Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ziyalılığın təcəssümü

MÖHÜBBƏT NURULLAYEV - 85 ONLAR MASALLIDANDIR           

Müəllim ömrü. Bu ömür tuş qələmlə səliqə-sahmanla, aldığı Fəxri fərmanlar, təşəkkürlər, fəxri adların, medalların vəsiqəsində yazılıb. Ali təhsil diplomunda qeyd olunub, əmək kitabçasında bir-birinin ardınca düzülüb. Bir ziyalı ömrünü bəzəyən, bir şəxsiyyətə başucalığı gətirən ömür! Möhübbət müəllimin mənəviyyatını oxucu üçün açır, onu oxucuya tanıdır.

İnsan şəxsiyyətinin qiyməti, onun əməyə, təhsilə münasibəti, zəhmətsevərliyi, peşəsinə vurğunluğu ilə ölçülür. Belə insanlar ümidimizi sönməyə qoymurlar, həyat yollarında köməyiniz, dayağımız olurlar. Cəmiyyətdə nə qədər şəxsiyyətli adamlar çoxdursa, cəmiyyət də bir o qədər zəngin görünür. 

Bu yazıda söz açdığım Möhübbət müəllim də öz xarakteri ilə Azərbaycan torpağında ucalan ziyalılarımızdandır. 

Ziyalılığa, elm, bilik nuru saçan insanları şəxsiyyət kimi formalaşdıran peşə sahiblərinə borcumuz çoxdur. Müəllimlər insanın şəxsiyyət kimi yetişməsində ən böyük zəhməti olan insanlardır. Bu peşə sahiblərinin adı onlar üçün ən böyük şan-şöhrət, əvəzedilməz zirvədir. 

Müəllimin fəaliyyəti, zəhməti cəmiyyətlə bağlıdır. Cəmiyyətə nüfuz edir. Gənc nəslin gələcəkdə bizi əvəz edənlərin ziyasından elm, təhsil vərdişi yaradır. Cəmiyyətin əvəzedicini hazırlayır. Ona görə də insanların belə adamlara təmənnasız xidmətkarlarına - müəllimlərə borcu çoxdur. Bu borcu Möhübbət müəllimi tanıyanlar hiss edir. 

Yüzlərlə şagirdləri bu gün vəzifələrdə çalışır, elm adamlarıdır. Onlar həmişə ustadlarının hörmətini saxlayırlar. 

Möhübbət müəllimin dərs dediyi məktəblərin coğrafiyası genişdir. Onun keçdiyi mənalı və şərəfli yolunu vərəqləyək.

   

 TƏRCÜMEYİ - HALINDAN SƏTİRLƏR:

  

NURULLAYEV MÖHÜBBƏT AYAZ OĞLU

10 aprel 1938-ci ildə Masallı rayonunun Lürən kəndində anadan olmuşdur. 

İkinci Dünya müharibəsi başlananda 3 yaşı vardı. Atası Ayaz kişi cəbhəyə yola düşəndə balaca Möhübbəti öpüb qucaqlamaq istəyəndə o tez qaçaraq Fati anasının qucağına sarıldı və ağladı. Bu onun atası ilə son görüşü oldu. Ayaz kişi müharibədən qayıtmadı və itkin düşdü. Fati ana 3 yaşlı Möhübbəti və körpəsini - Cənnəti atasız böyütdü, onlara həm ata oldu, həm də ana...

   

 MÖHÜBBƏT MÜƏLLİMİN DEDİKLƏRİNDƏN:

  

  - Atam Ayaz Nurullayev 1941-ci ilin dekabr ayında cəbhəyə gedib və müharibədə itkin düşüb. Atamın simasını çox çətinliklə xatırlayıram. Atam haqqında düşünərkən gördüklərim, bildiklərim və eşitdiklərim gözlərim önündə canlanır. Bu zaman uşaq kimi kövrəlirəm, müharibəni törədənləri dönə-dönə lənətləyirəm. Biz zamanın burulğanında məhv olmadıq, böyüdük, yaşa dolduq, təhsil aldıq və ailə sahibi olduq. 

