Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İlham Əliyev dünya azərbaycanlılarına müraciət etdi

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib. Təbrikdə deyilir: "Əziz həmvətənlər! Hörmətli soydaşlar! Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə səmimi arzu və diləklərimi çatdırıram. 2020-ci ili bütün dünyada koronavirus pandemiyası ilə gərgin mübarizə şəraitində başa vururuq. Yaranmış vəziyyətdən minimum itkilərlə çıxmaq üçün Azərbaycan hökuməti ilk günlərdən ardıcıl tədbirlər həyata keçirmişdir. Bu addımlar, habelə Azərbaycanın köməyə ehtiyacı olan dövlətlərə humanitar yardımları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə hər iki təsisatın COVID-19-a qarşı mübarizəyə həsr olunmuş videoformatda Zirvə görüşü baş tutmuşdur. Cari ilin dekabr ayında Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü əsasında və 150-dən artıq dövlətin dəstəklədiyi BMT Baş Assambleyasının koronavirusa qarşı dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirilmişdir. Bu, Azərbaycanın qlobal proseslərdə fəal iştirakının, ölkəmizə olan hörmətin, beynəlxalq dəstəyin əyani göstəricisidir. Ermənistanın danışıqlar prosesini sarsıdan təhrikçi açıqlamaları və əməlləri, iyul ayında dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi hərbi təxribat, qoşunlarını təmas xəttinə cəmləşdirməsi, terror əməllərini törətmək üçün diversiya qruplarını göndərməsi onun növbəti çirkin niyyətlərindən xəbər verirdi. Bu ilin sentyabr ayında BMT Baş Assambleyasının 75-ci sessiyası zamanı beynəlxalq ictimaiyyət Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdar edilmişdir. Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir. Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir. Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Əziz həmvətənlər! Doğma Azərbaycanımızın daha da güclənməsi və çiçəklənməsi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram".

2020-12-29 00:00:00
3541 baxış

Digər xəbərlər

Heydər Əliyev və Azərbaycan Gəncliyi: Vətənə Sadiq, Dövlətə Bağlı, Milli Dəyərlərə Sahib Yeni Nəsil

