Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Şəhid və qazilərimiz üçün “YAŞAT”: Prezidentdən mühüm addım

Vətən müharibəsi zəfərlə başa çatdı. Azərbaycan 30 illik işğala qəhrəmanlıq salnaməsi yazaraq son qoydu.

Bu zəfər Azərbaycan əsgərinin qanı, canı bahası ilə yazdığı tarixdir: 2783 hərbi qulluqçumuz şəhid olub, 103 hərbi qulluqçumuzun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər aparılır, 100-dən çox hərbi qulluqçumuz itkin düşüb, 1245 hərbi qulluqçumuz tibb müəssisələrində müalicə alır.

Azərbaycan heç vaxt şəhidlərini unutmayacaq, I Qarabağ müharibəsindəki şəhidlərini unutmadığı kimi;
Azərbaycan qazilərini unutmayacaq, I Qarabağ müharibəsindəki qazilərini unutmadığı kimi;


Dövlət şəhidin də, qazinin də hər zaman yanındadır. İndiyə qədər şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, rifahının yüksəldilməsi, ən xırdasından tutmuş böyüyünə qədər bütün problemlərinin həlli dövlət siyasətinin əsas istiqaməti olub.

Mənzil və avtomobillə təmin edilməsi;
Sosial müavinətin verilməsi;
Məşğulluqla təmin olunması;
Dövlət hesabına müalicəsi və s;


Bu siyahını uzatmaq da olar. Azərbaycanda şəhid ailələri, qazilər, müharibə veteranları və dövlət bu kateqoriyadan olan şəxslərə dövlət dəstəyi heç vaxt əskik olmayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Prezidentin aylıq təqaüdü və digər sosial ödənişlərlə (pensiya, müavinət) təmin edilməklə yanaşı, həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən bir çox sosial proqramlar da həyata keçirilir:

1. Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir;
2. Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir;
3. Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);
4. Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;
5. Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;
6. Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;
7. Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;
8. Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;
9. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;
10. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;
11. Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər nəzərdə tutulub;


Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dən çox avtomobil verilibdir. Bu proqram hazırda uğurla davam etdirilir.

Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.

Dövlət bu şəxslərin təminatı üçün ən yüksək səviyyədə addımlar atır. Bununla yanaşı, cəmiyyət olaraq, hər kəs ərazi bütövlüyümüz uğrunda döyüşən, şəhid və qazi olanlara əllərindən gələni edir. Azərbaycan xalqı xeyirxahlıq, humanizm prinsiplərinə uyğun olaraq təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır.

Bu reallığı nəzərə alaraq, şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bunun üçün müvafiq platformanın yaradılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərman imzalayıb.

YAŞAT Fondu kimlərə yardım göstərəcək?

- Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə;
- işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət qurumlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə;


Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun fəaliyyətində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası yaradılır. Fondun vəsaitləri şəhid ailəsi status alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldiləcək.

Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür.

Belə bir addımın atılması cəmiyyətdə həmrəylik prinsipinin daha da güclənməsi baxımından da önəmlidir.

Asif Nərimanlı

2020-12-09 00:00:00
4062 baxış

Digər xəbərlər

“Rusiyada soydaşımızın ölümünə səbəb olan polis əməkdaşı haqqında ədalətli qərarın çıxarılması vacibdir”

