Latest news
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Təşkilatın sədri Fatma Səttarova Novruz bayramı münasibəti ilə bütün veteranları, o cümlədən şəhər və rayon veteranlar təşkilatlarının kollektivini təbrik edib. Təbrikdə deyilir: “Qarşıdan gələn Novruz bayramı münasibəti ilə ölkəmizdəki bütün veteranları, o cümlədən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvlərini, şəhər və rayon veteranlar təşkilatlarının sədrlərini, onların rəhbərlik etdiyi kollektivi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, uzun ömür, fəaliyyətlərində uğurlar arzulayıram. Arzu edirəm ki, Novruz bayramı hər bir veteranın həyatına əsl bahar təravəti, bahar gözəlliyi gətirsin, onların hər bir istək və arzusunu reallığa çevirsin. Novruz bayramınız mübarək olsun!”
Read more
Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq böyük kinodramaturq, ölməz sənət əsəri olan “Günəşdən usanmışlar” filmi ilə ölkəmizə “Oskar” qazandıran Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı veririk. Azərbaycan kinosunda özünəməxsus iz qoyan Rüstəm İbrahimbəyov fiziki olaraq aramızdan ayrılsa da, onun filmləri həmişəlik sadəcə ölkəmizin deyil, bütövlükdə dünya kino xəzinəsinin ən dəyərli nümunələrindən biri olaraq qalacaq, insanları düşündürməkdə, onları ülviliyə, nəcibliyə, xeyirxahlığa səsləməkdə davam edəcəkdir. Bir daha böyük sənətkarımıza rəhmət diləyir, doğmalarına səbr arzulayırıq. Allah rəhmət eləsin!”
Read more
Veteran.gov.az xəbər verir, Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar olaraq ümumrayon bayram şənliyi keçirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalandakı Mədəniyyət Evində baş tutan şənlikdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir. Dədə Qorqud və Bahar qızının iştirtakçıları salamlaması, xeyir-duası, yazın gəlişini müjdə verməsi abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatmışdır. Sonra şəhid Elşad Həsənovun oğlu Səid Həsənlinin, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin və qazi Vasif Allahverdiyevin iştirakı ilə bayram tonqalı qalanmışdır. Meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Abşeronda Novruz şənliyinin ən maraqlı məqamlarından biri olmuşdur. Kosa ilə Keçəlin müşayəti ilə müxtəlif mahnılar oxunmuş, xalqımızın birliyinin rəmzi olaraq Yallı rəqsi oynanılmışdır. Bundan sonra Abşeronun müəllim kollektivlərinin hazırladıqları bayram guşələrinə baxış keçirilmişdir. Xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirmiş, şənlik iştirakçılarını şirniyyata qonaq etmişlər. Tədbirin rəsmi hissəsində çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələrini və qaziləri Novruz bayramı münasibəti ilə təbrik edərək bildirilmişdir ki, ölkəmizdə Novruz bayramı artıq daha coşqu, daha möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız zəfər xalqımızın başını uca etmiş, 30 il işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla nəticələnmişdir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur. Respublikamızın bütün ərazilərində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyini qeyd edən başçı bunun dövlət siyasəti olduğunu vurğulamışdır. Şəhid ailələri və qazilər həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hiss etməkdədirlər. Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Veysəl Musibovun anası Səməngül Musibova, şəhid Nurlan Mustafayevin həyat yoldaşı Günay Mustafayeva, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və qazi Vasif Allahverdiyev çıxış edərək Azərbaycan xalqını təbrik etmiş, şəhid ailələrinə və qaziləırə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqları ifadə etmişlər. Sonda tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilmişdir.
Read more
Mirzə Axundov 1984-cü il martın 15-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. 1991-2000-ci illərdə Gəgiran kənd tam orta məktəbində təhsil alıb. Mirzə Axundov 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduğdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Mirzə Axundov, 2004-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Zığ qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində, 2016-2019-cu illərdə Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2019-cu ildən isə Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb . Azərbaycan Ordusunun Hərbi Dəniz qüvvələrinin miçmanı olan Mirzə Axundov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirzə Axundov oktyabrın 2-də Talış istiqamətində şəhid olub, Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub. Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra”Vətən uğrunda “ medalı ilə təltif olunub. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirzə Axundov ölümündən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.
