Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanında

Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, Birinci vitse-prezident Mehriban Əliyeva gül dəstəsi qoyublar.
Azərbaycanın dövlət himni səsləndirilib.

2020-12-04 00:00:00
3521 baxış

Digər xəbərlər

“Xocalı: Silinməyən yaddaşımız – Ədalətin hökmü” mövzusunda konfrans keçirilib

23 fevral 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin birgə təşkilatçılığı ilə  “Xocalı: Silinməyən yaddaşımız – Ədalətin hökmü” mövzusuna həsr olunmuş konfrans keçirilib. Konfransdan öncə Azərbaycan Respublkasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açıq elan edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Xocalı soyqırımı və onun ağır nəticələri haqqında danışıb, 44 günlük Vətən müharibəsi və anti-terror əməliyyatından sonra Xocalı qatillərinin məsuliyyətə cəlb edildiyini vurğulayıb: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-yə məxsus 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərinə hücum edilmişdir. Şəhər tam mühasirəyə alınmış, dinc əhaliyə qarşı əvvəlcədən planlaşdırılmış və xüsusi qəddarlıqla həyata keçirilmiş kütləvi qətliam törədilmişdir. Rəsmi məlumatlara əsasən 613 nəfər qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olmuşdur; 8 ailə tamamilə məhv edilmişdir, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir, 487 nəfər yaralanmışdır,1275 nəfər əsir götürülmüşdür,150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək naməlum qalır. Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə verilmiş, 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən xüsusi qərar qəbul edilmişdir. Bu qərar faciənin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm addım olmuşdur. Bu gün Azərbaycan dövləti Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Heydər Əliyev Fondunun təşəbbüsü və Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası nəticəsində faciə ilə bağlı həqiqətlər bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatları tərəfindən tanınmış və siyasi qiymətini almışdır. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanılmış, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Bununla da Xocalı qurbanlarının və bütün şəhidlərimizin qanı yerdə qalmamışdır”. Daha sonra “Biz soyqırıma və terrora yox deyirik!” adlı sənədli film nümayiş olunub. Tədbirdə çıxış edən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri jurnalist Şamil Sabiroğlu Xocalı sakinlərinin üzləşdiyi soyqırımın dəhşətlərindən söz açıb, Ayaz Mütəllibov hakimiyyətinin səhlənkarlığından, səriştəsizliyindən bəhs edib. Gəncləri Prezident İlham Əliyevə dəstək verməyə səsləyən Şamil Sabiroğlu, tarixi keçmişimizin öyrənilməsinin gələcəyimiz baxımından həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Ümumdünya Yazıçılar Təşkilatının (WOW) katibi, “Ədəbiyyat və İncəsənət” portalının baş redaktoru, Əməkdar jurnalist Varis Yolçuyev çıxışında xalqımızın yaşadığı faciələrin, eləcə də, imza atdığı qəhrəmanlıqların təbliğində ədəbiyyat və mədəniyyətin mühüm rol oynadığını bildirib. Əməkdar jurnalist qeyd edib ki, ədəbiyyat adamları, yazıçı və tarixçilər bundan sonra da öz təbliğati, maarifləndirici missiyalarını davam etdirməli, tariximizlə bağlı faktların gələcək nəsillərə çatdırılmasında aktiv iştirak etməlidirlər. Bəhruz Sultanov adına 34 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova yeniyetmə və gənclərin milli tarixlərinə bələd olmasının vacibliyindən danışıb. O, qeyd edib ki, məhz tarixi dərindən bilmək, xalqın keçmişinə bələd olmaq gələcək nəsilləri yeni bəlalardan və təhlükələrdən hifz edə bilər. “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin  üzvü, soyqırımın şahidi Hüseynağa Quliyev şahidi olduğu erməni vəhşiliklərindən danışıb. Ermənilərin dinc insanları ən qorxunc işgəncələrlə qətlə yetirdiyini bildirən soyqırım şahidi, bütün bu həqiqətlərin bütün dünyaya yayılmasının vacibliyini qeyd edib. Ehtiyatda olan mayor, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin iştirakçısı qazi Muxtar Həşimov erməni vəhşiliyindən bəhs etməklə yanaşı, ermənilər tərəfindən Xocalıda qətlə yetrilən şəxslərin sayının 613 deyil, daha çox olduğunu bildirib, bu rəqəmin yenidən dəqiqləşdirilməsinin vacib olduğuna diqqət çəkib. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Tələbə Gənclər Təşkilatının sədri Məleykə Məmmədrzayeva Xocalı soyqırımının heç zaman unudulmayacağını, xalqımızın yaddaşında hər zaman yaşayacağını vurğulayıb. Konfransın sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV

Hamısını oxu
İlham Əliyev və birinci xanım işğaldan azad edilmiş rayonlarda

