharibəsi veteranlarının görüşü

08 may 2017-cı il tarixində RVT-nin inzibati binasında Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya müharibəsi veteranlarının görüşü keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi zamanı həlak olanların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə, RVT-nin sədri general-mayor Dadaş Rzayev, general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq, veteranlara göstərilən dövlət qayğısından danışmış, onların Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını,  problemlərinin vaxtında həll olunduğunu qeyd etmişdir. Cəlil Xəlilov ölkə rəhbərliyinin yüksək münasibətindən nümunə götürən müvafiq dövlət orqanlarının da veteranlara qayğıkeşliklə yanaşdıqlarını, alman faşizmi üzərində qələbənin 72-ci ildönünümü ərəfəsində general-leytenant Kərim Vəliyevlə bugünki görüşün baş tutmasının məhz bunun əyani sübut olduğunu bildimişdir. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin doğrudan da sevindirici olduğunu qeyd edən C.Xəlilov hazırkı görüşün ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hər il alman faşizmi üzərində qələbə günü ərəfəsinə təsadüf edən Müdafiə Nazirliyi rəhbərliyinin İkinci Dünya veteranları ilə görüşləri olduqca səmimi və yadda qalan olur. Azərbaycan ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə öz fikir və tövsiyələrini çatdırırlar. C.Xəlilov İkinci Dünya veteranlarının sayının günü-gündən azaldığını narahatlıqla bildirərək, onların xüsusi diqqətlə əhatə olunmalarının zəruriliyini qeyd etmişdir. O, həmçinin, İkinci Dünya müharibəsi veteranlarının hər zaman Azərbaycan ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulamışdır. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara salamlarını və təbriklərini çatdıraraq, İkinci Dünya müharibəsinin tarixdə ən qanlı müharibə hesab edildiyini və 1945-ci ilin 9 may gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Qələbə gününün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayranı olduğunu qeyd edən nazir müavini bu qələbənin əldə edilməsinə Azərbaycanın verdiyi böyük töhfələrdən danışmış, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirmişdir. K.Vəliyev 9 may qələbə gününün ildən-ilə daha böyük təmtərahla qeyd edildiyini, bunun Ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi və nəticəsi olduğunu vurğulamış, hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirmişdir. O, İkinci Dünya veteranlarının, ümumən Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən danışmış, gənclərin torpağına, xalqına sədaqətli insanlar kimi yetişməsi, hərbi xidmətə hazırlanmaları istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirmişdir. O, Şuşanın işğalı gününə təsadüf edən bu görüşün növbəti illərdə Şuşada keçiriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 9 may Qələbə günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılmış və həmin əmrə müvafiq olaraq bir qrup İkinci Dünya müharibəsi veteranına pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev hədiyyələri təqdim edərək, bayram münasibətilə veteranları bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Sonda İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova və Daməd Nəbiyev Müdafiə Nazirliyinin rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə etmişlər. General-leytenant Kərim Vəliyev veteranlarla xatirə şəkli çəkdirmişdir.