Read more
Bakı, 11 mart, AZƏRTAC Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb. Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a daxil olan bəyanatda Avropa Parlamentinin erməni yalanlarına əsasən hazırlanan və Qarabağda ermənilərə məxsus tarixi-mədəni abidələrinin dağıdılması ilə bağlı yanlış iddialar kəskin şəkildə tənqid edilib və pislənilib. Bəyanatda deyilir: “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti olaraq, Avropa Parlamentinin heç bir araşdırma aparmadan, real faktlara söykənmədən hazırladığı qətnaməni pisləyir, bunu qərəzli və tamamilə qeyri-obyektiv hesab edirik. Bildiririk ki, Qarabağda ermənilərə məxsus tarixi-mədəni abidələrin, qəbiristanlıqların dağıdılması, məhv edilməsi ilə bağlı iddiaların heç bir əsası yoxdur və bu cür iddialar mövcud reallığı əks etdirmir. Əksinə, Azərbaycan dövləti və xalqı tolerantlıq və multikultural dəyərlərinə sadiq qalaraq ölkə ərazisində dilindən, dinindən asılı olmayaraq bütün xalqlara, mədəniyyət və sivilizasiyalara məxsus hər bir abidəni həssaslıqla qoruyur, həmin abidələrin zəngin tariximizin bir hissəsi olaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət göstərir. Bu baxımdan Azərbaycanın guya işğaldan azad edilən torpaqlarımızda ermənilərə məxsus abidələrə, mədəniyyət nümunələrinə zərər vurması ilə bağlı iddialar reallıqdan uzaqdır və beynəlxalq ictimaiyyətin diqqətini əsl həqiqətdən uzaqlaşdırmağa xidmət edir. Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə çatdırırıq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırımı həyata keçirib. Vaxtilə erməni işğalı altında qalan rayonlarımızda ümumi sayı minlərlə hesablanan məscidlərin, dini abidələrin, mədəniyyət və incəsənət nümunələrinin, tarixi abidələrin tamamilə dağıdılması faktı buna ən böyük nümunədir. Hansı ki, Azərbaycan tərəfinin əlində bütün bunları sübut edən saysız-hesabsız foto və video faktlar mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bütün beynəlxalq təşkilatları işğaldan azad olunan ərazilərə səfər etməyə, bu ərazilərdə faktaraşdırma missiyalarında iştirak etməyə səsləyib. Lakin təəssüflər olsun ki, Avropa Parlamenti, o cümlədən bu qurumda təmsil olunan dövlətlər bu prosesdə aktivlik sərgiləmək, həqiqəti öz gözləri ilə görmək imkanından yararlanmaq istəmirlər. Halbuki, işğaldan azad edilən Azərbaycan torpaqlarına bu cür səfərlərin təşkili hər bir səfər iştirakçısına əsl gerçəkliyin nədən ibarət olduğu, kimin-kimə qarşı mədəni soyqırımı həyata keçirdiyini şərhsiz-izahsız göstərə bilər. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq ümid edirik ki, Avropa Parlamenti birtərəfli qaydada – yalnız erməni tərəfinin böhtan xarakterli iddiaları əsasında hazırlanan bu qətnamədən imtina edəcək, Qarabağ və ətraf rayonlarda erməni faşizmi tərəfindən viran edilən saysız-hesabsız mədəniyyət abidələrini, dini-tarixi memarlıq əsərlərini “görəcək”, bu tarixi səhvini erməni vandalizmini ifşa edən qətnamə və bəyanatlarla ən qısa zamanda düzəldəcəkdir!”.