Cəlil Xəlilov: “Vətəndaşa qarşı heç bir əsas olmadan silah tətbiq edən şəxsin həbsdən azad edilməsi hüquqi və məntiqi baxımdan anlaşılmazdır”   Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Novosibirsk vilayətində qayda pozduğu iddia edilən Vəkil Abdullayevi ölümcül yaralayan yol müfəttişinin həbsdən azad edilməsinə nail olub. Qeyd edək ki, yol polisinin atəş açması nəticəsində yaralanan V.Abdullayev xəstəxanada vəfat edib.   Soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının azadlığa buraxılması  həm Rusiyadakı soydaşlarımız, həm də Azərbaycan ictimaiyyəti arasında ciddi narazılığına səbəb olub.   Bununla bağlı saytımıza açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov soydaşımızın ölümünə səbəb olan polis əməkdaşının ədalətli şəkildə cəzalandırılmasının vacib olduğunu bildirib:   “Təbii ki, Rusiyada yol polisinin soydaşımıza odlu silahdan atəş açması və daha sonra  İstintaq Komitəsinin tələbi ilə həbsdən azad edilməsi təəssüfedici haldır və ictimaiyyətdə haqlı narazılıq doğurmaqdadır. Silahsız vətəndaşa qarşı polis əməkdaşı tərəfindən silah tətbiqinin özü ciddi qanun pozuntusudur və dünyanın bütün ölkələrində hüquq-mühafizə orqanı əməkdaşları üçün məsuliyyət doğuran hal sayılır. Belə bir əmələ yol verən yol polisinin daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri tərəfəndən həbsdən azad edilməsi isə məntiqi və hüquqi baxımdan anlaşılmazdır.   Rusiya Azərbaycanın şimal qonşusudur və onunla ölkəmiz arasında sıx dostluq münasibətləri, strateji əməkdaşlıq mövcuddur. Bizim Rusiyada milyonlarla soydaşımız yaşayır. Rusiya ilə Azərbaycan arasında geniş iqtisadi-ticari, mədəni-siyasi əlaqələr mövcuddur. Bu gün Rusiya hərbçiləri Qarabağda sülhyaratma missiyasında yaxından iştirak edir. Dövlətimizin hər zaman Rusiya ilə dostluğa və əməkdaşlığa xüsusi diqqət yetirib və bu gün də yetirməkdədir. Belə olan halda soydaşımıza heç bir zərurət olmadığı halda odlu  silahdan atəş açan yol polisi əməkdaşının həbsdən azad edilməsi soydaşlarımız arasında Rusiya hüquq-mühafizə orqanlarının ədalətinə inamsızlıq yaradır ki, bu da hər şeydən öncə Rusiyanın özü üçün arzuedilməzdir. Rusiyanın əlaqədar güc orqanları məlum hadisəni obyektiv şəkildə araşdırmalı, soyadaşımızın ölümünə səbəb olan polis əməkdaşına ədalətli cəza verməklə bu ölkədə milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquqlarının qanunla qorunduğunu əməi şəkildə sübut etməlidir.   Onu da qeyd edək ki, Respublika Veteranlar Təşkilatı olaraq İkinci Dünya Müharibəsi iştirakçısı olan 25-ə qədər veteranımız adından Rusiya Federasiyasının prezidentinə, o cümlədən bu ölkənin hüquq-mühafizə orqanlarına müraciət etmişik. Ümid edirəm ki, bizim müraciətimizə həssaslıqla yanaşılacaq və soydaşımızın ölümünə səbəb olan yol polisi əməkdaşı haqqında ədalətli qərar çıxarılacaq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.

22 iyun 2018-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100  illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. İkinci dünya, Qarabağ, Əfqanıstan müharibəsi, əmək və Silahlı Qüvvələr veteranları, gənclərin, ziyalıların, ictimaiyyətin və medianın nümayəndələri iştirak etdiyi tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov açaraq demişdir: “Bu gün biz burada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyini qeyd etmək üçün toplaşmışıq. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə müntəzəm hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradılmışdır. Bu qərar Şərqdə ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Silahlı Qüvvələrin 100 illiyi münasibətlə bütün tədbir iştirakçılarını təbrik edir, hazırda bölgənin ən güclü ordusu olan Azərbaycan ordusuna yeni qələbələr arzulayıram. Bu gün səngərlərdə, eləcə də digər sahələrdə Vətənin müdafiəsində sayıq dayanan əsgər və zaitlərimizə möhkəm cansağlığı arzulayıram. Sonra söz Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilova verilmişdir. C.Xəlilov demişdir: “İcazə verin çıxışa başlamazdan əvvəl bütün tədbir iştirakçılarını şanlı yubiley - Silahlı Qüvvələrimizin 100 illiyi münasibəti ilə təbrik edim. Bu hər bir azərbaycanlının, hər bir vətəndaşın, o cümlədən, əziz veteranlar Sizlərin bayramıdır. Azərbaycan Silahlı Qüvvələrinin tarixi həqiqətən də qururvericidir. Bu tarixin bəzi məqamlarını qeyd etmək istərdim. Çünki bu barədə digər çıxışlarda daha geniş məlumatlar çatdırılacaqdır. 1918-ci il noyabr ayının 1-də Hərbi Nazirlik təsis edildiyi günlər Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmək üçün qanlı döyüşlər aparırıdı. Azərbaycan və türk əsgər və zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı azad olundu. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Azərbaycan Milli Ordusu Qarabağda ermənilərlə döyüşdə böyük uğurlar qazandı. Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştə göstərdi. O dövrdə Azərbaycanın Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Həbib bəy Səlimov kimi istedadlı generalları var idi. Ancaq 1920-ci ilin aprel işğalı Azərbaycanın milli ordusunun tam formalaşdırılmasına imkan vermədi. Ordu rəhbərlərinin əksəriyyəti güllələndi. Azərbaycan oğulları nəyə qadir olduqlarını İkinci dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə də əzmlə nümayiş etdirdilər. Cəbhəyə yola salınan 700 min azərbaycanlı mərdliklə vuruşaraq, həyatları bahasına bəşəriyyəti faşizm taunundan xilas etdilər. Onlardan təqribən yarısı bu yolda həlak oldular. 124 həmvətənimiz ən yüksək fəxri ada – Sovet İttifaqı Qəhrəmanı adına, 10 minlərləsi orden, medallara layiq görüldülər. Həzi Aslanovun, İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Ziya Bünyadovun və onlarla başqa azərbaycanlının adları İkinci dünya müharibənin tarixinə qızıl hərflərlə yazılıb. Sovet hakimiyyəti illərində milli zabit kadrlarımızın yetişdirilməsinin əhəmiyyətini yaxşı başa düşən ümummilli lider Heydər Əliyev 1972-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkilinə nail oldu. Ulu öndər azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. O dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin dövlət müstəqilliyinn bərpasından sonra Silahlı Qüvvələrin formalaşmasında müstəsna rolu oldu. Bu məktəblərin yetirmələri Qarabağ müharibəsində mərdliklə vuruşdular. Azərbaycanda müasir Ordu quruculuğuna bir də yalnız 1993-cü ildə ulu öndərin yenidən hakimiyyətə qayıtması ilə başlanmışdır. Bu dövrdən etibarən ölkədəki silahlı birləşmələr dövlətin tam nəzarətinə keçmiş, Silahlı Qüvvələrin təşkili istiqamətində mühüm addımlar atılmışdır. Məruzəçi daha sonra bu gün ölkədə aparılan ordu quruculuğu prosesindən bəhs etmişdir: “Hazırda ordu quruculuğu prosesi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. İndi müasir ordumuz düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2 il əvvəl aprelin 2-dən 5-dək cəbhə xəttində baş verənlər Ordumuzun gücünü və döyüş əzmini aydın göstərdi. İşğalçıya, onun havadarlarına Azərbaycan əsgərinin gücü, qələbə əzmi nümayiş etdirildi. Möhtərəm prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında bu gün ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyi gün də uzaqda deyil. Biz veteranlar buna inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”. Tədbirdə Prezi­dent Adminstrasiyası İctimai-siyasi şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor cənab Rasim Əliyev, hörmətli generallarımız, RVT Rəyasət Heyətinin üzvləri Abasəli Novruzov, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitunun şöbə müdiri, filologiya elmlər doktoru professor Bədirxan Əhmədov, RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik, tarix üzrə fəlsəfə doktoru Lətif Babayev və başqaları çıxış edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrin keçdiyi şərəfli tarixi yol və ölkədə bu gün inamla aparılan ordu quruculuğundan danışmış, diqqəti Azərbaycan əsgərinin qəhrəmanlığına, gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə yönəltmişlər. Silahlı Qüvvələrin Həzi Aslanov adına mahnı və rəqs ansanblının kollektivinin ifasi ilə tədbir davam etdirildi. Sonda xatirə şəkili çəkdirildi.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Qubada veteranlarla görüş keçirib