2017-05-08 00:00:00
3763 baxış

Digər xəbərlər

“Ermənistan hərbi müstəvidə olduğu kimi, hüquqi müstəvidə də ağır məğlubiyyətə uğrayacaq”

Cəlil Xəlilov: “Türkiyənin erməni cinayətlərinin ifşasında Azərbaycana dəstək verməsi təqdirəlayiqdir”   “Ermənistan hərbi müstəvidə olduğu kimi hüquqi müstəvidə də ağır məğlubiyyətə uğrayacaq”.   Bunu saytımıza açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu gün olduğu kimi bundan sonra da sərhədlərimizi pozan, ölkəmizə qarşı terror və təxribat həyata keçirən şəxslərin məhkəmə qarşısında cavab verəcək:   “Emənistanın istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində çoxsaylı hərbi cinayətlərə imza atdığı, böyük vəhşiliklər törətdiyi birmənalıdır. Dünən Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən ermənilərin məhkəmə qarşısına çıxarılması erməni faşizminin hüquqi müstəvidə ifşasıdır. Hər kəs bilməlidir ki, sadəcə Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç deyil, Azərbaycan xalqına qarşı cinayət törədən bütün ermənilər, o cümlədən Ermənistanın keçmiş hərbi-siyasi rəhbərliyi, həmçinin Vətən müharibəsi zamanı mülki obyektlərin bombalanması əmrini verənlər də gec-tez məhkəmə qarşısında cavab verməli olacaqlar. Bu gün iki erməninin məhkəmə qarısına çıxrılması gerçəyi artıq bu prosedura start verildiyini göstərir”.   Cəlil Xəlilov erməni vəhiliklərinin beynəlxalq məhkəmə qarısında ifşası məsələsində Türkiyənin Azərbaycana verəcəyi dəstəyi də yüksək qiymətləndirdiyini vurğuladı:   “Bildiyiniz kimi, Gəncədə səfərdə olan Türkiyə Ali Məhkəməsinin Baş Prokuroru Bekir Şahin  Türkiyənin Ermənistanın terror əməllərinə beynəlxalq səviyyədə qiymət verilməsi üçün Azərbaycana hüquqi yardım edəcəyini bildirib. Bu, qardaş Türkiyənin Azərbaycana növbəti dəstəyi kimi olduqca əhəmiyyətli və təqdirəlayiqdir. Çünki erməni cinayətlərinin beynəlxalq məhkəmələrdə ifşa edilməsinə çox böyük ehtiyac var. Bu, həm Azərbaycanın haqq işinin dünyada tanınması, həm erməni faşizminin iç üzünün ifşa edilməsi, həm də cinayətkarların qanun qarşısında cavab verməsinin təmin olunması baxımından əhəmiyyətlidir.   İnanıram ki, Azərbaycan qardaş Türkiyənin dəstəyi ilə qısa zamanda bu müstəvidə də böyük uğurlar əldə edəcək, Vətən müharibəsində olduğu kimi beynəlxalq hüquqi platformada da Ermənistanı ağır məğlubiyyətə məhkum edəcək.   Onu da unutmaq olmaz ki, erməni faşizminin hüquqi müstəvidə cəzalanması gələcəkdə bu kimi hərbi cinayətlərin dünyanın hər hansı bölgəsində yenidən təkrarlanmaması baxımından da mühüm əhəmiyyətə malikdir. Odur ki, bu məsələdə beynəlxalq təşkilatlar, aparıcı dövlətlər də maraqlı olmalı, erməni hərbi canilərinin beynəlxalq məhkəmə qarşısında dayanması üçün səy göstərməlidirlər”.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
“Vətən müharibəsi Türkiyə ordu modelinin üstünlüklərini ortaya qoydu”