2 Fevral Azərbaycan gəncliyi üçün xüsusi məna daşıyan tarixi gündür. Bu gün gənclərimizə göstərilən dövlət qayğısının, onlara olan inamın və etimadın təcəssümüdür. Milli-mənəvi dəyərlərimizin qorunması və dövlətçilik tariximizdə gənclərin rolu həmişə mühüm olub. Qüdrətli orduların tərkibində xidmət edən, dövlət və hökumət qurumlarının aparıcı hissəsini təşkil edən gənclər ölkəmizin müdafiəsində də əvəzsiz xidmətlər göstərirlər. Ötən əsrin əvvəllərində Şərqin İlk Demokratik Cümhuriyyətini quran liderlərimiz “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı ilə yoxdan bir dövlət yaratdılar və onu Azərbaycan gəncliyinə etibar etdilər. Həmin gənclik müxtəlif sınaqlardan - müharibələrdən, repressiyalardan, II Dünya Müharibəsinin qanlı dövrlərindən, milli azadlıq hərəkatından, 20 Yanvar faciəsindən və Birinci Qarabağ müharibəsindən keçdi. Bu sınaqlar gənclərimizin vətənpərvər ruhunu möhkəmləndirdi və onları xalqımızın gələcəyinin təminatçısına çevirdi. Bu əlamətdar tarixi gün siyasi fəaliyyətinin hər iki mərhələsində gənclərə böyük diqqət və qayğı ilə yanaşan, onları dövlətin gələcəyi hesab edən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, siyasi hakimiyyətinin hər iki mərhələsində gəncləri önə çəkmişdir. Ulu Öndər sağlam düşüncəli yeni bir nəslin yetişdirilməsi sahəsində cəsarətli addımlar ataraq mühüm qərarlar aldı. Onların Vətənpərvər ruhda yetişməsi, ölkənin intellektual potensialının formalaşması üçün çoxsaylı elm və təhsil mərkəzlərinin təməlini qoydu. Gənclərin böyük bir qismini SSRİ-nin nüfuzlu universitetlərinə təhsil almağa göndərməklə təkcə Azərbaycan Xalq Cümhuriyyətinin elm, təhsil siyasətini uğurla davam etdirmədi, milli dövlətçilik tariximizdə yeni bir mərhələnin əsasını qoydu. Elə həmin əsrin 70-ci illərində Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması ilə qüdrətli sərkərdələr yetirən Vətən tarixində yeni bir səhifə yazıldı. Bu liseyin açılması gənc nəsildə vətənpərvərlik hisslərinin oyanmasına, hərpi peşəyə marağının artmasına zəmin yaratdı. Siyasi hakimiyyətinin ikinci mərhələsində dövlətçilik təlimində yenə də gənclər siyasətinə mühüm əhəmiyyət verən Ulu Öndər gənc nəslin yenidən mütəşəkkil formada yetişdirilməsi üçün tarixi bir qərar aldı: 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin təməlini qoydu. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm nəaliyyətlərə imza atıldı. 1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncama əsasən 1996-cı il fevralın 2-də respublikamızda gənclərin ilk forumunun keçirilməsi qərara alındı. 1997-ci il fevralın 1-də Gənclərin I Forumunun ildönümündə Ulu Öndərin fevralın 2-nin Gənclər Günü elan edilməsi ilə bağlı sərəncamı imzalandı. Bu sərəncam ölkənin ən ciddi kadr potensialı olan gənclərə göstərilən etimad, verilən dəyər idi. Bu gün Azərbaycanda Ulu Öndərin gənclər siyasəti Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin fəaliyyətində uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. 2003-cü ildən sonrakı dövrdə gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirildi. Gənclər ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, könüllülük hərəkatı fəaliyyətə başladı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 2020-ci ilin 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və "2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur, kadr kimi yetişirlər. Azərbaycan gənclərinin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alınaraq, 30 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalanıb. Bu tədbirlərin davamı kimi, 2022-ci ilin dekabrında Bakıda Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan könüllülərinin V həmrəylik forumu keçirilib. 2022-ci ildə Şuşada Diaspor Gənclərinin III Yay, Şuşa və Bakı Gənclər İncəsənət Düşərgələrinin keçirilməsi, orada müxtəlif ölkələrdən çoxsaylı gənclərin iştirakı onların təşkilatlanmasında və diaspor fəaliyyətinin gücləndirilməsində xüsusi rol oynadı. Xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin “Şuşa İli”ndə qədim şəhərdə vahid platforma ətrafında bir araya gəlməsi və ölkəmizlə daha yaxından tanış edilməsi mühüm nailiyyətlərdəndir. Azərbaycan gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstəricisi kimi 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsini göstərmək olar. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncama əsasən, Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə şəhər və rayonlardakı Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması işi uğurla davam etdirilir. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın, Fondun Vitse-Prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. “Sağlam bədəndə sağlam ruh olar!” nidasına söykənən Respublikamızda idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Bunun sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Hazırda respublikamızda 50-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına, Birinci Avropa Oyunlarına, İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Tarixin bütün dönəmlərində qüdrətli sərkərdə-xaqanlar yetişdirən Odlar Yurdu Azərbaycanın qüdrətli ordusu, peşəkar zabitləri, vətənpərvər əsgərləri ilə 44 günlük Vətən müharibəsində tarix yaradan Azərbaycan xalqı məhz gənclərə söykəndi. Gənclərimiz Azərbaycan bayrağını Xudafərin körpüsündən, Şuşa qalasından asdı, Şuşanın sərt,sıldırım qayalarını aşıb, Cıdır düzünə vardı. Qəhrəman gənclər ordunun aparıcı qüvvələri kimi tarix yazdılar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik.” Bu fikirlər Azərbaycan gəncliyinə verilən yüksək dəyərin və etimadın bariz ifadəsidir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Onların qəhrəmanlığı gənc nəsil üçün əsl vətənpərvərlik məktəbidir. Qazilərimiz və veteranlarımız isə bu gün gənclərimiz üçün qürur və şərəf nümunəsidir. Əminliklə deyə bilərik ki, gənclərlə bağlı həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq, müstəqil dövlətimizin daha da güclənməsinə xidmət edəcəkdir. Sonda bir daha bütün gənclərimizi “2 Fevral – Gənclər Günü” münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uğurlar və Vətənimizin inkişafı naminə daim yüksək əzmkarlıq arzulayıram. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik        Cəlil Xəlilov

