Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

General-polkovnik Tofiq Ağahüseynov: Azərbaycan Ordusunun cəbhədəki uğurları hər birimizə qürur və sevinc hissi yaşadır

Prezident İlham Əliyev ötən gün müzəffər Azərbaycan Ordusunun bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi ilə bağlı xoş müjdəsi münasibətilə xalqımızı təbrik edirəm. Dövlətimizin başçısı, Ali Baş Komandanımız İlham Əliyevin qeyd etdiyi kimi, Hadrut qəsəbəsinin və Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracalı, Əfəndilər, Süleymanlı, Sur kəndlərinin işğaldan azad olunması tarixi qələbəmizdir. Bu fikri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov AZƏRTAC-a açıqlamasında deyib. T.Ağahüseynov qeyd edib ki, Azərbaycan Ordusunun cəbhədəki uğurları əsgərlərimizin göstərdiyi döyüş şücaəti, qətiyyəti, məğrurluğu hər birimizə sevinc hissi yaşadır. Hazırda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün güclü maddi-texniki baza və müasir silah-sursatla təmin olunan ordumuz məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin iradəsi və qayğısı sayəsində formalaşıb. İndi biz ordumuzda vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin şahidi oluruq. Azərbaycan əsgərinin ən güclü silahı onun vətənpərvərliyidir. Əsgərlərimizin hərbi-vətənpərvərlik ruhu sarsılmazdır. Bu, hər kəsdə ruh yüksəkliyi, orduya inam yaradır. Ümumiyyətlə, cəbhədəki qələbələr Azərbaycan Ordusunun, Prezident, Ali Baş Komandan İlham Əliyevin və xalqımızın böyük nailiyyətidir. Tofiq Ağahüseynov bildirib ki, artıq humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlərin, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub. Beynəlxalq qaydalar əsasən hər müharibədə cəsəd və əsirlərin dəyişdirilməsi üçün humanitar atəşkəs qəbul edilir. “Azərbaycanın mövqeyi bəllidir. Xalqımızın dövlətimizə və Prezidentimizə güvəni tamdır. Oktyabrın 9-da Prezidentimiz Xarici İşlər nazirlərinin Moskvadakı görüşü ərəfəsində növbəti tarixi çıxışını edərək xalqımıza hər şeyi açıq şəkildə bəyan etdi: Biz bu torpaqlara qayıdacaq və ərazi bütövlüyümüzü bərpa edəcəyik. Veteranlarımızın və cəbhədə hərbçilərimizin əhval-ruhiyyəsi yüksəkdir. Tarixi zəfərlərlə dolu bu xalqa yalnız və yalnız Qələbə yaraşır. Qələbə bizimlədir. Mən əminəm ki, bütün ərazilərimiz işğaldan azad olunacaq”, - deyə general-polkovnik T.Ağahüseynov vurğulayıb.

2020-12-09 00:00:00
407 baxış

Digər xəbərlər

Masallıda Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları ilə görüş olub

Masallı Rayon Ağsaqqallar Klubunda rayon icra hakimiyyəti, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon şöbəsi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Birinci Qarabağ və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib. Azərtac-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev Birinci Qarabağ və Vətən müharibəsi iştirakçılarına, düşmənlə müharibədə öz sağlamlıqlarını itirmiş qazilərə göstərdikləri şücaətə görə minnətdarlığını ifadə edərək onların, o cümlədən şəhid ailələrinin daim dövlətimizin başçısının diqqət mərkəzində olduğunu söyləyib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Masallı rayon təşkilatının sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Şiriyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Masallı rayon təşkilatının sədri Nahid Rəhimov çıxışlarında Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallıdan olan döyüşçülərin qəhrəmanlıqlarından danışıblar. Şəhid çavuş Rafael Hüseynovun atası Teymur Hüseynov, Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan Camaləddin Məmmədov, Vətən müharibəsi iştirakçısı Amil Fərəcov və başqaları çıxış edərək ölkəmizdə müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Görüşdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlili Vəli Nurullayevə “Vətən naminə” medalı təqdim edilib.  