Cəlil Xəlilov: "Azərbaycanda hərbi kadrların hazırlanmasında türk zabitlərinin əməyi böyükdür"   Azərbaycan Ordusunun daha da güclənməsi və modernləşməsi istiqamətində ciddi tədbirlər görülür. Türkiyə ordu modelinin Azərbaycan Silahlı Qüvvələri üçün nümunə götürüləcəyi bəllidir. Ordu quruculuğunda böyük təcrübəyə malik qardaş Türkiyənin hərbi-texniki sahədə uğurlarından geniş istifadə olunacaq. Türkiyə ordusu dünyanın ən güclü ordularından biri və NATO-da ikinci güclü ordudur. Xatırladaq ki, Prezident İlham Əliyev də bir neçə dəfə bu məsələyə təmas edib və açıq şəkildə vurğulayıb ki, “Biz Azərbaycanda Türkiyə ordusunun kiçik modelini yaratmaq fikrindəyik”. Dövlət başçısı bəyan edib ki, Türk ordusunun müasir modeli Azərbaycan üçün ən məqbul modeldir. Ötən gün Türkiyənin Milli müdafiə naziri Hulusi Akar da parlamentdə çıxışı zamanı Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil fəaliyyətinə böyük dəstək verdiyini açıqlayıb.    Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “Şərq”ə bildirib ki, Türkiyə ordusu çağdaş dünyanın ən müasir ordularından biridir və  NATO hərbi-siyasi alyansında xüsusi çəkiyə malikdir. Polkovnik vurğulayıb ki, Türkiyə ordusu istər fiziki hazırlıq səviyyəsinə, istərsə də müasir hərbi texnikaları real hərbi əməliyyatlar zamanı uğurla tətbiq etməsinə görə dünyanın ən güclü orduları sırasında yer alır:    “Türkiyə ordusunun döyüş təcrübəsi kifayət qədər böyükdür. Qardaş ölkənin hərbçiləri uzun illərdir terrorizmə qarşı ciddi mübarizə aparır. Bu mübarizənin coğrafiyası İraq, Suriya kimi dövlətləri də əhatə edir. Əminliklə demək olar ki, bu gün dünyada terrorizmə qarşı ən ciddi və ən səmərəli mübarizə aparan qardaş Türkiyədir. Türkiyə bununla sadəcə özünün və regionun deyil, bütün bəşəriyyətin təhlükəsizliyini təmin etməyə çalışır, ümumilikdə insanlığa böyük fayda verir. Bu baxımdan Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması təbii ki, son dərəcə faydalı olar”.    C.Xəlilov əlavə edib ki, Azərbaycanda hərbi kadrların hazırlanmasında, onların müasir hərbi texnikanın sirlərinə yiyələnməsində türk zabitlərinin əməyi böyükdür:    “Yadınızdadırsa, Müdafiə naziri Zakir Həsənov bir neçə ay bundan öncə televiziyaya müsahibəsində Türkiyənin 8 Noyabr zəfərinə verdiyi töhfəni özünəməxsus şəkildə izah etdi. Bildirdi ki, “44 günlük Vətən müharibəsi Azərbaycan Ordusu üçün imtahan idi və bu imtahanı Azərbaycan Ordusu verdi.    Lakin Azərbaycan Ordusunu bu imtahana Türkiyə hazırlamışdı”. Bu ifadə Türkiyənin Azərbaycan Ordusunun döyüş hazırlığının, peşəkarlığının yüksəlməsində nə dərəcədə mühüm rol oynadığını göstərir. Vətən müharibəsi də Türkiyə ordu modelinin üstünlüklərini ortaya qoydu.    Azərbaycan bu müharibədə həm Türkiyə, həm də İsrail istehsalı olan dronlardan kütləvi istifadə etdi. Türkiyə də Suriyadakı hərbi əməliyyatlarda dronlardan kütləvi istifadə etmiş və terrorçuların hədəflərini yüksək dəqiqliklə məhv etmişdi. Türkiyənin dronlarla bağlı təcrübəsini öyrənən və bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən Azərbaycan da erməni faşizminə ağır zərbə vurdu, işğalçını darmadağın etdi. Azərbaycan Ordusunun türk hərb modelinə uyğunlaşdırılması gücünün daha da artması, peşəkarlığının yüksəlməsi, döyüş bacarığının bir qədər də təkmilləşməsinə səbəb olacaq.    Bu da Azərbaycanın maraqlarına tamamilə uyğundur”.   Sherg.az  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Tovuz döyüşlərinin ildönümü ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında Bakı şəhəri rayonlarının təşkilat sədrlərinin iştirakı ilə tədbir keçirilib.   