Anam Nurullayeva Fati Niftulla qızı 1913-cü ildə Masallı rayonunun Lürən kəndində anadan olub. 2000-ci ilin iyun ayının 27-də vəfat edib. 

İki qardaş olmuşuq - mən və Cənnət. Oxuduq, işlədik, çox əziyyətlə böyüdük. Qardaşım - Nurullayev Cənnət Ayaz oğlu 25 avqust 1942-ci ildə anadan olub. Türkmənistan Respublikasının Türkmənbaşı şəhərində Tibb kollecində feldşerliyi oxuyub. Sankt-Peterburq, Kaluqa və Moskva şəhərində "Sokolnik" sanatoriyasında baş həkimin müavini olub. Yüksək ixtisaslı həkim kimi 44 il işləyib..."

Gənc Möhübbət ilk təhsilini Ərkivan qəsəbəsində "Ağ Məktəb"də alıb. Sonrakı 1958-1960-cı illərdə kənddə o vaxtkı "Çapayev" adına kolxozda təsərrüfatın müxtəlif sahələrində çalışıb. Gəncliyi müharibədən sonrakı illərə təsadüf edib. Kəndin, təsərrüfatın dirçəlişində arxa cəbhədə çalışanlar da döyüşçü idilər. Gənc Möhübbət də qolunu çırmayıb istehsalatda canı-dildə işlədi.

İnsan harada işləyərsə, öz işini dəqiq, təmiz görməli və özünə hörmət qazanmalıdır. Onun zəhmətkeşliyindən çox danışmaq, yazmaq da olar. Bu yolun çətin anları da olub, sevinc anları da... İstehsalatdan sonra ali məktəbə qədəm qoydu. 

1960-1965-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda ali təhsil aldı, fizika-riyaziyyat müəllimi diplomu ilə ali təhsillilər sırasında kəndə qayıtdı. Həmin ildən taleyini məktəbə bağladı.

   

 1965-1970-ci illərdə Masallı rayonunun Mollaoba kənd 8 illik məktəbində fizika-riyaziyyat müəllimi, 1970-1976-cı illərdə Masallı rayonunun Bədəlan kənd orta məktəbində fizika-riyaziyyat müəllimi, 1976-2011-ci illərdə Masallı rayonunun Lürən kənd Faiq Şükürov adına orta məktəbində fizika-riyaziyyat müəllimi işləmişdir. Təqaüdə çıxana qədər doğma Lürən kəndində zəhmətkeş balalarına dərs demişdir. Təkcə elm, bilik öyrətməmiş, onları həyatın qədrini bilməyə, düz yola çağırmışdır. 

 Böyük Məhəmməd Füzulinin şeirlərinin birində deyildiyi kimi:

         Ömrün əziz ikən təbin təzələr,

         Dünya zəncirinə bağlama hədər.

         Allaha xoş gedən xeyirli iş gör,

         Qoyma ki, həyatın keçə bisəmər.

Müəllim adı ona verilən bütün təşbehlərdən üstündür. Həyatımızı müəyyən məcraya yönəldən, bizi elm, bilik yoluna çıxaran müəllimlərimizin əli əlimizdə olanda güclü, qüvvətli oluruq. Möhübbət müəllim də belə ziyalılarımızdandır. O da elmi, savadı ilə neçə şagirdin ömrünə çıraq tutub. 

Möhübbət müəllim ictimai işlərdə daha çox fəallığı ilə tanınıb. 1960-cı ildən Respublika Həmkarlar İttifaqının üzvü və Masallı rayon Təhsil İşçiləri Həmkarlar İttifaqının Lürən kənd məktəb həmkarlar təşkilatının sədri olmuşdur. 

1990-cı ilin mart ayına qədər 28 saylı seçki Dairəsindən Masallı rayonu Musaküçə kənd Xalq Deputatları Sovetinə deputat seçilmişdir. 