Read more
Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıblar. Bəyanatda deyilir: “Biz, QHT nümayəndələri beynəlxalq təşkilatlara və UNESCO-ya bir neçə dəfə müraciət edərək Qarabağda və Ermənistan ərazisində Azərbaycan xalqının irsinə qarşı bu ölkə tərəfindən həyata keçirilmiş mədəni soyqırımı haqqında məlumat vermişik. Məhz Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində xalqımızın yüz illər tarixə malik mədəni irsi tamamilə yox olmaq təhlükəsi ilə üzləşib. Azərbaycana qarşı olan ikili standartlar, irqçi xarakterli yanaşmalar və islamofobiya hər zaman bəzi beynəlxalq qurumların işinin ana xəttini təşkil etmişdir. Ötən gün erməni yalanlarına əsasən hazırlanan və Azərbaycanın işğaldan azad etdiyi ərazilərində ermənilərə məxsus tarixi-mədəni abidələrinin dağıdılması ilə bağlı yalan faktları özündə ehtiva edən qətnamənin korrupsioner şəxslərin əllərində oyuncağa çevrilmiş Avropa Parlamenti tərəfindən qəbul olunması Azərbaycana qarşı növbəti riyakarlıqdır. Avropa Parlamenti və bu quruma üzv olan dövlətlərin diqqətinə çatdırırıq ki, Azərbaycandan fərqli olaraq, Ermənistan tərəfi 30 illik işğal dönəmində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edilməsi, yer üzündən silinməsi siyasətini dövlət siyasəti səviyyəsində - sistemli surətdə həyata keçirib, xalqımıza qarşı sözün həqiqi mənasında həm də mədəni soyqırımı törədib. Ermənistan tərəfindən həyata keçirilmiş sözügedən mədəni soyqırımı azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti ilə müşayiət olunub. Belə ki, XX əsrin əvvəllərindən başlamış azərbaycanlıların əsrlər boyu öz doğma torpaqları olan bugünkü Ermənistan ərazisindən kütləvi deportasiyası nəticəsində Ermənistanda azərbaycanlı qalmayıb. Təkcə 1988-ci ildə həyata keçirilmiş sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrilib. Beləliklə, Ermənistan məqsədyönlü şəkildə həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər, sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib. Uzun illərdir işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Təbii ki, bu, onların dini, mədəni və tarixi dəyərlərə olan nifrətindən irəli gəlir. Fakt kimi işğal altında olmuş torpaqlarımızdakı məscidlərdən ermənilərin tövlə kimi istifadə etməsini də deyə bilərik. Əgər Ermənistan dini abidələrə, məscidlərə sayğı ilə yanaşmış olsaydı, işğal etdiyi Azərbaycan ərazilərindəki abidələri dağıtmazdı. Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Lakin bu sadalanan faktlara baxmayaraq müəyyən beynəlxalq təşkilatlar, Avropa Parlamentinin üzvləri bu durumlara səssiz qalır və əksinə, Azərbaycan əleyhinə qətnamələr qəbul edirlər. Beynəlxalq təşkilatlara ünvanlanmış əvvəlki müraciətlərimizdə tərəfimizdən bir çox dəqiq faktlar da təqdim edilib. Məsələn, digər faktlarla yanaşı, vurğulanıb ki, Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam məscidləri kimi 300-dən çox məscid XX əsrin əvvəllərində qəsdən dağıdılıb, özününküləşdirilib və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq məscidi 1988-ci ilədək öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o, tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox məzarlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb. Ümumilikdə Ermənistan öz ərazisində Azərbaycan xalqına məxsus minlərlə mədəni irs abidəsini bilərəkdən dağıdıb. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, bütün insanlığa qarşı olan bir təhqirdir. Bütün bunlar onu göstərir ki, Ermənistan heç bir ümumbəşəri dəyərləri tanımır. Bütün bu qanunsuz əməllərin, on illərlə davam edən vandallıq əməllərinin cəzasız qalması isə dünya ictimaiyyətinə yanlış mesaj vermiş olur. Dünya ictimaiyyəti bu kimi addımların Ermənistanda dövlət siyasəti olmasını anlamalı və buna qarşı addımlar atmalıdır. Bu məqsədlə beynəlxalq hüquqda mövcud instrumentlər də istifadə edilməlidir. Belə ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir. Biz, Azərbaycanda fəaliyyət göstərən QHT-lər ölkəmizlə bağlı qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa Parlamentindən Azərbaycana qarşı qəbul olunmuş bu ədalətsiz qətnaməni ləğv etməyi tələb edirik. 