Tədbirdən öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tovuz döyüşlərinin ildönümü münasibəti ilə bu döyüşlərin döyüşlərinin Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd edib, düşmənə həmin döyüşlər zaman ciddi zərbələrin endirildiyini vurğulayıb.   Daha sonra Tovuz döyüşlərinin hərb tariximiz baxımından önəmi, böyük qələbənin əldə edilməsində rolu və s. kimi məsələlər müzakirə olunub, bir-birindən maraqlı çıxışlar səslənib.     Tədbirin sonunda çıxış edən təşkilat sədri Fatma Səttarova Tovuz döyüşləri ilə Azərbaycan xalqının qəhrəman övladlarının şanlı bir tarix yazdığını, bu tarixin hər zaman böyük fəxrlə xatırlanacağını vurğulayıb.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
27 Sentyabrda başlayan mübarizə xalqımızı mənəvi baxımdan da bütövləşdirdi

Bakı. Trend: Hər bir xalqın həyatında elə mühüm tarixi anlar olur ki, bu anlar həmin xalqın yalnız bu gününə təsir etmir, onun bütün gələcəyini şəkilləndirir, tarixinə yön verir. Xalqın gücü, mübarizə ruhu həmin anlarda özünü bütün əzəməti ilə büruzə verir. Azərbaycan xalqı üçün bu cür mühüm tarixi anlardan biri 27 Sentyabr - Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncamla əbəiləşdirdiyi bu gün yalnız ölkəmizdə deyil, respublikamızdan kənarda yaşayan azərbaycanlılar tərəfindən də ehtiramla qeyd olunur. Xatırladaq ki, 2020-ci ilin 27 sentyabr tarixində əks-hücumla torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda mübarizəyə başlayan Azərbaycan Ordusu bu müqəddəs missiyanın öhdəsindən bacarıqla gəlib, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin edib. Bununla da 30 ildən çox davam edən erməni işğalına son qoyulub, Azərbaycan təkbaşına, öz gücü və imkanları ilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına nail olub. Azərbaycan xalqı, Azərbaycan ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etməyib, həm də milli qürurunu, milli ləyaqətini bərpa edib, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşib. Bu həqiqət Prezident İlham Əliyevin çıxışlarında da öz əksini tapıb, Müzəffər Ali Baş Komandan tərəfindən dəfələrlə dilə gətirilib. Dövlət başçısının 2021-ci ilin 27 sentyabr tarixində xalqa etdiyi müraciət buna sübutdur. Prezident İlham Əliyev həmin tarixi müraciətində deyib: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”. Göründüyü kimi, dövlət başçısı 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi zəfəri milli ləyaqətimizin bərpası baxımından da yüksək qiymətləndirir, buna xüsusi önəm verir. Bu fakt bir daha göstərir ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və həmin ilin 10 noyabr tarixində başa çatan 44 günlük Vətən müharibəsi bütün parametr və müstəvilərdə dövlətimizin maraqlarını təmin etmiş, onun inkişafında, yüksəlişində yeni bir dönəmin başlanğıcını qoyub. 27 sentyabr tarixi, həm də xalqımızın milli birlik və həmrəylik günü kimi xarakterizə edilə bilər. Çünki 27 sentyabr tarixindən 10 noyabr gününə qədər baş verənlər göstərdi ki, Azərbaycan xalqı dar məqamda öz Prezidentinin, ordusunun ətrafında yumruq kimi birləşməyi bacarır. Nəinki bacarır, bu birliyi qoruyub saxlamaq, onu zəfərə çevirmək üçün əlindən gələni əsirgəmir, bu yolda əsl fədakarlıq sərgiləyir. Bu baxımdan, əminliklə demək olar ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərə görə, həm də xalqımızın birliyinə və həmrəyliyinə borcluyuq. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədə həmrəyliyimizin oynadığı rol Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən də hər zaman yüksək qiymətləndirilib. Dövlət başçısı müxtəlif müsahibə və çıxışlarında 44 günlük Vətən müharibəsindəki qələbəmizdə xalqımızın həmrəyliyinin mühüm rol oynadığını xatırladıb, eyni zamanda, bu həmrəyliyi qoruyub saxlamağın vacibliyindən bəhs edib. 44 günlük Vətən müharibəsi bizə, həm də vətənpərvər gəncliyin önəmini, bu gəncliyin hansı xarüqələr yarada biləcəyini göstərdi. Bu müharibə sübut etdi ki, dövlətin, xalqın gələcəyi, ərazi bütövlüyü, təhlükəsizliyi həm də onun gənclərinin vətənprəvərlik ruhundan önəmli dərəcədə asılıdır. 44 günlük Vətən müharibəsində öz gücünü vətən sevgisindən alan Azərbaycan gəncləri düşməni 30 ildir ki, möhkəmləndiyi istehkamlardan çıxaraq qaçmağa, təslim olmağa vadar etdi. Bu fakt bir daha gənclərimiz arasında vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsinin, onlara milli-mənəvi dəyərlərə bağlılığının qorunub saxlanılmasının son dərəcə vacib olduğunu göstərdi. Yada salaq ki, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetindəki çıxışında gənclərin vətənprəvərlik ruhunda yetişdirilməsinin önəmindən bəhs edərək 44 günlük Vətən müharibəsini yada salıb, Azərbaycan gəncliyinin göstərdiyi qəhrəmanlıqları xatırladıb: “Bildiyiniz kimi, 44 gün ərzində şanlı Ordumuz hər gün irəli gedirdi, hər gün yaşayış məntəqələri işğalçılardan azad edilirdi və bildiyimə görə, dünya hərb tarixində buna oxşar hərbi əməliyyatlar olmamışdır. Bir gün belə geriyə addım atmamışıq, hər gün bir neçə kənd, bir neçə qəsəbə, şəhər azad edilirdi. Bir nəfər olsun döyüş meydanını tərk etməmişdir. Amma Ermənistanın rəsmi nümayəndələrinin özlərinin etirafına görə, Ermənistan ordusunda 12 mindən çox fərari olmuşdur. Bu, nəyi göstərir? Əlbəttə ki, xalqımızın yüksək mənəvi keyfiyyətlərini göstərir. Bununla bərabər, onu göstərir ki, sinəsini qabağa verən gənclər o qədər vətənpərvərlik ruhunda tərbiyə olunmuşdur ki, onlar üçün Vətən torpaqlarını azad etmək ən şərəfli missiya olmuşdur. Sinəsini qabağa verən, ölümə gedən gənclər bir amalla yaşayırdılar ki, milli ləyaqətimizi bərpa edək və bunu etdik. Ona görə mənəvi-psixoloji üstünlük bir daha bizim ümumi üstünlüyümüzü göstərir. Müharibədən keçmiş ölkə kimi və Ali Baş Komandan kimi müharibənin nəticələrini şərtləndirən amillərə nəzər salaraq, təhlil edərək tam əminliklə deyə bilərəm ki, birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz”. Dövlət başçısı cari il sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışı zamanı da bu faktora toxunmuş, vətənprəvər gəncliyin önəminə diqqət çəkib: “Bir məsələyə də toxunmaq istərdim. Mən üç gün bundan əvvəl Xankəndidə Qarabağ Universitetinin açılışında bunu demişəm, bir də demək istəyirəm. Məsələnin vacibliyi bunu diktə edir ki, gənc nəslin milli ruhda böyüməsi sadəcə olaraq sözlər deyil. Bu, Azərbaycanın gələcək inkişafının əsas təminatçısıdır, çünki ölkələri insanlar idarə edir. İnsanların fikirləri, düşüncələri, cəsarəti, yaxud da ki, tam fərqli mənfi xüsusiyyətləri və ölkələrin düşdükləri vəziyyət də böyük dərəcədə bundan asılıdır. Ona görə elə gənc nəsil yetişdirilməlidir