11 noyabr 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 

19 sentyabr 2013-cü il tarixdə təqaüdə çıxıb. 

    1 iyul 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən "Əmək veteranı" adına layiq görülmüşdür. 

 Masallıda Möhübbət Nurullayevi təcrübəli fizika-riyaziyyat müəllimi, təhsil işini yaxşı bilən mütəxəssis, gözəl insan, səmimi ailə başçısı kimi tanıyırlar. Həmişə xoş təbəssümlü, gözlərində parlaqlıq, həyat eşqi gördüyümüz bu insana 85 yaşı olmasına ilk baxışdan şübhə edirsən. Ölçülü-biçili hərəkətlərinə fikir verəndə, məşvərət - məsləhətlərinə qulaq asanda, müsahib olanda isə bu həqiqətə inanırsan.

Möhübbət müəllim 1978-ci ildə Gülməxmər Şəküllə qızı ilə ailə həyatı qurub.1959-cu il təvəllüdlü Gülməxmər ana Lürən kənd məktəbində işləyib. 2016-cı ildə 4 sentyabrda vaxtsız dünyasını dəyişib, Lürən kənd qəbristanlığında dəfn olunub. Allah rəhmət eləsin!

Möhübbət müəllim bir valideyn kimi övlad yolunda çox əziyyətlər çəkib. Həyat yoldaşı Gülməxmər xanımla cəmiyyət üçün layiqli, yararlı övladlar böyüdüblər. Dəyərli məsləhətləri, gözəl tərbiyəsi ilə balalarının yoluna işıq saçıb Möhübbət müəllim! Onlara tələbkar olduğundan hər birini xasiyyətcə gözəl formalaşdırıb. 

Altı övlad - 5 oğul, 1 qız tərbiyə edən Möhübbət müəllimə bu işdə ömür yoldaşı Gülməxmər ana həmişə dayaq olub. Övladları - Tariyel, Maqsud, Fidan, Qoşqar, Əlisəfa, Ayaz. Onlar da bu günümüzün yaradıcılarıdırlar. Ataya, anaya öz hərəkətləri ilə şöhrət, hörmət gətirmişlər. Atalarını "ATA", analarını "ANA" adı ilə çağıran övladlar bu müraciətin şirinliyini həmişə qoruyub saxlamışlar.

Möhübbət baba ilə Gülməxmər nənənin 11 nəvəsi vardır. Mənzər, Nihat, Fatimə, Fayaz, Firuzə, Fariz, Ariz, Nurgül, Aygül, Gülməxmər, Miray adlı şirin-şəkər nəvələri baba ilə nənənin ömür bağçasının çiçəkləyən arzuları və davamçılarıdırlar.

 