1. Rauf Zeyni - Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu 2. İlqar Orucov - Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyi 3. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondu 4. Əziz Ələkbərli - Azərbaycan Qaçqınlar Cəmiyyəti 5. Bahar Qasımova - Azərbaycan Qadınları Respublika Cəmiyyəti 6. Ramil İsgəndərli - Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi 7. Faiq İsmayılov - Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı 8. Fatma Səttarova - Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 9. Səltənət Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi 10. Novella Cəfərova – “D.Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyi 11. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyi 12. Şəlalə Həsənova - İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyi 13. Ayaz Mirzəyev - “Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi” 14. Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi 15. Mariya Hüseynova - “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi 16. Fərid Şahbazlı - İslahatçı Gənclər İctimai Birliyi 17. Yusif Ağayev - “Dostluq" Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyi 18. Cəsarət Hüseynzadə - "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi 19. Nəsiman Yaqublu - “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyi 20. Telman İsa - "Aktor" İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi 21. Vüsalə Hüseynli - "İslahatçı qadınlar və innovasiyalar" İctimai Birliyi 22. Əhməd Abbasbəyli - "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi 23. Fuad Abbasov - “Misra” informasiya mübadiləsi və təşəbbüsləri İctimai Birliyi 24. Fuad Hüseynzadə - "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İctimai Birliyi 25. Niyaməddin Orduxanlı - "Bələdiyyələrin İnkişafına Yardım" İctimai Birliyi 26. Aqil Ələsgər - "Qızılbaş" Gəncləri Maarifləndirmə İctimai Birliyi 27. Ceyhun Musaoğlu - "Jurnalist Ekspert Mərkəzi" İctimai Birliyi 28. Aqil Camal - "Ortaq Dəyərlər" İctimai Birliyi 29. Hafiz Səfixanov "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi 30. Mehri Xanbabayeva - “Azərbaycan Tarixçiləri" İctimai Birliyi 31. Anar Xəlilov - "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyi 32. Ziba Nəbiyeva - "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyi 33. Ayaz Hüseynov - "Hemofiliyalı Xəstələr" İctimai Birliyi 34. Fuad Əsgərov - “Qan Donorları Assosiasiyası” İctimai Birliyi 35. Könül Ağayeva - Rəqəmsal İnkişaf İctimai Birliyi 36. Ramil Abbasov - "Spektr" Sosial-İqtisadi Araşdırmalar və İnkişaf İctimai Birliyi 37. Müşviq Ələsgərli - "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyi 38. Elçin Mirzəbəyli "Bakı Natiqlik Məktəbi" İctimai Birliyi 39. Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi 40. Xalid Kazımov - Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi 41. Şahin Rəhmanlı – “İrəli” İctimai Birliyi 42. Elşad Məmmədli - "Vətəndaş Maarifləndirilməsi" İctimai Birliyi 43. Elvin Talışınski - "Elin Səsi" Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi 44. Cavid Şahverdiyev - Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi 45. Kəmalə Ağazadə - "Azərbaycan Uşaqları" İctimai Birliyi 46. Toğrul Allahverdili – “Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” İctimai Birliyi 47. Əfsələddin Ağalarov - "Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım" İctimai Birliyi 48. Zülfiyyə Nuriyeva - "Sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək" İctimai Birliyi 49. Məleykə Əlizadə - "Gəncə Regional Qadın Mərkəzi" İctimai Birliyi 50. Samirə Mustafayeva - "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 51. Qalib Nəbiyev - “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi 52. Yadigar Məmmədli - "Azərbaycan Demokratik Jurnalistlər Liqası" İctimai Birliyi 53. Samir Mehdizadə - “Təhsil Şurası” İctimai Birliyi”.