Hamısını oxu
“Dağıstan və Azərbaycan veteranlarının birgə Forumu xalqlarımızın tarixi qardaşlıq əlaqələrinin təntənəsidir”

 Aprelin 16-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasına səfər edib,  səfər əsnasında bir sıra görüşlər keçirib. Polkovnik Cəlil Xəlilovla söhbətimizdə səfər əsnasında keçirilən tədbirlər və bu tədbirlərin önəmindən bəhs etdik: -Cəlil müəllim, öncə Dağıstan səfəri ilə bağlı fikir və təəssüratlarınızı bilmək istərdik. Bu səfəri hansı aspektlərdən daha faydalı hesab edirsiniz? -Mən Dağıstan səfərini, bu səfər əsnasında keçirdiyimiz görüşləri həm Azərbaycan-Dağıstan veteranları arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, həm xalqlarımızım tarixi-mədəni birliyinin inkişafı, həm də tarixi həqiqətlərimizin təbliği baxımından olduqca faydalı hesab edirəm. Məlumat üçün qeyd edək ki, biz Dağıstana Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədri Alicanov Maharam Ramaldanoviçin dəvəti əsasında səfər etmişdik. 17 aprel tarixində Dərbənd şəhərində faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan Dağıstan və Azərbaycan veteranlarının birgə forumunda iştirak etdik. Forum olduqca yüksək səviyyədə təşkil edilmişdi. Biz Forumda xalqlarımızın birgə mübarizəsi nəticəsində faşizm üzərində əldə edilən tarixi zəfərə diqqət çəkdik, bu zəfərin necə böyük qurbanlar və qəhrəmanlıqlar bahasına əldə edildiyindən danışdıq. Həmçinin, Forumda Azərbaycan və Dağıstan xalqının igid övladlarının müharibədə göstərdiyi qəhrəmanlıq salnamələrini qürur və iftixar hissi ilə xatırladıq. Bakı nefti, bu faktorun faşizm üzərindəki qələbədəki rolu da dönə-dönə qeyd edildi. Forumun bədii hissələrində Dağıstan və Azərbaycan  xalqlarının dilində mahnılar səsləndirildi, milli mədəniyyətlərimizə məxsus rəqs nümunələri təqdim edildi. Bu Forum bir daha göstərdi ki, Dağıstan və Azərbaycan xalqları arasındakı tarixi dostluq əlaqələri əzəli olduğu qədər əbədi və qırılmazdır. Forumda Dağıstan Respublikasının tanınmış dövlət xadimləri, ictimai-siyasi xadimlər, eləcə də çoxsaylı veteranlar iştirak edirdi. Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər üzrə naziri Müslümov Enrik Selimoviç, “Dərbənd Şəhər” Şəhər Dairəsinin başçısı Əhməd Quliyev, Maxaçqala Şəhər Veteranlar Şurasının sədri Qahrimanov Ferezulla Aqakerimoviç, Ümumrusiya Müharibə, Əmək və Silahlı Qüvvələr və  Hüquq-mühafizə orqanlarının Veteranları Təşkilatının Dağıstan regional bölməsinin sədrinin I müavini Barkuyev Barku Maqomedoviç, Dərbənd Şəhər Veteranlar Şurasının sədri Hacımurad Yacımurad İbramoviç, hüquq-mühafizə orqanlarının veteranı Ağagülov Əmirbəy Xıdıroviç, əmək veteranı Hüseynov Hüseynbala Yəhyayeviç və digərləri iştirak edirdi. Mən bütün bu şəxslərə, xüsusilə də Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Yevdokimova, Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəsi general-mayor Əliyar Abdullayevə təşəkkür edirəm. Eyni zamanda, səfərdə iştirakımıza verdiyi dəstəyə, göstərdiyi köməkliyə görə Azərbaycan Respublikasının Prezident Administrasiyasına, bütün əlaqədar dövlət qurumlarımıza minnətdaram. -Səfər çərçivəsində daha hansı görüşlər keçirdiniz? -Biz Forumdan sonra Dərbənd şəhərində Mirzə Kazım bəy adına olan mərkəzi kitabxanaya da səfər etdik, kitabxana rəhbərliyinə mərhum dövlət xadimləri Əziz Əliyev, Ümummilli lider Heydər Əliyevlə bağlı kitablar hədiyyə etdik. Bizim üçün olduqca xoş oldu ki, Dərbənddəki mərkəzi kitabxanada Azərbaycan tarixinə aid qiymətli kitablar mövcuddur və bu kitablar böyük qayğı ilə qorunmaqdadır. Mərkəzi kitabxanada yaradılan şərait, xalqlarımızın minillik keçmişinə aid məlumatların böyük qayğı və sevgi ilə qorunması dost Dağıstan xalqının özünün və Azərbaycanın tarixinə, mədəniyyətinə, keçdiyi tarixi yola verdiyi yüksək qiyməti göstərir. 