2023-04-08 20:15:02
358 baxış

Digər xəbərlər

“15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır” MÖVQE-ÖZƏL

“Bu il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd olunacaq. 15 sentyabr həqiqətən də qürurverici, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsi kimi əlamətdardır”. Bu fikirləri SİA-ya açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.Azərbaycan əsgər və zabitlərinin türklərlə birlikdə Bakının düşməndən təmizlənməsində şərəflə döyüşdüyünü deyən ehtiyatda olan polkovnik bildirib ki, 1918-ci il sentyabr ayının 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib:“Azərbaycan və türk əsgər və zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Leninin direktiv göstərişlərini həyata keçirən S.Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Həmin dövrdə Gəncə üzərinə yürüş edən düşmən qüvvələrin qarşısının alınması üçün öz hərbi gücü yetərli olmadığından Azərbaycan nümayəndələri kömək məqsədi ilə Türkiyə, o zamankı Osmanlı hökumətinə müraciət etdilər. Bu müraciətə müsbət cavab verən qardaş dövlət yeni yaradılmış Qafqaz İslam Ordusunu 1918-ci ilin may ayında Azərbaycan ərazisinə köməyə göndərdi. Burada general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu ilə birləşən, Nuru Paşanın rəhbərlik etdiyi həmin ordunun 1918-ci il iyunun əvvəllərində artıq 15 min əsgər və zabiti vardı”.C.Xəlilovun sözlərinə görə, Bakı Sovetinin ixtiyarında olan, mütləq əksəriyyəti ermənilərdən ibarət hərbi birləşmələr iyunun 12-də Kürdəmiri işğal edib, Göyçaya yaxınlaşıblar: “Göyçay ərazisində qanlı döyüşlər iki həftədən çox davam etdi. Müqavimətinə baxmayaraq, düşmən Türkiyədən göndərilən əlavə qüvvələr və Azərbaycan könüllüləri tərəfindən məğlub edildi. Qafqaz-İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi hadisələrin gedişini tamamilə milli hökumətin xeyrinə dəyişdi, Azərbaycanın şərq hissəsi, o cümlədən Bakının bolşevik-daşnak işğalından azad edilməsi üçün ilk zəmin yaratdı. Bolşevik-daşnak birləşmələrini darmadağın edən Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşündə növbəti şanlı qələbə iyul ayının 20-də mühüm strateji məntəqə olan Şamaxı şəhərinin azad edilməsi oldu”.Qurum rəsmisi söyləyib ki, Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilmədilər: “Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən həmin qüvvələr geri çəkildi. 1918-ci ilin sentyabrında yaranmış beynəlxalq vəziyyət Bakının tezliklə azad olunmasını zəruri edirdi. Cümhuriyyət rəhbərləri Bakının nəyin bahasına olursa-olsun azad olunması üçün ardıcıl iş aparırdılar. Qafqaz İslam Ordusu güclü müqavimətə baxmayaraq, sentyabrın 15-də dörd mindən artıq əsgər və zabit şəhid vermək bahasına da olsa, Bakını düşmənlərdən azad etdi”.C.Xəlilov qeyd edib ki, bu tarixi günü qeyd etdiyimiz vaxt hər birimizin qəlbindən Azərbaycan əsgərinin eyni sevinci, qüruru bizə Qarabağı erməni işğalından azad etməsi ilə yaşatması arzusu keçir: “Biz inanırıq ki, hazırda Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında yaradılmış güclü ordumuz buna nail olacaq. Müasir Azərbaycan ordusu düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2016-cı ilin aprel döyüşləri Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin qələbə əzmi nümayiş etdirildi. Biz veteranlar erməni işğalında olan Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyinə inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”.

Hamısını oxu
general-mayoru Həzi Aslanovun anadan olmasının 107-ci ildönümünə həsr olunan tədbir