Read more
Cəlil Xəlilov: “Rəsmi İrəvan təxribatlarından əl çəkməsə, Azərbaycan anti-terror əməliyyatına start verə bilər” “Azərbaycan ordusunun mövqelərinin tez-tez atəşə tutulması Ermənistanın revanşist və təxribatçı niyyətlərindən xəbər verir”. Bunu Veteran.gov.az-a açıqlamasında Mühatibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, baş verənlər göstərir ki, rəsmi İrəvan hələ də 44 günlük Vətən müharibəsində Ermənistanın yaşadığı rüsvayçı məğlubiyyətdən nəticə çıxarmaq istəmir: “Təbii ki, Ermənistanın son günlər ordumuzun mövqelərini müxtəlif atıcı silahlardan atəşə tutması, təmas xəttində tez-tez gərginliklər yaratması heç də təsadüfi və məqsədsiz deyil. Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan 44 günlük Vətən müharibəsində aldığı ağır məğlubiyyətdən lazımi nəticə çıxarmaq istəmir. Halbuki, bu müharibə zamanı Ermənistan ordusunun hərbi potensialının 80%-dən çoxunun tamamilə sıradan çıxarıldığı, Ermənistanın baş nazirinin müharibəni dayandırmaq üçün dünyanın aparıcı dövlətlərinin liderlərinə günlərlə yalvardığı, nəhayət, 2020-ci ilin 10 noyabr tarixində kapitulyasiya sazişini imzaladığı hər kəsə məlumdur. 44 gün ərzində darmadağın edilən, meyidlərini, yaralılarını döyüş meydanında atıb qaçan Ermənistanın indi yenidən qarşıdurmaya can atması, müxtəlif təxribatlar törətməsi erməni siyasi hakimiyyətinin avantürist niyyətlərindən xəbər verir. Bu, həm də onu göstərir ki, Azərbaycan 44 günlük Vətən müharibəsində erməni faşizminin başını əzsə də, hələ də Ermənistanda faşizm ideyaları yaşamaqda, təbliğ olunmaqdadır. Şübhəsiz, rəsmi İrəvan təxribatlarından əl çəkməsə, bu, Azərbaycanın anti-terror əməliyyatına start verməsi ilə nəticələnə bilər. Çünki Azərbaycanın sonsuza qədər erməni təxribatları qarşısında səbr nümayiş etdirməsi, bu təxribatlara sonsuza qədər təmkinlə yanaşması mümkün deyil. Azərbycanın belə bir məcburiyyəti də yoxdur. Onu da unutmaq olmaz ki, Ermənistanın bu təxribatları bütövlükdə regionda sülh və sabitlik üçün ciddi təhlükə yaradır. Yəni bu təxribatlar sadəcə Azərbaycanı deyil, bütövlükdə regionu təhdid edir. Buna görə də sadəcə Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də erməni təxribatlarına sərt reaksiya verməsi, onu sülhə, əməkdaşlğa səsləməsi vacibdir. Bir sözlə, Ermənistanın sabahı, onun gələcəyi atacağı addımlardan, Azərbaycanın sülh çağırışına verəcəyi cavabdan, bu çağırışa sərgiləyəcəyi səmimi münasibətdən asılı olacaq. Əgər Ermənistan Azərbaycanın humanist və sülhpərvər mövqeyinə bundan sonra da təxribatlarla cavab verərsə, bu, Ermənistanın özü üçün ağır nəticələrə, yeni və daha sarsıdıcı məğlubiyyətə səbəb olacaq”. Seymur ƏLİYEV
Read more
Milli Məclisin deputatı Məşhur Məmmədov Azərbaycanın uğurlarını şərtləndirən amillərdən geniş bəhs edərək bildirib ki, davamlı inkişafın təmin edilməsi təkmil islahatların həyata keçirilməsini, idarəetmə sistemində yenilikləri əsas tələb kimi qarşıya qoyur. Reallıq budur ki, islahatlara alternativ yoxdur: “Zaman, dövr dəyişirsə, qarşımızda yeni vəzifələr, çağırışlar dayanırsa, islahatlar qaçılmazdır. Azərbaycanın islahatçı, yenilikçi, innovasiyalar ölkəsi kimi beynəlxalq aləmdə nüfuz qazanması da bu təkmilləşmələrə əsaslanır. Hər bir təkmilləşmənin əsasında ölkəmizin daha da qüdrətlənməsi, güclənməsi, insanların rifahının yüksəlməsi, vətəndaş məmnunluğunun artırılması dayanır. Dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, DOST layihələri də ölkəmizin idarəetmə sistemində yeniliklərə nə qədər maraqlı olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev bu hədəfi daim önə çəkir ki, Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunə olmalıdır.” Millət vəkili vurğulayıb ki, 9 fevral 2020-ci ildə islahatlar siyasətinin davamı kimi növbədənkənar parlament seçkilərinin keçirilməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı: “Hakimiyyətin hər üç qolunda- icra, qanunvericilik və hüquq-mühafizə sahəsində həyata keçirilən islahatlar ölkəmizin qarşısında yeni imkanlar açır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti və bu xəttin son 18 ildən artıq dövrdə dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi tərəqqisi, bu fonda güclü sosial siyasəti, ordu quruculuğu, beynəlxalq nünasibətlər sistemində yeri və rolu ilə diqqətdədir. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumaqla inkişaf modelinin özəlliklərini də təqdim edir.” Məşhur Məmmədov ölkə Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixində VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışından bəhs edərək bu məqamı xüsusi qeyd edib ki, dövlət başçısı yeni tərkibdə formalaşan parlamentin, deputatların qarşısında dayanan vəzifələri açıqladı: “Bir mühüm məqamı da nəzərə alsaq ki, 2020-ci il, eyni zamanda, Azərbaycanın öz torpaqlarına qovuşduğu, 30 ilin işğalına son qoyduğu ildir, son bir ildən artıq dövrün reallıqları sırasında işğaldan azad edilmiş ərazilərmizdə həyata keçirilən bərpa və quruculuq işləri dayanır, bu halda yeni mütərəqqi qanunların qəbulu bir zərurət kimi ortaya qoyulur. Təbii ki, burada əsas diqqət iqtisadi islahatların dərinləşdirilməsinə yönəldilir.” “Tarixi Zəfərimiz bir sıra mühüm məqamların, reallıqların təqdimatı oldu” söyləyən millət vəkili bildirib ki, ölkəmizdə siyasi dialoq mühiti mövcuddur: “Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində formalaşan çoxpartiyalı parlament siyasi sistemin təkmilləşdirilməsinə, partiyalar arasında əlaqələrin inkişafına öz töhfəsini verməyə çalışır. Dövlət başçısı İlham Əliyevin qeyd edilən çıxışında səsləndirdiyi “Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz” çağırışını önə çəkərək bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yeni tərkibdə formalaşan parlament bu istiqamətdə lazımı addımları atacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün şərait yaradılır.” Millət vəkili onu da əlavə edib ki, ümummilli məsələlərdə bütün siyasi partiyaların vahid mövqedən çıxış etməsi günümüzün əsas tələbləri sırasındadır: “44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə 50-dən artıq siyasi partiyanın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini imzaladıqları birgə bəyanatla təsdiqləmələri də bunun bariz nümunəsidir. Eyni addımı Azərbaycan-Türkiyə müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasında da şahidi olduq. Cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyası tarixi Zəfərimizin reallıqları fonunda VII qurultayını keçirərkən 6 siyasi partiyanın YAP-a qoşulmaq qərarı da ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdığını təsdiqləyir.” Ölkənin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında qanunların rolundan danışan Məşhur Məmmədov bildirib ki, hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, siyasi, iqtisadi və sosial islahatları həyata keçirmək məsələləri dayanır: “Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyir. Xalqımız atılan uğurlu addımların nəticəsində əmin-amanlıq, sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, zaman islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Bu baxımdan 2018-ci il prezident seçkilərindən sonra yeni mərhələyə daxil olan islahatlar prosesi uğurla davam edir və Azərbaycana möhtəşəm uğurlar qazandırır.” Yap.org.az
Read more