Hamısını oxu
Bioloji təbabət haqqında nə bilirik

Mən enerjini günəşdən alıram... İnsan orqanizmində baş verən xəstəliklərə iki cür – fəlsəfi və material yanaşma mövcuddur. Onlardan birincisi akademik təbabət adlanır. Yəni insan orqanizmi bütün dünyada qəbul olunmuş normativlər və proqramlar əsasında öyrənilir; xəstəliklərə səbəb və nəticə kontekstindən yanaşılır; onların etipotegenik potologiyası, yəni səbəbi tapılır; o səbəbin xəstəliyi hansı yollarla yaratması potogenitik istiqamətdə araşdırılır və nəhayət, müvafiq müayinələr təyin edilir. İkinci yanaşma isə müəyyən mənada birinciyə alternativ xarakter daşıyan bioloji təbabətdir. Əvvəllər onun adı homotoksikologiya idi, sonradan sistemli bioloji yanaşma kimi xarakterizə edildi. İndi isə inteqrativ təbabət adlanır. Onun əsas məqsədi xəstəliklərə yanaşma üsullarının bir-birinə inteqrasiyasına nail olmaq, bütövlükdə müalicə aparmaqdır. Bu iki metod arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirmək üçün xəstəliyə yanaşma fəlsəfəsi mövcuddur. Şərq təbabətində, xüsusilə Çində, Tibetdə, Hindistanda, cənub-şərqi Asiyada və yaxın Şərqdə daha çox yayılmış bir metod var: bu metodla insanda müəyyən olunan xəstəliklər orqanizmdən tam şəkildə xaric edilir. Bioloji təbabət də öz qarşısına anoloji məqsəd qoyub: insan orqanizmini təmizləmək, yəni hüceyrələrdə, toxumalarda və orqanlarda yığılmış toksinlərin aradan götürülməsi yolu ilə orqanizmin öz funksiyasını tam şəkildə bərpa etməsinə və yerinə yetirməsinə şərait yaratmaq. Bu ideya ilk dəfə Homotoksikologiya elminin banisi alman alimi Rekyevik tərəfindən hələ ötən əsrin əvvəllərində irəli sürülüb. Və müvafiq müalicə prinsipləri işlənib hazırlanıb. Lakin ideya geniş rezonans qazana bilmədi. Tənqidçiləri çox oldu. Və bir müddət yaddan çıxarıldı. Amma sonradan Qərbdən və Avropadan Çinə gedən mütəxəssislər şərq təbabətinin yanaşma tərzini öyrəndikdə Rekyevikin nə qədər haqlı olduğunu müəyyənləşdirdilər. Bununla da, Rekyevikin unudulmuş ideyası yenidən gündəmə gəldi. Yeni klinikalar yaradıldı və bioloji təbabət daha ciddi və daha səmərəli müalicə vasitəsi kimi formalaşdı. Xəstəliyin yaranma səbəbi və nəticə kontekstindən yanaşdıqda, bioloji təbabət əsasən problemə kompleks şəkildə müdaxilə prinsip ilə yadda qalır. Məlum olduğu kimi, bu və ya digər yollarla insan orqanizminə daxil olan toksinlər – homotoksinlər hüceyrəətrafı mühiti çirkləndirir. Hüceyrə ilə onun ətrafı arasında gedən müntəzəm mübadilə prosesinə ciddi təsir göstərir, onu əhəmiyyətli dərəcədə ləngidir. Nəticədə sərhədlər arasında blok yaranır. O da məlumdur ki, aralıq məhsullar hüceyrə məsamələri vasitəsilə hüceyrəətrafı mühitə – matriksə ötrülür və orqanizmdən xaric olunur. Bioloji təbabət həm hüceyrədaxili, həm də hüceyrəətrafı mühiti – matriksi təmizləyir. Hüceyrənin avtonom yaşaması üçün bütün şəraiti var. Ancaq toksinlərin hüceyrə məsamələrini çirkləndirməsi mübadilə prosesində ciddi əngəllər yaradır. Başqa sözlə desək, toksinlərin hüceyrənin içində oturması xəstəliyi yaradan əsas faktorlardandır. Bu mənada bioloji təbabətin tətbiq etdiyi müalicə sistemi ilk növbədə hüceyə və hüceyrəətrafı mühitə daxil olmuş toksinləri zərərsizləşdirməklə hüceyrənin və matriksin sinxron fəaliyyətini bərpa edir, xəstəliyi aradan qaldırır. Digər tərəfdən, bioloji təbabətin tətbiq etdiyi pereparatlar toksinlərin zərərsizləşdirilməsi məqsədilə həm çıxarıcı orqanların fəaliyyətini gücləndirir, orqanizmi təmizləyir, həm də immun sistemini gücləndirir. Ayrıca vurğulanmalıdır ki, bioloji təbabətin tətbiq etdiyi pereparatlar əsasən xüsusi plantasiyalarda yetişdirilmiş bitkilərdən – təbii yolla hazırlanır. Kimyəvi pereparatlardan fərqli olaraq, heç bir yan təsiri yoxdur. Ona görə də onları yaşından və durumundan asılı olmayaraq bütün insanlara tətbiq etmək mümkündür. Təbabət sahəsində əldə olunmuş praktik uğurları səbəbindən Qərbi Avropada, xüsusilə Almaniyada, Avstriyada, Cənubi Amerikada, Kolumbiyada, Argentinada Braziliyada, Şimali Amerikada, Kanadada tibb universitetlərində bioloji təbabətə aid kafedralar fəaliyyət göstərir və o, elm kimi tədris olunur. Haqqında tələbələrə və həkimlərə ətraflı bilgilər verilir. Bioloji təbabətin Azərbaycana gətirilməsi və setifikatlaşdırılması 1997-cı ildən “Planeta” şirkətinin qurucusu və direktoru kimi tanınan Elxan Yaqubovun gərgin və səmərəli əməyi və adı ilə bağlıdır. Məhz onun mesenatlığı və təşəbbüsü ilə mərkəzi Almaniyada yerləşən Bioloji təbabətlə müalicə metodu 2001-ci ildən ölkəmizdə fəaliyyətə başlamışdır. Bioloji Tənzimləyici Təbabət metodları ilə bütün ixtisaslar üzrə müalicə aparacaq həkimlər Elxa Yaqubovun əvəzsiz dəstəyi ilə Almaniyaya uzunmüddətli ezamiyyəyə göndərilmiş, təcrübə mübadiləsi keçmiş, müvafiq bilgilər əldə etmişlər. Bundan sonra 2009-cu ilin dekabrında Bioloji Təbabət Klinikası təsis edilmişdir. Hazırda öz şəbəkəsini genişləndirən Bioloji Təbabətin Bakıda, Sumqayıtda, Masallıda və Göyçayda tibbin bütün tələblərinə yüksək səviyyədə cavab verən müasir klinikaları klassik müalicə üsulları ilə inteqrativ şəkilldə, müştərək olaraq vahid bir məxrəcdə  uğurla fəaliyyət göstərir və nəzərəçarpacaq praktik nəticələr əldə edir. Qeyd: Yazı tibb elmləri doktoru, professor Rafiq Quliyevin fikirləri əsasında hazırlanmışdır.