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına start verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva layihənin icrasının gedişi ilə tanış oldular. Prezident İlham Əliyev dedi: - Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür. Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir. Bu gün artıq biz quruculuq işlərinə başlamışıq. Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq bu yerdən – Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkilir. Bu yol çox rahat və geniş olacaq. Bu yol imkan verəcək ki, Şuşaya rahat gedib-gələ bilək. İkinci Qarabağ müharibəsi bizim şanlı Qələbəmizdir, işğal edilmiş torpaqlar işğalçılardan azad edilib. Düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır və dəqiq hesablanacaq. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işləri biz planlı şəkildə aparacağıq - ilk növbədə, ziyanın hesablanması, dəqiq uçotun aparılması, ondan sonra bərpa-yenidənqurma işləri. Bildiyiniz kimi, işğal edilmiş və işğaldan azad olunmuş torpaqlarda düşmən bütün infrastrukturu dağıdıbdır. Bizim şəhərlərimiz demək olar ki, yerlə-yeksan edilibdir və bu, düşmənin vəhşiliyini bir daha göstərir. İndi bütün dünya bunu görəcək. Bütün dünya görəcək ki, biz hansı vəhşi düşmənlə üz-üzə qalmışdıq. Hazırda münaqişənin siyasi həlli mərhələsidir. Bu mərhələdə də Azərbaycan istədiyinə nail olur və olacaq. Münaqişənin hərbi mərhələsi başa çatıb. Şuşanın azad edilməsi və noyabrın 9-da daha 70-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi münaqişənin hərbi mərhələsinə son qoyub. Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bu günə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır. Amma baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük tarixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaqlarının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq. Bu gün bu gözəl təməlqoyma mərasimi böyük rəmzi məna daşıyır. Biz işğaldan azad edilmiş Füzuli şəhərindən və ona qədər olan kəndlərdən Füzuli şəhərinə qədər və Füzuli şəhərindən Şuşa şəhərinə yeni yol çəkirik. Bu yol heç vaxt olmayıb. Azərbaycan vətəndaşları yəqin bilirlər ki, Şuşaya sovet vaxtında yol Ağdam ərazisindən gedirdi - Ağdam-Xankəndi-Şuşa yolu. İndi bu yoldan istifadə etmək hələ ki, mümkün deyil. Bu gözəl hadisə münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yol işçiləri ilə xatirə şəkli çəkdirdilər. x x x Qeyd edək ki, Füzuli rayonuna gedən yolun ətrafında bir vaxtlar həyata qaynayıb, bu kəndlərdə insanlar firavan və sülh içində yaşayıblar. Ancaq ermənilər tərəfindən torpaqlarımızın işğala məruz qalmasından sonra azərbaycanlılar öz dədə-baba torpaqlarından qovulublar, erməni vandalları tərəfindən evlər yerlə yeksan edilib. Onlar daşı daş üstündə qoymayıblar, azərbaycanlıların tikdiyi evləri vəhşicəsinə dağıdıblar. Bunlar ermənilərin əməllərinin nəticəsidir. Dövlətimizin başçısı və birinci xanım işğaldan azad olunmuş Füzuli şəhərinə gəldilər. Prezident İlham Əliyev Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Müzəffər Ali Baş Komandan qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldırdı. Prezident İlham Əliyev dedi: -Füzuli şəhəri işğalçılardan azad edilib. Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb. Biz Füzuliyə qayıtmışıq. Ancaq indi yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib. Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb. Mənfur düşmən Füzulinin adını da dəyişdirib, bir eybəcər ad qoyubdur. Füzuli bizim dahi, böyük şairimiz Məhəmməd Füzulinin adını daşıyır. Biz bu adı bərpa etmişik. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. Bütün dünya bunu görməlidir və səssiz qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il biganə qalıb. O biganəlik faktiki olaraq erməni işğalını möhkəmləndirirdi. Bizi sanki bu vəziyyətlə barışmağa sövq edirdilər, sülh yolu ilə məsələ həll olunsun, ildən-ilə, 30 il ərzində biz eyni sözləri eşidirdik – münaqişənin hərbi həlli yoxdur, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Amma biz sübut etdik ki, münaqişənin həlli var, o cümlədən hərbi həlli var. Bizim qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına biz bunu bütün dünyaya sübut etmişik, münaqişənin hərbi həlli var və biz buna nail olmuşuq. Əgər bu hərbi həll olmasaydı, düşmən kapitulyasiya aktını imzalamazdı. Müharibənin ilk günlərindən mən deyirdim, Ermənistan rəhbərliyi, Ermənistanın ali baş komandanı, - əgər o adama, ümumiyyətlə, bu adı aid etmək mümkündürsə, - bəyan etməlisiniz, cədvəl verməlisiniz, nə vaxt hansı rayondan çıxırsınız. Ondan sonra biz müharibəni dayandırarıq. Əks-təqdirdə sona qədər gedəcəyik və getdik də. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa və Şuşadan bir gün sonra 70-dən çox kənd azad edildi, bütövlükdə 300-dən çox yaşayış məntəqəsi azad edildi, düşmənin beli qırıldı, düşmən diz çökdü və məcbur oldu noyabrın 10-da o kapitulyasiya aktına imza atdı, məhz bizim gücümüz hesabına. Biz düşməni məcbur etmişik, biz düşmənə yerini göstərmişik, biz Azərbaycan xalqının böyüklüyünü göstərmişik. Otuz il ərzində həm Ermənistan rəhbərliyi, həm onların havadarları, ermənipərəst, azərbaycanafob qüvvələr tərəfindən ortalığa müxtəlif uydurmalar atılırdı ki, bəli, Ermənistanın güclü ordusu var, erməni xalqı döyüşkən xalqdır, Azərbaycan xalqı döyüşə bilmir. Məhv etmişik bu uydurmanı, göstərmişik ki, kim döyüşkən xalqdır, göstərmişik ki, kim müzəffər xalqdır. Sadəcə olaraq, 1990-cı illərin əvvəllərində Azərbaycanın başında duranlar ordu quruculuğuna fikir verməmişdilər, ölkəmizi xaosa, anarxiyaya sürükləmişdilər. O illərdə bizim torpaqlarımız işğal altına düşəndə ovaxtkı hakimiyyət vətəndaş müharibəsi başlamışdı, AXC-Müsavat cütlüyü öz əsgərlərini əsir götürmüşdü, Gəncəni bombalamışdı. Ona görə torpaqlar əldən getdi. İndi bax, Ermənistan əhalisi Azərbaycan əhalisinin yaşadığı illəri - 1992-ci illəri yaşayır. Azərbaycan xalqı o mənfur hakimiyyəti bir ildən sonra yox etdi, süpürüb atdı. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün müsbət meyillər inkişaf etməyə başlamışdır. Bu gün bizim ordumuz dünya miqyasında güclü ordular sırasındadır. Biz bütün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bundan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sahibi kimi. Bu 44 gün ərzində demək olar ki, müntəzəm surətdə müxtəlif mənbələrdən, müxtəlif ünvanlardan müxtəlif təzyiqlər, təhdidlər olurdu, sifarişlər, mesajlar, siqnallar göndərilirdi. Mən demişdim ki, heç kim bizim qabağımızda dura bilməz, sona qədər gedəcəyik. Mənfur düşmən şərtlərimizi qəbul etməlidir, dəqiq tarix göstərməlidir və məcbur olub göstərdi də. Ona görə bu günlərdə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları möhtəşəm Qələbəmizi böyük qürur hissi ilə qeyd edir. Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfessiyalı, mütərəqqi Azərbaycan dövləti var. Bütün Azərbaycan vətəndaşları, bütün xalqların, dinlərin nümayəndələri normal yaşayırlar, mehribanlıq, sülh şəraitində yaşayırlar. Erməni xalqı da belə yaşayacaq. Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar. Dağlıq Qarabağın separatçı rəhbərləri qorxaqdırlar. Onların qorxaqlığını orada yaşayan ermənilər görüblər, Ermənistanda yaşayan ermənilər görüblər. Nə qədər adam fərarilik edib. Onların o xunta başçısı bunkerdə gizlənmişdi, burnunu belə bayıra çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?! Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına. Burada, işğaldan azad edilmiş Füzuli şəhərində bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir diləyirəm, onların valideynlərinə təşəkkürümü bildirirəm ki, dövlətimiz üçün, xalqımız üçün belə igidlər yetişdiriblər. Onların xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bütün yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm, əminəm ki, onlar tezliklə normal həyata qayıdacaqlar, onlar daim diqqət mərkəzində olacaqlar. Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! x x x Dövlətimizin başçısı sükan arxasında yolda gedərkən yol kənarına toplaşan insanları gördü və avtomobili saxlayaraq onlarla görüşdü. x x x Cəbrayıla gedərkən avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi: -Cəbrayıl rayonu. Gedirik Xudafərin körpüsünün yanına. Xudafərin körpüsü qabaqdadır. Bu da Azərbaycan vətəndaşlarının vəhşi düşmən tərəfindən dağıdılmış evləridir. Araz çayı, Azərbaycan-İran sərhədi. Dostluq sərhədidir. Yol boyunca düşmənin dağıtdığı kəndləri görərkən bir daha şahidi oluruq ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Bunları gördükcə bir daha adam əmin olur ki, biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz yırtıcı düşməni məhv etmişik. Dünyada bir çox müharibələr olub, bu gün də gedir. Bu gün də bəzi yerlərdə işğal davam edir. Amma inanmıram ki, kimsə bu qədər qəddar, bu qədər qeyri-insani bir düşmənlə üz-üzə qalsın. Bizim tarixi qələbəmiz erməni faşizmi üzərində əldə edilmiş qələbədir. Bizim zəfərimiz haqqın, ədalətin bərpasıdır. Bu gün, noyabrın 16-sı mənim həyatımda xüsusi tarix olaraq qalacaq. Çünki bir neçə dəqiqədən sonra biz qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşacağıq. Bu dağlar artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub. Vəhşi düşmən tərəfindən dağıdılmış evlərin hamısını bərpa edəcəyik. Bu da Xudafərin su anbarıdır. Bizdən aşağıda Araz çayıdır. İndi tunelə giririk. O tərəf qonşu dövlət İran İslam Respublikasıdır. x x x Dövlətimizin başçısı və birinci xanım Xudafərin körpüsünə gəldilər. Bu anlar da tariximizin səhifələrinə qızıl hərflərlə yazılacaq. Prezident İlham Əliyev Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırdı. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilini gəzdilər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdirdilər. Daha sonra dövlətimizin başçısı və birinci xanım Cəbrayıl şəhərinə yola düşdülər. Cəbrayıl şəhərinə gedən yolun ətrafı da eyni vəziyyətdədir. Budur, erməni işğalçılarının çirkin üzü. Bu, erməni vandallarının əsl mahiyyətini ortaya qoyur, onların kimliyini göstərir. Prezident İlham Əliyev: Cəbrayıl şəhərinə giririk. Düşmən burada özü üçün hərbi hissələr yaradıb. Şəhərdə hərbi hissələrdən başqa bir şey yoxdur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də işğaldan azad edilmiş Cəbrayıl şəhərinə gəldilər. Xalqımızın uzun illər həsrətində olduğu anları yaşadıq. Dövlətimizin başçısı, Ali Baş Komandan Cəbrayıl şəhərində də üçrəngli bayrağımızı qaldırdı. Prezident İlham Əliyev: Cəbrayıl şəhəri işğaldan azad edilib, Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bütün Azərbaycan xalqını təbrik edirəm. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Gedək baxaq bəzi binalara. Bura düşmənin polis idarəsi olub. İndi Azərbaycan polisi keşik çəkir. Baxın, mənfur düşmən Cəbrayıl şəhərini nə günə salıb. Bütün dünya bunu görsün. Görsün və bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, bundan sonra burada heç vaxt azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq. Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyublar. Otuz il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək Cəbrayıl şəhərini nə günə salıblar. Bura Cəbrayıl şəhərinin mərkəzidir. Bir dənə də salamat bina yoxdur. Bir dənə də salamat bina qoymayıblar. Yalnız orada özləri üçün hərbi hissə tikiblər. Bütün qalan infrastruktur, evlər, binalar, məktəblər, ictimai binalar - hamısı düşmən tərəfindən sökülüb. Cavab verəcəklər. Beynəlxalq məhkəmələrdə cavab verəcəklər. Mən demişəm, bir daha demək istəyirəm ki, beynəlxalq qurumlar gələcək, ekspertlər gələcək, bütün ziyan hesablanacaq. Otuz il ərzində bizə vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar hesab edirdilər ki, bu dağıntılardan sonra Azərbaycan əhalisi heç vaxt buraya qayıtmayacaq. O məqsədlə buranı dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq. Bax, durmuşuq burada, öz doğma torpağımızda, Cəbrayıl şəhərində. Bütün buraları bərpa edəcəyik. Yeni böyük baş plan tərtib ediləcək. Müvafiq göstərişlər verilib. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək. Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Amma bugünkü tarix heç vaxt silinməyəcək. Erməni vəhşiliyinin canlı şahidləridir, bax, bu dağılmış evlər. Bu evlərdə Azərbaycan vətəndaşları yaşayıb, mülki vətəndaşlar yaşayıb. Mənfur düşmən gəlib onları öz torpaqlarından didərgin salıb, onların binalarını dağıdıb, onların əmlakını mənimsəyib, talayıb. Düşmən oğru, əxlaqsız, vicdansız bir düşməndir. Mən bir daha demək istəyirəm ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrinin mübarizəsidir. Şər qüvvələri məğlub olub, amma biz qalib gəlmişik. Çünki biz qurub yaradanıq. Ermənilər isə bax, bunları ediblər, dağıdıblar. Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb. Heç bir beynəlxalq təşkilat təcavüzkara təzyiq göstərməyib. Heç kim onlardan tələb etməyib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etsin. Sadəcə olaraq, nə hərb, nə sülh, hər şeyi dondurulmuş vəziyyətdə saxlamaq, işğalı əbədiləşdirmək, bizim tarixi torpaqlarımızın tarixi irsini silmək, torpaqlarımızı erməniləşdirmək, şəhərlərimizə, kəndlərimizə eybəcər erməni adları vermək və bu məsələni Azərbaycan xalqının yaddaşından silmək idi onların məqsədi. Amma səhv etdilər. Dəfələrlə demişəm ki, biz bu işğalla heç vaxt barışmayacağıq. Hər bir cəbrayıllı bir arzu ilə yaşayırdı ki, öz dədə-baba torpağına qayıtsın. Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!   xxx Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Publika.az xəbər verir ki, səfərdən qısa video yayılsa da, daha geniş məlumat sabah ictimaiyyətə təqdim olunacaq.                

Hamısını oxu
AZƏRBAYCAN: “YAŞIL GƏLƏCƏYƏ” TARİXİ DÖNÜŞ