ki, həm bilikli, savadlı olmalıdır, həm də Vətənə bağlı olmalıdır. Xarici təsirə boyun əyməməlidir, qürurlu olmalıdır. Zatən qürurlu olmaq üçün bizim şanlı müharibələrimizdən sonra, İkinci Qarabağ müharibəsindən və antiterror əməliyyatından sonra əgər biz qürurlu olmasaq, onda hansı xalq olmalıdır?! Bu parlaq Qələbəni cəmi 44 gün ərzində, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - kim qazana bilib?! Bir neçə saat böyük xarici təzyiq altında davam edən antiterror əməliyyatı, - mən heç başqa amilləri demirəm, - separatçılığın kökü kəsildi Azərbaycanda - kim edə bilərdi?! Yəni, öz ölkəmizlə, xalqımızla fəxr etmək üçün ən çox haqlı olan xalq Azərbaycan xalqıdır”. Dövlət başçısının səsləndirdiyi bu fikirlər, heç şübhəsiz yaxın tariximizin inkaredilməz həqiqətlərindəndir. Hansı ki, bu həqiqətlər bizim hər birimizin qarşısında konkret vəzifələr qoyur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları qarşısında duran əsas vəzifələrdən biri gənclər arasında mütəmadi iş aparmaq, onların milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsi, əcdadlarımızın qəhrəmanlıq ənənələrini öyrənməsini təmin etməkdir. Bu məqsədlə də biz orta və ali təhsil müəssisələrində gənclərlə mütəmadi görüşlər təşkil edir, keçridiyimiz forum və konfranslara, tədbirlərə yaşlı nəslin nümayəndələri ilə yanaşı, həm də gəncləri dəvət edir, veteranlarla gənclərin görüşlərini keçiririk. İstəyirik ki, gənclər 44 günlük Vətən müharibəsi haqqındakı həqiqətləri bu müharibənin qəhrəmnanlarının dilindən eşitsinlər, onlarla bilavasitə təmasda olsunlar. 27 sentyabr həm də şəhdilərimizi Anım Günüdür. Biz xalq və dövlət olaraq 27 sentyabr tarixində onların qəhrəmanlığını yad edir, onlara sevgi və ehtiramımızı bildiririk. Lakin bu da bir həqiqətdir ki, biz şəhidlərimizi hər gün yad etməli, onların tanıdılması, göstərdikləri qəhrəmanlıqların təbliği ilə bağlı iş aparmalıyıq və aparırıq da. Sevindiricidir ki, demək olar ki, hər gün, hər həftə ölkə mediasında bu barədə çoxsaylı məqalələr yer alır, televiziyalarımızda şəhdilərimizlə bağlı süjetlər nümayiş etdirilir. Bir sıra orta məktəblərdə siniflərə şəhidlərin adının verilməsi, şəhid ailələri ilə görüşlərin keçirilməsi, şəhdilərimizlə bağlı sənədli filmlərin hazırlanması və s. buna nümunədir. Biz da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatıə olaraq tez-rez şəhid ailələri ilə görüşlər keçirir, onları evlərində ziyarət edir, qayğı və istəkləri ilə maraqlanırıq. Bu, hər şeydən önzə bizim mənəvi borcumuz, vətəndaşlıq vəzifəmizdir. Qeyd edək ki, Prezident İlham Əliyev bu il fevralın 14-də andiçmə məraisimindəki çıxışında bir daha şəhidlərə olan borcumuzu yada salmış, Qarabağa qayıdışımızın onların qəhrəmanlığı sayəsində reallaşdığını vurğulayıb: “...Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq”. Bu gün Azərbaycan xalqı Anım Gününü öz suverenliyini təmin etmiş bir ölkə olaraq qeyd edir. İnanıram ki, illər, əsrlər bundan sonra da xalqımız öz ərazi bütövlüyü və suverenliyini əzmlə qoruyacaq, öz həyatı bahasına ona azad, ləyaqətli həyat bəxş edən şəhidlərimizin xatirəsini hər zaman minnətdarlıq hissi ilə yad edəcək. Polkovnik Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri vəzifəsinin icraçısı

Hamısını oxu