18 aprel tarixində biz Mahaçqala şəhərinə də səfər etdik, mərhum dövlət xadimi Əziz Əliyevin heykəl-kompleksini ziyarət etdik, gül dəstələri qoyduq. Həm mən, həm də Alicanov Maharam Ramaldanoviç veteranlar, məktəblilər, ictimai-siyasi fəallar qarşısında çıxış edərək Əziz Əliyevin Dağıstan və Azərbaycan xalqları arasındakı dostluq əlaqələrinin inkişafındakı tarixi rolundan danışdıq. Mahaçqala səfəri zamanı biz bu şəhərdəki gimnaziyada da olduq. Burada təhsil alan şagirdlərin bilik səviyyəsi ilə yanaşı, yüksək vətənprəvərlik ruhu bizi sözün əsl mənasında heyran qoydu. Bir sözlə, bu səfər Dağıstan haqqında bizi yeni məlumatlar və dostlar qazandırdı, yeni əməkdaşlıqlar üçün geniş perspektivlər açdı. -Cəlil müəllim, Dağıstan-Azərbaycan veteranları arasındakı əməkdaşlığın inkişafı üçün yaxın gələcəkdə hansı addımlar atmağı planlaşdırırsınız? -Hesab edirəm ki, Dağıstan-Azərbaycan veteranları arasındakı əməkdaşlığın genişlənməsi sadəcə veteran təşkilatlarının deyil, ümumilikdə xalqlarımızın mənafeyi baxımından mühüm əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, zaman-zaman iki dost xalq arasında etimadsızlıq toxumları səpməyə çalışan, bu xalqları üz-üzə qoymağa çalışan məkirli qüvvələr olub. Lakin həm Dağıstan, həm də Azərbaycan xalqı bu qüvvələrə qətiyətlə “yox” deyib, onları ifşa edib. Xalqlarımız öz sayıqlığını, həmrəyliyini, birliyini qoruyub saxlayıb. Bu cür səfərlər xalqın bir hissəsi olan veteranlar arasında birliyin daha da güclənməsinə səbəb olur ki, bu da təxribatçı qüvvələr, kənar müdaxiləlr üçün meydanı daraldır. Bundan başqa, bu səfər əsnasında səsləndirilən faktlar, müzakirə edilən tarixi həqiqətlər gənc nəsillərə də göstərir ki, Dağıstan və Azərbaycan xalqlarının dostluğu, qardaşlığı uzun əsrlərə, mən deyərdim ki, minilliklərə söykənir. Bizim borcumuz bu dostluq, qardaşlıq əlaqələrini qorumaq, inkişaf və təbliğ etməkdir. Bu mənada yaxın gələcəkdə Dağıstanla Azərbaycan veteranları arasında qarşılıqlı əlaqələrin daha da inkişafı üçün bir sıra addımların atılması nəzərdə tutulub. Ümid edirəm ki, biz cari ildə Dağıstanlı veteranların ölkəmizə səfərinə nail olacaq, Dərbənd və Mahaçqala müzakirələrini Bakı və respublikalarımızın digər bölgələrində davam etdirəcəyik. Nümayəndə heyətinin işğaldan azad edilən ərazilərə səfərinin təşkili, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın bu ərzilərdə həyata keçirdiyi böyük abadlıq işlərinin dostlarımıza təqdim etmək də əsas istəklərimiz sırasındadır. Dağıstan və Azərbaycan veteranları arasındakı əlaqələrin inkiaşfı üçün daha bir sıra addımlar nəzərdə tutulur ki, bu haqda mütəmadi şəkildə ictimaiyyətə məlumatlar verəcəyik. Əminəm ki, atdığımız addımlar Azərbaycan-Dağıstan dostluğunu daha da möhkəmkəndirəcək, gələcək nəsillərə bu dostluğu inkiaşf etdirmək üçün daha böyük imkanlar yaradacaq. Seymur ƏLİYEV