Bəşəriyyətin mövcudluğunun ən böyük problemlərindən biri yanacaq ehtiyatlarının (neft, qaz, kömür, odun) yandırılması ilə əlaqədar olan iqlim dəyişikliyidir. Bu ehtiyatlar yandırıldıqda ayrılan karbon oksid (karbon qazı) istixana effekti adlanan effekt yaradır və Yer səthinin temperaturunu artırır. Nəzəri cəhətdən bu məsələnin həlli çox sadədir: bəşəriyyət günəşin, küləyin və çayların axar sularının enerjisindən istifadəyə keçməlidir. Çətinlik ondan ibarətdir ki, qlobal enerjinin demək olar ki, 80%-i yanan resursların istifadəsinə əsaslanır. Bu problemi həll etmək üçün 1995-ci ildən hər il BMT-nin İqlim Konfransı (COP) keçirilir. Builki konfrans (COP-29) Bakıda keçiriləcək. İlk dəfədir ki, türk dövlətində belə genişmiqyaslı konfrans keçiriləcək. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu, harmonik siyasəti və yüksək beynəlxalq nüfuzu sayəsində mümkün olmuşdur. COP-29 dünyanın ən nüfuzlu tədbirlərindən biri olacaq. COP sammitlərinə dünyanın əksər ölkələrinin liderləri toplaşırlar. Azərbaycana on minlərlə siyasətçi, alim və ictimai xadimin gələcəyi gözlənilir. İlkin məlumatlara görə, bu müddət ərzində Azərbaycanda təxminən 70-80 min xarici qonaq olacaq.  İki həftə ərzində Bakı, sözün həqiqi mənasında dünyanın mərkəzinə çevriləcək. COP-29-un Bakıda keçirilməsi Azərbaycanın dünya miqyasında nüfuzunu daha da artıracaq, ölkəmiz qlobal problemlərin həllində öz əhəmiyyətini bəyan etmək imkanı qazanacaq. Azərbaycan rəhbərliyi və ölkəmizin ictimaiyyəti bu tədbirə xüsusi əhəmiyyət verir. Bunu qeyd etmək kifayətdir ki, 2024-cü il Azərbaycan Respublikasında Yaşıl dünya naminə Həmrəylik İli elan edilmişdir. 35 il əvvəl təsəvvür etmək belə çətin idi ki, vaxt gələcək, dünya ölkələrinin dövlət başçılarının iqlim dəyişikliyinə həsr olunmuş ən mühüm qlobal forumu Azərbaycanda keçiriləcək. O vaxt respublika salamat qalmaq, müstəqillik, dövlətçiliyi və ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə aparırdı. Azərbaycan tarixində şəxsiyyətin rolu. Tarixə nəzər salsaq, son iki yüz ildə Azərbaycan xalqı çox faciəli günlər yaşayıb. Belə ki, XIX əsrdə ölkəmiz şərti olaraq cənubi və şimali Azərbaycan adlanan iki hissəyə bölünüb, azərbaycanlılar öz ata-baba yurdlarından tədricən köçürülüb və bu münbit ərazilərdə ermənilər kütləvi şəkildə məskunlaşdırılıb. XX əsrdə xalqımıza qarşı soyqırımı siyasəti həyata keçirilib. Nəhayət, bizim zorla cəlb edildiyimiz Qarabağ savaşı. Dahi Səməd Vurğun Azərbaycanın faciəli tarixini aşağıdakı poetik misralarla ifadə etmişdir: ... Böyük bir keçmişin vardır;Bilinməyir yaşın sənin,Nələr çəkmiş başın sənin.Düşdün uğursuz dillərə,Nəhs aylara, nəhs illərə,Nəsillərdən-nəsillərəKeçən bir şöhrətin vardır;Oğlun, qızın bəxtiyardır.. Bu sətirlər təxminən 90 il əvvəl yazılmış möhtəşəm “Azərbaycan” şeirindən bir fraqmentdir. Maraqlıdır ki, Səməd Vurğun Azərbaycanın gələcəyini ölkəni yüksəldəcək, onu sevindirəcək ləyaqətli qız və oğulların yetişməsi ilə əlaqələndirib. Bu, ötən əsrin 90-cı illərində - dağıntı və siyasi xaos illərində baş verdi. O gərgin dövrdə böyük Heydər Əliyev gəlib ölkəyə rəhbərlik etdi və hazırda onun fəaliyyəti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev müasir Azərbaycan siyasətinin əfsanəsidir. Əfsanə olmaq öz xalqının mənafeyi, ölkəsinin rifahı və gələcəyi naminə çalışdığını sübut etmək deməkdir. Hər kəs əfsanəyə çevrilə bilməz. Əlbəttə, çox şey insanın dünyagörüşündən və qətiyyətindən, iradəsindən asılıdır, lakin taleyin qisməti və hadisələrin təsadüfi gedişatı da az əhəmiyyət kəsb etmir. Bir sıra intellektual və mənəvi keyfiyyətləri ilə seçilən Heydər Əliyev keçmiş Sovet İttifaqının rəhbərlərindən nəzərəçarpacaq dərəcədə fərqlənirdi. O, məhz səriştəsi, məsuliyyəti və yüksək insani keyfiyyətləri sayəsində həm Azərbaycan xalqının, həm də keçmiş Sovet İttifaqının digər xalqlarının yaddaşında silinməz izlər qoyub. Heydər Əliyev nikbin həyat mövqeyi, yüksək humanist idealları, ictimai hadisələrə qərəzsiz qiymət verməsi ilə seçilirdi. Onun fəaliyyəti müxtəlif faktların hərtərəfli təhlilinə və siyasi reallığı dərindən dərk etməyə əsaslanırdı. O, seçdiyi yolun düzgün olmasına əmin idi və bu əminlik cəmiyyətin geniş təbəqələrinə də sirayət edirdi. Heydər Əliyevin təfəkkür tərzinin kreativlik, gələcəyə istiqamətlənmək kimi səciyyəvi xüsusiyyətləri əsasən məqsədyönlü tərbiyə və çoxşaxəli təhsil sayəsində formalaşmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan cəmiyyətinə məhz Heydər Əliyevin bu keyfiyyətləri lazım idi ki, o vaxt Azərbaycanın ictimai şüurunda hökmranlıq edən “Qarabağ sindromu”nu onun rəhbərliyi aradan qaldırmaq olsun. Bu sindrom nəhayət 2020-ci ildə İlham Əliyevin komandanlığı ilə Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində misilsiz qələbəsi sayəsində aradan qalxdı. Heydər Əliyev erməni millətçiliyinin tarixini yaxşı bilirdi. O, başa düşürdü ki, istər əvvəlki, istərsə də indiki erməni faşistlərinin bir əsas məqsədi var: türk dünyasını parçalayıb məhv etmək. İndi də Ermənistan “türk dünyasının birləşmə təhlükəsi” səbəbindən Zəngəzur kommunikasiya dəhlizinin yaradılmasının əleyhinədir. Erməni ideoloqları bütün bunları əsla gizlətmirlər. Ermənistanın kütləvi informasiya vasitələrində dərc edilən müxtəlif materiallar buna əyani sübutdur. Heydər Əliyevin 90-cı illərin əvvəllərində Azərbaycanı düşdüyü çıxılmaz ictimai-siyasi və iqtisadi vəziyyətdən çıxarmağa, onun uğurlu, ahəngdar inkişafı strategiyasını müəyyən etməyə necə nail olması bu gün də təəccüb doğurur. Tamamilə aydındır ki, bu, siyasi, iqtisadi və mədəni sahələrdə titanik fəaliyyət sayəsində mümkün olmuşdur.  