Məşhur Məmmədov: “Qarabağla bağlı animasiya filmlərinin çəkilməsi bu diyarı uşaqlara erkən yaşlarından tanıtmaq baxımından böyük əhəmiyyətə malikdir” Məlum olduğu kimi, Mədəniyyət Nazirliyi Qarabağla bağlı animasiya filmlərinin çəkilməsinə qərar verib. Filmlərdə Qarabağın tarixi, mədəniyyəti, xalqımızın qəhrəmanlıq tarixi ilə bağlı məqamlar yer alacaq. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu cür filmlərin uşaqlara vətəni erkən yaşlarından tanıtmaq və sevdirmək baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Qarabağ, onun təbliği və tanıdılması ilə bağlı atılan hər bir addım, görülən hər bir iş mühüm əhəmiyyətə malikdir. Biz tariximizi, mədəniyyətimizi bilmədən onu sevə bilmərik. Sevdirmək üçün isə sadəcə gənclər və yeniyetmələr arasıdna deyil, uşaqlar arasında da düzgün iş aparmalı, onlara erkən yaşlarından vətənimizi, onun gözəlliklərini, qəhrəmanlıq tariximizi tanıtmalıyıq. Unutmaq olmaz ki, uşaq yaddaşında yer alan hər bir məlumat həmin insanın xatirəsində, düşüncəsində, ruhunda həmişəlik iz qoyur, onun üçün həmişəlik doğma və unudulmaz olur. Bu baxımdan Mədəniyyət Naizlriyinin dəstəyi ilə animasiya filmlərinin hazırlanması olduqca faydalı və əhəmiyyətlidir. Ümumiyyətlə, Qarabağla bağlı istənilən bədii əsər, yaxud musiqi əsəri, mədəniyyət və incəsənət nümunəsi böyük təbliğati əhəmiyyətə malikdir. Bəzən bir sənət əsəri vətəni cild-cild kitablardan daha çox tanıdır və sevdirir. Sizə bir nümunə deyim. Məşhur “Qarabağ” mahısı hər bir azərbaycanlıya yaxşı məlumdur. Bu mahnıda Qarabağ, vətən torpağı, onun müqəddəsliyi ilə bağlı qəlbə, ruha hopacaq böyük, nəhayətsiz sevgi var. Bu mahnı səslənəndə Azərbaycanımızın harasında yaaşmasından asılı olmayaraq, hər bir insan özünü qarabağlı kimi hiss edir. Bu faktın özü bir sənət əsərinin necə böyük təsir qüvvəsinə malik olduğunu göstərir. Odur ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Qarabağla bağlı animasiya filmlərinin çəkilməsi də olduqca faydalı və təqdirəlayiqdir. Bu cür filmlər uşaqların doğma Azərbaycanımızın bir hissəsi olan Qarabağı daha yaxından tanıması, onu daha dərindən sevməsinə böyük töhfə verəcək”. Seymur ƏLİYEV
Read more
Veteran.gov.az xəbər verir ki, ANAİB Türkiyədə təşkil olunan 7-ci İstanbul "Fellowship" proqramında iştirak edib. Hədəf, Xan, Altun, Qələm, Ağıllı bala, Mimta, Libra və Qədim Qala da daxil olmaqla ümumilikdə 8 nəşriyyat ölkəmizi təmsil edib. Həmçinin Azərcaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri və ANAİB-in sədri Şəmil Sadiq tədbirin iştirakçılarından olublar. Tədbirlə yanaşı ANAİB və TBYM (Türkiye Basım Yayın Meslek Birliği) arasında xüsusi görüş keçirilmiş, yeni əməkdaşlıqlar, tədbirin nəticələri, oktyabr ayında Azərbaycanda keçiriləcək kitab sərgisinin planı haqqında müzakirələr aparılıb. Bununla yanaşı, Azərbaycan nəşriyyatlarından bir neçəsi müəllif hüquqlarını digər ölkə nəşriyyatlarına sataraq, yazıçılarımızın beynəlxalq ədəbi sferada tanınması üçün əhəmiyyətli addımlar atıblar. Qeyd edək ki, TBYM-nin təşkilatçılığı və Türkiyə Cümhuriyyəti Kültür və Turizm Bakanlığının dəstəyi ilə həyata keçirilən, 72 ölkədən 555 nəfərin qatıldığı 7-ci İstanbul "Fellowship" proqramının əsas məqsədi nəşriyyatlar arası inteqrasiyanı təmin etmək, müəllif hüquqlarının mübadiləsi əsasında nəşriyyat işinə dəstək verməkdir.
Read more
Veteran.gov.az awf.az-a istinadən xəbər verir ki, Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb. Qitə birinciliyinə böyük məşqçi Rövşən Bayramov, məşqçilər Akif Əliyevlə Həsən Əliyevin rəhbərliyi altında qatılan müvafiq millimiz uğurlu nəticəyə imza atıb. Belə ki, məsul yarışda mübarizə aparan 6 güləşçimizdən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (77 kq) Plovdivdə himnimizi səsləndirib. Ziya Babaşov (63 kq) ikinci, Laçın Vəliyevlə (87 kq) Sərxan Məmmədov (130 kq) isə üçüncü yeri tutub.Beləliklə, Bolqarıstanda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 102 xalla komanda hesabında Avropa üçüncüsü olub. Gürcüstan (138) birinci, Türkiyə (133) isə ikinci pillədə qərarlaşıb.
Read more