Hamısını oxu
Millət vəkili Respublika Veteranlar Təşkilatının sədri ilə görüşüb

Millət vəkili Şahin Seyidzadə bu gün Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüşüb. Təşkilat sədrinin timsalında veteranları faşizm üzərində qələbənin 76-cı ildönümü münasibəti ilə təbrik edən millət vəkili, Fatma Səttarovaya gül dəstəsi və hədiyyə təqdim edib.   İkinci Dünya müharibəsində babasının da yüz minlərlə azərbaycanlı kimi döyüşlərdə iştirak etdiyini bildirən milllət vəkili, xalqımızın erməni faşizmi üzərində də böyük zəfər əldə etdiyinə diqqət çəkib.   Gəlişinə görə millət vəkilinə təşəkkürünü bildirən təşkilat sədri, Azərbaycanın hərb tarixinin qəhrəmanlıqlarla zəngin olduğunu, 44 günlük Vətən Müharibəsinin isə xüsusi yer tutduğunu vurğulayıb.   Millət vəkili hərbi vətənpərvərlik xidmətlərinə görə Respublika Veteranlar Təşkilatı tərəfindən medalla təltif edilib.   Millət vəkili Şahin Seyidzadə isə Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilova Azərbaycan Xalq Cümhuriyəti dövrü əsgərinin libasını əks etdirən hədiyyə təqdim edib.   Respublika Veteranlar Təşkilaıtnın mətbuat xidməti  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteanları Təşkilatı İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımovun vəfatı ilə bağlı başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteanları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımovun vəfatından kədərləndiyini bildirib, bununla əlaqədar mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib. Polkovnik qeyd edib ki, Rəşid Qasımovun həyatı və döyüş yolu hər zaman Azərbaycan gəncləri üçün vətənpərvərlik məktəbi olaraq qalacaq, xalqımız tərəfindən daim ehtiramla yad ediləcək.  Allah rəhmət eləsin!

Hamısını oxu