Qısa müddətdə böyük həcmdə diplomatik iş görüldü. 1994-cü ilin mayında Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında razılıq əldə edildi. BMT Təhlükəsizlik Şurası işğal olunmuş Dağlıq Qarabağın və ona bitişik ərazilərin azad edilməsi ilə bağlı dörd qətnamə qəbul etdi. ATƏT-in Minsk Qrupunun himayəsi altında sülh danışıqları başlandı. Münaqişənin sülh yolu ilə həllini tapmamasının yeganə səbəbi Ermənistan rəhbərliyinin aqressiv xarakteri və Qarabağ separatçılarının status-kvonun saxlanması barədə utopik arzusu olub. Ümummilli lider bu məsələnin hərbi yolla həllinin labüdlüyünü qabaqcadan görürdü, lakin Azərbaycanın hərbi-iqtisadi potensialının əhəmiyyətli dərəcədə gücləndirilməsini tələb edən ovaxtkı vəziyyətin reallığını dərk edirdi.  Bu dövrdə əsas diqqət diplomatik səylərə yönəldilib. 1994-cü ilin sentyabrında Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsinə dair misli görünməmiş beynəlxalq müqavilə olan “Əsrin müqaviləsi”nin bağlanması üçün diplomatik ilkin şərt lazım idi. “Əsrin müqaviləsi”nin həyata keçirilməsi Azərbaycanın sonrakı sosial-iqtisadi tərəqqisinin mümkünlüyünü müəyyən etdi və ikinci Qarabağ müharibəsində qələbə üçün zəruri ilkin şərait yaratdı. İlham Əliyevin qələbəsinin mənası və əhəmiyyəti. 2020-ci ildə Azərbaycan təkcə Qarabağ separatçılarını və erməni qoşunlarını deyil, həm də mifik “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq üçün ilkin şərt kimi əsr yarım ərzində “Artsax” layihəsini bəsləyən dünya erməni birliyini məğlub etdi. Qələbə Azərbaycan Prezidenti İlham Əliyevin hərtərəfli ölçülüb-biçilmiş rəhbərliyi sayəsində mümkün oldu. Bu, şəxsiyyətin tarixdəki xüsusi rolunun sübutu deyilmi!  Məhz İlham Əliyevin aydın və dəqiq mövqeyi, hərtərəfli düşünülmüş, balanslaşdırılmış daxili və xarici siyasəti ölkənin bütün imkanlarını Qələbə üçün səfərbər etməyə imkan verdi. İqtisadiyyatın inkişafı, müasir ordunun yaradılması, vətənpərvərlik tərbiyəsi son 20 ildə Azərbaycanın dövlət strategiyasını müəyyənləşdirən amillərə çevrilib.  Eyni zamanda, Prezident “yumşaq güc”ün formalaşmasına xüsusi diqqət yetirirdi. Erməni diasporunun ruporları tərəfindən dünyada süni şəkildə yaradılmış antiazərbaycan mifi aradan qaldırmaq və Azərbaycanı qlobal kommunikasiya məkanında obyektiv şəkildə təmsil etmək, ölkə, xalq, onun arzuları haqqında həqiqəti əks etdirən məlumatlar yaymaq lazım idi. Bakı, Gəncə, Qəbələ, Şəki çoxsaylı humanitar forumların, müxtəlif beynəlxalq festivalların, irimiqyaslı idman yarışlarının keçirildiyi mərkəzlərə çevrilib. Qarabağ dramı 35 ilə yaxın davam etdi. 90-cı illərin əvvəllərində Qarabağda müharibə ermənilər tərəfindən bütün beynəlxalq normalara rəğmən aparılıb. Erməni faşistlərinin insanlığa qarşı saysız-hesabsız cinayətləri ictimaiyyətə məlum olub.  Azərbaycan ərazisinin beşdə bir hissəsi ermənilər tərəfindən viran edildi. Otuz mindən çox azərbaycanlı - əsasən qadınlar, qocalar və uşaqlar həlak olmuş, bir milyona yaxın insan qaçqın düşmüş, ən elementar yaşayış şəraitindən məhrum olmuşdur. Erməni faşizmi çiçəklənən şəhərlərə, qəsəbələrə, mədəniyyət abidələrinə qənim kəsilmişdi. Hər şey dəhşətli şəkildə məhv edildi və qarət olundu. Ermənilərin azərbaycanlılara qarşı nifrət və kin-küdurət hissinin miqyasına ağlabatan izahat tapmaq mümkün deyil. İlham Əliyevin çıxışlarının birində dediyi kimi, “bu anti-insani, barbar hərəkətləri başa düşmək çox çətindir, xüsusən ona görə ki, ermənilər son vaxtlar bizimlə qonşuluqda yaşayıblar və Azərbaycan reallığına üzvi şəkildə inteqrasiya ediblər”. Azərbaycan xalqı tarixi yetkinliyin sərt sınağından çıxdı. Bu sınaqdan ləyaqətlə və ən az itki ilə çıxmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə bizim bütün mədəni, diplomatik, iqtisadi, hərbi potensialımız səfərbər olundu. Düzgün aparılan informasiya siyasəti, prezidentin mətbuatda görkəmli proqram xarakterli çıxışları, sistemli vətənpərvərlik tərbiyəsi sayəsində hər bir azərbaycanlı başa düşdü ki, bu gün torpağımızda baş verənlər ölüm-dirim mübarizəsi, Vətən müharibəsidir. Qarabağ faciəsi təkcə Azərbaycanın