Hamısını oxu
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.   AZXEBER.COM-un xəbərinə görə, məktubda deyilir: Möhtərəm İlham Heydər oğlu.   Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı bildirməkdən olduqca məmnunam.   Biz Sizi təcrübəli və bacarıqlı dövlət xadimi, Azərbaycan xalqının böyük sevgisini və etimadını qazanmış şanlı lider, beynəlxalq arenada ölkəsinin nüfuzunun hərtərəfli artırılmasına şərait yaradan görkəmli siyasi xadim, habelə Özbəkistanın zamanın sınağından çıxmış yaxın dostu kimi tanıyırıq və bunu yüksək qiymətləndiririk.   Bununla bərabər, icazə verin, Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması məsələsində Sizin səyləriniz sayəsində əldə olunmuş razılaşmaya görə Zati-alinizi bir daha təbrik edim. Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə və sənədlərinə müvafiq olaraq qəbul edilmiş bu çox mühüm qərarlar bütün Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün və davamlı inkişafın təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir.   Əminəm ki, qarşıdakı yüksək səviyyəli görüşlərin nəticəsində, habelə birgə səylərimiz sayəsində siyasi, ticari-iqtisadi, nəqliyyat, kommunikasiya, mədəni-humanitar sahələrdə bizim çoxplanlı münasibətlərimiz tamamilə yeni səviyyəyə yüksələcək.   Fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm".

Hamısını oxu
Rusiyanın Pskov şəhərində İkinci Dünya müharibəsi zamanı əsirlikdə həlak olmuş altı azərbaycanlının cəsədi tapılıb.

Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, “Rusiya Qadınlar İttifaqı” ictimai təşkilatının Pskov regional bölməsi İkinci Dünya müharibəsi zamanı həlak olmuş və Pskov vilayətinin Porxov şəhəri ətrafında hərbi əsirlərin saxlanıldığı keçmiş “Dulaq-100” adlı düşərgənin yerində dəfn edilmiş əsgərlərin qohumlarının axtarışı ilə məşğul olur.   Həmin düşərgədə təxminən 85 min əsirin dəfn olunduğu güman edilir. Hazırda cəmi 1000 nəfərin adları müəyyən edilib. “Rusiya Qadınlar İttifaqı” təşkilatı tərəfindən Azərbaycanın Rusiyadakı səfirliyinə göndərilən məktuba əsasən onların arasında azərbaycanlılar da var.   "Məktubda qeyd olunan siyahı həlak olmuş soydaşlarımızın yaxınlarının tapılması məqsədilə səfirlik tərəfindən ictimaiyyətə təqdim olunur. Bundan əlavə, sözügedən məlumat Azərbaycan Respublikasının aidiyyəti qurumlarına da göndərilib. Onu da bildiririk ki, təşkilatın məktubunda əks olunmuş adların bəzilərinin yazılışında qeyri-dəqiqliyə yol verildiyi ehtimal olunur. Bununla bağlı hər hansı yeni məlumat əldə edəcəyimiz təqdirdə, ictimaiyyətə məlumat veriləcək", - deyə səfirliyin məlumatında bildirilib.   Siyahıda adları olan Azərbaycan sakinləri aşağıdakılardır (ad-soyadlarda yanlışlıq ola bilər):  1913-cü il təvəllüdlü Qureyev Satar  1913-cü il təvəllüdlü Quriyev Səftər (Gədəbəy sakini)  1923-cü il təvəllüdlü Pavel Malikov (Bakı sakini)  1920-ci il təvəllüdlü Cəfər Məmmədov (Şəki şəhəri sakini )  1915-ci il təvəllüdlü Mustafayev Pirverdi (Qazax rayonu sakini)  1917-ci il təvəllüdlü Nəcəfov Nəcəf.

Hamısını oxu