Bu yaxınlarda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində İkinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 107-ci ildönümünə həsr olunan tədbir keçirildi. Polkovnik-leytenant Mikayıl Hüseynov qonaqları, müəllim və kursant heyətini salamladı. Ulu öndər Heydər Əliyevin, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, müstəqilliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildikdən sonra "Ürəklərdə yaşayan sərkərdə" sənədli filmi nümayiş etdirildi. İlk söz alan Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı Həzi Aslanov haqda oxuduğu kitablardan bəzi xatirələri yada salaraq xoşbəxt millət olduğumuzu diqqətə çatdırdı: "Biz o qədər xoşbəxt millətik ki, oğullarımız uzaqlarda da Azərbaycanın adını həmişə yaşadıblar. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov hər birimizə örnək olan, Azərbaycanın adını yüksəldən oğullardandır. İndiki müharibə şəraitində də Həzi Aslanov kimi oğullarımız az deyil." Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik Həmid Cəfərov çıxışında ümummilli lider Heydər Əliyevin peşəkar zabit hazırlığına və qəhrəmanlıq salnaməsində adı keçən oğullarımıza qayğı göstərməsinə diqqət çəkdi: "Ümummilli Liderin rəhbərliyi dövründə istər İkinci Dünya müharibəsində, istərsə də Qarabağ müharibəsində döyüşən oğullarımız dövlətin himayəsində olublar. Ulu Öndərimizin Həzi Aslanov kimi oğullarımıza diqqət və qayğısı baxdığımız sənədli filmdəki çıxışından görsənir: "Həzi Aslanov Azərbaycan xalqının Böyük Vətən müharibəsində mərdliklə döyüşən, vuruşan nümayəndələrindən ən görkəmlisidir. O, döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi xüsusiyyətlərə layiq olduğunu nümayiş etdirmişdir. ... Mən Böyük Vətən müharibəsində həlak olmuş, Azərbaycan torpaqlarını erməni təcavüzkarlarından müdafiə edərkən şəhid olmuş qəhrəman övladlarımızın xatirəsi qarşısında baş əyirəm." Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Ali Hərbi Məktəbində görüşün təsadüf olmadığını bildirdi: "Biz həmişə çalışırıq ki, bizim kursantlarımız, gələcək zabitlərimiz ən yüksək biliyə nail olsunlar. Onların xidməti ilə həmişə maraqlanırıq. Arzu edirik ki, onlar da Azərbaycanın qəhrəman oğullarına oxşasınlar. Gördüyünüz film göstərdi ki, Həzi Aslanov Azərbaycanın Böyük Vətən müharibəsində xidmət etmiş ən görkəmli sərkərdələrindən biridir. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz qeyri-adi istedada malik olan bir hərbçi idi. Belə qəhrəmanlarımız gənc nəsil üçün örnəkdir. Çünki dövlətimizin təhlükəsizliyini sizlər təmin edəcəksiniz. Azərbaycan torpağını işğaldan siz azad edəcəksiniz. Ona görə də hərbi, fiziki, mənəvi hazırlığınız yüksək səviyyədə olmalıdır. Torpaqlarımızın işğaldan azad olunmasında siz də öz sözünüzü deyəcəksiniz, Azərbaycan bayrağını Şuşada, Xankəndində və işğal olunmuş digər rayonlarımızda dalğalandıracaqsınız." Sonda bir qrup hərbi qulluqçuya Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının adından  fəxri fərmanlar təqdim edildi.   Kapitan Məhəmməd ƏLİYEV, "Azərbaycan Ordusu"

Hamısını oxu
Azərbaycan Ağsaqqallar Şurası Gəncədə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş regional konfrans keçirib