şəhər və kəndlərinin görkəmini deyil, həm də həyatın müxtəlif sahələrinin məzmununu dəyişdi. Bu dəyişikliklər azərbaycanlıların psixologiyasında, təfəkküründə o qədər böyük əks-səda doğurdu ki, mübaliğəsiz demək olar: Azərbaycan xalqı, onun dəyərlər sistemi çox cəhətdən yenidən formalaşıb. “Böyük qayıdış”. Vətən müharibəsində qazanılan parlaq qələbə, eləcə də sonradan uğurla həyata keçirilən antiterror tədbirləri sayəsində Azərbaycan işğal olunmuş torpaqlarını azad edərək, öz suverenliyini tamamilə bərpa etdi. Bu, Azərbaycan cəmiyyətinin qarşısında geniş miqyaslı vəzifə qoydu - işğaldan azad edilmiş ərazilərdə erməni vandallar tərəfindən dağıdılmış obyektlərin tam bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün əlverişli şərait yaradılması. Azərbaycan elə bir ölkədir ki, burada həm dövlət, həm də xalq ümumi məqsədləri müəyyən edir və həyata keçirir. Qarabağın işğaldan azad edilməsi, qarabağlıların öz doğma torpaqlarına qayıtması - bunlar həm Azərbaycan xalqının, həm də Azərbaycan rəhbərliyinin son 30 ildəki arzularıdır. Ərazilər erməni işğalından azad ediləndən sonra ölkə hakimiyyətinin bu son dərəcə çətin, lakin şərəfli missiyanı öz üzərinə götürəcəyinə heç kim şübhə etmirdi. Amma heç kim bu prosesin bu qədər geniş miqyasda, bu qədər tez və çox yüksək texnoloji səviyyədə baş verəcəyini gözləmirdi. Belə ki, işğaldan azad edilmiş şəhər və kəndlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası sürətlə həyata keçirilir, aqrar-sənaye klasterləri formalaşdırılır, Qarabağ bölgəsini və Şərqi Zəngəzuru “yaşıl enerji” zonalarına çevirmək nəzərdə tutulur. Təəssüf ki, regionların bərpası və əhalinin qaytarılması proqramının icrası geniş ərazilərin minalardan təmizlənməsi ilə bağlı oldu. Minalarla bağlı hadisələrin dəhşətli statistikası mina təhlükəsi probleminin sadə insanlar üçün nə qədər ciddi olduğunu göstərir. Ermənistan hərbçiləri Qarabağı minalarla ən çox çirklənmiş ərazilərdən birinə çeviriblər. İşğal zamanı erməni barbarları bu heyrətamiz gözəl yerlərə 1,5 milyondan çox mina qoyublar. Buna görə də müasir texnologiyalardan istifadə etməklə minatəmizləmə işləri prioritet məsələyə çevrilib. Mina təhlükəsinə baxmayaraq, azad edilmiş ərazilərin bərpasına demək olar ki, dərhal başlanılıb. İlk növbədə diqqət kommunikasiya strukturlarının yenidən qurulması və genişləndirilməsinə yönəldilib: yollar, körpülər, tunellər, hava limanları, elektrik şəbəkələri, kommunikasiya sistemləri... 2030-cu ilə qədər olan dövrdə Azərbaycanın İnkişaf Konsepsiyasına ayrıca bənd kimi daxil edilmiş “Böyük qayıdış” layihəsinin icrasına operativ şəkildə başlandı. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin dirçəldilməsi ilə bağlı layihələr Azərbaycan dövlətinin iqtisadi siyasətində mərkəzi yerləri tutur. Bu gün Qarabağın və Şərqi Zəngəzurun bütün guşələrində genişmiqyaslı işlər davam etdirilir. Müxtəlif sənaye sahələrinin, aqrar komplekslərinin, təhsil və mədəniyyət ocaqlarının təməli qoyulur. Bu regionların sosial-iqtisadi inkişafı, insanların məşğulluğunun təmin edilməsi, onların fiziki və psixoloji sağlamlığının yaxşılaşdırılması ölkə rəhbərliyinin fəaliyyətinin prioritet istiqamətlərindəndir. Bütün bunlar, şübhəsiz ki, vətəndaşların rahat, keyfiyyətli yaşaması üçün şərait yaradacaqdır. Keçmiş qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına böyük qayıdışı, digər məsələlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi sferasına inteqrasiyasında mühüm amilə çevrilir. Səbr, ədalətin zəfər çalacağına sarsılmaz inam, siyasi iradə sayəsində Azərbaycan xalqı öz Prezidentinin rəhbərliyi ilə bütün dünyaya sübut edə bildi ki, onu sındırmaq olmaz. Respublika Prezidenti İlham Əliyev müharibədən sonra Qarabağda görülən işləri belə dəyərləndirib: “Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir”. “Böyük Qayıdış” proqramının miqyası və onun fəal həyata keçirilməsi insanları ruhlandırır, onlarda qürur və vətənpərvərlik hisslərini artırır. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq tədbirləri və bərpa işləri Azərbaycanın dövlət siyasətinin humanist və mənəvi-əxlaqi əsaslarının cəmiyyət tərəfindən tələb olunduğundan xəbər verir. İlham Əliyevin müharibədən əvvəl, hərbi əməliyyatlar zamanı və müharibədən sonra müxtəlif sahələrdə - iqtisadi, siyasi, diplomatik, informasiya sahəsində aktiv çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının belə düşünməsinə əsas verir: Prezident İlham Əliyev layiqli övlad və atasının layiqli siyasi varisidir. Bu, Azərbaycan üçün böyük xoşbəxtlikdir. Cəlil Xəlilov, Polkovnik, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini  

Hamısını oxu