Ruslan Bədirov Quba Rayon Veteranlar Təşkilatına sədr seçilib Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov 18 mart 2026-cı il tarixində Qubada veteranlarla görüş keçirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Quba Rayon Şöbəsində baş tutan görüşdə çıxış edən polkovnik Cəlil Xəlilov, veteranların Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsindəki tarixi xidmətlərinə diqqət çəkib, şəhidlərimizin, eləcə də veteranların qəhrəmanlığının heç zaman unudulmayacağını vurğulayıb. Veteranları maraqlandıran suallara cavab verən polkovnik Cəlil Xəlilov, müharibə dönəmində olduğu kimi, sülh dövründə də hamının, eləcə də veteranların dövlətimizin, onun başçısının ətrafında sıx birləşməsinin vacib olduğunu vurğulayıb. Görüşdə çıxış edən SHXÇDX-nin Quba Rayon Şöbəsinin rəisi polkovnik Yasin Aşurov torpaqlarımızın erməni işğalından azad edilməsində şəhidlərin və veteranların sərgilədiyi fədakarlığı yüksək qiymətləndirib, 8 Noyabr zəfərinin xalqımızın qəhrəmanlıq tarixində müstəsna yer tutduğunu vurğulayıb. Polkovnik qeyd edib ki, şəhid ailələrinə və veteranlara göstərilən diqqət və qayğı Azərbaycan dövlətinin vətən müdafiəçilərinə olan sevgi və ehtiramının göstəricisidir. Tədbirin sonunda 44 günlük Vətən müharibəsi iştirakçısı Ruslan Bədirov yekdilliklə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Quba Rayon Təşkilatının sədri seçilib. Polkovnik Cəlil Xəlilov Ruslan Bədirova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.  Seymur ƏLİYEV  

Hamısını oxu
Tovuz döyüşlərində beş qəlpə yarası alan qazimizlə VİDEOMÜSAHİBƏ

“Sağ olsun dövlətimiz, mənim yoxluğumda valideynlərimə arxa-dayaq çıxıb”.   Bunu qazi Nurlan Quliyev Baku TV-yə müsahibəsində qeyd edib.  Azərbaycan dövləti daim əsgərinin yanındadır. Ötən ay Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxibat zamanı ağır yaralanan əsgər Nurlan Quliyev də istisna deyil.    O, Tovuzun Ağdam kəndi istiqamətində gedən döyüşlərdə yaralansa da, həkimlərimizin səyi nəticəsində yenidən sağlamlığına qovuşub.  N.Quliyevin müalicə aldığı müddətdə ailəsinə baş çəkən rəsmilər evlərinin əsaslı təmirə ehtiyac olduğunu görüb.

Hamısını oxu