Azərbaycan Ağsaqqallar Şurası Gəncə Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş regional konfrans keçirib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov, Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov və o cümlədən digər qərb rayonlarının – Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Tovuz və habelə Ucar, Zərdab, Qobustanın Ağsqaqqallar Şurasının sədrləri, həmçinin YAP-ın, Gənclər və İdman İdarəsinin yerli təşkilatlarının nümayəndələri, ağsaqqallar, alimlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Konfransda müasir Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndrilib. Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Konfransı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsini vurğulayaraq, dünyanın müxtəlif ölkələrində Ümummilli Liderə həsr olunmuş tədbirlərin keçirildiyini bildirib. Azərbaycan xalqı və dövləti var olduğu müddətdə əvəzedilməz şəxsiyyət Ulu Öndər Heydər Əliyevin xalqımızın qəlbində yaşayacağını, daim hörmətlə anılacağını bildirən Niyazi Bayramov Ümummilli Liderimizin uzaqgörən siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, regionun kuratoru Bayram Yusifov konfrans iştirakçılarını Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və öz adından salamlayaraq qeyd edib ki, bu gün biz növbəti dəfə  Ulu Öndər Heydər Əliyevin nuruna, işığına toplaşmışıq və bu hər zaman belə olacaq. İllər, əsrlər ötəcək, Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti, onun nuru, ziyası daim bir mayak kimi Azərbaycan xalqına və digər xalqlara xoşbəxt gələcəyə aparan  doğru yolu göstərəcəkdir. Sonra o, öz çıxışında Ulu Öndərin hakimiyyətdə olduğu dövrü mərhələrlə, ətraflı və dolğun şəkildə təhlil edərək bir daha bu dahi insanın Azərbaycan üçün nə qədər dəyərli və əvəzedilməz bir şəxsiyyət olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bayram Yusifov, həmçinin, Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan xalqına böyük Qələbə qürurunu yaşadan Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, ölkəmizdəki dinamik inkişaf prosesindən bəhs edib. Natiq Azərbaycan Ağsaqqallar Şurasının səmərəli fəaliyyətindən də danışaraq, Şura tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi – Heydər Əliyev İli ilə bağlı Tədbirlər Planının hazırlandığını və bu istiqamət üzrə bir sıra tədbirlərin, layihələrin həyata keçirildiyini vurğulayıb. Əlavə edib ki, may ayının 2-də Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Bakı şəhərində Türk dünyası qarşısında əvəzsiz xidmətləri olan Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Türk dünyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransda dili bir, dini bir, əqidəsi bir olan qardaş türk dövlətlərindən və digər ölkələrdən qonaqlar iştirak edəcəklər. “Biz əminik ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolu bundan sonra da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdiriləcək və biz, ağsaqqallar hər zaman ölkə başçısını bu yolda dəstəkləyəcəyik, Vətənimizin inkişafı naminə öz səylərimizi əsirgəməyəcəyik” – deyə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yudsifov nitqinin sonunda vurğulayıb. Sonra Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri, universitetin YAP təşkiltının sədri Cavid Bağırzadənin “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli ideologiyanın formalaşması”, Azərbaycan Dövlət Aqrar Universitetin dosenti, fəlsəfə doktoru Ceyhun Hüseynovun “Heydər Əliyevin  Azərbayçılıq fəlsəfəsində milli birliklə dövlətçiliyin dialektikası” adlı məruzələri dinlənilib. Daha sonra çıxış edən Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov, Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədov, Qobustan Rayon Ağsaqqallar Şurasının sədri Şıxbala Bayramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədr müavini Nurəddin İbrahimov və digər natiqlər müstəqil Azərbaycanın dahi siyasi xadimi və müdrik rəhbər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs ediblər. Respublikanın Xalq artisti, Gəncə Dövlət Dram Teatrının aktyoru Məmmədəli Balayevin ifasında Ulu Öndərə həsr edilmiş şeirlər tədbir iştitakçılarının gurultulu alqışları ilə qarşılanıb. Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurası tərəfindən İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərə, xüsusilə Vətən müharibəsi şəhidlərinin valideynlərinə, qazilərə, müharibə iştirakçılarına və ağsaqqallara göstərdiyi yüksək diqqət və qayğıya görə Fəxri fərmanla təltif edilib. Regional konfransın sonunda xatirə şəkli çəkdirilib və tədbir münasibətilə təşkil olunmuş yemək süfrəsi ətrafında söhbətlər davam etdirilib.      

Hamısını oxu
Millət vəkili şəhid məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Milli Məclisin deputatı Mahir Abbaszadə Bakı şəhəri Xəzər rayonu Qala kəndində dəfn olunan Vətən müharibəsinin şəhidi Laçın rayonu Malıbəyli kənd sakini Yaqubzadə Yaqub Eldəniz oğlunun məzarını ziyarət edib.   Millət vəkili şəhidlərin əziz xatirəsinə ehtiramını bildirib, ruhlarına dualar oxunub.   Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu ərazilərimizi işğaldan azad etdi. 44 gün müddətində 30 ilə yaxın davam edən işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Qeyd edilib ki, Prezident İlham Əliyev şəhid ailələrini və müharibə iştirakçılarını hər zaman diqqət mərkəzində saxlayır.   Şəhid Yaqub Yaqubzadənin valideynləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.   Ərazilərimizin işğaldan azad olunması yoludan canı, qanı bahasına mübarizə aparmış qazilərə şəfa, şəhid onlarla Allahdan rəhmət dilənib.   Yaqub Eldəniz oğlu Yaqubzadə 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Yaqub Yaqubzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaqub Yaqubzadə oktyabrın 2-də Murovdağ döyüşləri zamanı Şəhid olub. Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.  

Hamısını oxu