Daşkənddə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimi olub

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzindəki mərasimdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib. Mədəniyyət və ədəbiyyat günlərinə Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirlikləri, hər iki ölkənin Yazıçılar birlikləri, Azərbaycanın Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əbu Reyhan Biruni adına Özbəkistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Özbəkistan Dövlət Konservatoriyası dəstək göstərir.   Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mərasim iştirakçılarını salamlayaraq bildirib ki, dünya ədəbiyyatı tarixinə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Zahirəddin Babur, Əlişir Nəvai və başqa məşhur şairlər verən Azərbaycan və Özbəkistan öz qədim tarixi və mədəniyyəti ilə məşhurdur. O deyib ki, yazıçı və şairlərimizlə bərabər dövlət başçılarımızı da dostluq və qardaşlıq münasibətləri birləşdirir. Belə ki, ulu öndər Heydər Əliyevlə Özbəkistanın sabiq rəhbərləri Şərəf Rəşidov və İslam Kərimovun, Azərbaycanın və Özbəkistanın hazırkı dövlət başçıları İlham Əliyevlə Şavkat Mirziyoyevin dostluğu bir örnəkdir.   S.Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı ölkəmizdə “Nizami Gəncəvi ili” elan edildiyini və Özbəkistanda da böyük özbək şairi Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması ilə bağlı prezident Şavkat Mirziyoyev tərəfindən Sərəncam imzalandığını iştirakçıların diqqətinə çatdırdı. Diplomat Nizami Gəncəvi və Əlişir Nəvainin xalqlarımızın fəxri olduğunu və onların yaradıcılığının Türk dünyası poeziyasının zirvəsi olduğunu qeyd edərək, hər iki mütəfəkkirin dünya ədəbiyyatına verdiyi töhfələrdən və “Xəmsə”çilik fəaliyyəti barədə fikirlərini bölüşüb.   Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru Baxrom Abduhalimov Azərbaycanla Özbəkistan arasında elm, ədəbiyyat, əlyazmalar sahəsində əməkdaşlıqdan danışıb, Azərbaycan və Özbəkistanın klassik şairlərinin əsərlərinin çap olunması istiqamətində görülən işləri təqdir edib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvinin Özbəkistanda ilk dəfə olaraq çap olunan “Xəmsə”nin ölkənin mədəni həyatında əlamətdar hadisə adlandırıb, digər Azərbaycan klassik şairlərinin əsərlərinin çapının tədqiqatçılar üçün əhəmiyyətinə toxunub.   Azərbaycan Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərinə nəzər salaraq onların ədəbiyyatımıza gətirdiyi yeniliklər, poeziyamızın zənginləşməsində xidmətlərindən danışıb. Akademik vurğulayıb ki,  Nizaminin “Xəmsə”si olmasaydı, təbii ki, Əlişir Nəvainin də “Xəmsə”si olmayacaqdı. Əl-Fərabi də, Nizami Gəncəvi də, Əlişir Nəvai də türkdür. Əl Fərabi “Xəmsə”ni ərəbcə, Nizami Gəncəvi farsca, Əlişir Nəvai isə türkcə yazıb. Belə müqayisələri çox çəkmək olar deyə Nizami Cəfərov qeyd edib.   Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, belə tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin dərinləşməsinə təkan verdiyini qeyd edib. Nazirlik rəsmisi  Nizami Gəncəvi və Əlişir Nəvai kimi şairlərin Türk dünyasının sərvəti olduğunu və zaman-zaman şairlər, ədiblər, bəstəkarlar bu mütəfəkkirlərin əsərlərindən qidalanaraq yeni-yeni sənət əsərləri yaratdqlarını söyləyib. Azərbaycan Yazıçılar Birliyinin məsləhətçisi, yazıçı-tədqiqatçı Sayman Aruz Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərini müqayisə edib. “Şeyx Nizamini Azərbaycan dövlətinin əsas manifestidir adlandırsaq yanılmarıq. Biz bu gün öz mədəniyyətimizlə, ədəbiyyatımızla fəxr edirik və Nizami Gəncəvi də bu mədəniyyətin əsas nəzəriyyəçisidir-deyib S.Aruz.  Özbəkistan Dövlət Mədəniyyət və Sənət Universitetinin rektoru, professor İbrahim Yuldaşev, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənddəki Nəvai adına Milli Kitabxananın direktoru Umida Keşabayeva və başqaları Nizami Gəncəvi və Əlişir Nəvainin dünya ədəbiyyatı tarixindəki yeri və mövqeyi haqqında danışıblar, bu şairlərin ayrı-ayrı əsərlərini təhlil ediblər.   Tədbir çərçivəsində Özbəkistanın ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvaiyə həsr olunmuş şeir kompozisiyası səsləndirilib.   Daha sonra Özbəkistanın “Soqdiana” Xalq Çalğı Alətləri Ansamblının iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvainin əsərləri əsasında hazırlanan konsert proqramı təqdim olunub. Konsertin bədii rəhbər Özbəkistanın Əməkdar Artisti, professor Firuza Abduraxmanova, dirijor Qahraman Bazarov və ifaçılar Moxiçöhrə Şomuradova, Səncər Kodırov və Qosımcan Nazarov  olduğu proqramda Üzeyir Hacıbəyovun “Nizami: Sevgili canan”, “Sənsiz”,   “Ey səba”, “Naz nazı”, “Sarı gəlin” və Nizami simfoniyası ifa edilib. İfa tamaşaçıların alqışları ilə qarşılanıb.  

Hamısını oxu